Fəthullah Gülən həccə gedib?

Bəzi sadəlövh dairələr aramsız olaraq Fəthullah Gülənin əleyinə təbliğat aparır. Halbuki ortaya elə iddialar atırlar ki, azca Güləni tanıyanlar bu iddiaların əsassız olduğunu rahatlıqla anlaya bilir. Məsələn, "Fəthullah Gülən həccə getməyib” iftirası da bu qəbildəndir.

Kimə və nəyə xidmət etdiyi məlum olmayan bu kimi əsassız iddialara cavab olaraq oxucularla aşağıdakı məlumatları bölüşməkdə fayda görürük:

Fəthullah Gülən Xocaəfəndi indiyə qədər üç dəfə həccə getmişdir. "Qüdsi məkanlara səfər ("Kudsi mekânlara yolculuk”)[1] adlı yazısında həcc ziyarəti haqqında deyir:

“Cənabi-Allah mənə indiyə qədər üç dəfə həccə getməyi nəsib etdi (Ona minlərlə həmd-səna olsun). İlk ziyarətim 1968-ci ildə[2] baş tutdu. Diyanət İşləri Başqanlığı həccə üç adam göndərdi. Əskişəhir və Dənizlinin müftüləri ilə birlikdə bu fəqiri də (özünü nəzərdə tutur) nümayəndə kimi göndərdilər. Vəzifəmiz zəvvarların durumunu öyrənmək və bu istiqamətdə görüləsi işlərin hesabatını aparıb rəhbərliyə çatdırmaqdı. İkinci ziyarətim: 1973-cü ildə[3] yaxın bir dostumuzun (Naci Şənçəkicər bəy) həccə gedə bilməyən atasının adından həccə getdim. Əslində bu cür həccə getmək istəməzdim. Çünki özümü belə böyük bir insanın adından həccə getməyə layiq bilmirdim. Amma oralardan ötrü darıxmışdım. Beləliklə, o dostla birlikdə ikinci dəfə müqəddəs diyarlara yollandım.

Üçüncü ziyarətim: Mediada əleyhimizə qızğın təbliğat başlamışdı. Ruhumda duyub hiss etdiyim sıxıntılardan həsrətini çəkdiyim o müqəddəs torpaqlarda dua edib, o ilahi çeşmədə arınmaq istədim. Cənabi-Allah nəsib etdi və 1986-cı ildə üçüncü dəfə həccə[4] getdim.”

Birinci həcc: 1968-ci il

Diyanət İşləri Başqanı Lütfü Doğanın imzasını daşıyan 30 yanvar 1968-ci il tarixli sənədə əsasən Əskişəhir Müftisi Əhməd Baltacı, Dənizli Müftisi İbrahim Dəyirmançı və İzmir Vaizi Fəthullah Güləndən ibarət üç nəfərlik heyətin həccə göndərilməsi barədə qərar verilir. Lütfü Doğan bu qərar barədə şəxsən Xocaəfəndiyə özü zəng edib məlumat verir. Xəbəri alan Xocaəfəndi buna çox sevinir.

Bu şad xəbəri alan Fəthullah Gülən Xocaəfəndi dərhal hazırlıqlara başlayır. Heyət 1968-ci il fevralın 18-də həccə yola düşür. Güləni yaxından tanıyan izmirli dostları onu yola salırlar. Xocaəfəndinin həccə getməsi barədə 19 fevral 1968-ci il tarixli “İttihad” qəzetində belə bir xəbər çıxır:

"Qurban bayramı yaxınlaşır. Bu münasibətlə bütün İslam aləmindən dəstə-dəstə müsəlman Hicaza axın edir və fərz olan Həcc ibadətini yerinə yetirmək üçün Məkkeyi-Mükərrəmədə toplanır. Ötən illərə nisbətən bu il Türkiyədən Hicaza gedənlərin sayı xeyli artmışdır. On minlərlə müsəlman yollara tökülüb təkbir sədaları altında zəvvarları müqəddəs diyarlara yola salır. Diyanət İşləri Başqanlığı Türkiyə zəvvarlarının həcc ibadətini nöqsansız yerinə yetirməsi üçün Hicaza bir heyət göndərmişdir. Şəkildə Diyanət Başqanlığı tərəfindən Hicaza göndərilən İzmir Mərkəz vaizi Fəthullah Gülən Xoca onu yola salan izmirlilərlə birlikdə."

Gəlin Fəthullah Gülən Xocaəfəndinin ilk həcc xatirələrini özündən dinləyək:

“1968-ci ildə Kəstanəbazarında idim. Həccə gedib Rövzeyi-Tahirəyə doya-doya baxa bilmədiyimə görə iztirab içində boğulurdum. O günə qədər həccə gedənlərin dalınca qipbə ilə baxmış, bəzən də tanışlarımla namə göndərib “barmaqlıqlardan içəri atın” demişdim. Çünki çox darıxmışdım, dözə bilmirdim. Getməyə imkanım da yoxdu. Yanıb yaxılırdım. Az qalırdı, ürəyim dayansın. Həsrətimi bir iki sətirlik məktubla dilə gətirir və Allah Rəsulunun həyatda olduğunu xəyal edib ona məktub göndərirdim. “Bəlkə mənə də əl uzadar, məni də hüzuruna qəbul edər” deyə ümidlənirdim...

O il, adı yadımda deyil, bir tələbəm (çox guman, İbrahim Çalışqandı) mənə: "Xocam, həccə getməyi düşünmürsüz?" dedi. Yarama elə duz basdı ki, dözə bilmədim. "Mən hara, oralar hara?" dedim və ağlayıb sinifdən çıxdım. Müdirin otağında başımı masaya qoydum və ürəyimi masanın şüşəsinə boşaltdım. Elə şüşənin altında da Rövzeyi-Tahirənin şəkilləri vardı. Həstərimi, hicranımı o şəkillərə danışdım. Aradan neçə saat keçdi, bilmirəm. Bir o yadımdadı ki, göz yaşlarım dayanmaq bilmirdi. Bir də gördüm yoldaşlardan biri içəri girdi və "Xocam, sizi telefona çağırırlar" dedi. Kim olduğunu soruşdum. "Yəqin Lütfü Doğandır" dedi. Lütfü Doğan o dövrdə Diyanət İşlərinin Rəis muavini işləyirdi. Dərhal telefona qaçdım. Həqiqətən Lütfü Doğandı və şirin, yumşaq səsiylə mənə:

"Yoldaşlarla qərar verdik, bu il hacılara nəzarət üçün üç nəfəri həccə göndərəcəyik. Biri Dənizli Müftisi İbrahim Dəyirmançı, ikincisi Əskişəhir Müftisi Əhməd Baltacı, üçüncüsü də siz."

Həmin il ilk dəfəydi ki, Diyanət həccə heyət göndərirdi. Elə bildim yuxudayam. Bir az əvvəl hicranım nə idi, indi nələr eşidirdim...

Dərhal Ankaraya gedib rəsmi işləri tamamladım. Onda başa düşdüm ki, bu işdə Yaşar Xocaəfəndinin (Tunagür) böyük rolu var. Ona da çox dua etdim.

Bu ilk həcc mənim üçün çox bərəkətli keçdi. Şübhəsiz Cənabi Allahın rizası nöqteyi-nəzərinni bilə bilmərəm, ancaq daxili aləm etibarilə bu həcdən çox faydalandım.

Bir-iki dəfə istisna olmaqla, Beytullahdan heç ayrılmadım. Gecə-gündüz orada qalırdım, təkcə dəstəmaz almağa çıxırdım. Bərk acanda da xurma və ya şirniyyatla aclığı yatırıb ibadətimə davam edirdim. Hər gün üç ümrə edirdim. Əlbəttə, onda cavan idim, buna gücüm çatırdı.

Bu ilk həccdə heç yadımdan çıxmayan bir xatirəm var: Harəmi-Şərifdə, əsas da camaatla namaz qılınanda, rəngarəng çiçəklərə bənzəyən insanların birlikdə rüku edib birdən səcdəyə getməsi məndə bambaşqa hislər oyadırdı. Hər rəngdən insan özünəxas geyimlərlərlə rəngarəng açan nadidə çiçəklərə bənzəyirdi. Harəmi-Şərif qoynunda həmişəyaşıl çiçəklər açan gül bağçasına bənzəyirdi. Bu mənzərəni seyr etmək üçün özümü saxlaya bilməyib rüku və səcdələri bir az gecikdirirdim.”

İkinci həcc: 1974-ci il

Fəthullah Gülən Xocaəfəndi ikinci həcci barədə qısaca belə məlumat verir:

1973-cü ildə yaxın bir dostumuzun (Naci Şənçəkicər bəy) həccə gedə bilməyən atası adından həccə getdim. Əslində bu cür həccə getmək istəməzdim. Çünki özümü belə bir şəxsin adından həccə getməyə layiq bilmirdim. Amma oralardan ötrü darıxmışdım. Beləliklə, o dostla birlikdə ikinci dəfə müqəddəs diyarlara yollandım.

Üçüncü Həcc: 1986-cı i

Fəthullah Gülən 1986-cı ildə həccə getməyə qərar verir. Bu, onun üçüncü həcci sayılır. Fəthullah Gülən Xocaəfəndi həcdə olanda 8 avqust 1986-cı ildə Diyarbəkirdə həbs olunan Mehmet Özyurdun məhkəməsilə əlaqədar ölkədən çıxması qadağan edilir. Dostları israrla Mədinədə qalmasını istəsələr də, razı olmur. Həbs olunmadan Türkiyəyə qaydıb günahsız olduğunu sübut etmək məqsədilə Suriya sərhədindən keçərək Kilisə gəlir. Burdan Ankaraya, oradan da İzmirə gedir..

Fəthullah Gülən Xocaəfəndi son həcci haqqında danışır[5]:

“Həccə getməyə qərar verəndən sonra Diyarbəkir hadisəsi baş verdi və qəzetlərdə şəkillərim çap olundu. Pasport üçün İzmir Polis İdarəsinə müraciət etdim. Polis idarəsində bizi yaxşı qarşıladılar və pasportu gecikdirmədən verdilər. Buna baxmayaraq prokurorluq barəmdə təhqiqat işinə başladı. Ölkədən çıxmağa qadağa qoyuldu. "Qəti qadağa qoyulmadan həccə gedim, bəlkə, bir müddət görünməsəm, ara sakitləşər" dedim. Ancaq məsələlər get-gedə düyünə düşürdü. Nəhayət, Cənabi Allah lütf etdi, vaxtında əngəlsiz, maneəsiz yola düşdük. 1974-cü ildə həccə gediş-gəlişim çox çətin keçmişdi. Ankaradan təyyarəyə mindik. Yolda həbs olunmaqdan qorxurduq, çox şükür narahatlığımız yersiz çıxdı.”

Fəthullah Gülən Xocaəfəndi son dəfə həccə 1986-ci il 25 iyul tarixində getmişdir. Bu haqda o “Fasıldan fasıla-3” adlı kitabda “Qüdsi məkanlarda səfər (“Kudsi Mekânlarda Yolculuk”)” yazısında belə məlumat verir:

“Bu son həccimdə Məkkə və Mədinəyə aşiq olsam da, “xidmət üçün vətənə geri dönməliyəm” düşüncəsi ilə qayıtdım, amma ölkəyə giriş qadağası qoyulmuşdu. Təyyarə ilə getmək təhlükəli olduğu üçün, məcbur qalıb quru yolla getməli oldum. Daha sonra da Dövlət Təhlükəsizlik Məhkəməsinə gedib ifadə verdim.

Həcdə İnsanlığın İftixarının dəfn olunduğu Rövzeyi-Tahirənin bir küncündə “əmri-bil-məruf, nəhyi-anil-münkər” adlı bir müəssisə gördüm. Bu müəssisə İslamın müsbət gördüyü şeyləri əmr edib, xoş qarşılamadığı şeyləri də qadağan edən bir müəssisəydi. İnsanların həsrət, eşq və məhəbətlə gəldikləri bu müqəddəs torpaqlarda belə bir müəssisənin qurulmasına bir məna verə bilmədim. Heç yadımdan çıxmaz, bilmirəm əlimdə üç əl təsbeh olduğuna görəmi, yoxsa Quran və dua oxuduğuma görəmi, yoxsa məni tanıyan üç-beş adamla hal-əhval tutduğuma görəmi, məni nəzarət altına aldılar. Məni cani kimi tutub apardılar. Qəribədir, onlar üç əl təsbehinin ticarətini etsin, milyonlarla zəvvara paylasınlar, siz isə bundan istifadə edə bilməyəsiniz... çox qəribə gəldi mənə. Onda vətənimin qədir-qiymətini daha yaxşı anladım.

[1] “Fasıldan fasıla-3”, VII bölüm, Müteferrik, Səhifə 225, 5-ci nəşr, İzmir 1998
[2] 1968-cil fevralın 18-də həccə yola düşdü. Həmin il Qurban bayramı və həcc 10 mart bazar gününə düşürdü. [3] 1974-cü ildə Qurban bayramı və həcc ziyarəti biri 4 yanvar cümə günü, digəri isə həmin ilin sonu 24 dekabr çərşənbə axşamı günü olmaqla iki dəfə qeyd edilmişdir. Xocaəfəndi 1973-ci il dekabr ayının sonunda həccə getmiş, 4 yanvar 1974-cü il tarixində də həccini yerinə yetirmişdir. Həccə gediş tarixi ilə yerinə yetirilmə tarixi qarışdırılmamalıdır.
[4] 1986-ci ildə Qurban Bayramı 16 avqust şənbə gününə düşmüşdür.
[5] “Axşam” qəzeti, 12 mart 1998, Nazlı Ilıcakın hazırladığı yazı silsiləsindən.