Fəthullah Gülən Hərəkatı niyə açıq-aydın AKP-ni dəstəkləyir?

Sual: 2002-ci ilə qədər heç bir partiyaya açıq dəstək verməyən və heç bir partiyaya yaxın durmayan Fəthullah Gülən Hərəkatı niyə AKP-ni dəstəkləyir?

Maraqlı haldır ki, bu gün “Fəthullah Gülənin AKP-ni dəstəkləyir” iddiasını ortaya atanlar bir vaxtlar “Turqut Özalı, Bülənt Eceviti dəstəkləyir” deyirdilər.

Belə aydın olur ki, bu iddia ilə iqtidara gələn hökuməti xalqın seçimi kimi qəbul etməkdənsə, Fəthullah Gülənin dəstəyi ilə başa keçdiyini göstərərək həm hökumətin qanuniliyinə şübhə oyatmaq, həm də Gülənin siyasətə qarışmama prinsipinə sadiq olmadığını ortaya ataraq onu da gözdən salmaq istəyirlər.

Fəthullah Gülənin siyasətə baxışına ən yaxşı bələd olanlardan biri mərhum Turqut Özal idi. Özal Gülənin onu nə qədər çox istədiyini yaxşı bilirdi, buna baxmayaraq məhz bu sözlər də Özala aiddir: “Çox yaxşı bilirəm ki, xoca bu seçkidə də bizi dəstəkləmədi”. Özal bunu nəzərdə tuturdu: Gülən başqalarının deyil, yalnız öz səsinin məsuliyyətini daşıdığına görə, yaxın yoldaşlarına belə Ana Vətən Partiyasına və ya bir başqa partiyaya səs verməyi məsləhət görməmişdir.

Gülənin fikrincə səs vermə vicdani bir məsuliyyətdir. Və Gülənin ömrü boyu ən çox etiraz etdiyi məsələlərdən biri də insan vicdanına hökm etməkdir. Çünki İslam zorla qəbul edilən imanı belə rədd edir.

Fəthullah Gülənə görə, siyasət partiya tərəfdarı və səs toplama siyasəti deyil. Onun fikrincə hər vətəndaş öz dərrakəsi ilə hara səs verəcəyini yaxşı bilir. Məhz buna görə Türk xalqı ən ağır dövrlərdə belə ölkənin mənafeyinə səs vermişdir. Adnan Menderesin, Turqut Özalın, Bülənt Ecevitin və ya 28 Fevral çevrilişindən sonra Tayyib Ərdoğanın iqtidara gəlməsi Türk xalqının fərasəti ilə həyata keçmiş və siyasətin yolu açılmışdır.

Gülən Hərəkatı heç vaxt heç bir partiya ilə birlikdə hərəkət etməmişdir. Fəthullah Gülənin şəxsən heç vaxt “filan partiyaya səs verin” kimi məsləhəti olmamışdır. Gülən buna bənzər hər cür hərəkəti xalqa hörmətsizlik kimi qiymətləndirir.

Ancaq son dövrdə siyasi görüş müxtəlifliyinin məhdudiyyəti, mərkəz sağda AKP-nin tək başına qalması, 2007-ci ilin iyul seçkilərindən əvvəl Məclisdə prezident seçkisinin Konstitusiya Məhkəməsinə şikayət edilməsindən sonra məhkəmənin verdiyi “367 qərarı” xalqın əksəriyyətinin siyasətə müdaxilə olaraq qiymətləndirməsi kimi səbəblərdən, ola bilsin ki, camia da xalqın fikinə paralel olaraq AKP-yə səs vermişdir. Yenə həmin dövrdə yayımlanan və siyasət tariximizə “27 aprel E-çevriliş” kimi düşən Baş Qərargahın bildirişi Hərəkatda və Türk xalqında eyni hislərə yol açmışdır. Belə ki, hər iki hadisənin də AKP-nin işinə yaradığını şəxsən bu işin müəllifləri dilə gətirmişlər. Hətta bəzi sosial araşdırmaçılara görə, hər iki hadisə 2007-ci il iyul seçkilərində AKP-nin səsini ən az on faiz yüksəltmişdir.

Bu, tamamilə dövr, demokratiya, hüquqi sistem və plüralizm prinsipləri ilə üst-üstə düşən bir məsələdir. Keçmişdə xalq ANAP və DYP partiyalarına da böyük rəğbət göstərmiş, əksəriyyəti onlara səs vermişdir. Bu, xalqın içindən çıxan bir hərəkatın, həmçinin millətin daha demokratik bir həyat istəyi və ya genlərində daşıdığı zülmə məruz qalana dəstək hissiyyatının bir təzahürüdür. Başqa sözlə, hərəkata mənsub insanların seçimləri ilə xalqın seçiminin örtüşməsidir. Belə ki xalq “İyul 2007” seçkisini mövqeyi müəyyənləşdirmə seçkisi kimi qiymətləndirmiş, beləcə AKP rekord səviyyədə səs almışdır.

Siyasətdə Fəthullah Gülən ilk dəfə mövqeyini 12 Sentyabr 2010 Konstitusiya Referendumunda bildirmişdir. Nəzərə alınmalıdır ki, referendum partiya seçkisi deyil, hüquq və azadlığın inkişafı, həmçinin xalqın ölkə idarəsində daha çox iştirak etməsi üçün mühüm bir addımdır. Gülən də qərarını məhz demokratikləşmə və insan hüquqlarının inkifaşı istiqamətində vermişdir. O deyir: “(Referendum) demokratiya yolunda mühüm addımdır.... O dəyişiklik paketinin içində millətimizin gələcəyi üçün əhəmiyyətli maddələr var; bu baxımdan dəstəkləmək, bu niyyətlə də “bəli” demək lazımdır”[1] Millət üçün bu qədər faydalı işlər görənlərin şəxsiyyəti mühüm deyil, istər siyasi görüşün sağından, istərsə solundan, kim edir-etsin. Dəstək verilməli idi. Təkcə AKP deyil, MHP-dən, hətta CHP-dən və digər partiyalardan: ictimai-demokrat, liberal və ya mühafizəkar olan geniş bir kütlədən də “bəli” deyənlər vardı.

O deyir: “Biz hələ də hər bir partiya ilə eyni məsafədəyik. Heç kimə “filan partiyaya girin, mitinqlərə qatılın, küçə-bayırda onları alqışlayın” demədik. Məsafə saxlamaq millətin gələcəyi üçün faydalı olan məsələlərdə bəzi insanlara səs verməyə mane deyildir. Bu millət kimliyindən asılı olmayaraq, gözəl işlər görən hər kəsi dəstəkləmişdir; əslində dəstəklənən şəxs və ya partiya deyil, görülən işlərdir, əməllərdir...[2]

[Və] millətimizin bir addım irəliləməsini kim təmin etmişsə, biz onun ayağının altına başımızı səki daşı kimi qoymağa hazırıq... Hər kəslə eyni məsafədəyik... Ancaq məsafə saxlamaq başqa, Türkiyənin gələcəyi üçün faydalı olacağına inandığımız bir yerə səs vermək başqa məsələdir. Biz lazım gəlsə, Dəniz bəyi də dəstəkləyərik, Dövlət bəyi də dəstəkləyərik. Təki gördükləri işlər millətimizin bu günü və sabahı naminə, dövlətlər müvazinətində sükana oturması üçün bir şey ifadə etsin. Millətim dövlətlər arasında istiqamət verici, sözü keçən müvazinət ünsürü olmayacaqsa, məni nə Avropa, nə Amerika, nə Çin, nə də Maçin maraqlandırır. Bu baxımdan da milləti sözügedən hədəfə doğru aparan hər bir fəaliyyət alqışlanmalıdır... Referendumda “Bəli” deyilməsini həmin işi görən insanlardan ötrü deyil, o işin özünü təqdir etdiyimizə görə dəstəkləyirik “ demişdir.[3]

Xülasə, Fəthullah Gülənin siyasətə baxışı siyasətçilərdən asılı olaraq dəyişmir. Xalqın səsini almaq istəyən kim olur-olsun, əsas məsələ ortaya qoyulan layihələr və verilən vədlərdir. Gülənin şəxsi qərarını müəyyənləşdirən faktor isə siyasətçinin tutduğu yolun xalqın və dövlətin mənafeyinə olub-olmamasıdır. Gülənin fikrincə, buna qiymət vermək də Türk millətinə aiddir.

[1] “Gücün çılğınlığı və referendum fürsəti”, 2 Avqust 2010 “Bam teli” söhbəti
[2] “Güçün çılğınlığı və referendum fürsəti”, 2 Avqust 2010 “Bam teli” söhbəti
[3] “Referendumdan sonrakı mərhələ və təhlükəsizlik qurumlarında kadrlaşma”, 1 Oktyabr 2010 “Bam Teli”
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.