Gülən Hərəkatının apardığı dialoq fəaliyyətlərinin hədəfi nədir?

Fəthullah Gülən və Könüllülər Hərəkatının apardığı dialoq fəaliyyətləri ilk gündən bu günədək böyük tənqidlərə məruz qalmışdır. Bəziləri bu fəaliyyətləri anlamaq məqsədi ilə tənqid etsə də, əksəriyyəti bu fəaliyyəti gözdən salmaq məqsədi güdür. Gülənin müsahibə və yazılarından dialoq məsələsi ilə bağlı sualların cavablarını təqdim edirik.

Məqsəd: ümumbəşəri sülh!

"İnsanların bir-birinə sevgi ilə yanaşdığı, qardaş kimi birgə yaşadığı, müxtəlif din və inanclara hörmətlə yanaşıb uzlaşaraq, bir-birini başa düşərək yaşadığı bir dünyanın həsrətindəyəm" deyən Fəthullah Gülən din və kültürə söykənən mədəniyyətlər qarşıdurması fikrinin rəvacda olduğu və Türkiyənin bu qarşıdurmanın mərkəzinə qoyulduğu bir dövrdə Türkiyə daxilində və xaricində digər dinlərin nümayəndələri ilə, bəzi kimsələrin ağır ittihamlarını da gözə alaraq dialoq fəaliyyətlərini davam etdirmişdir. Fəthullah Gülən dialoq görüşlərinin məqsədini belə açıqlayır: "İslamın münaqişə, savaş, zorakılıq və terror tərəfdarı olmadığını, əksinə, kökündə sevgi, mərhəmət, əfv, müsamihə kimi dəyərlərin dayandığını açıqlamağa, bütün dinlərin bünövrəsində eyni əsasların olduğunu, dolayısilə dinlər arasında tarixi qarşıdumaları bir kənara atıb səmimi bir dialoqa başlamaqla müharibələrdən təngə gəlmiş dünyamızda sülh, firavanlıq və əmin-amanlığın bərpasına böyük töhfələr veriləcəyini göstərməyə çalışıram."[1]

Fəthullah Gülənin fikrincə ümumbəşəri sülh din mənsubları arasında dialoqla mümkündur: "Hazırda İslam və Xristianlıq dünyada ən çox mənsubu olan səmavi dinlərdir. Budizm və Hinduizmin də çox sayda mənsubu var. Yəhudilik mənsubları az görünsə də, güclü təsirə malikdir. Dolayısilə, axırzamanda ümumbəşəri dirçəliş, sülh və barış bu dinlər arasındakı dialoqdan asılıdır. Bu fəaliyyət çoxdan başlamalı idi, biz gecikmişik. Bizim öz dəyərlərimizdən şübhəmiz yoxdur, heç kimə də dinini dəyişdirməyi təklif etmirik, bizə də heç kim belə bir təklif etmir"[2]

"İstər Vatikan, istər digər din mənsubları ilə görüşlərdə, onların niyyətlərini, məqsədlərini, əlbəttə, mən bilə bilmərəm. Nə gözlədiklərini də bilə bilmərəm. Sadəcə hüsnü-zənn edirəm. Yəqin insanlıq üçün yaxşı şeylər düşünürlər. Amma biz təmaslarımızda dinlərin insanları bir-birindən uzaqlaşdırmadığını, əksinə yaxınlaşdırdığını, biləşdirdiyini və s. isbat etmək üçün müxtəlif din mənsubları ilə görüşlər keçiririk."[3]

Papa Fəthullah Gülənlə niyə görüşdü?

"Bir insanın xalqı, vətəni və idealı uğrunda bir iş görməsi üçün hər hansı bir vəzifəyə, məqama sahib olmasına ehtiyac yoxdur. Mən bir vətəndaşam. Xalqım üçün gördüyüm hər işi bir vətəndaş kimi gördüm" deyən Fəthullah Gülən "bir vətəndaş olaraq dialoq və xoşgörü fəaliyyətlərində iştirak etdiyi, Bartalemeosla, Erməni patriarxı ilə görüşdüyü kimi, Papa ilə də görüşdüyünü" ifadə etmişdir.[4]

Papa ilə görüşün qısa müddət ərzində baş tutduğunu tənqid edənlərə:"Papa kimin müraciətinə cavab verib-verməyəcəyini hərhalda özü bilər və bunu ondan soruşun. İmkan daxilində görməyə çalışdığım işlər ölkədə və ölkə xaricində kiminsə diqqətini çəkib və bu da Papa ilə görüşün yolunu açıbsa, bunda mənmi günahkaram?"[5] cavab verən Fəthullah Gülən, "Vatikanda Papa ilə görüşdən əvvəl də müxtəlif din mənsubları ilə səmimi münasibətlərini davam etdirdiyini və görüşün bu münasibətlərin təbii axarında gerçəkləşdyini"[6] deyir. "Getmədən əvvəl, burada (Türkiyədə) Barthalemeosla, ötən yaz da Amerikada Papanın nümayəndəsi Kardinal O'Konnorla keçirdiyimiz görüşlər, yerli Xristian və digər dinlərin ruhaniləri ilə qurduğumuz səmimiyyət bu görüşün baş tutmasında faydalı oldu. Vatikanda çox çətinlik çəkmədik."[7]

"Dinlərarası dialoq" və "İbrahimi dinlər"

Bəziləri “dinlərarası dialoq” ifadəsini yanlış anlayır, bəzi isə qəsdən səhv qələmə verir. Fəthullah Gülən bunu belə izah edir: "Şəxsən mən həm yanlış anlaşılma və ittihamlara, həm də “dialoqa girmək istəyən dinlər öz dəyərlərindən imtina etməlidir” kimi düşüncələrə yol verməmək üçün dinlərarası dialoq ifadəsindən çox “din-mənsubları arasında dialoq” məfhumuna üstünlük verirəm. Çünki biz “dinlərarası dialoq” sözü ilə “Filan əsaslardan imtina et, bizə yaxınlaş” deməyi qəsd etmirik. Dinlərin qarşıdurmaya deyil, sülhə və əmin-amanlığa zəmin hazırlamasını istəyir, dolayısilə din mənsublarının “sülh şəraitində birgəyaşayış” idealı ətrafında bir-birini tanımalarını, dinləri və özləri haqqındakı tarixdən və yanlış məlumatlandırmalardan irəli gələn səhv fikirlərini düzəltmələrini, inanclarından asılı olmayaraq bir-birini olduğu kimi qəbul etmələrini və buna əsasən əlaqələrini tənzimləmələrini arzuluyırıq."[8]

"İbrahimi dinlər" ifadəsi İslam, Xristianlıq və Yəhudiliyin ortaq atası Hz. İbrahimə istinadən işlənən və Hz. İbrahimi ortaq məxrəc kimi götürən bir ifadədir. Məsələn, Fəthullah Gülən bir müsahibəsində bu ifadəni "İbrahimi dinlər olan İslam, Xristianlıq və Yəhudilik"[9] şəklində işlətmişdir.

Dinlərarası dialoqun İslami əsasları

Gülən dinlərarası dialoqun İslami əsasları barədə deyir:

"Quran bütün insanlara xitab edir. İslam qətiyyən bölən, parçalayan deyil, hər cəhətdən əhatəedicidir. Quran yeganə şərəf qaynağı Allaha yaxınlıq olduğunu bəyan edir:

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (“Hucurat” surəsi, 49/13).

İnsanları bir ailənin üzvləri kimi görən İslam bu üzvlərin arasındakı münasibətin yaxşılıq, lütfkarlıq və mürüvvət çərçivəsində olmasını (“Bəqərə” surəsi, 2/237); pisliyi yaxşılıqla sovuşdurmağı (“Fussilət” surəsi, 41/34) və bizə qarşı edilən pislikləri mümkün olduğu qədər bağışlamağı (“Şura” surəsi, 42/40, 43) əmr və tövsiyə edir. Bu münasibət təkcə müsəlmanlara qarşı deyil, təcavüzkar əsgərlərdən savayı hər kəsədir:

“Allah dininizə görə sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (“Mumtəhənə” surəsi, 60/8)

Bununla yanaşı İslam dində, yəni dini qəbul etmək və dini ibadətləri yerinə yetirmək üçün məcburiyyəti qadağan edir. "Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!" (“Bəqərə” surəsi, 2/256)

Quranın, xüsusən İlahi Kitab verildiyinə görə “Kitab Əhli” adlandırdığı Xristianlara, Yəhudilərə, Sabilərə və başqalarına qarşı qoyduğu münasibət şəkli olduqca diqqət çəkicidir.

"Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!" (“Ənkəbut” surəsi, 29/46). Quran, münaqişəni belə qadağan edir: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər." (“Furqan” surəsi, 25/63)

Bu gün dünya plüralizmi axtarır, xüsusilə tarixdə təcrübəsi olmayan Avropanın başqa din mənsublarıyla, xüsusilə müsəlmanlarla birgə yaşamağı öyrənməyə çalışdığı belə bir dövrdə İslam on dörd əsrlik plüralizm və başqa din mənsublarıyla dostca birgə yaşama təcrübəsinə malikdir. Papalığın 1963-cü ildə yəhudi və müsəlmanlarla başlatdığı dialoq və tolerantlıq hərəkatını İslam on dörd əsr əvvəl, üstəlik ilk təbliğ günlərində bir həyat tərzi, hər kəslə birgə yaşam şəkli kimi mənimsətmiş və on dörd əsr bunun ən gözəl nümunələrini təqdim etmişdir. Məkkədə müsəlmanlar təkcə bir olan Allaha ibadət etdikləri üçün hər cür işgəncəyə məruz qalırdılar, belə bir dövrdə belə "vurana əlsiz, söyənə dilsiz" olmağı İslamın şüarı kimi mənimsəyib tətbiq etmişlər, Peyğəmbərimizin Mədinəyə hicrətindən sonra ilk işi orada yaşayan yəhudi və müşrik ərəb qəbilələriylə bəzi müasir alimlərin “yazılı konstitusiya” kimi qəbul etdikləri sülh və əmin-amanlıq içində yaşama müqaviləsi bağlamışdır. İslamın öz xüsusiyyətində yatan dialoq, xoşgörü və birgə yaşama doktrina və təcrübəsinin 14 əsrlik örnəklərini çəkmək cildlərlə kitaba sığmaz. Lakin mövzumuzla əlaqəli bir-iki örnək ümid edirəm ki, birgə yaşamağı öyrənməyə çalışan bəşəriyyətə işıq tutacaq:

Peyğəmbərimizin vəfatından əvvəl Mədinəyə 60 nəfərlik Nəcran xristianlarından ibarət bir heyət gəlir. Onlar İslam və Xristianlıqla bağlı Peyğəmbərimizlə mübahisə edib dinlərini dəyişməməqdə israr edirlər. Məscidi-Nəbəvidə gecələmələrinə və ibadətlərini də burada etmələrinə icazə verilir. Nəhayət onlarla bir müqavilə imzalanır. İslam torpaqlarının hüdudları daxilində qalan Nəcranlı Xristianlarla imzalanan bu müqavilədə belə deyilir:

“Allahın himayəsi və Rəsulullah Məhəmmədin qoruması Nəcranlılar və onlara bağlı hər kəsin mallarına, canlarına, din və ibadətlərinə, orada olub-olmayanlarına, ailələrinə, məbədlərinə, az olsun, çox olsun mülkiyyətinə haqq və vacibdir. Heç bir yepiskop öz dini vəzifə sahəsi xaricinə, heç bir keşiş öz keşişlik vəzifəsini gördüyü kilsənin xaricinə, heç bir rahib yaşadığı monastırın xaricinə göndərilməyəcək… Onlar, nə zülm edəcəklər, nə də zülmə məruz qalacaqlar. Onlardan heç kim bir başqasının cinayətindən və haqsızlığından məsul deyil". (İbn Sad, Tabakat, 1:287-288; İbn Hişam, Sirə, 1-2: 573-575) [10]

"Qurani-Kərim aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizə (s.ə.s.) ümumbəşəri risaləti yerinə yetirərkən daim xoşgörü və dialoqu əsas götürməyi əmr edir, eyni zamanda Əhli Kitabla ortaq məxrəci müəyyənləşdirir: (Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” (“Ali İmran” surəsi, 3/64)

... qəlbi inanc və sevgi ilə coşanlara, axirətə inanmayanlara belə əfv və müsamihə ilə yanaşıb qucaq açmağı əmr edən, üstəlik nəsx edilməmiş və dolayısilə hökmü daim keçərli olan bir başqa ayəyə nəzər yetirək: "İman gətirənlərə de ki, Allah, qazandıqları (günahlara) görə hər hansı bir tayfanın cəzasını versin deyə, Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar.Çünki Allah hər toplumun əməllərinin əvəzini verəcək" (“Casiyə” surəsi, 45/14)[11]

Dinlərarası dialoq dinlərin qarışığıdır?

Dinlərarası dialoqun əleyhdarları ortaya atdıqları iddialara görə, dinlərarası dialoq əslində dinləri qarşıdırmaq üçün bir örtük və ilkin hazırlıqdır. Dialoq tərəfdarı din mənsubları arasında bu niyyətdə olanlar varmı-yoxmu bilmirik, ancaq İslama tərəddüdsüz və sağlam imanla inanan Fəthullah Gülənin belə bir niyyətdə olması qeyri-mümkündür. Dinlərin qarışdırılmasını dinsizlik sayan Gülənin fikrincə, dialoq başqa, dinlərin qarışması başqadır: "Müxtəlif din mənsublarıyla, kültürlərlə, mədəniyyətlərlə dialoq başqadır, onlara qucaq açmaq, onlarla yaxşı münasibətdə olma, paylaşma, uzlaşma başqadır, dinlərin qarma-qarışığı isə tamamilə başqa məsələdir. Xəlt-ədyan (dinlərin qarışığı) dinsizlikdir."[12]

"Bəzi kimsələr “bütün dinlərin ortaq cəhətlərini ortaya qoyub bundan bir din meydana gətirək və insanları onun ətrafında birləşdirək” deyə düşünür və bu istiqamətdə səy göstərirlər. Elm aləminə heç də yad olmayan bu düşüncə və fəaliyyətlərə qarşı, qənaətimcə, diqqətli olmaq lazımdır. Çünki bu qondarma “düşüncə” ən azı ateizm qədər, xüsusilə də, İslam dininə zərər verə bilər. Məncə, bir mənada qeyri-adilik və populyarlıq kimi niyyətlərlə ortaya atılan bu axınlara layiqli cavabı İslamın ümumbəşəri dəyərləri istiqamətində hərəkət etməklə vermək mümkündür."[13]

Dialoq dövrün tələbidir

Gülənin fikrincə dialoq dövrün tələbatıdır: "Dövr mədəniyyət, elm və dəlil dövrüdür. Bu dövrdə iqna (qane etmək, razılaşdırmaq), elm və müsbət hərəkət əsasdır. Xüsusilə informasiya və nəqliyyat vasitələrinin inkişafı ilə dünya bir “kəndə” çevrilmişdir. Belə bir dünyada düşmənçiliyə və qarşıdurmaya yer olmamalı, insanlar insan olma, eyni dünyada yaşama, eyni havadan və eyni atmosferdən yararlanma və s. kimi munimum ortaq cəhətlər ətrafında birləşərək və bu ortaq cəhətləri getdikcə çoxaldaraq sülh şəraitin birgəyaşayışın yollarını axtarıb tapmalıdır. Bunun üçün də xoşgörü və dialoq zəmini meydana gəlməlidir. İnanır və ümid edirəm ki, qarşıdurma, müharibə, ekoloji çirklənmə və amansız rəqabətlərdən yorulan yaşlı dünyamız - əgər ömrü başa çatmayıbsa - bu yola istiqamətlənəcək."[14]

Gülən fərdiyyətçiliyin olduqca geniş yayıldığı və insanları bir-birindən uzaqlaşdıran bu maddiyyatçı dünyada insanlar arasında xoşgörü, dialoq və hər kəsi öz mövqeyində, olduğu kimi qəbul etmənin zəruriliyinə inanır. Onun fikrincə, dialoq, xoşgörü və hər kəsi olduğu kimi qəbul etmə cəmiyyətdə parçalanma və müharibələrin qarşısının alınmasında zəruridir."[15]

Gülən "getdikcə qloballaşan dünyada dialoq məcburi prosesə çevrildiyi və bu prosesdə insanlar mütləq bir-birinə yardım etmə yolları axtarmalı olduğu"[16] üçün, həmçinin dialoqu dinlər və mədəniyyətlərin qarşıdurmasına qarşı dalğaqıran [17] olaraq gördüyü üçün dünya miqyaslı dialoqun təsirini israrla müdafiə edir.

Fərqli din və millətlərin nümayəndələri niyə rəğbət göstərir?

Xoşgörü, dialoq və hər kəsi öz mövqeyində, olduğu kimi qəbul etmək, insana insan olduğu üçün hörmət göstərmək Gülənin və dolayısilə Könüllülər Hərəkatının əsas prinsipidir. Bu prinsiplər hörmət və rəğbətlə qarşılanır. Beləcə Fəthullah Gülənin fikirlərini və Könüllülər Hərəkatının fəaliyyətlərini müxtəlif millətə, dinə və irqə mənsub insanlar qəbul edir, rəğbət göstərir və bu fəaliyyətlərdə iştirak edirlər. Fəthullah Gülən deyir:

"Bu təhsil, xoşgörüş və dialoq fəaliyyətlərinin dünyanın fərqli dinlərin, fərqli dillərin, fərqli rənglərin, fərqli ənənə və mədəniyyətlərin hakim olduğu yüzü/üzü aşan ölkəsində qəbul görməsi və şəxsən bu ölkələrdən bir çox insanın da eyni fəaliyyətlərə könüllü olaraq iştirak etməsi, hərhalda bir adam və ya bir qrupla açıqlanacaq bir hadisə olmasa lazımdır. Bəlkə insanları bu fəaliyyətlərə çəkən, ən fundamental bir insani ehtiyaca və ya insan varlığının ən fundamental bir ölçüsünə, yəni təhsil və təhsilə verilməsi lazım olan əhəmiyyəti vermək, bunu edərkən heç bir mənfəət gözləməsinə girməmək, fərdi eqoizmin çox yayıldığı bir zamanda bunu aşaraq yaşatmaq adına həyata sevdasından imtina etmək, insanlığın döyüşlərlə sarsıldığı bir dövrdə 'Durun izdihamlar, bu küçə çıxmaz küçə!' deyərək barışı, uzlaşmağı, xoşgörüşü, dialoqu önə çıxarmaqdır. Demək ki bunlar, insani ortaq məxrəclərə xitab edir ki, dünyanın dərhal hər ölkəsindən, hər cəmiyyətdən və cəmiyyətlərin hər seqmentindən insanlar bu örfaneye könüllü iştirak edirlər. "[18]

Bəziləri müxtəlif din və millətə mənsub insanların Fəthullah Gülənə və Könüllülər Hərəkatına göstərdiyi rəğbəti "İslamın imperializmə peşkəşi" kimi qələmə verirlər. Halbuki Fəthullah Gülən ömrünü İslama və Müsəlmanlara həsr etmişdi. Yazılı, şifahi və əməli bütün əsərləri, işləri buna şahididir. Qərəzsiz, səmimiyyətlə, vicdanla, insafla araşdıranlar bu həqiqəti görəcəklər. Üstəlik Fəthullah Gülən əsrlərlə zülmə məruz qalan bütün məzlumların iztirabını bütün varlığı ilə duyan insandır. Bütün bunları yazılarında və söhbətlərində ifadə etdiyi kimi, hər fürsətdə bu məsələlərin həlli üçün yollar axtarır. Məsələn, "Sözün bitdiyi an" adlı “Kırık Testi” yazısını oxuyan vicdanlı və insaflı hər insan buna şahid olacaq.

Gülənə görə; "Qloballaşan və artıq böyük bir kəndi xatırladan, bu səbəbdən hamının bir-birinə qonşu olduğu bir dünyada Müsəlmanlığın çox əhəmiyyət verdiyi qonşuluq düsturlarına uyğun davranmaq, İslamın aləmlər üçün rəhmət olmasının, Peyğəmbərimizin (səs) aləmlərə rəhmət olaraq göndərilməsinin şüuru içində bir rəhmət insanı olmaq və İslamın ləkəsiz və ağüzünü qaraldan hər cür davranışdan uzaq dayanmaq dünyanın harasında olur-olsun hər bir Müsəlmanın vəzifəsidir və xeyirinədir. "[19]

[1] “Akşam” qəzeti, 9 fevral 1998
[2] “Aksiyon” jurnalı, 14.02.1998
[3] "Dinlerarası diyalog ve Papa görüşmesi", İtaliya Xəbər Agentliyi (ANSA) Giulio Gealibterə verdiyi müsahibə, 13.05.1998
[4] NTV-də Taha Akyol ve Cengiz Çandara verdiyi müsahibə, 27.02.1998
[5] “Aksiyon” jurnalı, Fəthullah Gülənin bəzi iddialara verdiği cevaplardan, 6 iyun 1998
[6] "Dinlerarası diyalog ve Papa görüşmesi", İtaliya Xəbər Agentliyi (ANSA) Giulio Gealibterə verdiyi müsahibə, 13.05.1998
[7] "Kaç çeşit İslâm var?", Fransa “Le Monde” qəzeti, Nicole Popeyə verdiyi müsahibə, 28 aprel 1998
[8] "Türkiyədə fərqli iki qütb yoxdur", Deutsch Türkische Nachrichten xəbər saytı, 16.06.2011
[9] "Kaç çeşit İslâm var?", Fransa “Le Monde” qəzeti, Nicole Popeyə verdiyi müsahibə, 28 aprel 1998
[10] "Türkiyədə fərqli iki qütb yoxdur", Deutsch Türkische Nachrichten xəbər saytı, 16.06.2011
[11] "Hoşgörü ve diyalog iklimi"
[12] "Kerbelâ ve iftirak", ABŞ söhbətləri, fgulen.com
[13] “Fasıldan Fasıla – 4”, həmçinin bax. "Dinlerin tevhidi (!)", Prizma - 1
[14] “Milliyet” qəzeti, Hakan Yavuza verdiyi müsahibə, 12.08.1997
[15] "Kaç çeşit İslâm var?", Fransa “Le Monde” qəzeti, Nicole Popeyə verdiyi müsahibə, 28 aprel 1998
[16] "Ateist terörist değildir", “Hürriyet” qəzeti, Sefa Kaplana verdiyi müsahibə, 21.04.2004
[17] "Kaç çeşit İslâm var?", Fransa “Le Monde” qəzeti, Nicole Popeyə verdiyi müsahibə, 28 aprel 1998
[18] "Türkiyədə fərqli iki qütb yoxdur", Deutsch Türkische Nachrichten xəbər saytı, 16.06.2011
[19] "Türkiyədə fərqli iki qütb yoxdur", Deutsch Türkische Nachrichten xəbər saytı, 16.06.2011
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.