1941-1959 həyat xronologiyası

Tarix Hadisənin məzmunu
1941 Təvəllüdü
Fəthullah Gülənin doğum haqqında şəhadətnaməsindəki rəsmi qeydiyyata görə 27 Aprel 1941-ci ildə Ərzurumun Həsənqala (Pasinlər) ilçəsinin Korucuk kəndində dünyaya gəlmişdir.
1945 Quran öyrənməyə başladı
4 yaşında anasından Quranı öyrənməyə başladı və qısa zamanda Quranı xətm etdi.
"Mənim ilk Quran müəllimim anamdır. Anamın dediyinə görə, dörd yaşımda mənə Quranı oxumağı öyrədib. Bir ay içində də xətm elədiyimi deyir. Mən xətm eləməyimi xatırlamıram. Ancaq bu münasibətlə bütün kəndə yemək verdilər. Bir nəfər də mənə "Sənin toyundur",-dedi. Mən utandım, ağladım."
1946 İbtidai təhsil
"O zamanlar kəndimizdə orta məktəb yox idi. Hal-hazırda mövcud olan məscidə bitişik duran mədrəsəni sinif olaraq istifadə edirdilər. Gündüz uşaqlara, gecə də yaşlı kişi və qadınlara oxuyub-yazmaq öyrədirdilər. O yaşlı insanların vəziyyətinə pəncərədən seyr edib gülərdim. Mənə onların halı çox qəribə gəlirdi. Yaşım çatmadığına görə birinci il məni məktəbə qəbul etmədilər. Məktəbə gedəndə yenə də yaşım az idi, lakin məktəbə getməyə davam etdim. İki və ya üç il məktəbə getdim."
1949 Məktəb günləri və yarıda qalan təhsil
Atasının 1949-cu ildə Alvar kəndinə imam təyin edilməsi və ailəliklə oraya köçmələri bağlıtəhsili yarımçıq qaldı və daha sonra qiyabi şəkildə tamamladı.
"İki il yarım təhsil aldıqdan sonra məktəbdən ayrıldım. Atam imam olaraq Alvara getdiyinə görə biz də ailəvi ora köçdük və mən bir daha məktəbə getmədim. Bir dəfə Korucuğa gəlmişdim. Bu müəllimə məni görüb və "Mən səni dördüncü sinfə keçirdim",-demişdi, lakin bu bir fayda vermədi. Məktəbə getmədim. İbtidai məktəbi Ərzurumda sonradan qiyabi imtahan verib bitirdim."
1951 Hafizlik çalışmaları
Atası Ramiz xoca əfəndidən ərəb dili dərsi aldı və hafizliyini tamamladı.
"Ev işlərindən və mal-qaranı güdməkdən vaxt tapdıqca əzbər edə bilirdim. Buna baxmayaraq, yaxşı çalışdığım günlər yarım cüz əzbərləyə bilirdim. Yazda isə qətiyyən vaxtım olmurdu. Həmin qışda hafizliyimi tamamladım." ("Kiçik dünyam")
"Mən şəxsən hafizəm və həyatında iki dəfə hafizlik edənlərdənəm. Birincisini on yaşımda atam etdirmişdi. Bəzi səbəblərə görə üzərində çox durmadığımdan tamamilə unutmuşdum. Sonra 1980-cı ildə təzədən dörd aya hafiz oldum. Lakin səmimiyyətlə deyə bilərəm ki, Quranı hər oxuyanda sanki yeni-yeni üfüqlər, yeni-yeni qitələr kəşf edirəm. Ona könlünü verən hər kəsin də eyni şəkildə düşündüyünü zənn edirəm. Yetər ki, mənasına aşina olaraq ondaki ilahi məqsədlər izlənilsin və bir az da, əvvəllər də bəhs etdiyim kimi, özünü ona verərək ciddiyətlə oxunsun. ("Prizma-4", Noyabr 2003)"
1952 Həsənqala günləri
Həsənqalada Hacı Sıtkı əfəndidən təcvid dərsi aldı və dörd yaşında öyrənməyə başladığı Quranı 1951-ci ildə əzbərləyərək 10 yaşında hafizliyini tamamladı.
"İlk dəfə idi ki, o yay oxumaq üçün ev və tarla işlərindən azad olundum. Çünki atam məni Həsənqalada Hacı Sıtkı əfəndi adıyla tanınan bir zatın yanına təlim və təcvid dərsləri almaq üçün göndərmişdi. Ancaq Həsənqalada qalacaq yerim olmadığına görə hər gün Alvardan gedib-gəlmək məcburiyyətindəydim. On yaşım vardı və hər gün 7-8 km-lik yolu piyada gedib-gəlməliydim."
1954 Sadi əfəndidən ərəb dili dərsləri almağa başladı
Fəthullah Gülən Ərzurumdakı Kurşunlu Cami mədrəsəsində Alvar imamının (Muhamməd Lütfi Həzrətləri) nəvəsi Sadi əfəndidən dərs almağa başladı. İki ay yarım vaxt ərzində Əmsilə, Bina və Mərahı və mətnlər əzbərləyərək oxudu. İzharı bitirdi. Qafiyə oxumasına ehtiyac görülmədi və Molla Camiyə başladı.
"Alvar İmamı atama "Bunu mütləq oxudaq",-deyibmiş. Məni Alvar İmamının nəvəsi, yaşca məndən 5 və ya 6 yaş böyük olan Sadi əfəndinin yanına apardılar.
Sadi əfəndi təmiz və əxlaqlı adam idi. Ancaq çox gənc və təcrübəsiz idi. Mənə başdan başlatdı. 2,5 ay içində Əmsilə, Bina və Mərahəninin mətnlərini əzbərləyərək oxudum. Sonra da İzharı bitirdim. Qafiyə oxutmağa isə ehtiyac bilmədi və məndən bir il əvvəl gəlmiş tələbələrlə Molla Camiyə başlatdı."
10 Yanvar 1954-cü ildə nənəsi və babası vəfat etdi
1954-cü ilin əvvəllərində ata nənəsi Munisə xanım və babası Şamil ağa bir saat içərisində vəfat etdilər.
Munisə xanım həyat yoldaşı Şamil ağadan bir saata vəfat etmişdi. Uzun müddət xəstə yatırmış. Vəfatından 5-10 dəqiqə qabaq gəlini Rafiə xanımın köməyi ilə dəstəmaz alıb. İkindi namazını qılıb. Sonra da ərinə işarət edərək: "İkimiz də dünyadan nəsibimizi tam almamışıq. Bu gecə cənazələrimiz evdə qalacaq",-deyib və ağzından çıxan son fəryad "Allah!" kəlməsi olan vaxt, Şamil ağa digər otaqda olub və sağlam idi və şikayəti də yox imiş. Ev camaatı Munisə xanımın cənazəsiylə məşğul ikən digər otaqdan bir fəryad da qoparıb. Nəvələrindən biri "Babam öldü!",-deyə ağlayırdı. Hər iki cənazə gecə o evdə qalır. Ancaq səhərisi gün dəfn edilirlər. Qəbirləri Korucuk kəndindəki qəbiristanlıqdadır. Fəthullah Gülən nənə və babasının ölümünü belə xatırlayır:
"Məni çox sarsıdan bir hadisə baş verdi. Hər halda Mərah oxuduğum vaxtlar idi. Mədrəsədəki yoldaşlarım xəbəri gizlətmək istəsələr də öz aralarında danışarkən bu acı xəbəri eşitdim. Babam və nənəm vəfat etmişdi. Bu xəbərlə dünya başıma yıxılmışdı. Böyük sarsıntı keçirtdim. Dərsimi oxuduqdan sonra kəndə yola düşdüm. Əlbəttə ki, cənazə mərasimlərinə çata bilmədim...
Şamil babam mənim həyatımın bir parçasıydı, Munisə nənəm olmadan mən necə yaşaya bilərdim. Onların fikri belə məni çox üzürdü. Amma indi hər ikisi, həm də bir saat içərisində vəfat etmişdilər. Mən bu iztiraba necə tab gətirəcək, bu hicrana necə dözəcəkdim?" ("Kiçik dünyam")
1955 Ərzurumdakı tələbəlik günləri
Kurşunlu Cami mədrəsəsindəki Sadi əfəndinin yanından ayrıldı və Kemhan Cami yanındakı mədərsədə 6 aya yaxın oxudu. Oradan da ayrıldı və Taşməscidə getdi. Boş qalmış Əhmədiyə Camində öz imkanlarıyla bir otaq hazırlayaraq Zinnur adında bir yoldaşıyla oraya yerləşdilər. Burada Osman Bəktaş xocadan dərs almağa başladı. Ədirnəyə gedənə qədər də burada qaldılar.
"Sadi əfəndi ilə aramızda problem çıxdı. Mədrəsədən ayrılmaqdan başqa çarəm qalmamışdı. Sadi əfəndinin yanından ayrılandan sonra Kemhan Caminin yanındaki mədrəsəyə getdim. Əlimdə sadəcə bir sandıq əşyam vardı. Bu mədrəsədə beş-altı yoldaş qalırdıq. Əgər kiminsə qonağı gəlsəydi yatmağa yerimiz qalmazdı.
Sadi əfəndidən ayrılandan sonra Osman Bektaş xocanın yanına getdim. Osman xoca fiqhdə həqiqətən usta idi. Müftiliyə müstəfdi (fətva soruşmaq istəyən) gəlsə, o zamanlar müfti olan Sadiq əfəndi qapıcını göndərib Osman xocanı müftiliyə çağırardı. Çox məşğul adam idi. Yaxşı da imkanı vardı.Osman xoca mənə dərsi izhardan başladı. Bir-iki dərs keçdikdən sonra 'Molla Fəthullah! Səni bu dərslərlə məşğul eləməyim. Sən də Cami oxu",-dedi."
İlk vəzini 14 yaşında verdi
Fəthullah Gülən Quran və ərəb dilini öyrənməyə kiçik yaşlarından heç fasilə vermədən davam etmiş və 12 yaşında hafiz olmuşdu. 1955-ci ildə, 14 yaşında Ərzurumdakı mədrəsələrdə şagird olanda Korucuk və Alvar kəndlərində vəzlərə başladı. Təcrübələrini əvvəla öz xatirələrindən, sonra da Nazlı Ilıcakın qələmindən çatdıraq.
"14-15 yaşımda, bir az da atamın alışmağımı istəməsinə görə, Ramazan ayı boyunca kəndimizdə vəz verdim. Ənvər adında çox ağıllı, mənəvi aləmi çox gülcü bir əmim vardı. Küçədə gedərkən əmim arxamca gəlir, önümə keçməməyə diqqət edir, mənə çox hörmət göstərirdi. Bir gün " Əmi, çox mütəəssir oluram, belə eləməyin!" deyəndə mənə: "Oğlum, ziyarəti hörmətli edən sahibidir. Mən bu hörməti göstərməsəm, xalq səni qəbul etməz ki" dedi.
Əmimin yaşıma və qardaşı oğlu olmağıma baxmayaraq, vəzlərin mənə bu cür etimad və ehtiram göstəməsini heç unuda bilmirəm. Mən də insanlara faydalı olacağına inandığım yoldaşlarım üçün bu mövzuya diqqət etməyə çalışdım." ("Qırıq testi")
"Bayramlarda, mübarək gecələrdə, cümə günlərində kürsünün qarşısına keçib vəz verən insanları və təbii ki, atası Ramiz əfəndini böyük heyranlıqla və diqqətlə dinlədi. Məsciddən çıxanda edilən söhbətləri unutmadı. Anası soruşanda dinlədiklərini sözbəsöz ona dedi. Bir Ramazan ayının axşam çağıydı. Anasının hazırladığı iftar yeməyini tələsik yedi və dərhal məscidə getdi. Bir azdan atası gələcək və alvarlılara xitab edəcəkdi. Fəthullah sanki atası sadəcə ona xitab edəcəkmiş kimi bütün varlığıyla onu dinləməyə hazırlaşırdı.
14 yaşındaydı. Alvar imamının köməyi ilə Ərzurumda təhslini davam etdirir, ərəb dilini təzə-təzə öyrənirdi. Alvar kəndinin ağsaqqallarından Kazım əfəndi də o gün məscidə tez gələnlərin arasında yer alırdı. Çox qəribə bir haldaydı. Fəthullaha insana təşvişə salan baxışlarla baxırdı. Bir azdan məscid dolmağa başladı. Kazım əfəndi birdən ayağa qalxdı. Əlində bir sarıq vardı. Atasının vəzini dinləməyə gələn Fəthullaha sarı gəldi. Fəthullah çaşbaş halda Kazım əfəndiyə baxdı. Kazım əfəndi əlindəki sarığı Fəthullahın başına qoydu. Onu qolundan tutaraq kürsüyə dəvət etdi Fəthullah donub qaldı. Atasının da içlərində olduğu, dünyaya gəlişini, körpəliyini, iməkləmə dövrünü görüb bilən bu dini bütöv camaata necə vəz verəcəkdi? Kazım əfəndi isə bu suallara və Fəthullahın həyəcanına məhəl qoymurdu. Onun qolundan tutdu, zorla apararaq qucaqlayıb kürsüyə əyləşdirdi. Bu elə bir əmr idi ki, Fəthullah etiraz edə bilmədiyi kimi, bu hadisə onun bütün vəzlərinin başlanğıcı və taleyinin dönüş nöqtəsi oldu. Atası ilə göz-gözə gəldi. Ramiz əfəndi də çaşbaş qalmışdı. Həyəcanını bildirməyərək Fəthullahın söhbətə başlamasını gözlədi. Əvvəlcə Fəthullah çox narahat oldu. Ancaq sonra çox gözəl bir vəz verdi. İnsanlar 14 yaşındakı bu uşağın vəziylə coşdu. Bəziləri isə hardasa bayılacaq vəziyyətə düşdülər.
Fəthullah Gülən bundan sonrakı həyatında, tələbəlik illərində də hər əlinə keçən fürsəti dəyərləndirdi; istər Alvarda olsun, istərsə də Qorucuqda olsun vəzlər verdi.
Alvardakı ilk vəzindən sonra həyatı yeni istiqamətə yönəldi. Ertəsi il Ramazan ayında atasının təkidilə Ərzurumdan kənara çıxmağa qərar verdi. Ramazan ayı boyunca Amasya, Toqat və Sivas tərəflərini dolaşdı. Vəzlər verdi. Bəzi müftülər Fəthullah Gülənə maraq göstərib vəz verməsinə şərait yaradarkən, bəziləri də yaşının çox kiçik olduğunu bəhanə edərək bundan əl çəkməsini tövsiyə edirdilər. Fəthullah qərarını vermişdi. O doğru bildiyi yolla gedəcəkdi. Sivasdan sonra Ərzincana da baş çəkərək Ərzuruma qayıtdı. Bu ilk təşəbbüsü onun xüsusi qabiliyyətlərinin inkişafına səbəb oldu. Verdiyi vəzlərdən sonra həmin çevrənin ziyalılarıyla ayrıca söhbətlər apardı. Bu söhbətlər ona Korucuk, Alvar və Ərzurum kimi aşina olduğu bölgələrdə, eyni məlumat və dünyagörüşünə sahib insanlardan başqa, fərqli düşüncəyə sahib insanların da olduğunu öyrədirdi. Bir söhbətdə olanlardan biri ona Mehmet Akifin "Səfahət"ını oxumağa tövsiyə etdi. Gülən Ərzuruma dönüşdə "Səfahət"ın yarısını əzbərlədi. ("Axşam" qəzeti; Nazlı Ilıcak; 20 Mart 1998)
Vəz verməsinə təşviq edən şəxs Kazım əfəndi olmuşdur
"Kazım Əfəndi Alvar imamına bağlı o dövrdə həccə getmiş 3-4 nəfərdən biri idi.
Xocaların məclislərində iştrak etmişdir. Ola bilər kitab da oxumuş, lakin biliyi haqda məlumatım yoxdur. Oğulları vardı, hələ cavan idilər. Onları da özü kimi yetişdirmişdi. Xalq Partiyası zamanında başlarına sarıq sarıyardılar. Şərfləri olardı sarıqları.
Ona görə, məni vəzə çıxartmazdan qabaq "səni vəzə çıxaracağam" demədi. Atamla məsləhətləşdilərmi, yoxsa, atammı təklif etdi, onu da bilmirəm.?
O vəz mənim ilk vəzim idi. Bəlkə mənim şəxsi səylərimlə, ərəb dilini öyrənməyə başlayandan Dürrətül-Vaizin kitblarına da göz gəzdirirdik. Bu kitablar atamın kitabları arasında vardı. Hər sözünü lüğətdən baxa-baxa kitabın kənarlarına yazmışdı. Elə bir təcrübəm də vardı. Boyum kürsüyə çatmırdı. Yəni ilk oxumağa getdiyim il idi. O şəxs əxlaqən çox saf idi. Sonraları onun belə xüsusiyyətlərini çox gördüm. Atam çox incə insan olmasına baxmayaraq, mənə evlərdə xətm oxutmuşdu. Üzdən "Qurani-Kərim" oxuyurdum. Sonra o, Ərzurumdan ayrılandan sonra xətmlərdən aldığım pullar məndə hicran oldu. Qayıdan kimi Allahın verdiyi imkanla o aldığım pulları bir zərfə qoyub qardaşım Hasbi ilə geri qaytardım. Məsciddən tanıdıqlarımı zərfdə bir kağıza yazmışdım. Hasbi Ərzuruma gedəndə, bəlkə də bilmədiyinə görə, hər kəsə bunu elan edir. "Bu zərfləri alın, abim göndərdi. Bu işdən pul almağın doğru olmadığını düşünür",-deyir. Bu, mən əsgərlikdə olanda baş vermiş ola bilər. Etiraz edirlər. "Bura o qədər böyük şəxslər gəlib-gedib. Təzə şeyləri niyə çıxardır?",-deyirlər. Onda həmin Kazım ağa hələ həyatdaydı, durub: "Vallah, o özünə yaraşan şeyi elədi. Bu iş belə də olmalıydı",-deyir və xalq etiraz etməkdən əl çəkir. (Öz xatirələrindən)
12.03.1956 Mənəvi xocası alvarlı Əfə həzrətləri (d. 1868) vəfat etdi.
Muhamməd Lütfi əfəndi (Alvar İmamı) vəfat etdi.
"Həyatımda məni ən çox sarsıdan hadisələrdən biri də Alvarlı imamın vəfatıydı. Həmin gün mən də Alvardaydım. Yadımda qaldığı qədər quşluq vaxtıydı. Salondakı kilimin üstündə uzanıb istirahət edirdim. Birdən bir səs eşitdim. Bu səsdən daha çox fəryada bənzəyirdi. Qulağımı cingildədən bu səs 'Əfə öldü',- deyə bağırırdı. Dərhal yerimdən qalxdım. Pencəyimi alıb çölə qaçdım. Əfə həzrətlərinin evinə yaxınlaşdıqca, acı həqiqəti anladım: Əfə həqiqətən ölmüşdü.
Alvar İmamı həzrətləri ilə nə vaxt tanış olduğumu deyə bilməyəcəyəm. Dünyaya gözümü açandan Onun ağzının şərbətinə susamış bir çox insan kimi ana və atamı da o mənbənin başında gördüm. Onu dərk elədiyimi deyə bilmərəm, çünki O, axirətə köçəndə mən hələ həyatımın on altıncı ilinin yamaclarında dolaşırdım. Buna baxmayaraq, ilk şüur və ilk hisslərimə səslənən ruh olması baxımından, bu vaxtlar duyğu və hisslərimi o günkü məndə oyanan hisslərə borclu olduğumu rahatlıqla deyə bilərəm."
1957 Risaləi-Nurları tanıdı və müxtəlif yerlərə vəz verməyə getdi
Tələbəlik illərində Ərzurumda Bədiüzzamanın yanından gələn Müzaffər Arslanın söhbətlərinə davam etməsi ilə risalələri tanıdı və bir daha o söhbətlərdən ayrılmadı. Ramazan ayı səbəbi ilə Amasya, Toqat və Sivas tərəfləri gəzərək vəzlər verdi və söhbət etdi.
"Kırkıncı Hoca mənə: "Səlahəddin və Hatəmə Bədiüzzaman həzrətlərinin yanından bir nəfər gəlib, axşama söhbət olacaq ora gedək",-dedi. Təklifini dərhal qəbul etdik. Çünki Bədiüzzamanın yanında olmuş birini ilk dəfə görəcəkdik. Bu da bizim üçün çox cazibəli və orijinal bir hadisəydi.
Mehmet Şərgilin dərzi dükanına gəldik. Bura iki kilimdən bir az geniş bir yerdi. İlk gecə və ya ikinci gecə orda olanlardan yadımda qalanlar Mehmet Şevket Eygi, Esat Keşafoğlu və Osman Demircidir. Şövkət Eygi ehtiyatda olan zabit idi. Esad Keşafoğlu isə onda baş leytenant idi. Bədiüzzaman həzrətləri Müzəffər Arslana "şərqi gəzib gəl",- deyib, o da Sivas, Ərzincan ve Ərzurumu gəzməyə gəlmişdi. 15 günə yaxın Ərzurumda qaldı. Birinci gecə "Hücumatı-Sittə" oxundu. Ertəsi gün Beşinci Şüadan dərs verildi. Bizimlə gələn mollalardan bəziləri, ordakı şərhlərə etiraz etdilər və bir daha söhbətlərə gəlmədilər. Lakin söhbətlər məni təsir altına almışdı. Xüsusilə də Müzəffər Arslanın səhabə tərzli həyatı, sadəliyi və səmimiyyəti mənə daha çox təsir etdi. Mən də səhabə aşiqi idim. Onu görəndə, "axtardığım adamları tapdım.",-dedim və bir daha da ayrılmağı heç düşünmədim.
Müzəffər Arslanın şalvarının iki dizi də yamaqlıydı. Pencəyi də ona yaxın idi. Əlbəttə, bu sadəlik mənə tam başqa hisslər verirdi. Bununla yanaşı, ibadətlərində də bir dərinlik vardı. Namaz qılması, dua etməsi mənə çox fərqli gəlmişdi. Dərsə davam edənlərdən Çiğdem Baqqalının sahibi Zəki əfəndi vardı. Onun dua etməyi də çox xoşuma gələrdi. Ürəkdən dua etməyinə heyran idim. Nə qədər vaxt keçdi bilmirəm zənnimcə, qısa müddət oldu. Ustaddan Ərzuruma bir məktub gəldi. Məktub kimə xitab edirdi? Ustad bu məktubu kimə diktə etmişdi? yadımda deyil. Lakin salam göndərdiyi şəxslərin adları vardı. Axırında da Fəthullah ilə Hatəmə də salam deyilirdi. Adımı eşidəndə elə bildim ayaqlarım yerdən kəsildi. Elə sevinmişdim ki, həyatımda o qədər sevindiyim çox azdır. İndi o məktub hardadır, kimdədir, onu da bilmirəm. Ancaq bu mənə bəs eləmişdi. Söhbətləri bir daha heç tərk etmədim."
1959 Ərzurumdan Ədirnəyə getdi
Ərzurumdan ayrılaraq Ədirnəyə getdi. Ədirnədə Hüseyin Top xocanın köməyi ilə nüfuz qazandı. İmtahanları müvəffəqiyyətlə verdi, ancaq əsgərliyə getmədiyinə görə, 6 Avgust 1959-cu ildə rəsmən Üçşərəfəli Cami ikinci imamlığına təyin edildi. İki il yarım Üçşərəfəli Caminin bir pəncərəsində qaldı.
"Atam mütləq Ərzurumdan kənara çıxmağımı istəyirdi, anam isə hər dəfə buna qarşı çıxırdı. Lakin axırda atamın dediyi oldu. Anamın da razılığını alaraq Ədirnəyə getməyimə qərar verildi. Ədirnədə Hüseyin Top xoca vardı. Bizim qohumumuz idi. Mənə sahib çıxar deyə, məni onun yanına göndərmişdilər.
18 yaşım tamam olmuşdu. "Səyahət, ya Rəsulullah!" deyib Ədirnəyə yola düşdük. Ədirnəyə gedəndə yol üstündə bəzi yerlərə də baş çəkdim. Hüseyn Top xoca məni İbrahim əfəndinin hüzuruna (Ədirnə Müfti vəkili) apardı. O məni yaşca balaca gördüyünə görə imtahan etdi. Mən də qəbul elədim. İndi yadımda deyil, əlinə ilk keçən bir kitabı açıb mənə verdi və "Oxu" dedi. Fiqh kitabıydı. Çıxan yeri oxuyub açıqladım. İbrahim əfəndi məni çölə çıxartdı. Bir az sonra Hüseyn əfəndi də yanıma gəldi. Üzündəki ifadədən işlərin yaxşı getdiyini anladım. Hüseyn əfəndi də danışdıqları şeylərdən bəhs etdi. İbrahim əfəndinin "Gəncdir amma özünü yaxşı yetişdirib" sözü məndən çox Hüseyn əfəndini sevindirmişdi.
İki aya yaxın Ağməsciddə namaz qıldırıb vəz verdim. Ramazan ayı da gəlib çatmışdı. Vaizlik imtahanına girmək üçün Ankaraya getdim. 15 günə yaxın Ankarada qalıb Ədirnəyə qayıtdım. İmtihanın nəticələri daha sonra bilinəcəkdi. Bir gün Ədirnə müftiliyinə Ankaradan zəng gəldi. Zəng edən Mustafa Zerən idi. "Gözlərindən öpürəm, imtahandan keçdin",-deyə bir xəbər vermişdi. Hüseyn Top yenə də çox sevinmişdi. Bazar-dükanlarda məni axtarmaya başlayıb. Axırda məni tapdı, küçənin ortasında muştuluq verdi, məni qucaqladı: "İmtahandan keçdin.",-dedi. Ərizə yazdım və Ədirnə müftiliyinə talib oldum. Diyanətdən gələn cavab mənfi idi: "Əsgərliyinizi tamamlamadığınıza görə, sizi müfti təyin edə bilmirik."
Müftilik, məmuru olmayan yerlərə imtahan təşkil etdi. Bu imtahanda birinci oldum. Haqqım Üçşərəfəli Camidə imam olmaq idi. Ancaq İbrahim əfəndinin havadarlıq etdiyi bir nəfər vardı. Həmin adam: "Sənin balın çoxdur; o da əsgərliyə gedib-gəlib. Ona görə də sizi bərabər qəbul edib püşk ataq!",-dedi. Püşk atıldı və haqq öz yerini tapdı. Üçşərəfəli Camiyə ikinci imam təyin edildim. Bu mənin məmurluğa başladığım (6 avgust 1959) tarix idi. Maaşın 200 lirə idi, 30 lirəsini kəsib, əlimə 170 lirə verirdilər."
"Ruhani-rəislik" etdi
Ədirnədə olarkən məhkəmədən çağrılaraq iki edamlıq nəfərə "ruhani-rəislik" etməsi istənildi. Bu vaxt evlilik təklifləri də gəlməyə başlayır. Ancaq o qəbul etmədi.
"Ədirnəyə aid heç unutmadığım xatirələrdən biri də iki edamlıq nəfərə ruhani rəislik etməyimdir.
Bunlardan biri 1959-cu ildə oldu. Ədirnədə ilk ilim idi. Üçşərəfəli Camidə imam idim. Bur gün bir nəfər gəldi və "Gani bəy səni çağırır",-dedi. Gani bəy hakim idi. Mən ona bəzi kitablar vermişdim. Əvvəlcə narahat oldum və yanına bu əndişəylə getdim. Mənə: "Edamlıq bir məhkum var. Səni ona ruhani rəis təyin etdik",-dedi.
Əslində həssas adamam. Belə bir təklifə müsbət cavab vermək mümkün deyildi. Ancaq əndişəm keçmədiyinə görə qeyri-ixtiyarı razılıq verdim. Məni tanıyıb etimad etdiklərinə görə çağırdıqlarını söylədilər.
Əvvəllər edamlar ibrət olsun deyə hər kəsin gözü qabağında yerinə yetirilirdi. Çevrilişdən sonra açıqda edam etməyi aradan qaldırdılar. Gecə gəlib məni apardılar. Maşınla həbsxanaya getdik. Edamlıq məhkumun adı Rasim Dikdi. Kameraya girdik. Əlləri bağlıydı. Hər halda hücum etməsin deyə bağlamışdılar.
Artıq məşhur olduğuma görə ikinci edamlığa da məni çağırdılar. O vaxt edamı hamıya açıq yerdə yerinə yetirmək qadağan idi. İkinci edamlıq məhkumun adı Mehmet idi. Mehmet çox təmiz simalı gənc idi. Qatil olacağına ehtimal vermirəm. Bizi görən kimi ayaqları titrəməyə başladı. İflic olmuşdu. Bir yerdə oturduq və mən: "Mehmet, məclis təsdiq edib. Bundan sonra başqa çarə yoxdur. Allaha gedən yoldasan, başqa bütün yollar da bağlandı.." Dəstəmaz almaq istəyirsən?-deyə soruşdum. "İstəyirəm",-dedi. Ayaqlarını yuyanda taqəti qalmadı. İndiki kimi yadımdadır və bütün bunları mən vicdanımda yaşadım. Ayaqlarını yuya bilmədi... "Aməntu"nu oxumağa başladım. Bir az oxuyur, lakin axırını gətirə bilmirdi. Sözlər yaddaşından silinirdi. Arada da "Məni yenə tibbi ekspertlə görüşdürün",-deyirdi. Halbuki tibbi ekspertlə görüşdürsəydilər də sadəcə, iki həftə yaşama haqqı verəcəkdilər. Mən onda həyatın dəyərini anladım. Sanki edama o deyil, mən gedirdim. Aradan illər keçsə də hər yadıma düşəndə hicran yaşayıram. Mehmetə çox yazığım gəlmişdi. Çoban öldürüb dedilər və ona görə də boynuna belə bir yarlıq asmışdılar."
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.