Ədirnəyə Qayıdış

Ədirnəyə ikinci dəfə qayıdan Xoca Əfəndi əvvəlcə Darül-Hədis Məscidində vəkalətlə imamlıq etməyə başlayır. Məscid imamı xəstə idi. Müftilik imam maaşının yarısını Xoca Əfəndiyə, yarısını da xəstə olan imama verməyi qərara alır. Lakin Xoca Əfəndi ona verilən maaşın bir qəpiyinə belə toxunmadan xəstə olan imamın evinə aparır. Qapıya imamın oğlu çıxır. Xoca Əfəndi əlindəki zərfi gəncə uzadaraq:

- Zəhmət olmasa, bunu atanıza verə bilərsinizmi? -deyə soruşur.

Gənc məsələni anlayır və:

- Axı bu sizin haqqınızdır, imamlığı hal-hazırda siz edirsiniz. Atam əslində bu maaşın bir hissəsini alır, -deyərək zərfi qəbul etmək istəmir. Ancaq Xoca Əfəndi:

- Müftilik bu pulu mənə verdi, ancaq mən onu imam qardaşıma qaytarıram. Çünki imam yaşlı və xəstədir və bu pula məndən daha çox ehtiyacı var, -deyərək pulu imamın oğluna verir.

Xoca Əfəndi bu fədakarlığı göstərdiyi sırada maddi sıxıntı çəkirdi. Lakin o, hər zaman özündən çox başqalarını düşünürdü.

Suat Yıldırım bəyin Ədirnəyə müfti təyin edilməsi ilə, Xoca Əfəndi onu anlayan bir dost əldə etmiş olur. Həyata keçirmək istədiyi planları reallaşdıra biləcəyinə olan ümidləri artır. Xoca Əfəndi ilə 6 ay bir evdə qalan Suat Yıldırım bəyə Xoca Əfəndinin o günləri haqqında sual v­e­­­ril­dikdə:

- Qeyri-adi bir şəxsiyyətə malik olduğu hər halından bəlli idi. Çox təqvalı idi, yemək- içməyinə son dərəcə diqqət edərdi. Çox təmiz və səliqəli bir insan idi. Evinə olduğu kimi geyiminə qarşı də çox diqqətli idi. Bir yerdə qaldığımız 6 ay ərzində onu bir dəfə belə olsun gecə paltarında (pijamada) görmədim, -deyərək Xoca Əfəndinin yüksək əxlaqı və şəxsiyyəti mövzusunda heyranlığını dilə gətirmişdi.

Xoca Əfəndi imkan daxilində tələbələrlə də məşğul olur və onlara həm dərslərində kömək edir, həm də din və əxlaq dərs­ləri verirdi. Onun tələbələrlə məşğul olmaqda yeganə məq­sə­di gənc nəslə sahib çıxmaq idi. Lakin bəzi insanlar onun bu fəaliyyətlərindən ciddi narahat­lıq keçirirdilər. Həm tələbələrlə məşğul olmağını bəhanə edərək, həm də bəzi başqa əsassız iddialarla ondan hər fürsətdə təhlükəsizlik orqanlarına şikayət edirdilər. Bu şikayətlərdən biri­nin nəticəsində polis Xoca Əfəndinin Suat Yıldırımla birlikdə qaldıqları evə basqın edir. Polislər evi ələk-vələk edərək Xoca Əfəndinin otağının hər nöq­tə­sində axtarış aparsalar da, heç bir şey tapa bilmirlər. Suat Yıldırım bəyin də otağını axtarmaq istədikdə Xoca Əfəndi:

- O, müftinin otağıdır, m­ə­nim­lə heç bir əlaqəsi yoxdur -deyərək, ora girmələrinə mane olur.

Polislər heç bir cinayət ünsürü tapa biməsə də, qəti təlimat aldıqları üçün Xoca Əfəndini polis bölməsinə aparırlar. Polis rəisi:

- Eşidirsən, Fəthullah? Sənə axırıncı dəfə xəbərdarlıq edirəm. Tələbələrlə məşğul olmayacaq­san. Əks təqdirdə səni buraya bir daha gətizdirəcəyəm və bu səfər nə edəcəyimi bir mən bilirəm, bir də Allah, -deyərək onu təhdid edir.

Lakin Xoca Əfəndi bu cür təhdidlərin təsiri ilə doğru bildiyi işləri həyata keçirməkdən vaz keçəcək bir insan deyildi. Odur kı, polis rəisinin bu təhdidinə cavab olaraq:

-Burada qüvvətlisən, edərsən. Ancaq bu yerin bir də altı var. Səninlə orada hesablaşarıq, -­de­­yərək Allaha sığınır və doğru bildiyi işləri davam etdirəcəyini ifadə edir.

Bu tip təzyiqlərə, hətta təhdidlərə baxmayaraq, Ədirnədə olduğu bu dövrdə də İslami gözəllikləri anlatmaqdan yorulmayan Xoca Əfəndinin kiçik bir dost məclisi olaraq başlatdığı bu söhbətin dairəsi sürətlə genişlənir. Təəssüf ki, hər cür dini dirçəlişlərdən narahatlıq duyan bəzi insanlar, bir neçə gəncin bir yerə yığışaraq Allahdan bəhs etməsi qarşısında belə qısqanclıqlarını gizlədə bilmirdi və onlar haqqında əsilsiz iddialarla polisə şikayət edirdilər.

Bir gün polis məscidə soxulur və Xoca Əfəndi də daxil olmaqla bir çox insanı həbs edərək polis bölməsinə aparır. Həbs edilənlər haqqında məhkəmə işi açılır. İlk məhkəmə iclasında şahid qismində dinidirilənlərdən biri də, Ədirnənin məşhur qoçularından biri olan Rıfat bəy idi. Xoca Əfəndini gözü götürməyənlər onun haqqında əsassız və məntiqsiz iddialar irəli sürərkən Rıfat bəy ayağa qalxır və məhkəmə heyətinə:

- Hörmətli hakimlər! Keçmişimin necə olduğunu çox yaxşı bilirsiniz. Qalaiçi səmtində nərə çəkəndə, hər kəsin ödü ağzına gələrdi. Mən də bir dövlət məmuruyam. O zaman elə idim. İndi isə gördüyünüz kimi beləyəm. Mənim bu dönüşüm bu dostlarım sayəsində oldu. Onlarla oturub durduqdan sonra özümü dərk etməyə başladım. Bütün pisliklərdən xilas oldum -deyərək, bu insanların heç bir siyasi məqsəd güdmədiklərini, yalnız və yalnız Allahı tanıtmaq istədiklərini və ətraflarındakı insanları pisliklərdən qorumağa çalışdıqlarını söyləyir. Özünü də pisliklərdən qurtulan insanlara nümunə olaraq göstərir.

Rıfat Bəy kimi Xoca Əfəndi və dostlarını müdafiə edən insanların söylədiklərindən daha çox onların əleyhlərində söylənənləri gözə çarpdırmaq istəyən məhkəmə heyəti bu dəfə incəsənət məktəbinin müdirinə söz verir. Mudir qalxaraq:

- Bu Xoca bəzi yerlərə basqın edib yandırmağımızı və dağıtmağımızı tövsiyə edir, -deyərək Xoca Əfəndi haqqında əsilsiz bir iddia irəli sürür. Bu iddiaya qarşı Xoca Əfəndi söz alaraq:

- Hörmətli məhkəmə heyəti, xahiş edirəm, bu adamdan soruşun görək, mənim sülhü, əminamanlığı tövsiyə etdi­yimi, qarışıqlıq çıxarmağın müsəlmanlara yaraşmayacağını söylədiyimi də eşidibmi? -deyə soruşur.

Müdirin:

- Səsgücləndiricilər bəzən xırıldayırdı, ola bilsin eşitməmişəm, deməsi nəticəsində, Xoca Əfəndi ayağa qalxaraq:

- Səsgücləndiricilər elə hər zaman mənim əleyhimə olan sözlərdə yaxşı işləyib, lehimdə olan sözlərdə xırıldayır? Bu qədər təzadlı danışan bir adama qulaq asmaq və onun söz­lərinə etibar etmək olmaz, -deyir.

Bun işdən iftiraçı müdir qızarır və heç bir şey deyə bilmir.

Xoca Əfəndini günahlandırmaq istədiyi halda özü günahkar çıxan müdürün ardından bir vəkil də söz alaraq Xoca Əfəndinin əleyhinə danışmağa başlayır. Bu vəkil Xoca Əfəndinin arxasında namaz qılmış, hətta Xoca Əfəndini bir neçə dəfə iftar yeməyi üçün evinə də dəvət etmişdi. Odur ki, Xoca Əfəndi ilə yaxın tanışlıqları vardı. Hakim bu v­ə­kildən Xoca Əfəndini göstərərək:

- Bunu tanıyırsınızmı? -deyə soruşur.

Vəkil:

- Tanımıram, -deyir.

Daha sonra:

- Məscidə girdim. Məsciddə bir inqilab ab-havası var idi. Bu adam sarığının ucunu yandan aşağı endirmiş və canfəşanlıq edirdi -deyərək Xoca Əfəndi əleyhinə iddia irəli sürür.

Xoca Əfəndi ayağa qalxır və:

- Hörmətli vəkilin sözləri haq­qında bəzi şeylər söyləmək istə­yirəm. Hesabınızı ona görə apa­rın. Bu şəxs neçə dəfələrlə mənim arxamda təravih namazı qılıb. Bunun yüzlərlə şahidi var. Məni neçə dəfələrlə iftar yem­ə­yinə dəvət edib. Bundan əlavə dəfələrlə bir yerdə oturub çay içmiş və söhbət etmişik. Əgər bir insan, arxasında təravih qıldığı, eyni stol ətrafında yemək yeyib çay içdiyi bir şəxsi tanımadığını deyirsə, bu adamın digər söz­lərinə də ancaq o qədər etibar etmək olar, -deyərək vəkilin ya­la­­nını üzünə vurur.

Yalanı üzə çıxan vəkil öncəki müdir kimi qızarır və böyük bir utanc içində:

- Tanıyıram, -deyərək tələm-tələsik məhkəmə salonunu tərk edir.

Məhkəmədə əsassız iddialarla ortaya atılanlar utanc hissi keçirir və məhkəmə işini udu­zurlar. Lakin buna baxmayaraq, rayonun idarəçiləri Xoca Əfəndini rahat buraxmırlar. Ədirnəni onun üçün yaşanmaz hala gə­tirirlər və nəhayət, Xoca Əfəndinin təyinatı Kırklarelinə ve­­rilir.

* * *

Xoca Əfəndi Kırklarelində də çalışqanlığından geri qalmır. Gün­lərini elmlə və ətrafında­kı­la­ra İslamı anlatmaqla keçirir. Bir tərəfdən mənəvi yaşantısındakı həssaslığını qoruyur, digər tərəfdən də İslami həqiqətlərdən və onun gözəlliklərindən məh­rum qalmış insanlara bu gözəllikləri anlatmağa davam edirdi. Belə ki, gənclərin qala biləcəyi və öz dəyərlərimizlə bütünlük içə­ri­sində yetişərək hər cür günahlardan qoruna biləcəyi evlər açmağa çalışır. Bütün maaşını da bu evlərin kirayəsinə və digər xərclərinə sərf edir.

Kırklarelində çalışdığı dövrdə böyük şair Nəcib Fazil Kı­sa­kü­rə­yi söhbətə dəvət edir. Dəvəti qə­bul edərək Kırklarelinə gələn şairi burada böyük maraqla qar­şılayırlar. Söhbətdən sonra Xoca Əfəndi ilə xüsusi olaraq görüşən Nəcib Fazil Kısakürək, onun el­mi və əxlaqı qarşısında böyük heyranlıq duyur və təşəkkürünü bildirir..

Xoca Əfəndinin həyata keçirdiyi fəaliyyətlər onun qısa zamanda bütün Türkiyədə tanınmasına səbəb olur. Onun şöhrəti yayıldıqca və göstərdiyi xidmətlərin dairəsi genişləndikcə, dinə aid hər cür fəaliyyətdən, hətta dinin özündən belə narahat olan bəzi insanlar onun haqqında təsəvvür edilməyəcək iddialar ortaya atırlar. Dünyanı onun üçün zindan etməyə çalışırlar. Onu hər an təqib edir və dinə xidmət etməkdən yayındırmağa cəhd göstərirdilər. Nəha­yət, Xoca Əfəndi hər cür fəaliyyətdən məhrum edildikdə, iyirmi günlük məzuniyyət götürərək Anadolunu gəzməyə çıxır.

Məzuniyyətdən qayıdarkən Ankaraya baş çəkir. O dövrdə Diyanət İşləri Başqanının müavini Yaşar Tunagür idi. Yaşar Tunagürün Xoca Əfəndiyə dərin sevgi və hörməti var idi. Ədirnədən tanış idilər. Xoca Əfəndinin yüksək əxlaqı, dərin elmi və İslam dini uğrunda çəkdiyi dərd və cəfa ona çox təsir etmişdi. Yaşar Tunagür Xoca Əfəndiyə:

- Bir ərizə yaz və təyinatının İzmirə verilməsini tələb et, -deyərək ondan İzmirə təyinat istəməsini xahiş edir.

Ancaq Xoca Əfəndi olduğu yerdə başladığı fəaliyyətlərini davam etdirməyi düşünürdü. Odur ki Yaşar Tunagürün təklifini qəbul etmir. Buna baxmayaraq, Yaşar Tunagür başqa birinə ərizə yazdırır və Xoca Əfəndiyə zorla imzalatdıraraq onun İzmirə təyin olunmasına nail olur.

Yaşar Tunagürün Xoca Əfəndini təkidlə İzmirə göndərməsinin xüsusi bir səbəbi var idi. Özü Diyanət İşləri Başqanı müavini vəzifəsinə gətirilməzdən əvvəl İzmirdə işləyirdi. İzmirin camaatı onu çox sevmişdi. İzmirdən ayrılarkən camaat çox təəssüflənmiş və getməməsi üçün təkid etmişdi. O da izmirlilərə:

- Sizə elə bir insan göndərəcəyəm ki, məni unudacaqsınız, -demişdi.

İzmirə öz yerinə göndərməyi düşündüyü adam isə Fəthullah Gülən Xoca Əfəndi idi. Ona çox inanırdı. Beləliklə, Xoca Əfəndi 1966-ci ildə İzmirdə fəaliyyətə başlayır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.