Toxumun torpağa düşdüyü yer: Ədirnə

1959-cu ildə Xoca Əfəndi artıq təhsilini başa vurmuş və ətrafında elmi və əxlaqı ilə tanınan, sevilən bir insan olmuşdu. Atası onun Ərzurumdan kənar bir yerdə fəaliyyət göstərməyini istəyirdi. Ailədaxili məsləhət­ləş­mə­lər­dən sonra Xoca Əfəndinin Ədirnədə yaşayan bir qohumunun yanına getməyi qərarlaşdırılır.

Ədirnədə Xoca Əfəndini ana tərəfindən Hüseyn Top Xoca adlı bir qohumu yaşayırdı. Xoca Əfəndi Ərzurumu tərk etdikdən sonra bir müddət Ankarada qalır, daha sonra isə Ədirnəyə gəlir. Burada Hüseyn Top Xocanı tapır və gəliş məqsədini ona bildirir. Bir neçə günlük tanışlıqdan sonra, Hüseyn Top Xoca Xoca Əfəndini müftiliyə aparır. Məq­səd­lə­ri isə buradakı məscidlərin birində Xoca Əfəndiyə imamlıq vəzifəsi almaq idi.

Hüseyn Top Xoca müftiyə məsələni açanda müfti:

- Əvvəlcə bir imtahan edək görək səviyyəsi necədir -deyərək Xoca Əfəndinin önünə ərəbcə bir kitab qoyur.

Hüseyn Xoca çox həyəcanlanır və narahatçılıq keçirir. Çünki Xoca Əfəndi hələ cəmi 20 yaşında idi. Müftinin ona oxumaq üçün verdiyi kitab isə çox qəliz və çətin idi. Qəlbində:

- Əfsus! Xoca Əfəndi çox gənc, bu kitab isə çox ağırdır. Oxuya bilməsə, həm utanacaq, həm də müftinin qarşısında çətin vəziyyətdə qalacaq, -deyə düşünməyə başladı.

Lakin Xoca Əfəndi bu kitabı rahatlıqla oxuyur və izahını verir. Onu dinləyən müfti təəccüblə:

- Maşallah! Çox gəncdir amma özünü çox yaxşı yetişdirib, -deyərək onu təqdir edir.

Bu imtahandan sonra, Xoca Əfəndi Ədirnənin Yıldırım məhəlləsində yerləşən Akmescit məscidinin imamı təyin edilir.

O vaxtlar Ədirnədə bir adət var idi. Ramazan aylarında ətraf rayonlarda və şəhərlərdə dini elmlərə yiyələnən tə­ləbələr Ədirnəyə gələr və müxtəlif məscidlərdə imamlıq edərdilər. Məscidin yerləşdiyi məhəllənin sakinləri bu tə­ləbələrə müəyyən qədər maddi kömək göstərər və bir qədər pul verərdilər. Xoca Əfəndi də məhz bu tələbələrdən biri olaraq imam təyin edilmişdi.

Bir ay qədər qısa müddət ərzində etdiyi söhbətlər və dərin elmi ilə məscid camaatında özünə qarşı böyük hörmət oyandırmışdı. Ayın sonunda məhəllə sakinləri Hüseyn Top Xocanın yanına gələrək :

- Xocam, Xoca Əfəndi sizin yaxınınızdır. Biz onu çox bəyəndik. Elmi ilə, əxlaqı ilə, xitabəti ilə, bambaşqa bir şəxsiyyətə malikdir. Ondan xahiş edin, məscidimizdə vəzi­fəsini davam etdirsin, -deyirlər və ondan Xoca Əfəndinin qalması üçün təkid etməsini xahiş edirlər.

Bu xahişi qəbul edərək bir müddət də bu məsciddə imamlıq edən Xoca Əfəndi qısa müddət ərzində bütün Ədirnədə tanınır. Müxtəlif təbəqələrədən insanlar Xoca Əfəndinin söhbətlərini dinləməyə gəlir. Xoca Əfəndinin göstərdiyi xidmətlər qarşısında heç bir məvacib qəbul etməməsi isə insanların heyranlığına səbəb olan başqa bir xüsus idi.

Bu dövrdə Ankarada elan olunan vaizlik müsabiqəsində iştirak edən Xoca Əfəndi imtahandan müvəffəqiyyətlə keçərək Ədirnə müftisi olmaq üçün müvafiq orqana mü­ra­ciət edir. Ancaq çox gənc olduğu üçün bu tələbi qəbul edilmir. Bundan əlavə, hələ, əsgərliyə getməmişdi. Yaşının azlığı səbəbilə müfti təyin edilməyib, Ədirnənin mər­kə­zin­də yerləşən Üçşərəfəli məscidinə imam olaraq göndərilir.

Üçşərəfəli məscidi mərkəzdə yerləşdiyi üçün şəhərin məşhur simaları da bu məscidə gəlirdi. Xoca Əfəndi vəz edəcəyi mövzunu bir neçə gün öncədən məscidin giriş qapısına asaraq camaatın marağını artırmağa ça­lı­şırdı. Bundan əlavə, hüquq, iqtisadiyyat kimi fərqli mövzulara müraciət edərək İslam di­ni­nin hər mövzuya mən­bə ola biləcəyini göstərirdi. Hüquq və iqtisadiyyat kimi mövzularda etdiyi vəzlərdə savadı və məntiqi ilə hər kəsi heyrətlənidirirdi.

O ətrafındakı insanlara bir tərəfdən İslam dininin gözəlliklərindən bəhs edir, digər tə­rəf­dən isə öz davranışlarına qarşı böyük həssaslıq göstərirdi. Üç­şərəfəli məscidində imamlıq edər­­kən, Kalaiçi adlanan bir səmt­­də kirayə də qalırdı. Gün boyu elmlə məşğul olduğundan evə gec gəlirdi. Evin yerləşdiyi mə­həllə sakit bir yer olduğu üçün məhəllənin qadın və qızları gec saatlara qədər həyətdə oturub söhbət edirdilər. Xoca Əfəndi hər gün evə gedərkən qadınların yanından keçmək məc­bu­riyyə­tin­də qalırdı. Bu qey­ri-ciddi və­zi­yyət onu çox narahat edirdi. Odur ki öz-özünə:

- Tədbirimi işin başında görməli, məni nəfsimin arzularına meyil etdirəcək bütün səbəblərdən uzaq durmalıyam, -deyərək həmin evdən köçür və imamı olduğu məscidin 2.5 metr genişliyindəki pəncərəsində qalmağa başlayır.

Evini tərk edərək qalmağa qərar verdiyi yer, onun mənəvi yaşantısına nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Xoca Əfəndi Ədirnə kimi dondurucu qış gecələri olan bir yerdə və isinmək üçün heç bir ləvazimatı olmayan bu pəncərədə əsgərliyə gedənə qədər qalır.

Bu kiçicik pəncərədə gün boyu çox az miqdarda yeməklə keçinən Xoca Əfəndi aldığı maaşının böyük hissəsini xeyriyyə işlərinə sərf edirdi. Bir gün məscidin bağçasında oturarkən, yan tərəfdən yağda qızardılmış yumurta qoxusu gəlir. Xoca Əfəndi anasının kiçik yaşlarında onun üçün bişirdiyi yumurtaları xatırlayır. Bir müddət sonra Xeyriyyə adlı yaşlı bir qadın yağda bişirdiyi yumurtaları Xoca Əfəndiyə pay gətirir. Xoca Əfəndinin dostu Hatəm Xoca da orada idi.

Xeyriyyə xanım yumurtaları bir kənara qoyur. Həm Xoca Əfəndi, həm də Hatəm Xoca çox ac idi. Lakin bir müddət keçsə də Xoca Əfəndi yeməyə əl uzatmır. Nəhayət, Hatəm Xoca dillənir:

- Bu yumurtaları soyutmadan yeyək. Xoca Əfəndi isə:

- Buyur sən ye, amma bir az saxla, -deyə cavab verir.

Hatəm Xoca deyiləni yerinə yetirir. Bir az yeyir, qalanını da Xoca Əfəndiyə saxlayır. Ancaq nə qədər vaxt keçsə də Xoca Əfəndi yumurtanı yemir. Səhəri gün Xoca Əfəndi yumurtanı isidir, lakin yenə də yemir. Bu şəkildə üç gün yumurtanı isitsə də, yemir. Hatəm Xoca onun nə üçün belə etdiyini anlamağa çalışır və nəhayət Xocanın, yumurtanı yeməyərək nəfsini tərbiyə etdiyini başa düşür.

Bəzən Xoca Əfəndiyə yemək gətirən Xeyriyyə xanım adlı yaşlı qadın ondan həftədə bir gün xanımlara vəz etməsini xahiş edir. Hüseyn Top Xocanın da xahişi ilə bu təklifi qəbul edən Xoca Əfəndi, xanımlara da vəz verməyə başlayır. Bir gün Hüseyn Top Xoca Xoca Əfəndiyə baş çəkmək üçün məscidə gəlir. O sırada Xoca Əfəndi qadınlara vəz veriridi. Xoca Əfəndini diqqətlə dinləyən qadınların hamısı başlarını aşağı salmışdılar. Buna təəccüblənən Hüseyin Top Xoca Xeyriyyə xanımdan:

- Başınızı niyə belə aşağı əyirsiniz, -deyə soruşur.

Xeyriyyə Xanım isə cavabında:

- Xoca Əfəndi kürsüyə çıxanda bizə: "üzünüzü çevirin, nə mən sizin üzünüzü görüm, nə də siz mənim üzümü" -deyə səsləndi. Buna görə də biz onu beləcə başımızı aşağıya əyərək dinləyirik, -deyərək eyni zamanda Xoca Əfəndinin nə qədər iffətli bir insan olduğunu da ifadə edir.

Həqiqətən, Xoca Əfəndi iffətinə son dərəcə önəm verirdi. Vaxtını boş keçirməmək üçün əsla faydasız gəzintiyə çıxmazdı. Gündəlik həyatına qarşı da böyük həssaslıq göstərirdi. Məsciddə qaldığı müddət ərzində məscidə aid olan heç bir şeydən istifadə etməməsi, Xoca Əfəndinin həssaslığının başqa bir nümunəsidir. Gecələr çox az yataraq vaxtının böyük hissəsini kitab oxumaqla və ibadət etməklə keçirərdi. Məscidin işıqlarını yandırmaz və kitablarını şam işığında oxuyardı. Hüseyn Top Xoca bu mənzərəni görəndə çox üzülür. Pəncərəyə bir işıq çəksək, həm gecələr rahat kitab oxuyar, həm də lampanın verdiyi istiliklə az da olsa isinər deyə düşünərək ertəsi gün məscidin pəncərəsinə işıq xətti çəkmək üçün elektrik ustası göndərir. Ustaları görən Xoca Əfəndi gəliş məqsədini soruşur. Ustalar:

- Bizi Hüseyn Top Xoca göndərdi. Pəncərəyə elektrik xətti çəkəcəyik, -deyirlər. Lakin Xoca Əfəndi bu işə razı olmur və ustaları geri qaytarır. Bundan xəbər tutan Hüseyn Top Xoca Xoca Əfəndinin yanına gələrək bunun səbəbini soruşur o:

- Hafiz ağabəy, fikirləşdim ki, bu məsciddə elektrik pulunu vəqflər ödəyir və vəqflər tərəfindən ödənən işığın altında kitab oxumağa könlüm razı olmadı -deyir və haqq və hüquq mövzusundakı həssaslığını bir daha ortaya qoyur.

Xoca Əfəndi günahlara qarşı çox həssas davranırdı. Bir gün Allaha belə bir dua edir:

- Ya Rəbbim, mənim vücuduma elə əziyyətlər ver ki, gəncliyimin həvəs və arzularına vaxt ayıra bilməyim.

Sonrakı illərdə vücudunda meydana gələn bəzi xəstəliklər sanki bu duasının qəbul olunduğunu isbat edirdi. Çünkü gənclik illərində əl, üz və ayaqları da daxil olmaqla vüc­u­du­nun hər yerində müəyyən xəstəliklər meydana gəlmişdi. Xoca Əfəndi bunu belə izah edir:

- Vücudumda əmələ gələn yaraların qabığını qopararkən sanki bütün bədənimin dərisi soyulurdu. Yaralarım ağrımaqla yanaşı, həm də çox qaşınırdı. Bir az rahatlamaq üçün məlhəm sürürdim. O da elə yandırırdı ki, otağımda ən azı yarım saat qıvrılırdım.

Xoca Əfəndi öz yaşantısına diqqət etməklə yanaşı, hər fürsətdə ətrafındakı insanların da İslama həsasslıqla aşina olması üçün çalışırdı. Ona qarşı müxtəlif hilələrə əl atılır və onunla heç bir əlaqəsi olmayan ittihamlar irəli sürülürdü. Hər dəfə də günahsız olduğu ortaya çıxırdı. Bütün neqativ hallara, məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, Xoca Əfəndi ideallarından vaz keçmir.

Belə ki, maaşının çox az olmasına baxmayaraq, o dövrdə nəşr olunan dini qəzetləri alır və insanlara pulsuz olaraq paylayırdı. Bir insana dinin gözəlliklərini anladan bir qəzet vermək üçün əvvəlcə onu çaya dəvət edir, çay söhbəti zamanı onda qəzeti oxumağa maraq oyadır, daha sonra isə qəzeti ona hədiyyə edirdi.

Xoca Əfəndi olduqca ünsiyyətcil bir insandır. İyirmi yaşlı bir məscid imamı olmasına baxmayaraq, şəhərin icra hakimindən tutmuş polis rəisinə, hətta Jandarma komandirinə qədər hər kəslə yaxşı münasibəti var idi. Öz idealına qarşı böyük inancı olduğu üçün qətiyyən fəaliyyətsiz qalmır. Hər kəslə çox rahat şəkildə ünsiyyət qurur və söhbət edir. Odur ki, məscidin bir tərəfində mütəmadi söhbətlərə başlayır. Bir neçə nəfər bəzən bu məsciddə, bəzən də bir evdə toplaşaraq kitab oxuyur və Allahı təfəkkür edirlər. Heç bir siyasi məqsəd güdmədikləri halda ciddi təqibə məruz qalan bu üç-beş nəfər ətraflarında polis olsa da, yenə də söhbətlərindən vaz keçmirlər. Söhbətdə iştirak edənlərdən biri bir gün bir yuxu görür.

Yuxusunda Həzrəti Xədicə Anamız (r.a.) söhbətdə iştirak edənləri Həzrəti Peyğəmbərə (s.ə.s.) göstərərək deyir:

- Ya Rəsulallah, Bunlar “Bizdən razısanmı, ya Rəsulallah? deyə soruşurlar.

Xədicə Anamızın bu sualına Peyğəmbər Əfəndimiz (s.ə.s.):

- Bəli, məmnunam. Hələ onlardan biri var haa ..... deyə cavab verir.

Bu yuxu, hər cür sıxıntıya baxmadan bir araya gələrək Allahı anmaqdan geri durmayan bu kiçik qrupun səylərini daha da artırır və söhbətə gələnlərin sayı qısa müddətdə xeyli artır.

Xoca Əfəndinin nüfuzedici şəxsiyyəti sadəcə olaraq onun xitabətindən qaynaqlanmırdı. Onu fərqləndirən əsas cəhəti mənəvi üstünlüyü idi. Bir gün böyük bir söhbət məclisində Ədirnənin məşhur mənəviyyat böyüklərindən biri danı­şır­dı. Hər kəs böyük diqqətlə söhbəti aparan zatı dinləyirdi. Söhbəti dinləyənlər arasında Xoca Əfəndi də var idi. O da bir kənarda oturmuş və böyük hörmət və ehtiramla söhbət edən alimə qulaq asırdı. Söhbət bitmişdi. Birdən xətib üzünü Xoca Əfəndiyə çevirərək:

- Başdan axıra kimi mən danışdım, amma sən dərs ver­din, deyərək Xoca Əfəndinin heç bir şey danışmadan belə öz hal və davranışları ilə çox mühüm dərslər verə bildiyini ifadə etdi.

Təxminən iki il yarım Ədirnədə qalan Xoca Əfəndi 1961-ci ilin noyabr ayında hərbi xidmətə gedərək oranı tərk edir. Onu yaxın dostları yola salır. Bundan sonra iki illik əsgərlik həyatı başlayır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.