Adanmışlıq ruhu çox əhəmiyyətlidir

Adanmışlıq ruhu çox əhəmiyyətlidir

Müşahidələrim…

İnsana baxış nümunəsi

Bu günə qədər çox adamdan müsahibə almışam. Təxminən mindən çox tanınmış insanla söhbət etmişəm. Təbii ki, kiminin dərin biliyindən, kiminin davranışlarından təsirlənmişəm, onlardan xoş sədalar qalıb yaddaşımda. Mən onlara dəyər vermişəm, onlar da mənə.

Lakin həmsöhbətinə Fəthullah Gülən qədər dəyər verən, üstəlik də bunu artıqlaması ilə hiss etdirən başqa bir insana rast gəlməmişəm.

Gülən həmsöhbətinə, həmsöhbətlərinə, bəlkə də, onların özlərindən də çox dəyər verir.

Bu məqamı xüsusi vurğu ilə qeyd edirəm, çünki bu, onun insana baxışına bir nümunədir. O, adama baxıb dəyər vermir, insana dəyər verir...

Adanmışlıq ruhu çox əhəmiyyətlidir

Allahın rizasını qazanmaqdan başqa heç bir dərdim yoxdur. Onun rizasına nail olduğumu iddia edə bilmərəm, amma ilahi rizanı istəmədiyim gün və saat da yoxdur. Gündə ən azı yüz dəfə “Allahım, əfvin və rizan...” deyirəm. Yeganə diləyim budur. Həyatımın ən böyük sərmayəsi olan bu istək başqalarının terminologiyasında alternativ tapmadığı üçün ola bilsin ki, başa düşülmür. Bunlar Peyğəmbərimin, Quranın terminologiyasında var.

Kimisə “sağ əliniz” hesab edirsinizmi?

Mən heç kəsə “sağ” və ya “sol əlim” deməmişəm. Əslən ərzurumluyam. Qırxlarelində və Ədirnədə olmuşam, oralarda vəfalı dostlarım vardı. Sonra İzmirə gəldim. Allah Hacı Kamal – yeri Cənnət olsun! – Mustafa Birlik, Yusif Bəkməzçi, Kosa Mahmud kimi ən qiymətli dostları mənə orada nəsib etdi.

Əgər söhbət bir sağ əldən düşübsə, bunlar var idi və əgər onlardan biri mənim sağ əlim olsaydı, mən o əlin altında qalıb əzilərdim, daşıya bilməzdim onu. Çünki əgər bir sağ əl olmalıdırsa, kaş ki bunlardan biri məni özünün sağ əli kimi görəydi, kaş ki, Hacı Kamal, Mustafa Birlik olaydım, “Kaş ki, Yusif Bəkməzçinin yerində olaydım” deyirəm.

Bəzi media orqanlarında “35 ildir, sağ əliniz” olduğunu iddia edən Nurəddin Verən onların arasında yox idi?

Əgər Allahın dərgahında kiminsə haqqı varsa, o haqq əsla itib-batmaz, Allah hər kəsin harada olduğunu bilir.

O, sizi siyasi xadimlərlə tanış etdiyini, xarici ölkələrə açılımı təmin etdiyini deyir.

İddialarını oxumadım, dostlar internetdən bir qismini oxudular. Eşidəndə heyrət etdim, ətrafındakı adamlarla birlikdə hər kəsin təqdir etdiyi, bir zamanlar özünün də alqışladığı fəaliyyətlərə mənfi münasibətlə baxdılar, əsassız sözlər danışdılar.

Tələb etdiyi şeylərə baxanda çaşıb qalıram, amiranə danışır, “Bu hərəkat “Qırmızı Aypara” kimi, “Yaşıl Aypara” kimi bir qurum olsun, başına – özü də içində olmaqla – bir qəyyum heyət təyin edilsin” kimi həyata keçirilməsi qanunən də mümkün olmayan şeylərdən danışır. İstəklərinin bir hissəsini hətta dövlət belə mövcud qanunlarla həyata keçirə bilməz.

Sizi siyasi xadimlərlə tanış etməsi necə?

Məni möhtərəm Süleyman Dəmirəl, Turqut Özal və İsmət Sezginlə tanış edən mərhum Hacı Kamal idi. Süleyman bəylə çox­dan tanış idi, Turqut bəylə aralarından su keçməzdi. Dövlət rəs­milərinin bir çoxu ilə tanışlığa və görüşməyə əksərən o vəsilə ol­du.

Nurəddin Verənin rolu heç olmayıb? Siyasi xadimlərlə çəkilmiş fotoşəkilləri var…

Bəzən bir yerə gedəndə maşını o sürürdü, hərəkatın etibarı naminə bəziləri ilə görüşə kuryer kimi gedirdi. Lakin indi durub özünü “sağ əl” sayırsa, demək, sui-istifadə edir. Haqqında deyilənlərə fikir verirəm, yanıma biri gələndə onunla eyni kadra düşmək istəyib, hərəkatın adından bir prezidentin yanına gedəndə onunla eyni şəkilə düşmək istəyib, sonra da bunlardan albom düzəldib. Müxtəlif dövlət başçılarına göndərilən məktubları öz adına qeyd edib. Əgər bunlarla “sağ əl” olmaq mümkündürsə, istəsələr, başqa adamlar da eynisini edə bilərdilər. Açığını desəm, yanıma gəlib-gedən adamların belə “dərin” planlar quracağını və bunlardan sui-istifadə edəcəyini ehtimal edə bilməzdim.

Şantaj edirdi…

Buraya, yanınıza gəlib və iddiasına görə siz də onu hədə­lə­misiniz...

“Məni öz halıma buraxın, öz işimi görmək, varlı olmaq is­təyirəm” deyib getmiş, ayrılmışdı, çoxdandır, görüşmürdük. Doğrusu, mən də incimişdim. Hərəkata olan etibardan şəxsi məqsədləri üçün istifadə edir, yalan danışır və şantaj edirdi. Bir zamanlar bəzi yoldaşlarımızın fikrini qarışdırmış, millət vəkili olmaqla, bir siyasi partiyada iştirak etməklə daha yaxşı xidmət ediləcəyinə inandırmağa çalışmışdı. Sonra yoldaşlardan bəziləri gəlib üzr istədilər, “Xocam, Allah səndən razı olsun, az qala bizi aldadıb siyasətə çəkəcəkdi”, dedilər. Halbuki siyasətə girməmək, bütün partiyalarla eyni məsafəni saxlamaq kimi əsas prinsiplərimiz vardır. Buna görə də hirslənmişdim.

Bu şəkildə aradan uzun müddət keçdi. Bir neçə il əvvəl Amerikaya gəlib xətrini istədiyim bir yoldaşıma “Duasını almaq istəyirəm”, – demişdi. Mən ona etimad etmirdim, görüşmək istəmirdim, amma araya saldığı adama güvənirdim. Nəhayət, gəlib bir müddət burada qaldı.

Bir gün otağıma girmək istədi. Mən də bir az yumşaq davrandım. İçəri girən kimi “Mənim əzabım qurtarmadı?” dedi. Mən də “Nə əzab, sənə kim nə elədi ki, baş götürüb getdin?” dedim. “İyun fırtınası”nda montaj edilən kasetləri onun verdiyinə dair dedi-qodular var imiş, onu deyirmiş. Halbuki mənim o şayiələrdən xəbərim yox idi. Sonra çığırdı, hədələdi. Mən də qapını açdım, yoldaşları çağırıb onu aparmalarını tapşırdım.

Nurəddin Verən onun üstünə dəmir çubuqla yeridiyinizi, yanınızdakılara döydürdüyünüzü, hətta “öldürün bunu” dediyinizi söyləyir...

Nə danışırsınız! Türkiyədə Allahın lütfü olaraq məni sevən, hörmət edən nə qədər insan var. Əgər ona öldürmək bir yana, bir çırtma vuran olubsa, desin. Yalan söyləməmək, Allahdan qorxmaq lazımdır.

Bütün bu hadisələrdən sonra indi onun haqqında nə düşünürsünüz?

Uzaqlaşdığı vaxtlarda qəlbim qırılsa da, şəfqətim üstün gəlirdi və dualarımı ondan əskik etmirdim. Hətta indi də dualarımdan əskik etməmişəm. “Allah qəlbinə hidayət ehsan etsin”, – demişəm, Allaha həvalə etmişəm.

Təkcə onun dediklərinə deyil, “İyun fırtınası”nda və başqa vaxtlarda da əleyhimə yazılmış yazılara baxmamağa çalışıram ki, ürəyimdə o insanlara qarşı mənfi bir iz buraxmasın. Allaha çox şükür, içimdə heç kəsə qarşı mənfi bir hiss yoxdur, vicdan rahatlığı ilə əlimi hər kəsə uzada bilərəm...

Üslubumuz müsbət hərəkətdir, ondan dönə bilmərik

Fərqli və özünəməxsus bir üslubunuz vardır. Üslubunuzun bir ifadə tərzi vardırmı?

Əslində bütün müsəlmanlara aid olan bu üslubu qısaca “Pis əməlləri yaxşılıqla dəf et” hədisinə uyğun olaraq kimliyindən asılı olmayaraq, hər kəslə yaxşı davranmaq və ən çətin şəraitdə belə yaxşılıq fikrindən dönməmək kimi izah edə bilərəm.

Bəli, kim olursa olsun biz hər kəsi təbəsümlə qarşılamalı, bizə uzadılan əlləri dost kimi sıxmalıyıq. Bizim üslubumuz müsbət hərəkət və yumşaq rəftar olmalıdır, başqaları nə edir-etsin, biz bu yola sadiq qalmalıyıq.

Bu sizin üçün vazkeçilməz bir şeydirmi?

Bu, o qədər əhəmiyyətlidir ki, zindanlar, qaranlıq məhbəslər, işgəncələr, sürgünlər və min bir zülmlərlə üslubumuzu qoruyub saxlamaq arasında seçim etmək məcburiyyətində qalsaq belə, üs­lu­bumuzdan dönməməliyik. Məncə, mömin hər şeyə rəğmən yenə həlim olmalı, yumşaq davranmalı və bağışlamağı bacarmalıdır.

Bir ayağı burada bir ayağı o biri dünyada olan və Allah qarşısında hesab verəcəyini bilən bir insan kimi deyirəm: haqqımda ağlasığmaz ittihamlar irəli sürənlər əgər ürəyimi çıxarıb sıxsalar, ondan damcılayan niyyətlərdə əsl məqsədimi və qayəmi görəcəklər. Qəlbimdən dünyəvi mənfəətlər damlamayacaq... Liderlik sevgisi damlamayacaq... mənim şəxsimdə dinə hücum çəkən kiçik bir qrupun iddia etdiyi kimi “Müsəlman diktator”luğa meyil hissi qətiyyən damlamayacaqdır. Kaş ki heç olmasa bir dəfə qərəzsiz baxa biləydilər...

Heç kəsə bəddua etmədiyinizi deyirsiniz, ancaq arada bir “Allaha həvalə edirəm” cümləsini işlədirsiniz. “Allaha həvalə etmək”lə nəyi qəsd edirsiniz?

Mən bir çoxlarının diş qıcadığı, bəzilərinin “vəssalam, işini bitirdik” deyib sevindiyi ən ağır dövrlərdə belə Mövlanə kimi, Yunus Əmrə kimi, Əhməd Yəsəvi kimi yazmış və danışmışam. Ogünkü hislərimi, fikirlərim jurnallarda qalır, götürüb oxusunlar. Hislərimi özlərinin bədgüman düşüncələri ilə deyil, mənim sözlərimlə qiymətləndirsinlər. Onların çoxu məsələnin əslini-kökünü bilmədən, öyrənmək zəhmətinə qatlanmadan əleyhimə olmazın itti­hamlarını irəli sürdü. Lakin mən onlara qəzəblənməməyə, hirslənməməyə çalışdım, bəddüa etmədim, “Allahım, onları qəhr et” demədim. Bəlkə, də başqaları bunu edir, Anadoluda minlərlə insan bu müsbət fəaliyyətlərə düşmən kəsilənlərə “Dinə qəsdən düşmənçilik edənlərin evinə od düşsün..” deyə bəddua edir. Lakin mənim üslubumu bilənlər, zənnimcə, onlara da hidayət qapılarının açılması üçün dua edəcək, hallarına acıyacaq və “Allahım, sən onları da bağışla, onları da hidayətə çatdır!” – deyəcəklər.

Lənətə amin deməmişik

Ömrünüzü həsr etdiyiniz və çox əhəmiyyət verdiyiniz “xidmətlərə” əngəl olmağa çalışanlara da bəddua etməmisiniz?

Biz ən çətin günlərdə ən amansız düşmənçiliyi edənlər haqqın­da belə lənətə amin deməmişik, heç kəsə lənət yağdırmamışıq. Onlar haqqında ən ağır sözümüz Allaha həvalə etmək oldu. Onu da Allah Rəsuluna baxaraq etdik. Heç birimiz Ondan daha mərhəmətli və şəfqətli ola bilmərik. Allah Rəsulu “Allahumə əleykə bi Əbi Cəhil, Allahummə əleykə bi Ütbə, Allahummə əleykə bi Vəlid ibni Ütbə” demiş, o dövrün din düşmənlərini, Əbu Cəhil, Şeybə və Vəlid kimilərini Allaha həvalə etmişdi. Həvalə etmək də “Allahım, Sən bilərsən, Sən nə istəyirsən, onu et” deməkdir. Qaldı ki, həyatım boyunca “həvalə”ni belə Allahdan hidayət istəməyə alternativ kimi dilə gətirmişəm...

Sizi tənqid edən, əleyhinizə yazılar yazan bəzi şəxslər yazıları dərc ediləndən sonra sevənlərinizdən həqarət və hədə-qorxu dolu zənglər, elektron məktublar aldıqlarını iddia edirlər...

Buna oxşar bir sualla əlaqədar Səfa Qaplan bəyə də demişdim: bəzi adamların sevənlərimiz tərəfindən hədələndiyinə inanmaram. Belə bir şey olsa-olsa cəmiyyətin müxtəlif təbəqələrini bir-birinə vurdurmağa çalışan bir ovuc təxribatçıların işidir. Məni sevənlər, yaxud mənə hörmət bəsləyənlər bilirlər ki, ölkəmizdə anarxiyanın meydan suladığı bir dövrdə mən həmişə insanları sakitliyə çağırmışam. Hətta ölümlə hədələndiyim bir gün vəzdən sonra məscid kürsüsündən camaata belə səslənmişdim: “Bu yoldaşınıza sui-qəsd etsələr, canıma qıysalar belə, əgər cəsədimi bir tərəfə atıb “Hər şeyə rəğmən, var olsun asayiş, əmin-amanlıq, sevgi” deməsəniz, vardırsa, haqqımı sizə halal etmirəm”. Bu gün də eyni sözləri deyirəm.

Mənə elə gəlir ki, bəzi adamlar da bunu qəsdən elətdirir, ya da bilərəkdən yazırlar. Daha çox məşhurlaşmaq, daha çox reytinq qazanmaq üçün, ya da tirajı artırmaq üçün müəyyən dövrlərdə əleyhimizə yazılar yazır, sonra da “məni hədələyirlər” deyə gün­dəmdə qalırlar.

Əgər doğrudan da kimsə hədələnirsə, bəlkə də, bunu başqaları bizi gözdən salmaq üçün edir. Təəssüf ki, hər kəsi mənim adımla əlaqələndirirlər. Yadınızdadırsa, bir zamanlar “itmiş” çantalar “məşhur” idi. Tez-tez məscidlərin qarşısında “itirilmiş” çantalar tapılırdı və onların içindən dövlət çevrilişi etməklə bağlı qeydlər, bəzi adamların adları olan siyahılar “aşkar edilirdi”. Onlardan birindən mənim kitabım da çıxınca dərhal “fəthullahçılar” deyə hay-küy qaldırırdılar. Halbuki hər kəs istədiyi şeyi oxuya bilər. Leninin, Marksın kitabları da çıxa bilərdi o çantalardan. Hər kəs marağını çəkən hər şeyi oxuya bilər. Buna görə kiməsə qarşı şübhə oyatmaq, üstəlik o insanları işindən-gücündən etmək nə yaşadığımız dövrlə, nə də insanlıqla bir araya sığır.

Başqa bir şey düşünməmək…

Sosioloji baxımdan hər bir hərəkat öz dilini və üslubunu meydana gətirir. Bu hərəkat öz dilini və üslubunu formalaşdırıbmı?

“Kainatin mayası məhəbbətdir”, – deyirik, Məhəmməd Bə­hauddin həzrətlərinin “Allah, bizə məhəbbətlə baxmasaydı, biz bir-birimizi sevə bilməzdik” sözləri ilə həyatımıza istiqamət ver­məyə çalışırıq. Həyatı məhəbbət mehvərində yaşama prinsipi də təbii olaraq müvafiq terminologiyanı formalaşdırmağa başlayır...

Yəni ontoloji ilə epistemoloji arasında uyğunluq olmalıdır. Başqa sözlə, Peyğəmbərimizin və sələfi-salehinin işıqlı yolunu ortaya qoymaq üçün o dövrdən bu günədək meydana gələn bütün dəyişiklikləri, fərqləri nəzərə almaq və onu yeni şəkildə ifadə etmək lazımdır.

Açar anlayışlarınızdan biri də “adanmışlıq”dır. Hərəkatla “adan­mışlığ”ı necə əlaqələndirirsiniz?

“Adanmışlıq” dəyərlərimizə büsbütün bağlı olaraq bir məf­kurə timsalı kimi yaşamaqdır. Əgər məfkurəmiz (idealımız) məhəbbətdirsə, öz kimliyimizi, dəyərlərimizi tanıtmaqdırsa,­ dinimizin gözəlliklərini yaşayaraq başqalarının istifadəsinə təqdim etməkdirsə, o zaman həyatımızı ona uyğun qurmalı və onun xaricində hər şeyi məfkurəmizə yardımçı ünsürlər kimi götürməliyik – budur adanmışlıq anlayışımız.

Adanmış insanlar doğruluqda, sədaqətdə, etibarda, günahlardan uzaq duraraq məfkurəsi ilə bütünləşməkdə və onu yaymaqdan başqa heç bir şey düşünməməkdə peyğəmbəranə əzm və sədaqət göstərməyə çalışırlar. Bu məfkurə sayəsində insanların mənəm-mənəmlikdən, eqoistlikdən və “mən” mərkəzli həyat tərzindən qurtulacağına da ümid bəsləyirik.

Bu cür insanların olması çox əhəmiyyətlidir və bütün böyük işlərin altında öz rahatlığını düşünməyən adanmışların imzası var. Əziz səhabələrimizin, alaçıqda vəfat edən Osman Qazilərin, “Gözümdə nə Cənnət arzusu var, nə də Cəhənnəm qorxusu. Millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam” deyən fədakarların imzası...

“Adanmışlıq” uca ideallarla yaşamaq, rahatlıqdan, yeməkdən, içməkdən keçmək, millətin səadəti və firavanlığı naminə sadə, yoxsul bir həyatı seçib Haqqın adını yaymaqdan başqa heç nəyi düşünməməkdir.

“Adanmışlıq” şüurunun formalaşmasında söhbət ənənəsi hansı rolu oynayır?

Söhbət ənənəsi hər cür düşüncənin qəbul edilməsində ən əsas yoldur. Ona görə də Peyğəmbərimiz “Din nəsihətdir” buyurur. Eyni zamanda nəsihətin müntəzəmliliyinə də ehtiyac vardır, çünki insanlarda kiçik də olsa, yoldan azma meyilləri meydana çıxa bilər, dünya malına tamah, vəzifə sevgisi, rahatlığa düşkünlük, özünü göstərmə arzusu və şöhrət xəstəliyi kimi ehtiraslar ola bilər. Bu viruslar necə cavan canları, gül üzlü sultanları, Xosrov kimi xanları yoldan azdıra bilər və öz növbəsində Haqq yolunun xadimləri üçün də problem olurlar. Bu virusların təsirinə düşməmək üçün nəsihətə ehtiyac vardır...

Həyat sərmayəsi

İndiki zəmanədə güc və iqtidar həlledici amil kimi görünür və insanlar həyata daha çox bu prizmadan baxırlar. Siz isə “Allah rizası” deyirsiniz. Həyata baxış bucağı, istinad nöqtələri fərqli olanda terminologiyanızın başa düşülməsi də çətinləşir…

Sadə bir adamam və o qədər dərin deyiləm ki, kimsə məni anlamaqda çətinlik çəksin. Bütün səmimiyyətimlə deyirəm, Allahın rizasını qazanmaqdan başqa heç bir dərdim yoxdur. Onun rizasına nail olduğumu iddia edə bilmərəm, amma ilahi rizanı istəmədiyim gün və saat da yoxdur. Gündə ən azı yüz dəfə “Allahım, əfvin və rizan...” deyirəm. Yeganə diləyim budur.

Allah mənə Şahi Geylaniliyi, Nəqşibəndiliyi versə, dönüb baxsam, özümü dünyanın ən rəzil insanı sayaram. Rəbbimi istəyirəm. Bu günə qədər istəyimə cavab verilməmiş ola bilər, ancaq mənim vəzifəm vəfa borcumu yerinə yetirmək, yəni ömrümün son sani­yəsinə qədər istəməkdir.

Həyatımın ən böyük sərmayəsi olan bu istək başqalarının terminologiyasında alternativ tapmadığı üçün ola bilsin ki, başa düşülmür. Bunlar Peyğəmbərimin, Quranın terminologiyasında var. “Əməliniz Allahın rizası üçün olmalıdır. O razı olduqdan sonra bütün dünya rədd etsə, əhəmmiyyəti yoxdur. O razı olub qəbul etdikdən sonra, siz istəməsəniz də başqalarına qəbul etdirər” kimi düşüncələr gözümü bağlayıb. Əgər başqa bir şey görmürəmsə, rica edirəm, bu korluğumu üzrlü saysınlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.