Hərəkatın müstəqil olması çox əhəmiyyətlidir

Hərəkatın müstəqil olması çox əhəmiyyətlidir

Müşahidələrim

Bu müsahibədə çox maraqlı fotoşəkillər alındı. İçəridə iş başında, kitab oxuyarkən, danışarkən, istirahət edərkən, bayırda maşına minərkən, maşının içində, göz həkimində, göz müayinəsində, stomatoloq stulunda, yağış damlaları altında yeriyərkən, qarlı bir gündə qaldığı evin qapısında söhbət edərkən, yola saldığı qonaqlarına pəncərədən əl edərkən...

Şəkillərin hamısı təbiiydi..

Birlikdə bir mahnıda deyildiyi kimi, “Uzun, incə bir yolda” yeridiyimiz fotoşəkil diş həkiminin yanından qayıdarkən çəkildi. Maşını Cövdət bəy sürürdü. Ona dedim ki, burada bir yol var, ən böyük arzum Gülənin şəklini o yolda təkbaşına yeriyərkən çəkməkdir. Cövdət bəy də həmin yolun düz ortasında maşını saxladı. Gülən:

– Nə oldu? – deyə maraqlandı.

Cavabı mən verməli oldum:

– Rica etsəm, bu yolda birlikdə bir neçə addım gedərsinizmi?

– Yaxşı, – dedi.

Maşından düşdük və getməyə başladıq. Hava soyuqdu, xəfif yağış yağırdı. Həkimi “Bax, bu olmadı!” deyirmiş kimi bizə baxırdı. Yoldan keçən bir gəncdən çətirini xahiş etdik.

Və bu silsilədə mənim ən yaxşı fotoşəkillərim meydana çıxdı: Gülənin uzun, incə bir yolda təkbaşına yeriyən fotoşəkli...

Hərəkatın müstəqil olması çox əhəmiyyətlidir

Müstəqil fəaliyyət məsələsinə gəlincə, yenə Cənabi-Haqqa minnətdarlıq və şükür hissi ilə deməliyəm ki, bu, Könüllülər hərəkatı ilə əlaqədar araşdırma aparan yerli və əcnəbi tədqiqatçıların da ən çox vurğuladığı xüsusiyyətdir. Bu hərəkatın müstəqil fəaliyyət göstərməsi çox əhəmiyyətlidir.

Bu böyüklükdə bir hərəkatın müstəqil olması, siyasətə, ya da başqa şeylərə meyil etməməsi ümumən çox çətindir. Bu çətinliyi necə izah edərsiniz?

İlahi dərgahda ən böyük sərmayəmiz acizliyimizi, fəqirliyimizi (Allaha ehtiyacımızı) bilmək, qüsurlarımızı anlamaq və bu düşüncələrlə əl açıb Uca Allahdan güc, qüvvət diləməkdir. Həyata keçirilən xidmətləri ilhamla, kəramətlə, fövqəladə sezişlə və ya dahiliklə izah etmək mümkün deyildir.

Bizlər nöqsanlarımızı, zəif cəhətlərimizi, natamamlığımızı, hətta ara-sıra müvazinəti qoruya bilmədiyimizi anlayırıq, gö­rülən işləri özümüzün, ağlımızın “adına” yaza bilmərik, çünki Türkiyədə bizdən qat-qat ağıllı adamlar vardır. Bu hərəkatın hər gün yeni-yeni məkrli plan və hücumlara hədəf edilməsinə baxmayaraq, xalqımızın mənən sarsılmadan bu hərəkata dəstək verdiyini və bu yolda mətanətlə addımladığını görəndə: “Bu nəticə bizim fikir və səylərimizin bəhrəsi deyildir. Demək ki, Cənabi-Haqq bizim əlimizlə – çox vaxt fərqinə də varmırıq – millətimizi bu gözəl işlərə dəstək verməyə yönəldir, bizə yaxşı işlər gördürür”, – deyirik və qəlbimiz Ona qarşı minnətdarlıq hissi ilə dolub daşır.

Müstəqil fəaliyyət məsələsinə gəlincə, yenə Cənabi-Haqqa minnətdarlıq və şükür hissi ilə deməliyəm ki, bu, Könüllülər hərəkatı ilə əlaqədar araşdırma aparan yerli və əcnəbi tədqiqatçıların da ən çox vurğuladığı xüsusiyyətdir.

Bu hərəkatın müstəqil fəaliyyət göstərməsi çox əhəmiyyətlidir. Onu başqalarına möhtac hala salmaq, məsələn, siyasətə bulaşdırmaq müstəqilliyini zərbə altında qoyar, onu yaralayar ki, bu da çox təhlükəlidir. Əgər bu məsələ bir iman məsələsidirsə, Türk xalqının bir neçə minillik – möhtəşəm fəthlər dövrü baxımından min illik – kültürünü tanıtmaq ancaq könüllü qəhrəmanların görə biləcəyi bir işdirsə, Türk dilini dünya dillərindən birinə çevirmək məsələsidirsə, gələcəkdə vəzifə tutmaq və siyasətə girmək, ondan-bundan asılı olmaq bu məfkurəni puç edər.

Məsələnin mahiyyəti budur, amma dostlarımızın bu sahədə gördüyü bəzi işlər, istifadə etdiyi arqumentlər ilk dövrdə başa düşülməyə bilər.

Başa düşülməyən nədir?

Məsələn, “Gedib nə iş görürlər ki? Bir şey çatdırılmır ki! İngiliscə dərs deyirlər də...” kimi sözlər işlədirlər. Əgər getdiyiniz ölkənin tədris proqramına əməl etməsəniz, bir iş görməyə icazə verərlərmi? Türk dili dərsini bəzi yerlərdə seçməli, bəzi yerlərdə də icbari fənn kimi tədris etməyə razı olarlarmı?

“Dialoq və xoşgörü” deyirik – hərçənd onu da tənqid edirlər – əgər siz onlara doğru bir addım atmasanız, başqalarının­ dəyərlərinə hörmətlə yanaşmasanız, onlarla bəzi dəyərləri bölüşməyi bacarmasanız, onlar da sizə yaxınlaşmazlar. Bunlar dəyərlərin insanlara çatdırılmasını asanlaşdıran şeylərdir. Əks təqdirdə, məsələnin təşkilati tərəfi sizə aid olsa belə, insanlara heç bir şey çatdıra bilməzsiniz. Müəyyən dövrdə dəyərlərimizi məhz aramızda əmələ gələn süni uçurumlara görə çatdıra bilməmişik. Yan-yana otura bilməmişik ki, özümüzü tanıtmağa bir fürsət tapaq.

Bu gün görülən işləri bəziləri qəribə qarşılasalar da, bütün bunları uca məfkurə naminə, özümüzü tanıtmaq, dünyada gedən yeni proseslərdə iştirak etmək və Hantinqton kimilərin işarə etdiyi gələcək hərcü-mərcliyin qarşısını almaq üçün edirik.

Yersiz ittiham

Bir vaxtlar məqalələrinizdən birində Şəmsəddin Günaltaydan gə­tir­diyiniz sitat mediada müxtəlif prizmadan mübahisə predmetinə çevrildi.

Müxtəlif zamanlarda müxtəlif şəxslərdən faydalandığımı demişdim. Günaltay, Nurəddin Topçu, Nəcib Fazil, Mehmet Akif kimi, yenə məsələn, İsmayıl Səfanın Quranla əlaqədar şeirini və Pəyami Səfanın əsərlərini zövqlə oxumuşam. Oxuduğum əsərlərdə razılaşdığım məqamlar da olub, razılaşmadığım məqamlar da...

Məsələn, həmişə hörmətlə yad etdiyimiz Nəcib Fazil bir vaxtlar “Rapor”larında Mərhum Topçunu ciddi tənqid etmişdi. Mən nöqsanlara ilişib qalmaqdansa, hər ikisini də sevməyə üstünlük vermişəm. Məsələn, “Nurlar”dan (“Risaleyi-Nurlar”dan) əvvəl Mehmet Akifin dünyagörüşü, səmimiyyəti, əndişələri, təhsil və elm sahəsinə aid fikirləri düşüncələrimə təsir etmişdi. Onda da razılaşmadığım məqamlar var, ancaq bu, onu sevməyə mane olmur.

Şəmsəddin Günaltay da elədir. Bir zamanlar baş nazir olub, Ankara universitetinin ilahiyyat fakültəsi onun zamanında açılmışdır, amma təəssüf ki, məlum 163-cü maddənin onun razılığı ilə qəbul edildiyini deyirlər. Dolayısilə, onda da razılaşdığımız məqamlarla yanaşı, razılaşmadığımız məqamlar da var. Burada mühüm bir xüsusiyyət vardır. “Səfa verən şeyləri al, kədər verən şeyləri tərk et” prinsipi ilə Günaltayı da oxumuş, doğru saydığım məsələlərdə ondan faydalanmışam.

Burada mühüm bir məqama toxunmaq lazımdır. Çox məşğul ol­duğunuz, oxuduğunuz adamların fikirləri, üslubu bir mənada şü­uraltına hopur. Siz də qeyr-iradi onların fikirlərini öz üslubunuzla təqdim edirsiniz, bəzən heç fərqinə varmadan şeirdəki tə­va­rüdlər kimi olur, bəlkə də, eyni şeyləri deyirsiniz. Bəzən də bir üs­lubdan istifadə edirsiniz, amma kimə aid olduğunu xatırlamırsınız, ya da “filankəsin üslubuna görə bu məsələ belədir”, – qeydini verirsiniz.­

Mən fərqinə varmadan bir şey deyirəm, daha sonra bu “Tə­rəddüdlər” silsiləsində, yaxud “Prizma”da çıxır, orada oxuyanda görürəm, beynim “Nurlarla elə yoğrulub ki, oradakı məzmunu eyni ilə vermişəm. Mehmet Akifin şeirində rast gəldiyimiz məz­mun, kəlmələr, məfhumlar beynimə elə həkk olunub ki, yazılan şeyləri indi araşdırsam, çox şeylər üzə çıxar.

Bunu misallarla izah edərsinizmi?

Məsələn, “Məcəllə”dəki (“Məcəlleyi Əhkami-Ədliyə” və ya qısaca “Məcəllə”, 1868-1878-ci illərdə Əhməd Cövdət paşanın rəhbərlik etdiyi bir komissi­ya tərəfindən dərc olunan islami hüquq (mədəni hüquq) qaydaları kodeksidir. – red.) “zərurət zamanı haram şeylər mübah olur.” qaydasını düşünün, mən qaydanı eynilə götürmüşəm, amma “İnsanlar bəzən məcburiyyət qarşısında qalırlar, özləri və ya uşaqlarının həyatı təh­lükədə olur, dolayısilə bu cür hallar bizim zərərli saydığımız bəzi şeyləri mübah edir”, – demişəm. Mən o qaydanı eynilə ifadə etməsəm də, dediklərim onun məzmununu daşıyır. Yəni bunun kimi sözlərimizə, sətirlərimizə düşən kəlmələr, məfhumlar ola bilər.

Mənim təkcə bəyəndiyim şəxslərdən deyil, məsələn, bütün əsərlərini oxuduğum halda təqdir etmədiyim Sartr, Kamyu kimilərin kitablarından da, romantizmini xoşlamadığım halda mü­taliə etdiyim Balzakın “Vadidəki zambağ”ından da yadımda qalan məqamlar vardır.

Digər tərəfdən, insanları şübhəyə salmaq üçün “əsas” gətirilən yazını 1984-cü ildə danışmışam, bir yoldaşım da yazıya alıb. O dövrdə yazdığım yazıları imzasız çap etdirirdim, “Sızıntı” jurnalının digər yazarları da qələmə alınanlarda bir gözəllik vardırsa, özlərinə aid edilməsini istəmir, təvazökarlıqdan təxəllüslə, ya da imzasız yazırdılar.

Jurnalın həmin sayına və digər saylarına baxanda bunu gör­mək mümkündür, baş məqalələrin altına ad yazılmayıb. Çünki bizim dərdimiz “filankəs yazdı”, “sən yazdın”, “mən yazdım” deyildi, “gözəl bir düşüncə, faydalı bir fikir varsa, xalqımız bundan yararlansın” deyir və xoşumuza gələn şeyləri hər kəsə çatdırmaq üçün dərc etdirirdik.

Bundan başqa, kitabları nəşr edən nəşriyyat da bu məsələ ilə bağlı bir açıqlama vermiş, köçürülmə əsnasında təshihçinin səhvən “Günaltayın dili ilə desək” ifadəsinin üstündən keçdiyini bildirmişdi.

Əgər bir adam bütün bunları görməməzliyə vuraraq xoşagəlməz ittihamlar irəli sürürsə, insafsızlıq edir, aciz qənaətimcə.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.