Niyə qaçım ki?

Niyə qaçım ki?

Müşahidələrim

Süfrə başında…

Fəthullah Gülən çox az yemək yeyir.

Qəhvəaltıda bir stəkan süd və üç-dörd suxarı ilə keçinir. Qəhvəlatı və axşam yeməyini otağında yeyir.

Həkimlər qadağan etsə də, son ramazanı da oruclu keçirib. “Mənim kimi xəstəlikləri olan bir adama“Oruc tutma” deyərdim, oruc tutmamağı tövsiyə edərdim. Amma bu sözləri özümə deyə bilmərəm” – deyir Gülən.

Nahar yeməklərini səhhəti əl verdikcə camaatla birlikdə yeyir. Yeməyini mətbəxdən özü alır. Masada həmişə bir yerdə oturur. Masanın digər sa­kinlərinə isə yemək gətirilir.

Gülən qonaqlarının xörəklərinə, masanın üstündə nəyinsə çatışıb-çatışmamasına diqqət yetirir. Yeməkdən sonra bir qayda olaraq çay verilir. Bəzən də çay əvəzinə türk qəhvəsi gətirilir. Gülən 2-3 stəkan çayı xurma və bir neçə badamla içir. Burada yeməklər kalori dəyərinə görə hazırlanır. Nahar yeməyində iki, şam yeməyində isə yalnız bir çeşid yemək yeyilir.

Niyə qaçım ki?

Amerikaya gəldim, müalicə başladı, iki-üç ay sonra Türkiyədə bildiyiniz o saxta kaset fırtınası qopdu. Burada qalmağa məcbur oldum. Dedim gedirəm, həkimlər icazə vermədilər. “Özünü böyük təhlükəyə atırsan” – dedilər. Səhhətim də göz qabağındadır. Nəyə görə qaçmalıyam, qaçacaq nəyim var ki mənim?.. Qəlb xəbisdirsə, öz xəbis tinəti ilə sizə “libas” biçir, ad qoyur, damğa vurursa, nə edirsiniz-edin, bir şey tapıb yenə dediyini deyəcək. Ağızlarını yummaq mümkün deyildir. Nə də bizim vəzifəmiz kiminsə ağzını yummaqdır. Düşüncə və fikir azadlığı var. Əgər elə bir şeydə məhdudiyyət varsa, onu da təkcə bizə tətbiq edirlər və bu da bəs edir.

Sizi ABŞ-da olduğunuza görə tənqid edir, Böyük Yaxın Şərq Layihəsi, Şimali Afrika və “Yaşıl nəsil” nəzəriyyəsi ilə əlaqələndirirlər. “Niyə Almaniya və ya Fransada yaşamır?” deyə sual verənlər olduğu kimi, Səudiyyə Ərəbistanı və İranı ünvan göstərənlər də var. “İndi ki əsl müsəlmandır, o zaman niyə oralarda qalmır, Amerikada yaşayır?” ‒ deyirlər. Nə üçün Amerika?

Amerikaya gəlişimin əvvəli də vardır. 1997-ci ildə angioqrafiya üçün gəlmiş, 2-3 ay qalandan sonra geri qayıtmışdım. Hətta o zaman möhtərəm Prezident Süleyman Dəmirəl zamin olmuş, Klivlenddəki doktor Murad bəyə zəng etmişdi. Sağ olsun, məşğul oldu, yol göstərdi, əməliyyatın vacibliyini israrla vurğuladı.

O zaman da “niyə Amerika”, “niyə orada qalır?”, “qaçdı...”. kimi söz-söhbətlər yayılmışdı.

Halbuki buraya gələndə ürəyimin nasazlığına görə üstümə örtülən yorğanı belə qaldırmağa taqətim yox idi. Həkimlərin məsləhət gördüyü dərmanları qəbul edirdim. Qaçış aparatında və açıq havada yeriməyə və gəzməyə davam edirdim, amma vəziyyətim ağır olaraq qalırdı.

Bu dəfəki gəlişim də yenə eyni xəstəliklə əlaqədar oldu. Mayo Klinikasında Krım türklərindən doktor Səid bəy işləyir. Türkiyəyə gələndə bizə qonaq olmuşdu, vəziyyətimin ciddiliyini görüb bura israrla gəlməyi söyləmişdi. Əgər belə bir dəvət Almaniyadan gəlsəydi, Almaniyaya gedərdim. Amerikaya gəldim, müalicə başladı, 1-2 ay sonra Türkiyədə məlum “fırtına” qopdu. Burada qalmağa məcbur oldum.

Dedim gedirəm, həkimlər icazə vermədilər. “Özünü böyük təhlükəyə atırsan” – dedilər. Bu barədə bir aləm həkim arayışları var. Səhhətim göz qabağındadır. Nəyə görə qaçmalıyam, qaçacaq nəyim var ki mənim?

Çox adamla görüşmürəm

Altı ildir, ABŞ-dasınız. Amerikalılar sizə necə baxır? Din adamı, yoxsa bir hərəkatın memarı və ya sürgün həyatı yaşayan bir insan kimi?

Buralarda məni o qədər də tanımırlar. 1997-ci ildə buraya gələndə vaxtilə Türkiyədə konsul kimi, səfir kimi vəzifələrdə işləmiş adamlarla, xristian din xadimləri ilə və fərqli dinlərin nümayəndələri ilə “xoşgörü, dialoq və bütün inanclara sayğı” kimi məsələlər ətrafında görüşlərimiz oldu.

İkinci gəlişimdə isə nəzakət xatirinə qəbul etmək məc­bu­riyyətində qaldığım bir neçə nəfərdən başqa heç kəslə görüşməmişəm. Amerikanın içində, lakin Amerikadan uzaq qalmışam.

Nə üçün görüşmürsünüz?

Çünki dedi-qodu edirdilər. “Yaşıl nəsil”lə, Amerikanın plan və layihələri ilə əlaqələndirilməmək üçün görüşmürdüm, uni­ver­sitetlərdən gələn konfrans təkliflərini də qəbul etmirdim. Mənim kim olduğumu hər kəs bilir. Mən harada, kimin yanındayam, bunlar məlumdur, daima millətimin yanında olmuşam, daşı ilə, torpağı ilə ölkəm üçün yaşamışam. Buraya da ürəyimi vətəndə qoyub təkcə vücudumla gəlmişəm.

Son zamanlarda buradakı türklər bir sıra ictimai fəaliyyətlər həyata keçirməyə, özlərini tanıtmağa başlayıblar. Beləliklə, bəzi adamlar da bizi kitablarımız vasitəsi ilə tanımış oldular. O işləri görən yoldaşlarımın vəsiləsi ilə iman edən, “Məhəmməd Allahın Peyğəmbəridir” deyən adamlarla, hərəkatla maraqlanan bəzi ziyalılarla görüşmüşəm.

Dövlət rəsmiləri ilə?

Xeyr, dövlət adamları ilə yox. Müxtəlif universitetlərin ziyalıları ilə görüşdüm. Fəqiri (özünü nəzərdə tutur – red.) bəzi universitetlərə konfransa çağıranlar da oldu, ancaq heç birinə razılıq vermədim. Müsahibə almaq üçün üç-dörd yerdən suallar göndərdilər, onlara cavab verməyi xahiş etdilər, cavab verdim. “Verdik” demək daha doğru olar, çünki bəzən məzmununu mən deyirəm, dostlarım yazıya köçürürlər.

Məsələn, bu yaxında bir nəfər gəlmişdi. Fəzlürrəhman haqqında tədqiqat işi aparır. Hətta onunla müsəlmanlığı tanıyıb. Şah Vəliyullah haqqında yazdığı bir kitabını da mənə verdi. İndi də bizim hərəkatımız haqqında araşdırma aparır, bu barədə dü­şün­cələrimizi öyrənmək üçün gəlibmiş. Mən də bu təklifi bir vəzifə kimi qəbul etdim. Rədd etməyi ona qarşı hörmətsizlik saydım. Gəldi bir saatadək oturdu, çay içib getdi. Belə görüşlər az da olsa, hərdən bir olur. Ömrüm bir evin içində keçir. Burada iki-üç qardaşım uşağı var. Bir-ikisi məndən də əvvəl buralara gəlib, bir-ikisi də məndən sonra, burada doktorantura oxuyurlar. Bunlardan başqa heç yerə getmədiyim üçün Amerikada məni çox tanıdıqları­nı güman etmirəm.

İraqdakı problemlər haqqında sual verdilər

Əvvəllər FTB (Federal Təhqiqat Birosu ─ red.) ─ dən iki nəfərin gəldiyini demişdiniz...

Bir dəfə Malavidə belə bir hadisə olmuşdu. Kamal bəyin evində qalırdım, FTB-dən bir-iki nəfər gəldi. Malavi hadisəsində adı hallanan türkü tanıyıb-tanımadığımı soruşdular. Gördüm ki, təkcə nədənsə şübhələndiklərinə görə, gəlməyiblər, onları daha çox İraqdakı problemlər maraqlandırır. “İraqda hansı sistem qurulsa, yaxşı olar? Bu barədə amerikalılara bir şey deməli olsaydınız, nə söylərdiniz?”

Nə dediniz?

Mən həmin məsələlərə dair fikirlərimi sizin də bildiyiniz kimi ərz etdim. Hal-hazırkı vəziyyətin Amerikanın nüfuzuna, etibarına xələl gətirdiyini bildirdim. Orada mümkün qədər ən qısa vaxtda demokratiyanı bərqərar edib qoşunları çıxarmağın doğru olduğunu, bunun insanlıq naminə və öz etibarları baxımından lüzumlu və zəruri olduğuna inandığımı dedim. Fikirlərimi bildirdim: “Hətta orada elə bir demokratiya təsis edin ki, o regionun Türkiyə də daxil olmaqla, heç bir demokratik sistemində gözləri qalmasın. Ən mükəmməl, ən inkişaf etmiş demokratik sistem olsun. Həm də dini yaşamaq üçün onlara hər cür imkanı verin ki, İrana qibtə etməsinlər, öz dəyərlərindən uzaqlaşmasınlar, necədilərsə, elə də qalsınlar”.

Bəli, onlarla belə bir görüşümüz olmuşdu.

Həsrət çəkməyə razı oldum

Amerikada keçən illər sizə necə təsir etdi?

Fiqh təbiri ilə desək, mənim burada qalmağım əxvəni-şərreyn, yəni iki şərdən birini seçmək kimi oldu. Bir yandan Türkiyə həsrəti, Türkiyədən və xalqımızdan uzaq qalmaq, Türkiyəni yaxından duymamaq, yaxından hiss edə bilməmək vardı. Bir şairimizin “Gözlərimi yumub İstanbulu dinləyirəm” – dediyi kimi, gözlərimi yumub dinlədiyim Türkiyədən daima uzaqda olmaq və qürbət bir ölkədə yaşamaq mənə çox ağır gəldi.

Digər tərəfdə də xırda şeyləri böyüdərək hər gün hay-küy qoparanların, yox yerdən aləmi bir-birinə qatanların bitib-tükənməyən zülmü ilə üz-üzə qalmaq var idi. Hər gün bir fırtına, bir zəlzələ, bir sel...

Buraya gəldik, axırda da məlum hadisələr baş verdi. Artıq mənə çox ağır gəlsə də, iki yoldan birini seçməyə məcburdum: ya vətənimdən, xalqımdan uzaq, yad dövlətdə yaşayacaq, ya da bir dövlət adamımızın dediyi kimi, xırda şeyləri böyüdüb hər gün aləmi bir-birinə vuranlarla üz-üzə qalacaqdım.

Bir sıra pislikləri görüb öz həmvətənlərimdən inciməmək üçün yoldaşlarımın da məsləhətlərinə qulaq asıb həsrət çəkməyə razı oldum.

İranla əlaqəm olmayıb

“Bir ayağı Amerikada, bir ayağı Səudiyyə Ərəbistanında…” şək­lində tənqidlər var.

Səudiyyə Ərəbistanına axırıncı dəfə 1986-cı ildə həcc üçün getmişdim. Ondan sonra getməmişəm. Getsəydim, “Bir ayağı Səudiyyə Ərəbistanında” deyənlər bu dəfə “İki ayağı da orada” deyəcəkdilər... Hətta başqa ittihamlar da olacaqdı.

İran daha böyük problem olardı. Doğrusu, İranla əlaqəm heç olmayıb. Hətta Türkiyədən çıxan təhsil, mədəniyyət, xoşgörü, dialoq fəaliyyətlərinə də soyuq baxdılar.

Mənim və mənimlə bərabər bir neçə yoldaşımın ora getməsinə razı olacaqlarını da güman etmirəm. Belə bir fikrimiz onsuz da, heç vaxt olmayıb. İrana getsəydim, indi ortaya cürbəcür iddia atanlar bu dəfə də “Qərbin İrandakı əli-ayağı, gözü-qulağı”...deyəcəkdilər.

Qəlb xəbisdirsə, öz xəbis tinəti ilə sizə “libas” biçir, ad qoyur, damğa vurursa, nə edirsiniz-edin, bir şey tapıb yenə dediyini deyəcək. Ağızlarını yummaq mümkün deyildir. Nə də bizim vəzifəmiz kiminsə ağzını yummaqdır. Düşüncə və fikir azadlığı var. Əgər bunda məhdudiyyət varsa, onu da təkcə bizə tətbiq edirlər və bu da bəs edir.

Amerika çıxılmaz vəziyyətdə

11 Sentyabr hadisəsi ilə ABŞ-ın daxil olduğu prosesi siyasi mənada necə qiymətləndirirsiniz?

11 Sentyabr və ondan sonrakı hadisələrə nə amerikalılar, nə də başqaları kimi baxmaq məcburiyyətində deyiləm. Göydələnlər dağıldı, başqa yerlərdə bambaşqa hadisələr oldu. Ola bilsin ki, bu hadisələri ABŞ-ın ortaya qoyacağı mövqeyi bilən insanlar planlaşdırıb. Bu işin arxasında bir hissəsi Əfqanıstanda, bir hissəsi də daha sonra İraqda həyata keçirilən hərbi əməliyyatları planlaşdırmış adamlar da ola bilər. Əgər bu qabaqcadan yazılmış-pozulmuş işdisə, öhdəsindən “çox yaxşı” gəldilər, quşu lap gözündən vurdular. Ortaya elə bir məsələ atdılar ki, dəhşətli hadisələrə gətirib çıxara bilər. Həmin məsələ dünyanın bəzi yerlərində bu günədək həll olunmamış bir sıra problemlərə səbəb oldu.

Problemlər düzgün həll edilirmi, məsələlərə düzgün yanaşılırmı? – bu, həmişə mübahisəlidir. Bir həqiqət var ki, problemlərin üstünə getdikcə yeni-yeni problemlər əmələ gəlir.

Vəziyyət İraqın ərazi bütövlüyünün pozulması həddinə çatdı. Bunun qarşısını almaq mümkündürmü? Türkiyənin ağırlığını qoyması kifayət edərmi? Region ölkələrinin öz mövqeyini ortaya qoyması nə mənaya gəlir? Yoxsa bu məsələ elə bu cür də davam etməlidir? Bunlar Yaxın Şərqi ciddi təhlükə ilə üz-üzə qoyur. Növbə başqa ölkələrə də gələr. Onlar da bir-bir parçalanarlar. Bu işi planlaşdıranlar başlanğıcda həmin məsələni bəhanə etdilər.

Olan oldu, amma bu da faktdır ki, indi Amerika çıxılmaz vəziyyətə düşüb.

Amerika bir çox yanlışa yol verdi

Sizcə, Amerika harada səhv etdi?

Bir yerdə deyil, bir çox yerdə səhv addımlar atıldı. Hələ bu məsələyə (İraqa girməyə – red.) hazırlaşanda bizə yaxın, akademik səviyyədə bir neçə türk ziyalısına müraciət edib: “Gəlin bu addımı atmayın” desək, İraqın ərazi bütövlüyünün qorunmasına dair fikirlərimizi yazsaq, onlara çatdıra bilərsinizmi?” deyə soruşduq. Cavab verdilər ki, hazırda məsələlərin bu yönünü başa düşəcək halda deyillər. Qəti qərar veriblər. Onlara verilən məlumatlara çox inanırlar.

Sonra gördük ki, MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) heç də düzgün hesabat təqdim etməyibmiş. Deməli, işin kökündə bunun belə olmasını istəyənlər vardı. Hər halda onlar yanlış məlumat veriblər.

O boyda dövlət Vyetnamdakı kimi macəraya girdi. “Mü­vəffəq oluruq, demokratiyanı təsis edəcəyik” desələr də, İraqın nəzarətdən çıxdığını indi özləri də etiraf edirlər. Hətta hal-hazırda vəziyyətdən necə çıxacaqlar, necə geri dönəcəklər, bunu da kəsdirə bilmirlər. Nə etsinlər, bəzi qrupları bir-birinin üstünə qaldırmaqla hakimiyyətlərini möhkəmləndirməkdə davam etsinlər, yoxsa geri çəkilsinlər, yaxud da daha mülayim müsəlmanları irəli çəkib digərlərini təcrid eləsinlər? İndi həm etibarlarını qoruyub saxlamaq, həm də oradan istədiklərini almaq üçün baş sındırırlar. O bölgə çox əhəmiyyətlidir.

İraq Everest zirvəsi kimidir

Bu bölgənin əhəmiyyəti nədir? Oraya hakim olmaq nə de­məkdir?

Türkiyədən sonra İraq Everest zirvəsi kimidir. Oradan baxanda bütün bölgə, Asiya çölləri ayağının altında qalır. Ora göy qübbəsini xatırladır. Hülaki xanın öz alaçığını orada qurması boş-boşuna deyildi. Abbasilər də hicri ikinci əsrdən xilafəti Yavuz Sultan Səlimə təhvil verənədək oranı mərkəz seçmişdilər. Zəngilər, Səlcuqlular, Elxanilər, Qaraxanlılar, Əyyubilər o bölgənin əhəmiyyətini dərk etmişdilər. Şərqi, Uzaq Şərqi buradan nəzarətdə saxlamaq olar.

Bu gün də onlar həm bölgəyə, həm də Uzaq Şərqə nəzarət etmək istəyirlər. Amma buna nail ola bilmədilər. Səddamın o müstəbid və zalım diktaturasına baxmayaraq, orada yaşayan sünnilər belə bir şeyi istəmirdilər. Kaş ki məsələ təkcə Səddamı devirməklə qurtaraydı! Kaş ki xalqın sünnisi, şiəsi, kürdü və türk­məni birləşdiriləydi və o birlik qorunub saxlanaydı! Bu cür yumşaq idarəetmə sistemi ilə ABŞ-ın etibarına xələl gəlməzdi, Yaxın Şərqdə demokratiyanın həqiqi havadarı kimi tanınar və hüsnü-rəğbət qazanardı.

Bir sıra xətalara yol verildi. Artıq bölgə əhalisini bu işin xoş niyyətlə həyata keçirildiyinə inandırmaq çox çətindir.

Hərbi əməliyyatdan əvvəl amerikalılara hansı fikirlərinizi yazıb göndərməyi düşünürdünüz?

Amerika bu gün dünya siyasətində mühüm mövqeyə malik bir dövlətdir. İndiyə qədər demokratiyası ilə tanınırdı, gərək etibarını burada ucuza satmayaydı. Ancaq həmin etimad ucuza getdi. Etibarlarını əldən verdilər.

Bundan sonra bəzi şeyləri zor gücünə əldə etsələr belə, ağıl geri addım atmağı tələb edir. Güc tətbiq olunan yerdə mühakimə mexanizmi tam işləməz.

Məncə, min dəfə düşünüb-daşınmalı, “beyin fırtınası” eləməli, alternativ yollar düşünməli idilər. İraqın əmin-amanlığı, ərazi bütövlüyü pozulmamalı idi. Bölgədə tarazlıq alt-üst oldu. Belə getsə, bütün region daha da qarışacaq.

Türkiyə bölgədə tarazlığın əsas amili idi. Burada tarazlıq Türkiyənin əleyhinə, başqalarınınsa lehinə pozuldu. İndi iranlılar­ şi­ələri də öz tərəflərinə çəkəcəklər. Əmirliklərdə (Birləşmiş Ərəb Əmir­liklərini nəzərdə tutur – red.) də onlar kimi fikirləşənlərin sayı az de­yil.

Türkiyə müvazinətin öz əleyhinə dəyişdiyini görə bildimi?

Tam fərqinə vardığını sanmıram. Çünki Yəməndə Zeydilər vardır, Həzrəti Əlinin tərəfdarlarıdır. Bütün Yaxın Şərqdə, ta Yəmənə, Afrikanın içərilərinə qədər müvazinət alt-üst olur. Türkiyə bu gedişatı dərk etməlidir. Hətta Misir kimi region ölkələri də bunu dərk etməli və ağırlığını ortaya qoymalıdır.

Rahiblik məktəbi açılsın

Rahiblik məktəbi və “patriarxlıq” məsələsi neçə vaxtdır aktuallığını qoruyur. Bu məsələlərə necə baxırsınız?

Məsələ dövlət siyasətinin tərkib hissəsi kimi götürüldüyündən dilə gətiriləcək hər söz müxtəlif şəkillərdə yozula bilər. Patriarxlıq (İstanbul Pravoslav Kilsəsi – red) onsuz da fəaliyyətini davam etdirir. Patriarxla dəfələrlə görüşmüşəm. İlk görüşə gedəndə yuxarılara məlumat vermişdik. Əks tərəfin fikirlərini bildiyim üçün “Bizim mövqeyimiz necə olmalıdır?” – deyə soruşmuşdum. Burada təfərrüata girməyəcəyəm.

Patriarxlıq fəaliyyət göstərdiyi gündən bəri ona rəhbərlik edən şəxslərə “patriarx” deyilmişdir. Onlar da bu ünvandan normal ad kimi istifadə etmişlər. Hətta bura məktubları da patriarx ünvanı ilə yazırdılar. “Özbaşına hərəkət edir və elə şeylər danışır ki...” “Amerika səfirliyi də bu işdə ona dəstək verir” deməkdən və etiraz etməkdənsə, əvvəlcə baxmaq lazımdır ki, nəyə görə belə deyirlər. Siz onlara “patriarx” deyilməsini qəbul etməyə bilərsiniz, amma onlar ta qədimdən bəri bu ünvandan öz aralarında istifadə edirlər.

Məsələn, Türkiyədə faktiki olaraq “xoca əfəndi”, “vaiz əfəndi”, “müfti əfəndi” adlı vəzifələr yoxdur. Lakin xalq buna alışıb. Heç ürəyimdən keçmir, amma həmvətənlərim mənə də bu cür müraciət edir. Neyləyim, mənim burada günahım nədir? Zənnimcə, məsələnin bu tərəfinə də baxılmalı idi.

Patriarxın niyyəti nədir?

Öz dilindən eşitmişdim: “Mən Türkiyə vətəndaşıyam. Mənə imkan versinlər, rahiblik məktəbi açaq. Müxtəlif yerlərə, pravoslav bölgələrə göndərəcəyim adamları Türkiyədə yetişdirək. Bunları dövlət başçılarından birinə deyəndə “Çox ağıllı adamdır”, – dedi, başqa fikirləri ola bilər”. O halda siz də ağıla ağılla cavab verin.

Əgər niyyətləri Türkiyədə türk tərbiyəsi və kültürü ilə yetişmiş pravoslav keşişləri dünyanın müxtəlif yerlərinə göndərməkdirsə, bu, Türkiyənin ziyanına deyil, xeyrinədir, məncə.

Fatih Sultan Mehmet dövründən etibarən başlamış və gü­nümüzə qədər gəlib çatmış bir məsələni problemə çevirməməyin əlacı budursa, kaş “məhz mən səsləndirmişəm” deyə qarşı çıxmayalar. Mən xalqımızdan on nəfərin də qopub ayrılmasına qətiyyən tərəfdar olmaram, buna yol vermərəm. Bunlar ayrı məsələdir, ancaq o məsələnin Türkiyəyə xeyrini, zərərini hesablamaq lazımdır.

Hissə qapılıb etiraz etmək, məsələni düşmənçiliklə əlaqə­lən­dirmək sanballı, yetkin, mükəmməl bir keçmişə malik Türk xalqına qətiyyən yaraşmır, düşünülmədən verilmiş qərar təsiri bağışlayır.

Əgər onlar da Türkiyədən Avropa Birliyinə şikayət etmiş, “patriarxlıq məsələsində Türkiyəni sıxışdırın” demişlərsə, bu da onlara yaraşmır. Məncə, hər cür problemlərini Türkiyənin iqtidarı ilə, dövlət adamları ilə oturub müzakirə etməlidirlər.

Dövlət adamları baxmalıdır

“Samanyolu” televiziyasında verilən “Şubat soyuğu” filminə baxırsınız?

Baxmağa çalışıram. Yoldaşlarım “Qurdlar vadisi” adlı bir filmin də verildiyini deyir. Xeyli səviyyəli çəkilirmiş.

Ola bilər ki, bəzi məntiqi boşluqlar vardır, amma mən mü­tə­xəssis deyiləm, ümumi göz yetirirəm. “Şubat soyuğu”nun sse­narisi, məncə, gözəldir. Bir mənada Türkiyənin hal-hazırkı vəziyyətini, açıq-gizli təşkilatlanmaları xatırladır. Məncə, bu cür filmlərə dövlət rəhbərlərinin də baxması lazımdır. Pərdə arxasında nələr olduğunu, sufi üslubu ilə desək, məsələnin “mələkuti” yönünü daha yaxşı görərlər.

Serialın qəhrəmanı Tahir Mutlu obrazında özünüzü gördüyünüz anlar olurmu?

O, böyük hadisələrlə mübarizə aparan bir adamdır. Kiçik insanlara ondan nə qədər pay düşür? Bəlkə də, bu qədər oxşarlıq görənlər var.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.