Xilafət məsələsini ortaya atanlar super dövlətlərdir

Xilafət məsələsini ortaya atanlar super dövlətlərdir

Müşahidələrim

Gülənin üslubu

Müsahibənin heç bir yerində Fəthullah Gülənin əsəbiləşdiyini görmədim.

Haqqında irəli sürülən ağır tənqid və ittihamları özündən soruşanda da halını pozmadı.

“Bağışlayın”, “Mənə yaraşmaz”, “Deməyə utanıram” kimi kəlmələri çox işlətdi.

Bunları da “anlamırlar”, “bilmirlər”, “hislərinə məğlub olublar”, “bilmədən danışırlar”, “yalan deyirlər” kimi ifadələrlə davam etdirdi.

Güləndə öfkə, qəzəb yerinə kədər hakimdir.

Bəzi “İslami” qrupların dinlərarası dialoq və xoşgörü prosesini missionerlik kimi qələmə verməsi isə onu əməlli-başlı kədərləndirmişdi. Onlar haqqında “Dedikləri həqiqətlə üst-üstə düşmür” deyib keçərdim, amma, bağışlayın, “yalan danışırlar”, – dedi.

Xilafət məsələsini ortaya atanlar super dövlətlərdir

Əgər Türkiyədə bu məsələni “İllah da olmalıdır”, – deyə irəli sürənlər vardırsa, onlara “Düşüncələrini gözdən keçirsinlər” deyərdim. “Kimlərinsə xəfiyyəsi olduqlarını” iddia etmək istəmirəm. Əgər əcnəbi qüvvələrin belə bir istəyi varsa, o zaman da “əcnəbilərin təklifi” olduğuna görə zərərli sayaram. “Bu işə diqqət yetirmək lazımdır, bağışlayın, “burada bir fırıldaq var”, – deyərəm. Yəni bunu ən vacib məsələ kimi göstərməyə çalışanlar əcnəbi qüvvələr və ya onlarla bağlı şəxslərdirsə, daha diqqətli olmağın zəruriliyini düşünər və məsələnin mənbəyinə baxaraq başqa “əmma”larını axtararam.

Xilafətin təkrar canlandırılmasına necə baxırsınız?

1924-cü ildə xilafət ləğv ediləndə İsmət Paşa xilafətin Türkiyə Cümhuriyyətinin etibarı olduğunu əsas gətirərək bunun əleyhinə çıxmış, fiqh metodologiyası müəllimi, İzmirdən deputat seçilmiş Seyid bəy isə bunda bir qəbahət görmədiyini bildirmişdi. Hətta “Yer üzündə bir xəlifə yaradacağam” ayəsinə əsaslanaraq Həzrəti Əbu Bəkrin xəlifə seçilməsindən başlayaraq xilafət tarixinə dair layihə (kitabça) hazırlamışdı.

Yadımda qaldığı qədər, orada “xilafət”in müsəlmanlar tərəfindən dövlətin başında olan adama verilən bir ad, ünvan olmasından bəhs edirdi. Raşidi xəlifələrin hər birinin fərqli yolla seçildiyini göstərdikdən sonra, seçimi bir sistemlə aparmağın mümkün olmadığını izah edir və vəzifələrini haqq prinsiplər çərçivəsində icra etdikləri üçün onları “həqiqi xəlifə” adlandırırdı.

Yəni dörd xəlifədən sonra xilafətin başa çatdığınımı deyir?

Onların həqiqi xilafəti təmsil etdiyini söyləyirdi, yəni demək istəyirdi ki, sonrakı xəlifələrin xəlifəliyini “izafi xilafət” adlandırmaq mümkündür. Elə Peyğəmbərimiz də: “Xilafət məndən sonra 30 il çəkəcək” buyurur. Bu müddət Həzrəti Əlidən sonra Həzrəti Həsənin 6 ay davam edən xəlifəliyi ilə sona çatır. Başqa bir zəif hədisdə isə: “Doğru yoldan ayrılmasanız, 70 il çəkəcək” deyir. Sonra “məliklik və hökmdarlıq” olacağını, sonra da “zalımların xalqın başına keçəcəyini” buyurur.

Seyid bəy bu mülahizələrə söykənərək bir mənada bunu demiş olur: Çoxluq tərəfindən, yaxud da ən azından fikir sahibləri tərəfindən xəlifə seçilmədiyinə və həqiqi bir xəlifə vəzifəsini yerinə yetirərək xilafət düşüncəsinə sadiq qalmış bir insan olmadığına görə, bu, izafi bir məsələdir. Bəli, Seyid bəy belə deyir və xilafət Türkiyə Böyük Millət Məclisinin şəxsində təmsil olunmaqla ləğv edilir. Və heç kim də etiraz etmir.

Xilafəti kimlər, nə üçün ortaya atır?

Yəni bunu dini deyil, daha çox siyasi məsələ kimi görürsünüz…

Dini bir mövzudan bəhs edəndə əvvəlcə müvafiq ayə və hədislərə baxmaq, Allah Rəsulunun sözləri arasında onun yerini tapmaq, nə qədər vurğulandığını araşdırmaq lazımdır. Məsələn, “Xilafət mütləq olmalıdır, xilafət ünvanı ilə təmsil edilməyən dövlət qanuni deyildir” mənasını verən məqamlar vardırmı? İkincisi, məsələ nə səviyyədə dinin əsaslarından sayılmış, nə dərəcədə mütləq hesab olunmuşdur? Seyid bəyin mülahizəsini ərz etməyə çalışdım: kimsə durub ona etiraz etməmişdir.

Xəlifəlik deyiləndə ağıla ilk öncə islami hərəkatlar gəlir, hətta keçən il (2004) 3 marta başqa məna verənlər də oldu.

Əsas məsələ müsəlmanlığı nöqtəsinə, vergülünə kimi yaşamaqdır. Dinin bu qədər əhəmiyyətli cəhəti dura-dura, polemikalara rəvac vermək üçün ikinci dərəcəli məsələləri, “müəyyən” tarixi mövzuları ön plana çıxarmaq doğru deyildir. Bəzi əhli-iman və əhli-İslam dostlarımız bunu ortaya atırlarsa, artıq onların arxasında kimlərin durduğunu mən bilmərəm. Guya Əməvilər, Abbasilər dövründə həqiqi xilafət vardı? Yezid, Vəlid xilafəti layiqincə təmsil ediblər ki, indi xilafət arzusuna düşüblər?

Digər tərəfdən, bu cür mübahisələr müsəlmanlığı yaşaya bilməyənlərin öz eyiblərini ört-basdır etmək üçün ixtiyari və ya qeyri-ixtiyari göstərdiyi cəhdlər də ola bilər. Əgər belə bir şey varsa, müxtəlif aspektlərdən araşdırılmalıdır.

Mübahisənin mənbəyinə baxmaq lazımdır

Bildiyiniz kimi, məsələ həm də Böyük Yaxın Şərq Layihəsi ilə bağlıdır.

Bəli, məncə, bir sıra super dövlətlərin xilafət məsələsini ortaya atmaqda məqsədi onu mübahisə və münaqişələrə alət etməkdir. Məsələn, Türkiyə, Pakistan, İndoneziya, ya da başqa bir ölkədə xilafət məsələsi ortaya atılsa, o biri ölkələr buna etiraz edəcəklər. Çünki milli dövlətlər qurulub, hər kəs öz müstəqilliyini əldə edib, nəticə etibarilə onların bu məsələyə münasibəti məlumdur.

Əgər Türkiyədə bu məsələni “İllah da olmalıdır”, – deyə irəli sürənlər vardırsa, onlara “Düşüncələrini gözdən keçirsinlər” deyərdim. “Kimlərinsə xəfiyyəsi olduqlarını” iddia etmək istəmirəm. Əgər əcnəbi qüvvələrin belə bir istəyi varsa, o zaman da “əcnəbilərin təklifi” olduğuna görə zərərli sayaram. “Bu işə diqqət yetirmək lazımdır, bağışlayın, “burada bir fırıldaq var”, – deyərəm. Yəni bunu ən vacib məsələ kimi göstərməyə çalışanlar əcnəbi qüvvələr və ya onlarla bağlı şəxslərdirsə, daha diqqətli olmağın zəruriliyini düşünər və məsələnin mənbəyinə baxaraq başqa “əmma”larını axtararam.

Bir miras var ki, məndən sonra üstündə dava düşsün?

Bu hərəkata bağlı müəssisələrə nəzər salanda böyük bir maddi güc görünür. Bəziləri nə qədər siz həyatdasınız, problemlərin olmayacağını, amma sizdən sonra bu maddi gücü bölüşdürmək üstündə ciddi münaqişələrin baş verəcəyini deyir. Sistem necədir, sizdən sonra nə olacaq?

İlk öncə qeyd edim ki, bəziləri məsələlərin ssenarisini tamamilə öz vəhmləri, əsasssız fikirləri ilə çəkir və bir çox fikri bu yanlış qənaət üzərində bina etməyə çalışırlar. Təbii ki, məsələnin özülündə vəhmlər olduğu üçün, ondan doğan fikirlər də yanlış olur. Mənim vəfatımdan sonra maddi imkanların bölüşdürülməsi və liderlik seçimi ilə əlaqədar ortaya atılan iddialar da vəhmlərdən qaynaqlanır və bəzi şəxslər tərəfindən fikirləri qarışdırmaq üçün məqsədli şəkildə dilə gətirilir.

Hər fürsətdə dediyim kimi, bu fəaliyyətlər hər hansı bir şəxsdən asılı deyildir, xalqın malıdır, müəssisələr də xalqındır. Ortada pay-püşk ediləsi nə rəsmi bir təşkilat və onun filialları, nə də üstündə mübarizə aparılası bir liderlik vardır. İnsanlar bəzilərinə hörmət hissi bəsləmiş, sözlərinə dəyər vermiş və onların tövsiyələri istiqamətində millətə xidmət etmişlər və etməkdədirlər. Sözü deyən dediklərini tövsiyə qəbul etməsə də, xalq doğru hesab etdiyi fikirləri bir tövsiyə kimi qəbul edib həyata keçirmişdir. Məsələn, müxtəlif yerlərdə insanlar eyni hiss və düşüncələr ətrafında birləşərək bu cür fəaliyyətləri reallaşdırmışlar ki, bu da normal haldır. Onlar arasında din, dil, mədəniyyət birliyi vardır.

Həm də yaddan çıxarılmamalıdır ki, insanları birləşdirən amil­lər mahiyyətcə dəyərli və dəyişməzdirsə, bu dəyərlər bu gün kimi sabah da insanları ətrafında toplayacaq və özünə bağlayacaqdır.

Bizim dini və milli dəyərlərimiz varlığını şəxslərlə davam etdirmir, onların varlığı bəzi şəxslərin həyatda olmasından asılı deyildir. Bu dəyərlər sabah da insanları təfriqələrdən qoruyaraq bir amal ətrafında birləşdirməyə kafidir. Nə qədər ki, bu fəaliyyətlər Allahın rizası istiqamətində davam etdirilir, Cənabi-Haqq təfriqələrə, bölünmə və parçalanmalara imkan verməyəcək. Biz Ona güvənir, Ona sığınırıq.