I Fəsil: May 1992 – ci il, Hyuston

Almaniya və Hollandiyada yaşayan türklərdən dəvət alan Fəthullah Gülən 1990-cı il noyabrın 24-də Hollandiyaya, Amsterdama gedir. Orada bir həftə boyunca türk­lərlə görüşdükdən sonra Belçikaya yollanır.

Paytaxt Brüsseldə türk tələbə yataqxanasını ziyarət edib ardınca burada təşkil olunan tədbirə qatılır. Belçikadan sonra Almaniyaya gedən Gülən səkkiz gün Almaniyada qalır. Bu müddətdə orada yaşayan türklərlə tanış olur və Frankfurtda yerləşən Türk İslam Mərkəzinə baş çəkir.

Bu, Gülənin Almaniyaya ikinci səfəri idi. 1977-ci ilin noyabr ayında Diyanət İşləri Başqanlığının[1] rəsmi nümayəndəsi kimi türkiyəli işçilərin vəziyyətini öyrənmək məqsədilə Almaniyaya getmişdi. O illərdə işlədikləri fabrikin boş otaqlarında, “haym” adlı fəhlə yataqxanalarında yaşayan türklərin sosial vəziyyəti acınacaqlı idi.

Dindar həyat sürən qürbətçi türklər arasında isə qatı qruplaş­malar var idi. Məsələn, “Fateh” məscidində ibadət edən türklər “Mövlanə” məscidinə getmirdilər. Gülən Berlin başda olmaqla, Almaniyanın müxtəlif şəhərlərində konfranslar keçirir. Münhen şə­hə­rini ziyarət etdiyi zaman BMV (BMW) zavodunda işləyən yüzlərlə türkiyəli fəhlələrdən biri – Muhsin müəllim “Bizə sahib çıxın” deyə Gülənə səslənir.

Gülən kömək istəyən bu səsi heç vaxt unutmur. 13 il sonra, 1990-cı ildə Gülənin ikinci gəlişində artıq Hollandiya və Belçikada olduğu kimi burada da tələbə yataqxanaları var idi. Almaniyadan sonra Danimarka, Fransa, İtaliya və İngiltərəyə gedən, bu ölkələrdə yaşayan həmvətənləri ilə tanış olan Gülən iyirmi beş günlük Avropa səyahətindən sonra İstanbula qayıdır.

Gülən uzun müddətdir, ABŞ-da yaşayan türklərdən də dəvət alır­dı. Onun söhbət kasetləri hələ 1980-ci ilin əvvəllərində ABŞ-a gedib çıxmışdı. Dünyanın ən güclü ölkəsini və burada yaşayan türk­lə­ri tanımaq, görmək istəyən Gülən üçün bu dəvət yaxşı fürsət olur. 2 aprel 1992-ci ildə İstanbul təyyarəsi ilə Nyu York hava limanına enən Gülən Amerikaya ilk dəfə idi gəlirdi.

Gülən otuz beş günlük ABŞ səfəri ərzində türklərin yaşadığı bölgələrə üstünlük verərək iyirmi beş ştata baş çəkir. Burada amerikalılarla uzun müddət birlikdə yaşayan türklərlə, universitetlərdə işləyən türkiyəli müəllimlər və tələbələrlə görüşlər keçirir. Daha sonra Gülən Kanadaya keçib bir gün də orada qalır.

Gülən ABŞ-da olarkən Türkiyə prezidenti Turqut Özal 24 aprel 1992-ci ildə Amerikaya səfər etmişdi. Tibbi müayinədən keçərkən prostat xərçəngi aşkarlanan Özal 2 may 1992-ci ildə Texas ştatının Hyuston şəhərində Metodist Xəstəxanasında prostatdan əməliyyat olunmuşdu. Gülən xəstəxanaya gedib Özalı ziyarət edir. Özal çox çətin əməliyyat keçirdiyini deyir: “Daha əvvəl ürəyimdən əməliyyat olanda elə bil üstümdən tank keçmişdi. İndi isə qatar keçdi”. Hyustonda xəstəxana otağında baş tutan o söhbətdə Özal Orta Asiya türk dövlətlərində açılan türk liseylərindən ürəkdolusu danışır. Özalın həkimi Çingiz Aslan (Cengiz Aslan) və xanımı Səmra Özal (Semra Özal) da orada idi. Onun Gü­lənə böyük rəğbəti vardı.

1990-cı ilin əvvəlləri idi. Cənub-Şərqi Anadolu bölgəsinə səfərdən qayıdan jurnalistlər – Ərtoğrul Özkök (Ertuğrul Özkök) və Çingiz Çandar (Cengiz Çandar) apardıqları müşahidələri prezident Özala bildirmək üçün Çankaya Köşkünə[2] gəlmişdilər. Özal bölgənin vəziyyəti haqqında yeni məlumatlar gətirən jurnalistlərə belə demişdi: “Sizə tövsiyə edirəm: Fət­hullah Xocanı yaxından təqib edin. Gördüyü işlər, ölkə hüdudlarından kənarda onun təşviqi ilə açılan məktəblər Türkiyənin gələcəyi üçün çox önəmlidir”.

Gülən 1989-cu il noyabr ayında İstanbulda Süleymaniyyə məs­cidində verdiyi vəzdə[3] türk xalqını Orta Asiya ölkələrinə hər cür yardım göstərməyə, hətta bu ölkələrə köç etməyə çağırmışdı. Bir gün yanına gələn bir iş adamı Gülənə şikayətlənir: “Bizə “bu ölkədə məktəb açın” deyirsiniz, amma bu ölkələrdə nə dövlət var, nə sistem, nə də ki müxatəb. [4] Biz kiminlə məktəb açacağıq?”

Gülən hələ yolun başında ortaya çıxan bu ruh düşkünlüyünə təəssüflənərək belə cavab verir:

“Dağılmış, parça-parça olmuş bir xarabalığın dövləti olar? Orada sizə müxatəb haradan olsun? Gedəcək, orada məktəb açacaqsınız, sonra dövlət qurulacaq, müxatəblər də gələcək. Artıq hansı qanun və sistem əsasında işləyəcəyini özləri müəyyən edəcəklər. Sizin açdığınız məktəb də öz işini davam etdirəcək”. Gülənin qətiyyətli mövqeyi bu fəaliyyətlərə təkan verir. Bu ölkələrdə ilk türk məktəbləri açılmağa başlayanda Türkiyənin oralarda heç səfirliyi də yox idi. 1992-ci ildə həmin bu ölkələrdə açılan türk məktəblərinin sayı iyirmi beşə çatırdı. Lakin ortada ciddi bir problem öz həllini gözləyirdi. Təhsil ingilis dilində nəzərdə tutulmuşdu: riyaziyyat və digər dəqiq fənləri də ingilis dilində tədris edən bu qədər müəllimi haradan tapacaqdılar?

1992-ci ildən başlayaraq, Boğaziçi, Orta Doğu Texniki Universiteti və Mərmərə Universitetindən məzun olan, ingilis dilini də yaxşı bilən 70-ə yaxın müəllim bu məktəblərdə işləmək istədiklərini bildirdilər. Onların əksəriyyəti orta məktəbdə də ingilis dilində təh­sil aldıqları üçün ingiliscəni mükəmməl bilirdilər. Orta Asiya türk dövlətlərinə ilk gedən müəllimlər məhz bunlar oldu. Bəziləri Harvard kimi universitetlərdə təqaüdlü təhsil almaq hüququ qazansalar da, Orta Asiyanı, bu çətin vəzifəni ondan üstün tuturdular. Güləni ən çox kövrəldən mənzərələrdən biri də bu idi.

Gülən Hyustondakı xəstəxana otağında Özalla görüşdükdən sonra oradan da Avstraliyaya yola düşür. Avstraliyada on gün türklərlə birlikdə olur, onların işləri ilə, problemləri ilə yaxından maraqlanır, Sidney və Melburndakı məscidlərdə vəz verir, bir tələbə yataq­xanasının təməlatma mərasimində iştirak edir və nəhayət, ABŞ və Belçika üzərindən Türkiyəyə qayıdır.

Təxminən 50 gün davam edən bu ABŞ, Avstraliya və Kanada gə­zintisindən sonra İzmirə gələn Gülənin ilk günün şam yeməyində dostlarına danışdığı ilk hadisə təyyarədə yanına gələn Türkiyə Hava Yol­ları stüardessasının ondan istədiyi iki şey idi.

[1] Diyanet İşleri Başkanlığı - Azərbaycanda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi.
[2] Prezident iqamətgahı.
[3] Dini məsələlərdən danışıb nəsihət etmək.
[4] Söz söylənilən şəxs, sözlə müraciət olunan adam, dinləyən.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.