IX Fəsil: 2000-ci il: Bir məhkəmə işinin tarixçəsi

Əli Qırcanın (Ali Kırca) 1999-cu il 18 iyun axşamı ATV-də Fəthullah Gülənin keçmiş söhbət kasetlərini yayımlamasından təxminən iki həftə keçmişdi.

ABŞ-ın Boston şəhərində yerləşən və dünyanın ən məşhur ali məktəblərindən biri olan Harvard Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Lenor Martin[1] (Lenore Martin) Türkiyəyə gəlir. 60 yaşlarında olan bu qadın Türkiyə üzrə tanınmış mü­təxəssis sayılırdı. O, Harvardda Mümtaz Soysal (hüquqşünas və politoloq), Çingiz Çandar (yazar), İltər Turan, Zülfü Livaneli (rejissor, yazar – red.) kimi ziyalıların da qatıldığı Türkiyəyə həsr olunmuş müxtəlif toplantıların təşkilatçısı idi. Türkiyəyə gəlməkdə məqsədi Qırcanın yayımladığı kasetlərdən sonra Gülənin adı ətrafında qızışan müzakirələrin əsl mahiyyətini öyrənmək idi.

Professor Martin ilk öncə “Hürriyyət” və “Sabah” qəzetlərini ziyarət edir. Hər iki qəzetin idarə heyəti və yazarları ilə görüşlər keçirir. Üçüncü görüşü isə “Zaman” qəzetinin baş redaktoru Abdullah Aymazla olacaqdı. Aymaz 32 il (kitabın yazıldığı tarixdən – red.) əvvəl İzmirdə təhsil alarkən Güləni tanıyıb dostluğunu bu günəcən davam etdirən və onun fəlsəfəsinə ürəkdən inanan bir jurnalist idi. Yazıları və kitabları ilə Güləndən ilham alan xeyirli fəaliyyətlərə dəstək verirdi.

Martinlə Aymaz İstanbulun Sultanəhməd Meydanında “Fo sizns” hotelində görüşür. Əvvəllər Sultanəhməd həbsxanası olmuş bu yer 1996-cı ildə hotelə çevrilmişdi. Professor Martin: “Təhsil fəaliyyətləri kimi görülən işlər çox gözəldir. Amma Fəthullah Gülən dövləti ələ keçirmək istəyirmiş. Kaset söhbətlərinin də bunu göstərdiyini deyirlər. Bunları mənə “Sabah” qəzetinin bir müxbiri danışdı”, – deyir.

Abdullah Aymaz kaset məsələsinə keçməzdən əvvəl Anadolu Universitetinin keçirdiyi bir anket sorğusunun nəticələrini misal verir. Sorğuya görə, Türk xalqının 86%-i Fəthullah Gülən hərəkatına müsbət yanaşırdı. Ardınca kaset hadisələrindən sonra “Hürriyyət” qəzetinin dərc etdiyi bir araşdırma nəticələrinin anket sorğusunun nəticələrindən fərqlənmədiyini Martinin nəzərinə çatdırır. Professor Martin Aymazın sözlərini diqqətlə dinləyir.

Aymazın sözlərinə görə, bu sorğuların nəticələri Türk xalqının neçə illərdir vəzləri televiziyalarda yayımlanan Güləni yaxından tanıma imkanı əldə etməsindən qaynaqlanırdı. Digər tərəfdən, xalqın övladları Gülənin təşviqi ilə açılan məktəblərdə təhsil alır və ya yataqxanalarında qalırdı. Sorğuların nəticələrinə təsir edən digər faktor isə 14 ildir, mühafizəkar dairənin ən nüfuzlu qəzeti olan “Zaman”ın Gülənin İslam anlayışını cəmiyyətə təqdim etməsi idi. 1986-cı ildə bir neçə min tirajla nəşrə başlayan “Zaman” 1990-cı illərdə təxminən 500 000 tiraja çatmış, Ankarada bütün dövlət qurumlarının diqqətini çəkən qəzet olmuşdu. “Samanyolu” Televiziyası da Gülənin 1989-91-ci illərdə verdiyi vəzləri 1995-ci ildən etibarən nümayiş etdirirdi.

Aymazın verdiyi məlumatlar amerikalı professor üçün yeni idi. Onu diqqətlə dinləyə-dinləyə lazımi qeydlər edirdi. Aymaz davam edir: “Bu nəticələr göstərir ki, Türk xalqının 86%-nin evində Gülən haqqında müsbət fikirlər səslənir. Əgər xalqın 86%-i Güləni bəyənirsə, onun övladları polis məktəbində, hərbi liseydə təhsil alır və Fəthullah Güləni də sevirsə, ona rəğbət bəsləyirsə, bu, onların camaata mənsub olması anlamına gəlmir. Bu insanlar hüquq, siyasi elmlər fakültəsində təhsil alıb hakim, prokuror, kaymakam olursa və eyni zamanda Gülənə rəğbət bəsləyirsə, bu, o demək deyildir ki, onlar Gülən camaatına mənsubdur”.

Kaset məsələsinin pərdə arxası

Amerikalı professor üzünü A. Aymaza tutub: “Yaxşı, bəs Gülən əleyhdarları niyə ona bu dərəcədə düşmən kəsiliblər?” – deyə sual verir. Aymaz: “Gülən əleyhinə təbliğatı başladanlar onu üç məsələdə günahkar sayırlar. Mənə bunu onlarla təması olan bir jurnalist danışıb”, – deyəndə amerikalı professor həyəcanlanır. Onu daha da diqqətlə dinləməyə başlayır. A. Aymaz davam edir: “Onların nəzərində Gülənin birinci “günahı” 1996-cı ildə Yunan dini icmasının lideri (Fənər rum patriki) Bartolomeosla görüşməsidir. Yəni onlar hesab edir ki, Gülən Bartolomeosla görüşməklə Lozan Müqaviləsini pozmuşdur. “Türkiyə Cümhuriyyətinin Qərb ölkələr tərəfindən tanınmasını təmin edən Lozan Müqaviləsi ilə İstanbulda yerləşən Yunan kilsəsi kiçik bir kilsəyə çevrilmişdir, yəni Bartolomeos ancaq İstanbul yunanlarının dini lideri sayılır. Lakin Bartolomeos Gülənlə görüş sayəsində 300 milyonluq ortodksal xristian dünyasının dini liderinə çevrildi və “ekumenik” (dünya patriarxı) oldu” deyirlər. Gülənin ikinci “günahı” 1998-ci ildə Papa ilə keçirdiyi görüş idi. “Özünü nə hesab edir, nə haqla Papa ilə görüşür. Yoxsa özünü İslam dünyasının xəlifəsi kimi göstərmək istəyir?” fikirlərini səsləndirirlər. Gülənin üçüncü “günahı” isə Amerikanı dəstəkləməsi imiş. 1997-ci ildə Nyu Yorkda jurnalist Nəvval Sevindiyə[2] verdiyi müsahibədə “Dünyanın bir kapitanı olar. Bir vaxtlar Osmanlı idi. İndi isə Amerika” deməsini də buna əsas gətirirlər”.

Aymazın danışdıqları göstərirdi ki, kaset hadisəsinin “müəllifləri” Gülən əleyhinə birləşən bir neçə inqilabçı, solçu və millətçi qruplar idi. Müxtəlif dövlət qurumlarında onların himayədarları vardı. Halbuki “Gülən əleyhinə təbliğatı dövlət başlatdı” iddiası ilə əsl həqiqəti xalqdan gizlədib onu başqa tərəfə yönəltmək istəyirdilər. Çünki Gülənin Bartolomeosla görüşünə Milli Təhlükəsizlik Şurasının baş katibi İlhan Kılıç, Papa ilə görüşünə isə o dövrdə Baş Nazirin müavini olan Bülənt Ecevit açıq şəkildə dəstək vermişdi. Üçüncü mə­sələ isə illərdir Türkiyədə mövcud inqilabçı qrupların, demək olar, bütün hökumətləri (iqtidarları) və Türk Silahlı Qüvvələrini (NATO-nun üzvü oluğuna görə) Amerikanpərəstlikdə ittiham etməsindən qaynaqlanırdı.

Professor Martin Aymazın söylədiklərini qeyd etdikdən sonra ona belə bir sual verir: “Söhbət etdiyim digər qəzet mənsubları Gülənin məktəb istiqamətində həyata keçirdiyi fəaliyyətləri təqdir edir. Gülən Türkiyənin təhsil probleminin böyük hissəsini həll etmişdir. Amma Türkiyədə səhiyyə də ciddi problem olaraq qalır. Nə üçün bu sahədə bir iş görmür?”

Aymaz Gülənin insanları səhiyyə problemlərinin həlli istiqamətində iş görməyə təşviq etdiyini, onun tövsiyələri ilə İstanbul, Ankara, İzmir, Konya və Ərzurum kimi böyük şəhərlərdə xəstəxanalar açıldığını bildirir. Professor Martinin digər sualı isə belə olur: “Gü­lənin Türkiyədə mənzil probleminin həlli ilə əlaqədar layihəsi var­mı?” Aymaz bu suala “Xeyr” cavabını verir.

Gülən əleyhinə kaset hadisəsi ilə təbliğat kampaniyasının başlanmasından 14 ay sonra – 31 avqust 2000-ci il tarixində Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin baş prokuroru Nuh Mete Yüksəl cinayət işi açmışdı. Aymazın fikrincə, bu, 14 aylıq mərhələ cinayət işinə hazırlıq xarakteri daşıyırdı. Bu mərhələdə Gülənin əleyhinə Türkiyə mediasında çıxan xəbərlərin sayı kulminasiya həddinə çatır. Bir araşdırma müəssisəsinin müəyyən etdiyinə görə, 1990-96-cı illər ərzində Türkiyə mediasında Gülən əleyhinə xəbərlərin sayı 217 idisə, 1997-2000-ci illər arasında bu rəqəm 2903-ə yüksəlmişdi.[3] Gülənin Papa ilə görüşündən düz bir həftə əvvəl – 1 fevral 1998-ci ildə sol düşərgənin Maoçu qanadı kimi tanınan “Aydınlıq” jurnalının üz qabığında belə bir xəbər çıxmışdı: “Fəthullah Gülənin səkkiz aylıq ömrü qaldı!”Gülənin səkkiz ay sonra həbs ediləcəyini irəli sürən jurnal bu qərarın Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən verildiyini iddia edirdi.

Bundan əlavə, baş prokuror Yüksəlin cinayət işi açmasına qədər Gülən əleyhinə xeyli kitab dərc olunur. Bu kitabların hamısı Fəthullah Güləni “Cümhuriyyət düşməni” kimi təqdim edirdi. Məsələn, 2000-ci ilin aprel ayında çapdan çıxan bu kitablardan birinin arxa qapağında müəllifi haqqında “Fəthullah Gülənə qarşı cinayət işi açı­larsa, müəllif bu kitabı ilə məhkəmədə ən güclü şahiddir” yazılmışdı. Belə kitablardan birinə ön söz yazan İlhan Səlcuq “Fəthullah Gülən dini siyasətə alət edə-edə Ecevit kimi bir tərəfdar tapa bildiyi üçün təhlükəlidir” deyirdi.

Baş Qərargahın məhkəmə işinə münasibəti

Gülənə qarşı məhkəmə iddiası qaldıran baş prokuror Yüksəlin əsas məqsədi həbs qərarının çıxarılmasına nail olmaq və Gülənin Türkiyə toplumunda nüfuzunu sarsıtmaq idi. 2000-ci il avqustun 3-də Ankara 1№-li Dövlət Təhlükəsizlik Məhkəməsinə müraciət edib Gülənə icbari həbs cəzası verilməsini tələb edir.

Bu tip müraciətlər haqqında qərarı “ehtiyat hakim” adlanan məhkəmə üzvləri verirdi. Ancaq ehtiyat hakim Ramazan Aksan 2007-ci il avqustun 7-də bu müraciəti rədd edir. Prokuror Yüksəl ertəsi gün Ankara 2№-li Dövlət Təhlükəsizlik Məhkəməsinə yazılı etirazını bildirir. 2000-ci ildə avqustun 11-də hakim Hüseyn Əkə­nin (H. Eken) rəhbərlik etdiyi Yunus Karabıyıkoğlu və Mehmet Maraşdan iba­rət üç nəfərlik DTM heyəti Yüksəlin müraciətini qəbul edərək Gü­lən barəsində icbari həbs qərarı verir.

Avqustun 16-sı Gülənin vəkilləri məhkəmə qərarına etiraz edir. Ankara 1№-li Dövlət Təhlükəsizlik Məhkəməsinin sədri Orxan Qaradəniz və bir üzvü Sürəyya Könül məzuniyyətdə idi. DTM-nin yalnız bir üzvü – İsmayıl Tiryaki Ankarada idi. Məhkəmənin qərar verməsi üçün üç nəfərlik heyətin iştirakı vacib idi. Proseduraya görə bu heyət olmayanda müraciətlə bağlı qərarı ən yaxın DTM verməli idi. Buna görə də hakim İsmayıl Tiryaki Gülənin qovluğunu İstanbul DTM-ə göndərir.

İstanbul kənarından gələn bu tip sənədlərə İstanbul 2№-li DTM baxırdı. Məhkəmə qərar çıxarmadan öncə İstanbul DTM Baş Prokurorluğu ilə görüşmək istəyir. Prokuror həbs qərarının doğru olmadığını bildirir. 2000-ci il avqustun 28-də Şərafəddin İstənin (Şerafettin İste) sədrlik etdiyi Əbdürrəhman Polad (Abdurrahman Polat) və Ərkan Canakdan (Erkan Canak) ibarət üç nəfərlik İstanbul 2№-li DTM heyəti Gülən haqqında verilmiş icbari həbs qərarını ləğv edir.

Prokuror Yüksəl üç gün sonra avqustun 31-i istintaqı yekunlaş­dırıb Fəthullah Gülən haqqında cinayət işi açır. Yüksəl Gülən barəsində 10 ilə qədər həbs cəzası tələb edirdi. Cinayət işinə isə Ankara 2№-li Dövlət Təhlükəsizlik Məhkəməsində baxılacaqdı. 16 okt­yabr 2000-ci ildə başlayan məhkəmə prosesi 21 oktyabr 2002-ci ilə qədər davam edir və bu müddət ərzində 14 məhkəmə iclası ke­çirilir. Prokuror Yüksəl 14 məhkəmə iclasının səkkizində Gülənin həbs olunması tələb ilə çıxış etsə də, heç biri qəbul olunmur.[4]

Yüksəl məhkəmənin sonlarına doğru əlacsız qalıb Gülən əleyhinə sənəd əldə etmək ümidi ilə TSQ-nin Baş Qərargahına müraciət edir. Ancaq Baş Qərargah Gülənin məhkəməsinə birbaşa dəstək vermir. Baş Qərargahın mövqeyi Gülənə bəraət verilməsinin əsas səbəblərindən biri olur.

Baş Qərargah inqilabçı qrupların bütün təzyiqlərinə baxmaya­raq, məhkəmə boyunca “hüquq müstəvisindən” kənara çıxmamağa çalışır. Prokuror Nuh Mete Yüksəl cinayət işi açarkən digər sə­nəd­lərlə birgə təqdim etdiyi “Baş Qərargahın hesabatı” adlı bir ne­çə səhifəlik sənəddə Baş Qərargahın heç bir rəsmi yazısı, imza və ya möhürü yox idi. Cinayət işinin altıncı qovluğunda “Baş Qərargahın Hesabatı və Sənədlər” adı altında yer alan bu sənədlər məhkəmədə heç bir hüquqi dəyərə malik deyildi. Əslində, prokuror həmin sənədləri Baş Qərargahdan rəsmi müraciət əsasında ala bilərdi. Ona görə də prokuror Yüksəl bu sənədlərə “Fəthullah Gülən qrupu haqqında 50 səhifəlik məlumat” deyirdi. Prokuror Yüksəlin “Jandarma Baş Komandanlığının hesabatları və sənədləri” adı ilə təqdim etdiyi “sənədlər”in də heç bir hüquqi əsası yox idi, yəni Jandarma Baş Komandanlığından məhkəmə prosedurasına uyğun alınmamışdı.

Bu səbəbdən də Gülənin vəkilləri məhkəmədə “Bu hesabatları qəbul etmirik. Məhkəmə Hesabatın Baş Qərargaha aid olub-olmamasını sözügedən qurumun özündən yazılı şəkildə soruşsun”, – tələbini irəli sürür. Məhkəmə vəkillərin tələbini rədd edir. Rədd qərarı bu hesabatın məhkəmədə dəlil kimi istifadə edilməməsi demək idi. Qərb hüquq sistemlərində belə vəziyyət yarandıqda bu tip sənədlər məhkəmə dosyesindən çıxarılır. Türkiyə hüquq sistemində “dosyedən çıxarma” prosedurası tətbiq edilməsə də, sözü­gedən sənədlər məhkəmənin gedişində dəlil kimi istifadə olunmur.

Beləcə prokuror Nuh Mete Yüksəlin “Baş Qərargahın hesabatı” adı ilə dosyeyə saldığı bu sənədi kimdən və hansı yolla alması aydınlaşmamış qalır. Məhkəmənin sonlarına doğru prokuror Yüksəl Baş Qərargaha aid bir neçə rəsmi yazı əldə edib Gülənə son zərbəni endirmək istəyirdi. 2002-ci il iyulun 1-də keçirilən məhkəmədə məhkəmə heyətinə bir kitabça təqdim edərək Baş Qərargaha aid sənəd olduğunu iddia edir. Yüksəl “PKK, DHKP/C və mürtəce təşkilatların Avropadakı fəaliyyətləri” adlı bu kitabçanı məhkəməyə təqdim edərkən: “Kitabça Baş Qərargah tərəfindən çap edilmişdir və Fəthullah Gülən əleyhinə dəlil olacaqdır”, – deyirdi.

Kitabça bəzi radikal və separatçı qrupların Avropadakı fəaliyyətləri ilə bağlı kəşfiyyat məlumatlarından ibarət idi. Burada “Fəthullah Gülən qrupu” başlığı altında Gülən haqqında da bir neçə cümlə vardı. Gülənin vəkilləri bu kitabçaya da etirazlarını bildirir. Və məhkəmədən tələb edirlər ki, kitabçanın nə məqsədlə hazırlandığını Baş Qərargahdan soruşsun. Məhkəmə bu dəfə vəkillərin tələbini qəbul edir və kitabça ilə bağlı Baş Qərargaha sorğu göndərir. Baş Qərargahın ədliyyə müşaviri general mayor Ərdal Şenelin (Erdal Şenel) imzası ilə 4 oktyabr 2002-ci ildə məhkəməyə göndərilən cavab məktubunda deyilirdi: ““PKK, DHKP/C və mürtəce təşkilatların Avropadakı fəaliyyətləri” adlı kitabça kəşfiyyat mənbələrindən əldə edilən məlumatlar əsasında Qərargah tərəfindən bir araşdırma kimi hazırlanmışdır”.

Cavab məktubundan çıxan nəticə bu idi: Baş Qərargah bu kitabçanı Fəthullah Gülən haqqında qaldırılacaq iddiada dəlil kimi istifadə olunmaq üçün hazırlamamışdır. Bu, rəsmi xarakter daşımayan, hələ isbat olunmamış məlumatlardan ibarət daxili araşdırma idi. Yəni Baş Qərargahın Nəşriyyat Evində çap edilməmişdi. Əslində, kitabçada “Fəthullah Gülənin qrupu” adı altında verilən bir neçə cümlənin məhkəmə işinin mahiyyəti ilə heç bir əlaqəsi yox idi.

Beləliklə, kitabçanın məhkəmədə heç bir hüquqi dəyər daşımaması ortaya çıxır. Prokuror Yüksəlin sənədləri məhkəməyə təqdim edərkən Baş Qərargaha aid kitabçada keçən “Fəthullah Gülənin qrupu” ifadəsini “Fəthullah Gülən təşkilatı”na çevirməsi də bir nəticə vermir. Prokuror Yüksəl Müdafiə Nazirliyinə aid yazıları da bu cür dəyişdirirdi. Həmin sənədlərdə “Fəthullah Gülən qrupu” ifadəsi işlədilsə də, prokuror Yüksəl əldə etdiyi bu yazıları dosyeyə daxil edərkən üstünə “Fəthullah Gülən təşkilatı” qeydini yazmışdı.

Baş Qərargahın rədd etdiyi hesabat

Nuh Mete Yüksəlin bütün cəhdlərinə baxmayaraq, Gülənin məhkəməsinə birbaşa qarışmayan Baş Qərargah 28 Fevral çevrilişindən (1997) Nuh Mete Yüksəlin cinayət işi açmasınadək (2000-ci il avqust) Gülən haqqında müxtəlif ittihamlar irəli sürən onlarla kəşfiyyat hesabatını da heç vaxt qəbul etməmişdi.

Nuh Mete Yüksəlin bu məhkəmədə istifadə etdiyi hesabatlardan biri İslam Peyğəmbəri Həzrəti Məhəmmədə qarşı ağır həqarətlərdən ibarət idi. 1998-ci ilin mart ayında Ankarada əldənələ gəzən və “Fəthullah Gülən: Dünəni, bu günü və hədəfi” adlanan hesabatın son iki səhifəsində Həzrəti Məhəmməd haqqında “1400 il əvvəl yaşamış və Allahla danışdığını iddia edən bir ravi“ ifadəsi işlədilmişdi. Hesabata görə, İslamın müqəddəs kitabı sayılan Qurani-Kərim Həzrəti Məhəmmədin vəfatından sonra tərəfdarları tərəfindən toplanan və müqəddəs elan edilən rəvayətlərdən ibarət idi. Hesabatın qalan 16 səhifəlik hissəsi isə Fəthullah Gülənə dair idi. Hesabatda Gülən əleyhinə “ruhi xəstə” kimi təhqirlər vardı. Hesabatın Baş Qərargahda irtica fəaliyyətlərini izləmək vəzifəsini yerinə yetirən Qərb Araşdırma Qrupu (Batı çalışma grubu) tərəfindən hazırlandığını iddia edirdilər.[5]

Mənzərə qorxuncdu. Əgər bu hesabat doğru idisə, demək ki, döv­lət orqanları Fəthullah Gülən adı ilə İslama müharibə elan etmişdi. Ancaq Baş Qərargah 1999-cu il iyunun 25-də yazılı açıqlama verir.[6]

Açıqlamada bildirilir: “Türk Silahlı Qüvvələrini dinə düşmən kimi göstərməyə çalışan bu uydurma hesabat əxlaqi dəyərlərdən uzaq və səviyyəsiz şəxslərin əməlidir. Müəyyən hissəsi və ya hamısı yayımlanan hesabatların heç biri Türkiyə Silahlı Qüvvələri tərəfindən hazırlanmamış və TSQ tərəfindən televiziyalara heç bir kaset verilməmişdir”.

Bu açıqlamadan sonra bir sual ortaya çıxırdı: hesabatı Milli Təh­lükəsizlik Şurasının bəzi mütəxəssisləri hazırlaya bilərdimi? Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi də həmin gün bir açıqlama verir: “Hesabatın reallıqla heç bir əlaqəsi yoxdur və xalqın dini hislərini təhrik etmə məqsədini güdür”.

Beləliklə, Baş Qərargah Gülən əleyhinə cinayət işinin açılmasından hələ 14 ay əvvəl KİV-də kəşfiyyat hesabatları adı ilə yayımlanan sənədləri və studiyalarda montaj edilib çoxaldılan kasetləri qəbul etmir. Bu da təbii ki, 28 Fevral çevrilişi ilə təsir gücünü artıran Silahlı Qüvvələrdən istifadə edib Güləni gözdən salmağa çalışan qrupların xəyallarını puç çıxarır.

Gülən vəkillərindən iki şey istəyir

Məhkəmədə Güləni uzun illər vəkili işləmiş Ankara Vəkillər Kollegasının üzvü Əbdülqadir Aksoy və İstanbul Vəkillər Kollegasının üzvü Orxan Ərdəmli müdafiə edəcəkdi. 1980-ci illərdən bəri Gülənin vəkili olan İzmir Vəkillər Kollegasının üzvü Fəti Ün (Feti Ün) məhkəmələrdə iştirak etməsə də, müdafiə heyətinin tərkibində idi.

Üçü də uzun illər Gülənin vəkili olmuşdu. Professor Uğur Alacakaptan, professor Kəzban Hatəmi (Kezban Hatemi) kimi tanınmış vəkillər məsləhət görülsə də, Gülən yeni vəkilə ehtiyac duymur. Məhkəmələrdən əv­vəl yayılan “Məhkəmə prosesinə 300 vəkil qatılacaq” şayiələri də doğru çıxmır. Güləni Məhkəmənin əvvəlindən axırına qədər bu üç vəkil təmsil edir.

Gülənin vəkilləri cinayət hüququ sahəsində Türkiyənin ən məşhur hüquqşünasları ilə təmas qurub bir müdafiə strategiyası hazırlayırlar. Vəkillər Gülənlə görüşmək üçün Amerikaya gedir. Müdafiənin əsas istiqamətləri haqqında Gülənə məlumat verəcək, ortaq mövqe nümayiş etdirəcəkdilər.

Gülən vəkillərindən iki şey istəyir. Birincisi, müdafiə zamanı göstəriş kimi qəbul edilən hərəkətlərdən mütləq uzaq olacaqdılar. Çünki Dövlət Təhlükəsizlik Məhkəmələrində məhkəmə prosesi çox gərgin keçirdi. Bəzən hətta məhkəmə heyəti ilə vəkillər arasında kəskin mübahisələr olurdu. Gülənin vəkillərindən ikinci istəyi isə belə olur: “Nə olur-olsun, heç bir hərəkətinizlə məhkəmə heyətini rəncidə etməyin”.

Bəzən məhkəmə heyəti ilə vəkillər arasında mübahisə düşürdü. Məsələn, məhkəmə zamanı vəkillər şahidə sual vermək istəyir, məhkəmə sədri də münasib görmədiyi üçün buna icazə vermir. Bu da məhkəmə heyəti və vəkillər arasında “duel”lə nəticələnirdi.

Vəkillər Gülənlə görüşdükdən sonra Nyu Yorka qısa gəzintiyə gedirlər. Bu gəzinti zamanı vəkil Orxan Ərdəmli: “Bizə yalnız məhkəmə heyətinə qarşı sərt çıxışlar etməyin”, – dedi. O halda prokuror Nuh Mete Yüksələ qarşı hər cür sərt müdafiə metodu tətbiq edə bilərik”, – deyir. Əbdülqadir Aksoy da onunla həmfikir idi. Axşam yenidən Gülənin yanına qayıdırlar. Gülən məsələ ilə əlaqədar son nöqtəni qoyur: “Yoldaşlar, prokuror da məhkəmə heyətinə daxildir”. Ancaq onlar prokuror Mete Yüksəllə bağlı fikirlərini deməmişdilər, ona görə də Gülənin xəbərdarlığına təəccüblənirlər. Halbuki Gülən onların məhkəmə prosesində prokuror Yüksəli susdura biləcəyini hiss etmişdi.

Çünki vəkillərə görə, Nuh Mete Yüksəl bu iddianı qaldırmaqla böyük bir xətaya yol vermişdir. İstanbul DTM 2000-ci il avqustun 28-də Gülən haqqındakı həbs qərarını ləğv etdiyi halda, Yüksəl cinayət işi açarkən Güləni icbari həbsdə göstərmişdi. Vəkillərin fikrincə, Yüksəl bilərəkdən bu addımı atmışdı və məqsədi Güləni Türkiyə ictimaiyyətinə fərari kimi göstərmək idi. Digər tərəfdən prokuror Yüksəl “cinayət” tarixini “1989-cu ildən etibarən” qeydi ilə 90-cı illərdən götürürdü. Buradan belə çıxırdı ki, Gülən 1989-cu ildən etibarən Türkiyədə İslam dövləti qurmağı planlaşdırır. Halbuki 1995-ci ildə prokuror Yüksəlin özü Gülənə aid istintaqın dayandırılması haqda qərar vermişdi. Prokuror Yüksəl həm bu təzada aydınlıq gətirməli, həm də 1989-cu ildən əvvəlki və sonrakı Fəthullah Gülən arasındakı fərqi məhkəmə salonunda aydınlaşdırmalı idi.

Çünki Yüksəl Fəthullah Güləni yeni tanımırdı. Gülən 1995-ci ildə oktyabrın 8-də Ankarada bir qrup jurnalistlə görüşündə o ərəfədə mövcud hökumət böhranı ilə əlaqədar keçid rejim və çevriliş arzulayanların olduğunu söyləmişdi. Ankarada baş tutan həmin görüşdə Fateh Çəkirgə (Fatih Çekirge), İsmət Bərkan (İsmet Berkan), Fəhmi Koru (Fehmi Koru) kimi ona yaxın jurnalist iştirak edirdi.

Ankara Dövlət Təhlükəsizlik Məhkəməsi (DTM) Baş Prokurorluğu istintaqa başlamış və istintaq işini şəxsən prokuror Yüksəl aparmışdı. DTM-nin rəsmi sənədlərində olan məlumatlara görə istintaqın əsas mövzusu belə idi: “Ordunun bir kəsimində çevriliş hazırlıqları var” sözləri onun dövləti aşkar və gizli şəkildə ələ keçirmək plan və məqsədinə malik olduğunu göstərir, bu məqsədlə bir müddət özünü demokratiya tərəfdarı kimi göstərir və iqtidara gəlmək istəyir...”

DTM-nin araşdırdığı 1150 vəz kaseti

Həmin söhbətdə iştirak edən jurnalistlərin ifadəsini alan Yüksəl Gülənə xəbər göndərərək: “Xocaəfəndi buraya qədər zəhmət çəkməsin, mən yanına gəlib bir neçə cümlə ilə ifadəsini alım”, – desə də, Gülən özü gedib ifadə vermişdi. Yüksəl jurnalistlərin diqqətini çəkməmək üçün 1995-ci il oktyabrın 18-də şənbə günü Gülənin ifadəsini almışdı. Gülən ifadəsində deyirdi: “İqtidara gəlmək istəyim yoxdur. Bu istək insanla Allah arasındakı münasibətə toxunar... Demokratiya geridönülməz zaman kəsiyidir. Bizim demokratiyaya bağlılığımızda gizli bir niyyətimiz yoxdur... Yalnız millətin hörmətinə layiq olmağa çalışıram. Hətta indi bu diqqət mənə çox görünür. Bir yerlərə gedib gözdən uzaq olmağı, yəni bu diqqətdən qurtulmaq üçün gizlənməyi düşünürəm. Mənim 57 yaşım var. Bu günəcən Allahın rizası və dövlət üçün çalışdım. Hökumətləri tənqid edərkən belə bu tənqidlərin dövlətə uzanmamasına çalışmışam.”

Yüksəl 1995-ci il noyabrın 20-də Gülən barəsində istintaq işinin ləğvi haqda qərar vermişdi. Yəni bu qərarın altındakı imza Nuh Mete Yüksələ aid idi. İndi isə Yüksəl Gülənin “1989-cu ildən etibarən” cinayət işlədiyini irəli sürürdü. Bu qərardan başqa, İstanbul və İzmir Dövlət Təhlükəsizlik Məhkəməsi baş prokurorluqlarının Gülən haqqında eyni məsələlərlə bağlı istintaqın dayandırılması haqda qərarları var idi.

İzmir Dövlət Təhlükəsizlik Məhkəməsinin Baş Prokurorluğunun qərarı 1987-ci il 20 may tarixinə aid idi. İstintaqın məzmunu belədir: “Dünyəviliyə zidd olaraq dövlətin təməl prinsiplərinin qismən də olsa, dini əsaslara və inanclara uyğunlaşdırılması məqsədi ilə fəaliyyətlər həyata keçirmək, dünyəviliyə zidd təbliğat aparma ci­nayətini işləmək”.[7]

İstintaqın pərdə arxasında “Hürriyyət” qəzetinin 19 iyul 1986-cı il sayında manşetdə çıxan “İndi də Fəthullahçılar” başlıqlı xəbər dayanırdı. Xəbərdə Gülənin şəriət sistemi qurmağa çalışmasından danışılırdı. Bu xəbərdən sonra, İzmirdə bəzi insanların evlərində və iş yerlərində axtarışlar aparılmış, Fəthullah Güənə aid vəz lent­ləri götürülmüşdü. Həmin lentləri araşdıran dövlət orqanları dün­yəviliyə zidd və cümhuriyyəti şəriətlə əvəz etmə məzmununda hər hansı söhbətin olmadığını müəyyən etmişdi.

Hərbi rejim tərəfindən tərtib edilən və dosyeyə əlavə edilən 1 fevral 1984-cü il tarixli protokolda da Gülənin 1150 ədəd vəz lentinin araşdırıldığı, hər hansı bir cinayət ünsürünə rast gəlinmədiyi bildirilirdi. Digər tərəfdən prokurorluğun 1986-40 və 1986-70 saylı məhkəmə dosyelərində başqa təqsirləndirilən şəxslər barəsində aparılan istintaqlar zamanı Fəthullah Gülənin bir çox vəz lenti də müsadirə edilmişdi. İstintaq sənədindən məlum olur ki, bu lentlərdə heç bir cinayət ünsürünə rast gəlinməmiş və sahiblərinə təhvil verilmişdir.

Gülən həmin istintaq çərçivəsində İzmir Dövlət Təhlükəsizlik Məhkəməsi prokuroruna verdiyi ifadədə bunları söyləmişdi: “Uzun illərdir, müxtəlif bölgələrdə vaiz işləyirəm. Lentə alınan bu söhbətlərimdə din, əxlaq, ibadət və Allahın birliyi məsələlərinə təmas etmişəm. Heç vaxt dövlət, millət, dünyəvilik, cümhuriyyət əleyhinə danışmamışam. Belə söhbətlərin tamamilə əleyhinə olmuşam. Daima dövlətin tərəfində olub birliyi, bərabərliyi, dünyəviliyi müdafiə etmişəm. Dinin siyasətə alət edilməsinin qəti əleyhinəyəm. İstər işləyərkən, istərsə də işdən ayrılandan sonra şəriət sistemi qurulması məqsədilə heç bir fəaliyyətdə iştirak etməmişəm. Bu tip fəaliyyətlərin qəti əleyhinəyəm. Haqqımda çıxan xəbərlər yanlış və həqiqətə ziddir. Mən heç bir cinayət işləməmişəm.”

İstintaqın yekunu olaraq prokuror qərarını verir: “Uzun müddət aparılan istintaq nəticəsində Fəthullah Gülənin Bornovada işlədiyi müddətdə və ya sonrakı dövrlərdə dünyəviliyə zidd və şəriət quruluşu gətirmək istiqamətində işlər görməsinə dair yetərli dəlil əldə edilməmişdir.”

Bu istintaqın hüquqi əsası Türkiyə Respublikası Cinayət Məcəlləsinin keçmiş 163-cü maddəsi, yəni “dünyəvilik əleyhinə təbliğat”ın cinayət sayılması idi. 163-cü maddənin qüvvədə olduğu bir dövrdə belə Gülənin fəaliyyətləri və əsərlərində cinayət ünsürünə rast gəlinməmişdi. Nuh Mete Yüksəl 2000-ci ildə Gülən barəsində cinayət işi açanda isə bu tip fəaliyyətlərin cinayət ünsürü sayılması daha çətin idi, çünki artıq 163-cü maddə ləğv edilmişdi. Bir düşüncənin cinayət olması üçün eyni zamanda zorakılıq və şiddət ünsürləri də gərəkli idi. Vəkillərə görə, belə olmadığı halda Gülənin terror təşkilatı qurmaqda ittiham edilməsi hüquqi baxımdan mümkün deyildi.

İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsinin qərarı

İstanbul DTM Baş Prokurorluğu 25 iyun 1998-ci ildə Fəthullah Gülən barəsində aparılan istintaqın ləğvi haqda qərar verir. İstintaqın məzmunu Nuh Mete Yüksəlin irəli sürdüyü ittihamlarla eyni idi.

Bu istintaqın əsas səbəbkarı bəzi şəxslərin – İstanbul Universitetinin keçmiş rektoru, professor Bülənt Bərkarda da onların arasında idi – dəstəyi ilə nəşr olunan “Xocanın məktəbləri (Hocanın okulları)” adlı kitabda irəli sürülmüş ittihamlar idi. Bərkarda və bir sıra şəxslər kitabın nəşrini mətbuat konfransı ilə elan etmişdilər. Kitabda Gülənin rəhbərliyi ilə açılan məktəblərdə beyinləri “yuyulan” gənclər vasitəsi ilə və Türkiyə Silahlı Qüvvələrinin ələ keçirilməsi ilə gələcəkdə rejimin dəyişdiriləcəyi iddia edilirdi. Bu iddiaları araşdıran İstanbul DTM-nin 25 iyun 1998-ci il tarixli yekun qərarında deyilirdi:

“”Xocanın məktəbləri” adlı kitabda irəli sürülən Ordunu və Polisi ələ keçirmək üçün terrorist dəstə qurmaq iddiası həqiqətə uyğun deyildir. Belə hadisələr baş verməmişdir... Dövlət özünü qorumaq üçün lazımi tədbirləri görür. Cinayəti və cinayətkarı təqib edən, cinayət törədilərkən cinayətkarı yaxalayan və istintaq aparan dövlət orqanları vəzifə başındadır. Ortada cinayət və cinayətkar olmadığına görə Fəthullah Gülən və yoldaşlarının istintaqına ehtiyac yoxdur”.[8]

Gülənin vəkilləri bu qərarları məhkəmə salonuna gətirərək prokuror Yüksələ belə deyirlər: “Prokuror 1995-ci ildə istintaqın dayandırılması barədə özünün verdiyi qərarı və İzmir DTM-nin 1987-ci il tarixli, İstanbul DTM-nin isə 1998-ci il tarixli qərarlarına göz yumaraq Gülənin 1989-cu ildən bəri cinayət törətdiyini iddia edir. Elə bil bu üç istintaq aparılmamış, bu üç qərar verilməmişdir”.

Fəthullah Gülən vəkillərinin prokuror Yüksəllə bu cür polemikalara girməsini istəmirdi. Çünki Ankara DTM-də həqiqətin öz yerini tapacağına inanırdı.

O, hələ cinayət işinin başlanğıcında vəkilləri ilə söhbət edərkən: “Məhkəmənin hansı qərarı verməsindən asılı olmayaraq, Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüququmdan yararlanmayacağam”, – deyir. Beynəlxalq müqaviləyə görə, hər bir türk vətəndaşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüququna malik olsa da, Gülən bu məsələnin yalnız Türkiyədə həll ediləcəyini bildirir.

Gülən haqsız qərar verilərəcəyi təqdirdə, onu tarix qarşısında dəyərli hesab etmirdi. Türkiyədə bir vaxtlar prezidentlər, baş nazirlər, yüzlərlə ziyalı həbsxanalara göndərilmişdi. İstər sağçı, istərsə də solçu – neçə-neçə siyasətçi və ziyalı ömrünü həbsxanalarda keçirmişdi. Türkiyənin yaxın tarixi bu tip siyasi mübarizələrlə dolu idi. 1920-ci illərdə dövlətin xaricə göndərdiyi ilk tələbələrdən olan və Paris Sarbonna Universitetində fəlsəfə təhsili alan Nəcib Fazil Qı­sakürək 79 yaşında olanda barəsində 18 aylıq qəti həbs qərar verilmişdi. Məşhur “Sakarya türküsü” şeiri ilə türk gəncliyinin yaddaşına həkk olunan Qısakürəyin gözləri artıq görmürdü. Pofessor Ayxan Sonqarın tibbi arayış alması sayəsində həbsi altı ay təxirə salınmışdı. Qısakürək məhbəsə getməkdən 1983-cü ildə dünyadan köçməklə qurtulmuşdu.[9]

Televiziyada əyləncə verilişi aparan sənətçidən tutmuş universitetdə dərs deyən müəllimə qədər bütün Türk xalqı bu həqiqəti an­layırdı. Bir əyləncə verilişinin aparıcısı Okan Bayülgənin “Bu ölkəni sevənlər – sağçı olsun, istər solçu həmişə əziyyət çəkmişdir” deməsi bundan qaynaqlanırdı. Boğaziçi Universitetinin əməkdaşı və “Müasir məhrəm” (Modern Mahrem) kitabının müəllifi professor Nilufər Gölə “Cümhuriyyət öz övladlarını yeyə-yeyə buraya qə­dər gəldi” deyəndə bunu nəzərdə tuturdu.

Yazıçı Atilla İlhanın “Fəthullah Xoca da Cümhuriyyətin övladıdır. Yəni Cümhuriyyət məktəbindəndir” və Baş Qərargahın sabiq rəisi general Necdət Üruğun (Necdet Üruğ)[10] “Fəthullah Gülən Cümhuriyyətin arzuladığı din adamı portretini ortaya qoydu” sözlərinə baxmayaraq, bütün bu baş verənlər Okan Bayülgən və Nilufər Gölə kimi insanların haqlı olduğunu göstərmirdimi?

O dövrün Türkiyəsində insanlara təkcə həbsxana və işgəncə yer­lərində əziyyət verilmirdi. Bu ölkənin necə dəyərli insanları küçələrdə canından olmuşdu. Millətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı 15 iyun 2007-ci il tarixli çıxışında vətənpərvər, millətsevər insanları nəzərdə tutaraq: “Bu hərəkat 1968-ci ildən şəhid cənazəsi götürür” deməsinin səbəbi də bu idi. Solçu hərəkat və inqilabçı qruplara qatılan yüzlərlə gənc də bu qovhaqovlarda həlak olmuşdu.

Məhkəmələrin birində məhkəmə sədri Nəcib Fazilə müdafiəsini qısaca yekunlaşdırmağı işarə edir. Ancaq Qısakürək ona belə etirazını bildirir: “Parisdə olanda bir əhvalat eşitmişdim. Mühakimə edilən bir çoban məhkəmə salonunda yarım saat qaval çalaraq “Bu, mənim müdafiəmdir, dinləmək məcburiyyətindəsiniz” demişdir. İndi də bu mənim müdafiəmdir, dinləməyə məcbursunuz.. Çünki sizin verəcəyiniz qərarla həbsxanaya gedəsi adam mənəm”.

““Cümhuriyyət” müxbirindən şikayət etmərəm”

ABŞ-da yaşamasına baxmayaraq, məhkəməyə ifadə vermək qərarına gələn Gülən ilk məhkəmə iclasında qərarının məhkəmə heyətinə bildirilməsini istəyir. ABŞ və Türkiyə arasında hüquqi əməkdaşlıq müqaviləsi olsa da, ABŞ bu günədək bu tip tələblərə müsbət cavab verməmişdi. Gülənin vəkilləri 2000-ci il oktyabrın 16-da Ankara DTM-də keçirilən ilk məhkəmədə onun ABŞ-dakı ünvanını göstərib ifadə vermək istədiyini bildirirlər.

Gülən ifadə vermək istəməsə, məhkəmə prosesi çox uzana bilərdi. Bundan başqa, Türkiyə hüquq sisteminə görə, təqsirləndirilən şəxsin ifadəsi alınmadan onun əleyhinə hər hansı qərar qəbul edi­lə bilməzdi.

Gülən Amerika qanunları qarşısında təqsirli sayılmırdı. Prokurorun suallarına cavab verib-verməmək öz istəyindən asılı idi. Onun ifadə verməsi üçün Ankara DTM-nin ABŞ-a yazılı müraciət göndərməsi tələb olunurdu. Ancaq bu yazılı müraciətdən sonra ABŞ-da Gülənin yaşadığı bölgəyə baxan prokuror onun ifadəsini alıb An­karaya göndərə bilərdi. Bu məqsədlə Nuh Mete Yüksəlin imzasını daşıyan 79 səhifəlik iddianamə ingilis dilinə tərcümə edilib amerika prokuroruna göndərilməli idi. Vəkillərin tələbi ilə Ankara DTM yazılı müraciət və sözügedən iddianaməni Gülənin yaşadığı bölgənin prokuroruna göndərir.

Müraciətin ABŞ-a göndərilməsindən sonra 6 noyabr 2001-ci ildə Gülənin vəkilləri ilə Nyu Cersidə Nevark Ədliyyəsinə gedib ifadə verməsindən bir gün əvvəl bir xəbər gəlir. Xəbərə görə, “Cümhuriyyət” qəzetinin və ATV-nin müxbirləri Ədliyyə sarayının qarşısında Güləni gözləyirdi. Bu vaxt Gülənin bir dostu, “Bura Amerikadır. Polisə bildirərik, sizin istəyiniz olmadan bircə jurnalisti də yaxına buraxmaz” deyir. Gülən onun sözlərini etirazla qarşılayır: “Mən burada ”Cümhuriyyət” müxbiri də daxil olmaqla, heç bir Türkiyə jurnalistindən polisə şikayət etmərəm. Gəlib nə istəyirlər, soruşsunlar”. Lakin 2001-ci il noyabrın 6-da Nevark Ədliyyəsinin binasına gələn Gülən burada heç bir jurnalistlə qarşılaşmır.

Onu prokuror Repetto qarşılayır. Türkiyə hüquq sistemində bu tip ifadələri yalnız hakim alırdı. Ancaq Amerikada belə ifadələri pro­kuror alır. Gülənin vəkilləri Ankara DTM-nin prokuror alan ifadəni qəbul etməyəcəyindən narahat idi.

Vəziyyəti prokurora bildirirlər. Prokurar: “Bizdə sistem belədir. İfadəni mən alacağam”, – deyir. Hətta bu, klassik mənada heç prokurorluq ifadəsi də deyildi. Prokuror Gülənlə “intervü”, yəni müsahibə aparacaqdı. Buna görə də Gülən haqqında “şahid” ifadəsindən istifadə edilirdi.

Prokurorluğun toplantı salonunda prokurorun Gülənə ilk sualı belə olur: “Türkiyədən yazı göndərilib, siz bu yazını qəbul edirsinizmi?” Gülən qəbul etdiyini bildirir.

Prokuror Repetto: Türkiyənin dünyəvi hökumətini devirib yerində islami hökumət qurmağa təşəbbüs göstərməkdə və bunu müdafiə etməkdə ittiham olunursunuz. İddianamədə əleyhinizə yönəldilən ittihamları başa düşdünüz?

Fəthullah Gülən: Bəli, başa düşdüm.

Prokuror Repetto: Hər hansı siyasi məqsədiniz olub?

Fəthullah Gülən: Mənim yalnız bir məqsədim var, o da ileyi-kəlimətullahdır. Allahın rizasını qazanmaq və onu digər insanlara tanıtmaq və sevdirmək.

Prokuror Repetto: Özünüzü və ya başqalarını hökumətə sızdırmaq istiqamətində çalışmısınız?

Fəthullah Gülən: Heç vaxt belə bir məqsəd və təşəbbüsüm olmayıb. Mən həmişə yaxşı, şərəfli, ləyaqətli, əxlaqlı, etibarlı insanların hökumətdə (dövlət idarəsində) vəzifədə olmasını arzu etmişəm. İddia olunan şeylərə təşəbbüs və cəhd göstərməmişəm.

Prokuror Repetto: Hökumətdə insanların yerini dəyişməyə çalışmısınız?

Fəthullah Gülən: Bu, mənim heç yuxuma da girməyib. Bu məsələ ilə bağlı bir əlavə eləmək istəyirəm. İyirmi beş yaşımda millət vəkili olmaq üçün qapıma qədər gəldilər. Ancaq mən Allaha yaxın olmağı seçdim. Allahın rizası bu vəzifədən irəlidir.

Prokuror Repetto: Dövlətin dünyəvi əsaslarını dəyişdirməyə və ya başqa şəklə salmağa cəhd göstərmisiniz?

Fəthullah Gülən: Heç vaxt belə məqsədim olmayıb. Buna bənzər bir şey də düşünməmişəm.

Prokuror Repetto: Türkiyə Dövlətinin Konstitusiya sistemini dəyişdirməyə can atmısınız?

Fəthullah Gülən: Bu məsələ ağlımdan da keçməyib. Bu haqda heç düşünməmişəm də.

Prokuror Repetto: Dini, – islami prinsiplər mənasında – dövlət sisteminə gətirməyə cəhd edirsiniz və ya etmisiz?

Fəthullah Gülən: Zərrə qədər də. Əksinə, bunu dinə hörmətsizlik sayaram.

Prokuror Repetto: Türkiyə hökumətini devirməyə cəhd edirsiniz və ya heç etmisiniz?

Fəthullah Gülən: Bu şeyləri eşidəndə tüklərim biz-biz olur.

Prokuror Repetto: Videoya yazılan bu söhbətlərdə Türkiyə hökumətinin (idarə sisteminin) dünyəvi quruluşunun dəyişdirilməsini müdafiə edirsiniz?

Fəthullah Gülən: Bu mənada heç bir söz söyləməmişəm. Çünki söyləmiş olsaydım, məhkəməyə cəlb edilərdim. Mən qırx il vəz vermişəm, buna qəti əminəm.

Prokuror Repetto: Siz şəxsən Türkiyənin dünyəvi quruluşunun dəyişdirilməsinin vacibliyinə inanırsınızmı?

Fəthullah Gülən: İnanmıram.

Prokuror Repetto: Türkiyə Konstitusiyasının dəyişdirilməsinin vacibliyinə inanırsınızmı?

Fəthullah Gülən: Heç vaxt belə şeylər düşünməmişəm.

Prokuror Repetto: Türkiyə hökumətinin (dövlət idarəsinin) dini qaydalar, xüsu­silə İslami prinsiplər əsasında qurulmasının vacibliyinə inanırsınızmı?

Fəthullah Gülən: Dini qaydalar, xeyr, xeyr...

Mete Yüksəlin 18 sitat gətirdiyi hüquqşünas danışır

Gülənin bu cavabları və 79 səhifəlik iddianaməyə cavab olaraq hazırladığı 56 səhifəlik yazılı ifadəsi Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinə göndərilir.

Prokuror Yüksəlin bir məqsədi də məhkəməni Gülənin 1960-cı ildə vəfat etmiş Bədiüzzamanın davamçısı, hətta xəlifəsi olduğuna inandırmaq idi. Yüksəl Fəthullah Güləni Bədiüzzamanın “Nur risalələri” ilə yayılan nurçuluq hərəkatının davamı hesab edirdi. Onun fikrincə, Nurçuluq Türkiyə Cümhuriyyətinin tamamilə şəriət və İslami prinsiplər əsasında idarə edilməsini, xilafət və səltənətin bər­pasını müdafiə edirdi. Yüksələ görə, nurçuluq dünyəvi Cümhuriyyət və Atatürk əleyhinə bir hərəkat olub Qurandan savayı bir konstitusiyaya ehtiyac olmadığını müdafiə edir.

Gülənin vəkilləri prokuror Yüksəlin bu iddiasına tutarlı cavab verirlər. 1940-cı illərdən etibarən Bədiüzzamanın “Nur risalələri” haqqında iki minə yaxın istintaq aparılıb cinayət işi açılsa da, bir dəfə də olsa, həbs qərarı verilməmişdi. Sonuncu olaraq İstanbul Respublika Baş Prokurorluğu 20 noyabr 1984-cü il tarixində cinayət hüququ üzrə üç tanınmış professorun hesabatına əsaslanaraq Bədiüzzamanın 35 kitabı haqqında aparılan istintaqın dayandırılması (ləğvi) haqqında qərar qəbul etmişdi.

Bədiüzzamanın 35 kitabını araşdıraraq “bu əsərlərdə heç bir cinayət ünsürü yoxdur” nəticəsinə gələn İstanbul Universitetinin bu üç professoru Qayıxan İçəl (Kayıhan İçel), Erol Cihan və Köksal Bayraqdar idi.

Sosial Demokrat Xalq Partiyasından Mədəniyyət naziri Fikri Sağların Nazim Hikmətlə yanaşı Bədiüzzamanın da kitablarını dövlət kitabxanasına qoydurmasının və bunun bütün mediaya elan et­məsinin səbəbi də məhz bu idi. 1993-cü ildə Mədəniyyət Naziri Fikri Sağlar: “Səid Nursi Haqqari kitabxanasında sizi gözləyir”, “Nazim Hikmət sizi görüşə çağırır” şüarları ilə həm Bədiüzzamanın, həm də Nazim Hikmətin kitablarını dövlət kitabxanasına saldırır. Sağların bu təşəbbüslərindən sonra Bədiüzzamanın əsərləri 1057 kitabxanada öz yerini alır.

Gülənin vəkilləri “Fəthullah Gülən Bədiüzzamanın xəlifəsidir” iddiasının yanlışığını isbat etmək üçün maraqlı gediş edirlər. 1964-cü ildə dərc olunmuş “Türkiyədə mürtəce axınlar və Nurçuluğun mahiyyəti” (Türkiyede gerici akımlar ve Nurculuğun içyüzü) kitabının müəllifi cinayət hüququ üzrə professor Çətin Özəkə (Çetin Özek) müraciət edirlər. Çünki Yüksəl iddianamədə “Fəthullah Gülən nurçuluğun davamçısıdır və Türkiyə Cümhuriyyətini devirməyə çalışmaqdadır” fikrini əsaslandırmaq üçün 18 dəfə professor Özəkin fi­kirlərindən və sözügedən kitabından sitat gətirmişdi. İstanbul Uni­versitetinin cinayət hüququ üzrə professoru Çətin Özək hazırladığı 4 aprel 2001-ci il tarixli 47 səhifəlik “Hüquqi baxış” adlı hesabatında ondan 18 sitat verən prokuror Yüksəli deyil, Gülənin vəkillərini dəstəkləyir:

“Hazırda Fəthullah Gülən əleyhinə açılan cinayət işinin iddianaməsində kitabımdan sitat gətirərək, Gülənin “Səid Nursinin və Nurçuluğun” təmsilçisi olduğunu irəli sürərək bu fərziyyədən onun dünyəvi quruluşu dəyişdirmək məqsədilə terror təşkilatı qurduğu nəticəsini çıxarırlar... Əvvəla qeyd etməliyəm ki, sitat verilən araşdırmalarımda “Nurçuluğun” zorakılıq və şiddət metodunu seçmiş bir terror təşkilatı olduğunu bu və ya digər şəkildə ifadə etmədiyim kimi, dünyəvilik tərəfdarı olmayan hər hansı bir təşkilatın terror təşkilatı kimi xarakterizə edilməsinin qeyri-mümkünlüyü də açıq şəkildə bildirilmişdir... Fəthullah Gülən əgər bir cinayət törədibsə, bu zaman istifadə etdiyi üsullar və güddüyü məqsəd başqalarının deyil, məhz öz əsərləri, hərəkət, davranış və mövqeyi əsas götürülərək hüquqi çərçivədə konkret və məqbul formada ortaya qoyulmalıdır...”

Professor Çətin Özək Fəthullah Gülənin məhkəməsinə “Hüquqi Baxış”ı təqdim etməsinin səbəblərini açıqlayır:

“Fəthullah Güləni bir dəfə də görməmişəm, tanıdığımı da söyləyə bilmərəm. Araşdırma aparıb “Hüquqi baxış”ı hazırlamaqda məq­sədim iddianamədə əsər və fikirlərinə 18 dəfə müraciət edilən bir müəllif və cinayət hüququ üzrə mütəxəssis olaraq, mühakimə prosesinin hər cür təlqin və təzyiqdən uzaq, ictimaiyyətin vicdanını yaralamayacaq şəkildə, cinayət hüququnun müasir səviyyəsinə uyğun və obyektiv keçirilməsinə faydalı olmaqdır. Bu “hüquqi baxışı” iri həcmli dosyelər və əlavələri üzərində tədqiqat apararaq qələmə almışam... Fikir və ifadə azadlığı, din və vicdan azadlığı, dünyəvilik, mütəşəkkil cinayətlər mövzusunda uzun illər apardığım araşdırmalarla, elmi həqiqətlərə söykənən dünyəvilik tərəfdarı olmaqla yanaşı, “Nurçuluq” adlandırılan axın barəsində Türkiyə Respublikası Cinayət Məcəlləsinin hazırda ləğv edilmiş 163-cü maddəsinin pozulması iddiası ilə açılan cinayət işlərində məhkəmələr tərəfindən mütəxəssis təyin edilmişəm. Bütün bunlar sözügedən hadisəni obyektiv və bitərəf mütəxəssis kimi araşdıra biləcəyimi ortaya qoyur.”[11]

Gülənin vəkillərinə görə, prokuror Yüksəl məhkəmə sənədlərinə daxil etdiyi Bədiüzzamanla bağlı şəxsi məlumatları da təhrif etmişdi. Uzun illər həbsxanalarda saxlanılan Bədiüzzaman mühakimə olunduğu bütün ittihamlardan bəraət alsa da, Yüksəl onu məhkum kimi göstərmişdi. Prokuror Yüksəl Bədiüzzamanın “Kürd Təali (tərəqqi) Cəmiyyəti”nin üzvü olduğunu, dolayısilə Cümhuriyyətə qarşı üsyanlarda iştirak etdiyini iddia edirdi. Gülənin vəkilləri müxtəlif mənbələrdən Bədiüzzamanın onu “Kürd Təali Cəmiyyəti”nin fəaliyyətlərinə dəvət edənlərə dediyi sözləri tapırlar: “Min ildir İslam aləminə bayraqdarlıq edən qəhrəman Türk millətinə xidməti qoyub, bir neçə əsassız millətçinin arxasınca get­mərəm”.[12]

Prokuror Yüksəlin “Səid Nursi “Nur risalələr”ində Türkiyə də daxil olmaqla, tamamilə şəriət hökmləri əsasında idarə edilən və mərkəzi Məkkə olan bir İslam dövləti qurulmasını təklif edir” fikrini də vəkillər cavabsız qoymur, məhkəməyə “Nur risalələri”nin heç birində belə bir təklifin olmadığını bildirir.

Prokuror Yüksələ “1960-cı illər Türkiyəsinin dini hərəkatlarına həsr etdiyim kitabla Fəthullah Güləni məhkum etdirə bilməzsən. Başqa dəlillər axtar” deyən Çətin Özək başqa bir məsələdə də ona etiraz edir. Yüksəl Gülənin beş cildlik “Fəsildən fəslə” (Fasıldan Fasıla) kitabı başda olmaqla müxtəlif əsərlərindən gətirdiyi sitatlarla “Gülən dünyəvi Cümhuriyyət quruluşunu devirmək istəyir” fikrini əsaslandırmağa çalışırdı. “Fəsildən fəsilə” adlanan və bütövlükdə 1367 səhifədən ibarət olan bu beş cildlik əsərdə F. Gülənin 1980-ci illərin axırından 1990-cı illərə qədər etdiyi söhbətlər toplanmışdı.

Çətin Özək: “Gülən teokratiyanın əleyhinədir”

“Türkiyədə mürtəce axınlar və Nurçuluğun mahiyyəti” kitabının müəllifi professor Çətin Özəkin Fəthullah Gülənin bu kitablarından aşağıdakı nəticələri çıxarmışdı:

“Müəllif (Fəthullah Gülən) tarix, sosiologiya, mədəniyyət kimi müxtəlif sahələrə dair düşüncə, fikir və şərhlərini oxucularına təq­dim edir. Milli birlik və bərabərlik, din, dil, tarix şüurunun formalaşmasında təhsilin əhəmiyyəti kimi məsələlərə toxunmaqla yanaşı, teokratik quruluşun qəbuledilməzliyi ilə əlaqədar xəbərdarlıq da edir. Cəmiyyət və fərdin əxlaqına dair nəsihət və xəbərdarlıq edir, inancların və inamın zəruri olmasının səbəbi, şəxsi istək və seçimə aid olan dini inanclar məsələsində məcburiyyətin qeyri-mümkünlüyü, İslamda məcburiyyətin olmaması, Müsəlmanların hər davranışda orta yola riayət etməsinin vacibliyi, insanlarla yaxşı münasibətlər qurma və hər kəsə qarşı xoşgörülü olma mövzularında tövsiyələrini verir... Yazar İslam dinini anladarkən, xüsusilə, elmin əldə etdiyi və bəşəriyyətə təqdim etdiyi biliklərə yiyələnməyin vacibliyini vurğulayaraq oxucularını dini məsələlərdə fanatizmdən uzaqlaşdırmağa çalışır. İnandığı dinin başqaları tərəfindən mənimsənilməsi, qəbul edilməsi, sayğı görməsi üçün təbliğdə ancaq doğru (məşru) yollardan istifadə edilməsini, yəni leqallıqla (qanunlara uyğunluqla) yanaşı doğru və yerində olmasını da vurğulayır... İslam dininin daha yaxşı başa düşülməsi və daha çox qəbul edilərək yayılması üçün çalışanlara kobudluqdan, zorakılıq və güc tətbiq etməkdən, bu yolla şəxsi mənfəət əldə etmə düşüncəsindən qəti arınmasına dair məsləhətlər verməkdədir... Cihadın birinci mənasının insanın öz istək və arzuları ilə mübarizəsi, mənəvi dünyasını nizamlaması və tərbiyə etməsi olduğunu, ölkənin müdafiəsi məqsədilə aparılan müharibənin cihadın ikinci mənasına daxil olduğunu, bunun da yalnız dövlətin qanuni qüvvələri tərəfindən icra edildiyini söyləyir... Bu kitablarda müəllif əsasən öz bilik və fikirlərinin fonunda “bəşəriyyətin zəif cəhətləri”nə təmas edir, bəşəriyyətin xoşbəxt və hüzurlu yaşaması üçün təkliflər irəli sürür, nümunəvi insan və nümunəvi cəmiyyətin xüsusiyyətlərindən, nümunəvi insanın mərhəmətli olmasından danışır, fərqli düşüncələrə hörmətlə yanaşmağa və çətin günlərini yaşayan cəmiyyətin fərdlərinə “milli düşüncə və mənəvi yaşamı ön plana çəkməyə” dair nəsihətlər verir; anarxiya və terrorizmi qəbul etmədiyini vurğulayır... Açıq-aydın görünür ki, onun kitabları (fikirləri) elmli toplum olmaq istiqamətində səy göstərməyi, terrorun İslama zidd olması, İslamda tövsiyə edilən yeganə qayənin cənnətə girmək və Tanrının (Allahın) rizasını qazanmaq olması, zorakılıq və qan tökməklə xoşbəxt və firavan bir dünyanın qurulmasının qeyri-mümkünlüyü, insanlığa xidmətin ancaq sevgi, xoşgörü və tolerantlıq şəraitində mümkünlüyü, elmin əhəmiyyəti, cəmiyyəti məşğul və narahat edən vəzifədən sui-istifadə, mafiya kimi problemlərin həllində cəmiyyət-dövlət əməkdaşlığının zəruriliyi, bu problemləri demokratik sistemdə həll etməyə çalışmaq, antidemokratik yollara əl atılmamasının vacibliyi, etnik parçalanmaların və millətçiliyin bəşəriyyət üçün təhlükəli olması, sünni və ələvilər arasında məzhəb qaşıdurması meydana gətirmək niyyəti ilə törədilən əməllərin çirkinliyi və bu kimi məsələlərdə diqqətli olmağı tövsiyə edən şəxsi düşüncə və dini öyüdlərdən ibarətdir... Gülənin kitablarını məzmun baxımından dəyərləndirdikdə görürük ki, onun fikirləri din və onun çərçivəsinə daxil olan əxlaq anlayışına dair fərdi və sosial nəsihətləri gücləndirməyə yönəlmişdir... İslam inancı və əxlaq anlayışının daha geniş kütlələr tərəfindən qəbul edilməsi üçün hər cür münaqişə və kobudluqdan uzaq olaraq və elmin təqdim etdiyi həqiqətləri nəzərə alaraq təkcə milli müstəvidə deyil, eyni zamanda bütün bəşəriyyət miqyasında qardaşlıq, sülh, uzlaşma və xoşgörü kimi müsbət məsələlərdə bir araya gəlməyə dair dini və əxlaqi baxış və tövsiyələr təqdim edir... Fəthullah Gülən bu düşüncələri ilə nəinki “dövlətin əsas quruluşunu dəyişdirməyə” çağırmır, hətta tam əksinə, mövcud sistemin qəbul edilməsini və daha da təkmilləşdirilərək güclənməsini vacib hesab edir, dövlətin varlığını və yaşamasını müqəddəs sayır, dövlət anlayışı çərçivəsində mübahisələrdən belə çəkinməyi tövsiyə edir... Bunu da təkcə vətəni Türkiyə Cümhuriyyəti üçün deyil, daha geniş bir coğrafiyada fikirlərini tanıyan bütün oxucularına və düşüncəsini qəbul edənlərə nəsihət edir... Müəllifin kitablarını bütövlükdə götürsək, “teokratiya İslam dini ilə uzlaşmır”, “dinin başa düşülməsində elm vacibdir”, “cihadın ilkin mənası qan və müharibə deyil, ruhun tərbiyə edilməsidir”, “dini inancları zorla yaymaq dinin ruhuna ziddir” kimi məsələlərin dəfələrlə təkrar edildiyini və vurğulandığını görərik. Təbii ki, o, düşüncələrini bölüşmək məcburiyyətində olmamaqla yanaşı, tənqidolunmaz da deyildir. Lakin düşüncə və inanclarını qəbul etməmək sizə əsas vermir ki, onu ittiham edəsiniz.... Bu yazılarında insanlara həm fərd, həm bir və­təndaş, həm də bir inanan olaraq insani, hüquqi və dini vəzifələrin yerinə yetirilməsi məsələsində tövsiyələr verərkən ictimi asayiş və əmin-amanlığın qorunmasını ehmal etməmişdir. (Bu əsərlərində) ictimai asayişin pozulmasına hesablanmış cinayətlərə dair heç bir təhrik və ya təşviq ifadəsinə rast gəlinmir... Sözügedən əsərlərdə irəli sürülən fikirlər daha çox fərdlərə yönəlmiş əxlaqi nəsihətlər olub dövlət rejiminin dəyişdirilməsi ilə əlaqədar heç bir ifadəyə yer verilmir. Bu əxlaqi nəsihətlər isə Gülənin bir din xadimi və yazar kimi yerinə yetirdiyi fəaliyyət olub Konstitusiyamızla qorunan düşüncə və fikir azadlığı çərçivəsində qəbul edilməlidir.[13]

Professor Özəkin fikrincə, prokuror Yüksəlin dəlil kimi göstərdiyi şeylər Gülənin düşüncə və inancları idi. Gülənin kasetləri də ictimaiyyətə bir bütöv kimi təqdim edilməmişdi. Özək: “Prokuror qərəzli şəkildə və məharətlə Gülənin kitablarından sitatlar seçir və bunlar əsasında ittihamlar irəli sürür. Prokurorun bu “məntiqi” ilə hətta qanun mətnlərindən də cinayət çıxarmaq mümkündür. Gülənin kitablarında hər hansı bir cinayət və Türkiyənin quruluşunu dəyişdirmək məqsədilə təşkilat qurduğuna dair bir dəlil yoxdur” – deyirdi. Professor Özək əslində bu hesabatı ilə məhkəməyə bunu demək istəyirdi: “Bu cinayət işinin hüquqi əsası yoxdur. Prokurorun vəzifəsi Gülən bir cinayət törətmişsə, onu konkret faktlarla ortaya qoymaqdır”.

“1989-cu il hansı cinayətin tarixidir?”

Professor Özək 47 səhifəlik araşdırması ilə prokuror Yüksələ aşağıdakı məsələlərdə də etirazını edirdi:

İddianamədə cinayət tarixi kimi 1989-cu il göstərilmişdir. Bu nəyin və hansı cinayətin tarixidir, anlaşılmır... 1998-ci il fevralın 9-da Papa II İohan Pavellə – Papanın dəvəti əsasında və Türk hökumətini məlumatlandıraraq – görüşməsi iddianamədə elə şəkildə verilib ki, bunu cinayət hüququ ilə izah etmək mümkün deyil... 1998-ci il 18-19 iyul tarixində alim, jurnalist və siyasi xadimlərin də iştirakı ilə Abantda təşkil edilən toplantılarda “dövlət və dünyəvilik anlayışlarının təhrif edildiyini, dini fəaliyyətlərə dəstək verildiyini” iddia etmişdir. Abant toplantıları[14] cinayət sayılırdısa, bu toplantılara qatılan bütün iştirakçılar barəsində cinayət işinin açılmaması ən gözəçarpan ziddiyyətdir... Fərqli dünyagörüşü və fikirlərə sahib elm adamı, mütəfəkkir, yazar və siyasətçilərin həmin toplantıda səsləndirdiyi fikirlərin hansı əsasa görə cinayət tərkibli olduğunu soruşmaq lazımdır. Bir ölkədə elm adamlarının, siyasətçilərin, jurnalistlərin, yazarların elmi konfranslardakı müzakirə və söhbətləri belə cinayət hesab olunursa, fikir və ifadə, inanc və qənaət, elm və tənqid, informasiyanın alma və şərh edilməsi hüquqlarının varlığını və Konstitutsiyada bu hüquqlara təminat verildiyini necə izah etmək olar? Abant toplantılarında səsləndirilən fikirlər kitab şəklində çap olunmuş, bu kitablarda cinayətə təhrik, təşviq kimi ünsürlərin mövcudluğu ilə bağlı hər hansı bir təhqiqat və ya istintaq aparılmamışdır. İddianamədə Abant toplantılarında səsləndirilən fikirlərlə “dövlət və dünyəvilik anlayışları təhrif edilərək, dini fəaliyyətlərə dəstək verildiyi” irəli sürülsə də, bunların cinayət olub-olmaması müəyyən edilməmişdir. Halbuki toplantıya qatılan şəxslərin çıxışlarına və toplantının yekun bəyanatına nəzər salsaq, görərik ki, dünyəvilik əleyhinə heç bir fikir irəli sürülməmiş, əksinə bu anlayışın (dünyəviliyin) cəmiyyətin bütün təbəqələri tərəfindən anlaşılması üçün necə tərif edilməsi yönündə fikirlər müzakirə edilmişdir. Bu fikirləri qəbul etməmək və ya tənqid etmək başqa, bunlardan dəlil çıxarıb birinin həbsini istəmək isə başqadır... Gülən sosioloji, tarixi, mədəni və dini əsərləri, fikirləri və açıqlamaları ilə tanınmış və geniş kütlələrin rəğbətini qazanmış bir insandır. Bu səbəbdən xüsusilə, bəzi həmvətənləri onun təhsilin əhəmiyyətinə dair fikir və nəsihətlərinə uyğun hərəkət edərək istər ölkə daxilində, istərsə də xaricdə bir çox təhsil qurumları açmışlar...

Gülənin məhkəməsində ittiham maddələrindən biri də Türk Silahlı Qüvvələrinə sızma iddiaları idi. Prokuror Nuh Mete Yüksəl belə deyirdi:

“Fəthullah Gülən TSQ-ni ələ keçirmək məqsədilə TSQ-yə sızma siyasətini dərindən və səssizcə davam etdirir. Bu şəkildə, Gülən 10 il sonra Türk Silahlı Qüvvələrində söz sahibi olacaq”.

Bu, xüsusilə, 1980-ci illərdən etibarən Güləni ən çox üzən mə­sələlərdən biri idi. Bəzi zabit və gizirlərin camaat mənsubu olması iddiası ilə Türk Silahlı Qüvvələrindən çıxarılması Güləni dərindən yaralamışdı. Gülən: “Heç bir günahı olmayan bu insanları mənim adımdan istifadə edərək, mənə görə qovdular”, – deyir və göz yaşlarına hakim ola bilmirdi. 1995-ci ildə bir qrup zabit və gizir bu “əsaslarla” ordudan xaric ediləndə Gülən üzüntüsündən bir həftə boyunca heç bir şey edə bilməmişdi.

İlk öncə, 1986-cı ildə hərbi liseylərdən 90-a yaxın tələbə çıxarılmışdı. O vaxtdan bu günəcən yüzlərlə zabit və gizir “irticaçı fəaliyyətlərdə iştiraka görə” TSQ-dən uzaqlaşdırılmışdı. Gülən TSQ-də təşkilatlanmağa təşəbbüs göstərən bir şəxs kimi təqdim edilməsindən üzülürdü. TSQ-nin daxili və xarici axınların təsirinə düş­məmək üçün mənəvi dəyərlərə yiyələnməsini düşünmək və arzulamaqla TSQ-də gizli qrup təşkil edib çevriliş etmək tamam ayrı-ayrı şeylərdir. Bunları bir-birinə qarışdırmaq böyük haqsızlıqdı. Gülən: “Ordunun düşməni deyiləm ki, sızmağa çalışım”, – deyirdi.

“İnqilab” qəzetinin baş yazarı Doğan Avcıoğlu 1960-cı illərdən etibarən Türkiyə Silahlı Qüvvələrinin əli ilə solçu inqilab etməyi qarşısına məqsəd qoymuşdu. Avcıoğlunun fikrincə, Atatürk yalnız mədəni inqilabı edə bilmişdi. Lakin sosial inqilab həyata keçirilməmişdi. O, hesab edirdi ki, sosial inqilabı ziyalılar və “inqilabçı ordu”nun zabitləri edəcək.

İnqilab etmək istəyən şəxsin əvvəlcə özü Doğan Avcıoğlu kimi inqilabçı olmalı idi. Halbuki Gülən 40 ildir ölkədə mövcud sistemi müdafiə etmiş, həmişə fərdlərin şəraitdən istifadə edərək öz vəzifələrini bir kənara qoyub “dövlətə aid vəzifələri yerinə yetirməyə” can atmasını qınamışdı.

General Çevik Birin kabinetindəki görüş

Prokuror Yüksəlin məhkəmədə irəli sürdüyü əsas iddialardan biri də bu idi: “Gülən Türkiyədəki liseylərdə oxuyan gənclərlə quracağı İslam dövlətinin özülünü formalaşdırır. Ölkə xaricində təhsil alan gənclər isə gələcəkdə Türkiyədə qurulan İslam dövlətinə beynəlxalq dəstək verəcəklər”.

Lakin dövlət ölkədə və xaricdə açılan liseylərlə bağlı belə bir fakt aşkar etməmişdi. Belə ki, 28 Fevral dövründə imam-xətib liseylərinin tədris müddəti 4 ilədək azaldılsa da, Gülənin təşviqi ilə açılan 150-yə yaxın liseydən heç birinin fəaliyyəti dayandırılmamışdı.

Ancaq ortaya belə bir ssenari atılır: “Madam ki, bu məktəblərin açılmasında gizli bir məqsəd yoxdur, o halda dövlətin idarəsinə verilsin”.

1997-ci ildə dekabrın 23-də bu məsələ ilə bağlı Baş Qərargahda görüş olur. Həmin gün Doğru Yol Partiyasından dövlət naziri İşılay Sayqın və “Zaman” qəzetinin imtiyaz sahibi Ələddin Qaya Baş Qərargahın rəis müavini general Çevik Birin qonağı idi. Dövlət naziri İşılay Sayqın Qaya üçün Çevik Birdən görüş vaxtı almış, özü də onunla birlikdə gəlmişdi.

Həmin gün general Bir öz kabinetində üzünü Ələddin Qayaya tutub: “Fəthullah Xoca məktəbləri dövlətə vermək üçün nə qədər pul istəyər?” – deyə soruşur. Qaya isə: “Bu məktəbləri açan insanlar dövlətdən pul istəməz. Onsuz da, məktəblər bu dövlətin və millətindir” – cavabını verir. General Bir təəccüb içərisində qalır. “Bu səhər Qərargahın əsas müzakirə mövzusu bu idi. Dövlətin nə qədər pul verməli olduğunu hesablayırdıq”.

O ana qədər onları dinləyən nazir İşılay Sayqın məsələyə münasibətini bildirir: “Əgər dövlət bu məktəbləri bağlasa, çox böyük xəta olar, çünki məktəblər uğurlu fəaliyyət göstərir. Əgər fəaliyyətini davam etdirəcəksə, o halda niyə dövlətə verilməlidir? Əvvəlcə mövcud dövlət məktəblərini qaydaya salın”. Daha sonra Ələddin Qaya Birə bu məktəblərdə zabitlərin milli təhlükəsizlik dərslərinə (hərbi hazırlıq) girdiyini, dövlət istəyərsə, bütün məktəblərə rəsmi nümayəndə göndərə biləcəyini xatırladır. Bu xatırlatmanın ardınca general Bir: “Mümkündürmü, Fəthullah Gülən məktəbləri gəzməyimizə icazə verərmi?” – deyir. Qayanın “Dövlətin müfəttişləri həmişə bu məktəbləri yoxlayır. Fəthullah Gülən bu məktəblərin sahibi və ya idarəçisi deyil ki. Məktəblər Türk millətinindir” sözləri ilə görüşün son nöqtəsi qoyulur.

İşılay Sayqın kimi Güləni tanıyan və bu məktəblərin Türkiyənin sabahına böyük töhfələr verəcəyinə qəlbən inanan siyasətçilərin də dəstəyi ilə “Məktəblər dövlətə verilsin” planı baş tutmur. “Sabah” və “Hürriyyət”in idarəçilərinin professor Lenor Martinə dediyi kimi, bu məktəblər Türkiyənin düyünə düşən təhsil probleminin həllində mühüm rol oyanmışdı.

Fəthullah Gülən Baş Qərargahda Çevik Birin kabinetində ger­çəkləşən bu görüşdən xəbər tutandan sonra general Birə məktub yazır. Məktubunda: “Bu məktəblər mənim deyil, millətin malıdır”, – deyirdi.

Buna baxmayaraq, 27 mart 1998-ci ildə İstanbulda Robert Liseyinin Məzunlar Dərnəyinin tədbirinə mülki geyimlə qatılan Baş Qərargah rəisinin müavini general Çevik Bir çıxışında Gülənin təş­viqi ilə açılan məktəbləri nəzərdə tutaraq belə deyirdi: “Bunların öz məktəblərinə ayırdığı vəsait Milli Təhsil Nazirliyinin qarşıdakı on il üçün təhsilə ayırdığı vəsaitdən çoxdur. Dəyirmanın suyu haradan gəlir?”

“Dəyirmanın suyu”nu axtaranların bəzisi neft gəlirləri ilə varlanan bəzi İslam ölkələrinin də bu fəaliyyətlərə dəstək verdiyini düşünürdü. Lakin general Birin Robert Liseyindəki çıxışından üç ay sonra “Cümhuriyyət” qəzetində dərc olunan Milli Təhlükəsizlik Şurasının hesabatında belə deyilirdi: “Səudiyyə Ərəbistanının kralı Fahd 1997-ci il ramazan ayında yardım təklif etdi, ancaq Gülən bu təklifi qəbul etmədi”.

Belə bir hadisə 1970-ci ildə də olmuşdu. Küveyt əmiri “hər il zəkat fondumuzun bir hissəsini Türkiyədə həyata keçirələn islami fəaliyyətlərə ayıraq” təlimatını vermişdi. Türkiyəyə rəsmi səfərə gələn Küveyt əmiri bu istəyini gerçəkləşdirmək üçün bir müxatəb (uyğun adam) axtarırdı. Məsələni öyrənən Gülən Türk xalqı üçün belə bir köməyin doğru olmadığını söyləyir. Türkiyə varlı ölkə olmasa da, Türk xalqı öz övladlarını oxudan bu təhsil ocaqlarından lazımi köməyi əsirgəmirdi. 1970-ci illərdə bu kömək ehtiyacları ödəmirdi, ancaq görüləcək işdən asılı olmayaraq, yeganə müraciət ünvanı Türk millətinin himməti[15] olacaqdı. Qeyd etmək lazımdır ki, o dövrdə bu qurumlara kömək məqsədilə iki evindən birini satan, bircə evini satıb kirayəyə köçən insanlar az deyildi. Gülən deyirdi:

“Bu hərəkatda heç kimin, heç bir gücün bircə senti də yoxdur. Türk milləti başqa bir millətdən asılı ola bilməz... Asılı hərəkatlar bir gün məhv olar. Gələcəyin dünyasını azad insanlar quracaqlar. Millətin qəbul etməsi, sahib çıxması sizə yetər. Yad qaz “ambarınızı korlayar”... Yeganə sərmayəsi səmimiyyət olan bu qəriblər dünyanın dəyişməsinə vəsilə olacaqlar. Bu dastan dünyanı dəyişdirməyə gəlmiş bir insanın (Həzrəti Məhəmmədin) davamçılarının dastanıdır... Bu, səhabə dövrü kimi nümunələri özündən olan bir hərəkatdır. Nadir fədakarlıq örnəyidir...”

Gülənə görə, Türk insanı bu xidmətləri həyata keçirərkən hürriyyətini dini kimi qorumalı idi: “Dünyaya qurtuluş gətirəcək nəsillərə ilk və son nəsihətimi söyləmək istəyirəm: izzətli və şərəfli olun. Yaxanızı güc sahiblərinin əlinə verməyin. Onların yanına özünüzü və dərdinizi anlatmaq üçün getsəniz belə, həmişə gözütox olun. Başqalarının təhdidi və boyunduruğu altına girməyin ”.

Çünki “göz-könül toxluğu” satılmamaq, minnət altına düşmə­mək üçün ən vacib xarakterdir. Minnət altına düşmək elə bir şeydir ki, çox insana vətənini belə satdırar. Bir insan unutmamalıdır ki, onu yuxarı qaldıranlar bir gün dərin uçuruma da ata bilər.

Gülən: “Kimsə bizi alət edə bilməz. Çünki heç kimin minnəti altında deyilik... Bir vaxtlar dünyanı idarə edən bir millətin vətənpərvər övladlarını heç bir xarici qüvvə öz məqsədləri üçün istifadə edə bilməyəcək. Çünki bu vətən övladı heç kimin minnətini götürməmişdir”, – deyirdi.

“Dəyirmanın suyu haradandır?” sualını Güləni yaxından tanıyan Qasım Güləkə də vermişdilər. Bir gün bir xarici diplomat Gülənin təşviqi ilə həyata keçirilən fəaliyyətlərin necə maliyyələşdiyini soruşmuş, Gülək isə cavabında öz ailəsini nümunə göstərmişdi. Həyat yoldaşı Nilufər Gülək İstanbulda 70 sotluq torpaq sahəsini Fateh Universitetinə bağışlamışdı.

“Ankara Palas”dakı toplantının qərarı

2000-ci ilin 22-23 iyununda Ankarda dövlətin qonaq evi kimi fəaliyyət göstərən “Ankara Palas”da bir toplantı keçirilir. Xarici İşlər Naziri İsmayıl Cemin rəhbərlik etdiyi toplantının iştirakçıları Tükiyənin Orta Asiya və Qafqaz ölkələrində olan səfirləri idi. Toplantıda bu ölkələrdəki səfirlər iştirak edirdi: Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd), Qırğızıstan (Bişkek), Tacikistan (Dü­şənbə), Azərbaycan (Bakı) və Monqolustan (Ulan Bator). Toplantının ortaq qərarı sentyabrın 3-də “Cümhuriyyət” qəzetində dərc edilir:

“Bu ölkələrdə fəaliyyət göstərən Türk məktəbləri yüksək keyfiyyətli təhsili ilə Türk imicinin yayılması və formalaşmasına öz töhfəsini verir. Məktəblər bu ölkə xalqlarının etibarını qazanmışdır. Həmin ölkələrdə yüksək vəzifəli şəxslər övladlarını bu məktəblərə göndərir”.

Fransanın “Le Fiqaro” qəzeti 17 yanvar 2002-ci il tarixli xəbərində “Fəthullah Gülənin liseyləri Balkandan Qafqaza və Orta Asiyaya qədər bir çox yerdə müasir Türkiyənin vitrinlərini formalaşdırır” ifadəsini işlədir. Halbuki çox deyil, 27 il əvvəl, yəni 1975-ci ildə bir isveçrəli siyasətçi İsveçrədə səfərdə olan sabiq nazir Sadi Qoçaşa (S. Koçaş - keçmiş hərbçi) belə demişdi: “20 il əvvəl (1955) İsveçrədə, xüsusilə, Almaniyada Türk adı hörmətlə anılırdı. Sizi qəhrəman bir millət kimi tanıyırdılar. Bu gün (1975) isə yalnız hər cür natəmiz işləri görən fəhlə kimi tanıyırlar. Bir milyard dollarlıq valyuta üçün bir millətin hörmətini bu dərəcədə sarsıtmağa haqqınız varmı? Avropaya bir milyon belə işçi göndərməkdənsə, 100 müəssisə ixrac edin. Regionunuz bu işlərə əlverişlidir. Çünki bölgənizdə zəngin, amma inkişaf etməmiş bir çox ölkə var. O ölkələrin reallıqlarını yaxşı bilirik”.[16]

Bu hadisədən düz 23 il sonra, 1998-ci ildə İsveçrənin Cenevrə Universitetinin əməkdaşı professor Pyer Montandon (Pierre Montandon) tələbəsi Şərif Əli Təkalanın dəvəti ilə Türkiyəyə gəlir. Daha sonra Türk məktəblərini ziyarət etmək məqsədilə Monqolustana və Qazaxıstana yollanır. 1998-ci ildə Monqolustanda, 2002-ci ildə isə Qazaxıstanda türk liseylərini gəzən və bu məktəblərin məzuniyyət tədbirində iştirak edən isveçrəli professorun təəssüratları belə idi: “Mən türkləri bığlı, niqablı, çarşablı adamlar kimi təsəvvür edirdim. Qazaxıstan və Monqolustandakı türk məktəblərini görəndən sonra anladım ki, bu məktəblərdə görülən işlər Türkiyənin yeni imicini formalaşdırmışdır. Ümid edirəm ki, bu imic Avropa ölkələrində də əks olunar və Türkiyənin imici güclənər. Sonra avropalılar da “ lütfən, buralara da gəlin” deyərlər....”

Həftədə beş milyon tirajla çıxan “Taym (Time)” (ABŞ) qəzetinin redaktorlarından Henri Müller də Montadonla Qazaxıstana gedən heyətin tərkibində idi. Amerikalı jurnalist Qazaxıstanın yeni paytaxtı Astanada və köhnə paytaxtı Almaatada açılmış Türk məktəblərində gördüyü qazax şagirdlər haqqında deyirdi: “Bu şagirdlər təkcə qazax sənət və mədəniyyətini deyil, beynəlmiləl sənət və mədəniyyəti də nümayiş etdirə bilirlər. Demək ki, burada təhsil yalnız fizika, kimya, riyaziyyat sahələrini əhatə etmir. İnsani dəyərlərlə də bağlıdır”.[17]

Vyetnam və Kambocada manşetə düşən türk kəndlisi

2003-cü ilin mart ayında Norveçin paytaxtı Osloda beynəlxalq gənclik festivalına qatılan 450 gəncin iyirmisi dünyanın müxtəlif ölkələrində yerləşən türk liseylərinin məzunu idi. Onlar öz aralarında Türk dilində danışırdılar. 2008-ci ildə İstanbulda keçirilən Türk dili olimpiadasında isə 110 ölkə iştirak edirdi. Danimarkadan Tanzaniyaya, Argentinadan Yaponiyaya qədər beş qitədə 800-dən artıq Türk məktəbi fəaliyyət göstərirdi. Bolqarıstanda Amerika universitetində təhsil alan gürcü tələbə Gürcüstan türk liseyinə, keçmiş müəlliminə göndərdiyi elektron məktubda yazırdı: “Yataqxanada otaq yoldaşlarımın biri rumıniyalı, biri albaniyalıdır. Üçümüz də türk liseyini bitirmişik və türkcə danışırıq”.

Kambocada – 1970-ci illərdə bir milyon insanın ölüm tarlalarında can verdiyi Pol Potun[18] ölkəsində türk liseyi 1998-ci ildə açılıb. Bu məktəbi ziyarət edənlərdən biri də yazıçı Çətin Altanın (Çetin A.) oğlu professor Mehmet Altan olur. İstanbulda Yezuit ordeninin açdığı fransız dilli Seynt Jozef (Saint Joseph) liseyində beş il oxumuş Mehmet Altan Güləndən ilham alan fəaliyyətlər haqqında: “Fəthullah Xoca türk kəndlisini şəhərli etdi”, – deyirdi. Çünki Gülənin İzmirdəki ilk tələbələrinin əksəriyyəti Egey bölgəsinin kəndli uşaqları idi. Həmçinin 1990-cı illərə qədər bu məktəblərə ən böyük dəstək verən Anadolunun iş adamları olmuşdu.

Altan ziyalılarla birlikdə Rusiya və Tanzaniyadakı türk məktəblərini də gəzmişdi. O, Kambocaya gedəndə bir qrup urfalı iş adamı da heyətin tərkibində idi. Bunlar Kambocadakı məktəbə sponsorluq edirdilər. “Kəndlilər nə zaman manşetə çıxar?” (Köylüler ne zaman manşet olur?) kitabının müəllifi Altan urfalılarla söhbət edərkən onların Kambocadan sonra Vyetnama gedəcəklərini öyrənir. Kamboca kimi XX əsrin ən böyük müharibələrindən birinə şahid olan Vyetnamda da türk məktəbləri açılmışdı. Beləcə Türk kəndlisi artıq Vyetnamla da tanış olurdu. Altan türk kəndlisinin Kamboca və Vyetnamda qəzet manşetində xəbər olduğunu öz gözləri ilə görür.

Bu türk liseyi Kambocanın paytaxtı Pnompendə 1997-ci ildə fəaliyyətə başlayıb. Bu şəhərdə eyni zamanda “Anqrovat” (Angrowat) adlanan dünyanın ən böyük buddist məbədi yerləşir. 1998-2002-ci illərdə bu məktəbdə oxumuş bir kambocalı tələbə ilə tanış oldum. Müəllimlərinin “Dom” deyə çağırdığı Sok Udom Deth adlı bu kambocalı tələbə məktəbə 13 yaşında gedib. Dom “Məktəbin imtahanından keçsəm də, ailəm orada oxumağıma dərhal qərar vermədi. Məktəbi gördük, yaxşı yer olduğunu düşündük. Müəllimlərimiz əcnəbi idi. İnancları fərqli olsa da, prinsipial insanlardı”, – dedi.

Boğaziçi Universitetinin Sosialogiya fakültəsini bitirən və ABŞ-ın Ohayo Universitetində Cənubi-Şərqi Asiya Araşdırmaları Mərkəzinin magistrantı olan Dom “Gələcəkdə imkan olsa, Boğaziçi Universitetində bir neçə il Cənubi Şərqi Asiyadan dərs demək istəyirəm”, – dedi. Dom bitirdiyi türk liseyinin onun üçün nə qədər əhəmiyyətli olduğunu bircə cümlə ilə ifadə etdi: “Qlobal dünyaya türk liseyindən addım atmışam”.

2008-ci ildə əhalisinin 90%-i buddist olan Kambocada üç türk məktəbi 1000 şagirdə təhsil verirdi. Vyetnamda açılmış üç türk məktəbində isə 500 şagird oxuyurdu. 6 milyon əhalisi olan Laosda iki, 65 milyon əhalisi olan Tailandda üç, 24 milyon əhalisi olan Tayvanda isə bir türk məktəbi açılmışdı. Tailandda məktəblərin ikisi paytaxt Banqkokda yerləşir. Halbuki 2008-ci ildə Laos və Kambocada hələ Türk səfirliyi açılmamışdı.

Sənətçi Barış Manço Tailandın Çenmay bölgəsində olarkən bir anlaşılmazlıq nəticəsində nəzarətə götürülür. Bu zaman ziyarətinə həmvətənləri gəlir. Barış Mançonun “Siz kimsiniz?” sualına “Burada fəaliyyət göstərən türk liseyinin müəllimləriyik” cavabını verirlər. Barış Manço Türkiyəyə qayıdandan sonra bir verilişdə: “Türkiyədə Artvin[19] necə (uzaq) yerdirsə, Tailandda Çenmay da elədir. Düz oralara qədər gedib çıxıblar” deyə heyrətini dilə gətirirdi. Bir müddət sonra İstanbulda Fəthullah Gülənlə görüşündə belə deyirdi: “Xocam, çox maraqlıdır. Bəzi ölkələrə gedərkən “hər halda buralara ilk ayaq basan türk mənəm”, – deyə qürurlananda bir də baxırdım ki, orada da bir türk məktəbi var, heyrət edirdim”. İş adamı İhsan Kalkavanla birlikdə Qırqızıstanın paytaxtı Bişkekdə Çingiz Aytmatov adına türk liseyini ziyarət edən Barış Manço məktəbin xatirə dəftərinə ürək sözlərini yazarkən səhifəyə öz rəsmini çəkir, əlində də “on” yazılmış bir lövhə. Məktəbin işini on balla qiymətləndirirdi. Həmin gün Bişkekdə türk liseyinin qırğız şagirdləri Barış Mançonun mahnılarını səsləndirir, o isə bu mənzərə qarşısında hönkür-hönkür ağlayırdı.[20]

Amerikanın “Nyu York Tayms” (New York Times) qəzeti 25 avqust 2000-ci il tarixli sayında dərc olunan bir məqalədə Xarici İşlər Nazirliyinin sabiq birinci müavini Özdəm Sanberkin (Özdem S.) fikirlərinə də yer verilir. Onun “Nyu York Tayms”da yayımlanan sözləri ilə desək, bu məktəblər dünyanın bir çox ölkəsində Türk varlığının yeganə təmsilçisi idi.

Prokuror Yüksəli kimlər tələyə salmışdı?

2002-ci ildə Fəthullah Gülənin məhkəməsi davam etdiyi bir vaxtda İstanbulda gölənilməz hadisə baş verir. İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsi prokurorunun istəyi ilə İstanbul Baş Polis idarəsinin terrorla mübarizə şöbəsi 3 iyun 2002-ci ildə bir dərnəkdə axtarış aparır. Axtarış əsnasında dərnəyin kassasında prokuror Nuh Mete Yüksəlin bir qadınla yaxın münasibətlərinə aid videokasset ələ keçir.

Ədliyyə Nazirliyi 4 dəqiqə 52 saniyəlik bu kasetlə bağlı təhqiqata başlayıb onu polis laboratoriyasında və Məhkəmə Tibbi Ekspertizasında yoxlatdırır. Hər iki qurum da kasetdəki şəxsin Nuh Mete Yüksəl olduğunu müəyyənləşdirir. Məhkəmə Tibbi Ekspertizası kasetdəki şəxslə Nuh Mete Yüksəlin sümük quruluşunu belə müqayisə edir. Nəticə eyni idi. Ədliyyə Nazirliyinin müfəttişləri istintaqın nəticələri əsasında protokol hazırlayıb “prokurorluq şərəfinə yaraşmayan hərəkəti etmək” ittihamı ilə Yüksəl barəsində iki dəfə yer dəyişdirmə cəzası tələb edirlər.

Əslində, müfəttişlər iki dəfə yerdəyişmə istəməklə Yüksəlin peşəsindən uzaqlaşdırılmasını tələb edirdilər. Çünki “Hakimlər və Prokurorlar haqqında qanun”a görə, belə bir cəzanın iki dəfə verilməsini tələb etmək daha ağır cəzanın verilməsini zəruri edirdi. Bu da Yüksəlin prokurorluqdan çıxarılması demək idi. Qərarı Hakimlər və Prokurorlar Ali Şurasında (Hakimlər və savcılar yüksek kurulu (HSYK) Azərbaycanda Məhkəmə-Hüquq Şurası) veriləcəkdi.

Fəthullah Gülənin 14-cü məhkəməsinin keçirildiyi gün – 2002-ci il oktyabr 21-də HSYQ heyəti Nuh Mete Yüksəlin məsələsinə baxmaq üçün iclas keçirir. DTM-də məhkəmə keçiriləndə HSYQ heyəti prokuror Yüksəlin görüntülərini izləyirdi. Toplantının sonunda HSYQ ümumi rəylə Yüksələ töhmət cəzası verir və DTM-dən çıxarıb Ankara Ədliyyəsinə prokuror təyin edir.[21]

Bu kaset hadisəsində bir sıra önəmli məqamlar vardı; Nuh Mete Yüksəli kimlər videoya çəkmişdi? Otağa yerləşdirilmiş gizli kamera ilə çəkilmiş 4 dəqiqə 52 saniyəlik görüntüdə Yüksəllə birlikdə olan qadın DTM-də çalışan bir zabit katibəsinin böyük bacısı P. A. idi.

Gülənin vəkilləri məhkəmələrdə bu kasetlə prokuror Yüksələ təzyiq göstərilməsi ehtimalını irəli sürürlər. Vəkillərin ehtimalına görə, Gülənin söhbət kasetlərini montaj edib 1999-cu ilin iyun ayında televiziyalara verənlərlə Nuh Mete Yüksəlin bu qadınla münasibətini videoya çəkənlər eyni qüvvələr idi.

Nuh Mete Yüksəl doğru-dürüst prokuror idi. Şəxsi həyatında belə çirkin işlər olmamışdı. Cümə namazlarına da gedirdi. Hətta dostları arasında Gülənin fikirlərinə dəyər verən də vardı. İşində və həyatında belə doğru-dürüst bir insanın birdən-birə ailə dəyərlərinə zidd hərəkət etməsi təəccüb doğururdu. Təəssüf ki, məhkəmə prosesində Yüksəlin videoya kimlər tərəfindən və necə çəkilməsi, kasetin Gülən əleyhinə fəaliyyətləri ilə tanınan və Gülənin məhkəməsində iştirak etmək tələbini irəli sürən bu dərnəyin əlinə necə keçməsi açıqlanmadı.

Nuh Mete Yüksəl şikayətçi olmadığı üçün onu videoya çəkənlər haqqında cinayət işi açılmır. Ancaq məhkəmə dairələrindən jurnalistlərin qulağına belə bir məlumat çatmışdı ki, prokuror Yüksəli məlum həyat tərzinə sürükləyən şəxs DTM-də çalışan və başqa qadınlarla münasibəti çoxdan məlum olan bir yoldaşı imiş. Prokuror Yüksəl əslində bu yoldaşının qurbanı olmuşdu. Çünki qadınlara maraq göstərməsəydi, təbii ki, bu tələyə də düşməzdi. Yüksəli tələyə salanlar onun bu zəif cəhətini öyrəndikdən sonra sadəcə çəkiliş üçün lazımi şərait hazırlamışdılar.

Hadisə ilə bağlı şübhəli məqamlar bununla qurtarmır. Başqa bir iddiaya görə, Yüksəli bu həyata sövq edən məhkəmə məmurunun, eyni zamanda yüksək vəzifələrdə işləmiş bir siyasətçi ilə yaxın münasibətləri var idi və onların hər ikisi gizlicə Fəthullah Gülənin məhkəməsi ilə maraqlanırmış. Fəthullah Gülən barəsində cinayət işinin açılmasında əli olan bu məhkəmə məmuru və yüksək vəzifəli siyasətçinin məqsədi məhkəmənin Gülən əleyhinə qərarla yekunlaşması idi.

“Mənə tələ quruldu, buna layiq deyildim”, – deyən Yüksəl HSYQ-nin qərarı ilə Ankara DTM prokurorluğu vəzifəsindən azad edildiyi gün – 2002-ci il 21 oktyabr tarixində Türkiyədəki alman vəqfləri barəsində cinayət işi açır. Bir müddətdi, bu məsələ ilə əlaqədar istintaq aparırdı.

Əslində, Yüksəl üçün iki vacib məsələ var idi: Fəthullah Gülənin məhkəməsi və Rəcəb Tayyip Ərdoğan barəsində apardığı istintaq. Yüksəl Rəcəb Tayyib Ərdoğana da belə bir cinayət işi açmaq niyyətində idi. Bununla da iki həftə sonra, 3 noyabr 2002-ci ildə keçiriləcək seçkilərdə AK Partiyası iqtidara gəlsə belə, Ərdoğanın siyasi hə­yatına güclü zərbə vurmuş olacaqdı. Onsuz da, Tayyip Ərdoğanın millət vəkili olmasına icazə verilməmişdi.

Yüksəl eyni taktika ilə Tayyip Ərdoğanın da məhkum edilməsini tələb edir. Lakin məhkəmə Ərdoğan barəsində həbs tələbini rədd edir. Yüksəl Tayyib Ərdoğanın 1992-ci ildə Rizədə və Almaniyda etdiyi iki çıxışla əlaqədar istintaq aparırdı.

Ancaq videokassetin ələ keçməsi HSYQ-nin cəzalandırması Yüksəlin Ərdoğan və Gülənlə bağlı bütün planlarını alt-üst edir. Artıq DTM-də vəzifəsi sona çatmışdı. Buna baxmayaraq, Hakimlər və Prokurorlar Ali Qurumuna müraciət edir: “Məni vəzifəmdən azad etdiniz, amma vəzifəmin müddətini müvəqqəti olaraq altı aylıq uzatsanız, Fəthullah Gülənin məhkəməsini yekunlaşdırar, Tayyip Ərdoğan haqqında cinayət işi açaram”.

Yüksəl Fəthullah Gülənin məhkəməsində prokuror olaraq son fikrini bildirmək istəyirdi. Buna hüquq dilində “yekun rəy” deyilir

Lakin HSYQ-nin bütün üzvləri Yüksəlin məhkəməni davam etdirmək tələbinin əleyhinə səs verir. Beləcə Yüksəl DTM-də tutduğu vəzifədən azad olunur. HSYQ-nin sədri sayılan Ədliyyə Naziri Aysel Çəlikəlin (A. Çelikel) dediyi sözlər Yüksəlin bu son tələbinin qəbuledilməzliyi mənasına gəlirdi: “Təkcə Nuh Mete Yüksəl prokuror deyildir. Onun getməsinə görə heç bir məhkəmə yarımçıq qalmaz”.

Əslində, Ədliyyə Nazirliyi Yüksəl barəsində təkcə videokasetlə əlaqədar istintaq aparmırdı. Dövrün Ədliyyə Naziri Aysel Çəlikəl: “Yüksəl barəsində bir ildir, davam edən istintaq bir neçə istiqamətdə aparılır”, – deyirdi.

Yüksəl haqqında istintaq əmrini isə sabiq Ədliyyə Naziri Hikmət Sami Türk (Hikmet S. T.) vermişdi. Şikayətçilərdən biri AK Partiyasının Rəhbəri Rəcəb Tayyip Ərdoğan idi. Ərdoğan Yüksəlin vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar şikayət etmişdi.

Nuh Mete Yüksəl vəzifəsindən uzaqlaşdırılandan sonra, 25 noyabr 2002-ci ildə Fəthullah Gülənin 15-ci məhkəməsinə prokuror qismində Həmzə Kəleş (Hamza Keleş) qatılır. Məhkəmə artıq yekunlaşmaq üzrə idi. Kəleş Nuh Mete Yüksəlin hazırlaya bilmədiyi yekun rəyi hazırlayacaq və məhkəmə Gülən haqqında qərarını verəcəkdi. Yeni prokuror işlə tanış olmaq və rəyini hazırlamaq üçün məhkəmədən vaxt istəyir.

“Allahdan başqa heç kimdən əfv diləmərəm”

Gülənin iki vəkili Yüksəlin yerinə təyin olunan yeni prokuror Həmzə Kəleşlə də üz-üzə gəlir. Məhkəmə artıq tamamlanmaq üzrəydi. Həmzə Kəleş qərardan əvvəl məhkəməyə yekun rəyini təqdim etməliydi. 2003-cü il yanvarın 20-də keçirilən məhkəmədə Kəleş 24 səhifəlik rəyini təqdim edərək Gülən haqqında icbari həbs qərarının verilməsini tələb edir.

Kəleş: “Gülən qrupu olduqca səbrli və tədbirli davranaraq gözlənilən cihada hazırlaşır”, – desə də, məhkəmə icbari həbs tələbini rədd edir.

Prokuror Kəleş 24 səhifəlik rəyində Gülənin “Qırıq mizrab” şeirlər kitabından iki beyti onun İslam dövləti qurma təşəbbüsünə dəlil kimi göstərmişdi. Onun kitabın 38-ci səhifəsindən götürdüyü ilk beyt belə idi:

Arxadaşlar, arxadaşlar,
Şövq məzhəbi yoldur bizə
(Yolumuz işıq yoludur)

Mötərizə içərisində verilmiş cümlə Kəleşin əlavəsi idi. Gülənin vəkilləri yeddi parçadan ibarət bu şeirdə işlənənmiş “şövq məzhəbi” ifadəsinin prokurorun iddia etdiyi kimi “işıq yolu” mənasında olmadığını bildirirlər. Çünki Milli Təhsil Nazirliyinin nəşr etdiyi “Türk dili lüğəti”ndə (Türkçe sözlük) şövq sözü “istək”, “arzu”, “nəşə”, “sevinc”, “coşğu”, “Allah sevgisi ilə coşma” kimi mənalar ifadə edirdi. Yəni “şövq məzhəbi” ifadəsi “Allah sevgisi ilə coşma” mənasında işlənmişdi.

Prokuror Kəleş ikinci sitatı “Qırıq Mizrab” şeir kitabının 171-ci səhifəsindən gətirmişdi:

Qaç, yetiş sən də, qatıl işıq ordusuna və qurtul.
Tək bir yol var: Ölümsüzlər karvanına yetiş.
Şeirin bu hissəsinin kitabda orijinal forması isə belə idi:

Qaç, yetiş sən də işıq ordusuna və qurtul.
Qulluqlardan sıyrıl, yalnız Allaha qul ol!
Hər şeydə bir ölgünləşmə, hər şeydə tükəniş,Tək bir yol var: Ölümsüzlər karvanına yetiş.

Vəkillər insanları Allaha qul olmağa təşviq edən sözlər çıxarıldığı üçün şeirin mənasının dəyişdiyini, orijinalda olmayan “qatıl” kəlməsinin şeirə prokuror tərəfindən əlavə olunduğunu bildirir.

2003-cü il martın 3-də keçirilən 17-ci məhkəmə iclası artıq son məhkəmə idi. Lakin məhkəmə vəkillərin müdafiəsi[22] dörd saat yarım çəkdiyinə görə məhkəmə onları təhlil edib dəyərləndirmək üçün yekun qərarını bir həftə təxirə salır. Qərar tarixi martın 10-una təyin olunur. 18-ci məhkəmə iclasında artıq son qərar veriləcəkdi.

Sonuncu məhkəmə iclasından bir gün əvvəl martın 9-da vəkil Əbdülqadir Aksoy Gülənlə telefon əlaqəsi saxlayıb: “Sabah iki cür qərarın verilməsi ehtimal olunur: ya bəraət, ya da təxirə salınma qərarı”, – deyir. Gülən vəkilindən “Təxirə salınma”nın nə olduğunu soruşur. Aksoydan “Əfv kimi bir şeydir” sözlərini eşidən Gülən: “Mən Allahdan başqa heç kimdən əfv diləmərəm!” – deyir.

Ertəsi gün, yəni 2003-cü il martın 10-da məhkəmə qərarını açıqlayır. Qərara görə, cinayət işi beş il təxirə salınırdı. Beş il sonra, iddia öz-özünə qüvvədən düşəcəkdi.

Həmin gün vəkil Əbdülqadir Aksoy və Orxan Ərdəmli qərara etiraz edir. Hər iki vəkil ərizələrində “Fəthullah Gülən günhakardırsa, məhkum edin, deyilsə, bəraət verin” yazırdı. Ancaq məkəmə Gü­lənin vəkillərinin “İddia haqqında konkret qərar verin” tələbini rədd edir.

Gülən təxirə salınma haqda qərarın elan edilməsindən dörd gün sonra deyirdi:

“Cinayət işləməmişəm. Mənə istinad edilən cinayətlərin heç birini işlədiyimə inanmıram. Dövlətin maddi, mənəvi imkanları sayəsində vətən və millətə etdiyi xidmətlərlə öyünüb, “mən, mən” deyib ətrafda gəzib-dolaşanlardan daha çox bu millətin, vətənin varlığına, birliyinə, bütövlüyünə, bu gününə və sabahına, üstəlik də dövlətin imkanlarından istifadə etmədən xidmət etməyə çalışmışam. Ziya Paşa: “İnsanın aynası işdir, sözə baxmazlar”, – deyir. Sözü uzatmağa ehtiyac yoxdur, görülən işlər ortadadır. Öncə Allahın lütfü və köməyi, sonra da millətimin səmimi, fədakar, hasbi[23] insanlarının dünyanın hər tərəfində təhsil və təlim başda olmaqla, həyatın müxtəlif sahələrində fövqəlbəşər əzmlə həyata keçirdiyi və tarixdə nadir sayılan fəaliyyətlər göz qabağındadır. Amma onları mən təkbaşına etməmişəm. Nə dünən, nə də bu gün belə bir şeyi iddia etməmişəm, sabah da etmərəm... Bu şeytana yaraşan iddiadır. Hər qəpiyində vəfalı xalqımızın alın təri olan dövlətin imkanlarını sui-istifadə edənlərin əlini qolunu sallayaraq rahat gəzdiyi, adı hər cür vəzifədən sui-istifadə, fırldaqıçılıq, saxtakarlıq kimi hadisələrdə hallananların əl üstündə saxlandığı bir yerdə ictimaiyyətin vicdanı bu məhkəmənin bəraətlə nəticələnəcəyini gözləyirdi... Cinayət işinin açılması ilə yaralanan, illərin süründürməçiliyi ilə yarası daha da dərinləşən ictimaiyyətin vicdanını ancaq bir bəraət qərarı rahatlada, sağalda bilərdi. Bəli, artıq hər kəs bilir ki, əsl işi mənlə olan, əsl məqsədi məni cinayətkar göstərmək olan, barəmdə həbs qərarının verilməsi üçün əlindən gələni əsirgəməyən bəzi insanlar vardır. Amma bu insanlar bilmir və başa düşmür ki, bu xidmətlərin var olmasının və davam etməsinin mənim fani şəxsimlə bir əlaqəsi yoxdur... Bu baxımdan, işin əslini istəyirsinizsə, niyyət Allahın rizası olandan sonra qərarın bəraət və ya həbs olmasının heç bir əhəmiyyəti yoxdur. Lakin ifadə etməyə çalışdığım kimi yara alan və sağalması zərurət kəsb edən bir ictimai vicdan var. Mövcud qanunlarla sübüt olunmamış sözdə “cinayət” vardır”.

Nə üçün ürək əməliyyatı keçirmədi?

Bu qərardan səkkiz ay yarım sonra 2004-cü il yanvarın 21-də Gülən ürək damarına stent qoyulması üçün xəstəxanaya gedir. Ürəyin iki damarına stent qoyulması şuntlama əməliyyatı qədər olmasa da, riskli bir əməliyyat idi. Pensilvaniyanın Allentaun şəhərindəki “Lihay Valli Universitetinin Xəstəxanası”na gəlməzdən bir gün əvvəl yanında qalanlara vəsiyyətini xatırladır. Gülənin ürək damarında iki tıxanıqlıq hava balonu ilə açılacaq və ora stent yeləşdiriləcəkdi. Əməliyyatı həkim Patrik Klivlend edəcəkdi.

Gülən və iki türk həkim yanvarın 21-i səhər saat 07:00-da Lihay Valli Xəstəxanasına çatanda xəstəxana işçiləri təzə-təzə gəlirdi. Həkim Klivlendin xəstəxanada ilk işi Güləni müayinə etmək olur. Həkim Gülənin ayaq nəbzini yoxlamaq üçün corablarını özü çıxarıb özü də geydirir. 1970-ci illərdə Türkiyəyə turist kimi gəlmiş həkim Klivlend: “Paxlava yeməkdən kökəldim”, – deyərək Türkiyə sevgisini dilə gətirirdi.

Gülən tibbi müdaxilə üçün sənədi imzalayandan sonra saat 08:00-da kateter otağına aparılır. Təxminən 08:15-də əməliyyat başlayır. Gülənlə gələn iki türk həkimi proseduranı narahatlıqla izləyirdi. Gülənin ürək damarlarında birinci tıxanıqlıq çox təhlükəli yerdə – “LAD (sol ön çıxış) arteriyası” adlanan nahiyənin yuxarısında idi. Bu tıxanıqlığı açmaq üçün hava balonu şişirdiləndə türk həkimlər dua edirdi. Çünki damarın partlaması və ya başqa ağırlaşma halları təcili şuntlama əməliyyatına müraciət etmək demək idi. İlk tıxanıqlıq birinci cəhddə tam açılmır, bunun üçün balona ikinci dəfə hava çəkilir. İkinci müdaxilədə damar, demək olar, tam açılır. İkinci tıxanıqlıq nisbətən asan, elə ilk cəhddəcə açılır. Gülənin ürək damarlarının tıxanıq olan bu iki nahiyəsinə stentlər uğurla yerləşdiriləndə və əməliyyat qurtaranda saat 09:15-i göstərirdi.

Gülən kateter stolundan çıxmamış yanına gələn iki türk həkimə: “Mən əslində getməyə hazırlaşmışdım”, – deyir. O, əməliyyat stoluna ölümə hazırlaşaraq uzandığını deyirdi bu sözlərlə. Son illərdə evin pilləkənində ağrıdan bükülmə, döş qəfəsində sıxılma halları, xəstəxana dəhlizlərində keçən saatlar, reanimasiyalar, dava-dərmanlar, analizlər onu çox yormuşdu.

Həkimlər əvvəlcə Gülənin “Getməyə hazırlaşmışdım” sözləri ilə ölümü nəzərdə tutduğunu başa düşməyib: “Xocam, hələ bir az xəstəxanada qalacağıq”, – deyirlər.

Gülən əməliyyatdan sonra onun üçün ayrılmış palataya aparılır. Qanı duruldan dərman on iki saatdan bir veriləcəkdi, yəni ertəsi gün səhərədək xəstəxanada qalmalı idi. Ancaq Gülən heç bir halda xəstəxanada uzun müddət qalmaq istəmirdi. Ona görə də “İyirmi dörd saat qalacağımı bilsəydim, xəstəxanaya gəlməzdim”, – deyir. Digər tərəfdən Gülən on iki saat yataqdan qalxa bilməyəcəkdi. Dola­yısilə, namazları normal şəkildə qılmaq mümkün olmaycaqdı. Bu da onu daha çox narahat edirdi.

Palatada Güləni tez-tez elektrokardioqrafik (EKQ) və digər mü­a­yinələrdən keçirirdilər. Onun xəstəxanada yatmasından az adamın xəbəri var idi. Çox keçmədən xəbəri alan Amerikada yaşayan türklər xəstəxanaya axın edir. Gülən: “Həmişə mənə Türkiyədən şok xəbərlər gəlirdi. İndi siz “stent taxılması”nı Türkiyəyə xəbər verə bilərsiniz”, – deyir

Altı ay ərzində 5-10% ehtimalla da olsa, stent taxılan nahiyələrdə yenidən daralma baş verə bilərdi. Gülən üç ay sonra müayinə məqsədilə “eforlu tallium testi”ndən keçir. Stent yerləşdirilən damarlarda axın yaxşı və ürəyin qidalanması normal idi. Bu nəticə həm Güləni, həm də həkimləri rahatladır. Başqa xəstəliklərinə görə hər gün onlarla dərman və insulin qəbul etsə də, heç olmasa ürək narahatlıqları sovuşmuşdu. 2002-ci ilin martındakı kimi ürək ritminin pozulması sonralar bir daha təkrarlanmır. Həkimlər: “Adətən belə xəstələrdə ildə bir neçə dəfə ürək ritmi pozulur. Ancaq Güləndə 2002-ci ildən bəri müşahidə olunmadı”, – deyir. Sonralar o ancaq bircə dəfə ağır xəstəliyə (2005-ci ilin fevralı) tutulur: bərk sətəlcəm olur. Gülən ancaq oksigen balonu və güclü antibiotik iynələrlə sağalır.

Yaxşı, nə üçün Gülən həkimlərin israrla tövsiyə etməsinə baxmayaraq, ürək əməliyyatına müsbət cavab vermədi? Həkimlər hələ 1995-ci ildən bu yana ürək əməliyyatı keçirməsini məsləhət görürdü. Çünki Gülən uzun illər ürək xəstəsi olduğuna görə, ürəyinin 70%-ni qidalandıran iki əsas damarda 80-90% tıxanma var idi. Üçüncü əsas damar isə anadangəlmə inkişaf etməmişdi. Məhz bu səbəbdəndi ki, bircə mərtəbəni çıxmaq, gündəlik qısa söhbətlər onu hədsiz yorur və incidirdi.

Həkimlər Gülənə “Əməliyyat olmasanız, 10-15 il ancaq yaşayar­sınız” deyir. Gülənin “Əməliyyat keçirsəm, nə qədər yaşayaram” sualına isə “Orta hesabla 15 il” cavabını verirlər. Belə olan halda Gülən əməliyyat olunmaqla olunmamaq arasında ciddi fərq görmür.

Gülənin əməliyyata qol qoymamasının başqa bir səbəbi də var idi. 2002-ci il iyunun 3-də deyirdi: “Ölüm riski olan bir məsələyə müdaxilə etməklə intihara yol açmaqdan qorxuram. Əməliyyat masasında ölsəm, bilmirəm, bu intihar olar, yoxsa yox? Bu, tamamilə fiqhi düşüncəmdir”.

Bütün ürək əməliyyatlarında 1-2% ölüm riski var. Şuntlama əməliyyatı xəstəliyin tam müalicəsi sayılmır, buna görə də tam müalicə olmadıqda 1% ehtimalla belə ölüm riski olur.

Xəstəliklər Gülənin köhnə “dostu” idi. Gəncliyinin ilk illərində vücudunda allergik yaralar çıxmış, 15 il ona yoldaşlıq etmişdi. Gülən xəstəliklərindən danışarkən həddi-büluğ çağında: “Ya Rəbbim, vücudumu insanları narahat etməyən elə xəstəliklərə mübtəla et ki, gənclik arzularına vaxt ayıra bilməyim” deyə dua etdiyini bildirir. Görünür, duası qəbul olunmuş, üz, əl və ayaqları da daxil olmaqla bütün bədəni yara tökmüşdü. Yaraları qabıq bağlayır, qabıqlarını qoparanda da, elə bil, bütün vücudunun dərisi soyulurdu. Həm bərk ağrı, həm də qaşınma verən yaralar dərman çəkəndə elə sızıldayırdı ki, otağında yarım saat qıvrılırdı. Bu xəstəlik 1970-ci illərə (Ədirnə dövrü və İzmirdəki ilk illər) qədər davam edir. 1963-cü ildə İskəndərunda hərbi xidmətdə olarkən ağır sarılıq keçirir. 1980-ci illərin əvvəlindən də şəkər, yüksək təzyiq, sonra da ürək xəstəsi olur. 14 iyul 2005-ci ildə yanında qalanlara “Başdan ayağa hər yerim sızlayır. Çox rahatsızam. Ağrıdan yata bilmirəm” deməsinin səbəbi bütün bu xəstəliklərdən qalan “miras” idi.

10 sentyabr 2007-ci ildə Rafət Əl Roman onu Pensilvaniyada ziyarət edir. Sənətçi Rafət Əl Roman Atlantada təşkil olunan türk festivalında iştirak etmək üçün ABŞ-a getmişdi. Yemək əsnasında Güləndən gündə neçə dərman qəbul etdiyini soruşurlar. Gülən: “22-23 dərmandan az deyil”, – deyir. Vitamin və ağrıkəsicilərlə birlikdə Gülənin bir gündə qəbul etdiyi dərmanların sayı 23-ə çatırdı. Onun bir həkimi: “Yeddi-səkkiz adamın dərmanını veririk. Stent taxılmadan əvvəl dərmanların sayı gündə 35-ə qədər çıxmışdı. Stentdən sonra isə 25-ə qədər düşdü”, – deyir.

Həkimlərinin bildirdiyinə görə, şəkər Gülənin ürək xəstəliyini daha da ağırlaşdırır. İki ürək damarına stent qoyulsa da, yan damarlarda tıxanıqlıq davam etdiyi üçün sinəsində tez-tez ağrılar olur. Həkimlər onun ürəyində qısamüddətli ritm pozulmasını da xatırladaraq təzyiqinin qəfl və davamlı dəyişdiyini deyirlər. Bəzən Türkiyə qəzetlərinin internet səhifələrindən çıxarışlara baxır. Gülən 2007-ci il noyabrın 15-də “Vətən” qəzetinin manşetində cənub-şərqi Anadoluda hərbi əməliyyatlarda iştirak edərkən əlinə xına yaxan və şəhid olan leytenantın xəbərini görəndə təzyiqi qəfl qalxmışdı.

Gülən yaxın vaxtlarda bir söhbətində belə demişdi: “Doğrusu, xatırlamıram ki, uzun müddət bir yerim ağrımasın”.

Gülənin bəraət qərarı

2006-cı il martın 7-də Milli Məclisin Terrorla Mübarizə Qanununa dəyişiklik etməsindən sonra Gülənin vəkilləri məhkəməyə müraciət edərək cinayət işi haqqında konkret qərarın verilməsini tələb edirlər. Tələb qəbul olunur və məhkəmə qaldığı yerdən davam edir.

Artıq Dövlət Təhlükəsizlik Məhkəmələri Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmələrə çevrilmişdi. Məhkəməni köhnə 1 saylı DTM, yeni adı ilə Ankara 11-ci Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə davam etdirir. 11-ci Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə 2006-cı il mayın 5-də Gülən haqqında bəraət qərarı verir. 8 qovluqla başlayan Fəthullah Gülənin məhkəmə işinə bəraət qərarı veriləndə 28 qovluğa çatmışdı.

Məhkəmənin sədri Orxan Qaradəniz (Orhan Karadeniz), üzvləri Ramazan Aksan və Qədir Qayabanın (Kadir Kayaban) ümumi rəyi ilə verilən bəraət qərarında düşüncə və təşkilatlanma azadlığı xüsusi vurğulanır: “Bir fikrin və davranışın başqasına görə müsbət və ya mənfi olması, xeyirli və ya zərərli olması subyektivdir və bu tip dəyərləndirmələrin hüquqi baxımdan heç bir əsası yoxdur. Hüquq üçün önəmli olan ortada bir cinayət faktının olub-olmamasıdır”.

Məhkəmə prokuror Yüksəlin dosyeyə Baş Qərargah və Jandarma adı ilə əlavə etdiyi sənədlər haqqında isə “Bunlar yalnız məlumat xarakterli qeydlər ola bilər” qənaətinə gələrək bu sənədlərin həmin quruma aid olduğunu qəbul etmirlər. Məhkəməyə görə, Daxili İşlər Nazirliyi ölkə miqyasında terrorla mübarizə apardığı üçün, bəlkə də, bu məsələdə onun fikir və təsbitlərini nəzərə almaq olardı. Ancaq DİN-in yazıları bir məhkəmənin qərarına əsas təşkil edə bilməz.

Ankara 11-ci Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin bu qərarı cinayət hüququ üzrə professor Çətin Özəkin Gülən haqqında hazırladığı 47 səhifəlik hesabatı ilə üst-üstə düşürdü.

Bəraət qərarına məhkəmənin o vaxtkı prokuroru Səlim Dəmirçi (Selim Demirci) etiraz edir və iş Apelyasiya Məhkəməsinə göndərilir. Son sözü də Apelyasiya Məhkəməsi deyəcəkdi. Bu tip iddialara Apelyasiya Məhkəməsinin 9-cu Cəza Dairəsi baxırdı. 2008-ci ilin əvvəlində hələ də Apelyasiya Məhkəməsinin 9-cu Cəza Dairəsi bir qərar verməmişdi. Bu müddətdə, daha dəqiq desək, 2008-ci il fevralın 6-da 9-cu Cəza Dairəsinin rəhbəri Həsən Gerçekler (Hasan Gerçekler) Apelyasiya Məhkəməsinin sədri seçilir. Həmin il martın 5-də də Gülənin məhkəmə işi ilə bağlı qərarını açıqlayır. Apelyasiya Məhkəməsinin beş üzvü Gülənin bəraət qərarının lehinə səs verir və qərar təsdiqlənir.

2008-ci ilin martında Türkiyədə hökm sürən gərgin siyasi ab-hava Fəthullah Gülənin məhkəmə işinə də təsirsiz ötüşmür. AKP (Ədalət və İnkişaf partiyası) bağlanması haqqında cinayət işi açır. Apelyasiya Məhkəməsi Respublika Baş Prokuroru Əbdürəhman Yalçınqaya (Abdurrahman Yalçınkaya) 2008-ci il aprelin 7-də 9-cu Cəza Dairəsinin Gülən haqqında qəbul etdiyi bəraət qərarına eti­raz edir. Baş Prokuror: “Bəraət qərarı əvəzinə, cinayət işi ləğv edilsin”­ təklifini irəli sürür.

Bu qərarı, onsuz da, beş il əvvəl məhkəmənin ilk mərhələsində Ankara DTM vermişdi. Dolayısilə, Baş prokurorun etirazının praktiki nəticəsi yox idi. Etiraza Apelyasiya Məhkəməsinin Cinayət Üzrə Ali qurumu baxacaq, bəraət, yaxud da ləğv edilmə qərarı verəcəkdi.

Əslində, Apelyasiya Məhkəməsi baş prokurorunun beş yüksək dərəcəli hakimdən ibarət Apelyasiya Dairəsinin səs birliyi ilə verdiyi bəraət qərarına etiraz etməsi normal proseduraya uyğun gəlmirdi. Ədalət və İnkişaf Partiyasının bağlanması haqda qaldırılmış məhkəmə iddiası və gərginləşən ictimai-siyasi vəziyyət Gülənin məhkəmə işinə də öz təsirini göstərirdi.

Nəhayət, 2008-ci il iyunun 24-də Apelyasiya Məhkəməsinin Cinayət üzrə Ali qurumu baş prokurorun etirazını rədd edərək Gülənin bəraət qərarını təsdiqləyir. Artıq Türkiyə hüquq sistemində bu qərara etiraz edə biləcək bir instansiya qalmamışdı. Beləcə 2000-ci ildə açılan və səkkiz il davam edən cinayət işi Gülənin bəraəti ilə yekunlaşır.

Nə vaxt qayıdacaq?

Apelyasiya Məhkəməsinin bu qərarından iyirmi gün əvvəl müsahibə almaq üçün Gülənin yanına getmişdim. İzmirdəki yaxın dostlarından Mustafa Birlik və oğlu Abdullah Birlik də onun ziyarətinə gəlmişdi. İyunun 4-də Mustafa Birlik və oğlu Türkiyəyə yola dü­şərkən Gülənlə vidalaşdılar. Bu yaxın dostunu göz yaşları ilə yola salan Gülən onların arxasınca üç dəfə dalbadal: “Haraya gedirsiniz?..” – dedi.

Gülən onların haraya getdiyini yaxşı bilirdi. Bu sözlər əslində onun Türkiyə həsrətini dilləndirirdi. Bu yaxın dostu ilə vidalaşarkən belə dedi: “Mənim ölümüm yaxındır. Bəlkə də, bir daha görüşmədik...”

2008-ci ilin fevral ayında O, Pensilvaniyada yaşadığı evdə bir neçə yazarla – Əhməd Turan Alkan da qonaqlar arasında idi – söhbət edərkən: “Elə düşünürdüm ki, Amerikada yaşayış icazəsinin vaxtı uzadılmayacaq” dedikdən sonra sözünü belə tamamlayır: “Kaş ki!..” Bu “kaş ki”də vətən həsrəti də var, ABŞ-da keçən doqquz illik qürbət sıxıntısı da...

Həm ABŞ-da yaşayış statusu ilə bağlı problemlər, həm də Apelyasiya Məhkəməsinin qətiləşdirdiyi bəraət qərarı Gülənin yaxın zamanda Türkiyəyə qayıtma ehtimalını ağıla gətirsə də, bunun dəqiq vaxtını özündən başqa heç kim bilmir.

2008-ci il iyunun 5-də söhbətimizdə belə dedi: “Şərait əlve­rişli olduğu təqdirdə olduğum kimi də qayıdaram”.

Türkiyədə vəziyyətin nə üçün əlverişli olmamasını belə izah etdi: “Türkiyədə öfkə (qəzəb) hökm sürür. Öfkə sabitliyi məhv edir. Sabitlik olmayanda da, qayda-qanunu da bərqərar etmək olmaz. İnsanlar bir-birinə qəzəb püskürər”.

“Necəyəmsə, elə də qayıdaram” sözlərini özü izah edir: “Nümayiş istəmirəm. Atamın evinə gedəndə belə gecə gedərdim. Atam “Səhər bir də görürük ki, martda gələn leyləklər kimi evdəsən” deyərdi...”

Gülən Amerikada keçirdiyi doqquz ili “iradi inziva və həbs həyatı” adlandırır. Bəzi söhbətlərində hətta “iradi sürgün” ifadəsini işlədir. Bir gün yanında olanlara belə demişdi: “Əvvəllər gecə yarıları küçələrə çıxar, bir az gəzişərdim. İndi bundan da məhrumam. Mən indi çoxluğun arasında tənhalığın sərxoşuyam”. Gülənin dostlarından birinin atası ABŞ-da onu ziyarət edərkən: “Bu qədər də olmaz. Xoca Əfəndi rəsmən özünü kiçik bir otaqda həbs edib”, – demişdi.

Türkiyədən ayrı düşmək bir yana, nə üçün Gülən ABŞ-da qaldığı evdə özünü “həbs” həyatına məhkum edib?

Bu kitab üzərində 14 ay işləmişəm və bu araşdırma zamanı apardığım müşahidələr Gülənin “küskün” olduğunu deyir. O, 12 Sentyabr çevrilişindən sonra axtarışda olduğu altı ili (1980-86) “hicran dolu illər”, 1999-2008-ci illəri isə “ağrılı-acılı illərim, iztirablı illərim” sözləri ilə ifadə edir.

Zənnimcə, Gülən 1999-cu ildən bəri başına gələnlərə qarşı­ zi­yalılar başda olmaqla Türk insanın lazımi “etiraz” səsini yüksəltmədiyini düşünür. Gülən Apelyasiya Məhkəməsinin qərarından öncə səsini ucaldıb “Nazim Hikmətə edilənlər Fəthullah Xocaya edilməsin” deyə hayqıran Cem Vəqfinin rəhbəri İzzəddin Doğan (İzettin D.) [24] kimi güclü “səslər” gözləyir.

Buna görə də, Türkiyədə ələvilərin məşhur simalarından olan Professor Doğanın “Fəthullah Xocanın Türkiyəyə qayıtması problemə çevrilməmilidir” fikrinin əhəmiyyətli olduğunu düşünürəm. Məncə, Gülən nə vaxt Türkiyəyə qayıdışın toplumun heç bir kəsimində əndişə, narahatlıq oyatmayacağını hiss edəcək, məhz o za­man dönüş üçün əlverişli şərait yetişmiş sayılır.

Zənnimcə, “Xomeyni kimi qayıdacaq” iddiası Güləni ən azı səkkiz il çəkən məhkəmə ittihamı qədər narahat edir. Bunun üçün, “Mən bu ölkənin övladıyam. İranlı deyiləm ki, Xomeyni[25] olum. Heç vaxt onun kimi iddialarım olmayıb ki, Türkiyəyə Xomeyni kimi qayıdım. Ömrüm boyu heç bir yerə gurultulu, təmtəraqlı gedib gəlməmişəm. Nə xarakter, nə məzhəb, nə də ölkə baxımından Xomeyni ilə heç bir əlaqəm yoxdur. Bunu söyləyənlər bir gün utanacaqlar”.

Məncə, Gülən Türkiyədə heç kimin belə bir narahatlıq keçirmədiyini, keç kimin bu cür sözlərə etibar etmədiyini hiss etdiyi an qayıdış qərarını verəcəkdir. Qısası, Gülənin “öfkəsiz” Türkiyəyə qayıdacağını düşünürəm.

Uzun illərdir, ölkə xaricində açılmış türk məktəblərinə kömək edən iş adamı İhsan Kalkavan hesab edirdi ki, Türkiyədən bir heyət ABŞ-a getməli, “Türkiyənin sizə ehtiyacı var” deyib Güləni vətənə qa­yıtmağa razı salmalıdır. Kalkavan bu fikrini belə əsaslandırır: “Mən gecələri əyləncə yerlərində keçirməkdə ad çıxarmışdım. Bunu bütün media bilir. Bundan sonra qalan bütün zamanımı ölkənin mən­fəətinə, sağda-solda dağıtdığım pulları da vətənin sabahına çevirən insan Fəthullah Gülən olub. İstanbulda olanda arada yanına gedər, mənəvi güc alar, ruhlanardıq. Bu ruhla da daha gözəl işlər görərdik. Bəlkə də, hələ nə qədər insanı belə xeyirli işlərə yönəldəcəkdi. Amma ABŞ-a gedincə bu, mümkün olmadı”. Kalkavana görə, Gülənin doqquz il Türkiyədən uzaqlarda qalması ilə insanlar bundan məhrum oldu. Dolayısilə, bu ehtiyacın geniş ictimaiyyət tərəfindən səsləndirilməsi Gülən üçün bir dəvət olacaqdır.

[1] Professor Lenor Martin Yaxın Şərq, xüsusilə, Türkiyə üzrə tanınmış mütəxəssis idi. Harvardda Türkiyə mövzusunda keçirilən toplantılarla yanaşı, 1995-ci ildə Ankarada, 1996-cı ildə isə İtaliyada Yaxın Şərqə həsr olunmuş iki toplantıya sədrlik etmişdi. 1998-ci ilin oktyabrında Harvadda təşkil olunan “Türkiyə xarici siyasətinin gələcəyi” toplantısına Martinlə yanaşı, birlik və tərəqqi mövzusunda kitab yazan professor Feroz Əhməd, professor Mümtaz Soysal, professor İltər Turan, professor Camal Kafadar və Çingiz Çandar kimi tanınmış ziyalılar da qatılmışdı.
[2] 1997-ci il iyulun 20-29-da “Yeni əsr” qəzetində Nəvval Sevindinin Güləndən aldığı müsahibə dərc olunur. Gülən müsahibəsində deyirdi: “Amerika keçmiş Babil kimidir. Amerika hələ ki bu dünya gəmisinin sükanında oturmuş bir millətin adıdır. Lakin hər bir fərd kimi, hər millətin də bir ömrü var. Amerikanın sistemi demokratiyadır, dağılmağa başlayarsa, bu proses 25-30, 30-40 il çəkər. Çünki demokratiyalarda tənəzzül prosesi tükün yerə düşməsi kimi yavaş-yavaş gedir. Keçmiş Sovetlər İttifaqı kimi despotik rejimlərdə dağılma prosesi isə qaz balonunun partlaması kimi qəfl baş verir”. Bu müsahibə “Fəthullah Gülən və Nyu York söhbətləri” adı ilə kitab şəklində də çap olunub.
[3] Bunda 1999-cu ilədək Gülən əleyhinə xəbərlərə yer verməyən böyük qəzetlərin də sözügedən qaralama kampaniyasına qoşulmasının “rolu” böyükdür. 2000-ci ildən sonra da Gülən əleyhinə xəbərlər yayınlanmışdır. Gülən əleyhinə 2001-ci ildə 642, 2002-ci ildə 468, 2003-cü ildə 395, 2004-cü ildə 378, 2005-ci ildə 568, 2006-cı ildə 275, 2007-ci ilin mayına qədər 299, cəmi 3125 xəbər çıxmışdır.
[4] Prokuror Yüksəl 16 oktyabr 2000-ci il tarixli ilk məhkəmədə, 4 dekabr 2000-ci il tarixli ikinci, 28 mart 2001-ci il tarixli dördüncü, 16 iyul 2001-ci il tarixli altıncı, 17 sentyabr 2001-ci il tarixli yeddinci, 12 noyabr 2001-ci il tarixli səkkizinci, 26 dekabr 2001-ci il tarixli doqquzuncu, 11 mart 2002-ci il tarixli onuncu məhkəmədə Gülənin həbs olunmasını tələb edir. Lakin məhkəmə heyəti Yüksəlin səkkiz tələbinin səkkizini də rədd edir.
[5] “Sabah” qəzetinin 21-25 iyun 1999-cu il, “Yeni Şəfəq” qəzetinin 25 iyun 1999-cu il tarixli xəbərləri.
[6] Baş Qərargahın 25 iyun 1999-cu il tarixli açıqlaması. Gülən inqilabçı qrupların ordunu dindar insanlara qarşı qaldırma cəhdlərinə baxmayaraq, Türk ordusunun çevriliş illərində belə heç vaxt çevriliş tərəfdarlarının arzuladığı səviyyədə dindar insanlar əleyhinə hərəkət etmədiyini bildirir. Gülən fransalı jurnalist Nikol Popa 1998-ci il aprel ayında verdiyi müsahibədə: “Bəzi dairələr müntəzəm olaraq ordunu Cümhuriyyət kimi, dünyəvilik kimi (həssas) nöqtələrdən hərəkətə gətirməyə çalışır. Buna baxmayaraq, ordu ümumən müvazinətli hərəkət etməyi bacarmışdır”, – deyirdi. Ordunun 27 may 1960-cı il çevrilişindən sonra azanın yenidən Türkcə oxunması tələblərinə qarşı çıxması və 12 Sentyabr 1980-ci il çevrilişinin ardınca məcburi din dərslərinin Konstitusiyaya salınması onun balanslı hərəkətinə nümunə kimi göstərilir.
[7] İzmir Dövlət Təhlükəsizlik Məhkəməsinin Respublika Baş Prokurorluğunun 1986-51 hazırlıq saylı qovluğu.
[8] İstanbul DTM Baş Prokurorluğunun 1998-1283 saylı hazırlıq və 1998-209 saylı qərar qovluğu.
[9] İlk dəfə 1946-cı ildə 42 yaşında həbs edilən Nəcib Fazil Qısakürək ömrünün axırınadək səkkiz dəfə məhkum olunmuşdur. 1983-cü il mayın 25-də dünyasını dəyişən Qısakürəyin 100 ildən çox olan həbs cəzası amnistiya qərarı ilə ləğv edilmişdi. Mühakimə edildiyi günlərdə vəkillərinə “Sokratın müdafiəsini oxumadan vəkil ola bilməzsən” demişdi.
[10] Güləni 1997-ci ildə bir televiziya proqramında izləyən sabiq Baş Qərargah rəisi general Necdət Üruğ bir görüşümüzdə: “Fəthullah Gülən Cümhuriyyətin həsrətlə gözlədiyi din adamı portretini ortaya qoydu” dedi. “Yeni əsr” (Yeni yüzyıl) qəzetinin 1995-ci il 26 iyul sayında dərc olunan müsahibəsində “Cümhuriyyətin övladı” ifadəsini işlədən Atilla İlhan: “Cümhuriyyətin hədəfi formal olaraq Qərbliyə bənzəyən, ancaq İslamın hökmlərini yerinə yetirən insan tipi idi” deyir. İlhana görə, problem İsmət İnönünün zamanında ortaya çıxmışdı. “Totalitar İnönü Cümhuriyyəti” dövründə müxtəlif imtiyazlar əldə edən ziyalılar dünyəviliyi də yasaqlar çərçivəsində götürmüşdü ki, bu da totalitar dünyəvilik idi. İlhan: “Ziyalılarımız arasında özünü mütərəqqi adlandıran bir təbəqə vardır. Onlar zahirən demokrat görünsələr də, daxilən totalitardırlar. İnönü Cümhuriyyəti də belə idi” deyir.
[11] Professor Çətin Özək 15 iyul 2008-ci ildə İstanbulda dünyasını dəyişmişdir. 74 yaşında vəfat edən Özək “Türkiyədə dünyəvilik”(Türkiyede laiklik), “Dövlət və din” (Devlet ve din) kitablarının müəllifidir. “Türkiyədə dünyəvilik” kitabı Özəkin 1961-ci ildə müdafiə etdiyi doktorluk (namizədlik) dissertasiyasıdır
[12] “Yeni istiqlal” jurnalının 23 mart 1966 tarixli, 241 saylı nüsxəsi, Bədiüzzamanın hə­yatından bəhs edən “Tarixçeyi Həyat” (Tarihçeyi-hayat) kitabının 135-ci səhifəsi.
[13] Gülənin ən çox xatırlatdığı sözlərdən biri də bu idi: “Ən pis dövlət idarəsi dövlətsizlikdən yaxşıdır”. O, 1995-ci ilin avqust ayında “Cümhuriyyət” qəzetinin müxbiri Oral Çalışlara verdiyi müsahibəsində: “Ən antidemokratik dövlətləri belə dövlətsizlikdən üstün tuturam” deyirdi. Dövlət haqda fikirlərini belə ifadə edirdi: “Dövləti heç sorğu-suala tutmayacağıq? Əlbəttə, tutacağıq. Amma əvvəlcə özümüzü hesaba çəkdikdən sonra dövlətimizi hesaba çəkməliyik. “Nə qüsurumuz var ki, belə oldu” deməliyik. Hər birimiz ayrı-ayrı fərd olaraq, “Nələrə laqeyd yanaşdıq ki, aqibətimiz belə oldu” deyə özümüzü sorğu-suala çəkməliyik... Bəzi qurumlarda səsi fəaliyyətindən çox gələn bəzi insanlar dövlət deyildir, marjinal qrupdur. Belə üç-beş sərgərdanın, bir ovuc oliqarxın çirkin əməllərinə baxıb nəhəng bir dövlət qurumunu gözdən salmaq, yıpratmaq doğru deyildir.” Gülən bu mövqeyinin dövlətə müqəddəslik aşılamaq mənasını daşımadığını,“dövlətə sayğı” olduğunu bildirir.
[14] Boluda Abant gölünün kənarında keçirildiyi üçün bu adı almışdır. İlk Abant toplantısı 1998-ci ilin iyul ayında “Din və dünyəvilik” mövzusunda keçirilmişdir. İldə bir dəfə olmaqla bu günə qədər “Din, dövlət və cəmiyyət”, “Demokratik hüquq dövləti”, “Plüralizm və ictimai uzlaşma” kimi mövzularda təşkil edilən bu toplantıların dördünə Brüssel, Paris, Vaşinqton və Qahirə ev sahibliyi etmişdir.
[15] Hümmət– kömək etmək, yardıma qoşmaq, əlindən tutmaq xeyirxahlıq, yardımsevərlik
[16] “12 mart xatirələri”,(12 mart anıları) Sadi Koçaş, səh.640-641.
[17] “İsveçrədən Monqolustana (İsveçreden Moğolistana)”, Şerif Ali Tekalan səh.116-118, Üfüq Nəşriyyatı
[18] Pol Pot 1928-ci ildə Kambocada doğulmuşdur. Əsl adı Saloth Sardır. 1949-cu ildə Fransada tələbə olarkən Fransa Kommunist partiyasına üzv olan Pol Pot 1960-cı ildə Kambocada kommunist partiyasını qurmuşdur. 1975-ci ildə ölkədə iqtidarı ələ keçirən Pot dörd il ərzində qətliam törətmişdir. Yeddi milyonluq əhalinin sayı dörd milyona qədər azalmışdır. Kamboca, Laos və Vyetnam bir vaxtlar Fransanın müstəmləkəsi idi.
[19] Artvin Türkiyənin ən ucqar bölgələrindən biridir. Gürcüstanla sərhəddə yerləşir
[20] Barış Manço bu ziyarətindən 15-20 gün sonra 1999-cu ildə İstanbulda dünyasını dəyişir. 3 fevral 1999-cu ildə Barış Mançonun dəfn mərasiminə qatılan Gülən: “Barış Manço bu torpağın, bu coğrafiyanın bir səsi, sözü, lirikası, nəğməsi idi”, – deyir. Müsahibəmizdə Gülən Barış Manço haqqında: “Barış Manço getdiyi yerlərdə gördüyü müəllimlərdən təsirlənmişdi. Dinə inanan insan idi”, – dedi.
[21] Hakimlik və prokurorluq şərəfinə ləkə gətirən hərəkətə görə töhmət cəzası alan Yüksəlin Ankara DTM-dən uzaqlaşdırılması haqqında qərar 2002-ci il oktyabrın 23-də Rəsmi Qəzetdə dərc olunur.
[22] Gülənin vəkilləri bütün məhkəmələr ərzində 400 səhifədən artıq müdafiə mətni hazırlamışdılar.
[23] Təmənnasız, sırf Allah rizası üçün.
[24] Professor İzzəddin Doğan 2008-ci il iyunun 16-da “Vətən” qəzetində Minə Şənocaqlıya verdiyi müsahibədə: “Fəthullah Xoca öz sahəsinə dərindən bələddir. Onu bir mütəfəkkir, bir filosof hesab edirəm”, – demişdi.
[25] Ayətullah Xomeyni 1964-cü ilin avqust ayında İran şahı tərəfindən sürgün edildikdən sonra Türkiyəyə gəlir. 1965-ci ilin noyabr ayına qədər Bursada bir mayorun ikimərtəbəli evində 15 ay qonaq edilir. Həmin il İraqa gedir. 1978-ci ilə qədər 13 il İraqın Nəcəf şəhərində qalır. Ancaq İranın təzyiqləri ilə üzləşən Səddam Hüseyn ondan İraqı tərk etməsini tələb edir. Bundan sonra Xomeyni Fransanın paytaxtı Parisə yollanır. Bu ərəfədə İranda bütün xalq ayağa qalxmış, Tehranı nümayişlər bürümüşdü. 16 yanvar 1979-cu ildə şah Tehranı tərk etmək məcburiyyətində qalır. 1 fevral 1979-cu ildə isə Xomeynini Parisdən gətirən təyyarə Tehran hava limanına enir.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.