V Fəsil: Mart 2002-cil il, Pensilvaniya

31 mart 2002-ci il bazar günü. Fəthullah Gülənin ABŞ-ın Pensilvaniya ştatı Seylerburq qəsəbəsində yaşadığı üç mərtəbəli ev. Gülən salonda sübh namazını qılıb birbaşa otağına getdi. Əksər hallarda sübh namazının ardınca təsbihat adlanan uzun namaz dualarını edib caamaatla birlikdə yarım saata qədər kitab oxuyurdu.

Gülən o səhər heç kimə bir söz demədən otağına keçdi. Bu ərə­fədə Gülənin qonaqları arasında iki həkim vardı, ikisi də kardioloqdu. Bir də otuz ildir, yanında olan həkimi Qüdrət Ünal (Kudret Ünal).

Təxminən saat yeddidə Gülənin halı pisləşdi. Həkimlər təzyiqini ölçdülər. Gülənin vəziyyəti o qədər ağırlaşmışdı ki, danışa bilmir, halını göz işarələri ilə başa salmağa çalışırdı. Yatağına uzadılan Gü­lənin vücudu başdan-ayağa tər içində idi. Təzyiqi getdikcə aşağı düşürdü. Həkim Ünal dərhal 911-i yığıb təcili yardım çağırdı. 10 dəqiqə sonra iki təcili yardım maşını Gülənin qaldığı evə yaxınlaşdı. İyirmi dəqiqəyə Pokano xəstəxanasına çatdırılan Gülən artıq huşunu itirmişdi. Ürəyin ritmi tamamilə pozulmuşdu. Xəstəxanada iynə vuruldu, ardınca da reanimasiyaya götürüldü. Ürək döyüntülərinin düzəlməsi üçün elektroşoka ehtiyac vardı, əvvəlcə yatırdılmalı idi. Bazar günü olduğuna görə kardioloq xəstəxanada deyildi. Dərhal ən yaxında yerləşən ürək xəstəxanasına xəbər verildi. Gülənə baxmaq üçün gələn ürək həkimi Çili əsilli amerikalı David Doran idi.

Gülənin ürək döyüntüləri ilk iki elektroşokda düzəlmədi. Onun­la birlikdə xəstəxanaya gələnlər ağlayırdı. Dua etməkdən başqa çarələri qalmamışdı. Vəziyyət ciddiydi. Üçüncü elektoşokdan sonra ürəyi nor­mal döyünməyə başladı. Gülən o gün sözün əsl mənasında ölümdən qayıtdı.

Gülən oyanan kimi saatı soruşub “Namazlarım necə oldu?” dedi. Reanimasiyada idi, belə vəziyyətdə su ilə dəstəmaz alıb namaz qılmaq mümkün deyildi. Paltar və örtüyündə qan izləri vardı, bədəninə dərman vermək üçün sistem qoşulmuşdu. Həkim və dostları belə vəziyyətdə dəstəmaz alıb namaz qılmağın qeyri-mümkün olduğunu dedilər. Ancaq çöldən gətirilən torpaqlı daşda təyəmmüm edib namazlarını uzanıqlı vəziyyətdə işarə ilə qıldı.

Elektroşokun təsiri ilə ürək döyüntüləri normallaşmağa başlamış, dəqiqədə 140-a yüksələn ürək döyüntüləri 89-a qədər enmişdi. Ancaq bu dəfə də nəbzi düşmüşdü. Bunun qarşısını almaq üçün boğazından deşik açıb ürəyinə müvəqqəti elktro kardio stimulyator (EKS) keçirdilər. Reanimasiya şöbəsinə aparılanda, elektroşok veriləndə və ürəyinə EKS taxılarkən – hər dəfə özünün razılığına dair imzasını aldılar. Gülən o gün başına gələnləri bu sözlərlə dilə gətirdi: “Bu gün üç dəfə ölmək üçün qol çəkdim”.

Bir qədər sonra ürək döyüntüləri normallaşdığı üçün EKS çıxarıldı. Artıq Gülən xəstəxanada qalmaq istəmirdi. Həmin günün gecəsi evə göndərildi. Gülən evə gələndə o qədər halsız idi ki, yuxarı stul­da çıxarıldı. Otağına girər-girməz xəstəxanada uzanıqlı qıldığı namazları təzədən qıldı. Üstəlik xəstəxanada əməliyyat stolunda bədəni soyuq almışdı. Gülən elktroşokdan əvvəl yatırdılanda keçirdiyi hisləri bu sözlərlə ifadə edirdi:

“O an fikirləşdim ki, bir daha oyanmaya da bilərəm. Son nəfəs ərməğan edilən bir insan nə deməlidirsə, onu düşündüm..”

Gülən yatırdılanda dostlarının və tələbələrinin səsini eşidirdi.

O, bu ürək infarktından bir həftə sonra angioqrafiya üçün Ohayo ştatında yerləşən Klivlend xətəxanasına aparıldı. Türkiyəli həkim Murad Tuzçu (Murat Tuzcu) burada işləyirdi və 1997-ci ildə elə bu xəs­tə­xa­nada Gülənə angioqrafiya etmişdi. Prezident Süley­man­ Dəmirəl bu angioqrafiya ərəfəsində həkim Tuzçuya zəng edib Gü­lənə daha yaxşı baxmağı tapşırmışdı. Həkim Tuzçu 2002-ci il aprelin səkkizində Güləni angioqrafiya etdi.[1] Tuzçu peşəkar və tanınmış həkim idi. Belə ki, Gülənin Klivlendə gəlişindən bir neçə gün əvvəl ABŞ vitse-prezident Dik Çeynini angioqrafiya etmişdi.

Həkim Tuzçu Gülənin daha əvvəl aldığı mülalicənin nəticələrinə baxdı. Gülən ilk dəfə 1995-ci ildə İstanbulda angioqrafiya olmuşdu. 1997-ci ildə isə həkim Tuzçu özü onu angioqrafiya etmişdi. O, son nəticələrlə beş il əvvəlki angioqrafiya göstəricilərini tutuşdurdu. Gülənin ürək damarlarında tıxanma səviyyəsi beş il əvvəl necə idisə, elə də qalmışdı. Həkimlər heyrətə gəlmişdi: Gülən şəkər xəstəsi olmasına baxmayaraq, beş il boyunca ürək damarlarında daralma baş verməmişdi. Çünki onsuz da çox az yemək yeyən Gülən müntəzəm olaraq piyada yeriyirdi. Buna görə də beş il əvvəl Gülənə “Əməliyyat olmalısınız” deyən həkim Tuzçu: “Yaxşı ki, aorta koronar şuntlama[2] əməliyyatı etməmişik. Artıq əməliyyata ehtiyac yoxdur. Bu qədər diqqətli olduğunuza görə ürəyinizə stent taxmaq kifayət edər” deyə bildirdi.

Gülən 9 aprel 2002-ci ildə xəstəxanadan evə göndərildi.

Həkimlər onun ürək damarlarına stent taxmaq qərarına gəlmişdilər. Ancaq ona adi stent deyil, dərmanlı stent taxılacaqdı. Çünki Gülən şəkər xəstəsi idi və bu xəstəliklə bağlı özünü göstərən problemlər adi stentlərdə təkrar tıxanma riskini artırırdı. Həkim Tuzçu da: “Dərmanlı stentləri gözləyək” deyirdi. Elə Gülən də ürək damarına normal stent qoyulmasını istəmirdi.

O illərdə ABŞ xəxtəxanalarında qoyulan stentlərin 40 faizində sonradan tıxanmalar olurdu. Hərçənd 2000-ci ildə “Conson və Conson” (Johnson and Johnson) firması dərmanlı stent istehsalına başlamışdı, ancaq onların xəstələrə qoyulmasına hələ icazə alın­­mamışdı. Ona görə də şəkər xəstələrində ürək damarlarının tıxanma riskini azaldan bu stentlərə icazə verilməsini gözləmək lazım gəlirdi. Nəhayət, 2003-cü ildə dərmanlı stentlərin xəstələrə qoyulmasına icazə verildi. Gülən yenə də bu stentlərin nəticələrini görmək istəyirdi. Həmin stentlərin üstünü örtən dərman tədricən əri­yərək damarın təkrar tıxanmasına mane olurdu. Təcrübələr zamanı müsbət nəticələr alınmışdı. Nəhayət, bu stentlərin uğurlu nəticələr verdiyini öyrənən Gülən qərarını verdi. 21 yanvar 2003-cü ildə Pensilvaniyanın Alentaun şəhərində yerləşən Lihay Valli (Lihigh Valley) Universitetinin xəstəxanasında həkim Patrik Klivlend Gülənin iki ürək damarına stent qoydu.

2002-ci il 31 mart səhəri Gülən həyatında ikinci dəfə ağır infarkt keçirdi. İlk infarktı ABŞ-a getməmişdən əvvəl İstanbulda olmuşdu.

Gülən o vaxt İstanbulda Altunizadədə qaldığı evdə idi. “Yaxşı deyiləm” deyib həkimi Qüdrət Ünalı çağırdı. Şəkəri düşmüşdü. Özü birinci dəfə ölçəndə 90, ikinci dəfə ölçəndə 70 idi. Həkim Ünal ölçəndə isə 45-di. Həkim Ünal narahat halda əlində iynə hazır da­yanmışdı. Gülənin şəkəri sürətlə düşürdü və çıxılmaz vəziyyət yarana bilərdi. Həkim “Dərhal iynə vuraq” desə də, Gülən “Bir az da gözləyək, orucumu pozmaq istəmirəm” deyə razı olmadı. Dördüncü dəfə ölçəndə şəkərin 60-a çıxdığını görən Gülən rahat nəfəs aldı. Artıq orucu pozmağa ehtiyac qalmamışdı.

Gülənin 2002-ci ilin mart ayında keçirdiyi infarktdan sonra iki sual maraq doğururdu: “Ölümdən dönən Gülən ürək əməliyyatına niyə razılıq vermirdi və Amerikaya gedişinin üçüncü ilində infarkt keçirməsinin səbəbləri nə idi?”

[1] Gülənin xəstələndiyini öyrənən İzmir Şəfa xəstəxanasının baş həkimi Mahmud Akdoğan və kardiolqu professor Mehmet Tekdoğan (M. Tekdoğan) da ABŞ-a gəlmişdilər. Onlar da angioqrafiyada iştirak etdilər.
[2] Cərrahi müdaxilə, ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını adekvat təmin etmək məqsədi ilə daralmış hissədən yan keçməklə körpü şuntunun qoyulması əməliyyatının adı.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.