VII Fəsil: 1980: Gülənin ən çətin illəri

1980-ci il 12 Sentyabr çevrilişindən 25 gün keçmişdi, oktyabrın əvvəli idi. Gülən Bursaya qonaq gəlmişdi. İzmirdən dostu Mehmet Əli Şəngül də yanındaydı. Türkiyənin idarəsi hərbi rejimin əlində idi. Əsgərlər və Bursa polisi Gülənin qaldığı Nilufər məhəlləsində axtarış aparırdı. Həmin gecə onun da qapısını döyürlər. İzmir Hərbi Rejim Komandanlığı çevrilişin ilk günü onun haqqında axtarış qərarı vermişdi, lakin bu axtarış təkcə Gülənə aid deyildi.

Əsgərlər arasında iki mayor olsa da, axtarışı jandarma bölüyünün komandiri Kapitan Çingiz Basmaz aparırdı. Hərbi rejimə görə hərbçilərə tabe olan Bursa Siyasi Şöbə Polisi Gülənlə birlikdə evdə olanların hamısının şəxsiyyətini müəyyənləşdirir. Evin kitab rəfində olan dini kitablar və ensiklopediyalar o vaxtlar nəzarət altına alınmaq və sorğu-suala çəkilmək üçün kifayət edirdi. Bursa Polis İdarəsi Siyasi Şöbəsinin müdiri Güləni tanımışdı. Çünki Gülən çevrilişdən əvvəl Bursada konfrans və vəzlər verirdi.

Polis rəisi “İlahiyyat fakültəsindən bir mütəxəssis çağırıb bu ki­tabları yoxlatdıraq” deyirdi. Gülən isə “Mütəxəssis çağırmağa ehtiyac yoxdur. Mən xocayam, sizə başdan axıracan bütün kitabların nədən bəhs etdiyini deyə bilərəm” deyib kitablar haqqında məlumat verir. Bütün kitabları sayıb məlumat verən Gülən namaz vaxtının girdiyini xatırladıb namaz qılmalı olduğunu söyləyir, polis rəisi “Qəzaya qalsın, sonra qılarsınız” cavabını verir. Sonra Kapitan Basmaza Gülən və Şəngülü göstərərək “Bunları idarəyə aparıb şəxsi işlərinə baxaq”, – deyir.

Güləni Bursaya gətirən maşında da axtarış aparırlar. Kapitan Basmaz Gülənin səhhətində narahtlıq olduğu üçün maşının içində oturmasına icazə verib özü isə avtomobilə minir. Gülənin “Sızıntı” jurnalının noyabr sayı üçün yazdığı üç səhifəlik “Mərhəmət” adlı baş məqaləsi maşının ön tərəfində idi. Onun kitabları bir-bir sayıb məlumat verməsinə heyran qalan kapitan bu məqaləni götürüb başdan ayağa oxuyur.

Gülən “Mərhəmət varlığın ilk mayasıdır” sətirləri ilə başlayan bu yazısında Allahın kainatda bütün varlıqlar arasında qoyduğu mərhəmət qanunlarını diqqətçəkən nümunələrlə şərh etdikdən sonra Türk toplumunun çevrilişdən əvvəl düşmən cəbhələrə bölünməsindən söz açırdı: “Əfsuslar olsun! Özümüzə rəhm etmədiyimiz ki­mi, nəslimizi də laqeydlik və mərhəmətsizlik hissi ilə məhv etdik...”

Gülən “Bu boğucu min bir hadisənin və dözülməz ictimai şəra­itin əsl baiskarları bizlərik”, – deyirdi.

Kapitan Basmaz yazını oxuyub qutarandan sonra, üzünü Gülənə tutaraq: “Bu yazını bir nəfəsə yazmısınız”, – deyir. Siyasi Şöbə rəisi Gülən və dostu Şəngülün nəzarət altına alınıb dindirilməsinə çalışırdı. Lakin Kapitan Basmaz: “Buna gərək yoxdur. Başımızda yetərincə terror bəlası var. Əgər işlədikləri məscidlər məlumdursa, xocaları buraxaq getsinlər”, – deyə etiraz edir. Gülənin də, dostu Şəngülün də işlədiyi yerlər məlum idi. Kapitan Basmaz Gülənə: “Xocam, gülə-gülə gedin”, – deyib onları sərbəst buraxır.

Çevriliş gecəsində basqın

Hərbi çevriliş toplumun bütün idealist insanlarına həbsxanalarda illərlə məşəqqət çəkdirən bir dövrün başlanğıcı idi. Gü­lən­ çev­riliş ərəfəsində İzmirdə bir vəzində Allahın yer üzündə qoyduğu təbiət qanunları anlamında “Şəriəti-Fitriyə”[1] ifadəsini işlətdiyi üçün “şəriəti təbliğ etmə” ittihamı ilə sorğu-suala çəkilmişdi. Belə ki,­ söhbətində kainatın var olması və həyatın davam etməsi üçün Al­lahın qoyduğu təbiət qanunlarından bəhs etmişdi. Təbiət qanunları İslami ədəbiyyatda “Fitri qanunlar” mənasında “Şəriəti-Fitriyə” termini ilə ifadə olunur. Gülən müsəlmanlara Quranın hökmləri, yəni “Şəriəti-Kəlami” kimi, Allahın təbiətdə qoyduğu “Şəriəti-Fitriyə”yə də əməl etməyin vacibliyinə toxunmuşdu. Çünki Ulu Yaradan kainatı nizam və ahəng içində yaratmışdı, bunu Quranda da açıq-aşkar bəyan edir. Kainat da bir kitabdı, Quran kimi oxunmalı və öyrənilməli. İnsan dünyaya Quran və Kainat kitablarını oxumaq və insanlığın zirvəsinə yüksəlmək üçün, yəni dünyanın və insanın yaradılış qayəsini dərk etmək üçün göndərilmişdi.

Gülənin qənaətincə, Türk toplumunun geridə qalması məhz bu səbəblərdən qaynaqlanırdı. Təqvalı olmaq yalnız güclü mənəviyyatla ömür sürməkdən ibarət deyildi. Zəhmətkeş fərdlərdən ibarət bir toplum olaraq ölkənin inkişafına çalışmaq da təqvanın bir şərtidir. Türkiyənin iqtisadi inkişafı və Türk insanının təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində görülən bütün işlər ibadət olub təqvanın bir parçası idi. “Vətən və millət naminə nə edə bilərəm?” deyə düşünüb bunun üçün yollar axtarmaq şəhidlikdən daha önəmliydi. Dünyanın iqtisadi həyatına daima baş­qa millətlər yön verirsə və müsəlmanlar bunu dəyişdirmək üçün heç bir cəhd göstərmirsə, demək ki, müntəzəm günah işləyirlər. Beş əsrdir ki, millət olaraq təqvanın bu yönündən, yəni fizika, kimya, tibb, astrofizika və riyaziyyat qanunlarını həyata keçirməkdən bixəbərliyin, uzaqlığın cəzasını çəkirik. Bunları həyata keçirmək yerinə, günahı müsəlmanlıqda görüb üstəlik müqəddəs də­yərlərimizi də bir kənara atmaqla işə başlamışdıq.

Onun bu fikirləri “şəriət istəmək” şəklində təhlükəsizlik orqan­larına ötürülmüşdü. İzmirin yerli qəzetlərindən biri bunu “Fəthullah Xoca universitet müəllimlərinin də olduğu məsciddə şəriət təbliğatı apardı” başlığı ilə xəbər dərc etmişdi. Bu xəbərdən sonra iş məhkəməyə qədər uzansa da, prokuror istintaqın dayandırılması haqda qərar vermişdi.

Bu qərara baxmayaraq, bəzi hərbçilərin nəzərində Gülən birinci həbs edilməli adamlardan biri idi.

Əslində, İzmir Cənub Dəniz Sahə komandiri Vitse-admiral Fəxrəddin İçməz (Fahreddin İçmez) Güləni tanıyırdı. Onları Buca bələdiyyəsinin sədri İşılay Sayqın tanış etmişdi. Lakin çevrilişdən bir qədər əvvəl Vitse-admiral İçməz Ankarada Dəniz Qüvvələri Qərargahının rəhbəri təyin edilmişdi.

Çevriliş baş verəndə Bornovadakı briqadanın komandiri Briqada Generalı Xeyri Dərzioğlu (Hayri Derzioğlu) idi. Çevrilişdən sonra General-mayor olan Dərzioğlu Gülən əleyhinə fikirləri ilə tanınan bir jurnalistlə eyni binada yaşayırdı. Dərzioğlu Gülən haqqında mənfi fikirdə idi. Dərzioğlu çevriliş gecəsi Gülənin evinə basqın əmri versə də, onu evdə tapa bilmir. Gülənin evdə olan kitablarını ələk-vələk edəndə Türkiyə Elmi Araşdırmalar və Texnologiya Qurumunun (TÜBİTAK-ın) nəşr etdirdiyi “Elm və Texnika” jurnalları ilə qarşılaşırlar. Bu jurnallar basqın dəstəsindən bir nəfərin diqqətini çəkir. Bunlar onun Fəthullah Gülən haqqında düşüncələri ilə üst-üstə düşmürdü. Qeyri-ixtiyari: ”Gör necə xocaymış!” – deyir.

Həmin gün Güləni evdə tapa bilməyən İzmir Hərbi Rejim Komandanlığı onun axtarışı barədə əmr çıxarır. Gülənin adı divar elanlarında axtarışda olanların siyahısına salınır. Avtobus dayanacaqları başda olmaqla, gəliş-gedişli yerlərdə asılan və iyirmi-otuz nəfərlik terrorist qrupların şəkilləri olan divar afişalarına Gülənin də­ şəklini vurmuşdular.

Qurd və quzu hekayəsi

Gülən çevrilişin ilk günlərində dərhal təslim olmaq istəmir. Çünki çevrilişin istiqamətini bilmək lazım idi. Çevriliş edən hərbçilər solçulara zərbə endirəcəyini deyib sağı vura bilərdilər. Gülən bəzi yaxın dostlarına: “Çevriliş edən hərbşilər Mehtər Marşı[2] ilə gəlsələr belə, onların niyyətinə tam əmin ola bilmərik”, – deyirdi.

Gülənin ilk günlərdə təslim olmamasının bir səbəbi də barə­sin­də konkret ittihamın olmaması idi. Konkret ittiham olmadan həbs edilənlərin həbsxanadan çıxması qeyri-müəyyən idi. Onun təslim olması bir neçə il həbsxanada saxlanmasına gətirib çıxara bilərdi. Çünki belə bir dövrdə məhkəmələrin ədalətli keçiriləcəyinə heç kim zəmanət verə bilməzdi.

Alparslan Türkeş kimi güclü siyasi lider belə təslim olandan sonra beş il həbsxanadan çıxa bilməmişdi. Üstəlik 1971-ci ildə Gülənin məhkəmə işini aparan hərbi prokuror polkovnik Nurəddin Soyərin “dövləti ələ keçirmək”də ittiham etdiyi Türkeş və yoldaşları MHP və millətçi təşkilatlarının uzun müddət davam edən məh­kəməsində ən axırda bəraət almışdılar.

Türkiyədə çevriliş Gülən kimi nüfuzlu insanların axtarışı və ya həbs edilməsi demək idi. 12 mart 1971-ci il hərbi müdaxiləsində də belə olmuşdu. Gülən 12 Sentyabr səhəri radioda Kənan Evrənin çıxışında sol fraksiyanın bütün fəaliyyətləri ilə Milli Səlamət Partiyasının bir həftə əvvəl keçirdiyi Konya mitinqinin tərəzinin eyni gözünə qoyulduğunu görür.

Halbuki 12 Sentyabrdan əvvəl yaşanan hadisələrdə terrordan­ bir vasitə kimi istifadə edən sol fraksiyalarla müqayisədə dindar insanların heç bir günahı yox idi. Gülən bunu “Qurd və quzu” hekayəsində belə anladırdı: “Bir gün qurd quzuya: “Suyu bulandırmısan”, – deyir. Quzu isə: “Nə vaxt?” – deyə soruşur. Qurd “Altı ay bundan əvvəl” cavabını verir. Biçarə quzu: “Axı mən üç ay əvvəl doğulmuşam”, – söyləyəndə qurd belə cavab verir: “Nə olsun, hamısı eyni ildə olmayıb?”

Gülən 12 Mart çevrilişindən əvvəl olduğu kimi, 12 Sentyabrdan sonra da sırf cəmiyyətdə “tarazlıq” olsun deyə sağ və sol meyilli qruplarla yanaşı, bir çox dindar insanların da həbsxanaya salınacağını sezirdi. Əslində, 12 Sentyabrdan əvvəl ortaya çıxan bəzi əlamətlər dindar insanları da çətin günlər gözlədiyini göstərirdi. O dövrlərdə sayı təxminən 170-ə çatan imam-xətib liseylərini gündəmə gətirib “Bu qədər şagird imam-xətib liseylərini bitirir. Onların çoxu ilahiy­yat fakültəsinə deyil, hüquq və siyasi elmlər fakültəsinə üz tutur” deyənlər səslərini yüksəltməyə başlamışdı. Hətta Hərbi Rejim məmurlarından biri Gülənə: “Siz kommunistlərdən daha pis və zə­rər­lisiniz”, – demişdi.

“Sızıntı”nın giley dolu baş yazısı: “Haradasan?”

Çevrilişin ilk günlərində İzmiri tərk edən Gülən Spartaya gedib orada atacağı növbəti addımları qərarlaşdırır. Bu ərəfədə dostu Kamal Əriməz də İstanbula yollanıb Gülən üçün qalmağa yer təşkil edir.

Gülən “Sızıntı” jurnalının 1980-ci il oktyabr sayı üçün nəzərdə tutduğu “Sonuncu Qaravul” (Son karakol) adlı baş məqaləsini Spartada qalarkən kağız torbaların üzərinə və işlənmiş kağızların arxasına yazırdı. Qaldığı evin işıqlarını yandırmırdı. Əl fənəri və şamdan istifadə edirdi. Sparta kiçik yer idi. Buna görə də Gülən İstanbula getməyə üstünlük verir. İstanbulda qaldığı evi Kamal Əriməz tapmışdı. Tanınmış bir iş adamının evi idi. İlk gün bu evdə qalıb ertəsi səhər həmin iş adamının Boğazda yerləşən başqa bir evinə gedirlər. İstanbulda keçən ikinci gecəni Gülən səhərədək divanda oturur, gözlərinə yuxu getmir. Həmin gecə daxilən o qədər narahatlıq keçirir ki, hətta təslim olmağı belə düşünür. Ertəsi gün də gecəni səhərə qədər sahildə gəzinir. Üç gün bu evdə qalandan sonra İzmirə getmək qərarına gəlirlər.

İstanbuldan İzmirə gedərkən gecəni Bursada keçirmək niyyəti ilə Bursa yoluna dönürlər. Yolda Kapitan Çingiz Basmazın dəstəsi ilə qarşılaşırlar. Kapitan Basmazın sərbəst buraxmasından sonra İzmirə gəlib bir neçə gün orada qalan Gülən buradan da Ankaraya yola düşür. Ankarada da qalmaq üçün yeri dostu Kamal Əriməz təşkil edir.

Çevrilişin ilk günlərində Güləni daha çox İzmir Hərbi Rejimi axtarırdı. Gülən İzmirdən kənara təyinat almaqla bu problemin həll olunacağını zənn edirdi.

Ankarada Diyanət İşləri Başqanlığının sədri Təyyar Altıqulacla (Tayyar Altıkulaç) görüşərək Çanaqqalaya təyinat alır. Beləcə çevrilişdən ay yarım sonra 1980-ci il noyabrın 25-də Çanaqqala mərkəz vaizliyinə tə­yin olunur, ancaq verilmiş axtarış əmri olduğuna görə işə başlaya bilmir.

Çevriliş cəmiyyəti dərindən sarsıtmışdı. Toplumda qorxu və əndişə hökm sürürdü. Tək-tənha keçən günlər və bəzi dostların aylarla onunla əlaqə saxlaya bilməməsi Gülənin qəlbini yaralamışdı. 1981-ci ilin əvvəlində onunla görüşə gələn bir neçə dostuna “Sızıntı” jurnalının 1981-ci il mart sayı üçün yazdığı “Haradasan?” adlı baş məqaləsini oxuyur.

Gülən bu tənhalığını qələmlə dilləndirərkən “Haradasan?” çağırışı ilə özünün müvəqqəti yalqızlığına deyil, ölkənin qaranlıq günlərinə günəş gətirəcək gələcək nəsillərə səslənirdi:

“Bizlər bu ucsuz-bucaqsız biyabanda, gördüyümüz hər karvandan Yusifin köynəyi kimi səni soraqladıq. Sonra da səbirlə çəkilib yeni doğuşlar gözlədik. Səssizliyin və kimsəsizliyin içimizi yalqızlıqla doldurduğu, bu ins-cin olmayan aləmdə neçə dəfə milçəkləri qartal, əlsiz-ayaqsız çolaqları İsgəndər sanıb ayaq üstə alqışladıq. Arxasınca qaçmadığımız karvan qalmadı. Amma sən heç birində yox idin. Qarşımıza çıxan sərv qamətlilər zərrə qədər düşüncəyə, bir şamı yandıracaq iradəyə sahib deyildilər. Ruhları kömür, fikirləri viranə, baxışları dar və bəyanları olduqca bayağı idi. Onlarda qəhrəmanımızın iti nəzərləri, iztirab və acıları, çoşqusu və təbəssümləri gözə çarpmırdı... Zaman bizim üçün daima məhərrəm, yer də Kərbəla oldu. Sinəmiz Hüseynin fəryadu-fəğanıyla inləyir. Gözlərimiz qaralan üfüqlərdə hilal axtara-axtara yolunu gözləyir, hər simada səni axtarır, hər səslənişdə sənin müjdəni eşitmək istəyirik. Sənə həsrət, sənə susuz, sənə məftunuq (...) Sən nəsən! Sufisənmi? Dərvişsənmi? Yoxsa Yer üzündə gəzib-dolaşan bir mələk? Ey şir pəncə! Haradasan?... Gözlərimiz ilk dəfə gəldiyin yolda qalıb. Neçə il sənin təşrif ümidini içimizdə bəsləyib böyütdük. Xəyallarınla təsəlli tapdıq. Bu ümid, bu əzmlə sonsuzlara qədər hər şəfəqdə səni axtaracaq və hər karvandan səni soraqlayacağıq. İnan, nə yalqızlıq və müsibət, nə də düşmənlərin daima amansızlaşması bizi sənin yolunun divanələri olmaqdan vaz keçirə biləcək! Bu yolda, bəlkə, min dəfə aldansaq da, min dəfə işılda böcəklərə dastan qoşsaq da, yüz min dəfə kilsə zəngi çalanları alqışlayıb xaç suyunu abi-həyat kimi içsək də, Mövlanə anlayışı ilə sənin gəlişinə dair yalanlara belə ürəyimizi çıxarıb verməkdən çəkinməyəcəyik. Ey şirin röyaların sevimli qəhrəmanı! Riyakarlığın, şöhrətin, məqamın parlaq ümidlərimizi işıqsız qoymaq istədiyi bu qara günlərdə həyat verən iksirinə möhtac könülləri daha artıq gözlətmə!...”

Gülənə görə, Türkiyənin əsl problemi gənclərin “inancsızlıq” boşluğuna düşməsi idi. Çevrilişdən bir neçə ay əvvəl – 25 may 1980-ci il Dənizli vəzində də bu problemi dilə gətirmişdi: “Doğma övladlarınızın oxuduğu məktəblərdə siz varsınızmı? Məktəblərinizdə oxu­yan şagird və tələbələrinizin ağlında sizin dünyanız, bu millətin dün­yası, bu millətin keçmişi, Fatehlər, Yavuzlar, Qanunilər varmı? Sənin nəslinin qəlbində məscid sevgi və nəşəsi varmı?.. Əgər deyilsə, elə dəhşətli günahdayıq ki, and içirəm, ömrünüzün axırınadək Kəbəni təvaf etsəniz, yenə məsuliyyətdən qurtula bilməzsiniz”.

12 Sentyabrda kommunizmin, qorxunc anarxiyanın qarşısının alınması əhəmiyyətli idi. Lakin Gülənin fikrincə, bu, son çarə deyildi. O, “Sızıntı” jurnalının 12 Sentyabr çevrilişindən iyirmi gün sonra çapdan çıxan oktyabr buraxılışında “Sonuncu Qarovul” adlı baş məqaləsində yazırdı: “Milli özülü illərdir gəmirən “xərçəngləri” ancaq daha köklü və səmimi bir hərəkatla zərərsizləşdirmək mümkündür.”

Çevrilişin ilk günlərində Spartada qalarkən tapa bildiyi kağız torbalara gecə şam işığında yazdığı bu yazıda “Sonuncu Qarovul” Anadolu idi. Çünki Türk milləti 9-10 əsr İslamın keşiyində durmuş və müsəlmanlığı çox gözəl təmsil etmişdi.

Türkiyəni 12 Sentyabr 1980-ci il çevrilişinə sürükləyən faktorların fəlsəfi təhlilini verən Gülənin fikrincə, mənən təmin edilməmiş, hətta tərk edilmiş bir gəncliyin müxtəlif düşərgələrə bölünməsi və bir-birini amansızcasına öldürməsi çox normaldı. Gülən Türk gəncliyinin “soysuzlaşdırılma”sı və ona “vəhşiliyin aşılanma”sı təşəbbüslərinə millətin səssiz qaldığını, cavab tədbirləri gömədiyini xatırladırdı. Gülənə görə, oynanan oyunun iç üzünü və vəhşətini ilk sezən “Sonuncu Qarovulu”un qəhrəman keşikçiləri – əsgərlər oldu. Demokratik sistemi dağıtmaq bahasına da olsa, əmr əsasında çevriliş edərək kommunist inqilabına imkan vermədilər.

Gülən 12 Sentyabr ərəfəsində ən çox Türkiyədə kommunist inqilabının baş verəcəyindən narahat idi. O, sol inqilabçı qrupların öz tərəfdarlarına, yəni mülki insanlara hərbçi paltarı geyindirib hərbi təlim keçməklə bölük və diviziya qurma planlarını eşitmişdi. Onu ən çox narahat edən şüarlardan biri də: “Kommunizmə salama dur! Türk əsgərini arxadan vur!” çağırışı idi. Gülən o dövrdə bəzi solçu qrupların inqilab uğrunda inamla çalışması haqqında deyirdi: “Onların bu səmimiyyəti məni çox qorxudur, hətta nəticə də əldə edə bilərlər”.

Gülən “Əgər Silahlı Qüvvələr bu terrorist fəaliyyətlərin qarşısını ala bilməsəydi, nə baş verəcəkdi?” sualını belə cavablandırır: “Əgər Silahlı Qüvvələr həll etməsəydi, hadisələr millətin silaha silahla cavab verməsi həddinə çatacaqdı”. Çünki Türk xalqı kommunist çevrilişə qarşı mübarizə aparmasa, o halda “Müsəlman Tür­kiyə” də olmayacaqdı. Gülən 12 Sentyabr çevrilişindən öncə yaxın dostları ilə söhbətində bu ehtimaldan danışırdı.

Gülənin fikrincə, bu sol fraksiyalardan hər hansı biri çevriliş yolu ilə Türkiyədə iqtidarı ələ keçirsəydi, onun ilk işi Türk Silahlı Qüvvələrinin yüksək rütbəli generallarını öldürmək olacaqdı. Elə o günlərin məşhur kommunist şüarlarından biri də generallara tuşlanmışdı – “faşist generallar”.

Kənan Evrənlə birlikdə 12 sentyabr 1980-ci il çevrilişini həyata keçirən beş komandirdən biri olmuş dövrün Hərbi Hava Qüvvələri komandanı general Təhsin Şahinqaya (Tahsin Şahinkaya)belə deyirdi:

“Çevrilişdən sonra ölkənin vəziyyətini daha yaxşı anladıq. Kommunistlər 1981-ci il aprel ayının ilk cümə günü çevriliş edəcəkmiş. Bütün təchizatı hazırlayıb çoxlu zabit geyimi alıbmışlar. Həmin gün camaat cümə namazı üçün məscidlərə girəndə bir neçə məscidi bombalamağı planlaşdırıbmışlar. Yüz nəfər dövlət rəsmisini müəyyənləşdirib, ünvanlarına, telefon nömrələrinə qədər haqlarında bütün məlumatları əldə edibmişlər. Çevriliş günü sui-qəsd təşkil edib hamısını qətlə yetirəcəkmişlər. Kimin kimi harada öldürəcəyi ən incə detallarına qədər müəyyən edilibmiş. Vəziyyət bu dərəcədə təhlükəli imiş. Bu məlumatların hamısını çevrilişdən sonra ələ keçirdik.[3]

Ziyalıların turançı, faşist, irticaçı təzadları

12 Sentyabr çevrilişinin nəticələri Türkiyə üçün ağır olur. Çevrilişdən sonra 650 000 insan nəzarət altına alınır. Məhkəmələrdə açılan 210 000 cinayət işində 230 000 adam mühakimə olunur. Onların 7000-ni barəsində edam tələbi irəli sürülür. 517 nəfərə edam cəzası verilir, bu cəzaların 49-u icra edilir. Hərbi Rejimin qanunları çərçivəsində 3000 orta məktəb, 120 universitet müəllimi və 47 hakim vəzifəsindən uzaqlaşdırılır.

Daxili İşlər Nazirliyindəki vəziyyət 12 Sentyabr ərəfəsində ictimai qütbləşmənin hansı səviyyəyə çatdığını bariz şəkildə göstərir. 45 000 nəfərlik Polis təşkilatının 25 000-i Poldərli, 15 000-i isə Polbirli idi. Polis Birliyi (Polbir) sağçıların, Polis Dərnəyi (Poldər) isə solçu polislərin dərnəyi idi. Qalan 5000 polis isə bitərəf idi. 1979-cu ilin yayında Bəyazid meydanında Polbirli və Poldərli polislər bir-biri ilə əlbəyaxa olmuşdu. Çünki Poldərli polislər öz afişalarını millətçilərin nəzarətində olan meydana asmağa cəhd etmişdi.

Gülənə görə Türkiyəni anarxiyaya sürükləyən səbəblərdən biri də “Hələ əvvəlcə dağıdaq, sonra oturub nə edəcəyimiz haqda qərar verərik” məntiqi idi. Məhz bu düşüncə idi minlərlə sağçı və solçu gəncin ölümünə yol açan səbəb. Osmanlıda da belə olmamışdımı? “Hələ əvvəlcə padşahı taxtdan salaq, sonra yenisini taparıq” anlayışı nəhəng Osmanlı Dövlətini çökdürməmişdimi?

Geri qalmış ölkələrin psixologiyasına xas bu məntiq ucbatından­ Türkiyədə insanlar fərqliliyə, fərqli fikirlərə tolerant yanaşma anlayışından xeyli uzaqlaşmışdı.

Gülən çevrilişdən bir il əvvəl, 1979-cu ildə professor İbrahim Cananın “Sülh cizgisi (Sulh çizgisi)” kitabına yazdığı ön sözdə Türk toplumunda “dəyərlər anarxiyası”nın hökm sürdüyünü, Türkiyənin dini təcrid edən bir həyat fəlsəfəsi ilə “min bir qarışıqlıqla üzləşən biçarə vətən”ə çevrildiyini vurğulayırdı. Sosioloq və antropoloqların təsbit etdiyi “İndiyə qədər tarixin heç bir dövründə, yer üzünün heç bir nöqtəsində dinsiz bir topluma rast gəlinməmişdir” gerçəyi meydanda ola-ola, hələ də Türkiyədə bəzi ziyalılar “vətən” deyəndə “Turançılıq”, millət deyəndə “faşistlik”, din deyəndə “gerilik və irtica” düşünürdü. Bu, Türk ziyalısının böyük təzadı idi. Çünki Türk ziyalısı iki yüz ildir, bir tərəfdən Yəhya Kamalın “Məhliqa sultana aşiq olan yeddi gənc” şeirinin aşiqləri kimi Qərbin arxasınca qaçmış, digər tərəfdən də həmin Qərbə düşmən kəsilib “imperialist” və “kapitalist” deyə hayqırmağa başlamışdı.. Yəhya Kamal bu şeirində Tən­zimatdan sonra öz dəyərlərindən qopub uzaqlaşan bir nəsli qələmə almışdı. Bu baxımdan Türk toplumu mənəviyyatca yoxsul, fikircə dayaz, liderləri və ziyalıları etibarilə sahibsiz və acınacaqlı vəziyyətdə idi.

12 Sentyabrdan əvvəl Lüləburqazdan keçərkən radikal solçuların nümayişinə şahid olan Gülən öz sözü ilə desək, donub qalmışdı. Məhz bütün bu səbəblərə görə 12 Sentyabr çevrilişinin de­mokratik sistemə zərbə vurmasına baxmayaraq, Türk toplumunu silkələdiyini vurğulayır. Çünki 12 Sentyabr çevrilişi Türkiyənin so­sialist blokundan asılı vəziyyətə gətirilməsi planını pozmuşdu. Digər tərəfdən, imam-xətib məktəblərinin geniş yayılması və məktəblərdə din dərslərinin məcburi olması[4] ilə Türkiyə gəncliyi inancsızlıq burulğanından qismən xilas olur. Gülən din dərslərinin Konstitutsiyaya salınmasına böyük önəm verir, “Çevriliş Cümhuriyyət hökumətlərinin görmədiyi bir işi gördü” deyirdi. Bu, tarixi bir səhvi düzəltmə təşəbbüsü idi və o qədər əhəmiyyətli idi ki, bir insan sırf bunu həyata keçirdiyinə görə cənnətə gedə bilərdi. Çünki türk gənci ilk dəfə idi ki, məktəbdə din və əxlaq mövzusunda maariflənmə imkanı əldə edirdi. Dərslər standartlara cavab verməsə də, məktəblərdə din dərsi problemi artıq həll olunmuşdu.

T. Özal MTŞ-də Güləni müdafiə edir

Gülən çevrilişdən sonra hələ Çanaqqalada işinə başlamamışdı. Hərbi rejimin ona sağlamlıq arayışı verən həkimləri sorğu-suala tutması və yerini söyləsinlər deyə bəzi həkimlərə işgəncə verməsi Güləni 1981-ci il martın 20-də dövlət məmurluğundan istefaya vadar edir.

Məlumdur ki, 1980-ci il 12 sentyabrda ordu höküməti devirib iqtidarı ələ keçirmişdi. Ölkəni Kənan Evrənin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurası idarə edirdi. Kənan Evrənin bacanağı Yaqub Hacıhabiloğlu (Yakup Hacıhabiloğlu) Güləni tanıyırdı. İzmirdə onun vəz və söhbətlərini dinləmişdi. Çevrilişdən dərhal sonra Evrənə Güləndən bəhs etmiş, Gülənin vəz kasetlərini ona aparmışdı. Lakin Evrən bacanağına Gülən haqqında mənfi və ya müsbət heç bir şey deməmişdi.

O dövrdə briqada generalı olan Həsən Sağlam (Hasan Sağlam) da Güləni tanıyırdı. H. Sağlam İzmirdəki Komandir Xeyri Dərzioğluna (Hayri Derzioğlu) zəng edib Gülənin niyə axtarışda olduğunu soruşur. Sağlam Dərzioğlunun dedikləri ilə qane olmasa da, mövqeyi Gülənə yönəlmiş təzyiqlərin qarşısını almağa yetmirdi.

12 Sentyabr çevrilişindən bir müddət sonra 1981-ci ildə Gü­lə­nin­ dostu Kamal Əriməz o illərdə Baş Nazirin müavini işləyən Turqut Özalla Ankarada evində görüşür. Hərbi rejimin bəzi rəsmiləri Gülənə güclü təzyiq göstərirdilər. Əriməz Güləni yaxından tanıyan Özaldan ona zamin olmasını və bu təzyiqlərə son qoyulmasını xahiş edir. Özal isə “Mən hərbçilərlə görüşərəm” cavabını verir. Özalın fikrincə, bəzi hərbçilər Güləni kifayət qədər tanımadıqları üçün onu da rejim düşməni olan sağçı ünsürlərdən hesab edirdilər. O vaxtlar yaxından tanıdığı bəzi komandirlərin Gülənə qarşı münasibətini yumşaltmağa çalışan Özal 1983-cü ildə Baş Nazir olanda Milli Təhlükəsizlik Şurasının bir toplantısında prezident Kənan Evrənə Gülən haqqında: “Mən onu çoxdan tanıyıram. Haqqında danışılan sözlərin heç biri doğru deyildir”, – deyəcəkdi.”[5]

1982-ci ildə İstanbulda qış mövsümü çox sərt keçirdi. Gülən bir müddət İstanbulda qaldığı evdə tək idi. Evin istilik sistemi sıradan çıxmışdı. Gülən mərkəzi istilik sisteminin yerləşdiyi yerə düşüb gecə yarıyacan onu düzəltməyə çalışır. Həmin gecə soyuq, yorğunluq və aclıqdan xəstələnən Gülən günlərlə yataqdan qalxa bilmir. Sonralar “Çox güman ki, şəkər xəstəliyim o gecə tutulduğum xəstəliklə ortaya çıxdı” demişdi. Xəstə yatmadığı günlərdə gecələr evdən çıxıb saatlarla bayırda gəzişirdi. Sıxıntılarını azaltmaq, dərdini dağıtmaq üçün gəzintidən başqa çarəsi yox idi.

Gülən Ankaraya gəlişi zamanı dostu, mətbəə və qəzet sahibi Ələddin Qayanın atası İbrahim Qayanın evində qalır. Buna görə də İbrahim Qaya nəzarət altına alınıb sorğu-suala çəkilir. Qaya: “O, mənim köhnə dostumdur. Evimdə qalmasında nə qəbahət var ki?” – desə də, onun belə narahat edildiyini eşidən Gülən bir daha həmin evə getmir. O ərəfədə bir dəfə yenə İzmirdən gələrkən İstanbulun girişində axtarış aparan hərbçilərlə qarşılaşır. Axtarış dəstəsinin başçısı ərzurumlu zabit idi. Gülənin şəxsiyyət vəsiqəsi əlində olsa da, “Xocam, siz haralısınız?” – deyə soruşur. Gülən: “Ərzurumluyam”, – deyincə, zabit: “Mən də Ərzurumluyam, buyurun gedin”, – deyib onları buraxır.

1982-ci ildə Gülənin 1971-ci ilin aprelində xəyalını qurduğu məktəblərin açılması üçün əlverişli şərait yaranır. Prezdent Kənan Evrənin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurası özəl hazırlıq kurslarının sahiblərinə: “Hazırlıq kurslarına nə ehtiyac var. Təhsil işi ilə məşğul olmaq istəyirsinizsə, məktəb açın”, – deyə müraciət edir. Evrən Anadolu liseyləri kimi ingilis dilində təhsil verən özəl məktəblərin açılmasını istəyirdi.

Gülən bütün Türkiyə ərazisinə yayılan və bəziləri hazırlıq kursu kimi fəaliyyət göstərən yataqxanaların rəhbərlərini yataqxanaları liseyə çevirməyə təşviq edir. Belə şəraitdə bu heç də asan görünmürdü. Maddi-texniki imkanları zəif olan yataqxanaları liseyə necə çevirəcəkdilər? Ən önəmlisi, müəllim problemi necə həll olunacaqdı? Gülənin çağırışı cavabsız qalmır: İzmirdə işlədiyi ilk günlərdən yanında olan bir ovuc iş adamı və işlədiyi Kəstanəbazarı yataqxanasında yetişən müəllimlər Gülənin səsinə səs verir. Amma yenə də lisey layihəsinin qəbul edilməsi heç də asan olmur. Gülən 1999-cu ilin yanvar ayında bir müsahibəsində belə deyir: “Özəl məktəblər açıldı. Çox çətin qəbul edildi. Vəzlərdə göz yaşı tökən dostlarımın bu məsələdə tərəddüd etməsindən incidim bəzən. Xəfifcə küsən kimi oldum”.

Çünki yataqxana və liseylərin açılmasına qədər Türk insanı xeyirxah iş deyəndə daha çox məscid və imam-xətib məktəbləri üçün bina tikməyi düşünürdü. Gülən isə belə deyirdi: “Məscid tikmək də gözəldir, amma yataqxana və məktəb açsanız, daha yaxşı olar. Hər yerdə namaz qılmaq olar, ancaq hər yerdə təhsil vermək olmaz”.[6]

Bu çağırışının kifayət qədər dəstəklənməməsindən məyus olan Gülən hətta İzmirdən getməyi belə düşünür. Belə sıxıntılı günlərin birinə üzünü yoldaşlarına tutub deyir: “Bu günədək özüm üçün heç kimdən heç nə istəməmişəm. Nə vaxtsa “Vətən övladlarına sahib çıxın” deyəsi olsam, layiq olana deyərəm”.

Yataqxanaların məktəbə çevrilməsinin bir faydası da vardı: çevrilişdən sonra bəzi hərbi rejim rəsmiləri yataqxanalara güclü təzyiq edirdilər. Mövcud qanunlar işləmədiyi üçün yataqxanalar bağlanarsa, bir şey etmək mümkün olmayacaqdı.

Lakin tələbə yataqxanasının məktəbə çevrilməsi iş adamlarından böyük maddi dəstək, idarəçilər və müəllimlərdən də sonsuz fədakarlıq tələb edirdi. Gülən ümidli idi. İzmirdə bir yataqxanaya baş çəkərkən adyalına bürünüb dəhlizin bir küncündə yatanın müəllim olduğunu öyrənincə göz yaşlarını saxlaya bilməyib belə demişdi: “Bu fədakarlıq bu müəssisələri irəli aparacaq”.

Anası ilə görüşə gecikincə..

İlk olaraq 1982-ci ildə İzmirdəki Bozyaxa Yataqxanası Yamanlar liseyinə çevrilir və 28 şagirdlə fəaliyyətə başlayır. Həmin il İstanbulda Fateh, Bursada Nilufər liseyi açılır. Növbəti ildə Ankarada Samanyolu liseyi tədrisə başlayır. Samanyolu liseyinin torpaq sahəsini sabiq nazir Əbdülkərim Doğru (Abdülkadir Doğru) vermişdi.

Çevriliş ab-havasında, hərbi rejimin hakim olduğu bir dövrdə ax­tarışda olmaq Güləni çox narahat edirdi. Xüsusilə, 1982-ci ilə qədər ötən iki il ərzində hər şeydən təcrid olunmuşdu. Dostları belə onunla çətinliklə əlaqə saxlayırdı. Bəzi gecələr yatmağa yer də tapa bilmirdi. 2000-ci il may ayının 19-da ABŞ-da bir söhbətində o illəri xatırlayarkən: “1982-ci ildə çox çətinlik çəkdim və “hər halda öləcəyəm” deyə düşündüm”, – demişdi. Çünki öz sözü ilə desək, ömrü məşəqqətlər içində keçən və uzun müddət təqib olunan “Səfillər” romanının qəhrəmanı Jan Valjan kimi axtarılırdı. Şəkər xəs­təliyi də həmin il İstanbulda tək qaldığı evdə şiddətli soyuqdan xəs­tələnəndə ortaya çıxmışdı. Özünü Viktor Hüqonun Jan Valjan obrazı ilə müqayisə etməsi əbəs deyildi: “1980-ci ildə təcrid dövrü başladı. İlk beş-altı ili çox ağır keçdi. Bəzən bir yerdə bir saat qalmaq mümkün olmurdu. Ancaq yer dəyişdirirdim”.[7]

2008-ci il iyunun 10-da Gülənlə ABŞ-da görüşərkən belə dedi: “Rahat oturub dua etməyə bir ev belə tapa bilmirdik”.

1983-cü il fevralın 12-də İzmirdə Gülənin anasının qaldığı evə basqın edilir. Əslində, basqın vaxtı anasının yanında olmalıydı. Ancaq ayağına geyindiyi yun corabın yırtıq olduğunu görüb yarım saat corabın yırtığını tikmişdi. Buna görə də anası qalan evin önünə çatanda basqından 10 dəqiqə keçirdi. Basqın olduğunu başa düşüb içəri girmədən geri qayıdır. Gələn məmurlar anasından: “Allah xatirinə, de görək oğlun hardadır?” – deyə soruşurlar. Ancaq anası da o vaxt oğlunun harada olduğunu bilmirdi. Oğlumun son bir neçə ildə çəkdiyi sıxıntılar Rəfiyyə xanımı xeyli zəiflətmişdi. O günlərdə Gülənin dostu Muammər Türkyılmaz (Muammer Türkyılmaz) həyat yoldaşı ilə birlikdə Rəfiyyə xanımın ziyarətinə gəlmişdi. Türkyıl­mazın həyat yoldaşının “Çox düşmüsünüz” sözünə Rəfiyyə xanım belə cavab vermişdi: “Bunlar sənin övladının başına gəlsəydi, sən də mənim kimi olardın”.

Güləni tapa bilməyən hərbi rejim 2 mart 1983-cü ildə onun iki qardaşını həbs edir. İzmirdə Gülənin qardaşları Saleh və Məsihlə birlikdə həbs olunanların sayı 20 nəfəri keçir. 45 kitab və 439 vəz kaseti müsadirə edilir. Onun qardaşları bir müddət həbsdə qalandan sonra azadlığa buraxılır.

1983-cü ilin yayında Gülənin İstanbulda Altunizadədə qaldığı evə də basqın edilir. Gülən dizləri qarnına sıxılmış vəziyyətdə iki divar arasında dörd saat oturur. Basqın dəstəsi bir məlumat əsasında İzmirdən göndərilmişdi. Güləni qaldığı evin qarşısındakı xəstəxananın eyvanından üç gün izləmişdilər. Gülən evdə olsa da, basqın zamanı onu heç cür tapa bilmirlər. Basqın edənlərdən biri: “Ya burdan göyə çıxdı, ya yerin altına girdi”, – deyirdi. Divar arasında keçən o dörd saatın ağrıları uzun müddət özünü hiss etdirir. Basqın dəstəsi İzmirdən gəlmişdi, lakin İzmir valisi Vəcdi Könülün (Vecdi Gönül) bundan xəbəri yox idi. İzmirdəki hərbi rejim komandanlığı 1983-cü ildə hələ də çevriliş qanunları ilə işləyirdi.

Gülən bu təqib illərində ölkə hüdudlarından kənara çıxmasa da, müntəzəm olaraq qaldığı yeri dəyişir. Günlərinin çoxunu İstanbulda keçirən Gülən hərbi hissələrə gedib tanıdığı əsgərlərə baş çəkir, Türkiyə miqyasında yeni məktəblərin açılmasına mənəvi dəstəyini əsirgəmirdi. Axtarışda olsa da, hərbi xidmətə gedən yaxın insanları mütləq yola salırdı. Bəzən getdiyi hərbi hissələrdə tanınma riski ilə üzləşirdi. Çünki bəzi hərbi hissələrin divarından asılmış axtarışda olanlar siyahısında onun da şəkli vardı. Bir neçə dəfə hətta onu tanıyanlara toxunub keçmişdi.

Böyrünə dayanan silah

Bu ərəfədə Gülən ata-baba yurdu Ahlatı da ziyarət edir. O, bu illərdə heç bir yerdə vəz vermir, yalnız 1985-ci ilin oktyabr ayından etibarən bir neçə ilahiyyatçı tələbələrə klassik İslam əsərlərini oxutdurur. 1985-ci ildə on tələbə ilə başladığı bu dərsləri İstanbul və İzmirdə davam etdirir. O tarixdən etibarən onlarla ilahiyyatçı yüzlərlə cildlik klassik İslam əsərlərini Gülənlə birlikdə “müzakirə” metodu ilə oxuyur. Məsələn, Gülən 46 000 hədisdən ibarət 16 cildlik bir kitabın 10 cildini bir ayda oxutdururdu.

12 Sentyabr təqibləri dövründə bir müddət Bəylərbəyi Məscidinin qarşısında yerləşən bir binanın damında qalırdı. Bir gün tələbəsi İsmayıl Böyükçələbiyə: “Bir araşdırın, görün Bəylərbəyi Məscidini qadın tikdirib?” – deyir. Tarixçəsini araşdıranda məlum olur ki, məscidi Osmanlı padşahı I Əbdülhəmid anası Rəbiyə Sultanın xatirəsinə 1778-ci ildə inşa etdirib. Gülən minarələrin incəliyinə baxıb məscidin bir qadın tərəfindən inşa edildiyini güman etmişdi.

Altı il davam edən bu “məchul təqib”ə 1986-cı il yanvarın 12-də Baş Nazir Turqut Özalın şəxsən müdaxiləsi ilə Burdurda son qoyulur. Əvvəllər də Burdura əsgər ziyarətinə yollanan Gülən 1986-cı il yanvarın 12-də tanıdığı bir əsgərə baş çəkməyə getmişdi. Spartada başqa bir əsgərlə də görüşəcəkdi. Gülən dostu Naci To­sunla əvvəlcə Burdura gedir. Maşını İzmir söhbətlərinin daimi dinləyicisi Əhməd Sərbəst (Ahmet Serbest) adlı dostunun oğlu Hakan Sərbəst (Hakan Serbest) sürürdü. 12 yanvar 1986-cı ildə Burdura çatanda saat 07:00 göstərirdi. Bazar günü idi.

Burdura gələr-gəlməz təqib edildiyini başa düşür. Burdurdakı əsgəri yanlarına alıb Spartaya, oradakı əsgəri də götürüb Antalya istiqamətinə hərəkət edirlər. Gülənin İzmirdən gələn iki dostu da onlara qoşulur. İkindiyə doğru iki maşınla Antalyadan çıxıb Burdur yolunun üstündə yerləşən bir məsciddə axşam namazını qılırlar. Gülən əsgərləri öz hərbi hissələrinə qoyandan sonra Burdurdan İzmirə yola düşəcəkdi.

Burdura təxminən 15 kilometr qalmış “yol qəzası baş verib“ deyə maşınların saxlanıldığını görür. Gülən maşının qabaq oturacağında əyləşmişdi. Əvvəlcə sənədlər yoxlanılır. Gülənin şəxsiyyət vəsiqəsi üstündə olmasa da, yoxlanış aparan onu tanıyır. Gülən maşının arxa oturacağına keçirilir. Dəstə komandirinin rabitə ilə ötürdüyü “əməliyyat bitdi” məlumatını Gülən də eşidir. Silahlıların biri Gü­lənin yanına keçib: “Tərpənsən, qarnını güllə ilə dolduraram”, – deyə hədələyir. O, böyrünə dayanan silahın lüləsini belində hiss edib üzülür. Burdurda maşından düşürüləndən sonra qollarından tu­tulub polis idarəsinə aparılması da Gülənin içini sızladır. Yatsı namazını hələ qılmamışdı.

Hafizə Özal: “O, Haqq aşiqidir”

Güləni aparan hərbi rejimin kəşfiyyat xidməti 12 Sentyabrdan altı il keçməsinə baxmayaraq, hələ də çevriliş “qanunları” ilə işləyirdi. Burdur Polis idarəsində Güləni sorğu-suala tutanlardan biri: “Danışsanız gedəcəksiniz, əks halda günlərlə burada qalmalı olacaqsınız”, – deyirdi. Gülən: “Siz ictimai asayişdən danışırsınız. Əgər sizin əlli nəfəriniz qədər bu millətin asayişinə xidmət etməmişəmsə, özümü buradan aşağı ataram”, – deyə cavab verir. Sorğu-sualı aparan onun sözlərini təsdiq edir: “Doğrudur, xidmət etmisiniz. Lakin çevrilişdən sonra təslim olmadığınıza görə, kommunistlərlə tərəzinin eyni gözünə qoyuldunuz”.

Sorğu-sualı aparan bir başqa şəxs isə Gülənin başı üstündə dayanıb ağzına gələni danışaraq onu incidirdi. Gülən: “Burada mövqeyimiz eyni deyil. Sən burada hakimsən. Mən oturmuşam, sən gəlib başımın üstündə danışırsan”, – dedi. Gülən dəmir barmaqlıqlı kameraya salınmışdı. Hava çox soyuq idi, ayaqları üşüyürdü. Altına bir kətil çəkir. Əlüzyuyan və ayaqyolu kameranın qarşısında idi. Bir gənc polis gəlib: “Bornovada söhbətlərinizi çox dinləmişəm. Bir əmriniz varsa, məmnuniyyətlə”, – deyir. Bir müddət sonra bir komissar da əlini yumaq adı ilə kameranın qarşısındakı əlüzyuyana yaxınlaşıb Gülənə hər cür köməyə hazır olduğunu deyir. Gülən hər ikisinə də təşəkkür edir.

Həmin gün gecə saat 01:00-da Ana Vətən Partiyasının Biləcik millət vəkili Rəcəb Qaya (Recep Kaya) İstanbulda Ərənköydə, evində idi. Onun evinə zəng edən Kamal Əriməz vacib məsələ olduğunu, evinə gəlib onunla görüşmək istədiklərini bildirir. Təxminən gecə saat 02:00-da millət vəkili Qayanın evinə gələn Gülənin iki dostu onun Burdurda həbs edildiyini deyib, işin şəffaf aparılması üçün Turqut Özalın məsələdən xəbərdar edilməsini xahiş edirlər. Qaya əvvəlcə Daxili İşlər Naziri Yıldırım Akbuluda (Yıldırım Akbulut) zəng edib: “Fəthullah Xoca Burdurda həbs edilib. Ac-susuz polis idarəsinin zirzəmisində saxlanılır”, – deyir. Xəbərə təəccüblənən Akbulud Qayaya: “Təcili Baş Nazirə zəng et, xəbər ver”, – deyir.

Rəcəb Qayanın həyat yoldaşı Özalın dayısı Mustafa Asim Doğanın qızı idi. Qaya həm Özalla qohum, həm də ANAP-ın qurucularından idi. Rəcəb Qaya Baş Nazirliyə zəng vurur. İlk iki zəngdə telefon məşğul verir. Üçüncü zəngdə telefona Özalın mətbuat katibi Hüseyn Aksoy cavab verir. Gecə saat 02:30 idi. Aksoyun “Nə məsələdir?” sualına Qaya “Təcili və çox özəl məsələdir” cavabını verir. Bir dəqiqə sonra Özal xətdə idi. Rəcəb Qaya: “Əfəndim, Fəthullah Xoca Burdurda həbs edilib”, – deyən kimi Özal: “Xəbərim oldu, Qalib məlumat verdi”, – dedi. Qalib Dəmirəl (Galip Demirel) Daxili İşlər Nazirliyinin baş katibi idi. Özal Ədliyyə Naziri Nicat Eldəmə (Nicat Eldem) zəng edib hadisənin təfərrüatını öyrənmişdi.[8]

Daxili İşlər Nazirliyinin baş katibi Qalib Dəmirəllə yanaşı həmin gecə Baş Polis İdarəsinin rəisi Saffet Arıqan Bədük də Gülənin həbs olunmasından xəbər tutmuşdu. Dəmirəl və Bədük Burdur valisi İsmayıl Güninə və Burdur Polis İdarəsinin rəisi Nail Bozqurda zəng edərək Gülənin vəziyyəti haqqında məlumat alıb Özala çatdırmışdılar. Gülənin hərbi rejimdən qalma axtarış əmrinə görə həbs edildiyini öyrənən Özal: “Ölkədə hələ də hərbi rejim var? Bir günahı varsa, məhkəməyə göndərilsin, yoxdursa, sərbəst buraxılsın”, – demişdi. Türkiyənin bəzi bölgələrində hələ də fövqəladə vəziyyət hökm sürsə də, Özal mülki hüququn bütün ölkəyə hakim olmasını istəyirdi. Üstəlik Güləni iyirmi ildən çoxdur, tanıyırdı.

Turqut Özal kimi Rəcəb Qaya da Güləni çoxdan tanıyırdı. 1979-80-ci illərdə Gülənin söhbətlərini çox dinləmişdi. Hətta bir dəfə Gülənin vəzini dinləyəndən sonra həyat yoldaşının bibisi Hafizə Özalın (Turqut Özalın anası) Kiçikyalıda yerləşən evinə getmişdi. Hafizə Özal Gülən haqqında: “O, Haqq aşiqidir. Bizim Yusiflə həm­yaşıddır. Onun göz yaşlarında bərəkət var. Bizim Turqut da, Qorqud da onu çox istəyir”, – demişdi.

Burdurdakı acı günün sonu

Həmin gecə Məhəmməd Əmin Özkan (Muhammed Emin Özkan) Gülənə vəkillik etmək üçün İstanbuldan Burdura gəlir. Özkan Gülənin çox sevdiyi Nəcib Fa­zil Qısakürəyin də vəkili idi. 13 yanvar 1986-cı il bazar ertəsi sə­hər saat 9:00-da Burdura çatır.

Həmin gün səhər Gülən dindirilir. İstintaqı aparan: “Sən Tür­ki­yəyə şəriət rejimi gətirmək, Cümhuriyyəti devirmək və dini əsaslar üzərində dövlət qurmaq istəyən bir cəmiyyətin başçısısan”, – deyir. Gülən isə: “Mən bu dövlətin vaizi kimi illərlə kürsülərdə Allahdan və Peyğəmbərdən danışdım. İmkan olsa, yenə danışaram”, – deyə cavab verir.

Sorğu-sual vaxtı Ana Vətən Partiyasının Burdur şöbəsinin səd­ri Səid Əkinçi (Said Ekinçi) Gülənə baş çəkir. Onlar Siyasi Şöbə rəisinin otağında görüşürlər. Əkinçi Gülən üçün bir vəkil də gətirmişdi. “Bir əmriniz, istəyiniz varmı?” – deyə Güləndən soruşur. Gülən: “İfadə veririk, tə­şəkkür edirəm”, – deyir. Baş Nazir Turqut Özalın müdaxiləsilə Gülən həbsxana kamerasından çıxarılıb bir otaqda sorğu-sual edilirdi. Gülən “Niyə təslim olmadınız?” sualına belə cavab verir: “Qaldığım yerdən getmişəm, sonra siz gəlmisiniz. Allah məni sizinlə qarşılaşdırmadı. Mən də öz iradəmlə gəlib təslim olmaq istəmədim”.

Burdura gələn vəkil Özkan ilk öncə Ədliyyə Nazirliyinin Burdur şöbəsinə gedir. Gülənin həbs qərarının məzmunu ilə tanış olmaq istəyirdi. Özkan Ədliyyə şöbbəsində təəccüblü mənzərə ilə qarşılaşır: Gülən haqqında həbs qərarı yox idi. Ədliyyə binasından çıxar-çıxmaz birbaşa Gülənin saxlandığı polis məntəqəsinə yollanır. Polis İdarəsinin rəisi Nail Bozqurda (Nail Bozkurt) Gülənlə görüşmək istədiyini bildirsə də, Bozqurd icazə vermir.

Nail Bozqurd: “Kəşfiyyat xidməti həbs edib, biz qarışmırıq”, – deyir. Normal şəraitdə, yəni müharibə və ya fövqəladə vəziyyət olmayanda Polis idarəsi yalnız prokurorun qərarı ilə kimisə nəzarət altına alıb dindirə bilərdi. Çevrilişdən altı il ötmüş, Türkiyə isə üç il əvvəl demokratiyaya keçmişdi. Buna baxmayaraq, hərbi rejimin kəşfiyyat xidməti altı il əvvəl verilmiş bir axtarış qərarı ilə onu həbs etmişdilər. Elə bil çevrilişin ilk günləri idi.

Türkiyədə çevriliş və hərbi rejim kəşfiyyat xidmətinin insanları öz “qanunlar”ına görə nəzarət altına alması demək idi. 12 Mart və 12 Sentyabr çevrilişilərindən sonra da belə olmuşdu. Bu istintaqlarda əsas hüquq deyil, “kəşfiyyat raportu” idi. 12 Martdan sonra Baş Nazir Nihad Erim nəzarətə götürülən universitet müəllimlərinin təcili azadlığa buraxılmasını tələb edəndə kəşfiyyatçılar: “Bu müəllimlər dövlət əleyhinə gizli fəaliyyət göstəriblər”, – demişdi. Lakin məh­kəmə hamısını azad etmişdi. O vaxtlar Türkiyədə vəziyyət belə idi. Hərbi rejimə arxalanan bu kəşfiyyatçılar hətta baş nazirlə də hesablaşmırdılar. Baş Nazir Turqut Özal Milli Təhlükəsizlik Şurasının toplantısında Fəthullah Gülənə zamin dursa da, Gülən hələ də bəzi hərbi rejim kəşfiyyatçılarının gözündə təqsirli idi.

Vəkil Özkanın Gülənlə görüşmək üçün vəkalətnaməyə ehtiyac vardı. Gülən polis idarəsində olduğu üçün ancaq Burdur notariusunun bölməyə gəlməsi ilə vəkalətnamə verə bilərdi. Burdur notariusluğunun nümayəndəsi polis idarəsinə gəlir. Polis rəisi əvvəlcə notariusa icazə vermir. Vəkil Özkan: “Hazırda nəzarətdə saxladığınız Fəthullah Gülən mənə vəkalətnamə vermək istəyir. Notariusun hər yerə girmək hüququ var”, deyəndən sonra məcbur qalıb razı olur. Notarius Gülənin yanına buraxılır. Ancaq Gülənin şəxsiyyət vəsiqəsi İzmirdə qalmışdı. Vəkalətnamə isə şəxsiyyət vəsiqəsi olmadan verilmirdi. Bu halda yalnız iki nəfərin şahidliyi ilə vəkalətnamə almaq mümkün idi. ANAP-ın Burdur şöbəsinin sədri Səid Əkinçi[9] və Səhiyyə Nazirliyinin Burdur şöbəsinin müdiri doktor Hüseyn Rəncbər (Hüseyin Rençper) ona şahidlik edir.

Vəkil Özkan vəkalətnaməni Polis idarəsi rəisinə verib: “Bu andan etibarən mən Fəthullah Gülənin vəkiliyəm. Onunla görüş tələb edirəm”, – deyir. Özkan rəisin icazəsi ilə alt mərtəbəyə düşəndə Gülən bir otaqda tək-tənha stulda oturmuşdu. Əvvəlcə onu rahatlatmağa çalışır. Daha sonra isə: “Sizin nəzarət altına alınmağınız və ya həbs olunmağınız haqda heç bir əmr yoxdur. Bütün vilayətlərin polis şöbələrindən maraqlanıblar. Yalnız İzmir Polis şöbəsi “axtarırıq” deyib. Bizi İzmirə göndərəcəklər”, – deyir.

Həmin gün ikindiyə doğru Gülənin ifadəsinin alınması yekunlaşır və İzmirə göndərilməsi haqda qərar verilir. Bu qərarın verilməsində Baş Nazir Özalın müdaxiləsi də az rol oynamır. Gülən bir neçə il sonra Özalı minnətdarlıqla anmışdı: “Turqut bəyin o yaxşılığını, o gün göstərdiyi alicənablığı heç vaxt unuda bilmərəm”. Özalın işə müdaxiləsi xəbəri Burdura çatanda müstəntiqlərin də Gülənə münasibəti dəyişmişdi. O vaxta qədər müstəntiqlər Gü­ləni təhqiramiz ifadələrlə təhdid edirdilər. “Kommunistlərdən də pissən”, “Səni danışdırmağın yolunu bilirik”, “Əslində, səni nəzarət altına alanda öldürəcəkdik, amma ətrafda çox adam var idi” kimi sözlər... Özalın məsələyə müdaxiləsi ilə bu xoşagəlməz sorğu-suala da son qoyulmuşdu. Baş Polis İdarəsi, Daxili İşlər Nazirliyi və Burdur arasında telefon bağlantılarından sonra hərbi rejimin qərarına əsasən Gülənin altı ildir axtarışda olduğunu söyləyən İzmir Polis İdarəsi də artıq “Fəthullah Güləni axtarmırıq” deyirdi. Müsahibə əsnasında Gülən belə dedi: “Məni saxlama kamerasından çıxarıb otağa aparanda “bu gecə zənglər bir-birinə qarışdı” dediklərini eşitdim”.

Gülənin Burdurda nəzarət altına alınması İzmirdə hərbi rejimdən qalma axtarış qərarı idi. Proseduraya görə, Gülən əvvəlcə İzmirə göndərilməli, oradan sərbəst buraxılmalı idi. Gülən və yanındakı polis heyəti həmin gün gecə yarısı İzmirə çatır. Gülənə yoldaşlıq edən komissar əvvəlcə evə gedib anası ilə görüşməsinə və şəxsiyyət vəsiqəsini götürməsinə icazə verir. İzmir Polis İdarəsində Güləni növbətçi rəis qarşılayır. Daha sonra İzmir Polis İdarəsinin rəisi Əhməd Qaraqurd (Ahmet Karakurt) evindən idarəyə gəlir. Güləni idarənin beşinci mərtəbəsində yerləşən Siyasi şöbəyə çıxarırlar. Əhməd Qaraqurd etiraz edərək: “Mən qəbul etmirəm, biz belə bir adamı axtarmırıq”, – deyir. Çünki nə Hərbi Rejim Komandanlığı, nə də mülki prokurorlar Gülən haqqında hər hansı bir istintaq və cinayət işi açmamışdı. Sadəcə köhnə axtarış qeydi var idi.

Bir müddət sonra Gülənə: “Kəşfiyyat xidməti bu işdən geri çəkildi. Sizi yenidən Burdura göndərəcəyik”, – deyirlər. Bütün bunlar İzmirdə 12 Sentyabr hərbi rejiminin tamamilə ləğv olunmadığını gös­tərirdi.

İzmir polisi Gülənin heç İzmirə gətirilməmiş kimi Burdura qaytarılıb orada azad edilməsini istəyirdi. Lakin Gülənin vəkili Özkan: “Xeyr, ora göndərə bilməzsiniz. Madam ki göndərəcəkdiniz, o halda bizi nə üçün bura gətirdiniz? Ya bizi məhkəməyə göndərin, ya da sərbəst buraxın”, – deyə etirazını bildirir. Burdur Polis İdarəsi də Gülənin geri qaytarılmasını istəmirdi. Burdur Polis İdarəsinin rəisi İzmir polisinə: “Sizin hərbi rejiminiz axtarırıdı. Onun üçün nəzarət altına alınmışdı. İndi nə üçün qəbul etmirsiniz?” – deyirdi. Vəkil isə: “Nə prosedura varsa, yekunlaşdırıb sərbəst buraxın”, – deyə israr edir. Nəhayət, məsələnin yolunu tapırlar. Gülənin Burdura qaytarılıb oradan da azadlığa buraxılması haqda protokol tərtib edilir. O, artıq azad idi.[10] Gülən üçün 12 Sentyabr çevrilişi və hərbi rejimi məhz o gün sona çatır.

Hərbi rejimin qüvvədən düşmüş qərarı və altı il çəkən məşəqqət

Polis məntəqəsindən çıxan Gülən vəkili və bir neçə nəfərlə birlikdə İstanbula yola düşür. Vəkil Özkan: “Xocam, çox acmışıq, qonaqlıq sizdən,” – deyir Yolda yanacaq doldurma məntəqələrinin birində maşından düşürlər. Gülən hamıya yemək sifariş edir. Neçə il sonra TRT kanalında Reha Muxtarın (Reha Muhtar) verlişində o günlərdən danışarkən: “O gün taksi ilə İstanbula gələrəkən inşirahımın (könül rahatlığımın) sərhədini təsəvvür edə bilməzsiniz” demişdi.

İzmir Hərbi Rejim komandanlığının Gülən haqqında axtarış əmri əslində qüvvədən düşmüşdü. Bu, 1986-cı il yanvar ayının 13-də ortaya çıxdı. O dövrdə Hərbi Rejim komandirləri bir şəxs haqqında axtarış qərarı çıxarmaq, üç ay istintaqsız həbsdə saxlamaq kimi geniş səlahiyyətlərə malik idi. Elə o vaxt da İzmirdə bir zabit bu səlahiyyətindən istifadə edib Gülən haqqında axtarış qərarı çıxarmışdı. Qərar qüvvədən düşməli olsa da, hər dəfə əsassız olaraq yenilən-yenilənə 1986-cı ilə qədər gəlib çıxmışdı.

Gülənin azadlığa buraxılmasından bir həftə sonra 1986-cı il yanvarın 20-də Ankaraya gələn Kamal Əriməz Baş Nazirlikdə T. Özalla görüşüb Gülənin təşəkkürünü çatdırır. Özal isə Əriməzə: “Xocaəfəndiyə söylə, mənə dua etsin”, – deyir. Gülən bir qədər sonra Biləcik millət vəkili Rəcəb Qayanın Kadıköydə yerləşən bürosuna baş çəkib o gecəki köməyinə görə təşəkkür edir.

O, artıq tamamilə azad idi. İzmirə gediş-gəlişini davam etdirirdi. 1986-cı ildən etibarən mütəmadi olaraq İstanbula gedib-gəlir. Altı ay sonra 6 aprel 1986-cı ildə Böyük Çamlıca məscidində vəz verir. Bu vəz onun 6 il sonra kürsüyə qayıdışından xəbər verirdi. Gülən deyirdi: “Zaman daim dövran edir. Zaman düz xətt boyunca irəliləmir. Kimisinə bu gün bayram, kimisinə sabah. Bu gün dərənin dibində iməkləyənlər sabah zirvələri fəth etməyə namizəddir...” Həzrəti Mə­həm­mədin sahabələrə “dostlarım”, qiyamətdən əvvəl gələcək insanlara isə “qardaşlarım” dediyini xatırladırdı. Peyğəmbərimizin “qardaşlarım” tərifinə layiq görülən bu insanlar “ileyi-kəlimatullah” uğrunda yollara düşən bu günün “xidmət fədailəri” idi.

Səudiyyə polisi Güləni nəzarət altına alır

Gülən 6 iyun 1986-cı ildə müqəddəs torpaqları üçüncü dəfə ziyarət edir. Bu üçüncü həcc ziyarətində Mədinədə, Allah Rəsulunun məzarı yerləşən “Məscidi-Nəbəvi”də olarkən namazdan sonra hacılar ətrafına toplaşır. O illər həcc ziyarətində bəzi insanlar gələn hacılarla müxtəlif mövzularda söhbət edirdilər. Bu söhbətlər bəzən siyasi məzmunda olurdu. Bəziləri Güləndən “Siz də söhbət edin” deyə xahiş etsə də, o, Rəsulullahı nəzərdə tutaraq: “Söz Sultanının məscidindəyik. Onun yanında danışmaqdan həya edirəm”, – deyirdi.

Avropadan həcc ziyarətinə gələn bəzi türk zəvvarlar Mədinədə Güləni görən kimi yanına gəlib onunla qucaqlaşırlar. Səudiyyə polisi sırf bir neçə nəfərin Gülənlə görüşdüyünü görüb onu polis şöbəsinə aparır. İş adamı Əli Qatırçıoğlu da Gülənin yanında idi. Qatırçıoğlu təcili bir taksi tutub Egey Universitetinin tibb fakültəsini bitirib Mədinədə işləyən iordaniyalı həkim Əhməd Kayidi (Ahmed Kayid) axtarmağa yollanır. Kayid İzmirdə tələbəlik illərindən Güləni tanıyırdı. Gülən ancaq Kayidin məsələyə müdaxiləsi və zamin durması ilə sər­bəst buraxılır. Sərbəst buraxılanda bir daha həmin hərəkəti təkrarlamayacağı haqda sənədə qol çəkdi. Yəni heç kimlə qucaqlaşıb görüşməyəcəkdi. Əks halda cəzası həcc ziyarətini başa vurmadan departasiya edilmək idi.[11]

Bir neçə türk hacı əlini öpdüyünə görə polis idarəsinə gedib izahat verən Gülən o gün Türkiyədəki demokratik quruluşun dindar insanlar üçün nə qədər qiymətli olduğunu görür. Türkiyə demokratik sisteminin bəzi çatışmazlıqları olmasına baxmayaraq, hələ də fikir azadlığını məhdudlaşdıran Türkiyə Cinayət Məcəlləsinin 163-cü maddəsi qüvvədə olsa da, bir-biri ilə qucaqlaşdığına görə heç kim polis idarəsinə aparılmırdı.

Burdurdakı hadisədən sonra Gülən artıq axtarışda deyildi, həcc ziyarətinə gedəndə də problem olmamışdı. Ancaq onun qısa müddətdə azadlığa buraxılmasından narahat olanlar yox deyildi.

Türkiyənin Qərb bölgələrindən fərqli olaraq Şərq vilayətlərində hələ də hərbi rejim işləyirdi. 1970-ci illərdə İzmirdə Ali İslam İnstitutunda təhsil alarkən Gülənlə tanış olan və Onun vəz verdiyi Bornova Məscidinin xocası olan Mehmet Özyurd (Mehmet Özyurt)[12] Diyərbəkirdə nəzarət altına alınıb həbs edilmişdi.

Türkiyə Cümhuriyyəti Cinayət Məcəlləsinin 163-cü maddəsi hələ də qüvvədə idi. 1986-cı ildə Türkiyədə “irtica” ətrafında gedən müzakirə və mübahisələr qızışmağa başlamışdı. Diyərbəkir həbsxanasına salınan Özyurdun qeyd dəftərindəki bəzi qeydlərinə görə Gülənin adı da bu hadisədə hallanır. Xəbər Gülənin vəz kasetlərindən çəkilmiş şəkli ilə birlikdə qəzetlərin manşetində verilir. Bəzi qəzetlərdə şəklin altında “Budur Fəthullah Xoca” yazılmışdı. Bundan sonra Gülən də istintaqa daxil edilir.

Gülən hələ həcc ziyarətində idi və nəyə görə ittiham olunduğunu bilmirdi. Burdur hadisəsindən çox keçməmiş gələn xəbərlər xeyirə əlamət deyildi. Barəsində axtarış əmrinin olub-olmaması da dəqiq bilinmirdi. Hadisənin təfərrüatını öyrənmədən Türkiyəyə enər-enməz hava limanında təyyarənin qapısında nəzarət altına alınmaq istəmirdi. Onunla birlikdə həcc ziyarətinə gələn tələbələri İsmayıl Böyükçələbi və Barbaros Qocatürkü (Barbaros Kocatürk) əvvəlcədən təyyarə ilə Türkiyəyə göndərir. Türkiyəyə enən təyyarənin çıxış qapısında iki mülki məmur bütün sərnişinlərin sənədlərini yoxlayırdı. Böyükçələbi vəziyyəti telefonla Gülənə çatdırır. Gülən də Türkiyəyə bu təyyarə ilə gəlməli idi. Çox ehtimal ki, sənədlər də onun üçün yoxlanılırdı.[13]

Bunun bir təxribat olduğunu düşünən Gülən Türkiyəyə avtobusla getmək, Diyərbəkir hadisəsinin əsl mahiyyətini öyrəndikdən sonra könüllü prokurorluğa gedib ifadə vermək qərarına gəlir. 1986-cı ilin sentyabr ayı idi. Gülən öncə Ciddədən təyyarə ilə İordaniyanın paytaxtı Ammana, oradan da Suriyanın paytaxtı Şama gedir. Şamdan Türkiyə sərhəddində yerləşən Hələb şəhərinə gedəcək, orada da Kilisdən Türkiyəyə keçəcəkdi. Gülən Həyati Yavuz (Hayati Yavuz) adlı dostu ilə birlikdə idi. Hələbdə sərhəddən keçirmə işi ilə məşğul olan adamlar var idi. Gülən 11 gün Hələbdə qalır. Suriya avtoritar rejiminin xalqa təzyiqlərini, zülmünü öz gözləri ilə görür. 11 gün Hələbdə hoteldə qalan Gülən tezliklə Türkiyəyə keçmək üçün hər gün dua edir. Vizası 15 günlük idi.

Gülən bələdçi ilə birlikdə Kilisin 10 kilometrliyində yerləşən bir Suriya kəndində qonaq olur. Qonaq qaldıqları evin divarında Yılmaz Güney və Mustafa Bərzaninin şəkilləri asılmışdı. Ev sahibi Gülənin həcdən gəldiyini öyrənincə gəlinini və övladlarını həyətə çıxarıb Güləni və dostu Həyati Yavuzu qonaq etmişdi. Gülən və dostu kənddən çıxıb əvvəlcə bir dağı aşmalı, sonra qumluq ərazidən keçməli olurlar. Ayaq izləri bilinməsin deyə ayaqqabılarını çıxarmışdılar. Çünki Suriya Təhlükəsizlik xidməti Müxəbəratın gözünə görünmək uzun sorğu-suallar və həbsxana demək idi.

“Ölmək üçün hansı günü gözləyirsiniz?!”

Gülən qumluq ərazidən sonra tikanlı tarlada bir kilometrlik məsafəni corabla keçmək məcburiyyətində qalır. Sərhəd bölgəsi olduğundan minaya düşmə təhlükəsi də var idi. O, sonralar bu səfəri xatırlayarkən: “Dizlərimə qədər tikan batdı”, – demişdi. Ayaqları deşik-deşik olmuş, yaraları irinləmişdi. “20 dəqiqə piyada gedəndən sonra Türkiyəyə çatacaqsınız” desələr də, bu yol altı saat çəkən iztirablı bir gecəyə çevrilir.

Sonralar “Ayağımdan dizimə qədər yüzlərlə tikan batmışdı. Saatlarla tikan təmizlədim”, sözləri ilə xatırladığı bu səfəri başa vurub sərhədi keçir. Bir müddət Kilisdə bir kənddə dincələn Gülən Qaziantepdən Ankaraya, oradan da İzmirə keçir. İzmirdə səhər saat 07:30-da İzmir Dövlət Təhlükəsizlik Məhkəməsinə gedir. Prokurorlar hələ gəlməmişdi. Gülən bir saata yaxın gözləyəndən sonra DTM-nin baş prokuroru Ənvər Günər Tuncellinin (Enver Güner Tuncelli) otağına girərək: “Mən axtardığınız Fəthullah Xocayam. Məni axtarırmışsınız. İfadə verməyə gəlmişəm”, – deyir. Baş prokuror Tuncelli Güləni qəflətən qarşısında görüb çox təəccüblənir. Hərbi prokuror Kapitan Mustafa Çabuku çağırtdırıb Fəthullah Xocanın gəldiyini bildirir. Sonra Gülənə: “Prokuror Mustafa bəyin otağına gedin, ifadənizi alsın”, – deyir.

İfadə götürən hərbi prokuror Gülənə təkcə Diyarbəkirdə həbs olunan Özyurd barəsində sual vermir. Prokurorun “12 Sentyabrdan sonra nə üçün təslim olmadınız?” sualına Gülən belə cavab verir. “Əvvəlcə təslim olmaq istəmədim. “Sonra gedərəm” düşündüm. Amma sonra da güvənmədim, təslim olmadım”. Hərbi prokuror Çabuk sorğu-sual əsnasında Gülənə: “Sizdən xüsusi olaraq bir şey soruşacağam”, – deyib ifadəni yazan katibəyə “bu hissəsini yazma” deyə işarə edir. Sonra üzünü Gülənə tutub: “Atatürk haqqında nə düşünürsünüz?” – deyə sual verir. Gülən Atatürk haqqında fikirlərini bildirib: “Hərb dühasıydı”, – deyir. Aldığı cavabdan məmnun olan prokuror katibəyə dönüb: “Bu yeri də yaz”, – deyir. Beləcə prokurorun Atatürk haqqında sualı və Gülənin cavabı ifadədə öz əksini tapır. Prokuror onun ifadəsini aldıqdan sonra: “Gedə bilərsiniz. Amma İzmirdən kənara çıxmayın. Yenidən çağırılmağınıza ehtiyac ola bilər”, – deyir.

Bir müddət sonra hərbi prokuror Güləni yenidən çağırır. Gülənin pasportunda Suriya möhürü vardı. Prokuror Güləndən Suriyaya niyə getdiyini və qayıdarkən niyə oradan keçdiyini soruşur. Gülən isə həcc ziyarətindən qayıdarkən quru yolu ilə gəlmək istədiyi üçün Suriyadan keçmək məcburiyyəndə qaldığınu deyir. Daha sonra ifadəsinə bunları əlavə edir: “Bu ölkələr çox qəribə idarə olunur. Mənim üçün oradan keçmək çox faydalı oldu. Türkiyənin cənnət vətən olduğunu bir daha öyrənmiş oldum”.

Prokuror Gülənə qarşı irəli sürülən ittihamın ləğvi haqqında qərar verməzdən əvvəl Egey Ordu Komandanlığına və İzmir Polis İdarəsinə məktub göndərir. İzmir Hərbi Rejimini təmsil edən Egey Ordu Komandanlığı hərbi rejim tərəfindən Gülən haqqında istintaq əmrinin olmadığını, barəsində cinayət faktı kimi hər hansı bir sənədin tərtib edilmədiyini bildirir. İzmir Polis İdarəsi də eyni cavabı verir. Üstəlik 15 aprel 1983-cü il tarixində İzmir Hərbi Rejimi Baş Prokurorluğu tərəfindən Gülən barəsindəki təhqiqatın dayandırılması haqda verilmiş qərar var idi.

Bununla əlaqədar olaraq hərbi prokuror Mustafa Çabuk Gülən haqqında təhqiqatın dayanadırılması haqda qərar verir. Qərarda deyilirdi:

“Nəticə olaraq, uzun müddət istintaq aparılmasına baxmayaraq, Fəthullah Gülənin Bornovada işlədiyi müddətdə və sonrakı illərdə dünyəvilik prinsiplərinə zidd və şəriət rejimi qurma istiqamətində fəaliyyət göstərdiyinə dair heç bir dəlil əldə edilməmişdir”.

1986-1987-ci illər Türkiyədə aktual məsələlərdən biri də irtica idi. 1986-cı ildə prezident Kənan Evrənin Çuxurova Universiteti məzunlarının məzuniyyət tədbirində etdiyi çıxışla hicab problemi ortaya atılmış oldu. Bir tərəfdən PKK terror təşkilatı ilə mübarizə aparan Türkiyə digər tərəfdən də inanclı-inancsız, dünyəvilik-anti­dünyəvilik qütbləşməsinə doğru addım-addım irəliləyirdi.

12 Sentyabrdan əvvəl: “Gedin dükanlarınızı açın və malınızı qoruyarkən şəhid olun, təlaşa düşüb üç-dörd soyğunçuya təslim olmayın”, – deyən Gülən eyni mövqeyi Anadolunun cənub-şərq bölgələrinə təyin edilən bir neçə müəllimlə görüşündə də ortaya qoyur. PKK terroru məhz bu ərazilərdə baş qaldırmışdı. Güləni ziyarət edən müəllimlər cənub-şərqi Anadoluda təyinat yerinə getməyin təhlükələrindən danışır, can təhlükəsizliyinə təminat olmadığını de­yirlər. Gülən müəllimlərə: “Millətimiz uğrunda ölmək üçün başqa hansı günü gözləyirsiniz? Siz gedin, ölsəniz, gəlib canəza namazınızı qılaram”, – deyə cavab verir.[14] O illərdə cənub-şərqə təyinat alan dövlət məmurları ciddi problemlərlə üzləşirdi. Həkimlər və müəllimlər cənub-şərq bölgələrinə təyinat yerinə getmək istəmirdilər.

Süleymanoğlunun uğuru Güləni ağladır

Ağır atletika üzrə dünya çempionu Naim Süleymanoğlu 1988-ci il iyunun 27-də İngiltərənin Kardif şəhərində keçirilən ağırlıq qaldırma üzrə Avropa çempionatında üç qızıl medal qazanaraq dünya rekordu vurmuşdu.[15] Həmin gün Gülən İzmirdə qaldığı Bozyaxada televizorun qarşısında əyləşmişdi. Naim Süleymanoğlu kürsüyə çıxmışdı və Türk bayrağı ən yüksəkdə idi. Gülən tələbələrini oturduğu salona çağırır. Onlar salona gələndə Gülənin gözlərindən yaş axırdı. Ekranda Naim Süleymanoğlunun şəkli və Türk bayrağının siluetini İstiqlal Marşı müşayiət edirdi. O dövrdə belə əlamətdar hadisələr o qədər çox olmurdu. Türk bayrağı ilk dəfə belə bir yerdə dalğalanırdı.

Gülənə görə, bu mənzərə türk insanının Osmanlı dövründə III Sultan Səlimdən başlayan, “Tənzimat”la daha da ağırlaşan Qərb qarşısında məzlumluq, özünü kiçik görmə kompleksinə son qoyan əlamətlərdən biri idi. İstər Naim Süleymanoğlu kimi idmançıların, istərsə də liseylərdə təhsil alan tələbələrin dünya bilik olimpiadalarında qazandığı medallar Türkün şüuraltında kök salmış “bizdən bir şey çıxmaz” anlayışının sonunu göstərirdi. Naim Süleymanoğlunun bu rekordlarından sonra Finlandiyada “Dünya Fizika Olimpiadaları”nda üçüncü yeri tutan İzmir Yamanlar liseyinin şagirdi Saleh Adəmin (Salih Adem) ABŞ-da keçirilən “Fizika Olimpiadaları”nda dünya birincisi olaraq kürsüyə çıxması bu prosesin başqa bir bariz göstəricisi idi. Gülən belə deyirdi:

“Üç yüz ildir, elmdə, texnikada, təhsildə üzümüzə baxılası halımız yoxdu. Bir vaxtlar sərv ağaclarının kölgəsi Pyer Loti kimilərinə dastanlar yazdıran bu şanlı mədəniyyətə nə oldu? Qərb o günə qədər həm yunanlardan, həm də Roma və Xristianlıqdan götürdüyü dəyərləri birləşdirərək əvvəlcə o heyrətamiz İntibah dövrünü gerçəkləşdirdi, sonra isə bünövrədə sənaye inqilabını həyata keçirdi. Biz isə o vaxtlar heç bu məsələləri yuxuda da görmürdük... Elm və texnologiya öyrənmək üçün Qərbə, xüsusilə, Fransaya gedən minlərlə gənc oradan dinsizlik “idxal etməkdən” başqa bir iş görmədi. Nə elm-ürfanla, nə də texnologiya ilə məşğul oldular. Orada özünəinamsızlıq, məzlumluq kompleksi ilə səfil həyat yaşadılar. Yəhya Kamal deyir: “Mən Parisdə elə insanlar gördüm ki, sırf parisli olmaq, Parisdə qalmaq üçün səyyar alverlə məşğul olurdu”. Qərbin qəbul etdiyi Pozitivist düşüncə bizim dəyərlərimizə tamam zidd olduğu halda, Mustafa Rəşid Paşa (Mustafa Reşit Paşa) kimilər onu millətin və dövlətin fəlsəfəsinə çevirdi. Bununla da biz öz dəyərlərimizlə təzad içində öz-özümüzlə savaşarkən Qərb daim inkişaf etdi, biz isə hər cür tərəqqiyə qapalı, ətalət içində yaşadıq. Bəli, sənaye inqilabı bizdə belə bir iki yönlü, lakin zidd istiqamətdə sarsıntılar meydana gətirdi”.

Naim Süleymanoğlu və Saleh Adəmin qazandığı medallar məhz bu sarsıntıların sonu idi. Gülənin sözü ilə desək, bu olimpiada medalları Türk xalqının qoluna və ruhuna vurulmuş zəncirləri qırdı.

Gülən 1989-cu il yanvar ayının 13-də 12 Sentyabr Çevrilişinə görə on il fasilə verdiyi vəzlərinə Üsküdarda yerləşən Validə Sultan Məscidində yenidən başlayır. 16 mart 1990-cı ilə qədər 62 həftə davam edən bu cümə vəzləri Həzrəti Məhəmmədin həyatına həsr edir. Eyni zamanda bazar günləri İstanbulda Süleymaniyyə, Fateh, Sültanəhməd kimi böyük məscidlərdə, İzmirdə Hisar və Şadırvan məscidlərində, Ankarada Qocatəpə məscidində və Ərzurumda ümumilikdə 43 vəz verir.

O, axırıncı vəzini 1991-ci il 16 iyun tarixində verir. Güləni buna vadar edən əsas səbəblərdən biri[16] ona qarşı sui-qəsd təşəbbüsü idi. Belə ki, İstanbulda vəz verdiyi məscidlərin kürsüsünə bomba qoymağı planlaşdırmışdılar. Təhlükəsizlik orqanları Gülənin cümə günləri vəz verdiyi Validə Sultan Məscidinin kürsüsünə bomba qoyulacağını aşkar etmişdi. Bu tip sui-qəsd hazırlığının Gülənin müəyyən vaxtlarda vəz verdiyi Süleymaniyyə məscidində də həyata keçirilməsinə təşəbbüs göstərilmişdi.

12 Sentyabr çevrilişindən sonra Milli Təhlükəsizlik Şurasının özəl məktəb açmağa icazə verməsi liseylərin fəaliyyətə başlayıb bütün Anadoluya yayılması ilə nəticələnir. 1989-cu ilin noyabrında gerçəkləşən bir idman hadisəsi də bu kimi liseylərin Orta Asiya türk dövlətləri və Balkan yarımadasında açılması prosesini sürətləndirir.

1989-cu il noyabrın 15-də keçiriləcək Türkiyə-Rusiya futbol komandalarının oyununu izləmək üçün Krıma gedən jurnalist Xalid Əsəndir Gülənlə 1972-ci ildə Ədrəmitdə hələ orta məktəbdə oxuyarkən tanış olmuşdu. Egey Universitetinin Kimya fakültəsini bitirən Əsəndir 1982-ci ildən etibarən Güləndən ilham alan vəqflərin Türkiyədə lisey açmasında yaxından iştirak etmişdi.

1989-cu ildən İstanbulda “Zaman” qəzetində işləyən Əsəndir Türkiyə-Rusiya milli komandalarının futbol oyununu izləmək üçün avtobusla Gürcüstandan Krıma gedəcəkdi. Səfərdən əvvəl İstanbulda Güləni ziyarət edir. Qorbaçovun rəhbərlik etdiyi SSRİ tənəzzül və parçalanmaya doğru getsə də, hələ bütün Türk respublikaları İttifaqın tərkibində olduğundan Türkiyənin onlarla heç bir əlaqəsi yox idi. Gülən neçə ildir bu qardaş xalqlarla yenidən əlaqə qurulmasının həsrətini çəkirdi. Buna görə də Əsəndirin “Gür­cüstan vasitəsilə Krıma gedəcəyəm” sözlərini eşidər-eşitməz həyəcanlanır. Əsəndirin gedişi yaxşı fürsət idi: Türk xalqı bir jurnalistin müşahidələri əsasında həmin qardaş xalqlar üçün gələcəkdə nə edəcəyini müəyyənləşdirə bilərdi.

Kürsüdə huşunu itirməsinin səbəbi

Düz on il əvvəl 1979-cu ildə İzmirdə vəz verərkən Orta Asiyada Sovet əsarəti altında olan türk xalqları haqqında “məğdur[17] və məzlum” ifadəsini işlədən Gülən ən çox bu insanların dini həyatını düşünürdü.

Əsəndir Gürcüstanda və Krımda xalqla yaxın təmasda olaraq onların Türkiyə haqda düşüncələrini öyrənir. Ortaya çıxan mənzərə bu insanların sonsuz Türkiyə həsrətindən xəbər verirdi.

70 illik Sovet əsarətində xalq dini dəyərlərindən uzaqlaşdırılmışdı. Məscidlər bağlı idi. Əsəndir Krımda Ağməsciddə piştaxta üstündə çərəz satan yaşlı bir qadına Türkiyədən gəldiyini söyləyib Qurani-Kərim hədiyyə edir. Bundan həyəcanlanan yaşlı qadın özünü itirir: “Sən mənə Türkiyədən Quran gətirdin, al bu piştaxta sənin olsun”. Hətta arxasında dayanan və 17 yaşlarında olan qız nəvəsi Ayi­şəni göstərərək: “Buna görə sənə bu nəvəmi belə verərdim”, – deyir. Asiyə adlı bu yaşlı qadın 19 yaşında olarkən Krımdan Ural dağ­ları ətrafına sürgün edilmiş, doğma vətəninə ancaq 45 il sonra qa­yıda bilmişdi.

Əsəndir Türkiyəyə qayıtdıqdan sonra bu hadisəni Gülənə danışır. Hadisə Güləni dərindən yaralayır. Gülən İstanbulda vəzlərində Türk xalqına Orta Asiyanın yolunu göstərir. Kürsüdən bütün Türkiyəyə səslənir: “Gedin, bu qardaşlarınıza kömək edin”. Bu zaman türk xalqları hələ öz müstəqilliyinə qovuşmamışdı. Ankara, İstanbul və İzmirdən on nəfər iş adamından ibarət bir qrup jurnalist Əsəndirin rəhbərliyi ilə 1990-cı il yanvarın 10-da İstanbuldan yola çıxıb səhəri Trabzona çatır. İstiqamət Gürcüstan və Azərbaycan idi. 11 yanvar 1990-cı ildə Gürcüstanın Batumi şəhərinə girirlər.

İlk dəfə idi ki, Türkiyədən bir qrup adam Türk respublikalarına gedirdi. Qrupda olan iş adamlarından biri İstanbulda bir kino şirkətinin sahibi Mehmet Tanrısevər idi. Tanrısevər kamerası ilə, Əsəndir də öz fotoaparatı ilə səfəri qeydə alır. Tanrısevər və Əsəndir Azərbaycanın paytaxtı Bakıya qədər gedir. O vaxtlar Azərbaycan və Ermənistan arasında müharibə alovlanmaqda idi. Tanrısevər cəbhə xəttində çəkiliş edir. Onların yanvarın 18-də Türkiyəyə qayıtmasından iki gün sonra rus tankları Bakıya girir. Həmin gün onlarla azəri soydaşımız öldürülür, yüzlərlə insan yaralanır. Türkiyə Radio və Televiziya Qurumu TRT-nin həmin axşam 20 Yanvar faciəsi ilə əlaqədar yayımladığı xəbərdə əksini tapan Bakı görüntüləri – faciə ərəfəsi vəziyyət Tanrısevər tərəfindən lentə alınmış kadrlar idi.

Bakıdan qayıdan qrupun təəssüratlarını dinləyən Gülən 28 yanvar 1990-cı ildə İzmirdə Şadırvan məscidində xəstə-xəstə verdiyi vəzdə Azərbaycandakı vəziyyətdən danışarkən kürsüdə ürəyi gedir. Bu mənzərə insanlara çox böyük təsir edir. Əlində imkanı olan hər kəs Orta Asiyanın köməyinə tələsir. İnsanlar sanki həcc ibadəti edirdilər. Lakin Türk milləti müstəqilliyinə yeni qovuşmuş bu qardaş ölkələrin xalqlarına necə kömək edəcəkdi? Yenə Jurnalist Əsəndirin rəhbərliyi ilə 37 nəfərlik bir heyət 1990-cı il mayın 28-də yola düşür, heyət Özbəkistana qədər getməyi planlaşdırmış­dı. Təxminən üç ton ağırlığında olan bağlamalarda kitab və uşaqlar üçün müxtəlif hədiyyələr aparırdılar. Sovet rejiminin dağıldığı bir vaxtda bu ölkələrə getmək böyük cəsarət tələb edirdi. Sovet Təh­lükəsizlik Orqanı (KQB) onları həbs edib Sibirə sürgün edə bilərdi. Lakin bu təhlükəli səfər bir neçə ay sonra öz töhfəsini verəcəkdi.

Memar Sinan Romaya gəlsəydi...

Fəthullah Gülən 1990-cı il noyabrın 24-də Avropada yaşayan türklərin dəvəti ilə Hollandiyaya gedir. Gülənin vəz kasetləri 1970-ci illərdən etibarən Avropada yaşayan türklər arasında geniş yayılmışdı. Hollandiyada ilk dayanacağı paytaxt Amsterdam idi. Bu şəhər okeanın kənarında, dəniz səviyyəsindən aşağıda yerləşir. Ətrafına iri bəndlər çəkilib. Elə yerli dildə də “Netherlands (Niderland)” sö­zü­ də “çuxur, çökək yer” mənasını verir. Gülən okeanın kənarında gördüyü mənzərə haqqında: “Okeanla səmanın bitişdiyini, üfüqdə bir­ləşdiyini gördüm. Heç vaxt belə mənzərə görməmişdim”, – deyir. Buradan Roterdama gedərkən (Roterdamda türk tələbə yataqxanası vardı) yolda gördüyü mənzərələr də diqqətini çəkir. Şəhər və qəsəbələri nəzərdə tutaraq: “Heç boş yer saxlamayıblar, çox gözəl dizayn ediblər”, – deyir.

Bu gəzintidə Güləni ən çox sevindirən hadisələrdən biri Türklərin Avropada ictimai status əldə etməsi, özlərini cəmiyyətin dəyərli bir parçası kimi qəbul etdirməsi idi. Hollandiya polisi yerli sakinlərin evinə Amsterdam və Roterdamda yeni küçələrin birində məscid və yataqxana açmaq istəyən türklər haqqında “Sizə bu insanlardan zərər gəlməz” sözləri yazılmış vərəqə paylamışdı.

1985-ci ilə qədər Hollandiyada yaşayan türklərin əksəriyyəti Türkiyədə terrorist fəaliyyətlərinə görə qaçıb burada sığınacaq tapanlar idi. Türk tələbə yataqxanasını idarə edən “Akyazılı” vəqfinin qurucuları – onların hamısı universitet bitirmişdi – ilk dəfə türk məscid və cəmiyyətlərini bir araya gətirərək rəsmi qurumlarla əmək­daşlığa başlamışdılar. Hətta televiziyadan yayım üçün vaxt da ala bilmişdilər. Türklərin Hollandiya dövləti ilə əməkdaşlıq edəcək səviyyəyə çatmasında 1980-ci ildə Hollandiyaya gedən və bu fəaliyyətlərə rəhbərlik edən Gülənin dostu Necdət Başaranın da böyük əməyi vardı.[18]

Hollandiyada Gülən özü üçün ayaqqabı almaq istəyir. Orada oxuyan türkiyəli tələbələr münasib bir mağaza tapmaq üçün onu xeyli gəzdirirlər. Gülən: “Demək, bazara çıxmağa vaxtınız da olmayıb ki, bir ayaqqabı mağazasının yerini belə bilmirsiniz”, – deyir. Bu, Gülənin mənəvi dəyərlərə bağlı olan və Hollandiyada yaşayan türk ailələrin övladlarının yaxşı yetişməsi üçün əlindən gələni əsir­gəməyən həmin gənclərə incə bir iltifatı idi.

Gülən Hollandiyada olan türklərə: “Burada qalın, vətəndaşlıq alın, övladlarınızın gələcəyindən narahat olmayın. Millətimiz sizin övladlarınıza sahib çıxar”, – deyirdi. O, keçmiş xətaların təkrar olunmasını istəmirdi. Belə ki, 1960-cı illərdən bəri Almaniya və Hollandiyaya gedən türkiyəli fəhlələr kömür mədənlərində, gəmilərdə, şüşə zavodlarında və digər ağır peşələrdə işləmiş, tezliklə çoxlu pul qazanıb Türkiyəyə qayıtmağa çalışmışdılar. O vaxtlar bu ölkələrə gedən bəzi türkiyəli xocalar da: “Buralar qərib ölkələrdir, tezliklə Türkiyəyə qayıdın. Təyyarənin quyruğunda da olsa, cənazənizi Türkiyəyə göndərin”, – deyirdilər. Ailələr vətənə qayıdır, gəlmək istəməyən övladları isə orada qalırdı. Türklərin çoxu “xarici ölkədir” deyib vətəndaşlıq məsələsinə ciddi yanaşmırdı. Gülən 1990-cı illərdə Avropada yaşayan türklərə bu hədəfi göstərirdi: “Yaşadığı­nız ölkələrin vətəndaşlıq hüquqlarından yararlanın, seçmək və se­çilmək hüququ əldə edin”.

Gülənin digər çağırışı təhsillə bağlı idi: “Övladlarınızı univer­si­tetlərdə oxudun!” Çünki türkiyəli fəhlələrin övladlarının 98 faizi peşə məktəblərində oxuyurdu. Hələ də “fəhlənin övladı fəhlə olar”, “peşə təhsili alan uşaq iş tapmaqda çətinlik çəkməz” düşüncəsi hakim idi. Beləcə bu proses diplomsuz fəhlə atanın diplomlu fəhlə oğlu ilə davam edirdi. Məhz buna görə də 1980-ci illərin əvvəlinə qədər Almaniya universitetlərində türkiyəli tələbələrə rast gəlmək çətindi.[19]

Gülən qürbətdə yaşayan türkləri dürüst insan olmağa, İslamın dəyərli saydığı doğruluğa, düzlüyə əməl etməyə çağırırdı. Belə ki, 1962-ci ildən etibarən Avropaya axın edən türkiyəli işçilər 300 nəfərlik yataqxanalarda, birotaqlı evlərdə qalırdı. Təhsil səviyyəsi çox aşağı olan bu türklərin bir qismi müxtəlif cinayətlər törədirdi. Müxtəlif sui-istifadə hallarına əl atırdılar. Məsələn, bəziləri uşaq pulundan yararlanmaq məqsədilə saxta ailə qurub adlarına dörd-beş uşaq yazdırırdı. Fabriklərdə olan bəzi böyük məscidlər namaz qılmadıqları halda gedib orada yatan və işlərini vaxtında görməyən fəhlələr ucbatından bağlanırdı. Əlilliyə görə təqaüdə çıxıb maaşının 80-90 faizini almaq imkanı əldə edən və Türkiyəyə göndərilən insanların bəzisi sağlam çıxırdı. Alman qadınlarla evlənən bir çox türk işçilərin Türkiyədə qalan ailələri dağılırdı. Halbuki bir müsəlman hər yerdə müsəlman kimi yaşamaq məcburiyyətində idi və bu din doğru insan olmağı tələb edirdi.

Almaniya və Hollandiyada bəzi görüşlər keçirən Gülən oradan Danimarka, Fransa və İtaliyaya gedir. Danimarkada məskunlaşmış türklərin ictimai fəallığından razı qalan, Fransada yaşayan türklərin dəvətini qəbul edib onlarla görüşən Gülən Parisdə Luvr muzeyini, tarixi Notrdam Kilsəsini gəzir. 1990-cı il dekabrın 11-də Paris və Strasburq arasında açılan sürətli qatarın ilk səfərinə qatılır. Qatar Paris və Strasburq arasındakı 500 kilometrlik məsafəni 2,5 saata qət edir. Gülən bu səfər boyu nəşrə hazırlanan “Sonsuz Nur” kitabının ilk cildinin təshihi üzərində işləyir.

Gülən onu qonaq edən türklərin israrı ilə Parisdə Eyfel qülləsinə də çıxır. Getdiyi hər ölkədə: “Mən buraya turist səfərinə gəlməmişəm. Məni bir yerə aparacaqsınızsa, xidmət üçün aparın”, – deyirdi. Amma imkan olanda tarixi yerləri də gəzdirirdilər.

1990-cı il dekabrın 12-də Parisdən Romaya gedir. Ertəsi gün cümə idi. Gülən cümə namazını hələ tikintisi başa çatmamış “Roma məscidi”ndə qılır. Bu məscid bütün İslam ölkələrinin yardımı ilə tikilsə də, daha çox Səudiyyə Ərəbistanı kralının məscidi kimi tanınırdı.

Turqut Özal Romaya səfəri zamanı Türkiyənin də bu məscidə dəstəyini təmin edir. Məscid yalnız cümə günlərində ibadətə açılırdı. Ancaq məscidin Türkiyədən gətirilmiş keramika ilə tikilən hissəsi daima açıq olurdu.

Gülən bir neçə dostu ilə birlikdə əsr namazına qədər Roma məscidində oturur. O əsnada məsciddə yenicə müsəlman olmuş bir italyanla pakistanlının bir hədis üstündə qızğın mübahisə etdiyini görür. Bu mənzərədən məyus olub dostlarına: “Fanatik düşüncələr İslama kölgə salır, müsəlmanlığın çöhrəsini qaraldır”, – deyir.

Altı saat Romanın tarixi məkanlarını gəzən Gülən Vatikanın ən böyük kilsəsi San Pedro kimi nəhəng daş tikililər haqqında: “Yunan mifologiyası xristianlığa üstün gəlib”, – deyib sonra əlavə edir: “Memar Sinan buralara qədər gəlsə idi, necə əsərlər ucaldardı?” – dedi.[20] Vatikanda bu tarixi abidələri gəzən, bir namazını San Pedro kilsəsinin qarşısında qılan Gülən Roma İmperiyası dövründə qladiator döyüşlərinin keçirildiyi Kolizeyi, həmçinin Romanın ən gözəl meydanı kimi tanınan Venesiya meydanını gəzir.

Gülən Romada bir gün qalıb Londona yola düşür və iki gün də orada qalır. Londonda orada yaşayan türklərin təşkil etdiyi tədbirlərə qatılır, eyni zamanda British Museum (Britaniya Muzeyi) və Science Museum (Elm Muzeyi) kimi dünya şöhrətli muzeyləri gəzir. Londondan təkrar Amsterdama gedən Gülən 1990-cı il dekabrın 19-da İstanbula qayıdır.

Çankaya Köşkündə əks-səda verən baş yazı

1990-cı illərin əvvəlində həm siyasi, həm də ictimai həyatda kəskin qütbləşmələrin konkret əlamətləri görünür. Turqut Özalın prezident seçilib Çankaya Köşkünə çıxmasından sonra ANAP-da liberallar və mühafizəkarlar arasında ziddiyyətlər ortaya çıxmağa başlayır.

Bəzi üstü açılmamış cinayətlərin də təsiri ilə dünyəvilik-an­ti­ dün­yəvilik arasında ziddiyyət getdikcə kəskinləşir. Özal belə şəraitdə partiyanı liberalist siyasətçi Məsud Yılmaza (Mesut Yılmaz) həvalə etməyi daha məqsədəuyğun hesab edir. Buna görə də bəzi mühafizəkar və dindar kadrlar dövlət idarəsindən uzaqlaşdırılır. Bu vəziyyət iqtidar partiyasının parçalanmasına təkan verir. Belə şəraitdə Türkiyə yenidən 1980-cı ildən əvvəlki koalisiyalar və siyasi təbəddülatlar dövrünə addım-addım irəliləməsi qaçılmaz idi.

1979-cu ildən nəşrə başlamış “Sızıntı” jurnalının baş məqalələrini Gülən yazırdı. Jurnalın 1991-ci il avqust buraxılışı Gülənin “Millətin yolunu kəsən qanlı kabus” adlı məqaləsi ilə çıxır. Gülən bu məqaləsində “Çaşqın kapitan” adını verdiyi məcazi bir liderə səslənirdi. Əslində Gülən məqaləsində Türkiyənin son 70 ildə yaşadığı sıxıntıları ədəbi üslubla dilə gətirirdi. Ancaq prezident Turqut Özal yazının bu hissəsinin ona ünvanlandığını düşünür:

“Sən “müasirlik”, “güclü inkişaf” nəqarəti ilə öz-özünü ovundurmaqda ol, qazanc, gəlirlərin bölüşdürülməsi, rifah, səadət, sevinc, fərəh kimi boşboğazlıqla təsəlli tapmaqda davam et... Əslində, sənin müasirliyin də, dövrlə ayaqlaşmağın da bir ac-yalavacın təsəllisindən və öz-özünü aldatmaqdan, gördüyün iş də təqliddən başqa bir şey deyildir. Sənin idarən də qurdları çobanlığa yüksəldib çobanları sürüləşdirməkdən ibarətdir. Yaxın keçmişimizdə sənin bu qəbil xətaların o qədər çox, o qədər utandırıcıdır ki, nə saymaq mümkündür, nə də dilə gətirmək. Bəli, sən, dünəndən bugünədək bir dəfə də olsa səhvlərini düzəldə bilmədin, əksinə “xətamı düzəldim, zehinlərdən silim” deməklə ikinci xətanı işlədin...

Gülən yazısında çevrilişlər və terror hadisələri başda olmaqla Türkiyənin 70 ildə çəkdiyi bütün məşəqqətləri dilə gətirirdi. “Tarixin heç bir dövründə, heç bir bəxtsiz millət belə qısa müddətdə bu qədər fəlakətlə üzləşməmişdir” deyən Gülən Türkiyəni bu mə­şəq­qətlərə düçar edənləri simvolik bir obrazda ümumiləşdirir və ona səslənirdi:

Ey, kinin, nifrətin, qərəzin, düşüncəsizliyin müti köləsi! Ey, öz tarixinin səhifələrini qanla kirlədən tarixin qanlı dəlisi, ağılsızlığın da bir sərhədi yoxdurmu?

Körüklənən dini düşmənçiliyin təsiri ilə aşınan dəyərlərin yerini inkarçı və nihilist bir dünyagörüşün tutacağını xatırladan Gülən Türkiyənin o dövrünü “dumanlı-sisli” dönəm kimi xarakterizə edirdi.

Bu məqalə dərc olunduqdan sonra prezident Turqut Özal qardaşı Qorqud Özalı Gülənin yanına göndərir. Qorqud Özal İzmirə gedib Gülənlə görüşür. Özal Gülənin yazısında ona üstüörtülü şəkildə xəbərdarlıq etdiyini düşünürdü. Çünki o dövrdə Özal mühafizəkar dairələr tərəfindən çox tənqid edilirdi. Bu tənqidlər daha çox mü­hafizəkarların Ana Vətən Partiyasından təmizlənməsindən qaynaqlanırdı. Gülən Qorqud Özalla görüşündə bu xəbərdarlıqların ümumi olduğunu xüsusi qeyd etsə də, onun üslubuna yaxından bələd olan Qorqud Özal prezidentə aparacağı ismarıcı anlamışdı.

O ərəfədə baş verən hadisələri yaxından izləyən Abdullah Aymazın qənaətincə, Gülən həmin yazısında Özalı Məsud Yılmazın partiya rəhbəri olmasına görə tənqid etmirdi. Aymazın fikrincə, bu ismarıc və səsləniş ANAP-dakı yeni dəyişikliklərin təsiri ilə bəzi məmurların sırf dindar olduqları üçün vəzifələrindən uzaqlaşdırılması ilə bağlı idi. O vaxtlar “Zaman” qəzetinin baş redaktoru olan Aymaz: “Bir qəzet olaraq mühafizəkarların Ana Vətən Partiyasından təmizlənməsinə etirazımızı bildirdik. Özalın bu addımını doğru hesab etmədik. Amma Xo­caəfəndi sonradan etirazlarımızın (etiraz məzmunlu yazılarımızın) doğru olmadığını bildirdi: “Özal vəziyyəti götür-qoy edib, partiyanı bir müddət bu cür idarə etmək istəyib”, – dedi.[21]

Turqut Özalın Çankaya Köşkünə çıxmasından (prezident seçilməsindən) əvvəl baş verən bəzi hadisələr Aymazın dediklərini təs­diq edir. Özal ANAP-ın sədrliyinə namizədlərin reytinqini anketlərlə müəyyən edərək onlardan səkkiz namizədə: “Öz aranızda ra­zılığa gəlib bir namizəddə qərarlaşın”, – demişdi. Dördü liberal, dördü mühafizəkar olan bu səkkiz namizəd bir namizəd seçmək üçün toplanmışdı. Bu səkkiz namizədin biri professor Əkrəm Pakdəmirli (Ekrem Pakdemirli) idi. O dövrdə nazir olan Cəmil Çiçək (Cemil Çiçek) Pak­dəmirlini dəstəkləyirdi və Güləni yaxından tanıyan bir şəxslə əlaqə saxlayaraq: “Biz Pakdəmirlini dəstəkləyirik. Xoca Əfəndiyə söylə, Turqut Özala desin, o da Pakdəmirlini seçsin”, – demişdi. Lakin Gülən Özala heç bir ismarıc göndərməmişdi.

ANAP-dan olan nazirlər Gülənin Özalın yanında böyük hörməti olduğunu düşünürdülər. Ancaq Gülən: “Turqut Özal ən doğru qərarı verər”, – deyib bu məsələlərə qarışmır. O dövrdə Özal Milli Məclisin sədri Yıldırım Akbuludu baş nazir təyin edəndə Gülən partiyanın və Türkiyənin mənafeyi baxımından bu qərarı doğru hesab etmişdi. Sonralar partiyaya sədr seçkisində Məsud Yılmaz Turqut Özalın da dəstəyi ilə partiyanın sədri seçilir. Bu vaxt da Özalın Yıldırım Akbuludu dəstəkləməsi üçün ANAP-lı nazir Əbdülqadir Aksu (Abdülkadir Aksu) Gülənə zəng edib vasitəçiliyini rica etmişdi. Lakin Gülən bu dəfə də vasitəçilikdən imtina etmişdi. Namizədlərdən Lütfullah Qayalar (Lütfullah Kayalar) da bu məqsədlə İstanbulda Gülənin zi­ya­rətinə gəlmişdi.[22]

Bu telefon və ziyarətlərin yeganə səbəbi Özalın Gülənə xüsusi hörməti idi. Ancaq Gülən o günəcən gündəlik siyasi məsələlərdə Özala heç bir məsləhət verməmişdi. Həmin yazıda ortaya qoyduğu mövqe Daxili İşlər Nazirliyində və Təhlükəsizlik orqanlarında çalışan bəzi dövlət məmurlarının sırf dindar olduqları üçün və­zi­fə­lərindən çıxarılması ilə bağlı idi. Gülənə görə, prezident Özal döv­lə­tə sədaqətlə xidmət edən bu məmurlara dəstək olmalı idi.

Gülüstan Sarayından dəstək

Türkiyədə yaşanan bu hadisələrə paralel olaraq, İstanbuldan Orta Asiya Türk dövlətlərinə gedən nümayəndə heyətlərinin bütün təmasları bu qənaəti doğururdu: Türkiyə bu qardaş ölkələrin övladlarına təhsil verə bilər.

Bu ölkələrə gedən türk iş adamları 1991-ci ilin sentyabr ayında böyük əksəriyyəti azəri (azərbaycanlı – red.) olmaqla 100-dən artıq tələbəni oxutmaq üçün turist vizası ilə Türkiyəyə gətirirlər. Lakin bu tələbələrin uzunmüddətli turist vizası ilə Türkiyədə təhsil alması mümkün deyildi. Onlar üçün Moskvadakı Türkiyə Səfirliyindən təhsil vizası almaq lazım idi. Bu vizaların alınmasında da problemlər yaranırdı. Bunu görən Azərbaycan rəsmiləri: “Madam ki Türkiyəyə tələbə apara bilmirsiniz, gəlin burada məktəb açın”, – deyirlər. Orta Asiya türk liseylərinin təməlləri də belə atılır. Bina problemi yox idi. Çünki bu ölkələrdən köçüb gedən ruslardan xeyli boş məktəb və bina qalmışdı. Bunlar yeni açılan türk liseylərinin istifadəsinə verilir.

Eyni dövrdə Türkiyə sərhəddində yerləşən Naxçıvan Muxtar Respublikasının əhalisi də ərzaq çatışmazlığından əziyyət çəkirdi. Çörək tapılmırdı. Naxçıvanın rəhbəri, Məclisin sədri Heydər Əliyevin yeganə ümid yeri Türkiyə idi. Kömək üçün Türkiyəyə müraciət edilir. Bu müraciətə ilk cavab verən yenə Gülənin dostları oldu. Naxçıvana göndərilən yardımları Gülənin dostu Əli Bayram (Ali Bayram) Ərzurumdan koordinasiya edirdi. Əli Bayram 1976-cı ildə Güləni “Altın Nəsil” adlı konfransda iştirak etmək üçün Ərzuruma də­vət etmiş və o gündən də bu fəaliyyətlərə könül vermişdi.

Əli Bayram yardımı çatdırmaq üçün Naxçıvanın Baş Naziri İbrahim Bicanla təmas qurur. Bican “Sərhədə gəl, orada danışaq” deyir. Bayram cümə axşamı Naxçıvan sərhəddində yerləşən Qarsın Aralıq rayonuna gələndə Araz çayının o biri tayında Naxçıvandan gələn rəsmi nümayəndələri görür. İbrahim Bican onu qarşı tərəfə çağırırdı. Ça­yın üstündə körpü olmadığı üçün İbrahim Bican onun üçün qayıq gətirtmişdi. Sadə bir qayıqdı. Çayın hər iki sahilinə paya vurulub teleqraf telləri çəkilmişdi. Qayıq tellərin köməyi ilə üzəcəkdi. Əli Bayram üzməyi bacarmadığı üçün əvvəlcə dirəyi, sonra isə teleqraf tellərini yoxlayır. Paya möhkəm idi, tel də üç qat. Naxçıvanlılar bunu sırf Türk he­yətinin gəlişi üçün öz imkanları ilə düzəltmişdilər. Əli Bayram tək deyildi, gənc bir jurnalist də onunla birlikdə gedir. Dövlətin səlahiyyətli şəxsləri olmasalar da, onları rəsmi türk heyəti hesab edirdilər.

Həmin gün Əli Bayram gənc jurnalist Kamil Qoşapınarla (Kamil Koşapınar) qayığa minib Naxçıvan ərazisinə keçir. Bütün ehtiyacları qeyd edib həmin qayıqla geri qayıdır. Lakin qayıdışda onu bir sürpriz gözləyirdi. Bir polis yaxınlaşaraq: “Sərhədi pozduğunuzu, başqa bir ölkənin ərazisinə pasportsuz keçdiyinizi bilirsinizmi?” – deyir. Ancaq polis Əli Bayramın çayı Naxçıvana yardım göndərmək üçün keçdiyini öyrənəndən sonra problem çıxarmır.

Türk xalqı darda olan naxçıvanlılara kömək əlini uzatmağa hazır idi. İğdır və Aralıq bələdiyyələrinin də dəstəyi ilə Araz çayının dar yerində bir körpü salınır. Körpünün açıldığı gün Naxçıvan əhalisinin sevinci yerə-göyə sığmırdı. Açılış mərasiminə on minə yaxın azəri gəlmişdi. Əvvəlcə körpünün Naxçıvan tərəfində lent kəsilir. Növbə Türkiyə tərəfinin idi. Əli Bayram və Heydər Əliyev ən qabaqda dayanmışdı, arxalarında isə körpüyə doğru irəliləyən böyük insan axını. Sərhəddəki türk hərbçiləri belə bir izdiham olacağını təxmin etmişdilər. Ağrının Doğubəyazid vilayətindən gələn bir hər­bi birlik körpünü dövrəyə almışdı. Bu şəkildə icazəsiz Türkiyə ərazisinə keçmək istəyənlərin qarşısını alacaqdılar. Bu vaxt körpünün ortasında o qədər adam toplanır ki, Əli Bayram və Heydər Əliyev Araz çayına düşmə təhlükəsi ilə üzləşir.

Körpünün üstü taxtalarla örtülmüşdü. Bu vaxt taxtalar suya tökülməyə başlayır. Əliyev və Bayramın Türkiyə tərəfinə keçməsinə bir neçə addım qalmış öndəki taxtalardan biri suya düşür. Əliyev və Bayram bir-birinə sarılır. Bir insan dalğası da gəlsəydi, suya düşə bilərdilər. Əliyev o əsnada Əli Bayrama belə deyir: “Qorxma, biz öz üzərimizə düşən işi gördük. Buradan aşağı düşsək də, heç bir şey olmaz. İki millətin həsrətinə son qoymaq üçün burada qurduğumuz bu körpüyə iki Əli fəda olsun”.

Əliyev Türkiyə torpağına ayaq basanda əsgərlərin barrikada qur­duğunu görüb üzünü hərbi birliyə başçılıq edən polkovnikə tutur: “Polkovnik, bu gördüyün millət Anadolu torpağını öpməyə gəlir. Ruslar o silahı bizə 70 il tuşladı, amma qorxmadıq. İndi də sən tuşlamısan, narahat olma, bir nəfər də burada qalmayacaq. Bu gördüyün xalq sadəcə türk torpağını öpüb geri qayıdacaq”. Əliyevin bu sözlərindən sonra polkovnik çevrəni bir az genişləndirir. Azərilər sevinclə Türkiyə tərəfə keçirlər. Bələdiyyənin və yerli əhalinin hazırladığı yeməklərdən yeyirlər. Sonra hamısı geri qayıdır.

Yardımlar Araz çayının ən dar yerində salınan bu körpü ilə Naxçıvana göndərilir. Üç-dörd ay ərzində 100-ə yaxın yük maşını Naxçıvana yardım çatdırır. 1993-cü ildə dövlət rəhbəri olan Heydər Əliyev Əli Bayramı bir neçə dəfə Bakıda Gülüstan Sarayında qonaq edir. Əli Bayramla bu görüşlərində polkovniklə söylədiklərini xatırladıb: “Polkovnikə yaxşı dedim, hə?” – deyirdi. Heydər Əliyev o çətin günlərdə Türk xalqından gələn dəstəyi heç zaman unutmadı. Əliyev Azərbaycanın dövlət rəhbəri olanda Bakıda türk universiteti qurularkən 20 hektarlıq bir ərazini göstərərək: “Bu ərazi universitetin olsun, lazım olarsa, yenə yer verərəm”, – deyir. Bugünkü Qafqaz Universiteti həmin ərazidə tikilmişdir. 2007-ci ildə Azərbaycanda 11 türk liseyi və 1 universitet fəaliyyət göstərirdi.

Əliyev Orta Asiya türk dövlətlərində həyata keçirilən bu xidmətlərin mənəvi memarının Fəthullah Gülən olduğunu bilirdi. 19 iyun 1999-cu il tarixində Gülənin söhbət kasetləri montaj edilərək Türkiyə televiziyalarında yayıma buraxılır və Gülən müxtəlif dairə­lə­rin hədəfinə çevrilir. Məhz bu zaman Bülənt Ecevit kimi Heydər Əliyev də Gülənə güclü dəstək verir: “Fəthullah Gülən təkcə Türkiyəyə deyil, Türk dünyasına deyil, bütün dünyaya lazımdır”.

Əliyev Gülən haqqında: “O, hamımızın başıdır, hamımızın ona ehtiyacı var”, – deyirdi. H. Əliyev 1998-99-cu illərdə Ankaradan Bakıya gələn sosial-demokrat meyilli iki yüksək çinli dövlət adamını qəbul etmişdi. H. Əliyev görüş zamanı Azərbaycan türk liseylərinin əleyhinə danışan türkiyəli rəsmiləri belə susdurmuşdu: “Cənablar, mən 30 il KQB-də işləmişəm. Kimin kim olduğunu çox yaxşı bilirəm. Fəthullah Xocanı və məktəblərini sizdən öyrənəsi deyiləm. Bu məktəblərin heç bir qüsuru yoxdur”.

Əliyev Gülən əleyhinə fikirləri ilə tanınan bu iki türk rəsmisini yola salarkən: “Siz səhv danışırsınız. Mən onları yaxşı bilirəm. Yaxşı tanıyıram”, – demişdi. Əliyev Bakıya səfərlər edən iki türkiyəli professorun da türk məktəbləri əleyhinə sözlərinə sərt reaksiya vermişdi.[23]

1990-cı illərin əvvəllərində belə məktəblərin İran tərəfindən açılması gündəmə gələndə ölkənin mütərəqqi ziyalıları: “İran məktəbləri Azərbaycanı molla ölkəsinə çevirəcək”, – deyərək buna qarşı çıxmışdılar.

Los Ancelesdə Türkiyə həsrəti

Gülən 1992-ci ilin aprel ayında ABŞ-a gedir. Çoxdandı, bir məsələ haqda düşünürdü: ABŞ-da təhsil almış istedadlı türkiyəli gəncləri elə yetirşdirmək lazımdı ki, orada elm və texnologiyaya dərindən yiyələnəndən sonra Türkiyəyə gətirsinlər. Fransız jurnalist Nikola Popa verdiyi müsahibəsində: “Qərb İntibah dövrünü yaşayanda biz mürgüləyirdik, elm və texnologiya inqilabı edəndə isə yatırdıq”, – deyən Gülənin fikrincə, Türkiyənin texnologiya sahəsində bir daha yatmağa səbri qalmayıb.

“Texnologiya və sənaye inqilabının içində olsaydıq, nüanslarını biz müəyyən edəcəkdik. Renessansdan (İntibahdan) kənarda qalmaqla həyatdan da təcrid edildik... Həyatla bağlı oyunları ancaq həyatın içində qalmağı bacaranlar oynaya bilər”, – deyən Gülən 1990-cı illərin əvvəlində gələcəkdə humanitar elmlərin ön plana çıxacağını düşünürdü. Buna görə də istedadlı türk tələbələr hüquq başda olmaqla, bu sahəyə də lazımi diqqəti yetirməli idi.

1992-ci ildə ABŞ-a gedən Gülən daha çox bir sıra ştatlarda olan türkiyəli tələbələrin dəvətinə qatılır. Ohayo ştatının Kolumb şəhərində aralarında ərzurumluların da olduğu 100-ə yaxın tələbə bir axşam Gülənlə görüşüb ətraflı söhbət edirlər.

Həmin ştatın Klivlend şəhərinə də baş çəkib türkiyəli tələbələrlə görüşür. Orada ona amerikalı sevgilisindən ayrılmış bir türk gəncinin depressiyaya düşdüyünü və biləyini kəsməklə intihara cəhd etdiyini deyirlər. Gülən həmin gənclə tanış olub ona xüsusi qayğı göstərir və dua edir. Sonralar da bir neçə dəfə onun vəziyyəti haqda soruşur və sağalana qədər onunla maraqlanır.

Klivlenddən Kanadaya keçib bir gün orada qalır. Həm Kanadada yaşayan türklərlə görüşür, həm də Niaqara şəlaləsini görür. Həmin gün namazlarından birini şəlalənin yanında qılır. Yenidən ABŞ-a qayıdır. ABŞ-ın 25-ə yaxın ştatını gəzən Gülən əksər hallarda avtomobil nəqliyyatından istifadə edir.

Cənub ştatı Texasın Lubbok şəhərində də türkiyəli tələbələr yaşayırdı. Gülən onlarla görüşüb şəhərin kiçik hava limanına gəlir və burada ayaqqabılarını boyatdırır. Boyaqçının beş dollar edən əl haqqını verəndən sonra üzünü yol yoldaşı Necdət Başarana tutaraq gülə-gülə: “Heç ayaqqabının özü beş dollar etməz”, – deyir.

Gülən də atası Ramiz Əfəndi kimi incə zarafat etməyi xoşlayır. Belə ki, onu Nyu Cersi ştatından Nyu Yorka apararkən yolu azan türkiyəli sürücünün 19 ildir, həmin bölgədə yaşadığını öyrənincə: “19 ildən sonra yolu azmaq hər halda şəhərin böyüklüyündən irəli gəlir”, – deyir. Bir gün: “Əvvəllər gecələr üç saat piyada gəzərdim. Yaş­landıqca artıq gəzə bimirəm”, – demişdi. Dostlarından biri: “Si­zə­ qaçış aparatı alaq,” – deyə təklif etmişdi. Lakin Gülən “Olmaz, yeriyərkən məsafə qət etməliyəm”, – deyə cavab vermişdi.

Gülən Texasın Hyuston şəhərində xəstəxanada yatan Turqut Özala baş çəkib orada yerləşən Amerikanın Milli Aerokosmik Araşdırmalar Mərkəzini (NASA) də gəzir. Daha sonra təyyarə ilə Hyustondan Nevada və Kolorado ştatlarına gedərkən füsunkar Kolorado dağlarına heyranlıqla tamaşa edir. Dağlar Gülənin söh­bət­lərinin, şeir və ədəbi yazılarının əsas simvollarından biridir. Onun nəzərində dağ zirvəni təmsil edir. “Təhlükəli olsa da, başımı gicəlləndirsə də, zirvələri sevirəm”, – deyirdi. Yer üzünün möhtəşəm zir­və­lərindən birinin üzərindən uçmaq ona böyük təsir etmişdi. Gülən Nevada səhrasının üzərindən keçərkən güclü iqtisadiyyata malik bir ölkənin səhraları belə necə abadlaşdırmasına şahid olur.

Bütün gəzintilər zamanı namazlarını vaxtında qılmağa çox diqqət edən Gülən Kaliforniya ştatında Reno şəhərinin hava limanına enəndə əsr namazının çıxmasına az qalmışdı. Həmin gün San Fransisko yolunda yoldaşları Gülənin “namaz vaxtı çıxa bilər” əndişəsi ilə tez-tez tərlədiyinə şahid olurlar. Başqa bir ştata gedərkən: “Birdən irəlidə tıxac olar, namaza çata bilmərik”, – deyərək bir körpünün altında maşından düşüb namazını qılmışdı. 2002-ci ildə infarktdan xəstəxanaya aparılan Gülənə həkimlər yuxu dərmanı verəndə: “Rica edirəm, dozasını elə edin ki, namaz vaxtlarında oyanıb namazımı qılım, sonra yenidən yatım”, – deyəcəkdi.

Gülən ABŞ-da görüşdüyü türkiyəli tələbələrə də “İbadət dinin əsasıdır” mesajını vermişdi. Gülən bəzi türklərin “Amerika müsəlman ölkəsi olmadığı üçün burada cümə namazını qılmaq da fərz deyil” düşüncəsi ilə hərəkət etməsinə etirazını bildirmişdi. “Bu düşüncə prinsip etibarilə doğru sayılsa da, burada cüməyə getmək fərz olmasa da, cümə namazlarını qılmamağa vərdiş etmək yaxşı bir şey deyildir”, – demişdi. Gülən ştatlar arası uzun səfərlər zamanı maşını saxlatdırıb əl-üzünü yuduğu yanacaqdoldurma məntəqələrində mütləq kiçik də olsa, alış-veriş edirdi. Bunu da “Suyundan, xidmətindən pulsuz istifadə etdik, bizim də bura kiçik bir xeyrimiz olsun”, – deyə izah edirdi.

Gülən San Fransisko şəhərində 1970-ci illərdən bəri yaxın dostu olan Naci Tosuna zəng edir. Naci Tosun İstanbulda idi. Gülən Naci Tosuna: “Qərbin ən son nöqtəsinə gəlmişik, artıq qarşımızda dəniz var. Cənuba, Los Angelesə enirik”, – deyir. San Fransiskoya gedən yolun ətrafında salınmış yaşıllığı heyranlıqla seyr edir. San Fransisko körfəzi boyunca uzanan 6 millik[24] körpüdən keçərkən bütün şəhər işığa qərq olmuşdu.

Buradan Los Ancelesə gedən Gülən türk tələbələrinin evində qonaq qalır və orada “Sonsuz Nur” adlı üç cildlik kitabının düzəlişlərini davam etdirir. Bura ispaniklər adlanan ispan əsilli amerikalıların sıx yaşadığı yerdir. Qonşu binada tez-tez Meksika mah­nıları səslənirdi. Gülən o günlərdə uzun müddət Meksika mahnıları dinləməyə məcbur olur və bunu bir neçə söhbətində türkiyəli tələbələrə də danışır. Onun qaldığı evin divarında Böyük Kanyonun rəsmi asılmışdı. Gülən tələbələrə: “Bu rəsmin üstünə bir şey yazın ki, gəlib gedənlər oxuyub faydalansın”, – demişdi. Uzun illərdir, belə möhtəşəm təbiət hadisələri insanlara Allahın böyüklüyü hissini aşılasın deyə belə rəsmlərin altına hikmətli sözlər yazdırıb çərçivəyə saldırırdı. “Sızıntı” jurnalının hər sayında da belə təbiət möcüzələrini əks etdirən şəkillərə və onların üzərində Allahın varlığı haqqında insanı dərindən düşündürən sözlərə yer verilirdi.

Gülən ABŞ-ın bu bölgəsində təbii gözəlliyi ilə məşhur olan Taho (Tahoe) gölünü də görür. Burada “Xəyallardakı Türkiyə” adlı baş yazısını “Sızıntı” jurnalına göndərir. Bir aydan çox Türkiyədən ayrı qalan Gülən “Gözlərimi yumub Türkiyəni xəyalımda canlandırıram...” sətirləri ilə başlayan bu yazısında vətən həsrətini dilləndirir, onu daima gözəlliklər içində yaradılan nazlı bir ölkə kimi təsvir edirdi:

Bəzən Türkiyəni dinlərkən hər şey elə sevinc olub çağlayır ki, insan ruhunu bürüyən bu uğultuların xatirələri ilə neçə əsr əvvəli və sonranı eyni anda hiss edə bilir. Və saysız-hesabsız tale lövhələri arasında ləzzətdən həyəcana, sevgidən fədakarlığa, fəzilətdən digərqəmliyə[25] qədər nələrə, nələrə sahib olur...

Gülən yazısında neçə illərdir, Türkiyədə təhsil fəaliyyətlərini öz çiyinlərinə götürən və həyatını bu işə həsr edən “xidmət ərənlərinə” də səslənirdi. Türkiyədə hər bir xidmət əri sahibini tapan köhlən kimi, gecə-gündüz demədən qaçır, çatlayana qədər yorğunluğunu hiss etmir, çatlayanda da bunu ilahi rizanın əvəzi bilərək Allaha yönəlib: “Mənə Sən gərək, Sən,” – deyirdi. Onlar yüksək əhvaliruhiyyə ilə, var gücləri ilə xidmət edirdilər. İnsan onlara baxanda özü­nü peyğəmbərlərin xəbər verdiyi “qüdsilər” (müqəddəslər) arasında hiss edirdi. Onlar ömürlərini köç yollarında yorulmadan, usanmadan, sevə-sevə şam kimi əridirdilər. Onların ruh dünyası o qə­dər dərin idi ki, bu səmimiyyət qarşısında ən qatı qəlblər belə davam gətirmir, bu qəhrəmanlığı etiraf edirdi.

Gülən Los Ancelesdə keçirilən mitinqə də şahid olur. Belə mitinqlər nadir hallarda keçirilirdi. Bir zənci sürücünü döyən ağdərili polis təqsirsiz hesab edilib azadlığa buraxılmışdı. Qərara etiraz əlaməti olaraq bütün zəncilər ayağa qalxmışdı. Bir neçə gün davam edən mitinq zamanı zəncilər mağazaların şüşələrini sındırırlar. Təkcə ağdərili amerikalıların deyil, koreyalı və çinlilərin də mağazalarına ziyan dəyir.

Avstraliya yolunda sürprizlər

Gülən 1992-ci il mayın 6-da Los Ancelesdən qalxan təyyarə ilə 21 saat çəkən uzun yoldan sonra Avstraliyaya çatır. Cənub ya­rım­kürəsinin bu nəhəng ölkəsində də çoxlu sayda Türk yaşayır.

Yolda “Sonsuz Nur” kitabı üzərində düzəlişlərini davam etdirir. “Sonsuz Nur” əsəri Gülənin 1989-cu ilin əvvəlindən 1990-cı ilin mart ayına qədər İstanbulda Validə Sultan Məscidində Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) haqqında verdiyi vəzlərdən tərtib edilmişdi. Gülən bu əsərinin ön sözündə Allah Rəsulunu belə anladırdı:

On dörd əsrdir dünya şöhrətli dahilər, böyük filosoflar və hər biri fikir asimanımızın bir ulduzu olan neçə-neçə mütəfəkkir və elm adamları daima boynunu büküb Onun arxasında dayanmış və Ona xitabən “Sən yolunun yolçusu olmaqla öyündüyümüz insansan” demişlər. Bəşəriyyət onu tanısaydı, Onun üçün məcnun (divanə) olub yollara düşərdi... Yanan qəlbinin küllərinə Onun sevgisinin odu ilə həyat vermək üçün rüzgarın önünə atılar və daima Ona doğru yürüyərdi”.

Gülən Avstraliya təyyarəsində namazlarını qılır, səfər yoldaşları ilə söhbət edirdi. Yol uzun olduğu üçün təyyarədə tez-tez yemək-içmək xidməti göstərilirdi. 18 saat davam edən yoldan sonra təyyarə Yeni Zelandiyada yanacaq doldurmaq üçün yerə enəndə Gülən mayın 8-i olduğunu öyrənir. Yeni Zelandiya Los Ancelesdən 8 saat irəlidə idi, onlar təyyarədə ikən artıq mayın 8-i olmuşdu. Təyyarə yenidən havaya qalxıb üç saat sonra Avstraliyanın Melborn şəhərində enir.

Gülən ingilis dilində “dünyanın dibi” mənasında “down under” adlandırılan bu qitədə 10 gün qalır və bu müddət ərzində oranın türk sakinləri ilə görüşür. Melbornda bir yataqxananın təməlatma mərasimində iştirak edib orada bir məsciddə və Sidneydə vəz verir. Avstraliya gəzintisində ona ən çox təsir edən mənzərələrdən biri gü­nəşin okeanda qürubunu seyr etmək olur. Şair ruhlu bir insan olan Gülən: “Günəş okeana elə çökmüşdü ki, elə bil palçığın, bataqlığın içinə batırdı. O mənzərəni görmək belə bu uzun səyahətə dəyərdi”, – deyir.

Amerikadan Avstraliyaya gedərkən mayın 7-sini məcburən təyyarədə keçirmişdilər. Avstraliyadan Los Ancelesə qayıdanda isə təxminən bir gün qabaqda idilər. Gülən mayın 18-də günorta namazını Avstraliyanın Sidney şəhərində qılmışdı. Los Ancelesə çatanda bir müddət istirahət etdikdən sonra günorta namazının vaxtı girdiyindən ikinci dəfə yenidən qılır.

48 günlük bu ABŞ və Avstraliya səyahətindən sonra mayın 19-da Nyu Yorkdan Belçikanın paytaxtı Brüsselə yola düşür. Hollandiya və Almaniyada bir-iki gün qaldıqdan sonra Türkiyəyə qayıdır.

Gülən İzmirə gəldiyi birinci günün şam yeməyində ilk olaraq təyyarədə Türk Hava Yolları stüardessasının yanına gəlib ondan iki kitab istədiyini dostlarına danışır. Stüardessa amerikalı tanışına vermək üçün iki kitaba ehtiyacı olduğunu demişdi. Biri ingiliscə İslam və Qərb mədəniyyətini müqayisəli təhlil edən bir kitab, digəri isə ingilis dilində Qurani-Kərim təfsiri idi.

Gülən bu hadisəni danışarkən süfrə arxasında əyləşib onu dinləyənlər arasında təkcə Əli Ünal ingiliscə bilirdi. Ünal həmin gündən “The Cross Roads” kitabını yazmağa başlayır. İslam və Qərb mədəniyyətini müqayisəli təqdim edən bu kitab 1995-ci ildə tamamlanır. Qurani-Kərim təfsirini isə Suat Yıldırım ha­zırlayır, Əli Ünal da İngilis dilinə tərcümə edir.

Bir liseyin insan mənzərələri

Prezident Turqut Özal ABŞ-da əməliyyat olandan doqquz ay sonra Balkan səyahətinə çıxır. Hyustonda xəstəxana palatasında Gülənə: “Dəfələrlə Xarici İşlər Nazirliyinə Orta Asiyadakı bu məktəblərə dəstək olmağı tapşırmışam, amma bəziləri hələ də bu işin önəmini heç cür anlaya bilmir”, – deyən Özalın Balkan səfərinin proqramına Albaniyanın paytaxtı Tiranada yeni açılmış Mehmet Akif Ərsoy liseyinin ziyarəti də salınmışdı. Albaniyada da Orta Asiya Türk dövlətlərində olduğu kimi, əvvəlcə tələbələrin Türkiyədə təhsil alması planlaşdırılsa da, bəzi problemlərə görə orada məktəb açmaq qərarına gəlmişdilər.

T. Özal altı günlük Balkan səfərinin birinci günü – 1993-cü il fevral ayının 15-də Bolqarıstana gedir, fevralın 17-də oradan Makedoniyaya keçir. Makedoniyanın Oxrid şəhərində Özal onu müşayiət edən Baş Qərargah rəisinin müavini ordu generalı Fikrət Küpəli (Fikret Küpeli) və Hava Qüvvələri Qərargahının rəisi General-leytenant Əli Güllü (Ali Güllü) ilə birlikdə Osmanlı dövründən qalan tarixi Həyati Baba Təkyəsini ziyarət edir. Bu abidə həm də türbə idi və içində Osmanlı padşahı II Sultan Səlimin dövrünə aid Osmanlı bayrağı saxlanılırdı. Təkyə şeyxi Özalı bayraqla qarşılayır. T. Özal içəridə oturanda komandirlərin bayırda qaldığını görüb onları da dəvət edir. General Küpəli və general leytenant Əli Güllü içəri daxil olanda Özal “Siz də indi təkyəyə girdiniz. Təriqət üzvü oldunuz” deyə onlarla zarafat edir. Təkkədəki alban Məlami dərvişlərin Yunis Əmrədən oxuduğu türkcə iki ilahi həm Özalı, həm də komandirləri kövrəldir. Özal üzünü komandirlərə tutaraq, “Zikr, təriqət, təkyə belə bir şeydir” deyir. Bu ziyarət ertəsi gün Türkiyə qəzetlərində “Komandirlər təkyədə” başlığı ilə dərc olunur.

Həmin gün axşamı səfər proqramını tərtib edən dövlət rəsmiləri Özal çox yorulduğu üçün bəzi ziyarətlərlə yanaşı, Albaniyada Mehmet Akif Ərsoy Liseyinə ziyarəti də proqramdan çıxarırlar. Liseyin sponsoru olan “Gülüstan” şirkətinin nümayəndəsi Ərdoğan Tüzün proqramın dəyişdirildiyini öyrənincə Oxrid gölünün sa­hi­lin­də­ki hoteldə qonaq olan Özalın yanına gedir. Özal hələ Ankarada olarkən bu məktəbə baş çəkməyi planlaşdırmışdı. Xarici işlər üzrə rəsmiləri “Eyrbas (Airbus) təyyarəsinin Albaniyanın paytaxtı Tiranaya enməsi çox çətindir. Təyyarədən düşmək üçün heç yaxşı pilləkən maşını da yoxdur” desələr də, Özal Albaniya səfərini proqrama daxil etdirmişdi. Türkiyədən gətirilən əlavə vasitələrlə təyyarənin qapısına çatmayan nərdivana keçid təmin olunacaqdı.

Albaniya bir vaxtlar Osmanlıya neçə-neçə dövlət xadimi bəxş etmişdi. Bu ölkədəki lisey Özalın səfərindən bir ay əvvəl açılmışdı. Lisey tədris ilinin ortasında da olsa, fəaliyyətə başlamışdı. Ona görə də prezidentin bu ziyarəti çox əhəmiyyətli idi. Özal bir mənada liseyin rəsmi açılışını etmiş olacaqdı.

Özal liseyə ziyarətin proqramdan çıxarıldığını öyrənəndə rəs­milərə xəbərdarlıq edərək məktəbi ziyarət edəcəyini bildirir. Həm­çinin hava limanında onu qarşılamaq istəyən şagirdlərə icazə ve­ril­­mədiyini öyrənən Özal “Uşaqlar hava limanında təşkil edilən qar­şılanma mərasiminə daxil edilsin” təlimatını verir.

Fevralın 18-də paytaxt Tiranada hava limanına enən Özalı Albaniya prezidenti Sali Berişa ilə birlikdə Mehmet Akif Ərsoy liseyinin 120 albaniyalı şagirdi gül-çiçəklə qarşılayır. Özal uzun protokol mərasimini yarımçıq qoyub şagirdlərə yaxınlaşır. Onlarla söhbət edən Özal üzünü Albaniyanın Təhsil Nazirinə tutub: “Bu məktəbin açılışını təmin etməklə təqdirəlayiq iş gördünüz. Belə bir qərar verdiyiniz üçün peşman olmayacaqsınız. Məktəbə adı verilən Mehmet Akif Ərsoy İstiqlal Marşımızın müəllifidir, özü də Albaniya əsillidir”, – deyir.

T. Özal məktəbin həyətində albaniyalı şagirdlərdən Albaniya milli himnini və İstiqlal marşını dinləyir. Özal dördmərtəbəli liseyin sinif otaqlarını gəzərkən üçüncü mərtəbədə yerləşən yeməkxanada aşpaz önlüyü geyinmiş bir xanım onu “Cənab Prezidentimiz, xoş gəlmisiniz” sözləri ilə qarşılayır. Bu qadının türk dilində səlis danışmasına təəccüblənən Özal “Türk dilində çox yaxşı danışırsınız”, – deyincə, qadın “Mən məktəb müdirinin həyat yoldaşıyam. Aşpaz tapmadıqları üçün 20 gündür bu uşaqlara yemək bişirirəm”, deyə cavab verir. Özal yanındakılara baxaraq: “Əsl fədakarlıq budur”, – deyir və müdir xanımının bu fədakar davranışının tərcümə edilib Albaniya dövlət adamlarına da çatdırılmasını istəyir. Başda Albaniya Təhsil Naziri olmaqla Albaniya dövlət rəsmiləri də bu hadisəyə çox təəccüblənir.

Özal Xarici İşlər üzrə müşavir Özdəm Sanbərk (Özden Sanberk) və Türkiyənin Tiranadakı səfiri Mətin Örnəkola (Metin Örnekol) bu məktəblərin əhəmiyyətindən danışarkən: “Dövlətin edə bilmədiyini bu məktəblər edir. Bunların dəyərini on il sonra görəcəksiniz. Bunlar ticarət işlərindən az əhəmiyyətli deyil. Xarici işlər nazirliyi və səfirliklər bu məktəblərə sahib çıxmalıdır”, – deyir.

Özal məktəbin xatirə dəftərinə ürək sözlərini yazır. Bir cümləsi də belə idi: “Şagirdlərin İstiqlal Marşımızı səsləndirməsi hamımızı kövrəltdi”.

Həmin gün Özalı qarşılayan albaniyalı şagirdlərdən biri ilə 2007-ci ilin noyabr ayında ABŞ-da tanış oldum. Mehmet Akif Ərsoy Liseyinin 1996-cı il ilk məzunlarından olan bu 30 yaşlı doktorant Ermal Hitaj liseyi bitirdikdən sonra Türkiyəyə gedib və Orta Doğu Texniki Universitetinin İqtisadi elmlər və idarəetmə fakültəsinin iqtisadiyyat bölməsinə daxil olub. Universiteti bitirdikdən sonra isə – 2007-ci ildən ABŞ-da Mərilənd (Maryland) Universitetində iqtisad elmləri üzrə doktoranturada oxuyurdu. Hitajdan niyə məhz 1993-cü ildə tədris ilinin ortasında açılan türk məktəbini seçdiyini soruşdum. Belə cavab verdi: “Türk liseyinin açılacağını eşidib bir müddət gözlədik. Şagirdlər üçün bu bir risk idi. Çünki məktəb açılmaya da bilərdi. Lakin biz gözlədik. Etiraf edim ki, əvvəlcə sınaq məqsədilə bu məktəbə getmişdim. Çünki bu, Albaniyada demokratik sistemin bərqərar olmasından sonra açılan ilk əcnəbi lisey idi. Türklər açdığı və ingilis dilində təhsil verildiyi üçün bu liseyi seçdim”.

O dövrdə Albaniyada Ənvər Xoca devrilmişdi, ölkə ko­m­mu­nizm­­dən demokratiyaya keçid dövrünü yaşayırdı.

Mehmet Akif Ərsoy liseyinin ilk məzunları olan 120 şagirdin­ təxminən yarısı Türkiyə universitetlərini seçib, ali təhsil üçün Türkiyəyə gedib. Qalan şagirdlər İtaliya, Yunanıstan və ABŞ-a üz tutub. Ermal Hitaj “Türk liseyində oxumasaydın, universitet təhsili üçün hansı ölkəyə gedəcəkdin?” sualıma: “Bu məktəb olmasaydı, dövlət məktəbində oxuyacaqdım, sonra ali təhsil almaq üçün İtaliyaya gedəcəkdim. İtaliyada Albaniyadan on minlərlə tələbə oxuyur. Məsələn, İtaliyanın Baloniya Universitetinə gedərdim. Üstəlik bu universitetdə ancaq ödənişli oxuya bilərdim”, – deyə cavab verdi.

Prinston (Prinseton) Universitetinin Osmanlı və Türkiyə üzrə dün­ya şöhrətli tarixçisi professor Norman İtzkoviç 1998-ci ildə Alba­niyaya səfər edəndə Mehmet Akif Ərsoy Liseyini ziyarət etmiş və liseyi “Tirananın Robert Liseyi” adlandırmışdı. Albaniya 2007-ci ildə türk universiteti açılan ilk ölkələrdən biri olur. “Çağ Universiteti” adını daşıyan bu təhsil ocağı 2007-ci ilin sentyabr ayında fəaliyyətə başlayır. 2007-ci ildə Albaniyada yeddi türk məktəbi var idi. Bu məktəblərdə təhsil alan 3000 şagirdin yarısı qız, yarısı oğlan idi.

Dünyanın bir çox ölkəsində olduğu kimi, Albaniyada açılan liseylərdə də müsəlman, katolik, provaslav şagirdlər birlikdə təhsil alırdılar. İstər Balkan yarımadasında, istərsə də Orta Asiyada açılan liseylərin rəhbərləri xristian şagirdləri götürüb-götürməməkdə tərəddüd edincə Güləndən məsləhət almışdılar. Gülən şagirdlər arasında dini ayrı-seçkilik qoyulmamasını tövsiyə etmişdi. Bundan sonra Albaniyada katolik məzhəbinə mənsub xristian albaniyalıların uşaqları da türk məktəblərində təhsil almaq imkanı qazanmışdı. Bu şagirdlərə din dərsini katolik din xadimləri tədris edirdi. Bu fəaliyyətlər həyata keçiriləndə Fəthullah Gülənin Vatikanda katolik dünyasının dini lideri Papa ilə bir araya gəlməsinə hələ beş il var idi.

Orta Asiya səfərinin sirri

Özal Balkan səfərindən ay yarım sonra 1993-cü il aprelin 4-də müstəqilliyini yeni qazanmış beş Orta Asiya Türk dövlətinə səfər etmək qərarına gəlir. Səfərdə “Zaman” qəzetinin baş yazarı Fəhmi Koru və imtiyaz sahibi Ələddin Qaya başda olmaqla beş nəfərlik heyətlə təmsil ediləcəkdi. Lakin səfərə 1-2 gün qalmış “Zaman”dan gələnlərin sayı altı olur. Özalın mətbuat katibi Volkan Bozqır Ələd­din Qayaya zəng edərək: “Sizdən beş nəfərin getməsi nəzərdə tutulub. Altıncı adamı götürə bilmərik”, – deyir. Qaya: “O halda biz səfərə qatılmayaq”, – deyə etiraz edir.

Bozqır vəziyyəti prezident Özala bildirir. Prezident hirslənir. Təcili Ələddin Qayaya zəng edilməsini tapşırır. Özal telefonu götürən Qayaya: “Qardaşım, mən bu səfərə sırf türk məktəbləri üçün gedirəm. Ancaq gör sən nə edirsən!? Neçə nəfərsinizsə, hamınız gəlin”, – deyir. Beləcə altı nəfərlik heyət problemi həll edilmiş olur.

Özal müstəqillik əldə edən Türk Respublikalarında yeni açılmış­ türk liseylərini görmək istəyirdi. Bir gün ətrafındakılardan: “Bu məktəblərdə kompyuter laboratoriyası var?” – deyə soruşmuşdu. Özalın kompyuterə böyük marağı vardı. Onun prezdent olaraq bu ölkələrdə yeni açılmış türk məktəblərini ziyarət etmək arzusu Fəthullah Güləni çox sevindirmişdi. Çünki Türkiyə dövlətinin prezidenti olaraq T. Özalın bu səfəri böyük əhəmiyyət kəsb edirdi.

Özbəkistanda Daşkənd və Buxara türk liseylərini gəzən Özal Türkmənistanın Mərv şəhərində Sultan Səncər və Toğrul bəyin qəbirlərini ziyarət edir. Paytaxt Aşqabadda yerləşən Türk liseyinə də baş çəkir. Özal Türkmənistan prezidenti Səfərmurad Türkmənbaşı ilə birlikdə sinifləri gəzir, ingilis dili dərsində dörd şagirdə ingiliscə “What do you want to be when you grow up (“Böyüyəndə nəçi olmaq istəyisən?”)” sualını verir, onlar da mühəndis, müəllim kimi cavablar verirlər. Turqut Özal yenə ingiliscə “What a nice harmony (Nə gözəl harmoniya)” sözləri ilə şagirdləri təqdir edir və Türk­mənistan prezdentinə dönüb: “Bir bu mənzərəyə baxın”, – deyir.

Türkmənbaşı Özala: “Bu uşaqlarımız liseyləri bitirəndən sonra ali təhsili harada alacaqlar?” – deyə sual verir. Özal isə: “Narahat olmayın, onlar burada universitet də açarlar”, – deyib lisey rəhbərliyinə dönərək: “Açarsınız, elə deyilmi?” – soruşur. Onlar da: “Açarıq”, – deyə cavab verirlər. Həqiqətən də, bir il sonra Orta Asiya Türk Respublikalarında ilk türk universiteti Türkmənistanda fə­aliyyətə başlayır.

Bu hadisə Türkmənistanda türk məktəblərinin açılmasına təkan verir. Dövlət rəhbəri Səfərmurad Türkmənbaşı məktəb rəhbərlərinə: “Hər vilayətdə istədiyiniz binanı götürün, məktəb açın”, – deyib dəstək verir.

Bakıdan Gülənə telefon zəngi

2007-ci ilin noyabr ayında 1993-cü ildə Türkmənistanın Mərv şəhərində açılmış “Turqut Özal” adına türk liseyinin ilk məzunlarından olan bir türkmən tələbə ilə ABŞ-ın Dallas şəhərində tanış oldum. 27 yaşlı Vepa Rəcəb liseyi bitirəndən sonra Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsində təhsilini davam etdirir. Həyat yoldaşı Amerika universitetlərinin birində təhsil alırdı. O da Dallasda fəaliyyət göstərən Türk Mədəniyyət Mərkəzində könüllü koordinator işləyirdi. Dallasda 1963-cü ildə Amerika prezidenti Con Kennedinin qətlə yetirildiyi yeri görməyə Vepa Rəcəblə birlikdə getdik. Ondan Türk liseyində ən çox nədən təsirləndiyini soruşdum. “Biz yataqxanada qalırdıq, ayaqyolular çox səliqəsiz olurdu. Bir gecə direktorumuzun ayaqyoluları təmizlədiyini gördüm”, – deyə cavab ve­rib belə davam etdi: “Türk liseyində oxumadan əvvəl bizdən “babanız kimdir” soruşanda “Lenin” cavabını verirdik. Yeddi yaşdan, yəni məktəbin birinci sinifindən “Lenin baba” deyirdik. Sultan Səncəri, Ərtoğrul Qazini məktəbdəki türkiyəli qrup rəhbərlərimdən öyrəndim”.

Dallasda Qırğızıstanın türk liseyinin məzunu Əbdüssalam adlı qırğız gənclə də tanış oldum. O da eyni sözləri söylədi. Kiçik yaşda “Bir, iki, üç, Lenin verən güc” deyimini əzbərlədiyini dedi.

Turqut Özal Qırğızıstana səfər edərkən hava limanında onu Bişkekdə yerləşən türk liseyinin şagirdləri türk və qırğız bayraqları ilə qarşılayır. Özal Qırğızıstanın prezidenti Əsgər Akayevlə görüşərkən: “Mən bu məktəblərə zaminəm. Onlar gənclərinizi yaxşı yetişdirəcəklər”, – deyir.

Eyni mənzərəni Əhməd Yəsəvinin vətəni Qazaxıstanda da görmək olardı. Özal dövlət başçısı Nursultan Nazarbayevlə birlikdə ziyarət etdiyi türk liseyinin xatirə dəftərinə bu sözləri yazır: “Bu məktəblər Türk Dünyasının təməl daşlarıdır”.

Daha sonra Qazaxıstanın keçmiş paytaxtı Almaata şəhərində cümə namazını qılan Özal məsciddə qazaxlar qarşısında nitq söyləyir. Məsciddən çıxanda bir nəfər: “Türkiyədə nə qədər qazax var?” – deyə sual verir. Özalın cavabı qazaxların ürəyini dağa döndərir: “Türkiyədə başda mən olmaqla 70 milyon qazax var”. Varlı bir qazax həkimi o gün Özalın məsciddən çıxdığını görmüş, məhz bundan təsirlənərək bir məscid və ətrafında da təhsil kompleksi tikdirmişdi. Onlar Özalı Türk Dünyasının lideri kimi görürdülər. Orta Asiya ölkələrindən birinin Təhsil Naziri əllərini göstərib: “Bu əlləri Prezident Turqut Özal sıxıb”, – deyə fəxr edirdi.

Özal Azərbaycan səfərində onu müşayiət edən Ali Təhsil Qurumunun (Yüksək Öyrətim Kurulu) əməkdaşı professor Şərif Əli Təkalana: “Türkiyəyə qayıdanda Fəthullah Xoca ilə görüşmək istəyirəm”, – deyir. Təkalan Bakıdan Fəthullah Gülənə zəng edərək Özalın istəyini çatdırır. Lakin 1993-cü il aprelin 15-də Ankaraya qa­yıdan Özala Fətullah Gülənlə görüşmək nəsib olmur, iki gün sonra dünyasını dəyişir. Özalın vəfatından bir müddət sonra Gülənlə görüşən qardaşı Qorqud Özal “Məktəblər Turqut bəyi heyran etmişdi”, – demişdi. Turqut Özal səfərdən qayıdar-qayıtmaz qardaşı Qorqud Özala: “Bu məktəblər möhtəşəmdir”, – deyərək heyranlığını gizlətməmişdi.

Özalın səfərləri çox keçmədən öz bəhrəsini verir. 1993-cü ildə ölkə sərhədlərindən kənarda açılan türk məktəblərinin sayı 71-ə, həmin ilin payızında (1993-94-cü təhsil ilində) isə 160-a çatır. Türkiyənin məşhur universitetlərini bitirən 500-ə yaxın gənc könüllü olaraq bu məktəblərdə müəllim və qrup rəhbəri işləməyə yollanır. 1995-ci ilin sentyabr ayında Rusiyanın paytaxtı Moskva şəhərində də bir türk liseyi açılır.

163-cü maddə üçün təbrik məktubu

“Atam qədər ağladığım ikinci insan Özal oldu” deyən Gülən onu çox sevirdi. Çünki Özal dininə, inancına səmimi qəlbdən bağlı insan idi. Gülən Özalı əngin iman sahibi, mənəvi dəyərlərə bağlı dövlət xadimi kimi görürdü. Özal hələ xəstəxanada yatarkən və səfirlər yanında ikən həkimi Çingiz Aslana: “Çingiz, qibləni tap, namazımı qılım”, – demişdi. Digər tərəfdən həmişə sıxıntılı anlarında Gülənə xəbər göndərər: “Xocama deyin, mənə dua etsin, duaya çox ehtiyacım var”, – deyərdi. Özalın Türk dövlətlərinin rəhbərlərinə: “Mən bu məktəblərə zaminəm”, – deməsi Gülənə böyük təsir etmişdi. Bu məktəblərə zəmanət verməklə Özal 70 milyonluq türk xalqının başında duran bir insan kimi öz vəzifəsini yerinə yetirmişdi. Bir prezident kimi ən böyük dəstəyi o verdi?! İlk dəfə idi ki, bir dövlət başçısı bu səviyyədə həyata keçirilən təhsil fəaliyyətlərinə sahib çıxırdı.

Gülən Özalın dəfn mərasiminə qatılır, xalqla birlikdə saatlarla nəşi aparan maşının arxasınca gedir. İstanbulda Fəxri xiyabanda dəfnində iştirak edir. Gülən üç il əvvəl, yəni 1990-cı ildə Adnan Men­deres və iki yoldaşının İmralı adasında olan qəbirlərinin köçürülməsi mərasiminə də qatılmışdı.

İndi iki baş nazir yan-yana yatırdı. Xalq hər iki baş nazirin dəfn mərasiminə axın emişdi. Lakin Gülənin fikrincə bu da yetərli deyildi, bütün Türkiyə hər iki lider üçün ayağa qalxmalı idi. Adnan Menderes 27 may 1960-cı il çevrilişindən bir ay əvvəl İzmirə səfəri zamanı böyük sevgi və izdihamla qarşılanmışdı. Körfəzi dolduran izmirlilərin Menderesə atdığı güllər camaatın və qayıqların çoxluğundan dənizə çata bilmirdi. Amma bir ay sonra çevriliş ediləndə, Menderes Mərmərə dənizinin ortasında Yassıadada həbsxanaya salınanda heç kimdən səs çıxmamışdı.

Gülənə görə, Tənzimat dövründən bəri görülməmiş çox işə imza atan Turqut Özalın dəfn mərasiminə daha çox insan qatılmalı, izdiham İstanbulu lərzəyə gətirməli idi. 1993-cü il aprelin 22-də Fateh Məscdidində başlayıb Topqapıdakı Fəxri xiyabanda sona çatan mərasimdə çox adam olsa da, yenə az idi. Gülən “Türk milləti Turqut Özala borcludur. O, bu dünyadan köçərkən hər birimizdən alacağı vardı”, – deyirdi.

Gülənin fikrincə, Turqut Özalın ən böyük xidmətlərindən biri 1991-ci il aprelin 12-də fikir azadlığını məhdudlaşdıran Türkiyə Respublikası Cinayət Məcəlləsinin 141, 142 və 163-cü maddələrini ləğv etməsi oldu. Gülən bu maddələrin ləğvi haqda qərarın verilməsindən sonra, Turqut Özala göndərdiyi təbrik məktubunda belə deyirdi: “Tənzimat dövründən bu günə qədər belə bir inkişaf və dəyişiklik olmamışdır. Sizi bütün ruhumla təbrik edirəm”. Ələxüsus da, 163-cü maddəni ləğv etmək o dövr üçün o qədər də asan deyildi. Bəzi dairələr irtica təhlükəsini bəhanə edərək bu qərardan məm­nun olmamışdı. Türkiyə Vəkillər Kollegiyasının Sədri Əralp Özgən (Eralp Özgen) Ədliyyə Naziri Oltan Sunqurluya beş minə yaxın imzadan ibarət ərizə göndərib 163-cü maddənin ləğvinə etirazını bildirmişdi. Lakin Özal bütün təzyiqlərə baxmayaraq bu çətin addımı atmışdı. Gülənin təbirincə desək, Özal çətin və məşəqqətli bir işin öhdəsindən gəlmişdi.

163-cü maddə neçə ildir Damokl qılıncı kimi dindar insanların başı üstündə dayanmışdı. Maddə “dini əsasları dövlət quruluşunun təməlinə yerləşdirmək məqsədilə təşkilatlanma” ittihamını ehtiva edirdi. Bunun üçün 8 ildən 15 ilə kimi həbs cəzası nəzərdə tutulurdu. Heç bir fəaliyyəti olmayan insanlar belə bu maddə ilə həbs oluna bilərdi. 163-cü maddə dörd hissədən ibarət idi və hissələr bir-birindən daha mücərrəd, elastik məzmunda idi.

Ömür boyu bu cür ittihamlarla üzləşən şair və yazıçı Nəcib Fazil Qısakürək 163-cü maddəni belə təsvir edirdi: “Bir insan səbzəvatçının yanına gedib badımcan almaq istəsə və göz görə-görə tərəzidə vuran səbzəvatçıya: “Allahdan qorx, haqqımı yedin”, – desə və səbzəvatçı onu məhkəməyə versə, həmin müştəri 163-cü maddə ilə cəzalandırılır. Çünki “Allahdan qorx, haqqımı yedin”, – deməklə dini və müqəddəs dəyərləri istismar etmiş, ondan öz dünyəvi mənfəətləri üçün “yararlanmış” olurdu”.

Gülən 163-cü maddə üzündən az məşəqqət və zülm görməmişdi. Sonralar müəyyən dairələr Terrorla Mübarizə Qanunu ilə birlikdə bu tip fikir cəzalarını yenidən qüvvəyə mindirmək istəyirdi. Ancaq Gülən buna etiraz edir. Onun fikrincə, belə cəhdlər 163-cü maddənin bərpasına çalışmaqdan başqa bir şey deyildi. Gülənin Baş nazir Tansu Çillərin görüş təklifinə razılıq verərək 1994-cü il noyabrın 30-da Ankaraya gedib onunla görüşməsinin səbəbi də bu idi. Parlamentdə Doğru Yol Partiyasının səsi olmadan bu qanunların qəbul edilməsi mümkün deyildi. Gülən “Terrorla bağlı qanun qəbul olunarkən 163-cü maddəni həyatında şəxsən yaşamış, “Səfillər” əsərinin qəhrəmanı kimi altı il addım-addım təqib edilmiş bir insan olaraq deyə bilərəm ki, belə bir şeyə bir daha imkan verilməməsi mənim üçün önəmli məsələ idi”, – deyirdi.

Gecə yarısı gələn seçki nəticəsi

Fikir azadlığını məhdudlaşdıran maddələri bu şəkildə tarixə gömən Özal mühüm qərarlar qəbul edərkən cəmiyyətin müxtəlif təbəqələrinin, həmçinin xalq arasında böyük nüfuza malik fikir öndərlərinin qənaətinə müraciət edirdi. O, Türkiyə Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsini ləğv edərkən Fətullah Gülənin yaxından tanıdığı vəkil Bəkir Bərkin (Bekir Berk) də mə­sə­ləyə münasibətini öyrənmişdi.[26]

Vəkil Bəkir Bərk 12 Mart 1971-ci il hərbi çevrilişindən sonra Gülənlə eyni ittihamla mühakimə olunmuş, İzmirdə eyni kameraya salınmışdı.

Bəkir Bərk 1950-ci ildə qurulan və müxtəlif millətçi dərnəkləri birləşdirən Millətçilər Federasiyasının və Türk Kültür Ocaqlarının rəhbəri idi. 1951-ci ildə bütün millətçi dərnəklər Türk Millətçilər Dərnəyində birləşmişdi. Bəkir Bərk Türkiyədə 100-dən artıq şöbəsi olan bu dərnəyə sədrlik etməklə yanaşı, həmin il “Kom­munizmlə mücadilə” jurnalını da nəşr etdirmişdi. Jurnalda Nurəddin Topçu və professor Mehmet Qaplan (Mehmet Kaplan)kimi sağçı düşüncənin tanınmış nü­ma­yəndələrinə aid yazılar dərc olunurdu. Dövrün məşhur qələm ustaları Peyami Səfa (Peyami Safa) və Falih Rifqi Atay (Falih Rıfkı Atay) arasında açılan məhkəmə işində Səfanın vəkili olan Bərk eyni zamanda Bədiüzzaman Səid Nursiyə də vəkillik etmişdi. 1950-ci illərdən etibarən S. Nursinin kitablarının Türkiyənin hər tərəfində sərbəst oxunması üçün mübarizə aparmış, onun tələbələrini məhkəmələrdə müdafiə etmişdi. Bərkin təsbitlərinə görə, 1971-ci ilə qədər məhkəmə S. Nursinin kitabları və tələbələri haqqında 721 bəraət qərarı vermişdi. Bəraət qərarı verən məhkəmə orqanları arasında hərbi məhkəmələr də var idi.

T. Özal B. Bərki 1950-ci illərin əvvəlindən tanıyırdı. Çünki o illərdə Bəkir Bərk vətənpərvər gənclərin liderlərindən biri idi. Turqut Özal 1991-ci ilin yanvar ayında Çankaya Köşkündə verdiyi rəsmi ziyafətə vəkil Bəkir Bərki də dəvət etmişdi. Özal Çankaya Köşkünün qəbul zalında Bərki yanında olanlara “Bəkir bəy bir dövrün ulduzudur, möhtəşəm insandır” deyə təqdim etmişdi.[27]

Gülənə görə, Özal hərbi rejimdən yenicə çıxmış Türkiyənin “qə­zaya uğramadan” yola davam etməsini təmin etmişdir. Gülən: “Nə bir imam-xətib[28] liseyi bağlandı, nə bir ilahiyyat fakültəsi, nə də bir Quran kursu. Əksinə yeniləri açılmaqda davam etdi”, – deyirdi. Digər tərəfdən Özal Çankaya Köşkünü xalqın üzünə açan dövlət başçısı idi.

Çevrilişdən sonra Baş Nazirin müavini vəzifəsinə gətirilən Özal əsl yerində və vaxtında istefa vermiş, yeni partiya qurub 1983-cü il seçkilərində iştirak etmişdi. Bir az da vəzifədə qalsa idi, bəlkə də, seçkilərdə belə uğur qazana bilməyəcəkdi. Çünki çevriliş hökümətində vəzifə tutmaq get-gedə Çevrilişlə eyniləşmək demək idi. Ona hə­­min hökumətdə qalmamasını tövsiyə edənlərdən biri də Gülən idi.

F. Gülən 1983-cü ildə keçirilən parlament seçkiləri günü İzmirdə idi. Gecə saat 12-yə doğru nəticələr məlum olur: Özal səslərin 46%-ni toplamışdı. Gülən belə bir nəticəni gözləmirdi. Seçkinin nəticələrini Atilla İlhanın bu sözləri ilə dəyərləndirir: “Tənzimatdan sonra ziyalılar gəlib hər şeyi yerlə-yeksan etmiş, Türk xalqı da gəlib bunları düzəltmişdir”.

Gülən Orta Asiya səfərindən qayıdandan sonra onunla gö­rüş­mək istəyən, lakin iki gün içində vəfat edən Özal haqqında nekroloqda ondan “böyük düşüncə və dövlət adamı, sivil prezident” kimi bəhs edir, onu Müsəlman Türk dünyasının ümid yeri kimi təqdim edirdi. Ömrü boyu yüksək ideallar ardınca getmiş, əngin dünyagörüşü ilə seçilmiş və Haqqa qovuşmuşdu. Onun vəfatı Türk milləti üçün ağır itki idi.

Gülən heç bir dövlət xadimi üçün etmədiyini Özal üçün edir. Onun ölümünün 13-cü ildönümündə, 17 aprel 2006-cı ildə bir yazı dərc etdirir. Yazısında Özaldan ömrünü vətənə fəda etmiş, dərin iman sahibi bir vətənpərvər kimi bəhs edir. Mənəvi dəyərlərə sadiq dövlət başçısı olaraq əngin dünyagörüşü və mütərəqqi xarakteri ilə Türkiyənin dövlətlər arasında layiqli yerini tutması üçün yorulmadan çalışmışdır. Beynəlxalq arenalarda Türk millətini adına layiq şəkildə təmsil etmişdir. Ömrünün son günlərində Balkan və Orta Asiya səfərinə çıxmış, bu ölkələrdə türk liseylərinin açılmasına çox sevinmişdi.

Bu ifadələr Gülənin 13 il sonra belə Özala bəslədiyi dərin sevginin bariz nümunəsi idi.

[1] Həm “din”, həm də “şəriət” yol mənasına gəlir. Şəriəti-Fitriyə Şəriəti-Təkviniyə, yəni Təkvini Qanunlar məfhumu ilə də ifadə olunur.
[2] Kökü ta Osmanlı dövrünə uzanan Türk hərbi marşı.
[3] “Həyatım, xatirələrim (Hayatım, hatıralarım)” Mehmet Qırxıncı, səh. 277.
[4] Din dərslərinin məcburi olması məsələsi Kənan Evrənin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılır. Evrən: “Valideynlər bizə müraciət etdi. “Övladlarımız bir dua da bilmir, ölsək, arxamızca dua etməyi bilmirlər, dini savadları yoxdur”, – dedilər. Məktəblərə din dərslərini məcburi etməliyik”, – deyir. Beləcə məcburi din dərsi Konstitutsiyaya salınır. Ancaq bir zabit etiraz edir. 12 Sentyabrdan əvvəl din dərsləri seçmə fənn idi. Liseyin sonuncu ilində bir sinifdə iki və ya üç şagird din dərsini seçirdi, bəzən hətta bir şagird qalırdı. O illərdə Milli Təhsil Nazirliyi lisey şagirdlərinin sərbəst ibadət etməsi üçün məktəb direktorlarına xəbərdarlıq göndərir. Milli Təhsil Naziri Nahid Menteşə (Nahit Menteşe) 1977-ci il 13 dekabr tarixli bu xəbərdarlıq haqda danışarkən bu qərarın məqsədini belə açıqlayır: “O dövrdə şagirdlər bir-birinə düşmən kəsilmişdi. Bunun qarşısını almaq üçün “Gənclərin beyninə Allah qorxusu salaq” dedik”. 2 iyun 2007-ci il, “Zaman” qəzeti.
[5] 2007-ci iln noyabr ayında professor Mehmet Pakdəmirlə (Mehmet Pakdemirli) görüşdən qeydlər.
[6] 1967-ci ildə “Minyəli Abdullah” romanı ilə məşhurlaşan “Zaman” qəzetinin yazarı Həkimoğlu İsmayıl (Hekimoğlu İsmail) Qara dəniz bölgəsində ehtiyacdan artıq məscidlər olduğunu deyərək Gülənin “Məktəb və yataqxanaya daha çox ehtiyac var” fikrinə dəstək verirdi. “Cümhuriyyət” qəzetinin baş yazarı Nadir Nadi isə 1970-ci il 1 avqust tarixli yazısında: “Nümayiş xatirinə demokratiyaya keçəndən bu yana yurdumuzda fabrik bacasından qat-qat çox minarə ucalıb” deyirdi. Nadi məscidlərin çoxluğunu “irtica” əlaməti kimi görürdü.
[7] Gülən həmin söhbətində “Daha sonra 55 yaşımda (1993-cü ildə) ölümü gözləməyə başladım. Gözlədiyim oldu, amma ölüm deyil, vəzlərdən əl çəkmək şəklində”, – deyir.
[8] 2008-ci ilin yanvar ayında İstanbulda Rəcəb Qaya ilə görüşdən qeydlər. Biləcik millət vəkili Rəcəb Qayanın qayınatası Mustafa Asim Doğan, Özalın anası Hafizə Özal və sabiq ANAP-lı nazir Hüsnü Doğanın anası Zahidə xanım bacı-qardaşdır. Hafizə Özal altı il Biləcikdə müəllimə işləyib. Atası Mehmet Siddiq (Mehmet Sıddık) də o vaxtlar Söyüd Ziraət (Aqrar) Bankın müdiri idi.
[9] ANAP-ın Burdur şöbəsinin rəhbəri ixtisasca əczaçı Səid Əkinçi sonralar Burdurun millət vəkili seçilmişdir.
[10] Vəkil Əmin Özkanla (Emin Özkan) 2007-ci il sentyabr ayında İstanbuldakı bürosunda keçirilən görüşdən qeydlər.
[11] 1982-ci ildə Gülənlə tanış olan Cəlil Şimşəklə (Celil Şimşek) 2007-ci ilin noyabr ayında keçirilən görüşdən qeydlər.
[12] Diyərbəkir məkhəməsindən 1987-ci ildə bəraət alan Mehmet Özyurd 1988-ci ildə yol qəzasında dünyasını dəyişir.
[13] İsmayıl Böyükçələbi ilə 2007-ci ilin noyabr ayında keçirilən görüşdən qeydlər.
[14] Gülən PKK-çıların Van Sərhat liseyi başda olmaqla, bu bölgədə açılan məktəb və universitetə hazırlıq kurslarını hədələməsinə, hətta bu təhdidlər üzündən təhsil ocaqlarına ilk illərdə az şagirdin müraciət etməsinə də eyni reaksiyanı göstərmişdi. Gülən: “Orada fəaliyyət göstərən heç bir təhsil qurumunun PKK-nın hədələrinə görə fəaliyyətini dayandırmaq haqqı yoxdur. Bu qurumlarda çalışan insanlar canları bahasına olsa da, orada qalıb işləməli, o uşaqlara sahib çıxmalıdırlar”, – deyirdi.
[15] Naim Süleymanoğlu 1988-ci ilin sentyabr-oktyabr aylarında Cənubi Koreyanın Seul şəhərində keçirilən Olimpiadada möhtəşəm bir uğura imza atır: doqquz dünya və altı olimpiada rekordu vurur.
[16] Gülən 1989-cu il aprelin 9-da İstanbulda başlayan və 1991-ci iyunun 16-da İstanbulda Süleymaniyyə məscidində tamamlanan 43 həftəlik bu vəzlərində müasir dünyamızda bəşəriyyətə xidmət edəcək insanların xüsusiyyətləri və s. müxtəlif mövzulardan bəhs etmişdi. 16 iyun 1991-ci ildə verdiyi son vəzi isə “Dünyada axirət üçün yaşamaq” mövzusuna həsr olunmuşdu.
[17] Haqsızlığa məruz qalmış.
[18] Necdət Başaranla 2007-ci ilin noyabr ayında ABŞ-da keçirilən görüşdən qeydlər. Gülən 1990-cı ildə Avropa ölkələrinə, 1992-ci ildə ABŞ, Kanada və Avstraliyaya gedərkən onu müşayiət edən Necdət Başarana: “Sənsiz heç bir yerə, hətta cənnətə də getmərəm”, – demişdi.
[19] 2008-ci ildə bir milyon türk alman pasportunu daşıyırdı. Alman universitelərində təhsil alan tələbələrin sayı 40 000-dən artıq idi. 70 000-ə yaxın türk iş adamının illik gəlir dövriyyəsi 80 milyard yevro civarında idi və bu iş yerlərində 350 000 işçi çalışırdı. Almaniyada çalışan bu türk iş adamları, xüsusilə, ilk 10 il ərzində yemədən, içmədən bütün qazanclarını Türkiyəyə göndərmişdilər. Bu pulla hətta kəndlərdə fabrik açanlar da oldu. Halbuki kəndlər fabrikin işləməsi üçün əlverişli deyildi.
[20] Harvard Universitetinin Memarlıq və Sənət Tarixi fakültəsində Ağa Xan Kürsüsünün­ rəh­bəri olan türk professor Gülru Nəciboğlu İstanbul, Ankara, Paris, Venesiya və Vyana arxivlərində apardığı araşdırmalar nəticəsində 10 ilə yazdığı “Memar Sinan dövründə memarlıq mədəniyyəti (Mimar Sinan döneminde mimarlık kültürü)” kitabında bu mövzu ilə bağlı maraqlı məlumatlar vermişdir. Nəciboğlu sözügedən kitabında “Mikelancelonun Romada San Pedronun qübbələrini tikdiyi dövrlə Süleymaniyyə Məscidinin inşası eyni vaxta düşür. Mikelancelo Memar Sinanı izləyirdi” yazır. XVI əsrdə italyanların Bəyoğlundakı Venesiya təmsilçiliyi sayəsində İstanbulda baş verən bütün hadisələrdən xəbərdar olduğunu bildirən Nəciboğlu belə davam edir: “Venesiya arxivlərində aşkar etdim ki, Memar Sinan bir abidəni başa çatdıran kimi Murano adasından qəndillər sifariş edilirmiş”. “Hürriyyət” qəzetinin 9 sentyabr 2007-ci il tarixli “Hürriyyət bazar” əlavəsində.
[21] Abdullah Aymazla 2007-ci ilin sentyabrında İstanbulda keçirilən görüşdən qeydlər.
[22] Professor Mehmet Pakdəmirli ilə keçirilən görüşdən qeydlər.
[23] Buna bənzər hadisə Qazaxıstanın o zamankı paytaxtı Almata şəhərində də olmuşdu. Bu ölkəyə səfər edən Türkiyə partiyalarından birinin rəhbəri türk məktəbləri əleyhinə danışmağa başlayanda Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev: “Bu insanlar dindardır, onlardan nə istəyirsiniz?” – demişdi. Başqa bir sol meyilli yüksək səviyyəli dövlət rəsmisi də Nazarbayevdən eyni cavabı almışdı. Türkmənistan dövlət başçısı Türkmənbaşı da Gülən və məktəbləri əleyhinə danışan bir partiya rəhbərinə: “Bizi axmaq yerinə qoymayın, kimin dost, kimin düşmən olduğunu yaxşı bilirik”, – deyə cavab vermişdi.
[24] 1.6 km-ə bərabər uzunluq vahidi.
[25] Başqalarını düşünmə, onların dərdinə yanma.
[26] T. Özal Ana Vətən Partiyasının rəhbərliyindən uzaqlaşandan sonra partiyanı əmanət etmək üçün təkcə partiya daxilində anket keçirməklə kifayətlənməmiş, partiyadan kənar insanların da fikirlərini öyrənmişdi. Onlardan biri də Ərzurumda yaşayan Mehmet Qırxıncı Xocadır (Mehmet Kırkıncı). M. Qırxıncı Özala: “Nə olursa olsun, siz yenə də Məsud Yılmazı partiya rəhbəri təyin etməyin”, – demişdi.
[27] “Həyatını ideallarına həsr edən insan – Bəkir Bərk”, (Hayatını davasına adayan adam Bekir Berk) İhsan Atasoy, səh.279. İstanbulda vəfat edən Bəkir Bərkin 1992-ci il iyunun 16-da keçirilən dəfn mərasimində cənazə namazını Fətullah Gülən qıldırır. Vəkil Bəkir Bərk onu vəsiyyət etmişdi.
[28] Türkiyədə dini vəzifələrə mütəxəssis yetişdirmək məqsədilə açılmış orta məktəblər.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.