Fəthullah Gülənin İslam anlayışı və ya İslami yolu

Fəthullah Gülən birinci hissədə də qeyd edildiyi kimi dinin məna, əxlaq və əməl səviyyəsində çox gözəl yaşandığı bir mühitdə dünyaya gəlmiş və böyümüşdür. Bu mühitin, demək olar, hər yönüylə mənəvi bir halə olması ondakı İslami mayalanmanın birinci dərəcədə mənəvi-əxlaqi olmasında əsas rol oynamışdır. Həm bu mühitin içində, həm də, daha sonra Ərzurumda islami elmləri öyrənməsi onda elmlə mənəviyyatın, öz ifadəsi ilə, “ağılla qəlbin” birləşməsinə, qaynayıb-qarışmasına, birlikdə yeriməsinə səbəb olmuşdur.

Məsələnin biri tarixi, digəri də psixoloji olmaqla başqa iki əhəmiyyətli tərəfidə var. Materialistlərin və elmdə materialist yanaşma tərzindən qurtula bilməyənlərin iddiaları nə olursa olsun, görünən, yaşanan və hiss edilən bir həqiqət vardır ki, o da insanın orqanik (üzvi) bir alət (maşın) və ya sadəcə bədəndən ibarət bir varlıq olmamasıdır. O, öz daxilində xeyli fakültəyə sahib ruh, qəlb, vicdan, hiss və zehin kimi bir neçə cihazlarla təmin edilməklə yanaşı, bütünlüklə bir duyğular yumağıdır. Bundan başqa, kainatdakı bütün varlıqlarda olduğu kimi, keçmiş, indiki və gələcək zamanla da əlaqəlidir. Bununla yanaşı, birdən çox şeyə eyni anda möhtacdır. Necə ki onun yemək, içmək, yatmaq, evlənmək, qorunmaq kimi ehtiyacları təmin olunmaq istəyir, yenə necə ki görmək, eşitmək, dadmaq, hiss etmək və iyləmək kimi zahiri, xarici duyğularının hər birinin özünəməxsus funksiyası var və buna görə özünəxas qidalarla həzz alır, eyni şəkildə, onun daxili duyğu və fakültələrinin hər birinin də yenə özünəməxsus funksiyası var və buna əsasən hər biri də özünəxas şeylərlə təmin edilib ləzzət almaq istəyir. Hamısına birdən “zehin” məfhumunda toplaya biləcəyimiz ağılın, düşüncənin, hafizə, mühakimə və öyrənmənin insan üçün ifadə etdikləri özünəməxsus məna və ifa etdikləri özlərinəxas funksiya, dolayısilə hər birinin özünəxas fəaliyyət yeri və qidalanma şəraiti var. Bunun kimi, duyğuları və qəlb, ruh kimi iç fakültələri də yenə özünəməxsus funksiyanı icra etdiyi və buna görə qidalandıqları ölçüdə insan daxili ahəngini, nizamını təmin edə bilir və mənəvi rahatlığa qovuşur. Bu şəkildə ağıl-qəlb və ya zehin-ruh arasındakı lazımi əlaqə və daxili ahəng təmin edildiyi zaman insan hərəkətlərinə “hikmət” çərçivəsində istiqamət verər; qüvvət və ehtiras (şəhvət) kimi kənar aləmə meyilli tərəflərini müəyyən ölçülər içində istifadə edər və tarazlıqda saxlayar. Xülasə, insan öz içində ədaləti, tarazlığı, orta yolu tapdığı zaman başqaları ilə münasibətlərində ədalətli və ölçülü olar. Əks təqdirdə, ağıl ruha və ya ruh ağıla görə, ruh və ağıl qüvvət, ehtiras və ya bədən tərəfindən yoldan çıxarılsa, meydana “yarım” və ya “parçalanmış” insanlar gələr, bu vəziyyət təbiəti etibarilə cəmiyyətə də əks edər. Buna görə, tam şəkildə bir insanın yetişdirilməsi, başqa sözlə, insanın kompleks bir təhsil süzgəcindən keçməsi, nəticədə insan və cəmiyyətdə tarazlıq, ədalət, asayişin təmin edilməsi başda ruh və ağıl olmaqla insanın bütün hiss, duyğu və fakültələrinin nəzərə alınaraq incələnməsindən asılıdır. Bu cəhət Fəthullah Gülənin dinə münasibətində həmişə bir başqa əsas qapı olmuşdur.

Məsələnin tarixi tərəfi

Varlıqlar arasında insanın özünəməxsus vəzifə, məsuliyyət və funksiyalarını yerinə yetirməsi və bu şəkildə “insani” doyuma çatıb həqiqi xoşbəxtliyi əldə edə bilməsi üçün qəlbi və ruhi, əqli və fiziki tələbatlarının, ehtiyaclarının ödənilməsi lazımdır. Bunlardan birinin ödənilməməsi insanın həqiqi mənada inkişafına mane olduğu kimi, dövlətlər və mədəniyyətlərin də doyum istəyən fakültələri və duyğuları, bunlarla əlaqədar olaraq təmin edilməsi vacib olan ehtiyacları vardır.

Xüsusilə ilk beş əsrində əsli gözəlliyini böyük miqyasda qoruyan İslam mədəniyyəti insana və həyata kompleks şəkildə baxdığı üçün bir tərəfdə “ağılın işığı” olaraq gördüyü fənlərə lazımi dəyər və yer vermiş, elmlərlə dünyanın abadlaşdırılmasını insanın dünyanın xəlifəsi, yəni dünyadakı varlıq səbəbi olduğu inancının gərəyi saymış; digər tərəfdən, dindən, dini dəyərlərdən qaynaqlanan məna əsaslı hərəkətverici qüvvələri ilə bir qəlb və ruh mədəniyyəti olaraq ortaya çıxmışdır. Fənlərin fəaliyyət sahəsi olan təbiəti Yaradıcının İradə və Qüdrət sifətlərindən gələn qanunların cövlan etdiyi yer kimi qəbul etmiş, onu heç vaxt Yaradıcının Kəlam sifətindən gələn qanunlarının tam və ahəngdar bir sistemi olan dinlə təzad kimi görməmişdir. Son zamanlar dindən qoparılan (dolayısilə, insanın və insanlığın başına səbəb olduğu xeyirlər ölçüsündə ziyanlar gətirib insanı insandan aşağı, özünün istehsal və istifadə etdiyi əşyaya məhkum edib onu sahib olduğu bütün üstün dəyərlərdən məhrum edəcək, eyni anda yüz minlərlə insanı öldürə biləcək dəyərsiz bir alət kimi istifadə edilən) elmi əsas mahiyyəti etibarilə dinin bir başqa təzahür forması olaraq qəbul etmiş və insani sahədə beyin-qəlb, sosial sahədəki din-elm birliyi ilə bəşəriyyətin böyük bir hissəsinə əsrlər boyu həqiqi səadət bəxş etmişdir. Bu səbəbdən, Corc Sarton “Elmlər tarixinə giriş”adlı abidə əsərini xronoloji bölmələrə ayırır və hər bölməyə o dövrün ən məşhur elm adamının adını verir. Beləcə, VIII əsrdən XI əsrin ikinci yarısına qədər 350 illik zaman daim bir müsəlman elm adamının adını daşıyır: Xarəzmi dövrü, Biruni dövrü kimi. Corc Sarton bunlardan başqa, yaşadığı dövrlərə öz möhrünü vuran başqa yüzlərlə müsəlman elm adamın adını da çəkir. Necə ki, bu elm adamları müasir Qərb düşüncəsi ilə yetişən əksəriyyət kimi sadəcə bir sahənin və materialist şablonlarda həbs olunmuş insanlar olmayıb, eyni zamanda, bir neçə sahə üzrə mütəxəssis və əksəriyyət etibarilə dərin ruh, məna və könül insanı idi isə eləcə də, məna və qəlb cəbhəsində yetişən “vəlilərin” çoxu da, eyni zamanda, bir riyaziyyatçı, astronom, doktor, tarixçi və ya kimyaçı idi.

İslam mədəniyyəti Monqol işğalı ilə ciddi bir sarsıntı yaşadı. Lakin bu mədəniyyət 500 illik ömrünə rəğmən, hələ özünə həyat verən əsas qaynaqları ilə, ruhu, mahiyyəti və əsl hərəkətverici qüvvələri ilə canlı olduğu üçün bu işğalın dağıntılarını tezliklə təmizlədi və özünü bərpa etdi. Bərpa etməkdən də irəli gedərək, Anadoludan Avropaya qədər yayılan bir şöbəsi mahiyyətində olan Osmanlı Dövləti ilə, xüsusilə də, elm sahəsindəki böyük irəliləyiş və üstünlüyünü nəinki qorudu, hətta yenidən yüksəlişə qədəm qoydu. Fəqət XIX əsrə gələndə bu mədəniyyətin bir tərəfdən elmlər qanadı qırılmış, digər tərəfdən də ruh və mənada böyük miqyasda assimilyasiyaya uğramışdı. Qərb isə coğrafi kəşflər, elm və texnikada əldə etdiyi nailiyyətlər, mütəmləkəçilik və bu kimi digər yollarla “qüvvəti” əldə etmə yolunda idi. Bu qüvvət nəticə olaraq ona dünya hakimiyyətini verdi və Osmanlı Dövləti də hərtərəfli tənəzzül halı ilə bu qüvvətin qarşısında tab gətirə bilmədi. 1878-ci il Rus-Türk müharibəsinin ardınca 1911-1912-ci illər Balkan müharibəsi və sonra gələn I Dünya müharibəsi hər Türkün evində dərindən hiss edildi, hər qəlbdə sağalmaz yaralar açdı. Bütün bunlara ən nəhayət Anadolunun işğalı və bölüşdürülməsi də əlavə edildi. Bir neçə əsr davam edən bu məğlubiyyətlərlə birlikdə Qərbin göz qamaşdırıcı qüvvəti və maddi üstünlüyü nəticəsində bir müsəlman üçün yaradılışının və həyatının qayəsi olan Allaha imanla yanaşı, bütün iman əsasları qəlblərdə sönməyə başladı. İslam, xüsusilə, Türkiyə içində eynilə Məkkədə yarandığı ilk vaxtlar yaşadığı qərib hala təkrar düçar edildi. Quran sanki unuduldu. Şəxsi planda müsəlmanlar, coğrafi və ictimai planda da bütün İslam dünyası Mehmet Akifin ifadəsi ilə, bayquşların yuva saldığı viranəyə döndü.

Beləliklə, yüksəlişi və süqutu ilə bütün bir İslam, əsasən də Osmanlı tarixinin Fəthullah Gülənə təsiri böyük olmuşdur. Lakin Fəthullah Gülən bu tarixə baxışda, şübhəsiz, hisslərini bir kənara qoymasa da, baş verənlər qarşısında əqli və elmi bir yanaşma ortaya qoymuş, tənəzzülün səbəblərini ilk növbədə sosial, iqtisadi və siyasi sahələrdə axtarmamışdır. Sonralar işlədiyi yerlərdə də müşahidə etdiyi kimi, məsələnin inanc və düşüncə qaynaqlı olduğunu görmüş, İslam üzərindəki tədqiqləri də onu yenə bu nəticəyə gətirib çıxarmışdır. Bu məqam Fəthullah Gülənin İslam anlayışının ideoloji-siyasi İslami hərəkatlardan fərqlənən çox vacib bir məqamıdır, yəni Fəthullah Gülən tarixə, mədəniyyət və millətlərin yüksəliş və tənəzzüllərinə Osmanlı və Cümhuriyyət modernizminin prizmasından yanaşmadığı kimi, məsələyə sadəcə sosial və siyasi aspektdən baxan siyasi-ideoloji islami hərəkatların perspektivlərindən də yanaşmamışdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.