Ana

Ana üçün deyirlər, sonu yox iztirabın...
Daim ənindir anada səsi, telin, mızrabın...

Fanilər arasında ən müəzzəz, ən əziz varlıqdır ana. O, yer üzündə addımlarını atarkən başı göylərdə, Cənnət də ayaqlarının altındadır. Başmağının tozu gözlərə sürmə qədər əziz və ayaqlarına qapanan üzlər də Ərşin eşiyindəki başlar qədər ucadır. Ana inləyən varlıqdır. Bir ömür boyu inləyən və sızlayan... Onun analığı övladla qaim; "anam" deyənlə... Övladsız ana, ana deyil. Bəs övladı "anam" deməyən ananın halı necə?! Ananın amalı bir övlad, bəzən başqa bir şeydir; məna kimi, ruh kimi, məfkurə kimi...

Ana var, dünyaya gətirəcəyi balasını Haqqın yoluna fəda edər. Ana var, bir övlad istər, istər, lakin əldə etmədən hüsran içində gözlərini yumar həyata. Ana var, izah edə bilmədiyi övladı ilə beli bükük: "Kaş ki, daha öncə ölüb, unudulub getsə idim", -deyər. Ana var, övladı ilə abidələşər və başı səmalara yüksələr. Ana var, övladı ilə pərişan və dərbədərdir. Ana var, Firon sarayında bir millətin göz bəbəyidir. Ana var, Peyğəmbər ocağında şeytan bəndəsi. Ana var, səssiz, naməlum və məchuldur, lakin güllər, çiçəklər yetişdirər. Ana var, dastanlara sığmaz; o, yaddaşlarda, könüllərdə, göylərdədir. Ana var, kağızdadır, qələmdədir, romandadır...

Torpaq, toxuma; qaynaq çağlayana; Həvva insan övladına; Məryəm bir Ruha; Əminə bütün bir həqiqətə, varlığın sirrinə, sirlərin mayasına anadır.

Yaxşısı da var, pisi də ananın. Yaxşısına canlar qurban; bəs pisinə, talesizinə nə deyək? Övladın üzünü güldürməyənə və övladdan üzü gülməyənə, ağ gün görməyənə...

Ana-övlad iki bədən, bir ruh. Övlad ananın bir parçası, qucaqlarda "könül yaxan sevgili", iməkləyən körpə və nəhayət arxa-arxaya üz verən ayrılıqlarla ananın qəlbinə od vuran bir alov, ürəyə sancılan bir ox...

İlk addımları, təhsil həyatı, əsgərlik çağı.. bunların hər biri ananın alnına qırış, saçlarına ağ salan iztirab dövrləri. Ana hər eniş və hər yoxuşun başında göz yaşı tökər: övladın tələbəlik ayrılığı, evlilik ayrılığı və əsgərlik ayrılığına... Bəli, o, daim ağlar, daim büxurdan kimi od tutub yanar. Bəzən təsəlli tapar, bəzən də sel olub axan göz yaşlarında boğular. O, dəyərlərinə, vətəninə, namusuna qurban verdiyi balasını ərməğan bilər və bununla təsəlli tapar. Ya bir heç uğrunda ölənə, məfkürəsizə nə desin ana? Bu məqamda ananın dili lal olar.

Bəli, o, şəhid olan övladına bayatı qoşar, layla söylər, onlarla ovunar.

Bura Yeməndir,
Gülü çəməndir,
Gedənlər gəlmir
Görən, nədəndir,
Görən nədəndir.

Gözlərdə şəhidin xəyalı, qulaqda Cənnətin şırıl-şırıl axan çayları kimidir onun səsi:

Kafir Krımı aldı, anam,
Düşmən yurduma girdi, anam,
İsmətim payimal oldu, anam,
Mən oraya gedirəm...

Krımda kafirlərə qoşulan da var; Plevnanı unudub Tunada gəzintiyə çıxan da. Elə ananın belini bükən də bunlardır. Köhnə qurbanın düşməni, yeni qurbanın dostu; nə desin ana bu girift müəmmaya..!

Vay mənim talesiz anam! Qəlbi ağrılı anam, qəddi bükülmüş, gözləri dolmuş anam; dizinə döyüb saçını yolan anam! Kim rəva gördü bunları sənə? Kim qıydı qəlbinin bəhrəsinə, gözünün nuruna? Qıraq o əlləri. Su səpək alovuna...

Artıq ağlama anam! Göz yaşlarından meydana gələn buludlar, ta Ərşə qədər yüksəldi. Bax indi orada şimşəklər çaxır, burada pöhrələr baş qaldırır... Dağılan tellərinə sığal çəkmək üçün sənə tələsirlər. Biz, hər birimiz sənin fəryadına tələsirik. Dilimizdə qurtuluş nəğməsi, əlimizdə Yusufun köynəyi, alnın qırışlarına, yaşaran gözlərinə sevinc müjdəsi ilə gəlirik. Səssiz fəryadların dinsin deyə, qanayan yaraların sağalsın deyə, bütün mücrimlər adına səndən üzr istəyib eşiyinə baş qoyduq anam...!

Sızıntı, Aprel 1979

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.