Elm və texnologiyaya küskünlük

Bu gün böyük fəlakətlər və təhlükələrlə üz-üzə olduğumuz qədər, böyük imkan və ümidlərə də sahibik. On doqquz və iyirminci əsrlər xeyir və şər baxımından ən zəngin və ən məhsuldar əsrlərdən biri olmuşdur. İnsanlıq bu dövrdə əldə etdiyi fürsətləri dəyərləndirə bilsə idi, dünyanı Cənnətlərə çevirmək mümkün olardı...

Bəli, bu gün zəmin və asiman əl-ələ verib bizə təbəssüm ətf edir; şərtlər və mühit daha yüksək səviyyəli səadət üfüqlərindən xəbər verir. Elm və texnika bütün səmərə və nəticələri ilə insanlığın əmrindədir. Lakin bizlər hələ bu geniş imkanlardan lazımınca istifadə edə bilmirik. Bu günə qədər səlahiyyətli bir heyətin insanlığa istiqamət vermə məsuliyyəti altına girməməsi, onun bugünki səadətini gecikdirmiş və əbədi səadəti barəsində də müəyyən şübhə və ümidsizliklər oyatmışdır. Həqiqi məsulların məsuliyyətlərini dərk edəcəyi ana qədər də bu iş, çox güman, belə davam edəcək...

İndiyə qədər kəndin, şəhərin özünə görə bir həyatı vardı; mənəviyyatsızlıqla, böhranlarla ölgünləşmiş, həlavətini (şirinlik) itirmiş, nizamsız, plansız bir həyat... Epidemiyalar, aclıqlar tez-tez onu sarsıtdığı kimi, əxlaqına müsəllət olan şeylər də onu sirkələyir, səfalətdən səfalətə yuvarlayırdı. O isə baş verən hər şeyi hərəkətsiz və təsirsiz seyr edir, həyatı bundan ibarət sayırdı. Halbuki, bu gün artıq həqiqətlə əlaqəsi olmayan bəzi köhnə fikirlərlə yaşamanın qeyri-mümkünlüyü göz qabağındadır... "Köhnə hal mühal (qeyri-mümkün), ya yeni hal, ya izmihlal (yox olma)." Yaşayacağımız dünyanı ya elmin gərəyi olaraq əvvəlcədən planlayacaq, yaxud da yaşadığımız dünya ilə birgə üzüstə uçuruma yuvarlanacağıq...

Bəzi insanlar dünyanın elmlə idarə edilməsinin, insanın robotlaşması və bir qarışqa toplumuna dönməsi kimi fəlakətlərlə nəticələnəcəyinə inanırlar. Bu qətiyyən doğru deyildir. Elmsiz bir keçmiş olmadığı kimi, elmsiz bir gələcək də təsəvvür edilə bilməz. Hər şey nəticə etibarilə elmə bağlıdır. Və o olmadan dünyanın insana verəcəyi heç bir şey yoxdur.

Hal-hazırda, bir çox şəhərlərimizdə insanın robotlaşması, insani duyğuların yox edilməsi; düşüncə ilə birgə sağlamlığın, səhhətlə birlikdə insani fəzilətlərin silinib getməsi danılmaz bir həqiqətdir. Ancaq bunu tamamilə elm və texnikanın üstünə atmaq da haqsızlıqdır. Əksinə, bəlkə də əsl qəbahəti, həqiqi elm adamının məsuliyyət altına girməkdən qaçmasında axtarmalıyıq. İctimai məsuliyyət şüuruna varmış elm adamları onlardan gözləniləni əda etsə idi, bəlkə də, bu narahatedici xüsusların bir çoxu hal-hazırda olmayacaqdı..!

Elm, əşya və hadisələrin bizə anlatdığı, təkvini əmrlərin (Yaradılışa, yaratmağa aid işlər) önümüzə açıb tökdüyü şeylərin hiss edilməsi, qavranılması və Yaradanın uca məqsədlərinin sezilməsi deməkdir. Əşyaya hökm etmə mövqeyində yaradılan insan görəcək, oxuyacaq, sezəcək və öyrənəcək. Öyrəndikdən sonra da, hadisələrə hökm etmə və onları təshir etmə (özünə bağlama) yolunu araşdıracaq. Məhz bu məqam Uca Yaradanın əmri ilə əşyanın insana, insanın da öz Yaradanına təslim və məhkum olduğu məqamdır.

Elm fizika, kimya, astronomiya, təbabət və daha bir çox müxtəlif sahələri ilə insanlığın xidmətindədir və hər gün ona yeni-yeni ərməğanlar bəxş edir.

Bəli, elm və texnika insanın xidmətindədir və ondan qorxmaq üçün ciddi heç bir əsas da yoxdur. Təhlükə elmilikdə və elmə görə bir dünya qurmada deyil, təhlükə cəhalətdə, şüursuzluqda və məsuliyyət daşımaqdan qaçmaqdadır.

Bəzən elmi cəhətdən əsaslandırılmış və planlı fəaliyyətlərin də pis nəticələri ola bilər. Buna heç nə deyə bilmərik. Ancaq bu da bir həqiqətdir ki, biliksizlik və plansızlıq daim pis nəticələr doğurur.

Buna görə də, elmin və texnikanın gətirdiklərinə düşmənçilik əvəzinə, onu insanlığın səadətini təmin edəcək şəkildə qurmaq lazımdır. Bu gün insan oğlunun ən böyük məsələsi də budur. Yoxsa, nə fəza əsrinin önünü kəsmək, nə də atom və hidrogen bombası düşüncəsini bəşərin ağlından silmək mümkün deyildir.

Elə isə, qarşımızda bir yeganə yol qalır; o da naəhlin (layiq olmayan, bacarıqsız) əlində öldürücü bir silah halına gələn elm və onun "məhsulları"na sahib çıxıb, insanlığın dünya və üqba səadətini qayə seçən bir dünya qurmaqdır. Əksinə texnikaya söyüş söymənin, fabrikə lənət yağdırmanın heç bir faydası yoxdur. Texnika işləyəcək, fabrikin də çarxı fırlanacaq. Və təbii ki, qəlb-beyin bütövlüyünə yüksəlmiş həqiqət qəhrəmanları qorxu və küskünlükdən imtina edib əşya və hadisələrin içinə nüfuz edəcəyi ana qədər elm də, elmin səmərələri də insanlıq üçün zərərli olaraq qalacaq.

Buna görə də, elm və onun bəhrələrindən qorxmamalıyıq. Bu qorxu hər cür fəaliyyəti iflic edər. Əsl qorxulacaq şey, onun hansı əllərdə olması məsələsidir. Məsuliyyətsiz "kiçik bir qrupun" əlində elm bir fəlakətdir və dünyanı Cəhənnəmə çevirməyə arrtıqlaması ilə kifayətdir. Enşteyn atomu bir canavara qapdırdığını ancaq Xirosima və Naqasakinin göyə sovrulan külləri arasında anlaya bilmiş və ağlaya-ağlaya yaponiyalı alim dostundan üzr istəmişdi. Nə qədər gecikmiş peşmançılıq...!

Amma bu nə ilk nə də son fəlakət idi. Canavar düşüncənin əlində daim dənizlər bataqlıq, axar sular zift kanalı və atmosfer kirdən bir tavan halına gəlmişdir və gələcəkdir də...

İnsanlıq mələyin əlindəki silahdan zərər görməmişdir. O, zərəri canavar ruhlardan, haqqı qüvvətdə görənlərdən, doymaq bilməyən ehtiraslardan görmüşdür. Bundan belə də o, iman və elmi məzc edib (qarışdırıb) öz dünyasını quracağı ana qədər bu vəziyyət eyni şəkildə davam edəcəkdir.

İnsanımızın içində yaşadığı dünyanı dərk etməsi diləyi ilə...

Sızıntı, Avqust 1980

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.