Həmişə ağladıq

Ağlamaq taleyimiz, qismətimiz oldu. İllərlə ağlamaqdan başqa, heç nə bilmədik. Ölən insanımıza, dağılan ümranımıza (mədəniyyətimizə), tarimar olan xırmanımıza və dayaqsız qalan ümidimizə və cəsarətimizə... Həyat çırağımızı əlində gördüyümüz Qərbli, bizdən çox əvvəl uzanmışdı müsəlla daşına... Onun ölümü Nitşsenin xəyalında tanrıya ölüm hökmü verib: "Tanrı öldü" deyə elan etdiyi gündür. Əslində ölən Qərbli və zavallı insanımız idi. "Zindandan çıxıram" deyə sevinərkən bataqlığa düşən insanımız... Hər şeyi rədd və inkar edən sərazad(azad) insanımız... Axı hansı zindandan qurtulub nəyi əldə etmişdi? Heç nəyi... Nə qurtulmuş, nə də bir şey əldə etmişdi. Sadəcə həyatın ritmi dəyişmiş və başqa bir istiqamətdə duyulan yenə də eyni əyləncə idi.

Bəli, Elena cadugəri yeni bir qəlbi diz çökdürmüşdü. Qəlbin kimə aid olmasının nə əhəmiyyəti var qələbə şeytanın olduqdan sonra... Xristofer Marlovda məğdur (xəyanət görmüş) həkim Faust, Hötedə sadəcə Faust. Hər iki naşı aşiqin məşuqəsi də Ellinizm Məlikəsi deyilmi? Şeytan eyni şeytan, lakin anlayan kim? Əvvəlki gün Troya önündə taxta at, dünən Qərbi udan bir div, bu gün mədəniyyət dağıntıları üzərində oturmuş əjdaha. Ümidlərimizlə birgə həssaslığımızı da alıb aparan bir əjdaha...

Qərbdəki qaynaşmadan, yıxılışdan bizə nə; "Abı-paka nə zərər vaqvaqayi- qurbağadan?" deyənlər ola bilər, lakin heç də belə olmadı. Orada meydana gələn sarsıntı bizi də yerlə bir etdi. Sərhədlər açıldı; körpülər çökdü; sular pərişan oldu. Məscid də getdi, mehrabı da... Bu qiyamətdən qurtula bilmədik... Kaş ki qurtula bilsə idik. Əsrlər boyu inkişaf etdirdiyimiz, kamilləşdirdiyimiz dəyərlərimizlə, bu böyük vakuuma müqavimət göstərə bilmədik və məğlub olduq. Məğlub oduq, amma kəsən, biçən, çeynəyən öz dişlərimiz oldu.

Sonra, illərcə ağlayıb nalan (nalə, fəğan edən) olduq, "sirişki-çeşmimiz" (göz yaşı) çağlayanlardan fərqsiz axıb getdi... Keçmişimizə, tariximizə, itirdiyimiz iqbalımıza, gələcəyimizə ana-atadan yetimlər kimi ağladıq. Dost vəfaya yanaşmır, düşmən cəfadan doymur; tale zəbun, bizlər bitib-tükənmiş halda inləyə-inləyə qaldıq. Üstümüzdə ənindən bir bulud, ətrafımızda fəryaddan bir lücceyi-dərya.

"Get vətən! Kəbədə siyaha bürün!
Bir qolunu Rövzeyi-Nəbiyə uzat!
Birini Kərbəlada Məşhədə at!
Kainata o heyətinlə görün! "
(Namiq Kamal)

deyə gecələrə dərd qatıb inlədik, fəryaddan şikayətlərlə bir uca dərgaha "ərzi-hal" etdik. Bəli, hər şeyin sahibinə bel bağlayıb, miskin halımızla minarə boyda ümidlər arxasınca düşdük, şiri-jiyanın (yaralı aslan) ətrafa "yol verin" deyəcəyi günün ümidləri ilə. İnanırdıq ümidimizə işıq verənə, dizimizə təpər gətirənə; millətimizə, insanımıza... Qəlbimizin tellərinə vurduğumuz hər mizrabda nikbinliyin nəğmələrini duyur, gözümüzün önündə dirilişimizi təbrik edən işıqların yanıb söndüyünü görürdük.

"Abistəni-səfau-kədərdir ləyal həp. Gün doğmadan məşiməi-şəbdən nələr doğar..."[1] (Rəhmi)

Nəhayət biz, min bir girdabla mücadiləmizə davam edək, nəsilimizin üzünə gülən şəfəqlər üfüqümüzdə görünməyə başladı. Amma yenə ağlayırıq; dünən bir xarabazara, bu gün də laləzara... Ağlayırıq qəmgin buludların dağılışına, gözü qurumuş səmamızdan leysan yağmasına, torpağın bahar ətri saçmasına və hər şeyin yenidən dirilişinə... Yeni qanad açan sərçələrə, baş qaldırmış tumurcuqlara, min iniltiyə, min sancıya...

Əlimizdə bahardan bir dəstə gül, gözümüz gülə şəbnəm yetişdirir və "Əsrin qəribələri" olaraq "qışda gəlmiş"in qapısında böyük müjdəni zümzümə edirik: Sünbüllərin kəmər bağladığını, toxumların başaq saldığını, gülün qəmzə satdığını, bülbülün nəğmə söylədiyini və bir novbahar olduğunu.

Səpdiyin dipdiri toxumların qismən soldurduğumuz çiçəkləri ilə hüzuruna gəlmişiksə, bizi qınama! "Sultana sultanlıq, gədaya gədalıq yaraşar". Biz, bu zəmanənin rüzgar vurmuş qəribləri, ruh və könül həyatına qovuşa bilmədik və təmizlənib paklaşa bilmədik.

"Nəzərdən dur qılma bəndəganı gözlə Sultanım." (Kətəncizadə)

Sızıntı, May 1979

[1] "Gecələr səfa və kədərə hamilədir. Gün doğmadan gecənin bətnindən nələr doğar."

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.