Nəslin gözlədiyi xilaskar əl

Nəslimiz ən böhranlı bir dövrü yaşayır. Əsrlərlə davam edən tərk edilmişlik, iç-içə müsibətlər halında onun dövründə meyvə verdi. O, bu Qaf dağından ağır yükün altına girməyə məcbur edildi, anadan-atadan, yurddan-yuvadan, mürəbbidən və ətraf mühitdən alıb dağarcığına qoyacağı heç bir azuqəsi olmadan çöllərə atıldı. Həm də qəlbi qidasız və dizi dərmansız olaraq...

Bəli, bu nəsil əsrini tanımağa hazırlanarkən, bütün dəyərləri ilə birlikdə çoxdan maddənin ağır təzyiqi altında əzilmiş və tükənmişdi. Onda nə bir mənəvi dərinlik, nə də duyğu və düşüncə duruluğuna dəlalət edən bir şey qalmamışdı. Necə qalsın ki? Bəzi ziyalılarımız min illik təcrübə, min illik mədəniyyəti mənəvi boşluq hərracında saçıb sovuraraq yerinə iyirmi dövlətdən alınan Sanskritcə kimi bir mədəniyyəti yerləşdirmək istəyirdilər.

Bundan daha acınacaqlısı səfil və qaba bir həzz vədi ilə gələn bu yeni formalaşmaya cəmiyyətə istiqamət verən bütün "ziyalı"larımızın ayaq uydurması idi. Düzü, bir ibrişim əsaləti və möhtəşəm bir soyluluqla əsrlər boyunca bayraqlaşdırıb başüstündə daşıdığımız bütün dəyərlərimizi bir kənara atıb min yamaqlı bir boxçaya bayraq deyib önündə hazır dayanmağımız "alicənablığ"mızın çətin anlaşılan tərəfidir...

Bu günün nəsli qəribliyin canına hopduğu hadisələr, əyləncələr içində öz "dövrü ilə" münasibətə keçdi. Qarşısında yolunu və yönünü dəyişdirmiş çaş-baş qalmış bir topluluq; çiynində əsrlərin təcrübəsi böyük laqeydlik, vəbal və bütün bunlara müqabil ağrısız-acısız bir doğumla meydana gələn anomal dinamik güc... Yazıq nəsil, kimi dinləyib, kimdən öyrənəcəyini bilə bilmədi. Axı necə bilsin ki, o, gözünü dünyaya açdığı zaman, özündən və öz dünyasından qaçanlardan başqa heç kəsi görmədi.

Bütün əyrilərin doğru və doğruların əyri göstərildiyi bir cəmiyyətdə o, hər həqiqəti bir xəyal, bir əfsanə görür və onu ucaldıb millət edən bütün dəyərlərə, köhnəlmiş rüknlər və müəssisələr nəzəri ilə baxırdı. Rafael "idelər"i təsvirində Əflatuna göyləri göstərərək onun dünyasını ifadə etdiyi kimi, tələbəsinə də ayağının ucunu işarə edərək ayrı bir dünyadan xəbər verir. Yüksək ideallardan məhrum nəslimiz heç olmasa, ayağının ucunu görə bilsə idi..!

Elə isə, özündən bu qədər uzaqlaşdırılmış və düşüncə dünyası məhv edilmiş bir nəslə, yenidən həyat iksiri aşılamaq və onu mənəvi yüksəkliyə çatdırmaq lazımdır.

Ondan şikayət etməyə, onu oxuyub düşünmədiyinə görə tənqid etməyə haqqımız yoxdur. O, dünənə qədər imdadına yetişən bir inayət (yardım) əli görmədi. Görsə idi, öpüb o əli alnına qoyar və gətirilən şeyə təzim edərdi. Əslində onda araşdırma və öyrənmə arzusunun olduğu inkar edilə bilməz. O, bu arzu uğrunda səhifələrlə qəzet oxuyur, saatlarla radio dinləyib televiziya seyr edir. Hətta nəsihət verənlərin ətrafına toplanır, veriləni verildiyi qədər və verənin vəsfinə görə qəbul edir, qiymətləndirir. Belə ki, insafla düşünəndə, ona ciddi heç bir şey vermədiyimizi görərik.

Nə vaxt ona doğrunu və gözəlliyi göstərdik...? Nə vaxt ona fəzilətli olmağı öyrədə bildik? Gəncliyə onu düşündürəcək, dərinləşdirəcək və özünü sorğulayan bir insan edəcək bir həqiqətdən söz açmaq mümkünmüdür..? Bəli, onu çəkib aparanlardan və ucaltma yolunda rəhbərlik edənlərdən neçəsinin etibarından əminik? Maddi-mənəvi füyuzat hisslərindən vaz keçmiş neçə uca qamət göstərə bilərik? Halbuki, o, bir Herakl gözləyirdi. "Səksən illik həyatımda dünya adına heç bir şey görmədim..." deyən və onu bu Cəhənnəmə bənzəyən fani həyatdan qoparana qədər yolunu dəyişdirməyən bir Herakl... Cənnət saraylarına könül vermədən nəslinin atəşi ilə yanan haqq ərlərini bir kənara qoyaq; bu yolda bu maddi dünyanı fəda edən neçə mürşid təqdim edə bildik ona..?

Qısası, biz ona əl uzada bilmədik; hələ qəlbən, səmimiyyətlə əsla... Ona bir məktəb tapa bilmədik. Doğrunu oxudub sevdirə bilmədik və onu kainatla bütünləşdirə bilmədik. Onu hər hadisə dəyirman kimi əzdi və belə min bir əzilmişliklə özünü bu hala gətirənlərin qarşısında əmrə müntəzir dayandı.

İndi isə, Qolyatın kəsik başını təsvir edən tabloda olduğu kimi, o, kəlləsini əlində tutanların qarşısında boynubükük, ruhunun qaytarılmasını gözləyir... Bəli, itirdiyi hər şeyi yenidən qazandıraraq ruhunu ona qaytarmaq; bax, ən mühüm məsələ budur...!

Bu Qaf dağından ağır vəzifənin altına kim girəcək; ailə yuvası, cəmiyyətmi, maarifmi? Hal-hazırda, bu müəssisələrdən heç biri bu işin öhdəsindən gəlmək iqtidarında deyil. Lakin çox çətin də olsa, müəyyən heyətlərin bu istiqamətdə hərəkətə gətirilməsinə hava, su qədər ehtiyac var. Əgər insanımıza içində yaşadığı şərtlərə və ruhuna uyğun bir dünya qurmaq imkanını hazırlamasaq, bu onun sonu olacaq. Lakin hal-hazırdakı mühit və yetişdirici müəssisələrin fəaliyyəti heç də ümidverici deyil. Nə əsrlərdən bəri qayalara çarpa-çarpa parçalanmış və qırıq-sökük bir gəmi halına gəlmiş maarif səfinəmiz, (hələ bir də təlim-tərbiyə intizam və nüfuzu sarsılmışsa), nə bir yeməkxana və yataqxanadan fərqi olmayan ailə yuvalarımız, nə də min bir qarışıqlığa düçar olmuş cəmiyyətimiz nəslin gözlədiyi hava və iqlimi gətirəcək durumda deyil.

Onda yeni bir elm anlayışının, bir əxlaqi iradənin, fövqəladə bir daxili müşahidə və hadisələrə nüfuzun, bir Haqq əri olmaq və rəbbaniliyin inkişaf etdirilməsi yeganə çıxış yoludur. Bəli, onun düşüncədə Tövhidə; həyatda istiqamətə; sənətdə yenilənməyə, bir sözlə dastanlaşan nəbəvi səsə və nəfəsə qovuşdurulması yeganə yol və yeganə istiqamət olmalıdır.

Nəsillərimizi bu uca üfüqə laqeydlikdən, tənbəllikdən qurtarıb yüksək mənəviyyat verməklə; gülmək və əylənmək əvəzinə bir az da əziyyət və iztirab çəkməyi öyrətməklə; nəfspərəstlik və şəxsi mənfəət düşüncəsindən uzaqlaşdıraraq millət və vətən sevgisini aşılamaqla çatdıra bilərik.

Bütün bir millət olaraq, bu ağır vəzifəni çiyninə alacaq xoşbəxt fədakarları hörmətlə salamlayırıq.

Sızıntı, Yanvar 1980

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.