Sən

Sən, gül dövrünün bülbülü! Sən, ölüm anlarının diriliş müjdəçisi! Sən, tarixi qəhrəmanlıqlardan süzülən əsalət üsarəsi (özülü, mayası)! Sən, millətin özündən axa-axa gələn və onu mayalandırmaq üçün təkrar Ona qayıdan, Onda əriyən və Onda yox olan əsatiri varlıq! Həsrətlə alovlanan könüllərimizdəki məşəli əlimizə alaraq, sənin üçün şəhrayinlər (şənlik, şadlıq) qurmaq , sənə "ağılar" söyləmək və son dəfə yoluna çıxmaq istəyirik.

Həmişə, belimiz bükülən zamanlarda belə Səni xatırladıq və dirildici nəfəsinə həsrət dolu dastanlar qoşduq. Bundan başqa elə bir ciddi səyimiz olmadı ki!..

Sən, böhranlı dövrlərin cəladətli (igidlik, qəhrəmanlıq; mətanət, dəyanət) və şəfqətli zimamdarı (atın cilovunu tutan, idarə edən,rəhbəri)! Sən, ölü ruhların abi-həyatını dodağında daşıyan həqiqət qəhrəmanı! Sən, sağalmaz dərdlərimizin Məsihi və Loğmanı! Rənglərimizin solduğu, nəbzlərimizin durğunlaşdığı və nəfəslərimizin xırıltıya çevrildiyi; cənazə alayları və kafuri (tropik ölkələrində bitən ağac növü) qoxularla haldan-hala girdiyimiz bu günlərdə Sənin şimşəklər kimi çaxan baxışlarına, ildırımlar kimi guruldayan bəyanına və sel kimi millətin bağrına yağıb onunla qaynaşan, onunla yeni istihalə (bir haldan başqa hala keçmə, halını dəyişmə) yollarını açan xəbərdaredici gücünə, dəyişdirici iradənə, "Kərbəla" zərər çəkmişləri kimi möhtac və susuzlar kimi təşnəyik...

Yezidlərin, Şümürlərin ətrafı qana qərq etdiyi bu darmadağın dünyada içi inilti ilə titrəməyən bir yurd, alt-üst olmayan bir məmləkət qalmadı. Bəli,bu viranələrdə duyulan səslər, ya zalımların "hay-huy"u, ya məzlumların ah və əfqanıdır.

Qalx! Tarixinin boynuna vurulan bu qorxunc kəməndə bir qılınc endir; kor düyünü açdığın kimi bu sehri çöz və millətinin talesizliyini işıqlandır! Cəsarətlə Balkanlara qalxdığın, göyərçin olub Liviyaya uçduğun, Hinddir, Yəməndir deyib hər el-oymaqda at oynatdığın və bu başdan o başa adını bütün dünyada dastan etdiyin kimi...

Ölkənin səhralaşdığı, yad əllərin "ekskavator"lar kimi milli bünövrəni yarıb keçdiyi, ictimai "eroziya"ların nəsilləri axarına alıb məchullara sürüdüyü,soydaşını şeiri də,bəstəsi də Çindən, Maçindən gələn yad nəğmələrin sərxoş etdiyi bu qara günlərdə gəl artıq..!

Gəl! İllərlə köhnə dastanlarla ovunub duran və yeni dünyanın min-bir hoqqabazlığı qarşısında çaşbaş qalan öz nəslinə yeni nəğmələr söylə; səni və məni tərənnüm edən yeni nəğmələr... Qafiyəsi Bədir kimi duru və uca, Malazgird kimi səmimi və əbədi yurda doğru, böyük fəth kimi zamana yeni ad verən və cahanşümül, qurtuluş döyüşün kimi ürəkdən və cansiparanə (canından keçərək) olsun...!

Gəl! İllərdən bəri ətrafı silib süpürən bu min bir həzəyan (mənasız, havayı, hədyan sözlər) qarşısında taqətsiz ürəklərə, macalsız ruhlara ayağa qalxma əzmi və ümidini gətir.

Gəl! “Müalicə oluram” deyə əlli dəfə bağrına neştər çəkilən; dəfələrlə qırılmış qol-qanadları ilə "ortopediya"ya yatırılan, Eyyub (ə.s.) qədər dərdli, Yaqub (ə.s.) qədər gözləri həsrətlə dolu bu talesiz insanına səhhət müjdəsi gətir. Bu günə qədər min-bir qarışıqlığa səbəb olan əcəmi (təcrübəsiz, xam) və qaba əllərin səhv diaqnoz və mualicələri yalnız onun dərd və iztirabını artırdı. Ona dərdləri ilə bilikdə nəzər yetirmələr həmişə müvəqqəti olduğu üçün talenin ulduzu saya biləcəyi hər parıltı yalançı bir şam kimi sönüb getdi və onu yeni bir ümidsizliyin içinə atdı.

Bundan sonra o, artıq hər həkimə təslim olana bənzəmir. Bəli, o, dərd və problemlərini kökdən və ümumi olaraq nəzərdən keçirəcək məharətli həkimini tapacağı ana qədər canını dişinə tutub səbir edənə bənzəyir.

Gəl! O həkim sən ol və illərlə yolunu gözləyənlərin gecəsini gündüzə çevir! Onları nurlu üfüqlərə apar! Xəfif bir tırpənişin , pıçıltın qarışıq hadisələrə "ritm" gətirdi. Həllolunmaz kimi görünən nə qədər kökləşmiş səhvlər vardı ki, əridici nəfəsinlə ilmə-ilmə oldu. Və millətin ürəyində bir dağ kimi yığılan irin yuvaları bir-bir dağılmağa başladı. Gör özündən doğan gerçək "fəaliyyət"i və son qərarı eşitsə və görsə idilər...

Biz, bütün millət olaraq gözləri, sinələri dolu bu xoşbəxt qərarı hecalayır və qərar verəcəyin günü gözləyirik.

Bu tarixi qərarın güc və qələmini əlində tutan qəhrəmanımıza minlərlə salam olsun...!

Sızıntı, Aprel 1981

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.