Susadığımız nəfəslər

Çox şey eşitdik. Çox şey gördük və neçə-neçə hadisələrin içinə girib çalxalandıq. Lakin kədəri üstümüzdən atıb mənəvi rahatlığa qovuşa bilmədik. Duyğularımızla dolub boşala bilmədik. Çünki ehtiyaclarımız başqa, o ehtiyacları təmin etmək üçün bizə verilən şeylər tamamilə başqa idi.

Biz müqəssir və günahkara əl uzadacaq; qırıq qəlblərlə inləyəcək həvari gözləyirdik. Sözü təsirli, ruhu hərarətli, ifadələri son dərəcə ciddi həvari...

Bizə təqdim edəcəyi təsəlliləri əminliklə içə biləcəyimiz, səmimiyyətlə könül dərinliklərimizi ona aça biləcəyimiz bu iman və ürfanı dağlar kimi möhkəm həqiqət ərlərini, illərlə gözləyib durduq. Aclıqlar, xəstəliklər və qorxular üst-üstə üzərimizə şığıyarkən, ən utandırıcı səfalətlər ruhumuzu gəmirib, iradəmizi aşındırarkən, işıldayan ümidlərimizlə həmişə onun dirildən nəfəsini qulaqlarımızın dibində duyduq və ümidlə dirçəldik.

Əgər bu günə qədər duyub hiss etdiklərimizi tapa bilsəydik və əgər tapdıqlarımıza inana bilsəydik; çox çatlar qapanmış, çox aşılmazlar da aşılmış olacaqdı. Amma biz, min dəfə bir yerə gəldik, min dəfə ümidlərlə dolduq, min dəfə bəzmə (söhbət məclisi) girməyə hazırlandıq və min dəfə əhdü-peymanımızı pozduq; çünki axtardıqlarımızı tapa bilmir, tapdıqlarımızda da axtardıqlarımızı görə bilmirdik!

Şəfqətə və sevgiyə susamış könüllərimiz vardı. İnsanlıq istəyirdi; mürüvvət istəyirdi. Əfsuslar olsun! Ruhlarımıza səfalət içirilir və könüllərimiz min bir qabalığa alışdırılmaq istənirdi. Məzlum, zərər çəkmiş və boynu bükük sağdan sola, soldan sağa itələnilib qaxılır və bitib tükənmək bilməyən sıxıntılar içində öz-özümüzü yeyib bitirirdik. "Təgəllüblər (zorla qəsb etmə), əsarətlər, təhəkkümlər (məhkum etmə), məzəllətlər (alçaqlıq); müxtəlif ibtilalar (düçar olma, giriftar) və müxtəlif xəstəliklər"lə səfil və ağlanılacaq halımıza baxmayaraq, dayanmadan istismar edilir və doyma bilməyən ehtiraslara alət olurduq.

Bunun üçün, artıq hər kəsə inana bilmir və hər könülə dilbəstə ola bilmirik. Gül istəyəndə budağını da, su istəyərkən yanında qabını da gözləyirik. Taparıq və ya tapa bilmərik; can hayında olan bizlər, artıq, saflıq istəyirik, səmimiyyət istəyirik və bu sevdalılar yolunda hasbilik (heç bir mənfəət gözləməmə) istəyirik.

Bu qədər laqeydlik və hətta xəyanət gördükdən sonra, şübhələrimizi məğlub etmək, qarşımıza çıxanları müsamihə ilə qarşılamaq bizə qəflət kimi görünür. Bəli, bütün hüsnü niyyət və xoşgörüşlülüyümüzə baxmayaraq, bu xüsusdakı tərəddüdlərimizi aşa bilmir və ədəmi-etimad (etimad etməmə) atmosferinin xaricinə çıxa bilmirik.

Bizi inandırmaq və şübhələrimizi aradan qaldırmaq qəhrəmanlarımızın səmimiyyət dolu hərəkətlərinin davamlılığına bağlıdır. Onların bu inandırıcı hərəkətləri sayəsində, illərlə çiynimizdə daşıdığımız güvənməmə və etibar etməmə günahından xilas olmuş olacağıq.

Bizlər, sözlərlə edilən çağırışlardan, davranışlardakı ölçüsüzlükdən; qazanılmış zəfərlərə bağlı saxta qəhrəmanlıqlardan; yaşama arzusu ilə yanıb alovlanmalardan; gözəl həyat qurma ehtirasından və mövqe qazanma arzusundan bezdik. Bizlər, qəhrəmanlarımızdan, Qaf dağından su gətirəcək iradə; davranışlarında inandırıcı dayanıqlılıq; zəfərlərində öz göz nuru və əl əməyi ilə yoğuruculuq; yaşatma arzusu ilə maddi-mənəvi füyuzat (feyzlər) hislərindən fədakarlıq, könüllülük və qədirbilənlik gözləyirik.

Düşüncələri dumduru və hamar; yollar ziqzaqsız və dümdüz olsun. Düşünsün, yaşasın, yaşadığına tərcüman olsun, izah etsin. İkiüzlü olmasın və bizi aldatmasın...!

Üzündə minlərlə əzab və iztirabın cizgiləri olsun! Gözü yaşlı, bağrı yanıq, vicdanı oyanıq olsun...! Xanəgah əhlinin məsuliyyət və soyluluğunu; məktəbin məntiq və mühakiməsini; qışlanın (kazarma) intizam və itaətini mənimsəsin və bununla öz mükəmməliyini bizlərə ifadə etsin...!

Qəlbi başından qoparılan, ruhu vicdanından məhrum edilən və yalnız müəyyən xüsusiyyətləri ilə həyatını davam etdirən insanımızı, əsrlik böhranından qurtarıb onu öz təbiəti ilə birləşdirə bilsin.!

Haqqın xatirini uca tutsun; düşüncə və fəaliyyətlərində inihisarçılığa düşməsin və Allaha (c.c.) gedən yolların, məxluqatın nəfəslərinin sayı qədər olduğunu heç vaxt unutmasın!

Xidmətdə girişkən və ön sıralarda olsun; ödəniş və mükafatda yerinin ən arxada olduğunu unutmasın. Və heç olmasa bir Katon (Müharibə dövründə ordusuna zəfərlər qazandıran, sülh zamanında tarlası ilə məşğul olan Kartacalı təvazökar bir sərkərdə) kimi, öz insanına qarşı, mükəlləfiyyətlərini yerinə yetirdikdən sonra, mövqedən, mənsəbdən sıyrılaraq bir kənara çəkilib, ikinci bir məsuliyyət və vəzifə anını gözləsin!

Bu müqəddəslər dünyasının ilk həqiqət ərləri, onlara əmirlik təklif edilincə qaçmışlar. Və yüklənmə məcburiyyətində qalınca da, təkrar-təkrar özlərinin layiq olmadığını dilə gətirmiş və başqa istedad və ləyaqətlilərin iş başına keçməsini istəmişdilər...

Yeni bir diriliş lahiyəsini üzərinə alanların, bu cizgidə olmaları şərtdir. Yoxsa sayca az olan mövqe və mənsəblər qarşısında, saysız və sərhədsiz həris gözlərin başladacağı qarışıqlıq, önü alınmaz və çox çətin olacaq. Hələ bir də, bu ab-hava naşı və gənc həyəcanlara verilsə...

Bilmirəm, görəsən, həvari deyə gözlədiyimiz, səmimiyyət dolu bu insanları görə biləcəyikmi..? Amma, biz, ab-həyat vəd edən bu nəfəslərə hava kimi, su kimi möhtac olduğumuzu bir daha vurğulayacaq və Uca Yaradandan, "Dəryada balığın, dağlarda ceyranın" dili ilə bizi çox gözlətməməsini diləyəcəyik.

Sızıntı, İyun 1980

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.