Yeni insan!

Tarixin dövranı ilə ilahi inayətin təcəllilərinə əlverişli bir dövrün ərəfəsinə qədəm qoymuşuq. Bizim dünyamızda XVIII əsr dəyərlərindən uzaqlaşanların və mühakiməsiz təqlidçilərin, XIX əsr fantaziya dalınca düşüb keçmişinə və tarixi köklərinə zidd hərəkət edənlərin, XX əsr isə dəyərlərinə tamamən yadlaşanların, özünü inkar edənlərin, dolayısilə də, daim yad yerlərdə işıq və rəhbər axtaranların əsri olmuşdur. Hər tərəfdən görünən işartılarsa artıq XXI əsrin inanc və inananların əsri, habelə bizim intibah dövrümüz olacağından xəbər verir.

Bəli, mühakiməsizlərin, ağılsızların və fantaziyalar arxasınca düşənlərin arasından öz dövrünü düşünən, mühakimə yürüdən, ağıl qədər təcrübəyə, təcrübə qədər ağıla və hər ikisi qədər də ilhama və vicdana inanan, güvənən yeni bir insan doğulacaq... bütün varlığı ilə kamilliyi axtaran, məsələlərə bir bütöv kimi yanaşan, dünya və axirət müaviziliyində yaşayan, qəlblə ağılın izdivacına nail olan yeni bir insan! Ancaq bu yeni insanın doğuşu o qədər asan və rahat olmayacaq. Bütün “yeni”lər kimi o da vaxtı-vədəsi yetişincə sancı ilə, sarsıntı və əziyyətlə dünyaya gələcək. Amma mütləq gələcək və bu ay üzlü nəsli Xıdır kimi qəfil aramızda görəcəyik.. Sıxlaşmış və üst-üstə yığılmış buludlardan süzülən rəhmət, yerin dərin qatlarından fışqıran sular, qarın-buzun altından boylanan qar çiçəkləri və yarpaqlara sıçrayıb taxtını quran şəbnəmlər kimi, bu yeni insan da ya gec-tez, amma bir gün mütləq gələcək...

Yeni insan hər cür yad təsirlərdən uzaqdır, öz dəyərləri ilə var olmaqda, mətin dayanmaqda qətiyyətlidir. Şərq-Qərb onu qandallayıb əsir edə bilməyəcək, məna köklərinə zidd “izm”lər onu yolundan döndərməyi, hətta yerindən tərpətməyi bacarmayacaq. Bəli, onun düşüncəsi hürr, iradəsi hürr, təsəvvürü hürdür və Allaha nə qədər quldursa, o qədər hürdür. Başqalarına bənzəməyə, başqalarını təqlid etməyə deyil, özünə və tarixi köklərinə oxşamağa çalışacaq.

Yeni insan düşünən, araşdıran, inanan, ruhaniyyətlə həmdəm və ruhani zövqlərlə dolub-daşan insandır. O öz dünyasını qurmaq naminə dövrün imkanlarından maksimum yararlanmaqla yanaşı, milli-mənəvi dəyərlərinə də sahib çıxaraq bambaşqa bir “insan modeli” ortaya qoyacaq.

O, şanlı keçmişinin sələfləri kimi inanacaq, onlar kimi düşünəcək, onlar kimi səsini-sədasını çatdırmaq şövqü ilə cuşa gələcək və onlar kimi zülmətdə məşəl yandıracaq... Böyük vəfa hissi ilə bir an da Haqq düşüncəsindən ayrılmayacaq... Haqqı ayağa qaldırmaq üçün hər gün min dəfə ölüb diriləcək... Bu yolda yurdunu-yuvasını, övladlarını, ailəsini, xülasə, hər şeyi tərk etməyə hazır olacaq... Mal-can qayğısı çəkmədən, rifah-səadət arzusuna qapılmadan hər şeyini millətinin yaxın-uzaq gələcəyi uğrunda ‒ toxumu dənəsini də hədər etmədən torpağa səpdiyi kimi, ‒ Haqqın inayət yamaclarına səpəcək, sonra da övlad gözləyən ana kimi iztirab və həsrət mərhələsinə qədəm qoyub inilti ilə qıvrılacaq, ürpərib duaya üz tutacaq və hər gün neçə dəfə ölüb diriləcək. Haqq yolda olmağı, Haqq yolda ölməyi həyatının qayəsi biləcək və belə bir qayədən uzaqlaşmağı da ən böyük itik sayacaq...

Yeni insan ağıl, qəlb, ruh və hislərə yol tapmaq üçün kitabdan qəzetə, qəzetdən məcmuə və dərgilərə, onlardan da radio və televiziyaya qədər bütün müasir imkanlardan ‒ kütləvi informasiya vasitələrini nəzərdə tuturam ‒ yararlanacaq və bir daha özünü isbat etməyə çalışacaq... Nəinki özünü isbat edəcək, hətta dövlətlərarası müvazinədə qəsb olunan yerini və etibarını geri qaytaracaq...

Yeni insanın ruhi-mənəvi kökləri çox dərin, dünyası çoxşaxəlidir. O, elmdən sənətə, texnologiyadan metafizikaya qədər hər sahəyə bələd və onu maraqlandıran hər məsələyə aşinadır. Bəli, o, sonsuz elm eşqi, günbəgün artan mərifət şövqü və ağlasığmaz mənəvi dərinliyi ilə qızıl dövrün işıqlı insanlarıyla çiyin-çiyinə irəliləyir və hər gün yeni bir meraca süvar olaraq ruhanilərlə yarışır.

Qəlbi bütün varlığın sevgisi ilə döyünən bu yeni insan həm də bəşəri dəyərlərin keşikçisidir. Bir tərəfdən insanı insan edən əxlaq və fəzilət kimi meyarlarla özünü tapmağa, digər tərəfdən də bütün varlığı şəfqətlə qucaqlayıb cahanşümul və diyərqəm olmağa çalışır. Özü necə olmalıdır, birgə yaşamağa məcbur olduğu insanlar və əşya necə, hansı keyfiyyətdə olmalıdır? – bu istiqamətdə fikirlərini ortaya qoyur və şərait əl verən kimi gerçəkləşdirməyə çalışır. O, ətrafında yaxşı nə varsa, hamısını mühafizə edir və bu düşüncəni başqalarına da aşılayır... Yamanlığa müharibə elan edir, onu cəmiyyətin bünyəsindən təmizləyənədək də ürəyi rahat olmur. İnanır, hər kəsi inanmağa səsləyir... O, ibadəti sevən, sevdirən, gur səslə hayqıran insandır. Zəruri kitabları oxuyur və oxutdurur. Ruh və məna kökünə sayğı göstərən qəzet və məcmuələrə arxa olur... küçə-küçə, qapı-qapı gəzib-dolaşaraq xalqının bütün ehtiyaclarını təmin etməyə çalışır... çünki o, məsuliyyət və mükəlləfiyyəti təmsil edir.

Yeni insan “qurub-yaratmaq” ruhu ilə hər cür şablonçuluğun əleyhinədir. O, dəyərlərinə riayət çərçivəsində özünü yeniləməyi, hadisələrə yön verməyi bacaran insandır. Dövrünü, zamanını yüksək iradi səylə, şövqlə, ehtişamla, vüqarla və Allaha etimadla qabaqlamaqda mahirdir. Onun həyatında səbəblərə riayətlə Allaha təslimiyyət elə müvazidir ki, məsələnin mahiyyətini bilməyənlər onu ya əsbabpərəst ‒ səbəblərə tapınan, hər şeyi səbəblərdən bilən, ya da cəbri ‒ hər şeyi qədərdən gözləyən sanar... Halbuki, o, nə əsbabpərəst, nə də cəbridir, əksinə müvazinətin əsl timsalıdır... O, səbəblərə riayətə bir vəzifə, Haqqa təslimiyyətə də imanın tələbi kimi baxır.

Yeni insan həm fateh, həm də kaşifdir. Hər gün mənliyinin dərinliklərində və fəzanın ənginliklərində yeni-yeni bürclərə bayraq sancır, afaq və ənfüsün (daxili və xarici aləm) hüdudlarını geridə qoyur. İman və ürfanla əşyanın pərdə arxasını qavradıqca daha da ruhlanır... məqam-məqam yüksəlir... və gün gəlir, torpaq dilə gəlib qoynunda gizlədikləri ilə onun səsinə səs verir... dənizlərin dərinliyində yatan cövhərlər onun sehrli əsasının bir vuruşu ilə üzə çıxır... və səmalar qapılarını taybatay açıb ona “Buyur, gəl!” deyir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.