Sürət çağı

Bu əsrin sürət əsri olduğuna şübhə yoxdur. Belə sürət orbitli bir dünyanın demək olar ki, çox fərqli şeylər gətirdiyi və ya vəd etdiyi də bir həqiqətdir. Bir zümrə üçün sürət haradasa rifah, səadət, rahatlıq, sanki məsafələrin daralması, surətlə hədəfə çatmaq, və ya gözlənilməz şəkildə bunun qarşısının alınması, qəfil müharibələrin baş verməsi və ya uzlaşmaların meydana gəlməsi deməkdir. Kim bilir, bəlkə də, gələcəkdə hadisələrin işıq sürəti ilə cərəyan etdiyi bir dünyada yaşayacağıq, təsəvvürlərimizi, təxəyyüllərimizi üstələyən bu dünya fantastik əsərlərin mövzusu olsa da, insanlar haqqa və ədalətə təslim olmayan bir sürətdən qaçmalıdırlar!..

Sürət məkanın yaradılması ilə başladı, insanın yaradılışı ilə dərk edildi. İlk dəfə bəşər övladının ayağında tanıdığımız sürət sonra onun beyninə və mühakiməsinə hoparaq inkişaf etdi.

Bəli, sürət əvvəlcə insanların ayağı, sonra əhilləşdirilmiş heyvanların boynu ilə, sonra təkərli arabalarla, daha sonra mühərrikli vasitələrlə bu günə gəlib çıxdı. İndi sürət bütün sürəti ilə məsafələri fəth etməyə doğru can atır. Onsuz da, səs və görüntü nəqli cisimlərin intiqalını fərsəx-fərsəx geridə qoyub.

Sürətdəki bu inkişaf özü ilə bəzi yüngüllük və rahatlıqlar da gətirdi. Hətta bunlar bəzən sürəti də ötüb keçdilər. Bu cür nizamsız proseslər həqiqi humanist dəyərlərin xeyrinə, yoxsa zərərinə idi? Bu xüsus gələcəkdə texniki tərəqqi ilə, maddi, mənəvi, humanist dəyərlərin yerlərinin və mövqelərinin müqayisə olunduğu platformalarda nəzərdən keçirilə bilər.

Dövrümüzdə ən başgicəlləndirici sürəti elektrikdə və işıqda gördük. Avtobuslar, gəmilər, qatarlar, təyyarələr və yaxın gələcəkdə kosmik gəmilər, peyklər vasitəsi ilə ən uzaq yerlərə getmək üçün bir neçə saat, bəlkə də, bir neçə dəqiqə kifayət edəcək. Digər tərəfdən evimizdə istirahət edərkən inkişaf etmiş texnika və telekommunikasiya hesabına bir düyməyə basmaqla səslərin, görüntülərin, rənglərin, hətta qoxuların nəqlinə şahid olacağıq. Bəli, bugünki xarüqələrin adiləşəcəyi, hətta istifadə etdiyimiz əşyaları təmirə belə çatdıra bilməyəcəyimiz dövr çox da uzaqda deyil.

Dünən insan oğlunun ayağı ilə, atı ilə, arabası ilə əldə etdiyi uğurlar, bu gün gələcəyin peykləri, kosmik gəmiləri və inkişaf etmiş telekommunikasiya vasitələri ilə ağlasığmaz sürətlə davam edir. Bütün bu rahatlıqlar özü ilə bir çox problemlər də gətirəcək. Hərçənd elmin axtarışlarını, mədəniyyətin xarüqələrini təqdir etməmək də mümkün deyil. Ancaq görəsən, insan beyninin və kainat kitabının gücü ilə əldə edilən bu sürət, ondan daha mühüm qayələrin əmrinə verilmişdirmi? Hər gün daralan məkan, hər gün qısalan zaman həmişə geri qaldığı qayəsiz bir sürətin əlində əsirdirsə, bu sürətin insana nə xeyri ola bilər? Kainatın ən ucqar yerlərinə əl yetirmək, bütün əşya və varlıqları öyrənmək, dünyanı kəndimiz və məhəlləmiz kimi tanımaq, ən gizli şeylərdən xəbərdar olmaq insani dəyərlərimizdən, insani ehtiyaclarımızdan və insani arzularımızdan üstündürsə, bizim başqalarının milli, mənəvi və ailəvi məhrəmiyətlərini bilməyimizə və ya başqalarının bizim milli, mənəvi və ailəvi məhrəmiyyətlərimizi bilmələrinə imkan verən bu dəhşətli tərəqqi rəzalət deyil bəs nədir?

Əgər sürət sürəti etibarı ilə yox, hədəfləri və nəticələri etibarı ilə zəruridirsə, görəsən, bu gün insanlarımız avtobuslarla, qatarlarla, transatlantik gəmilərlə, səs sürətindən üstün təyyarələrlə insani dəyərlərinə xidmət edən hədəflərinə və əməllərinə çata bilmişlərmi? Bu suala müsbət cavab vermək olduqca çətindir. Çünki sürət onu zəruri edən qayələrdən çox geri qalır...

Bir dünya düşünün ki, o dünyada taksilər, avtobuslar, qatarlar, transatlantik gəmilər, təyyarələr məqsədsiz, idealsız, mənəvi həyata qapalı və aqibət mülahizəsindən məhrum səfil könülləri əşya daşıyırmış kimi ora-bura daşıyır, və ya bu insanlar texniki imkanlardan parklarda uşaqlar yelləncəklərdən istifadə etdikləri kimi istifadə edirlər. Deyin, belə bir sürət və ya sürət texnikası nə xeyir verə bilər?

Sürət vaxt qazanmaq, az bir vaxtda çox iş görmək, çox məsafə qət etmək üçündürsə, başqa sözlə, qazanılan vaxt, görülən iş, qət edilən məsafə sürəti üstələyən daha mühüm qayələr üçün deyilsə, Yunisin ifadəsi ilə: “Hər şey quru bir zəhmət sayılmazmı?”

Bəli, əgər sürət üçün müəyyən edilmiş bir qayə və bu qayəni həyata keçirmək üçün bir plan yoxdursa, qazanılan bütün vaxtlar, göstərilən bütün cəhdlər müəyyən mənada boş yerə axan çaylar, boşluğa düşən ildırımlar və səhraya yağan yağışlar kimi olmazmı? Bu gün həyatın qayələrindən və hədəflərindən xəbərsiz bəzi sürət tərəfdarları bir neçə saat ərzində atmosferdən çıxan, bir neçə dəqiqə və ya bir neçə saniyə ərzində səsləri, sözləri və görüntüləri minlərlə kilometr məsafələrə çatdıran, ya da minlərlə kilometr uzaqlardan bizə səslər, sözlər və görüntülər göndərən bir sistem qarşısında bu sistemin arxasındakı qayələri, mənaları və nəticələri düşünmək əvəzinə bu sürətə heyranlıq duymaqla və onu öz aləmlərində şərh etməklə kifayətlənirlər. Halbuki, sürət sürət kimi sırf fiziki hadisədir. Sürətdəki qayələri və hədəfləri nəzərə almadan nə tərəqqidən, nə mədəniyyətdən, nə də insani dəyərlərdən danışmaq olar. İnsan oğlu öz ayaqları ilə, və ya atının, dəvəsinin belində məsafə qət etdiyi dövrlərdə də xoşbəxt olmuşdur. Əksinə bəzi vaxtlarda isə bu qədər maddi texniki imkanlara baxmayaraq, qanlı kabuslar görmüş, bu gün olduğu kimi qan qusmuş və qanlı dəlilərin əlində öləndə də insan kimi ölə bilməmişdir.

Sürət heç vaxt bəşər övladının ilkin ehtiyacı olmadı. İnsanlar onu axtardıqları şeyləri əldə etmək üçün istədilər. İnsan oğlunun mütləq mənada sürət axtardığını söyləyənlər elmi-texniki tərəqqiyə və modern müharibə imkanlarına tərəfdar olmaq və ya bunun əleyhinə çıxmaq kimi qəribəliklərə düşdülər. İnsanlar arasında sürəti və sürət "usta"larını göylərə qaldırıb bütləşdirənlər olduğu kimi hədəfsiz, qayəsiz bir sürətin əbəs olduğunu, müasir imkanlara düşmən mövqe tutmaq olduğunu deyənlər də oldu. Əslində hər iki zümrə də sürəti mücərrəd bir şey kimi izah edirdilər.

Sürət qayəsini üstələməməlidir, həmişə ondan geridə qalmalıdır. Bəli sürət insanı hədəfə, məqsədə doğru istiqamətləndirdiyi, bu hədəfləri gerçəkləşdirə bildiyi, özü ilə əmin-amanlıq və xoşbəxtlik gətirdiyi, həsrətə son qoyduğu, dünyadakı ümumi ahəngə və dövlətlərarası müvazinətə xidmət etdiyi, elmi araşdırmaları sürətləndirdiyi ölçüdə mübəccəl isə də, bütün bunlardan təcrid edildikdə artıq bizim üçün mənasız bir şübhədən fərqi olmaz.

Qayə və hədəflə bağlı bu cür düşüncə tərzi eyni zamanda bizimlə başqaları arasındakı fərqi də büruzə verərək sürəti fantaziya olmaqdan xilas edər və böyük məfkurəyə çevirər və ideal insanların səhər-axşam hecaladıqları əngin bir məzmuna çatdırar.

Sızıntı, Avqust 1994

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.