Xoşgörü (Tolerantlıq)

Millət olaraq yenidən bir özünə qayıdış astanasındayıq. Bir müxalif rüzgar əsməzsə, gələcək illər bizim "var oluş illərimiz" sayıla bilər. Ancaq özünə qayıdışdakı üslub fərqliliyi, son bir-iki əsrdə millətin düşüncə və mədəniyyət həyatına girmiş bəzi yeniliklərdən hansılarının atılıb, hansılarının alınacağı mövzusunda mütabiqət çətinliyi, cəmiyyətə yeni bir ruh bəxş etmədə üsul və metod ayrılığı, keçmişi, bütün həyati yönləri ilə gələcəyə daşımada mülahizə nüansları bizə ümidlə yanaşı, çox güman ki, ağır günlər də yaşadacaq.

Bir millət olaraq gələcəyə addım atarkən, hər künc-bucaqda yolumuzu kəsən ayrılıq, fərqlilik və mütabiqət çətinliklərindən doğan əngəllərə qarşı ən güclü silahımız, ən sağlam sığınacağımız güman ki, xoşgörüdür.

Qüsurlara göz yummaq, fərqli düşüncələrə hörmət bəsləmək, əfv edə biləcəyimiz hər şeyi və hər kəsi əfv etmək, hətta öz haqlarımızın pozulması qarşısında belə, üstün insani dəyərlərə hörmət mahiyyətində, "ehqaqi-haqq (haqq çərçivəsində hərəkət etmək)" etməyə çalışmamaq, qəbulu qeyri-mümkün olan ən qaba fikir, ən vəhşətli düşüncələr qarşısında belə, peyğəmbəranə bir təmkinlə ümidsizliyə qapılmadan, Quranın qəlblərə nüfuz etmə naminə "qövlü-leyyin" ünvanı ilə təqdim etdiyi, qəlbi-leyyin, hali-leyyin, tövrü-leyyin adlı yumşaqlıqla cavab vermək, hətta müəyyən müxalif düşüncələr ki, bizə bilavasitə və ya nəticə etibarilə bir şey deməsə də, sırf qəlbi, ruhi və vicdani həyatımızı tez-tez inşa və bərpaya məcbur etməsi etibarilə, faydalı görəcək dərinlikdə bir xoşgörü...

Zaman-zaman hörmət, mərhəmət, alicənablıq və bəzən də müsamihə mənasında istifadə etdiyimiz xoşgörü əxlaqi sistemlərin ən əhəmiyyətli əsası, səmavi mahiyyətli insanı-kamil əxlaqı və digər bütün prinsiplərə də mənbə ola biləcək mühüm bir ruh intizamıdır.

Xoşgörünün mərcəyi altında möminlərin savabı başqa bir dərinlik qazanar və sanki namütənahiləşər; səhv və qüsurlar isə elə büzülər və kiçilərlər ki, dünyalar qədər də olsa, bir üskük içinə sığar. Əslində mənəvi aləmlərdən və bu aləmlərin fövqündən gələn müamilə də daim bu fərmandan keçərək gələr, bizə və bütün varlığa qucaq açar. Bu isti qucağın rəngarəngliyindəndir ki, bir bağiyə susamış bir küçüyə içirdiyi bir qurtum su ilə "Qüfran Qapısı"nın toxmağına toxunanda, özünü iffətə, istiqamətə və cənnətə uzanan bir dəhlizdə görmüş.. bir sərxoş Allah və Rəsuluna duyduğu əngin sevgi sayəsində silkələnib bir həmlədə məiyyəti-nəbəviyyəyə (nəbiyə yaxınlıq) nail olmuş.. və bir əli qanlı qatil təvəccöhün ən kiçiyi ilə bəhimilik psixozundan qurtulub, istedadını çox-çox aşan payələrin ən ucasına yüksəlmiş, hətta ona nail olmuşdur.

Biz, hər birimiz, hər kəsin bu mərcəkdən bizə baxmasını istər və ətrafımızda daim əfv rüzgarının əsməsini umuruq. Bəli, hər birimiz; dünənimizi, bu günümüzü xoşgörü və müsamihənin o yumşaldan-dəyişdirən, təmizləyən-paklaşdıran iqliminə həvalə edər, sonra da gələcəyə doğru eləcə əmin və əndişəsiz yola çıxmaq istəyərik.. istəyərik və keçmişimizin qarışdırılmasını və bu günlərimizin, sabahlarımızın bulandırılmasını qətiyyən arzu etmərik. Biz hamımız, bir ömür boyu sevgi və hörmət umar, xoşgörü və müsamihə ümid edər, mərdlik və məhəbbət hissləri ilə qarşılanmaq istəyərik. Evdəki ərköyünlüyümüzdən ötrü ana-atamızdan; məktəbdəki dəcəlliklərimizdən ötrü müəllimimizdən; haqsızlıq edib zülm etdiyimiz məğdur və məzlumlardan; məhkəmədə hakim və prokurordan; əsgərdə komandirlərdən; polis bölməsində polislərdən.. və təbii ən yüksək divanda da "Əhkəmül-Hakimin"dən əfv və müsamihə gözləyərik. Ancaq bütün bu ümidlərlə yanaşı, ümidlərə ləyaqət də çox əhəmiyyətlidir. Başqalarını bağışlamayanın əfv gözləməyə haqqı yoxdur.. dərəcəsinə görə hər kəsə hörmət qoymayan hörmət görə bilməz.. hər kəsi sevməyən sevilməyə layiq deyil.. Bütün insanlara xoşgörü və müsamihə ilə qucaq açmayan əfv ləyaqətini itirmişdir. Kommunizm xoşgörü bilməyən bir sistem idi.. ateizm müsamihə tanımayan bir düşüncə tərzidir; ondan müsamihə gözləmək bir yanlışlıq, onun başqalarından hörmət umması da boş bir xəyaldır. Düşüncələrində, yazılarında başqalarına söyüşlər yağdıran bir talehsiz qələmin başqalarından hörmət gözləməyə haqqı yoxdur.. söyənə söyərlər, döyəni də döyərlər. Bunları həqiqi müsəlmanlar: "Onlar boş söz, nalayiq davranışla qarşılaşanda nəcabətlə keçib gedərlər".. "Əgər onları bağışlar, müsamihə göstərər və qüsurlarını da görməzliyə vursanız..." kimi ilahi prinsiplərlə o əngin sinələrində xoşgörü ilə görməzlikdən gəlib yollarına davam etsələr də, taleyin ədalətini təmsil edəcək başqaları mütləq meydana çıxacaqdır.

Dəlalət, küfr və ateizm üzərində qurulmuş bəzi ölkələrdə müsamihə və xoşgörü olmadığı üçün, fikir azadlığı, ədəbli tənqid, üsuluna müvafiq fikir mübadiləsi və haqpərəstlik anlayışı içində müzakirə, bir sözlə, məntiq və ilham payələrindən danışmaq qeyri-mümkündür. Məncə, ölkəmizdə illərdən bəri zil səslə bu qədər hayqırtılara baxmayaraq, bir addımlıq yol gedilməməsinin əsl səbəbi də məhz budur.

Bəli, illər var ki bu ölkədə -ədəbim imkan vermədiyi üçün açıq söyləyə bilməyəcəyəm- ağlasığmaz hər cür əxlaqsızlıq xoşgörü və müsamihədən dolu-dolu nəsibini aldığı halda, bəzi müsəlmanların, hələ də "mürtəce, doqmatik, teokratik nizam tərəfdarı" kimi damğalarla və indi də "fundamentalizm"lə qaralanmasına və İslamın vaxtı ötmüş bir sistem kimi göstərilməsinə çalışılır. Bəli, bu gün hələ də dini duyğularını ifadə edənlərə mürtəce, doqmatik, fundamentalist; milli hisslərini və keçmişi yad edənlərə də, Turançı, xəyalpərəst damğasının vurulduğunu təəssüflə müşahidə edirik.

Fərdləri bir-birinə xoşgörü ilə baxmayan millətlərdə və müsamihə ruhunun tam yerləşmədiyi ölkələrdə müştərək düşüncədən və kollektiv şüurdan bəhs etmək qeyri-mümkündür. Belə bir ölkədə, böyük-kiçik hər düşüncə ziddiyyətlərin, münaqişələrin əsarəti altında bir-birini yeyib tükəndirər; mütəfəkkirlər də daim “xəlbirlə su daşıyarlar” və yenə belə bir ölkədə qətiyyən sağlam bir düşüncə və inanc azadlığı təmin edilə bilməz, etdirilsə də yaşadla bilməz. Hətta belə bir ölkədə hüquq dövlətindən də söz edilə bilməz; zahirən var görünsə də, bir aldatmacadan başqa bir şey deyildir.

Əslində müsamihə və xoşgörünün olmadığı bir yerdə sağlam bir mətbuat və nəşrdən, elmi düşüncədən və mədəniyyət fəaliyyətlərindən bəhs etmək də müşküldür. İndiki dövrdə buna bənzər fəaliyyətlər isə, müəyyən bir düşüncə və müəyyən bir anlayışa görə təzyiq altına alınmış bir yönlü, tək cəphəli bəzi qısır işlərdir ki; bunlardan təzə, faydalı və gələcək vəd edən bir şey gözləmək də əbəsdir.

Sızıntı, Oktyabr 1993

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.