Allah (c.c.) mal-mülkü istədiyinə verdiyinə görə, niyə ona inanmayanlara verir, inananlar isə geridə qalıb, tərəqqi edə bilməyiblər?

Əvvəla, Yaradana sual vermə mövqeyində olmadığımızı, ola bilməyəcəyimizi bilmək ədəbin gərəyidir. Varlığın, xilqətin əsl sahibi Odur; O dilədiyini əziz, dilədiyini zəlil; istədiyini sultan, istədiyini dilənçi edər və heç kəs də onu hesaba çəkə bilməz. Şübhəsiz ki Onun hər işində bir çox hikmət və məsləhət var. Onun hər işi heyrətamizdir. Ancaq, hər işin həqiqi məntiqi və hikməti yalnız Ona məxsusdur. Bizim bu məntiq və hikmət adına irəli sürəcəyimiz hər fikir ya Onun verdiyi izahın təkrarı, ya da nisbi idrakımızın məhsulu bəzi şərhlərdir. Bu cür şərh və təfsir səyləri tərəddüd və şübhələri aradan qaldırmağa yarasa da, heç vaxt əsl həqiqəti ifadə etməyə kifayət etməyəcəkdir.

Bununla yanaşı, bu mövzuda deyilmiş və deyilə biləcək bəzi həqiqətlərə nəzər yetirməkdə fayda var:

1. Əvvəla, ortaya atılan tərəddüdə nəzər yetirək: Allahın (c.c.) mal-mülkü, ümumiyyətlə dünyanı Ona inanmayanlara verməsi, Ona inananları isə hər şeydən məhrum etməsi fikri doğru deyil. Əksinə, müəyyən dövrlərdə inananlar inanmayanları xeyli geridə qoyub dünyanı öz maddi və mənəvi hakimiyyətinə almışlar.

Peyğəmbərlər idarəsində Tövrata inanmış bir toplum, kitabına və peyğəmbərinə hörmət edən bir İncil toplumu əsrlərlə dünya miqyaslı dövlətlər qurmuş və hökm etmişlər. Həmçinin Quran toplumu köklü inanc və möhkəm prinsipləri sayəsində dünyanın müxtəlif qitələrində, müxtəlif mədəniyyətlər qurmuş və əsrlərlə bəşəriyyətin taleyinə ədalət bəxş etmişdir.

Beləliklə, bəzi inkarçı mürtəcilərin zənn etdiyi kimi, inkar və dinsizliyi tərəqqinin, inancı və dindarlığı da geridə qalmışlığın amillərindən görmək qeyri-mümkündür. Əksinə, cəmiyyətin tərəqqi və rifahında imanın rolu və yeri əvəzolunmazdır. Ancaq hikmətlərin dərk edilməsi və səbəblərə riayətin şərt qoşulduğu bu dünya həyatında bu hikmət və səbəblər dairəsində qalmağa da zərurət vardır.

2. Uca Yaradan imkan bəxş edib yüksəltmək istədiyi toplumlarda adi şərt və vəsilələr olaraq bəzi xüsusların yerinə yetirilməsini tələb edir. Bu şərt və səbəblərə riayət edildiyi təqdirdə O cəmiyyəti yüksəldər və rifah bəxş edər. Əksinə, riayət edilmədiyi zaman pərişan və dərbədər edər. Bu şərt və səbəblər inananlar üçün olduğu kimi, inanmayanlar üçün də həmişə eynidir. Hər möminin hər vəsfi mömin olmadığı kimi, hər inancsızın da hər vəsfi küfr, kafir xüsusiyyəti deyil.

O qədər insan var ki tərtəmiz inancla birlikdə tamamilə batil vəsflər və pis xislətlər daşıyırlar. İnandığı halda haram yeyən, yalan danışan, tənbəllik və ətalətdə boğulan, təfəkkürdən xoşlanmayan, elmi sevməyən insanların sayı heç də az deyil. Həmçinin o qədər insan var ki inanmadığı halda elmə aşiqdir, təfəkkürü sevir, başqalarının hüquqlarına riayət edir, yalan nədir bilmir, tənbəllik və boşboğazlığa nifrət edir. Əvvəlki kafir vəsfi daşıyan inanclı, ikincisi də mömin vəsfi daşıyan inancsız.. Aləmlərin Rəbbi Uca Yaradan vəsf və xislətə görə hökm verdiyi üçün, mömin vəsfinə malik olanı dünya həyatında yüksəldəcək və məsud edəcək, digərlərini də pərişan və səfilliyə məhkum edəcək. Deyək ki, Cənabi-Haqq sistemli təfəkkürü, elmi fəaliyyətləri, tər tökməyi, xüsusilə də planlı və üsuluna uyğun fəaliyyəti sevir. Bunun əksinə təfəkkürsüzlüyü, elmlə məşğul olmamağı, tənbəlliyi, sistemsiz və metodsuz görülən işi sevmir. Deməli O yüksəltmək və alçaltmaq, əziz və zəlil etmək istədiyini, yuxarıda bir qisimini sıraladığımız vəsflərə və xislətə görə yüksəldir, alçaldır; əziz və ya zəlil edir. Çünki O hökmünü vəsfə görə verir. Kim daşıdığı vəsflərlə sonsuz qüdrət və sonsuz inayətlə münasibət qursa, hər kəsin hüququna riayət edən Ərhamürrahimin olan Allah ona arxa durar və onu yüksəldər.

Bəli, hansı toplum sistemli düşünür, hansı millətdə elm eşqi var, hansı toplum çalışqandırsa, o toplum inancsız da olsa, bu gözəl xislətinə görə müvəqqəti dünya həyatında xoşbəxt və rifah içəndə olacaq. Əksinə isə, müsbət nəsə demək olduqca çətindir..

Belə bir müvazinətdə imanın özünə xas çəkisi isə səmimi qəlbdən inananlar üçün əbədi səadətdir ki, bu da hər mömin inancının səmərəsini qat-qat görəcək deməkdir.

3. Maddi tərəqqi və texniki üstünlük hazırkı nəslə ötürülən mirasın lazımi səviyyədə dəyərləndirilməsinə, əmək bölgüsü və işlərin tənziminə, ətalət və miskinliklə mübarizəyə bağlıdır. Bir toplum tarixini inkar edir və ona ötürülən mirası xor görürsə, həmçinin, hər kəs hər işə qarışır və bütün işlər əhli olmayanların əlinə keçirsə, o toplumun tərəqqisi qeyri-mümkündür.

Halbuki, bu gün irəlidə gedən toplumlar ona ötürülən mirası lazımi səviyyədə dəyərləndirdi və qətiyyən keçmişini, tarixini təhqir etməklə məşğul olmadı. Təhqir bir yana, keçmişlə, indiki dövrü yan-yana qoydu və onu analiz edərək nəticələr çıxardı, ona görə hərəkət etdi.

Bu toplumlarda hazırkı parlaq vəziyyəti və inkişaf etmiş texnologiyanı əsas və meyar qəbul edərək keçmişini, tarixini inkar edən, onu alçaldan bir nəfərə rast gələ bilməzsiniz. Galiley bütün xətalarına rəğmən Koperniki hörmətlə yad edir; Enşteyn səhvlərini düzəltdiyi Nyutonu hörmətlə xatırlayır. Bu anlayış gələcək nəsillərə onları və onların əsərlərini birlikdə analiz etmə fikrini aşılayır.

Ah, mənim Qəzalim, İbni Sinam, Əl-Cabirim, Əbul-Heysəmim.. sizə layiq olduğunuz dəyəri verə bilmədik. Bizə qoyduğunuz o möhtəşəm mirası qərbə satdıq, indi də onu geri alma yollarını axtarırıq. Xeyr, xeyr, geri alma deyil, qərbin min bir oyunu qarşısında çaşbaş, təhqir olunmuş, zəlil, sevilməyən və qovulmuş bir toplum kimi əl açıb bəxşiş gözləyirik.

Onlar işin tənziminə, əmək bölgüsünə və ixtisasa əhəmiyyət verdilər. Kim hansı işi görəcəksə, başdan o yola girdi və o istiqamətdə özünü inkişaf etdirdi. Ömrünü müəyyən bir işə verən və var-gücü ilə eyni sahədə özünü inkişaf etdirənin yüksəlməsindən daha təbii nə ola bilər? Yoxsa, üçüncü dünya dövləti olmağı qəbul edən toplumlarda olduğu kimi, səhər dəvə çobanı, günorta əkinçi, axşamüstü sənayeçi, yatanda da höküməti düşünənlərdən ibarət bir cəmiyyətdə nə inkişafdan, nə də maddi rifahdan söz açmaq olar.

4. Uca Yaradanın iki cür kitabı və iki cür qanun məcmuəsi var:

Hər məsələsi bir elm sahəsinin mövzusu olan bu kainat kitabı və bu möhtəşəm kainat sarayını yaradan Zatın kainat və məxluqatı ilə əlaqəli bəyanları ehtiva edən Qurani-Kərim.

Birinci kitabda əşya və hadisələr danışır. İkinci kitabda isə söz və kəlmələrlə birinci kitabın şərh və izahı; məxluqatın vəzifəsi, məsuliyyəti və gedəcəkləri yerdən danışılır.

Birinci kitab fizika, kimya, astronomiya kimi dillərlə özünü biza tanıdır. Elektronlardan nebulalara qadar geniş sahədə dərs verir, ikinci kitab, bu dağınıqlığı toplayır, nizama salır ülvi bir batinin zahiri və uca bir hədəfin vəsiləsi halına gətirir.

Hər iki kitabın qismən fərqli, qismən də müştərək hökmləri var. Bəşəriyyət bu iki kitabın ehkamına da uyma məcburiyyətindədir. Hər iki kitabın ehkamına uymanın mükafatı, qarşı çıxmağın da cəzası vardır. Ancaq kainat kitabına uymamanın cəzası əsasən dünyada, Fürqanı-Mübinə (Qurani-Karimə) uymamanın cəzası da ümumiyyətlə axirətdə verilir. Buna görə, hər iki dünyanın saadəti hər iki kitabın ehkamını həssaslıqla tədqiq edib dərk etməyə və o müstəvidə hərəkət etməyə bağlıdır.

Bir toplum əşya və hadisələri həssaslıqla tətdiq edib təbiət kitabını oxuyur və onun hökmlərinə uyursa, dünyada bütün varlıqlara mərhəmət edən Aləmlərin Rəbbi bu toplumu bu müvəqqəti həyatda müvəffəq edəcək və yüksəldəcək. Əksinə, əşya və hadisələrə qarşı kor va kar yaşayanları da bu hayatda zəlil və pərişan edəcəkdir.

Bəli, bir toplum lazımi səviyyədə bir imana malikdirsə, onun əbədi xoşbəxt olacağına şübhə yoxdur, ancaq dünyəvi səadət üçün lazım olan şərtləri yerinə yetriməzsə, dünyəvi cəhətdən geri qalacağı da şübhəsizdir.

5. Maddi tərəqqi və inkişaf bəzən ruhən kamilləşməmiş toplumları azdırır və təcavüzkarlığa sövq edir. Bugünkü hegemon dövlətlərin bəşəriyyətin taleyi ilə oynamaları; ictimai coğrafiyanı mütəmadi dəyişdirmələri, maddi güc va rifah səviyyələri ilə müqayisədə mənən tərəqqi etməmiş bütün toplumların nə qədər fəlakətlərə səbəb olduqlarını göstərməsi baxımından çox ibrətamizdir.

Beləliklə, inanclı da olsa, bir toplum özünü dərk edəcəyi, mənliyin sirlərini açacağı, yəni insani istedad və qabiliyyətlərini inkişaf etdirəcəyi ana qədar hikmət əli ona bəxş edacəyi şeyləri müəyyən səviyyədə verəcək və onu yoldan azdırmayacaqdır. Bu məsələ inancsız bir toplum üçün hər zaman olmasa da, inanclı toplum üçün hamişə belədir.

6. Toplumun alt təbəqəsi ilə üst təbəqəsi arasında tarazlığın təmin olunacağı ana qədər haqqı olmayanların təkəbbürə qapılmaması, iqtidar və hakimiyyət qazanmasına mane olmaq üçün tərəqqi hökmü qismən təxirə salınır, əsla ləğv olunmur.

Sanin hikmətin və hökmün nə gözəldir..!

7. Dəyişən dünya, yenilənən şərtlər və ümumi şərait nəzərə almaraq ağlın va ruhun hərəkətə gəlməsi, bizə məxsus olan qaynaqların yenidən gözdən keçirilməsi və dövrə görə bir daha nəzərdən keçirilməsi üçün cəmiyyətimizin həyat və mədəniyyət standartı müvəqqəti olaraq aşağı salındı. Yəni aldadıcı ticari əmtəəyə və saxta pullara müvəqqəti bazara çıxma icazəsi verildi. Ta ki, əsrlərdən bəri qaranlıq zirzəmilərdə və üfunətli dəhlizlərdə yatan misilsiz almazlar sahibləri tərəfindən üstündəki toz-torpağı alaraq, təmizləyərək saxta pulların yerinə bazara cıxarılsın deyə...

Başqa sözlə, cəmiyyətimiz bu məğlubiyyət illərində düşmənlərinin müxtəlif hoqqabazlıqları ilə qarşı-qarşıya qoyuldu və təhəkkümün, zorakılığın ən amansızına düçar edildi. Ta ki, gələcək dünyasını düşmənlərinə və onların intriqalarına bələd olaraq qursun və həmin dünya üçün təhlükə meydana gətirə biləcək dəlikləri indidən qapamış olsun...

8. Bundan əlavə, hər inanan insan yüksək amal arxasınca gedərkən getdiyi yol və istifadə etdiyi vəsilələr də haqq olmalıdır. Çünki batil yol va batil vəsilələrlə haqqa gedilməz. Halbuki, indiki dövrdə makyavelist düşüncə o qədər yayılıb ki, inanan insanlar arasında belə başqalarını aldatmaq, yalan danışmaq, riyakarlıq və hər yolu qanuni saymaq normal hala galdi.. Bu xoşagalmaz vəsflərə görə də Uca Yaradan onları tərbiyə edir və özlərinə gəlmələri üçün xəbərdar edir. Hatta, müvəqqəti olaraq rəqiblərinə əzdirir. Ancaq gec-tez könlünü haqqa verənlərin, doğru düşünüb doğru yaşayanların, yəni əzilən millətlərin də günü gələcək. Bu dönəmin sonu başından daha xeyirli olacaq və rəhməti bol Yaradan bu cəmiyyətə səadət bəxş edəcək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.