"Allah" sözü ilə "Tanrı" sözü bir-birindən necə fərqlənir?

Dədə-babalarımız müsəlmanlıqdan əvvəl bir yaradana inanırdılar. Bəlkə də, özlərinə görə müxtəlif tanrıları da vardı. Ancaq onlar öz ləhcələri ilə "Tengri" deyəndə daha çox Zati-Üluhiyyəti nəzərdə tuturdular. Bu söz sonralar daha da incələrək "tanrı" formasını aldı ki, əslində bu "məbud" deməkdir və ərəb dilindəki "ilah"ın, fransız dilindəki "Dieu"nun, fars dilindəki "Xuda"nın sinonimidir. Lakin əsla Cənabi-Haqqın bütün Əsmayi-Hüsnasını əhatə edən, İsmi-Zat olan "Allah" sözünün qarşılığı deyil. "Allah" deyəndə kainatda isimləri ilə təcəlli edən bir Zati-Əcəlli-Ala (Uca və böyük Zat) ağıla gəlir. "Allah" sözü ilə bu anlaşılır. Yəni O, Məbudu-Mütləq, Xaliqi-Mütləq, Məqsudu-Mütləq, Rəzzaqi-Mütləq, Bariyi-Mütləq, Cəmili-Mütləqdir...

Əsmayi-Hüsnanı özündə cəmləşdirən və ehtiva edən "Allah" kəlməsi belə bir ümumi məna verir. "Allah" deyiləndə Məbudu-Mütləq (İbadətin-Mütləq sahibi, ibadətə layiq olan Zat) başa düşülür və Vacibül-Vücud (Varlığı özündən və qəti olan Allah (c.c.)) ağıla gəlir. Lakin "tanrı" deyiləndə yunanlının ağlına "Zevs" gəlir. Misirlinin "Apis Buğa"sı və hindlinin ağlına da öz inəkləri... Deməli, "tanrı" sözü ilə yerli-yersiz məbud kəlməsi xatırlansa da, Ləfzeyi-Cəlal olan "Allah" sözü Vacibül-Vücudun xüsusi adı olaraq yalnız Əsmayi-Hüsnanın sahibi Zati-Zülcəlalı ağıla gətirir. Buna görə də, "tanrı" sözünü "Allah" əvəzinə istifadə edən dediyini, məqsədini izah edə bilməz və səhv etmiş olar. "Tanrı" sözü "Xuda", "Dieu""God" mənasında istifadə edilə bilər, lakin "Allah" yerində deyil.. "Allah" Cənabi-Haqqın Zatına məxsus olan addır. Bunun üçün "Lə Allaha illəllah" demir, "Lə ilahə illəllah" deyirik. Əvvəla ilahlar, tanrılar nə varsa hamısı inkar edilir, sonra da Məbudu-Mütləq təsdiqlənir və yalnız Allah vardır deyilir.

"Mövlud"un müəllifi Süleyman Çələbi bu məsələni çox gözəl dilə gətirir: "Birdir Allah Ondan artıq tanrı yoxdur", deyib hər iki sözün yerini də təyin və təsbit edir.

Buna görə, insanın ağızından "tanrı" sözü çıxanda dərhal reaksiya göstərməməli, deyənin niyyətinə baxmalı, "Allah" mənasında istifadə edirsə, şirin dillə izah etməli, düşünmədən qərar verməməli. Üstəlik bu dövrdə əsla!..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.