Həcərül-Əsad (Əsvəd) haqqında geniş məlumat verə bilərsinizmi?

Səadətli bir daşdır. Allahın hər işində bir hikmət var. Kəbə bir binadır və biz namaz qılarkən bu istiqamətə yönəlirik. Fəqət “Əynə ma tüvəllu fəsəmmə vəchullah ” ayəsində də deyildiyi kimi, əsas dönüşümüz Allahadır. Yəni Cənabi-Haqq bəzi yerlərə müqəddəslik bəxş etmişdir. Məsələn, Məscidi-Əqsa, Məscidi- Həram və Rövzəyi –Tahirə hər zaman müqəddəs olan yerlərdəndir. Bəli, Allahın Rəsulunu bağrında daşıyan, ona iqamətgah olan yerin daşı da, torpağı da müqəddəsdir. Minlərlə insan onun torpağını dərdlərə dəva və şəfa niyyəti ilə istifadə edənlərin ondan xeyir gördüklərinin şahidi olmuşdur. Bu qonşuluğa görə o bölgə də müqəddəsdir.

Mülk sahibi Allahdır və mülkü üzərində hər hökm də ona aiddir. İnsanı bütün varlıqlardan üstün yaratdığı kimi, İki Cahan Sərvəri Peyğəmbərimizi (s.ə.s.) də, mələklərin də önünə keçirmiş və üstün yaratmışdır. O, istədiyini edəndir. Şərəfli və əziz etmək, zəif və zəlil etmək Onun əlindədir. Bütün bunlara qadir olan Allah bir daşı əziz etmiş və o daş da bütün insanların qəlbində müqəddəs daş kimi yer tapmışdır. Bizim vəzifəmiz onu  hansı səbəb və hikmətə əsasən müqəddəs etdiyini bilmək yox, Onun mübarək və müqəddəs elan etdiyi şeylərə hörmətlə yanaşmaqdır.

Allah Rəsulunun xütbə verərkən söykəndiyi xurma kötüyü ondan ayrıldıqda ağlamağa başlayır... Daha sonra həmin kötük peyğəmbərimizin (s.ə.s.) arzusuyla Allah tərəfindən müqəddəsləşdirilir və cənnət ağaclarından biri olmağa haqq qazanır.

Əshabı-Kəhfin iti sədaqətinə görə mükafatlandırılır və bir qism hədislərdə deyilənə görə, aid olduğu növü təmsil etməklə cənnətin yolları ona açılır. Bizə qədər gəlib çatan bəzi rəvayətlərə görə, Həzrəti İbrahim (ə.s.) Həcərül-Əsvəd daşını Əbu Kubeys təpəsindən gətirmiş və Kəbənin inşaatında ondan üstünə çıxaraq divarları hörmək üçün istifadə etmişdir. Həzrəti İbrahim kimi bir Xəlilullahın ayağını basdığı bu daşa Cənabı Haqq tərəfindən müqəddəslik bəxş edilmişdir.

Onun Cənnətdən gələn bir daş olduğuna dair rəvayətlər də vardır. Bəlkə də göydən düşən bir meteorid vəya bir səma cisimidir. Mələklərə aid saf və ülvi aləmdən gəldiyi üçün ona bu qədər dəyər verilmişdir. Gəlmə yeri və gəlmə şəklinin onun bugünkü vəziyətinə aidiyyatı yoxdur. Nə olur olsun o, bizim üçün müqəddəs bir daşdır. Ona daş deməyimizin səbəbi isə bu cismi ifadə edəcək başqa sözün olmamasıdır. Onun mahiyyəti və əhəmiyyətini ifadə etmək üçün başqa söz olsaydı onu deyərdik. Bu, ədəb və hörmətin göstəricisidir.

Keçən  zaman ərzində hissələrə bölünmüş, sınmış və bəzi hökmdarlar tərəfindən bu daşa aid hissələr müxtəlif yerlərə aparılmışdır. Hal-hazırda Həcərül-Əsvədin qalan hissəsi Kəbənin bir küncünə yerləşdirilmişdir. İnşaallah qiyamət gününə qədər də orda qalacaq.

Bu daşda müəyyən sirlər vardır. Bizim bilmədiyimiz bir çox hikmətləri də özündə cəmləşdirir. Peyğəmbər Əfəndimiz (s.ə.s.) bu daşın qiyamət günü şahidlik edəcəyini bəyan edir. Bu necə olacaq? Bu gün bunu elmi təhlillərlə isbat etməyimiz qeyri-mümkün ola bilər. Hal-hazırdakı texnologiya bunu dərk etməyimiz üçün kifayət etməyə bilər. Lakin buna bənzər elə möhtəşəm şeylər var ki, onlar bizim bu mövzudakı şübhələrimizi aradan qaldırır. Məsələn, cansız maddələrin birləşməsi ilə meydana gələn insanın danışması nə qədər mükəmməl hadisədirsə, bir daşın şahidlik etməsi də o qədər möhtəşəmdir. Əslində insanın danışması da bir xariqədir, ancaq vərdiş halını aldığı üçün bu xariqüladəliyi unuduruq. Necə ki insanda hafizə və ya yaddaş qüvvəsi var və necə ki həyatımızda baş verənlər və bu kimi bir çox məlumat insan yaddaşında saxlanılır, məhz Allahın yaratması ilə Həcərül-Əsvəd daşının da bu xüsusiyyətə malik olması mümkündür. O minlərcə video lenti kimi gəlib keçənlərin şəkillərini və səslərini yaddaşa qeyd edə bilər və bunlarla da o biri dünyada şahidlik edə bilər. Bu işin necə və hansı şəkildə olması o qədər de mühüm məsələ deyil. Onun yerinə hər hansı bir taxta parçası da qoyulsaydı, Həcərül-Əsvədə verilən müqəddəslik ona verilsəydi, biz eyni hörməti və sevgini məhz həmin taxta parçasına da göstərərdik. Çünki biz hər zaman nəticəni Rəbbimizlə əlaqələndirir, hər şeyi onun geniş Rəhmətindən, onun hər şeyi əhatə edən, elm və Qüdrətindən umuruq.

Bir rəvayətə görə Həzrəti Ömər (r.a.) bu daşı öpərkən belə deyir: “Ey daş, bilirəm ki, sən bir daşsan, faydan da dəyməz, zərərin də. Əgər Allah Rəsulunun səni öpdüyünü görməsəydim, səni əsla öpməzdim”. Arxasında dayanan Həzrəti Əli (r.a.) də yavaşca belə deyir: “Ya Ömər, ondakı gizli sirləri bilsəydin, indi ona belə deməzdin”.

Hər şeyin ən doğrusunu Allah bilir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.