İslam dini bütün məsələləri həll etmək üçün kifayətdirmi?

Bəli, həm kifayətdir, həm də vafi (yetərli, başqa heç bir şeyə ehtiyac qalmayacaq şəkildə). Bizim dünən dediyimiz bu sözü bu gün hər kəs deyir. Qərbdə hər gün neçə-neçə insanın İslamı qəbul etməsi bunun açıq sübutudur.

Bir fabrikin işləmə sistemini, onu qurandan daha yaxşı kim bilə bilər. Ən sadə bir elektronik alətin işləmə mexanizmini belə bir biləndən soruşursunuz. İnsanı yaradan kimdirsə onun istər fərdi, istərsə də ictimai yaşayış tərzini ən gözəl bilən də o olmalıdır. İnsanı Allah yaratmışdır.1 Elə isə insan üçün ən uyğun sistem də Onun göndərdiyi sistemdir.2

Bu gün bu reallıq hər kəs tərəfindən qəbul edilir, çünki bəşər əli ilə ortaya qoyulan bütün sistemlər bu gün iflas etmişdir. Müvəqqəti müvəffəqiyyətləri onların uzun müddət qalmaları üçün kifayət etməmişdir. Beləcə tarixdə görülən ən məşhur bəşəri sistemlərdən Feodalizm, Kapitalizm, Sosializm və Komunizm, bir-birinin ardınca dağılmış və arxada bir çox ah-nalə qoyub getmişdir. Halbuki İslam ilk qurulduğu gündən bəri əslindən heç bir şəy itirmədən bu günlərə gəlib çatıb.

Qərb bu işin fərqindədir. Allahla münasibəti qüvvətli olan mürşid və mübəlliğlər Qərb dünyasının bir çox yerində gözəl qarşılanır, sevilir. Kilsə salonları, sanki, İslama olan sevgini tərənnüm edirlər.

Əsrin dərdlərinə mübtəla olmuş insanlıq yenidən bir İslam anlayışına yönəlir. Bu gün altından çıxılmayan problemlerin ancaq İslam ilə həll edilə biləcəyi qənaəti çox geniş yayılmışdır.

Fəzilət odur ki, düşmanlar da qəbul və etiraf etsin. Və bu gün elə bir mərhələ gəlmişdir ki, düşmanlar da verdikləri bəyanatlarıyla bu həqiqəti qəbul etmiş kimi görünürlər. Bu gün Avropada İslamı qəbul etdiyi halda, ətrafındakılardan çəkindiyi üçün bunu gizli saxlayan bir çox insan vardır.

Sonra bu cür suallara konkret misal vermək üçün bütün məsələləri bir-bir sayıb İslamın o məsələləri necə həll etdiyini bir-bir göstərmək lazımdır. Bu da bir neçə cildlik əsərlə ancaq mümkün olar. Sual-cavab yolu ilə belə bir mövzunu dərinliklərinə qədər təhlil etmək əlbəttə qeyri-mümkündür. Bundan əlavə onlar, İslamın hansı məsələni həll edə bilmədiyini göstərməlidirlər ki, biz də onun  cavabını verək. Onlar mücərrəd şəkildə soruşduqları üçün bizim cavabımız da mücərrəd olacaq. Cavabı hər kəsə məlum olan bir məsələ haqqında artıq danışmaq, həm israf həm də əbəs işdir. İslam isə israf və əbəs işi əsla xoş görmür.

[1] Bax.: Mülk surəsi, 67/14.
[2] Bax.: Ali-İmran surəsi, 3/19; Maidə surəsi, 5/3.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.