Bayram Düşüncələri

Qurban bayramı Həzrəti İbrahim və İsmayıldan bu günə qədər daim qəhrəmanlığın, fədakarlığın və təslimiyyətin rəmzi olmuşdur. Qurban bayramı orduların döyüşə gedişi kimi gur təkbirlərlə gəlir və bir vəlvələ salaraq hər yanda əks-səda verir. Bu bayramda həm nəğmə və şeir, həm də döyüş meydanlarının nərələrlə haqqı hayqıran səsləri iç-içədir.

Qurban bayramında evlər, küçələr, məbədlər, dağlar, daşlar təkbirlərlə lərzəyə gəlir. Minarələrdən yüksələn təmcidlər (Sabah namazı vaxtından öncə minarələrdə söylənən İlahi, niyaz) ən məstedici nəğmələrlə dalğa-dalğa yayılaraq evlərimizə çatınca, kənd-şəhər, el-oba, çöl-çə­mənlik qoyun-quzuların mələrtisi ilə əhatəolunur. Bu müqəddəs zaman dilimində hər kəs, hər şey və hər yer sanki dilə gəlir və danışır. Ərafat məhşər kimi qaynayır və köpürür, hesab meydanı kimi əndişə və ümid yayır.. Müzdəlifə, Mina yoldakıların təlaş və tədarükü ilə uğuldayır.. Kəbə qəlbi həsrətlə yanan qüfrana susamışların nəbzi kimi vurur.. və bütün bu sədalar, alıb-verilən nəfəslər Haqq qarşısında divan durmuş inildəyən ən mükərrəm qulların harayları kimi veraların (Kənar. Başqa tərəf. Arxa, geri-axirət aləmi nəzərdə tutulur) qapılarını döyür. Sanki əbədiyyət tərənnüm edən bu səslərlə hisslərimi­zin hüdudsuzluq, xəyallarımızın sonsuzluq vəzifəsini əda etməsi kimi, duyğularımızın bütün xəzinələri açılır.. və bütün gizli hisslərimiz sapı qırılmış təsbeh muncuqları kimi hər yana saçılır. Hər yanda coşa-coşa Haqq dərgahına yüksələn bu sehrli səsləri duyub könüllərimizdə cənnət mehi kimi əsən sevinc və şadlığı yaşadıqca sanki eşqdən, şövqdən və bayramın füsunkarlığından süzülmüş həyatbəxş bir iksiri içirik.

İmana məzhər olmanın, Haqqa qulluğun, qulluqda şüurun könüllərimizi ucaltdığı zir­vələrdən yeridiyimiz yolu seyr edir, taleyin bizə yazdığı kitabın səhifələrini çevirib "Kitab, bu­dur!" deyir və bəxtimizə təbəssümlər saçırıq. Bu nailiyyət və mövhibələrin (hədiyyə, bəxşiş, ehsan) dadı, ləzzəti ruhlarımızı elə bürüyür ki, gözlərimiz şükürlə ətrafa nəzər salır, duyğularımız bahar kimi yaşıl don geyinir.. və ruhlarımızın qapısını çalan ilham və ruhlarımızdan lahut aləminə yüksələn inayət qanadlı dualar, minacatlar, iniltilər fövqəlfitrət səmavi bir mənaya, bir ab-havaya və bir dəyərə yüksəlir. Belə ki, hər bir saat, hər bir dəqiqə, hər bir iş, hər bir imkan daha dərindən yaşanmağa, daha şüurlu dəyərləndirilməyə ləyaqət qazanır; qazanır və ruhani zövqlərlə coşmuş vicdanlar: "Lütfünü artır, Allahım!" deyib daha da məst olmaq istəyir.

Bayram günləri dini və məşru adətlərin səfalı iqlimində ibadətlərlə həzzə və ruhani həzlərlə ibadət şadlığına büründükcə, yenidən var olduğumuzu, əbədiləşdiyimizi, qəlblərimizin kövnü-məkanlar qədər gənişləndiyini və şüurlarımızın İlahi ehsanlarla işıqlandığını daha açıq-aydın duyur.. və maddiyyatımızın əriyib mənəviyyata qarışdığını, tamamilə ruhaniləşdiyimizi sanırıq.. sanırıq və imanın daim könüllərimizə pıçıldadığı əzəli vədlərə doğru bir çay kimi axırıq.

Bayram günlərində yaşadığımız duyğularla gah qollarımıza qanad taxıb havalanır, gah da şən, ahəngli və hamar bir yol ilə ruh aləminə doğru yeriyirik. Bəzən səmada heç qanad çırpmadan sağa-sola süzülən quşlar kimi, bəzən ağacların başlarında həzin-həzin tərpənən yar­paqlar kimi, bəzən də rüzgarın toxunuşu ilə yellənən, yelləndikcə də ətrafa ətir saçan çiçəklər kimi zərifləşir, incəlir və qələmdən süzülən şeirə dönürük.

Bəzən tamamilə riqqətə qərq olur və duyduğumuz hər təkbir, hər təhlil, hər üxrəvi səs və sözlə elə ağlayır, elə ağlayırıq ki, başdan ayağa islanırıq göz yaşlarımızla. Bəzən sevincə qərq olur və sanki fişənglərə minib səmada saçılan rəngarəng işıqlarla əl-ələ gəzirik.. bəzən də sanki sehrli bir səccadə üstündə fəzada ulduzlar arasında səyahət edirik. Bəzən qoyun-quzu mələş­məsi ilə riqqətə gəlir, duyğulanır və qeyri-adi hisslərin təsiri ilə şam kimi için-için yanıb əriyirik.. bəzən də bunları o qədər təbii, yerli yerində və baş gicəlləndirici bir ahəngdə görü­rük ki, "Bundan daha mükəmməli ola bilməz" deyir, taleyin sirli naxışları qarşısında ovsunlanırıq.

Bəzən minarələrdən yüksələn təmcidlər, azanlar, məscidlərdən hər yana səs salan təkbirlər, Quranlar və bunların vicdanlarda meydana gətirdiyi əks-sədalar elə şeirləşir, insanların daxili aləminə elə hopur və onları ovsunlayır ki, zənnimcə, könül dünyamızda heç bir zövq nə bu dərinliyə çata bilər, nə də bu nailiyyətə. Üstəlik bu səs və bu sözlərə həzin nəğmə kimi səhər yeli də qarışıb əsincə həyəcanlarımız diləgəlməz bir səviyyəyə ucalır, hisslərimiz də tufan kimi coşub daşır.

Xüsusilə, həcc əsnasında hər yerin ümumi dil və ümumi şivəsi olan "təkbir"lər və "təlbiyə (Ləb­beyk Allahummə Ləbbeyk)"lərlə ən gizli düşüncələrimizi, ən möhtərəm qənaətlərimizi uca səslə elan edərək və ən sirli hislərimizi ən ürəkyaxan nəğmələrlə dilə gətirərək sanki bir məhşər gününə hazırlanırıq. Bu çox munis və bir o qədər də tükürpərdən mənzərələr qarşısında son dərəcədə dərin və bir o qədər də təbii sözlərlə daim məkan dəyişdirərək gəzir, vəzifələrimizi əda edirik, lakin daim arxamız cəhənnəmə dönük, gözlərimiz cənnətin tüllənən şəfəqləri ilə məst, qəlblərimiz də İlahi rizanın arxasında...

Məhz bu duyğularla bizə biçilən hüdudları tamamilə aşaraq, bütün xudkamlıqlarımızdan xilas olaraq, taxtımızı qəlb və ruhun səmasına qurur, dünyaya baxan yönü ilə cismaniyyət və maddiyat küllərini sağa-sola sovurur və vicdanın bir küncündə gizlətdiyimiz cənnətdən gətirilmiş qığılcımları bir daha alovlandırır.. və o alov, o hərarət, o işıq altında bu yeni varlığımızı ürəkdən salamlayır, taleyimizə təbəs­süm­lər saçırıq.

Sızıntı, May 1992

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.