Qüfranla tüllənən ay

Heç dinməyən bir nəşə, heç bitməyən bir zövq, heç əskilməyən eşqlə ətir saçan bir ay varsa, o da Ramazandır. Bir il içində gələn bütün nazlı mövsümlərin, ayların ruhunu, əsasını, həqiqi mənasını və onlardan süzülmüş, toplanmış üsarələri ən şirin şivə ilə təqdim edən Ramazan günləri, Ramazan gecələri hər an könülləri ayrı bir həzz və ayrı bir şirinliklə bürüyər, şəfqətlə onlara qucaq açar, məhəbbətlə oxşar və həyat eşqi ilə coşdurar.

Ramazan günləri dünyanın hər yanında, xüsusilə, müsəlman ölkələrində və müsəlmanlar arasında üstəlik bizim dünyamızda bütün münasibətlərin mərkəzi, bütün ruhani zövqlərin meydanı, bütün həyəcanların səhnəsi, bütün tərəqqilərin nurlu bir çevrəsi və bütün insani xislətlərin inkişafına açıq fürsət və qənimətdir.

Gecələri ayrı duyğu, gündüzləri də ayrı nurla tülu edən Ramazan günləri könüllərə də ayrı bir ruh çalıb gedər... və cəmiyyətin bir-birindən qopmuş üzvlərini bir yerə toplar, bütünləşdirər, münzəvliyə qapılmışlara camaat yolunu açar və qürbəti aradan qaldırar.. hər kəsə müxtəlif ölçüdə hiss və fikir süfrəsi açar və hər kəsə bir daha həyata göz açdırar.

Ramazan minarə başındakı mahyalardan məscidlərin dərunundaki çil-çiraqlara, məscidlərə uzanan yolların sağ-solundakı qəndillərdən evimizdəki lampalara, mömin simalarındakı paklıqdan könüllərdəki nura qədər hər yerdə işıq saçır. Üstəlik, dinin öz gəncliyinə yenidən qovuşduğu bir dövrdə o səhər mehinə açıq sahurları və gizli lütflərin təcəllisi ilə ətir saçan iftar süfrələri ilə elə fərqli bir hava, fərqli bir ziya və fərqli bir şivə ilə könülləri oxşar ki, ancaq eşqin vüsal ümidi ilə pərvzlanması bu qədər cəzibədar, bu qədər qibtəedici ola bilər. Sanki Ramazan ayına qədər ruhun sonsuzluq arzusu ilə insan arasında bir pərdə var və bu pərdə orucla çəkilib gedər.. və o ana qədər qəlbin bir güşəsində səssiz-səmirsiz yuxuya gedən eşq-şövq qəflətən canlanar, şahlanar və coşar; bütün ruhu sarar və qarşısıalınmaz bir vüsal arzusuna çevrilər. Bu müqəddəs arzunun həyata keçməsi yolunda badi-təcəllilərin həzin-həzin əsdiyi səhərlər gözlənilir, insanlar üçün hər zaman mənəvi aləmlərə açıq bir qapı kimi müşahid gözləyən namaz vaxtları layiqli dəyərləndirilir.. ruhlara bolluq və rahatlıq verən təravihlərlə könüllər cuşa gətirlir.. və duyğulara badə-badə ətir içirilir.. nəhayət, hər kəs dərəcəsinə görə sanki uxrəviləşir, ləduniləşir və bir mələk halına gəlir.

Ramazan, Quran ayı olduğuna görə il boyu Qurandan uzaq qalanlar belə böyük bir təşnə ilə o nur saçan iqlimdə özünü tapır və Quranın onların üzərinə leysan kimi yağdırdığı ruh, məna, sirr və lütflərlə mənaviyyatların cadar-cadar olmuş bütün vadilərini sulayırlar...

Könül dünyalarını başdan-ayağa sanki bir gül bağçasına çevirər və onları yaradılış zövqü ilə coşdurar. Onlar Quranla bütün varlığı duyar və dinləyər; duyğu və düşüncələri ilə də pərvazlanarlar. Quranda bütün xilqətin yad edildiyini hiss edər, ürpərərlər. Bəzən bir titrəyişlə həyəcanlanar, bihuş olarlar. Bəzən isə göz yaşları ilə nəfəs alar, göz yaşları ilə boşalarlar. Aradan bütün pərdələrin qalxdığını hiss edər və özlərini sanki həzin bir nəğmənin içində görərlər.

Quranın İlahi məzmununu ancaq, onda bütün varlığın səsini duya bilənlər və onun dərinliklərində insan ruhunun qorxu ilə ümid, qəm və sevinc, kədərlə nəşə nəğməsini eyni anda dinləyə bilənlər anlar. Onu sanki özünə endirilmiş kimi dinləyib zaman məfhumunu aşan ruhlar, onda cənnət meyvələrinin ləzzətini, Firdövs (cənnətin bir qatı) bağçalarının rəng və gözəlliyini, Rəyyan (cənnətdə bir qapı) yamaclarının fəvvarə və mənzərələrini müşahidə edər və onunla coşarlar. Quranı Ramazanın şəffaflaşdırıcılığı və qəlbin qədirşünas dəyərləri ilə nəzərdən keçirib onun əngin üfüqünə yelkən aça bilən pak könüllər hər an üxrəvi bir dəyər qazandıqlarını hiss edər və sonsuzluğun ayrı bir dərinliyi ilə tanış olarlar. Bu insanların düşüncə və həyatlarında metafizika fizikanı tamamlayar, məna da maddənin həqiqi məzmununa çevrilərək dəyər qazanar və hər şeyi pərdə arxası dəyərləri ilə ortayaçıxarar.

Yenə bu insanların nurlu simalarında, sanki İlahi isim və sifətlərin dərinliyinə varmaqdan qaynaqlanan gizli bir fəhm, dərin və fərqli bir anlayış, Quranla gurlayan günlərin gözəlliyindən qalmış bir kamillik, dolğunluq, saflıq, səmimilik və imanın qızıl zövqü ilə çiçək açmış bir lətafət, bir cazibə və bir mürüvvət çağlayan sehr hiss edilir. Onlar dinib danışmasalar da, o məna dolu davranış, əda, görkəm, baxış və duruşlarından hər zaman bu mənalar oxunur və ətrafa əks-səda verir.

Quran qanadlı, Quran ruhlu Ramazani-şərif qədər nurlu gecə və gündüzü ilə gözəlliyə açıq başqa bir ay yoxdur. İnsan hər Ramazanla bir daha həm də bütün təravəti ilə Quranı və onun həqiqi mənbəyini, dalğalanan İlahi mərifəti və Onun kainata səpələnmiş ayələrini, İlahi eşqi və imanlı simalardakı parlaq izlərini, hiss edər, sezər və görər. Bəli, Ramazanda Quran bütövlüklə taleyin cilaladığı bu parlaq simalarda və bütün bir məna dərinliyini göstərən bu gülən gözlərdə axirətə aid ayrı bir işıltı ilə parlayar. Qadın-kişi, yaşlı-gənc, varlı-kasıb, alim-cahil-hər kəs bu bərəkətli zamanda həyat və yaşayış pillələri etibarı ilə ramazanlaşar, Ramazanla gələn mənaları ciyərlərinə çəkərlər.

Ramazanda hər kəs fərqli bir ölçüdə müxtəlif mənfiliklərdən, insanı utandıran rəzilliklərdən, bütün mənəvi kirlərdən arınır, nurlanır və Cənnətə layiq hala gəlir. Ramazan ayı öz bərəkəti ilə o qədər zəngindir ki, kölgəsinə sığınan hər kəs onun səxavət və zənginliyindən istifadə edər və uxrəvi sultanlıqlara çata bilər. Gənclər-qocalar, səlim möminlər-nöqsanı olanlar, zəkalılar-avamlar, ağıllılar-dəlilər, əşyanın pərdə arxasına qapalı olanlar-açıq olanlar, işə yarayanlar-yaramayanlar, havadan nəm tutanlar-yağış altında belə islanmayanlar, hakim olmaq üçün yaradılanlar-məhkum olaraq dünyaya göndərilənlər, minbir çətinlik içində belə ayaq üstə durmağı bacaranlar-ən kiçik titrəyişlə yerlə bir olanlar, həyatlarını bədbinlik içində inləyərək yaşayanlar-cəhənnəmin içində belə ümidlə cəh-cəh vuranlar, ömürlərini başqalarına güvənərək yaşayan dərmansızlar-ən sağalmaz dərdlərlə qıvrılarkən belə nəşə ilə gurlayan iradələr, həyatlarını yemək-içmək və yatmağa görə proqramlaşdırmış canına düşkünlər-yemək, içmək və yatmağı geridə qoymuş həqiqi insanlar... Bir sözlə, bir-birindən fərqli bütün bu siniflər, fərqli ölçülərdə də olsa, Onun aydın iqlimində mütləq başqalaşır, fərqliləşir və mənəvi hallarına görə məsafələr qət edirlər.

Ramazanın gözəllik və nuraniliyi və o nuraniliyə açıq gözlərə əks olunan varlığın məna dolu dəbdəbəsi, bu bir-birindən ayrı və fərqli qruplar üzərinə endirdiyi sirr dalğa uzunluğuna malik bəzi şüalar sayəsində, o, özünəməxsus dadı, havası, ruhu və mənası ilə könüllərə elə yayılar ki, ən inadkar insanlar belə müqavimət göstərə bilməz və ona təslim olarlar.

Ramazanda hər şeyi öz sirləri ilə bürüyən gecələr o qədər munis və şirin, insanın duyğu və düşüncələrini başqa bir gözəllik və sevgi ilə qucaqlayan gündüzlər o qədər isti və yumşaq, inanmış simalar o qədər hissli və dərin, Allaha çağıran səslər o qədər şəfqətli və bütün bunların ifadə etdiyi mənalar o qədər təsirləndiricidir ki, bu bərəkət və bağışlanma ayına qəlbini aça bilənlər müvəqqəti də olsa, qəmdən, kədərdən bir-bir arınıb cənnətin xoşbəxtliyini duya bilərlər.

Yeni Ümid, Yanvar-Mart 1992

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.