Aləmlərə rəhmət olaraq göndərilən Nəbi (s.a.s.)

Allah-Təala bəşər övladına saysız nemətlər bəxş etmişdir. Quran bu həqiqəti belə ifadə edir: "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir!" (Nəhl, 16/18). Bu nemətlərin ən önəmlisi isə onları insanlara xatırladacaq bir peyğəmbərin göndərilməsidir. Peyğəmbərimizin (s.a.s.) göndərilişinin də xüsusi bir nemət olduğunu Uca Rəbbimiz belə bəyan edir: "Allah möminlərə lütf etdi. Çünki onların öz içlərindən özlərinə Allahın ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi." (Ali İmran, 3/164)

Ən üstün əxlaqla zinətləndirilmiş uca Peyğəmbər (s.a.s.) bağışlayıcı və rəhm edici xüsusiyyəti ilə hər zaman diqqət çəkmiş və ümmətinə də belə olmağı tövsiyə etmişdir. Quran onun bu yüksək əxlaqını "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!" (Qaləm, 68/4) ayəsi ilə təsdiqləmişdir. Allah Rəsulu (s.a.s.) da "Mən əxlaqi gözəllikləri tamamlamaq üçün göndərildim" buyuraraq göndəriliş qayəsinin məhz əxlaqın bütün çalarlarını öz həyatında əks etdirmək olduğunu ifadə edir.

O, zərif qəlbli, yumşaq xasiyyətli idi, insanların xətalarını incitmədən, üzə vurmadan düzəldirdi.. Səhradan gələn bir bədəvinin kobudluğu qarşısında üz ifadəsini belə dəyişdirmədən onun istəyinin yerinə yetirilməsini əmr etməsi Onun əxlaq memarı olduğunun ən bariz nümunəsidir. On il İslam Peyğəmbərinə xidmət edən Ənəs ibn Malik Onun uca əxlaqını belə tərif edir: "On il Allah Rəsuluna (s.a.s.) xidmət etdim. O, mənə heç bir zaman "uf" belə demədi. Səhv etdiyim bir iş üçün "Niyə səhv etdin?", eləmədiyim bir işə görə də "Niyə tərk etdin?" demədi. O, insanların ən gözəl əxlaqlısı idi".

Allah Rəsulu insanların ən əmini idi. Onun əmin olduğu barədə həm düşmənləri, həm də səhabələri həmfikir idi. Verdiyi sözü mütləq yerinə yetirərdi. Zarafat belə olsa, yalan söylədiyinə heç kim şahid olmamışdır. İslam gəlmədən əvvəl O, bu xüsusiyyəti ilə insanlar arasında məşhur idi. Elə buna görə də Ona "Muhəmmədul-əmin" deyilirdi. Tövsiyə istəyən səhabələrinə də: "Doğruluqdan ayrılmayın! Çünki doğruluq insanı yaxşılıq və xeyrə aparar, xeyir də Cənnətə," – buyurmuşdu.

Uca Nəbinin ən önəmli xüsusiyyətlərindən biri də təvazökarlığı idi. Onunla görüşmək istəyən hər hansı bir insan heç bir maneə ilə qarşılaşmazdı. Sadə bir həyat tərzinə sahib olan Allah Rəsulu (s.a.s.): "Mən də sizin kimi bir insanam, hamımız Adəmin övladlarıyıq, Adəm isə torpaqdan yaradılıb," – buyuraraq ümmətini təvazökarlığa səsləmişdir. Onun önündə həyəcan və qorxudan titrəyən yaşlı bir qadına: "Qorxma! Mən də sənin kimi quru ət yeyən bir ananın övladıyam," – deyərək təsəlli vermişdi.

İslam Peyğəmbərinin mərhəmət və gözəl rəftarı Əhli-kitabı da əhatə etmişdir. Belə ki, hicri 10-cu ildə altmış nəfərlik bir heyətlə Mədinəyə gələn Nəcran xristianları Məscidi-Nəbəvidə bir müddət qalmış və orada bir xristian kimi öz ayinlərini icra etmişlər. Peyğəmbərimiz onları İslama dəvət etmiş, lakin müsəlman olmağa məcbur etməmişdir. Onlar Nəcrana öz dinlərinin mənsubu kimi dönmüşlər. Bununla yanaşı, Allah Rəsulu onlara bir "əmannamə" təqdim etmişdir. Bu vəsiqədə Nəcran xristianlarının dininin, malının, canının, ailələrinin, kilsə və məbədlərinin Allahın zəmanəti və Rəsulunun (s.a.s.) himayədarlığı altında olduğu qeyd edilir.

İslamın gəlişindən on dörd əsr keçməsinə baxmayaraq, Peyğəmbərimizin həyatı hələ də önəmli bir araşdırma mövzu kimi öz aktuallığını qoruyub saxlayır. Bəşəriyyət tarixində həyatının hər bir sahəsi – şəxsi həyatı belə – təfərrüatlı şəkildə araşdırılan və haqqında cildlərlə əsər yazılan ikinci bir şəxsi göstərmək çətindir. Hər bir müəllif də Rəsulullahın (s.a.s.) şairi Həssan ibn Sabit kimi "Vamə mədəhtu Muhammədən bi məqaləti, Vəlakin mədəhtu məqaləti bi Muhammədin (s.a.s.)", yəni "Mən Həzrət Məhəmmədi sözlərimlə deyil, sözlərimi Həzrət Məhəmmədlə mədh etdim," – deyərək Rəsulullahın böyüklüyünü dilə gətirmişdir.

Başqa din və dünyagörüşlərin mənsubları belə, təbii ki, vicdanının səsini dinləyən və dilə gətirməkdən çəkinməyən insaflı və obyektiv tədqiqatçılar, mütəfəkkirlər, hətta dövlət xadimləri Həzrət Məhəmməd Mustafanın (s.a.s.) bənzərsiz şəxsiyyətini etiraf, peyğəmbərliyini təsdiq edirlər. O cümlədən məşhur tədqiqatçı, şərqşünas və ərəb ədəbiyyatının mütəxəssisi Doktor Morays (Maurice) deyir: “Quran başdan-başa səmimiyyət və həqiqətlə doludur... Həzrət Məhəmməd cahana haqq və həqiqətdən başqa bir şey təbliğ etməmişdir. Quranın təlqin və Həzrət Məhəmmədin təbliğ etdiyi düsturlar mükəmməl bir əxlaq sistemini meydana gətirir..

İngilis yazıçı və dramaturqu Bernard Şou (Shaw) diqqətləri Onun ən çözülməz məsələləri necə həll etdiyinə çəkir: "Problemlərin üst-üstə yığıldığı əsrimizdə bəşər bütün müşkülləri bir qəhvə içmə rahatlığı ilə həll edən Həzrət Məhəmmədə (s.a.s) nə qədər möhtacdır!"

Bütün səmavi kitabları ətraflı araşdırsa da, axtardığını yalnız Quranda tapan, onun hər kəlməsində bir hikmət olduğunu deyən Almaniyanın məşhur siyasi xadimi Otto fon Bismark fikirlərini belə dilə gətirir: "Sənin müasirin olmadığım üçün mütəəssirəm, ey Məhəmməd! Təlim etdiyin bu kitab sənin deyil, o, ilahidir.. Bəşəriyyət sənin kimi uca insanı bir dəfə görmüş və bundan sonra bir daha görməyəcəkdir. Mən hüzurunda ehtiramla baş əyirəm..."

Aləmlərə rəhmət olaraq göndərilən sevimli Peyğəmbərimizin göndəriliş qayəsi, xüsusiyyətləri, fətanəti, dua üfüqü, səbri, mətanəti, dövlət başçılarına məktubları, təvazökarlığı və təqvası kimi həyatının bəzi sahələrinə işıq salan "İnsanlığın iftixarı Həzrət Məhəmməd (s.a.s.)" adlı əlinizdəki bu əsər mühüm əhəmiyyət kəsb edir. Oxucu bu əsər sayəsində qısamüddətli də olsa, Peyğəmbər (s.a.s.) dövrünə səyahət edəcək və Onun gözəl əxlaqının bəzi nümunələri ilə tanış olmaq imkanı əldə edəcəkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.