Fərdi təbliğ

Allah Rəsulu İslamın yüksəliş illərində belə şəxslərlə münasibətə son dərəcə əhəmiyyət verirdi. Rəsulullah bütün Məkkə xalqının bir-iki il içində Ona beyət edəcəyini bilirdi, buna baxmayaraq, Xalid b. Vəlidlə Amr b. Asın gəlişini nəzakətlə qarşılayır və iltifatını əsirgəmirdi. Bəli, yanında olan səhabələrini bu iki dahini qarşılamağa göndərmişdi. Xalid beyət etmək üçün əlini uzadanda Allah Rəsulu iltifat göstərmişdi: "Mən də heyrətlənirdim. Xalid kimi ağıllı bir insan necə olur ki, küfr içində qalır. Mən bir gün sənin gəlib müsəlman olacağına şübhəsiz inanırdım".[1]

Bu sözlər müsəlman olmaq üçün gələn bir insana ən böyük iltifat sayılır. Və elə Xalid bu iltifatlar sayəsində gələcək ömründə, kim bilir, necə uca üfüqlər fəth edəcəkdi!

Bu vaxt Amr b. As da Allah Rəsulunun əlindən tutmuş, buraxmaq istəmirdi. İsrarla: "Ya Rəsulallah, günahlarım üçün əfv dilə və Allaha yalvar. Dua et, Allah məni bağışlasın!" – deyirdi. İki Ca­han Sərvəri ona da iltifat göstərdi: "Bilmirsənmi, İslam bütün keçmiş günahları silib təmizləyir. İnsan İslamı qəbul edincə dünyaya gəldiyi gün kimi tərtəmiz olar".[2]

Bəli, Allah Rəsulu artıq könüllərdə taxt qurur və uca şəxsiyyətinə olan sevgini təbliğ yolunda dəyərləndirir, insanlar da dəstə-dəstə Ona yönəlib İslam dininə daxil olurdu. Hətta ogünkü təbliğin dalğaları bu günlərə də gəlib çatdı. İnanırıq ki, Peyğəmbərimizin mübarək bəyanları qiyamətə qədər də özünəxas ehtişamı ilə davam edəcək.

Bu gün Avropada milyonlarla insanın İslamı qəbul etməsi və dünyanın müsəlmanlığa yönəlməsi az-çox mətbuatda öz əksini tapır. "Bəli, Avropa İslama hamilədir və yaxında onu dünyaya gətirəcək. İslam dünyasında isə doğum başa çatmaq üzrədir. Bir də indi dünyanın şərqinə, yəni münafiq düşüncəsinin hakim olduğu yerlərə baxın! Aradan yarım əsrdən çox keçməsinə və bu bölgə sakinlərinin qorxunc assimilyasiyalara məruz qalmasına baxmayaraq, burada yaşayan müsəlmanlar öz düşüncə və ruh dünyalarına üz tuturlar. Yaxın gələcəkdə ən müşkül diyarların bağrında belə əzani-Məhəmmədi eşidiləcək və oralarda da insanlar dəstə-dəstə İslamiyyətə girəcək. Allah Rəsulunun təbliğini təmsil edənlər bu təbliği dünyanın hər yerinə çatdıracaq və bu vəzifəni sevgi və şəfqət fədaisi kimi yerinə yetirəcəklər".

[1] İbn Sad, ət-Tabaqatül-kübra 4/252.
[2] Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/205.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.