Fətanət

Fətanət ağılla ağılı geridə qoymaq, ötüb keçmək deməkdir. Ona peyğəmbər məntiqi də deyə bilərik. Bu məntiq hər məsələyə ruh, qəlb, hiss və qəlbə xas incə duyğuların (lətaifin) birgə iştirakı ilə baxmaq deməkdir.

Fətanət quru ağıl və məntiq deyildir. Ona görə də İslamı belə bir ağıl və məntiqə istinadən "İslam ağıl dinidir", "İslam məntiq dinidir" kimi iddialar irəli sürmək İslamı bilməməkdən də əlavə böyük bir təhrifə ilk addım sayılır. Xeyr, İslam nə ağıl, nə də məntiq dinidir, o, birbaşa vəhy dinidir.

İslami məsələlərin ağıl və məntiqlə ziddiyyət təşkil etməməsi həm onun "Elmi-Muhit"dən (Hər şeyi əhatə edən Allahın elmindən) gəlib hər məsələni ağıla da təsdiq etdirməsindən, həm də onu səmaviliyə uyğun şərh edən peyğəmbər məntiqinin əhatəsindən qaynaqlanır. Yəni fətanət peyğəmbər ilhamı və peyğəmbər məntiqidir, başqa bir şey deyil. O məntiq ki vəhyi dərk etməyə uyğun yaradılmışdır. Və yenə o məntiq ki hissi, mühakiməni, qəlbi, incə duyğuları və hikmətli fəlsəfəni də əhatə edir. O, məntiq fövqü məntiqdir və ya daha konkret "Fətanəti-Əzəm"dir.

Allahdan gələn hər vəhyin əvvəlcə bu məntiqdə əks olunması bir zərurət və ehtiyacdır. Ancaq bu ehtiyac insanlara aiddir. Çünki vəhy başlanğıcda belə bir məntiq əsasında tənzim edilmədən insanlara çatsaydı, bəşəriyyət o ən müqəddəs feyzdən gələn vəhy və ilhamlardan od tutub yanardı. Necə ki Allah cəlalının üzündən pərdələri qaldırsa, bütün mövcudat yanıb külə dönər: eyni şeyi vəhyin gəlişinə də aid etmək olar.[1]

Bəli, vəhyin yandırıcı şahabları (axan ulduzları) peyğəmbərlərin fətanət atmosferində ram olur. Buna da biz din deyirik. İlahi bəyanlar bəşərin idrak səviyyəsinə uyğun təqdim edilir ki, bunu edən də peyğəmbər məntiqi, yəni fətanətdir. Fətanət yalnız peyğəmbərlərə xas məntiqdir və bu məntiqin "düha" sözü ilə ifadəsi doğru deyildir. Yəni peyğəmbərin məntiqi bütün məntiqlərin fövqündə dayanır ki, ona da fətanət deyilir.

Fətanət olmasaydı, düşmənlərin etirazlarına, dostların da su­allarına məruz qalan bu insanların bu qədər məsələni izah və təfsir etməsi mümkün olardımı?! Məsələlərin izah və təfsir edilməməsi də dinin başa düşülməməsinə gətirib çıxaracaqdı. Belə olanda da dini vəzifə və mükəlləfiyyətlərin bir mənası qalmaz, dini mükəlləfiyyət olmadan da insanın yaradılışı bir anlam ifadə etməzdi. Bütün bu mənfi nəticələrin hasil olmaması peyğəmbərlərə xariqüladə məntiq verilməsindən asılıdır. Bəli, peyğəmbərlər onlara verilən fətanətlə bütün müşkülləri asanlıqla həll etmişlər.

a. Peyğəmbərimizin fətanəti

Peyğəmbərimizin yaşadığı dövrü təsəvvürümüzdə canlandıraq:

Bir tərəfdən səhabə həll etməkdə çətinlik çəkdiyi şəriət məsələlərini Allah Rəsuluna bildirib həllini istəyir, digər tərəfdən də İslama girmək istəyən bəzi insanların tərəddüd və şübhələri cavab gözləyirdi. Üstəlik Allah Rəsuluna qısqanclıqla yanaşan Kitab Əhli insanları İslamdan uzaqlaşdırmaq üçün əlindən gələni edir, bəzi məsələlərdə insanların içinə şübhə toxumları səpirdi. Bütün bunların öhdəsindən gəlmək və suallara doğru və tutarlı cavab vermək ancaq və ancaq peyğəmbər məntiqi, yəni fətanətlə mümkün idi.

Peyğəmbərimiz müxtəlif təbəqələrin insanları ilə görüşür, onları İslam dininə çağırırdı. Bunların bir qismi din xadimləri idi. Ruhun dərinliklərinə dalan bu insanlar kilsə və monastırlarda heç olmazsa müəyyən sahələri dərindən öyrənmişdilər. Həmsöhbətlərindən bir qismi sırf fəlsəfi məsələlərlə maraqlanan, tamamilə məntiq və mühakiməyə söykənən insanlar idi. Həmçinin onların arasında ticarəti yaxşı bilən tacirlər, hərb meydanlarında yetişmiş nadir sərkərdələr, böyük siyasi dühalar və hətta mədəni səviyyəsi sıfıra bərabər olan bədəvilər də vardı və hamısı da öz sualları ilə gəlir, cavab tələb edirdi. Bu vəziyyətdə Allah Rəsulu məsələləri elə izah etməli, elə söz söyləməli idi ki, bədəvisindən aliminə qədər hər kəs sualına cavab tapmış olsun və qiyamətə qədər hər dövrdə insanlar müşküllərini bu cavablar əsasında həll edə bilsinlər. Çünki İslam cahanşümul və ümumbəşəri bir din idi.

İnsan danışan, düşünən bir varlıqdır. Bu xüsusiyyəti ilə də Allah-Təalanın bir vəsfini təmsil edir. Düşüncələr sözlərə, sözlər də yazıya əmanət ediləndə uzunmüddətli olur. Danışılmayan və yazılmayan fikirlər yaşamaz, sahibi ilə birlikdə torpağa qarışıb fani olar. Düşünmə qabiliyyəti kimi danışma və fikri ifadə də Allahın insanlara böyük lütfüdür. Buna görə də Qurani-Kərim Allahın rəhmaniyyətinə işarə olaraq insanı yaratdığını bildirdikdən sonra: "Ona danışmağı (fikir və hislərini bəyan etməyi) öyrətdi" (Rəhman surəsi, 55/4), – deyir. Həzrət Adəmdən bəri insanlar düşünür, danışır və qiyamətədək də düşünüb danışacaqlar. Ancaq nə düşünmə, nə də anlatma və danışma tükənməyəcəkdir. Bu da Rəbbin sonsuz mərhəmətinin bir əsəridir.

Bu ilahi mərhəmətə ən çox peyğəmbərlər və onlar arasında da ən çox Həzrət Məhəmməd (s.a.s.) layiq görülmüşdür. Bu lütf ancaq onların fətanəti ilə izah oluna bilər. Fətanət olmadan bu səviyyəni əldə etmək qeyri-mümkündür. Elə isə fətanət peyğəmbərlərin çox əhəmiyyətli bir xüsusiyyətidir.

Hər peyğəmbər üstün idraka və bəyan qabiliyyətinə malikdir. Ən mürəkkəb və qəliz məsələləri belə asanlıqla həll edirlər. Məsələləri aydın ifadələrlə izah edirlər və onların bütün bəyanları bir mənada "səhli-mümtəni"dir. Yəni bu sözü dinləyənlər elə sanırlar ki, özləri də belə sözlər deyə bilərlər. Ancaq cəhd göstərsələr, görərlər ki, onlar kimi söz söyləmək mümkün deyildir. Çünki Allah-Təala onlara ən çətin məsələləri izah etmək üçün xüsusi qa­biliyyət vermişdir. Bəli, nəbilərin bəyan çiçəyinə xas rövnəqlik və gözəlliyə başqa insanlarda rast gəlmək mümkünsüzdür!..

Nəbinin hüzuruna gətirilən hər problem həllini tapmadan geri qayıtmır. O məsələ nə qədər çətin olur-olsun, peyğəmbər onu qırx illik təcrübəsi olan adamlar kimi asanlıqla həll edir. Buna görə də Bernard Şou Allah Rəsulunun böyüklüyünü etiraf etməyə məcbur olmuşdu: "Bu gün problemlər üst-üstə yığılıb həllini gözləyir və bütün problemləri qəhvə içmə rahatlığı ilə həll edən Həzrət Məhəmmədə indi hər dövrdən daha çox ehtiyac duyuruq". Bəli, bu gün nə qədər iqtisadi, ictimai və siyasi problemlər öz həllini gözləyir. Və hal-hazırda artıq dost-düşmən – hər kəs anlayır ki, Allah Rəsulunun dupduru bəyan bulağına müraciət etmədən bu problemləri yoluna qoymaq əsla mümkün olmayacaq.

Onun fətanəti haqqında çox söz deyilmişdir. Bu sözləri bir yerə toplasaq, iri həcmli kitab çıxar. Bunların bir-ikisini nəql edərək bu əngin mövzunu da nöqtələməyə çalışaq:

"Ümmətin Fəqihi" və ən böyük alimi ünvanlarının sahibi­ Ab­dullah b. Abbas həzrətləri buyurur: "Ən fəzilətli insan və yenə ən ağıllı insan peyğəmbərimiz Həzrət Məhəmməd Mustafadır".[2]

Tövrat və İncili ələk-vələk eləmiş tabiun alimlərindən Vəhb b. Münəbbih Allah Rəsulunun fətanətini bu cümlələrlə dilə gətirir: "Dünyadakı bütün qumlar bir qum dənəsindən nə qədər çoxdursa, Allah Rəsulunun idrak və fətanəti də bütün insanların idrakından o qədər böyükdür...."[3]

b. Bəzi nümunələr

Kəbənin təmiri

Cahiliyyə insanı fitnə-fəsadın övladı idi. Elə bil fitnə çıxarmaq üçün yaradılmışdılar. Üçü bir yerə yığışan kimi bir fitnə salmadan ayrılmazdılar. Məhz bu insanları gələcək mədəniyyətlərin müəllimi kimi yetişdirmək yalnız Allah Rəsuluna xas bir möcüzə idi və bütün bunları da o, səmavi fətanəti ilə həyata keçirirdi.

Kəbənin təmiri peyğəmbərlikdən əvvəlki illərə düşür. Kəbə təmir edilmiş, növbə Həcərül-Əsvədin yerinə qoyulmasına çatanda qəbilələr bir qərara gələ bilməmişdilər. Hər qəbilə istəyirdi ki, daşı yerinə qoymaq şərəfinə özü nail olsun. O əsnada Allah Rəsulu hələ risalət (peyğəmbərlik) vəzifəsi ilə şərəfləndirilməmişdi. Bu müqəddəs vəzifə hələ yetişib meyvə verməsə də, Onun ruhunda çəyirdək halında mövcuddu. Cücərib boy atmaq üçün baharın gəlişini gözləyirdi.

O əsnada qılıncları qınından sıyırmış, oxları sadağından çıxarıb yaya keçirmişdilər. Əgər çarə tapılmazsa, kim bilir, neçə il davam edən, nə qədər can və mal itkisi ilə nəticələnən müharibə qapını kəsdirmişdi. Bu vaxt bir nəfər necə oldusa, belə bir təklif irəli sürdü:

"Gəlin Kəbənin bu qapısından ilk girən adamı hakim təyin edək və nə desə, razılaşaq", – dedi. Təklifi hamı qəbul etdi. Hər kəs maraqla gözləməyə başladı və ilk gələn insan Həzrət Məhəmməd Mustafa oldu. "Əl-Əmin gəlir", – deyib məsələni danışdılar. Allah Rəsulu dərhal: "Böyük bir bez gətirin", – dedi, gətirildi. Həcərül-Əsvəd bezin ortasına qoyuldu. Hər qəbilənin böyüyü parçanın bir ucundan tutub qoyulacaq yerə qədər apardılar. Allah Rəsulu da daşı götürüb yerinə yerləşdirdi.[4]

Və beləcə böyük bir müharibənin qarşısı alınmış oldu. Bu qə­dər qarmaqarışıq hadisəni təklif edilər-edilməz dərhal həll et­məsi peyğəmbər məntiqindən başqa nə ilə izah oluna bilər? Hələ peyğəmbər deyildi ki, vəhylə izah edilsin. Bu işin öhdəsindən ancaq peyğəmbərlik kimi böyük bir məsuliyyəti götürməyə qadir olan fövqəladə məntiq və fətanət sayəsində rahatlıqla gəlir. Bəli, Onda məntiq fövqü məntiq, mühakimə fövqü mühakimə və idrak fövqü idrak vardı. Əslində, Quran kimi müqəddəs əmanət üçün bu, vacib şərt idi.

Həmsöhbətini yaxşı tanıması

Husayn Allah Rəsulunun hüzuruna gəlir. Niyyəti Ona "ağıl verib – fikrindən daşındırmaqdı. İki Cahan Sərvəri insanları tanımaqda və onların səviyyəsini müəyyən etməkdə bir möcüzə idi. Həmsöhbətinə elə sözlərlə xitab edir ki, siz o sözlərin bəzilərinin yerini dəyişdirsəniz və ya fərqli xarakterə malik bir insana eyni ifadələrlə xitab etsəniz, aləmi bir-birinə qatar, üstəlik məqsədinizə də çata bilməzsiniz. Həm söz seçimində, həm də həmsöhbətin səviyyə və xarakterinin müəyyən edilməsində Allah Rəsulunun tayı-bərabəri yoxdur. Ona oxşar ikinci bir insan da tapmaq mümkün deyil. Kiminlə, harada və necə danışılacağını çox sürətlə təyin edir. Danışarkən fikirləşməyə ehtiyac duymur, nə lazımsa, dəqiq və aydın çatdırırdı. O, cümlədə sözləri zərgər dəqiqiliyi ilə düzür, nə artıq, nə də lüzumsuz kəlmələr işlədirdi. Hər cümləsini kəlmə-kəlmə gözdən keçirin, bir dənə də olsa, artıq sözə rast gələ bilməzsiniz. Bu fətanət deyilsə, bəs nədir? Husaynı məhz bu fətanətlə görün necə əridib muma döndərir:

Husayn sözlərini bitirincə Allah Rəsulu ədəb və zərafətlə soruşur:

– Ey Husayn, sən neçə ilaha ibadət edirsən?

– Yeddisi yerdə, biri də göydə olmaqla səkkiz ilaha ibadət edirəm.

"Göydə – dediyi qəlblərdən heç cür silinməyən Allahdı. Allah düşüncəsi vicdanlarda kök atmış elə bir inancdır ki, əsrlər sürən cahiliyyə belə onu qəlblərdən qopara bilməmişdi. Vicdan yalan danışmaz. Yetər ki, dil o vicdanın səsinə düzgün tərcüman olsun. Allah Rəsulu sual verir, Husayn da cavab:

– Sənə bir zərər dəyəndə kimə yalvarıb dua edirsən?

– Göydəkinə.

– Malın tələf olanda kimə yalvarırsan?

– Göydəkinə.

Allah Rəsulu suallarını beləcə sıralayır və hamısında da "Göydəkinə" cavabını alır. Husayn bunların arxasınca deyiləcək cümlədən hələ bixəbərdir. Allah Rəsulu isə son nöqtəni qoyur:

– O, sənin dualarını təkbaşına cavab verir, sənsə lüzumsuz yerə Ona şərik qoşursan! Mən də elə bunu deyirəm! Müsəlman ol, qurtul![5]

Bu dialoqda sadə cümlələr seçilmişdir. Ancaq həmsöhbətin xarakteri düzgün təyin edilmişdir: Husayn Allah Rəsulunun son cümləsindən sonra deməyə söz tapmır. Bəli, Allah Rəsulunun son ifadəsi qarşısında Husaynın "Lə iləhə illəllah Məhəmmədun Rasulullah" deməkdən başqa çarəsi qalmır. Ya bu cümləni söyləyib əbədi qurtuluşu qazanacaq, ya da inadından əl çəkməyəcək, çıxıb gedəcəkdi. Başqa bir seçim mümkün deyil.

Həmsöhbətin səviyyəsinə uyğun danışma

Bədəvi səhrada yaşayır. Çox vaxt dəvəsini itirir, əşyasını bir yerdə unudur və ya bir qum fırtınasına düşür, sonra da fəryad və fəğan etməyə başlayır. Belə bir insanın halını düşünün. Bu insan dara düşəndə nə deyəcək? Hər halda, Həzrət Həmzənin bir gün gəlib Allah Rəsuluna dediklərini..! "Ya Məhəmməd! Səhrada gecənin zülmət qaranlığında anladım ki, Allah çox böyükdür, dörd divar arasına sığmaz".

Bəli, Latın, Uzzanın, Hübəlin işə yaramadığını görən, demək olar, hər kəs eyni şeyi söyləyirdi. Çünki onların ruhun dərinliklərində bu həqiqəti hayqıran vicdan idi və vicdan doğru söyləyirdi. Neçə-neçə belə insan Allah Rəsulunun hüzuruna gəlmiş, bədəvicə suallarına ən gözəl cavablar alandan sonra hidayətə çatmış və səhabə kimi şərəfli bir məqama yüksəlmişdi.

Əhməd b. Hənbəl Əbu Təmimədən (r.a.), o da bir başqa səhabədən rəvayət edir: "Bir gün Peyğəmbərimizin hüzurunda oturmuşduq. Bu əsnada bir bədəvi gəldi. Birbaşa Allah Rəsuluna xitab edərək: "Sən Məhəmmədsənmi?" – dedi. Allah Rəsulu mülayim səslə: "Bəli, mən Məhəmmədəm", – dedi.

– Nəyə dəvət edirsən?

– Əziz və Cəlil olan Allaha dəvət edirəm. Amma təkcə Ona. Başqa şeyləri şərik qoşmadan bir və tək olan Allaha. O, elə bir Allahdır ki, başına bir iş gələndə Ona yalvararsan və O da sənin çətinliyini aradan qaldırar. Qıtlıq və bəla üz verəndə yalnız Ona dua edirsən. Yağışı O göndərir və otları O bitirir. Sən ucsuz-bucaqsız səhrada bir şey itirəndə Ona əl açır, Ona yalvarırsan və O da itirdiyin şeyi rastına çıxarır.

Bədəviyə deyilmiş bu sözlər necə də gözəldir! Bütün cümlələr sırf onun həyatı ilə bağlıdır. Qıtlıq, bəla, müsibət və səhranın ortasında çəkilən səfalət. Bunları yaxşı bilən bədəviyə dara düşəndə yeganə kömək və pənah yerindən – Sonsuz Qüdrət Sahibindən bəhs edir. Elə bədəvinin vicdanından da bu sədalar yüksəlir. La­kin bədəvi bu sədanın mənasını hələ qavraya bilməmişdi. Allah Rə­sulu bu sözləri ilə onun vicdanından yüksələn sədanın mənasını öyrədirdi. Deyilən sözlər bədəviyə elə təsir etmişdi ki, Allah Rə­su­luna təslim olub İslama girməkdən başqa çarəsi qalmamış və beyət edib səhabə olma şərəfinə çatmışdı.[6] Burada çox sadə mə­sələlərə toxunulmuşdur. Üslubda bəlağət və fəsahətdən istifadə edilməmişdir. Ancaq bir həqiqət göz qabağındadır ki, həmsöhbətin dünyagörüşünə tam uyğun hərəkət edilmiş və bədəvi də iman gətirmişdi...

Daşqəlbli insanları mələklərə çevirmək yer üzündə Həzrət Mə­həmməd Mustafadan (s.a.s.) başqa heç kimə nəsib olmamış­dır! O, Allahın bəxş etdiyi qabiliyyətləri elə yerli-yerində və məharətlə istifadə etmişdir ki, etdiyi inqilab tarixçi və sosioloqlar üçün hələ də bir müəmma olaraq qalır. Allah Rəsulunun ictimai həyat dəryasına atdığı cövhərlərdən meydana gələn dalğalar gəlib bu dövrə çatmış və əsrimizin sahillərini döyəcləməyə başlamışdır və bu, qiyamətə qədər davam edəcəkdir.

Bu gün dünyanın hər yanında insanlar axın-axın İslamı qəbul edir. Bu, Allah Rəsulunun ictimai həyat dəryasına atdığı cövhərlərdən əmələ gələn o böyük dalğaların əsrimizin sahilinə vurmasından başqa bir şey deyil. Təsir gücünü əsrlərdir itirməyən bu qüdsi cazibə başqa kimə aid ola bilər? Həzrət Məhəmməd Mustafadan (s.a.s.) başqa bu qədər cazibəsi olan ikinci bir şəxs varmı ki, onun olsun? Əsla! O ki, fəridi-kövnü zamandır.[7] Hər şey Onun hörmətinə yaradılmışdır.

Huneyndə mühacir və ənsara xitabı

Nəbilər Sultanı ən çətin problemləri çox asanlıqla həll etdiyi və çözülməz görünən məsələləri rahatlıqla və dərhal yoluna qoyduğu kimi, ən zəkalı insanları belə tərəddüdə sövq edən, hətta həyəcanlandıran ani və gözlənilməz hadisələr qarşısında soyuqqanlılığını qoruyaraq sürətlə hərəkət edir, düyünləri bir su içimində çözür və vəziyyətə hakim olurdu. Onun hər hərəkətini, hər addımını, hər cümləsini və hər sözünü diqqətlə gözdən keçirsək, bütün hərəkət, davranış və sözlərinin yerinə, saniyə və salisələrinə[8] qədər həssaslıqla nizamlandığını, planlandığını görərik. Əgər bir hərəkət bir saniyə geciksəydi və ya bir söz deyilməsəydi, bu qədər böyük müvəffəqiyyət əldə etmək mümkün olmazdı. Halbuki Allah Rəsulu heç bir hərəkətini ölçüb biçməmiş, uzun-uzadı düşünməyə macalı olmamışdı. İndi bu kimi hadisələri Onun fətanəti ilə deyil, başqa nə ilə izah edəcəksiniz?

Bəli, O, bir peyğəmbər idi, məntiqi də peyğəmbər məntiqi idi. Peyğəmbər kimi düşünür, peyğəmbər kimi hərəkət edir, bircə təşəbbüsdə də xətaya yol vermirdi. Xəta bir yana qalsın, daima müvəffəqiyyətlərin zirvəsində idi. Yəni başqa bir insanın Onun üfüqünə çatması, Onun kimi müvəffəq olması mümkün deyildi. Bu mövzuda yüzlərlə nümunə və hadisələr vardır. Amma biz ən əhəmiyyətli gördüyümüz bir nümunəni nəql edəcəyik:

Hadisə Huneyn müharibəsindən sonra baş vermişdir. İbn İshaq nəql edir, eyni rəvayətə Buxari və Müslimdə də rast gəlirik:

Huneyn müharibəsi Məkkə fəthindən sonra olmuşdur. Allah Rəsulu burada əldə edilən qənimətlərin çoxunu yeni müsəlman olmuş insanlara vermişdi. Onların imanının oturuşmasını istəyirdi. Bunların çoxu qövm və qəbilələri arasında sözükeçən, hörmətli, izzətli insanlardı. Məkkənin fəthindən sonra bu insanların inancının dərinləşməsi fəthlərin davam etməsi baxımından da zəruri idi. Çünki bir çoxu İslamı könülsüz qəbul etmişdi. Zaman keçdikcə İslama möhkəm bağlanmasaydılar, əvvəlkindən daha təhlükəli ola bilərdilər. Bəli, bu yerdə də Allah Rəsulunun fətanəti açıq-aşkar görünür.

Huneyn döyüşündə 6000 nəfər əsir alınmış, 24000 dəvə, 40000 qoyun və keçi qənimət götürülmüşdü. Bundan başqa qənimətlər arasında 4000 oqqa ağırlığında qızıl və gümüş vardı. Allah Rəsulu qənimətlərin çoxunu məkkəlilər arasında bölüşdürmüş, bəzi şəxslərə xüsusi pay ayırmışdı. Bir az əvvəl də qeyd etdiyimiz kimi, bu insanların İslama isinişməsi zəruri əhəmiyyət kəsb edirdi. Məsələn, Əbu Süfyan və ailəsinə 300 dəvə, 120 oqqa gümüş, Hakim b. Xatimə 200 dəvə, Nadr b. Harisə 100 dəvə, Qeys b. Adiyyə 100 dəvə, Safvan b. Ümeyyəyə 100 dəvə; Xuvaytib b. Əbdüluzzaya 100 dəvə, Əqra b. Xabisə 100 dəvə; Uyeynə b. Xısna 100 dəvə və Malik b. Avfa da yenə 100 dəvə verilmişdi. Bunlarla yanaşı, bəzi qəbilə böyüklərinə də əlli-əlli, qırx-qırx dəvə paylanmışdı.[9]

Allah Rəsulu dəvə verirdi, qızıl, gümüş verirdi, ancaq əsas məqsədi dini qorumaq və insanların qəlbini İslama isinişdirmək idi. Çünki Məkkənin fəthindən çox keçməmişdi və bəzi məkkəlilərdə bir narazılıq, bir nisgil qalmışdı. Şəhərin fəthi az da olsa, məkkəlilərin qüruruna toxunmuşdu. Qürur isə məkkəlilər üçün hər şey demək idi. Rəsulullahın Rəbbinin lütf etdiyi bu imkanı yaxşıca dəyərləndirmiş, beləcə yaralara məlhəm olmuşdu. Ancaq qənimətin bu cür bölüşdürülməsi ənsardan, xüsusilə, gəncləri bir az narahat etmişdi. Hətta bəziləri: "Onların qanı hələ qılıncımızdan damcılayır, amma bizdən çox pay alırlar", – demişdilər. Bu isə bir fitnənin başlanğıcından xəbər verirdi. Bunu bir-iki nəfərin dilə gətirməsi mühüm deyildi. Bu fitnə vaxtında söndürülməsə idi, alovlanıb qarşısıalınmaz yanğına çevrilə bilərdi. Üstəlik Allah Rəsuluna ən kiçik etiraz belə insanı dindən-imandan çıxarar, əbədi ziyana düçar edərdi. Bu isə fitnədən daha böyük müsibət idi.

Sad b. Ubadə bu vəziyyəti dərhal Allah Rəsuluna bildirdi. Hərçənd bunu deyənlərin hamısı gənclər idi, yaşlılardan heç birinin ağlından belə bir şey keçməmişdi, ancaq qarşısı alınmazsa, böyüyə bilərdi.

Allah Rəsulu dərhal ənsarın bir yerə yığışmasını və orada başqa müsəlmanların olmamasını əmr etdi. Ənsar toplandı və Allah Rəsulu onlara səsləndi:

"Ey Ənsar camaatı! Eşitdim ki, ürəyinizdə mənə qarşı bir inciklik var".

Belə bir xitab toplum psixologiyası baxımından möhtəşəm başlanğıc idi. Çünki çoxu nə üçün çağırıldığını bilmir, belə bir söz gözləmirdi. Rəsulullahın xitabı onları silkələyib özünə gətirdi.

Səhabə, onsuz da, Allah Rəsuluna etiraz edə bilməzdi. Uzağı azacıq inciyə bilərdilər ki, bunun da aradan qalxması üçün Rəsulullahın kiçik müdaxiləsi kifayət idi. Bunun əlamətləri elə ilk sözdə görünməyə başlamışdı. Bəli, Allah Rəsulunun bu ilk cümləsi azacıq incikliyi olan ənsara bərk təsir etdi. Hər kəs özünə toparladı və gözlər diqqətlə Rəsulullaha dikildi. Bundan sonra, şübhəsiz, mühüm şeylər deyəcəkdi Rəsulullah. Hər kəs diqqət və maraqla nə deyəcəyini gözləyirdi. Allah Rəsulunun bu ilk həmləsi istənilən nəticəni vermişdi, amma bir neçə həmlə də etməli idi. Əgər həmlələri hədəfə dəyməsə, faydadan çox zərər gətirə bilərdi. Beləliklə, burada tarazlığı saxlamaq da vacib idi. Bu da Allah Rəsulunun söz həmlələri:

– Mən gələndə siz zəlalət içində deyildinizmi? Allah mənim vasitəmlə sizi hidayətə çatdırmadımı?

– Mən gələndə siz kasıblıq və yoxsulluq içində zillət çəkmirdinizmi? Allah mənim vasitəmlə sizə var-dövlət nəsib etmədimi?

– Mən gələndə siz bir-birinizə düşmən deyildinizmi? Allah mənim vasitəmlə sizi bir-birinizə sevdirmədimi?

Peyğəmbərimiz hər sualını bitirdikcə bütün ənsarın səsi yüksəlirdi: "Bəli, bəli, minnət (təşəkkür) yalnız Allah və Rəsuluna aiddir!"

Peyğəmbərimiz lap vaxtında və yerində sözün məcrasını də­yiş­di. Hislərin cuşa gəldiyi bu məqamda ənsar adından da danışdı. Allah Rəsulu onlardan – ən pis ehtimalla – gözlənilən sözləri də özü dilə gətirdi. Düzdür, bu, mümkün deyildi, çünki bir müsəlmanın peyğəmbərinə bu cür xitab etməsi onun məhvi deməkdi. İki Cahan Sərvəri davam etdi:

– Ey ənsar birliyi! İstəsə idiniz, mənə başqa cür də cavab ve­rə bilərdiniz. Məsələn, belə deyə bilərdiniz: "Məkkə səni qəbul etmədi, amma biz sənə inandıq. Məkkə səndən üz döndərdi, ancaq biz sənə arxa olduq. Yurdundan çıxarıldın, biz sənə qapılarımızı açdıq. Möhtac vəziyyətdə gəldin, biz sənin bütün ehtiyaclarını təmin etdik!" Mənə bu cavabı vermiş olsaydınız, doğru söyləmiş olacaqdınız. Sizi inkar edən də olmayacaqdı.

Ey ənsar camaatı! Müsəlman olmasını istədiyim bəzi kəslərə bir miqdar dünya malı verdim deyə incidinizsə, hər kəs evinə dəvə ilə, qoyunla dönəndə siz Rəsulullahla qayıtmaq istəmirsinizmi? Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, insanların hamı­sı bir vadidə, ənsar da başqa bir vadidə olsa, mən tərəddüd etmədən ənsar tərəfi seçərəm. Əgər hicrət hadisəsi olmasaydı, mən ənsardan olmağı çox arzu edərdim. Ey Allahım! Ənsarı, övladlarını və nəvələrini Sən hifz elə!"

Hər kəs hıçqıra-hıçqıra ağlayır və var gücləri ilə "Allah və Elçisi bizə yetər. Biz başqa şey istəmirik", – deyə hayqırırdı.[10]

Allah Rəsulunun bu qısa, amma mənalı danışığı, ehtimal olunan bir fitnəni beşiyində boğması və ənsarın qəlbini bir daha fəth etməsi elə müdhiş hadisədir ki, bunu izah etmək üçün, zənnimcə, "fətanət"dən başqa çarə yoxdur...

Cümlələri, onların düzülüşünü bir-bir təhlil edin. Başlanğıc cümlə ilə beş on sətir sonra, yəni son cümlə arasında səhabənin ruhunda baş verən dəyişiklikləri ölçün, sonra bunların yüz ölçülüb bir biçilmədən vaxtında və yerli-yerində deyilməsini də buna əlavə edin və vicdanınızdan: "Bu söz sultanı kimdir?" – deyə soruşun. Hər halda مُحَمَّدٌ رَسُولُ اللّٰهِ "Məhəmmədun Rasulullah" cavabından başqa bir şey eşitməyəcəksiniz. Və vicdanını itirməmiş hər bir insan eyni cavabı öz vicdanından dinləyə bilər. Təki inadkarlıq və qərəzdən əl çəkib hadisələri daha obyektiv təhlil edə bilsin...

Biz indi bu qısa nitqi təhlil edib məsələnin təfsilatını gələcəyin bəxtiyar psixoloq və sosioloqlarına həvalə edirik. Bəli, qoy hadisəni öz sahələri üzrə izah etsinlər və Peyğəmbərimizin fətanətini başqa aspektlərdə işıqlandırsınlar.

Birincisi, bu nitq tamamilə ənsara ünvanlanmışdır. Çünki məkkəlilərin və mühacirlər onlar kimi düşünməmişdilər. Başqa sözlə, onlar belə bir müraciəti ilk anda anlamazdılar. Beləliklə, onların orada olması ənsarın diqqətlə dinləməsinə, hadisənin mahiyyətini dərk etməsinə mənfi təsir göstərərdi.

İkincisi, təkcə ənsarın bir yerə toplaşması onlar üçün bir mənada şərəf idi: Peyğəmbərimizlə bir arada olmaq və başqalarının bu yığıncağa çağırılmaması onlara müsbət mənada ciddi təsir etmişdi.

Üçüncüsü, Rəsulullahın bəzi sözləri məkkəliləri və mühacirləri küsdürə bilərdi. Məsələn: "Hər kəs evinə dəvə ilə, qoyunla dönəndə" ifadəsi...

Dördüncüsü, sözünün sonunda ənsarı tərifləyir və onlara dua edir. Bu, yurd-yuvasını atıb hicrət edən mühacirlərə ağır gələ bilərdi.

Beşincisi, bu nitqin ərəbcə orijinalı bəlağət və fəsahət baxımından da mükəmməldir.

Altıncısı, ifadələrin əvvəlində dinləyənləri silkələyib daha sonra onları yaxşıca yumşaltması, onların adından danışmaqla da on­ları sadəcə dinləyici vəziyyətində qoyması mükəmməl metoddur.

Yeddincisi, sözlərin vəziyyəti nəzarət altına almaq üçün deyil, ixlas və səmimiyyətlə deyilməsi ənsara başqa söz söyləməyə macal verməmişdi ki, bu da nəticənin əldə edilməsində çox əhəmiyyətli idi.

Səkkizincisi, sözlərin birbaşa və bədahətən deyilməsi təsirini daha da artırmışdır.

Bunlar və deyilməmiş bir çox məqamlar göstərir ki, Allah Rəsulu öz nəfsi ilə deyil, əksinə Ona bəxş edilmiş fətanətin vəhy və ilham yüklü mənaları ilə söz söyləyir və problemləri həll edirdi.

c. Fətanət baxımından peyğəmbərimiz və söz

Allah Rəsulunun söz sənətinə hakim olması peyğəmbər fə­ta­nətinin bir yönünü təşkil edir. Bəli, O, söz sultanı idi. Allah Onu ilahi kəlama tərcüman olmaq üçün göndərmişdi yer üzünə!

Bu günə qədər hər kəs səviyyəsinə görə xeyli gözəl söz söyləmişdir, amma Söz Sultanının (s.a.s.) sözlərində bir başqa dərinlik, bir başqa ləzzət, bir başqa şirinlik vardır.

Onun (s.a.s.) bəyanı o qədər gözəl, ifadələri o qədər füsunkar idi ki, sözlərini eşidən qəlblər məst olur, baxışlar başqalaşır, ağıl və mühakimələr ağ bayraq qaldırır, insani duyğular cana gəlir, ruhlar qanadlanırdı. Allah Onun dilinə elə bir güc bəxş etmişdi ki, dərin sözləri, təsirli bəyanları qarşısında hüzurunda olan bəxtiyar insanların sanki dili tutulur və ovsunlanırdı. Elə ki dodaqlarında hikmət inciləri bərq vurmağa başlayırdı, ağıl və mühakimə sahiblərinin nitqi tutulur, elə ki yaxşını, gözəli, doğrunu danışırdı, dilinin şəkər-şərbəti dinləyənlərin ruhunu sarır, elə ki odlu sözləri ilə çirkinlikləri hədəfə alır, küfr və inkar edənləri öz çirkabında boğurdu, məfkurəsi adından gətirdiyi hüccət, bürhan və dəlillərlə kükrəyəndə isə bütün qaranlıq ruhların dilinə kündə vurur və zülmətləri dağıdırdı.

O (s.a.s.), bu ilahi lütflərin şüurunda idi və təhdisi-nemət[11] niy­yəti ilə dilə gətirməkdə qəbahət görməzdi: "Mən ümmi nəbi olan Məhəmmədəm. Məndən sonra nəbi yoxdur! Mən sözün ilki ilə, sonu ilə və "cəvamiül-kəlimlə"[12] şərəfləndirildim,"[13] deyərək Haqqın lütflərini sadalayır və "Ey insanlar, mən "cəvamiül-kəlim"lə və hər şeyi söyləyib son nöqtəni qoymaqla şərəfləndirildim"[14] nurlu bəyanları ilə də keçmiş və gələcəyin Uca Xətibi olduğunu elan edirdi.

Həqiqətən, Allah Rəsulu (s.a.s.) abi-həyat nəfəsi ilə Haqq bağçasının güllərinə ilahilər bəstələyən elə bir bülbül idi ki, nə vaxt cəh-cəh vursa, könlünü dilə gətirir və qəlbinin dilindən ən ovsun­la­yıcı nəğmələr söyləyirdi. Onun bağının təzə fidanlarından çıxan sözlər başqa baharda açılmış tumurcuqlara, başqa səhərdə gü­nəşə gülən çiçəklərə bənzəmirdi. Onun söz süfrəsində hər şey bir qönçə kimi təzə və novbar idi. Və bu novbar nemətləri dadıb ləzzətini hiss etmək, ondan həzz almaq da yalnız bu silsilənin ilk talelilərinə müyəssər olmuşdu.

O Bəyan Sultanı (s.a.s.) söz cövhərindən elə bir qılınc düzəltdi ki, o qılıncın səmada bir dəfə çevrə cızıb işıq saçması ilə bütün yalançı və saxta bəyanlar qaçıb yarasa yuvalarında gizləndi, bütün nağıllarsa Qaf dağının arxasına sığındı. O, söz və bəyandan elə çeşmələr axıtdı ki, bir anda cahiliyyə səhrasının hər tərəfi Cənnət bağçalarına döndü və elə irmaqlar meydana gətirdi ki, qapıları imana açıq bütün könüllər özlərini sonsuzluq okeanına tökülən o irmaqlarda gördülər.

Onun sözləri səmadan süzülürdü. Əgər Rəsulun vəhyin nəğməsi ilə bəstələnən sözləri olmasaydı, cahan xaosdan çıxmazdı. O, söz qılıncı ilə təbiətin üzündəki pərdəni dəlik-deşik etdi, din kitabını söz naxışlarıyla bəzədi. Söz Onun atının tərkinə yüklənmiş bir göv­hər, sadağında qızıl bir oxdur. O, getdiyi hər yerdə söz anlayanların ətəyini ləl-cəvahiratla doldurdu və yayı gərib atını­ qa­ranlıqların üstünə çapdı. Allah-Təala sonuncu dəfə sözlə bir cahan dövləti qurmaq istəyincə o Bəyan Sultanını (s.a.s.) bu dövlətin bahadırı seçdi, söz, sikkə və fərmanını Onun ixtiyarına verdi.

O biri aləmlərdən agah olan bütün söz ustadları təcəlli marşını səsləndirən xorun bir üzvü idi. O, bu bülbüllər toplumunun rəhbəri oldu, nəbilər və vəlilər gəlib bir zikr halqası əmələ gətirirdilər. O, bu qüdsilər halqasına sərzakir vəzifəsiylə gəldi və gur səsiylə ərşü-fərşi lərzəyə gətirdi. O, sözlərlə bəzədiyi səmavi süfrəni insanlığın önünə sərdi və süfrədəki hər şey dost bağının ən məhrəm yerlərindən dərilib Ona təqdim edilmiş şahanə lütflərin ən bakir meyvələri idi. O meyvələri nə başqaları baxıb görmüş, nə də onlara əl vurmuşdu.

Hələ ən məhrəm bağçaların ən ətirli güllərini ən həzin nəğmələrlə tərənnüm edən bu Əndəlibi-Zişanın (Şanlı Bülbül) (s.a.s.) ilham göyərçini qanadlananda bütün dillər susur, qulaqlar diqqətlə onu dinləyir və ruhlar Onun bəyan zümzüməsindən məst olurdular.

Bəli, Onun sözlərinin hər dalğası sahilləri incilərlə bəzəyən bir dəniz, könüllərə ürpərtilər sala-sala zirvələrdən tökülən bir şəlalə və dərinliklərdən qopub gələn çeşmələr kimi idi. Nə o dəryaların ənginlik və mahiyyətini vəsf etmək, nə o çağlayanlara tərcüman olmaq, nə də o çeşmələrə çatmaq mümkündü.

İndiyə qədər yüzlərlə alim və ədib Onun söz cövhərinin başı­na dolansa da, yüzlərlə və minlərlə tədqiqatçı o pak abi-həyat bu­lağına üz tutsa da və nə qədər dahi ömrünü Onun dərinliyini qav­ramağa həsr etsə də, O, həmişə əlçatmaz zirvə olaraq qalmışdır. Bir şairimiz beytində bu məqamı gözəl təsvir edir:

Bikri-fikri[15] kainatın parça-parça oldu lakin
Pərdeyi-ismətdə qaldı bəyani-Rəsul hələ.

Bəli, bir damla dəryanı, bir şüa günəşi tam əks etdirə bilmədiyi kimi, Məhəmmədi həqiqətin bir parçası sayılan üləma, övliya, əsfiya da başqa insanlarla müqayisədə kamil olsalar belə, Onu layiqincə təmsil edə və əks etdirə bilməzlər.

Allah Rəsulu məktəb-mədrəsə təhsili görməmiş mürşidi-kamil idi. Allah-Təala Rəsulunu maddi-mənəvi xarakterinin möhkəmliyi, duyğularının duruluğu, düşüncələrinin sağlamlığı və ülvi məqamlara açıq vicdanının ənginliyi ilə Haqqın bəyanlarını olduğu kimi qəbul etməyə, əslinə toxunmadan insanlığa çatdırmağa uyğun və münasib fitrətdə yaratmış, onun ruhi-mənəvi saflığını qorumuş, bəşəri təlim-tərbiyənin, təlim-tərbiyədəki bəşəri sis­temlərin təsirinə düşməkdən hifz etmiş, sonra da vəhy verərək insanlığa rəhbər göndərmişdir. Bütün bunlar onun məktəb-mədrəsə təhsili almamış kamil və mükəmməl bir mürşid olmasından xəbər verir.

Onun təbiət və xarakteri, zahiri və batini hisləri, ağıl və mühakiməsi peyğəmbərlik vəzifəsi ilə elə bağlı idi ki, Haqdan gələn heç bir bəyan, heç bir ilham mehi zərrə qədər dəyişikliyə məruz qalmadan, dəyişmədən O nurdan yaranmışın nurani dünyasında büllurlaşır, sonra da ilahi tənəzzülat[16] şəklində insanlara çatırdı.

Bu ən duru mənbədən fışqırıb axan və gəlib o pak könülə süzülən, sonra da ən lətif, ən nəzif, ən fəsih bir lisanla bəşəri idraka uyğun səsləndirilən ilahi bəyan Onun peyğəmbərliyinin əlaməti, risalətinin dəlili olduğu kimi, o dolambaclı yollarda azuqəsi, işığı-burağı və düşmənlərinə qarşı dəlili və isbatı idi. O, insanlara Haqqın bəyanlarını çatdırmaqla eyni zamanda peyğəmbərliyini hayqırır və elan edirdi. O, vəhyin o sirli, sehrli cövhər xəzinələri ilə müsəlmanların müşküllərini həll edir, ehtiyaclarını yoluna qoyur, yenə o almaz qılıncla düşmənlərini susdururdu.

Quran Onun üçün hər şey idi, hava idi, su idi, silah idi, zireh idi, qala idi, bürc idi və bürclərdə dalğalanan bayraq idi. O, Quranla nəfəs alır, onunla buludlar kimi göylərə yüksəlir, onunla rəhmət damlaları kimi yenidən yer sakinlərinin imdadına yetişir, onunla zülmətləri dağıdır, onunla şərdən və şərlilərdən qorunur, onunla hayqırır və onunla işığa dönüb hər yana nur saçırdı.

Hikmətin fəsih lisanı olan o Bəyan Sultanına nazil olan bitib-tükənməz ilahi elm xəzinəsi ilə yanaşı, neçə-neçə suallar, bir çox müşküllər, ümmətə aid neçə-neçə dini, ictimai, iqtisadi, siyasi məsələlər ünvanlanırdı. Rəsulullah da bunları sonsuz elmin par­laq aynası və İlahi varidatın tənəzzülgahı, mənzili, mərkəzi, seyrangahı sayılan qəlbi-paki-Əhmədi (Əhmədin pak qəlbi) və lisani-nəzihi-Məhəmmədi (Məhəmmədin nak dili) ilə cavablandırır, düyünləri çözür, mübhəmləri izah edir və Quranla gələn mütləq əmrləri təqyid,[17] bağlı məsələləri açır, xüsusini ümumiləşdirir, ümumini xü­susiləşdirir, Quranın bəyanları ilə yanaşı, öz ifadə və sözlərinin gücünü də xatırladırdı. Ümumbəşəri peyğəmbərliyi ilə bütün insanlığa xitab edən bir mübəlliğ, bir mürşid, bir islahatçı və bir mücəddidin başqa cür olması da mümkün deyildi.

Peyğəmbərimizin (s.a.s.) peyğəmbərliklə şərəfləndiyi dövrdə "cəmiyyət arasında ən dəyərli "mal" fəsahət və bəlağət idi". Daha sonralar zəka, söz və bəyan üstünlüyü ilə dünyaya hökm edən bu ədib və istedadlı millət istər "vəhyi-mətluv" olan Quranda, istərsə də bəyan, irşad, xütbə, nitq və təlimat kimi şeylərdə ilahi bəyanın o müqəddəs və nurlu təmsilçisinə həmişə heyranlıq duymuş və Ona ehtiram göstərmişlər. O da daima sözlərini dinlətmiş, qəbul etdirmiş və heç vaxt da tənqidlə rastlaşmamışdır. Əgər Onun söz, bəyan və düşüncələrinə ən kiçik tənqid və ya etiraz olsaydı, bu gün də düşmənçilik edən insanlar bundan yaxşıca faydalanar, şişirdib-böyüdərək, bəzəyib-düzəyərək, hər kəsə və hər tərəfə çatdıraraq bir hay-həşir qoparardılar ki, gəl görəsən. Çünki Onu sarsıtmaq, gözdən salmaq üçün ən çirkin böhtanlaracan hər yolu qanuni sayanlar belə bir fürsəti çox axtarmışdılar, çox gözləmişdilər, amma tapa bilməmişdilər. Halbuki Onun ifadə, bəyan və kəlam gücü haqqında Fironun Həzrət Musa haqqında söylədiyi qədər belə bir şey deyilməmişdi, deyilə bilməmişdi və deyilə bilməzdi də.

Onun "Mənə ədəbi Rəbbim öyrətdi.. həm də çox gözəl öyrətdi!" zirvəsindən[18] yüksələn səsi-sədası dostu da, düşməni də hey­rətə gətirir, fövqəlbəşər bəyana təzim etdirirdi.

Əshabi-kiram arasında Həzrət Ləbid, Hansa, Kab, Hassan və İbn Rəvaha kimi yüzlərlə söz ustadı, Həzrət Əbu Bəkir, Ömər, Əli, Müaviyə, Əmr ibn As və İbn Abbas kimi yüzlərlə natiq, yüzlərlə hüquqşünas və yüzlərlə hikmət əhli, demək olar, hər məsələdə Onu ustad, mürşid və rəhbər qəbul etdiyi kimi, gələcək əsrlərdə hədis elminin nəhəng hafiz və şərhçiləri, təfsir elminin dahi alimləri, fiqhin bənzərsiz müctəhidləri, dinin zamana sığmayan mücəddidləri, mənəviyyat iqliminin minlərlə övliya, əsfiya, əbrar və müqərrəbini, kəlam, məntiq, mühakimə və dəqiq elmlərin alimləri, üstəlik yüzlərlə fərqli sahələrin minlərlə elm adamı Onun ümman kimi bəyan cövhərini daima ən feyzli, ən bərəkətli, ən duru, ən doğru qaynaq bilmiş, Ona müraciət etmiş, Ona sığınmış­ və "aclıqlarını", "susuzluqlarını" o səmavi süfrədə yatırıb hüzura qovuşmuşlar.

Bəli, Onun sünnəsi dünəndən bu günədək müctəhidlərin ən doğru məxəzi, mərifət səmasında süzənlərin ən güclü qanadı, elm adamlarının ən duru çeşməsi, övliya və əsfiyanın da ən nurlu varidat mənbəyi olmuşdur. Şəriət elmləri, təsəvvüfün müxtəlif yolları, zahiri və batini elmlərin mahiyyəti və xülasəsi daima Onun o nur­lu söz cövhərindən fışqırmışdır.

O, varlığın başlanğıcından sonuna, insan oğlunun yaradılışından Cənnət və ya Cəhənnəmə çatmasına, vicdanın rəbbani mərifəti görüb dərk etməsindən o biri dünyada Camalullahı seyr etməsinə, iman və etiqaddan ibadətin ən incə təfərrüatına qədər hər şeyi o qədər mükəmməl izah etmişdir ki, Quran istisna, heç bir bəyan Ona tən ola bilməz.

Allahı zat, sifət və isimləri ilə həm də Ona layiq incəlik və həssaslıqla ciddi müvazinət daxilində, qiyamət və həşrü-nəşri, hesab və Cənnət-Cəhənnəmi ümidlə gurlayan ürpərdicilik və həzzə çevrilən dəhşət içində, mələklər, ruh, cin və şeytanı qeybin əsrarəngizliyi çərçivəsində, imanı, əməli, əməldə ixlası, çəyirdəyin qa­biliyyətini, torpağın bitirmə xüsusiyyətini yağışın həyatvericiliyi və baharın əlvan rənglərlə bəzənməsi şəklində elə gözəl təsvir edir ki, insan Onun o möhtəşəm tablolarını seyr edərkən təmiz fitrətli insanların imanla rişələnib kök atdığını, İslamla boy atıb ka­milləşdiyini, ixlasla Cənnət əhlinə çevrildiyini sanki öz gözləri ilə görür.

O, namazı oturub-duran, insana dost və yoldaş olan, onu tənha qoymayan və yollarını işıqlandıran, dəstəmazı can olub, qan olub insanın damarlarında gəzib-dolaşan, çaytək qapısı ağzından axan, axdıqca hər cür hisi-pası yuyub aparan, əzan, iqaməni sərv ağacları kimi boy atıb yüksələn, səsi-sədası ilə şeytanları vahiməyə salan və nəfis ətrə dönüb namaz yolçularının ruhuna hopan, zəkat, sədəqəni bir-birinə yadlaşmış kütlələr arasında körpü olan, onları doğmalaşdıran, möhkəm bir lehim kimi parçaları birləşdirən, orucu qalxantək sahibini qoruyan, onun Cənnətə girməsinə kömək etmək üçün Cənnət qalalarında sirli bir qapıya çevrilən və saqi kimi əlində qədəh kövsər təqdim edən, həcci bir dərzitək sökükləri yamayan, bir qəssal kimi ləkələri yuyan və ümumi məşvərət məclisi kimi bütün inananları bir yerə yığan, cihadı bir fədai kimi sinəsini gərib Cəhənnəmin yollarını bağlayan, bir təşrifatçı kimi Cənnət yollarını açıb insanlara "Buyur!" deyən və şəfqətli ata kimi inad edənlərn əl qolunu bağlayıb firdövslərə (cənnətə) sürüyən, zikri, duanı naqilsiz telefon kimi Yaradanla yaradılmışı görüşdürən, danışdıran, əmri-bil-məruf, nəhyi-anil-münkəri[19] bir yol polisi, bir qapıçı kimi, yolların başında, qapıla­rın qa­bağında dayanıb yoldan keçib-keçməmə, qapıdan içəri girib-girməmə işlərinə baxan, silei-rəhmi[20] bir ana kimi qollarını açıb gözləyən, insanlarla çarpışan, onları mühakimə edən, vədlər verən, yoldan azmasınlar deyə onlara xəbərdarlıq edən, yaxasından tutub silkələyən canlı motiv kimi təsvir edir və dinləyənləri ov­sunlayırdı.

Bəli, Onun bütün bu məsələləri bir naxış kimi təsvir etməsi, təs­vir­də istifadə etdiyi vəsaitin xüsusiyyətləri, bəyanındakı hərəkət, işarə, təsvir və musiqi gücü, bütün ədəbi sənətlərdən asanlıqla və yerli-yerində istifadə etməsi xülasə, bunların hər biri xüsusi araşdırma tələb edir.

Onun müxtəlif mövzulara dair xüsusi tədqiqat tələb edən söz və bəyanlarını gələcək tədqiqatçılara həvalə edərək burada, demək olar, hamıya məlum olan bir neçə mübarək sözünə, sözlərinin məna dərinliyinə, bəyan gücünə, ifadə dəqiqliyinə toxunub keçəcəyik.

[1] Hicabı nurdur. (Başqa bir rəvayətdə atəşdir) Əgər onu açmış olsa, vəchinin sübuhatı(cəlalı), basarının(gözünün) əhatə etdiyi bütün məxluqatını yandırardı." (Müslim, İman 293-294; İbn Macə, Müqəddimə 13; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/401.)
[2] İbn Həcər, əl-Mətalibül-aliyə, 3/214.
[3] Qazi İyaz, əş-Şəfa, 1/67.
[4] İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/18-19; Təbəri, Tarixül-üməm vəl-müluk, 1/526.
[5] İbn Həcər, əl-İsabə, 2/87.
[6] Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/65. (Hədis, kiçik fərqlərlə Əbu Davud, Libas 25-də də keçir.)
[7] Bütün varlığın və zamanın yeganəsdir
[8] Saniyənin altmışda biri
[9] İbn Sad, ət-Tabaqatül-kübra 2/152-153.
[10] Buxari, Mənaqibül-ənsar, 1-2; Məğazi 56; Müslim, Zəkat, 132-140; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/76-77; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 5/169-177; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 4/355-360.
[11] Haqqın nemətlərini şükür niyyəti ilə elan etmə
[12] Az sözlə çox məna ifadə etmə sənəti
[13] Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/172, 212.
[14] Heysəmi, Məcməüz-zəvaid, 1/173, 182.
[15] İlk fikir
[16] İlahi bəyanların bəşərin idrak səviyyəsində təqdim olunması.
[17] Mütləq hökmüm icra edilməsi şərtlərini müəyyən etmək. Məsələn, Quranda "oğruların əlinin kəsilməsi" ilə bağlı mütləq əmr var, lakin bu əmrin necə, hansı şərtlər daxilində tətbiq edilməsi yoxdur. Peyğəmbərimiz də bu əmrin icrası şərtlərini müəyyən etmişdir, açıqlamış, yəni mütləq olan bir əmri təqyid etmişdir.
[18] "Mənə ədəbi/ədəbiyyatı Rəbbim öyrətdi... özü də çox gözəl öyrətdi!" İbni-Səmani, Ədəbül-imla vəl-istimla.
[19] Yaxşılığa dəvət, pislikdən çəkindirmə.
[20] Qohum-əqrəba haqlarına riayət.