İlahi iltifat

Allah (c.c.) Rəsuluna xitab edir:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّٰهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّٰهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
"Rəsul! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" (Maidə surəsi, 5/67)

Allah (c.c.) heç bir peyğəmbərə belə xitab etməmişdir. Digər­lə­rinə həmişə mücərrəd adları ilə xitab edilir, ancaq Həzrət Məhəmmədə (s.a.s.) ehtiram ifadə edən sözdən istifadə olunur.

"Ey Rəsul!" sözü ilə Haqqın bəyanlarını gətirən, xəbər çatdıran və o biri aləmlərdən agah olan insan nəzərdə tutulur. Allah bu cür xitabla Rəsulunu həm ucaldır, həm də Onun şərəf və dəyərini xatırladır. Bu, bir mənada Onun şərəfini elan etmək deməkdir. Və O, bu şərəfin kölgəsi altında Allahın bəyanlarını bizə çatdırır. Uca Allah (c.c.) bu an sizinlə söhbət edən və ya sizə xitab edən şəxsə hörmət göstərir, (təbir caizsə) Ona adı ilə "Ya Əhməd, ya Məhəmməd, ya Mustafa, ya Mahmud!" demir, "Ey uca Rəsul!", yəni duyğu, düşüncə və könüllərə can verən bəyanlarla insanlığın imdadına yetişən nəbi deyir. Çünki Allah Onu nur halqanın zirvəsinə çıxarmış, peyğəmbərliklə şərəfləndirmiş və Onunla üz-üzə mükalimə etmişdir.

Bəli, bu kimi bəyanlardan da göründüyü kimi, Allah Onu qar­­şısında oturdur və Onunla üz-üzə danışır. Bəzi İslam alimləri Pey­ğəmbərimizin meracda Allahla həqiqətən mükalimə etdiyini deyirlər.[1] Necə ki digər vəhyləri bəzən pərdələrin ardından, lakin yenə birbaşa Allahdan almışdısa, eləcə də Meracda birbaşa üz-üzə almışdır.

Həzrət Məhəmməd Mustafa məhz belə bir şəxsiyyətdir. Allah (c.c.) Onu ən yüksək məqamlara çıxarmış və demişdir: "Sən əmrlərimi, bəyanlarımı dayanmadan insanlığa çatdırmalı və bu yolda bütün maneələrə sinə gərməlisən. Nə qorxu, nə narahatlıq, nə maneələr, nə aclıq və susuzluq, nə də fani məqam və mənsəb səni təbliğdən çəkindirməməlidir."

Həqiqətən də, Rəsuli-Əkrəm (s.a.s.) bütün çətinlikləri dəf etmiş və nəfəsini dərmədən təbliğ vəzifəsini yerinə yetirmişdir. Ona bir risalət qapısı açılmış, O da bu qapıdan daxil olub yüksək zirvələrə çıxmışdır ki, فَكَانَ قَابَ قَوْسَيْنِ اَوْ أَدْنَى [2] ayəsini də bir mənada bu cür anlamaq olar. Bəli, Ona bir yüksəliş sərhədi göstərilmiş, O da bu sərhədi çox geridə qoymuşdur. Çünki Merac səfərinin bir yerində Həzrət Cəbrail: "Sən get, ya Məhəmməd! Bundan sonra yol sənin, mənzil sənin. Mən barmaq ucu qədər də irəliləsəm, Rəbbimin əzəmət nurundan alışıb yanar, məhv olaram!"[3] – demişdi.

Bu, mümkünlük sərhədlərini keçib getmək deməkdir. Bu ifadələr mənə həmişə Ogüst Kontu xatırladır. Fransız filosofu Ogüst Kont (1798-1857) pozitivizmin banilərindəndir. Ömrü boyu dinə düşmən olmuşdur. Çünki onun fikrincə, elmin təcrübə sahəsinə da­xil olmayan hər şey cəfəngiyatdır. Ancaq "Tarixi-Murad"da onun­la bağlı belə bir hadisə nəql edilir:

Bir dəfə Kont Ənədəlüsə getmiş, oradakı İslami sənət əsərlərini heyranlıqla seyr etmiş və İslam haqqında məlumat almaq üçün bəzi insanlara suallar vermişdir. Aldığı cavablar arasında, xüsusilə, Peyğəmbərimizin ümmi olması onu təəccübləndirmişdir. İnana bilməmiş və Romaya gedərək IX Papa ilə görüşmüş və and verib Rəsulullahın ümmiliyini soruşmuşdur. Papa da deyilənlərin doğruluğunu təsdiq edincə filosof özünü saxlaya bilməyib: "Məhəmməd bir ilah deyil, lakin bəşər də deyil", – demişdir.

Elə bizim Buseyrimiz də belə söyləmirmi?

"Elmin çatdığı son nöqtə budur: O, bir bəşərdir, ancaq Allahın yaratdığı varlıqların ən xeyirlisidir". Yəni O, Əminənin övladı, Abdullahın oğlu, Əbdülmüttəlibin nəvəsidir. Bəli, Onun da bir anası, atası və bir cismani, yəni fiziki yönü vardır. Ancaq Onu maddi meyarlarla təsvir və izah etmək mümkün deyil. O, peyğəmbərlik səmasında pərvaz edir. Biz isə yerdə durmuş, gözlərimizi səmalara dikib Onu güclə görə bilirik. O, meracda elə bir məqama addım atmışdır ki, biz ayağını hara qoyduğunu belə bilməkdə acizik. Çünki bunu bəşəri idrak və şüur qavraya bil­məz.

Təbliğ o qədər əhəmiyyətlidir ki, Allah ən sevgili qulunu bu vəzifə ilə göndərmiş və əgər təbliğ vəzifəsini yerinə yetirməzsə, ri­salət vəzifəsini yerinə yetirməmiş olacağını da xəbərdarlıq etmişdir.

Demək ki, Onun ümməti olan bizlərin də ən əhəmiyyətli vəzifəsi təbliğdir. Unutmayaq ki, bütün bəşəriyyəti həyatın, demək olar, hər sahəsində yenidən diriltmək ancaq Həzrət Məhəmmədin abi-kövsər nəfəsinə və o yolun yolçularına sığınmaqla mümkün olacaq.

[1] Qazı İyaz, əş-Şəfa, 1/202.
[2] Nəcm surəsi, 53/9.
[3] Aliyyulqari, Şərhüş-şəfa, 1/431. Bənzər rəvayətlər üçün baxın: Təbərani, əl-Mü­cə­mül-övsat, 6/278; İsbahani, əl-Əzəmət, 2/677; Əbu Nuaym, Hilyətül-övliya, 5/55; Deyləmi, Müsnəd, 2/312.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.