Allah Rəsulunun (s.ə.s.) Uşaqlara Olan Sevgisi

Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) uşaqlara böyük əhəmiyyət verərdi. Uşaqlar Ona baş çəkincə O da bir böyük insan kimi onları qarşılayar; kimini kürəyinə, kimini qucağına alar, hər kəsə eyni səviyyədə nəvaziş göstərərək hər kəsin könlünü alardı.

Bəzən küçədən keçərkən uşaqların oyun oynadığını görəndə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlara yetkin insan kimi davranar, xüsusi dəyər verər və onlara "Əssələmu aleykum" deyərdi; onlar da "Və aleykum salam ya Rəsulullah" deyə salamını alardılar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) uşaqlara çox dəyər verərdi. Əgər bir uşağa: "Sənə filan vaxt, filan şeyi verəcəyəm" deyibsə, böyük bir insana söz vermiş kimi dediyi vaxtda mütləq sözünü yerinə yetirərdi.

İnsanlığa utanc verən düşüncələrdən biri də: “Atana belə etimad etməyəcəksən” fəlsəfəsidir və səhvdir. Hz. Peyğəmbər (sallallahu əleyhi və səlləm) daim “etimad” fikirini təlqin edər və ətrafındakı uşaqlar Onun haqqında “etimad”dan başqa heç nə bilməzdilər. O hər kəsin nəzərində “Əmin” insan idi; uşaqların nəzərində də... Əlbəttə belə şəxslərdən ibarət olan bir millət də əmin vəsfi ilə vəsflənməli idi.

Üstəlik Allah Rəsulu (sallallahu əleyhi və səlləm): "Allah övladına mərhəmət etməyənə mərhəmət etməz" buyurur və ümmətini qəlb və könül insanı olmağa təşviq edirdi; “Onları sevin, onlara söz verəndə mütləq yerinə yetirin; qoy onlar sözlərinizlə davranışlarınız arasında ziddiyyət görməsin, belə bir şeyə şahid olmasın” məalına bağlı tövsiyələri ilə tərbiyədə ən ideal məqamları hədəf göstərərdi.

Həmçinin bir hədisində Allah Rəsulu (sallallahu əleyhi və səlləm): “Kim övladına bir şey vəd etsə, mütləq onu yerinə yetirsin” buyurur ki, bu: “Uşaqdır yalan danışsam, aldatsam da, heç nə olmaz” fikrinin nə qədər xətalı olduğunu göstərir.

Bəli, hər aldatma və həqiqətə uymayan hər söz toxum kimi onda bu gün olmasa, da sabah bir zəqqum ağacı kimi boy atacaq və sizin tərbiyə üçün çırpınışlarınızı puç edəcək. Ana-ata daim müstəqim olmalı, istiqamətdən ayrılmamalıdır. Elə siratı-müstəqim ərbabı olanların hər davranışından sadəcə həqiqətin süzülməsi də bir əsasdır.

Bəli, övladlarınızın sizin haqqınızda mənfi şeylər düşünməsinə qətiyyən şərait yaratmamalısınız. Onlar sizi daim isar (özündən əvvəl başqalarını düşünmək) xislətli, əliaçıq, mömin, müslim, səbir edən, təvazökar, iffətli bilməli və belə tanımalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.