Əməlin ruhu ixlas və səmimiyyətdir

Fəthullah Gülən: Əməlin ruhu ixlas və səmimiyyətdir

İxlas və əməl ruhla bədən kimi bir-birini tamamlayan iki əsasdır. Əməlsiz ixlas mümkünsüz olduğu kimi, əməlsiz bir insanın özünü ixlaslı sayması da qeyri-mümkündür.

Zira bədəndə ruh nədirsə, əməldə də ixlas odur. Görülən bir işdə ixlas olmazsa, cansız bədəndən fərqlənməz. Dolayısilə, ixlassız əməl bütün mənəvi qapıları geridə qoysa da, riza qapısı üzünə bağlanar, ondan o üzə keçə bilməz. Bu mühüm məqamda insanın ixlassız əməlini dəyərsiz bir əşya kimi başına vurarlar. Allah qorusun!

Allahın dərgahında əməllərin dəyəri tamamən ixlasdan asılıdır. Bədiüzzaman həzrətlərinin dediyi kimi: “Bir dirhəm ixlaslı əməl batmanlarla ixlassız əməldən üstündür.” İnsan hər işdə, hər əməldə – oturanda, duranda, düşünəndə, danışanda, hətta sevəndə belə ixlaslı olmalıdır. İxlaslı sevginin bircə zərrəsi batmanla mənfəətpərəst məhəbbətdən üstündür. Şair deyir: “Mən sevgimin müqabilində kimsədən təmənna ummuram, çünki mənafe güdənlərin sevgisi qiymətsizdir.” Buna görə də bir insanın gördüyü işdə məqsədi Allahın rizasını qazanmaqdırsa, bu, ona güc verir, çünki o, ixlas sayəsində Allaha arxalanır. Bütün varlığı ilə Allaha arxalanan insan isə məğlubedilməz olur. Elə isə əməllə ixlası bir-birində ayrı düşünmək mümkünsüzdür.

Həm əməl, həm də ixlasa çox əhəmiyyət verilmişdir. Zira heç kim “Əməlimdə ixlaslı ola bilmirəm deyib” gözəl əməl işləməkdən əl çəkməməlidir. İnsan yaxşı əməl işləməklə yanaşı, özünü ixlaslı olmağa da məcbur etməlidir. Əks halda, şeytanın hiyləsinə aldanmış olar. Bəzən belə insanlar haqqında “Filankəs özünü göstərmək üçün namaz qılır” desələr belə, biz bir mömin barədə belə düşünüb sui-zənn edə bilmərik. Bəli, bəzən namazdan insanın ağlına tədili-ərkanı başqalarına nümayiş etmək fikri gəlir. Ancaq dəstəmaz almaq, namaz qılmaq, üstəlik qısa gecələrdə işa namazını əda etmək, sonra sübh namazına qalxmaq və qızmar istidə tər axa-axa təravih namazı qılmaq kimi ağır ibadətləri heç kim sırf nümayiş xatirinə eləməz. Buna baxmayaraq bütün bu çətinliyə dözən insan yenə də ağlından bu kimi fikirlər keçirsə, demək ki, o, başdan-ayağa riyakardır. Ona görə də hər bir insan əməlinin Cənabi-Allahın rizasına uyğun olub-olmadığını düşünərək əsim-əsim əsməlidir. Bəli, insan əməlinin qəbul olub-olmadığı haqqında çox düşünməməli və “Mən öhdəmə düşəni yerinə yetirməyə çalışdım, kiçik bir hədiyyə ilə Rəbbimin qapısını döydüm. Qəbul edib-etməmək Onun işidir, amma mən qəbul edəcəyinə ümid bəsləyirəm”, deməlidir.

  • Zira bədəndə ruh nədirsə, əməldə də ixlas odur. Görülən bir işdə ixlas olmazsa, cansız bədəndən fərqlənməz.
  • Buna görə də bir insanın gördüyü işdə məqsədi Allahın rizasını qazanmaqdırsa, bu, ona güc verir, çünki o, ixlas sayəsində Allaha arxalanır.
  • Həm əməl, həm də ixlasa çox əhəmiyyət verilmişdir. Zira heç kim “Əməlimdə ixlaslı ola bilmirəm deyib” gözəl əməl işləməkdən əl çəkməməlidir.

Sınıq sənək

Hz. Mövlananın bu mövzu ilə bağlı hikmətli və ibrətamiz bir qissəsi var: Səhrada öz zəhməti ilə dolanan, kasıb və ümidini Allahdan kəsməyən bir adam yaşayırdı. Bir gün zövcəsi onu dilə tutur ki, gedib Bağdad xəlifəsi ilə görüşsün, ondan bəxşiş istəsin. O da səhranın ən qiymətli hədiyyəsi sayılan bir sənək yağış suyunu çiyninə alıb yola düşür. Yolda sənəyini qoruya-qoruya gəlib çıxır Bağdada. Sarayın xidmətkarları onu qarşılayır, iltifat göstərir və vəd edirlər ki, “Xəlifə sizi qəbul edəcək”. Dəclə çayının bol sularına baxmayaraq, xəlifə onun hədiyyəsini qəbul edir və sarayda istədiyi qədər qonaq qalmağa icazə verir. Vaxtı çatıb evinə qayıdanda da hökmdar onun sənəyinə qızıl doldurub deyir: “Sənin gücün buna çatırdı, bunu gətirdin. İmkanın olsaydı, karvanlarla hədiyyə gətirən elçilər kimi ərməğanlarla gələrdin”. Geri dönəndə onu müşayiət edən saray xidmətçiləri kəsə yol seçib Dəclə çayın üstündən keçirlər. Coşub daşan, bol sulu Dəcləni görən kəndli xəlifəyə gətirdiyi hədiyyə yadına düşür və utanır: “Altından çaylar axan bir sarayda yaşayan xəlifənin bir sənək suyumu qəbul edib mənə bəxşiş verməsi onun böyüklüyünün əlamətidir. Zira bu bir sənək su onun mülkünün yanında dəryada damla kimidir”.

Bizim Allaha etdiyimiz ibadət də bu varı-yoxu bir sənək su olan adamın ərməğanı mahiyyətindədir. Buna görə də biz həmişə “Ey bu yerlərin həqiqi hakimi, ey bütün xəzinələrin sahibi! Sənin bizim ibadətlərə ehtiyacın yoxdur, bunu ancaq sədaqət nişanəsi kimi bizdən tələb edirsən. Biz də buna görə əlimizə keçən bu xırda şeylərlə Sənin dərgahına sığınır, bizdəki damlanı dəryaya çevirməyini diləyirik” deməliyik. Bax bu, ixlasdır, səmimiyyətdir, cəsarətdir.

Sən mənim olandan sonra...

İnsan əmr olunduğu üçün ibadət etməlidir. Bəli, biz ibadəti Rəbbimiz əmr etdiyi üçün yerinə yetirməli və “ilahi riza” diləməliyik. Zira Rəbbimiz bizdən razı olandan sonra, başqalarının razı olub-olmaması mühüm deyil.

O razı olmazsa, heç bir işin bir qiyməti yoxdur. Bəli, əməldə ilahi riza olandan sonra hər şey qaydasındadır. Bir mənqibə ilə məsələyə aydınlıq gətirək: Harun Rəşidin bərməkilərdən Cəfər adlı bir vəziri var imiş. Abbasi xilafətinə ziyanı dəysə də, sədaqətli insandır. Harun Rəşid bacısını ona vermiş, ancaq sonralar xəyanətinə görə öldürtmüşdür. Xəlifə bir gün təbəəsinə hədiyyə paylayanda Cəfəri də çağırtdırır:

‒ Sən də bir şey istə, verim, ‒ deyir.

‒ Canının sağlını, hökmdarım, ‒ deyə cavab verir.

‒ Sərvətimin dördə birini...

‒ Xeyr, istəmirəm.

‒ Yarısını... Dörddə üçünü... Hamısını verim...

‒ Sərvəti neyləyim, hökmdarım! – deyib dünya malında gözü olmadığını çatdırır.

‒ Bəs nə istəyirsən?

‒ Mən sənin razılığını, səni istəyirəm. Çünki sən mənim olandan sonra hər şey mənimdir, ‒ deyir.

Mənqibədən də göründüyü kimi, Cənabi-Allahın razılığını əsas götürmək və Həzrəti Pir demişkən, Onu görmə, Onu eşitmə, Onu dinləmə, Ondan danışma, Onu anlama, Onu tanımağa çalışmaq həyati əhəmiyyətli bir məsələdir... Və Ondan qeyrisini anlamağın, bilməyin, görməyin heç bir faydası yoxdur. Bu anlayış çərçivəsində özünü məcbur etmək, Allahın rizasını qazanma istiqamətində hərəkət etmək... bunlar mühüm məsələlərdir.

Əməlin mütləq bir qarşılığı və mükafatı vardır, amma üxrəvidir. Dünyadakı əvəzi isə ikinci plandadır. İstəmədən verilən şeylər isə “Rəbbim lütf etdi” deyilib “təhdisi-nemət”lə qarşılanmalıdır. Hətta bəzən insan – vicdanı bir az dərinsə ‒ qorxaraq: “Yoxsa Rəbbim qarşılığını axirətdə gözlədiyim nemətləri dünyada verərək məni məhrum etmək istəyir?” deyə ürpərməlidir. Bu anlayışla Haqq yolunda xidmət edən insanlar hərdən ağıllarından dan başqa düşüncələr keçirsələr də, inşallah axirətdə məhrum qalmayacaqlar.

Bundan savayı, ixlasa çatmaq üçün bir az da onun dərdkeşi olmaq lazımdır. Hər an Cənabi-Allahı düşünmək, Ona yaxın olmağa çalışmaq, tez-tez ölümü, axirəti təfəkkür etmək ixlasa aparan mühüm vasitələrdəndir.

Həftənin duası

Qüdrəti və mərhəməti hüdudsuz Ululardan Ulu Rəbbimiz! Ömür vəfa etdikcə dərgahına bəndə olmağa söz vermiş bu naçar kəslərə bütün şək-şübhələrdən qurtulub, tərəddüdsüz inanıb xalis yəqinə çatmağı və Sənə sonsuz etimad və güvənə aparan həqiqi təvəkkül şüuruna yiyələnməyi nəsib eylə və bizə arxa ol!

Sözün cövhəri

Nəsillər mənəvi coşğunluğunu, əzmkarlığını, fəallığını yüksək hədəf və ülvi ildeallar sayəsində qoruyub saxlayırlar. Hədəfsiz, məfkurəsiz qalanda da ruhsuz bir cəsədə dönürlər. Otlar, ağaclar, hətta təbiətdə hər bir varlıq nə qədər canlıdırsa, çiçək açır, meyvə verir və faydalı olurlar. İnsanlar isə ancaq yüksək ideal, aksiyon və mücahidə ilə varlığını qoruyub saxlayır və mövcudiyyətini davam etdirirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.