Hər Peyğəmbər öz əsrin idrakına səslənmişdir

Əşya və hadisələr Adəm Nəbidən (əleyhissalam) İnsanlığın İftixarına (sallallahu əleyhi və səlləm) qədər uzanan cizgidə ruh, məna, dərk edilmə və şərh olunma baxımından mütəmadi dəyişmə keçirmişdir. Dəyişən şərtlər müxtəlif formalarda cəmiyyətdə də əksini tapır. Buna görə də, müxtəlif dövrlərdə gələn peyğəmbərlərin fərqli xüsusiyyətlərə malik olması lazım idi.

Məsələn, müəyyən bir dövrün mühiti və o dövrdəki insanların xüsusiyyətləri, ancaq Həzrəti Nuh kimi bir rəsulun göndərilməsi üçün uyğun şərait hazırlamışdır. Beləliklə, Həzrəti İsa da, əgər eyni dövrdə risalətlə vəzifələndirilsə idi, vəzifəsini Hz. Nuhun (əleyhissalam) xüsusiyyətlərinə bürünərək icra etməli. Əgər Həzrəti Nuh da onun qövmünə göndərilsə idi, öz təbiətinə xas xüsusiyyətlərindən vaz keçib Məsih ruhu ilə hərəkət etməyə məcbur qalardı. Günümüzə gələndə, sürətlə qloballaşan dünyada bütün insanlığa qucaq açan və gətirdiyi prinsiplərlə qiyamətə qədər bəşərin fərdi, ailəvi, ictimai, idari və siyasi hər cür problemini həll edə biləcək cahanşümul mahiyyətə malik bir peyğəmbərə ehtiyac vardı.. və Allah (c.c.) belə bir dövrdə də o səviyyədə bir peyğəmbəri, yəni Nəbilər Sərvəri Həzrəti Muhammədi (əleyhissalatu vəssalam) göndərdi.

Peyğəmbərlərdən barədə Qurani-Kərim ayələrinə nəzər yetirəndə və bu seçkin qulların güzidə həyatlarını araşdıranda onların bir qismində “camal”, bir qismində də “cəlal” təcəllilərinin önə çıxdığını görmək olur. Xüsusilə, Həzrəti Nuh və Həzrəti Musa kimi peyğəmbərlərdə “cəlal” “camal”dan bir addım öndədir; bu səbəbdən, onların qismən sərt bir xarakterə malik olduğunu müşahidə etmək olur.

Nuh əleyhissalam təbliğ vəzifəsini qüsursuz yerinə yetirmiş; qorxmadan, yorulmadan daim qövmünü Allaha iman və qulluq etməyə çağırmış; üsyan etsələr əzaba düçar olacaqlarını bildirmişdi. Lakin bir çoxları onun dəvətinə razılıq vermədikləri kimi, Allaha inananlara zülm və işgəncə verməkdən də əl çəkməmişdilər. Həzrəti Nuhun çağırışına gələnlər bir-bir çoxaldıqca, münkirlər daha çox narahat olmağa başlamış və düşmənçiliklərini get-gedə artırmışdılar. Qövmünün bu hüsumətinə (düşmənçilik) baxmayaraq, təbliğ və təmsil vəzifəsinə uzun müddət davam edən Hz. Nuh, onların heç cür imana gəlməyəcəklərini anlayıb belə dua etmişdi: " “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!" Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!” (“Nuh” surəsi 71/26-28).

Cənabi-Haqq bu Müqəddəs Nəbinin duasını qəbul etmiş və o qövmün altını üstünə çevirmişdir. Lakin bu hadisəni təsvir edərkən Qurani-Hakimin üslubunda gözə çarpan cəhət şərtlərə, şəraitə bağlılıqdır; ayələrdə o dövrün belə bir peyğəmbərə ehtiyacı olduğunu vurğulayan bir üslub var. Bu səbəbdən, Həzrəti Nuhun hissiyyatını Allahın rizasına zidd olaraq dilə gətirdiyini düşünmək və qəzəblə davranıb o insanların həlakı üçün qarğış etdiyini ehtimal etmək böyük bir xətadır. Ülul-Əzm bir peyğəmbərin Allahın diləyinə zidd arzu və istəyə malik olması düşünülə bilməz. Məsələyə "peyğəmbər də olsa, bir insanın qəzəbidir" şəklində yaxınlaşmaq qətiyyən doğru deyil, belə şərh çox yanlış düşüncənin məhsuludur. Üstəlik bir peyğəmbər haqqında şərh verərkən çox təmkinli olmaq lazımdır. Allahın muradı, istəyi, örtülü də olsa, o istiqamətdə olmasa idi, Cənabi-Haqq: "Mən elə yazmadım, Mənim planım elə deyil" deyib onun tələbini qəbul etməzdi. Halbuki Uca Yaradan elçisinin istəyini eynilə həyata keçirmişdi. Demək ki, o zamanın şərtləri və o dövr insanlarının təbiəti belə tələb edirdi.

Həzrəti Musanın yolu

Buna bənzər xüsusiyyətlər Həzrəti Musa üçün də keçərlidir. Məlum olduğu kimi, xüsusilə sehrbazların imana gəlməsindən sonra Firon daha da azğınlaşmış, təcavüz və zülmünü artırmışdı. Musaya (əleyhissalam) inananları şəhid etmiş, hətta Həzrəti Asiyanı da qətlə yetirmişdi. Firon və qövmü küfr və imansızlığa davam edincə müxtəlif bəlalara məruz qalmış, əvvəlcə dəhşətli quraqlıq və qıtlığa düçar olmuşdular. Daha sonra da sel, çəyirtkə, həşərat və qurbağa hücumuna məruz qalmışdılar. Başlarına bəla gəldikcə Həzrəti Musaya gedib ondan aman diləmiş, lakin bəla ötüncə yenə şər əməllərinə davam etməyə başlamışdılar. Nəhayət, Hz. Musa belə dua etmişdi: "Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!" (“Yunus” surəsi, 10/88)

Bu ifadələr də Hz. Musanın xarakterini əks etdirir. Musa (əleyhissalam) bezar olduğu bu qövmə belə bəddua etmişdir. Ancaq bir peyğəmbərin Cənabi-Haqqdan işarə almadan belə dua etməsi peyğəmbərlik ədəbi ilə izah edilə bilməz. Bu məqamda Allahın əmri açıq olmasa belə, mütləq bir işarə vardır; əks təqdirdə bir peyğəmbər Allahın əmrinə zidd hərəkət etsə, ilahi dərgahdan qovular.