Mələklər rəhmət gətirir...

Fəthullah Gülən: Mələklər rəhmət gətirir...

Öz vəzifəsini yerinə yetirən mələk kimi, insan da kamilləşmə prosesini sürətləndirməlidir ki, mənən ucalıb mələkləşə, mələklərlə əl-ələ verə bilsin. O, ilk növbədə mələyin təşrifi üçün zəmin hazırlamalı, sonra o zəmini qoruyub saxlamalıdır ki, mələkut aləmində bizim dünyaya sarı bir maraq, bir meyil, bir arzu, bir istək meydana gəlsin. İnsan öhdəsinə düşəni yerinə yetirsə, mələk də öz vəzifəsinə layiqincə əməl edər. Əgər bir xəta işləyib onların yoluna əngəl qoyarsa, mələkut aləminin ruhani sakinləri də oradan ayaqlarını kəsər, bir də gəlməzlər. Zaman və məkanın ilahi bərəkət və rəhmətdən məhrum olmaması bəşər övladının öhdəsinə düşən vəzifəni yerinə yetirməsi ilə yaxından bağlıdır.

İnsan Cənabi-Allahın bu ilahi sənət əsərlərini açıq qəlb gözü ilə seyr etməli, hər çiçəkdən arıtək damla-damla nektar toplamalı və mərifət pətəyini hörməyə çalışmalıdır. İnsan ancaq bu cür hərəkət eləməklə dünya həyatında axirət səadətinin bünövrəsini ata bilər. Abdullah ibn Rəvaha məhz buna görə can dostlarının əlindən tutub: “Gəl bir az iman edək”, − deyirdi. Sən də qəlbinin Allahdan uzaqlaşdığı, öləzidiyi və qatılaşdığı anları nə vaxt xatırlasan, dərhal hüşyar qəlbli bir möminin əlindən yapış: “Gəl, qardaş, gəl bir yerə çəkilək, bir az iman edək! Rəbbimizi məmnun edək. Mürdə könlümüzü cana gətirək. Sönmüş, solmuş hiss və duyğularımızı yenidən dirçəldək. Dirçəldək ki, əsən ilahi ilham mehi, dalğalanan ilahi mərifət və məhəbbət ona qonaq düşsün”. Sən gül-çiçəklə hazır ol ki, gələn gəlsin. Səndə Haqdan gələn təcəlliləri ağırlayası, onlara mehmandarlık edəsi bir könül yoxdursa, bir anlıq qəflət düşüb Rəbbindən uzaqlaşdınmı, təşrif gətirən ilahi rəhmət qəlb evinə müsafir olmadan geri qayıdar. Allaha imanını kamil sanırsan, amma heyhat! Qəlbin aram-aram ölümə gedir, sənin bundan xəbərin yox. Bəli, daim ayıq-sayıq olmalısan. Özü də sərhəddə keşik çəkən əsgər kimi, gözünü qıprmadan daima zühuru gözləyəcək, təcəlli ovlayacaqsan.

Rəsuli-Əkrəm (sallallahu aleyhi vəsəlləm) sayıq qəlblərin, həssas duyğuların və duyan, bilən, hiss edən, hər şeydə bir məna sezən insanların pişdarı olaraq ömür boyu ayıq-sayıq yaşamışdır. Gündüzləri onsuzda huşyardı. Gecə olub şər qarışanda “Yuxunuzu da istirahət etdik” (“Nəbə” surəsi, 78/9) ayəsi ilə yuxu özünü yetirdiyi zaman əlini başının altına qoyur və: “Rəbbim, bundan sonrasını sənə həvalə edirəm. Qəlbimin Səndən uzaq qalmağa zərrə qədər hövsələsi qalmayıb. Amma, neyləmək olar, yuxu özünü çatdırdı,” kimi düşüncə və mülahizələrlə məlum duaları oxuyub yatağa girərdi.

Sən də həyatını İki Cahan Sərvəri kimi nizamla, hər anını Cənabi-Allaha təslim et ki, ömrün bərəkətlənsin. Odur ki, gözünü bir anlıq da yumma ki, mələklər aləmindən gələn qonaqlar evin qapısını açıq, mehmandarını oyaq görsünlər.

Sən imamsan, mən camaat

Diqqətli ol! Qəlbinə mehman gələn ilahi rəhmət, onun hazır olub-olmadığını görən də Cənabi-Haqdır. O, qafil bir qəlbə qonaq gəlməz. Sən huşyar olsan, mələklər sənin könlünü mətaf bilib Kabə kimi ətrafında dövrə vurarlar. Allah Rəsulu buyurur: “Kim kimsəsiz bir yerdə (su varsa) dəstəmaz alıb, yaxud (yoxdursa) təyəmmüm edib namaza dursa, namaz qıldığı meydan dolusu mələklər yerə enər və arxasında namaz qılar.”

Demək sən, bəzən mələkləri də ötüb keçirsən, onlar da arxanda namaz qılmağı özlərinə şərəf bilirlər. Bu qədər cismani və bəşəri xüsusiyyətlərə malik, yəni şəhvət, kin, nifrət və s. şeytani hislərlə (təbii ki, hər birinin bir hikməti var) dolub-daşan insan, görəsən, bütün bunların öhdəsindən necə gəlir, öhdəsindən gəlib ali bir məqama necə yüksəlir? Mələk də buna heyrət edir... Və gəlib namaz qılan insanın arxasına keçməklə bir mənada: “Sən imamsan, mən də camaat” deyir... bu etirafı özü üçün şərəf sayır. Namaz qılana mələklər dəstəsi namaza durduğu kimi, hər bir fərdin də - kim və harda olur-olsun - hər namazına görə mələklər yer üzünə enir və onun bəzi sözlərinə şərik olurlar. Məsələn, kim ətəhiyyatda “Bizə və Allahın saleh bəndələrinə salam olsun!” deyəndə, sağa-sola salam verəndə niyyətində ətrafdakı mələkləri də unutmursa, mələklər də onun salamını alır və cavab verirlər. Ancaq gördüyünüz kimi, ilk addım, yəni mələkləri buna cəlb eləmək insanın vəzifəsidir. İlk öncə gərək insan namaz qılsın, salamda mələkləri niyyətində tutsun ki, mələklər də ona yaxınlaşsın və bəzi sözlərinə qoşulub onun ibadətini alqışlasınlar...

Xəşyətdə mələkləşənlər

Keçmiş ümmətlərin birində bir övliya ölüm ayağında öladlarına vəsiyət edib deyir: “Öləndə bədənimi yandırın, külümü küləyə sovurun...”. Vəfat edən övliyanın övladları vəsiyyəti yerinə yetirirlər. Allah-taala həmin bəndəsini hüzuruna gətirdib bu vəziyyətinin səbəbini soruşur. Vəli: “Səndən qorxduğuma görə, ya Rəbbi!” ‒ deyir. Allah-taala da onu əfv edir.

Həzrəti Müaviyə (r.a.) Səadət əsrinin ən böyük siyasi dahilərindən biridir. Bir çox xoşagəlməz hadisəyə qarışmış və bundan da peşman olmuşdur. Ölüm ayağında övladlarını yanına çağırır. Sinəsi üstündə saxladığı kisəciyi çıxararaq ehtiyatla açır. İçində bir neçə tük və dırnaq olur. Onları övladlarına göstərib deyir: “Balalarım! Mən Rəsuli-Əkrəmlə (sallallahu aleyhi vəsəlləm) birlikdə olub səhabə adı ilə şərəflənmişəm. Bir gün təraş olurdu, hər kəs kimi mən də yerə tökülən mübarək tükləri qapdım. Dırnaqlarını tutma vaxtını gözlədim, onlardan da bir neçəsi mənə nəsib oldu. Onları ömrüm boyu müqəddəs əmanət kimi qoruyub saxladım. İndi ölüm ayağındayam. Sizə vəsiyət edirəm: məni qəbrə qoyanda bəzi yerlərimə bu mübarək tük və dırnaqları qoyun. İnanıram ki, Rəbbimin hüzuruna belə getsəm, qurtularam”.

Bu bir düşüncə tərzi, anlayış məsələsidir. Dində yeri var ya yox, bunun müzakirəsini edəsi deyilik. Bəlkə də, bunlar açar davranışlardır. Elə bir açar ki, ilahi rəhməti ehtizaza gətirir. Cəsədini oda atmağı vəsiyyət etmək də şəriətə görə düzgün deyil. Buna baxmayaraq, onun qorxu və əndişə dolu bu vəsiyyəti - əməli nicat tapmasına səbəb olmuşdur.

Mələklərdə də, mələkləşmiş insanlarda da xəşyət olur. Çünki onlar Allahı bilir, Onu tanıyırlar. Quranın “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar” (“Fatir” surəsi, 35/28) ayəsi də məhz bu məqama işarə edir. Allahı tanıyan bəndədə, əlbəttə, xəşyət də olacaqdır.

Həftənin duası

Allahım, bu bəndələrini də Sənin qapından ayrılmayan, qapının açılmasını gözləyən, başıaşağı, mütəvazi, məhviyyət və xəcalət qəhrəmanlarından et. Ulu dərgahının önündə sədaqətlə gözləyən siddiqləri xatircəm etdiyin kimi, bu mərifətə möhtac qullarını da ülvi mərifət təcəllilərinlə doyur! Dualarımızı qəbul buyur, ey Rəbbimiz!

Sözün cövhəri

Bağlanıbdır, zira qəlbin həyəcanlarını göz yaşlarından daha sürətli, daha səmimi əks etdirən başqa bir şey göstərmək mümkünsüzdür. Səmimi hıçqırıqlar olan yerdə günahlar tarümar olur. Hüşyar könüllərdə yanan alovu vicdana baş çəkən “qəbul” mehləri söndürüb sərinlik çilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.