Nəfsə qarşı ən böyük cihad namazdır

Nəfsə qarşı ən böyük cihad namazdır

Hər ibadətin özünəməxsus yeri və çəkisi vardır. Möminin bütün mükəlləfiyyətləri – üsuldan füruya, əsas mövzulardan ikinci dərəcəli məsələlərə qədər bütün ibadətlər ahəng içindədir və bir-birilə ziddiyyət təşkil etmir. Namaz və orucsuz cihadın bir mənası olmadığı kimi, cihadsız namaz da əsl mahiyyətindən uzaqdır. Bəli, bunların hər biri əl-ələ, çiyin-çiyinə vermiş qübbə daşları kimidir.

Əqidə də belədir: imansız İslamiyyət mümkün olmadığı kimi, İslamiyyətsiz iman da natamamdır. İnsan imanın əsaslarına qəlbən inanmalıdır ki, həqiqi müsəlman olsun. Bir insan kamil imanı olmadan İslamiyyətin əmrlərini yerinə yetirərsə, bir müddət sonra ya özü ya da nəsli bu yoldan dönər. Həm iman, həm də əməl kamil olmalıdır. Əməllə tamamlanmayan iman tədricən zəifləyib sıradan çıxa bilər ki, müasir nəsil də buna bariz nümunədir.

Odur ki, cihadla namaz bir-birindən ayrılmamalıdır. Səhabeyi-kiram həm Allah yolunda cihad edər, həm də namaz qılardı. Çünki namaz Allaha verilən əhdü-peymanı gündə beş dəfə təkrar etmək, cihadla birlikdə digər vəzifələr isə kamilliyə çatmağa çalışmaqdır. Əslində insan gündə beş dəfə deyil, beş yüz dəfə əhdü-peymanını təzələsə, az deyil. Bəli, ancaq bunun sayəsində insan eşq, şövq, səmimiyyət və ixlasla cihad vəzifəsini yerinə yetirmə anlayışına yiyələnir.

Xülasə
  • Gecə ibadətindən uzaq, danışmaqdan başqa bir şey bilməyən, ruhuna yad insanlar var ki, bu adamlar kiməsə təsiri edəsi deyil
  • İnsanın həm imanı, həm də əməli kamil olmalıdır. Əməllə tamamlanmayan iman tədricən zəifləyib sıradan çıxa bilər.
  • Mömin hərəkət və davranışları ilə Allaha layiqli qul olmaqdan başqa bir ideal və məqsədi olmadığını göstərməlidir ki, Allah (cəllə cəlaluhu) da onu müvəffəq etsin.

Səlati-xövf

Qurani-Kərimdə saləti-xövf (qorxu namazı) təfərrüatlı şəkildə izah olunur. Bu namaz bir həqiqətə toxunur: düşmən səni ox yağışına tutsa da, döyüşün qızğın vaxtı olsa da, namazınını tərk etməməlisən. Bəli, düşmənin atdığı oxların kölgəsində belə namazı qılacağıq, üstəlik camaatla... Belə ki, ordunun bir hissəsi düşmənlə vuruşanda bir hissəsi imamın arxasında namaza durur. İmamın arxasında birinci rükəti qılanlar ikinci səcdədən sonra namazdan çıxıb döyüş meydanına qayıdır, düşmənlə üz-üzə dayananlar isə yerlərini onlara verib imamın arxasında namaza qoşulurlar. İmamla bir rükət qıldıqdan sonra təkrar döyüşə qayıdırlar. Birinci dəstə isə qayıdıb yenə imama qoşulur, namazı qiraətsiz tamamlayaraq salam verib yerlərinə dönürlər. İkinci dəstə təkrar gəlib namazı qiraətlə tamamlayır. Beləcə, hər iki dəstə də iki rükət namaz qılmış olur.

Bəli, müharibə meydanında belə namaz qılınmalı, Allah unudulmamalıdır. Bu uğurlu və bərəkətli vəzifəni sırf Allah-taala əmr etdiyi üçün yerinə yetirməlidirlər. Bəli, namazla mücahidə (cihad) ayrılmazdır. Səhabə qana batmış paltarı ilə, qılıncı ilə düşmən qarşsında namaz qılırdı. Allah da buna görə daima onların dadına çatırdı. Odur ki, bu gün Onun köməyini görmürüksə, səbəbini Allahla (cəllə cəlaluhu) münasibətdə axtarmaq lazımdır.

Hazırda gecə ibadətinə yad, danışmaqdan başqa bir şey bilməyən insanlar var... Halbuki bizim ən çox sağlam ruha, təmiz qəlbə, mənəvi paklığa ehtiyacımız var. Quran "Siz öz qeydinizə qalın!" (“Maidə” surəsi, 5/105) deyir. Allah ilahi riza üçün ibadət edən və Ona ehtiram göstərən qullarını sevər. Rahatlığa düşkün insanlar "Mən Allahın quluyam, Allahın buyruğunu yerinə yetirirəm" desələr də, üsyandan əl çəkməzlər.

Əməlin varsa, danış!

Həqiqi möminə gəlincə, o, Allahın əmrlərini yerinə yetirməyi dini təbliğdə insanlara təsir etmək baxımından bir əsas kimi qəbul edir. Çünki Allah "Məndən həya et, ya İsa!" əmri ilə Hz. İsaya belə xəbərdarlıq etmişdir. Yəni "İnsanları işlədiyin əmələ çağır, yoxsa, Allahdan utan!" deməkdir. İnsanın əsas vəzifəsi ilk öncə mükəlləfiyyətləri yerinə yetirmək, sonra da yeri gəldikcə insanları bu gözəlliklərə təşviq etməkdir. Belə insan başqalarından misal çəksə də, bir mənada həmişə öz əməllərindən danışır. Bəli, bir insan, məsələn, təhəccüdü qılmırsa, bu namazı qılmağa başlamadan kiməsə məsləhət verməyə utanmalı, ürpərməlidir. Çünki belə insan faydasız yerə çənə döyür, kiməsə təsiri edəsi deyil. Həmçinin "Həftədə iki gün – bazar ertəsi və cümə axşamı oruc tutun!" demək üçün ilk öncə özü buna əməl etməlidir. Çünki Allah-taala “Etmədiyini, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?" (“Saf” surəsi, 61/2) ayəsi ilə bir mənada "Utanmırsınız?!" deyir.

Odur ki, namazı təbliğdən ayırmaq olmaz. Cihad mühüm fərzlərdən biri olduğu kimi, nəfsə qarşı ən böyük cihad da namazdır. Allah Rəsulu döyüşdən qayıdarkən "Kiçik cihaddan böyük cihada dönürük!" buyurur. Səhabə böyük cihadın nə olduğunu soruşanda Peyğəmbərimiz: "Nəfslə cihad" (Beyhaqi, Zühd, 1/165) cavabını verərək ən böyük cihadın nəfslə olduğunu bildirir. Namaz qılmayan isə nəfsinə məğlub olmuş sayılır.

Heç vaxt unutmayaq və yaddan çıxarmayaq ki, sözün qarşıdakı insana təsiri Allahla irtibatdan asılıdır. Çünki sözləri hüsnü-qəbul etdirən (gözəl qarşılatdıran) Allahdır. Mömin hərəkət və davranışları ilə Allaha layiqli qul olmaqdan başqa bir ideal və məqsədi olmadığını göstərməlidir ki, Allah (cəllə cəlaluhu) da onu müvəffəq etsin.

Kiçik şeylərdəki böyüklük

Haqq-taalanın ümuru-xəsisə ilə, yəni kiçik şeylərlə məşğul olması Onun adına nöqsan gətirməz. Əksinə, böyüklərlə yanaşı, kiçik icraatlar da Allahın böyüklüyüdür.

Elə böyüklər var ki, gözləri təkcə böyükləri görür. Dolayısilə, yalnız böyüklərlə məşğul olur, kiçikləri görmür. Məsələn, bir marşal orduda təkcə zabitlərlə təmasdadırsa, bu mükəmməl təmas sayılmır. Böyüklük odur ki, hərdənbir onbaşının səviyyəsinə də tənəzzül edəsən, ona da qulaq asasan. Bəzən əsgərlərin arasına girib onlarla həmsöhbət olasan. Beləcə əsgərlərin arasına girib varlığını onlara hiss etdirər, əsgərlər də ondan məmnun qalar ki, bu da onun zabitlərlə yanaşı, sıravi əsgərlərə də dəyər verdiyini göstərir. Böyüklüyün əsas cəhəti məhz budur.

Allahın Zatının şəriki olmadığı kimi, rübubiyyətinin də ortağı yoxdur. Hər şeyə istiqamət verən, icraatını aparan Əhad və Vahid Allahdır. Nüvənin ətrafında elektron və protonları hərəkət etdirən bilavasitə Odur. Qanunlar izafi və nisbidir. Sistemi quran və qanunları qoyan Allahdır.

Bəli, hər bir icraat Allaha aiddir. Düşüncə dünayamızı hərəkətə gətirəndə bunu qavraya bilirik, başa düşür və görürük ki, təbiət və səbəblər bu icraata zərrəcən qarışsa, hər şey alt-üst olar. Allah nə kiçik, nə də böyük dairədə şərikə razıdır, o cümlədən kiçiklərdən də mərhəmətini əsirgəmir.

Məsələnin bir cəhəti də budur: Kiçik məxluqatın elə möcüzəvi xüsusiyyət və sənəti var ki, buna əksər böyüklərdə rast gəlmək mümkün deyil. Mikrob, bakteriya böyük məharətə malikdir, incə, zərif işlər görür. Diş bakteriyası əlindəki linglə dişə yaxınlaşıb, öz məharətini göstərməyə başlayır. Bu vaxt lingin səsini eşidən başqa bir mikrob gəlib ona yoldaşlıq edir. Dişə hakim olmaq üçün bir koalisiya qurub onun axırına çıxırlar. Bu işi bir fil görə bilməz.

Odur ki, məharət və sənətkarlıq böyüklük və kiçikliklə bir mənada tərs mütənasibdir. Bəli, görənlər üçün Allahın sənəti kiçiklərdə daha barizdir. Bir hüceyrəni mikroskop altında qapı qədər böyütsək, hüceyrənin DNT və RNT-sinə daxil olsaq, elə möcüzəvi proseslərə şahid olacağıq ki, bunu nə filin boy-buxununda, nə də xortumunda görə bilməzsiniz.

Həftənin duası

Ya Mövlayi-Mütəal! Sənə gedən yolları bu çaşqın qullarına da göstər... işlərimizi asanlaşdır və bizi yalnız ən xeyirli libas olan təqva ilə zinətləndir. Ya Rəbbim, bütün bunları yalnız Səndən diləyirik, çünki Sən hər şeyə qadirsən, Sənin qüdrətin sonsuzdur! Nə olar, bizə də rəhmət, şəfqət və mərhəmətini göstər ki, bütün dərd, qəm və qüssədən çıxış yolları tapaq!

Sözün cövhəri

Allahla irtibatımız ən parlaq, ən bərəkətli yönümüzdür. Ölənədək çalışıb-çabalasaq, bütün dünya bizim olsa, əgər O razı deyilsə, heç bir qiyməti yoxdur. Yer üzündə Allahın, Peyğəmbərin adını bayraqtək dalğalandırsaq, Onun razılığı olmadan bunun da dəyəri yoxdur. Ona görə də daima Allahdan ən böyük məqama - riza məqamına çatmağı niyaz edirik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.