Qabiliyyətlər və onların istifadəsi

Hər bir nemət həmin nemətə xas vəzifəni yerinə yetirmək üçün bəxş edilmişdir. Məsələn, sağlamlıq Allahın bəxş etdiyi böyük nemətdir. İnsan bu nemətdən oruc tutaraq, namaz qılaraq və cihad edərək yararlanmalıdır ki, sağlamlığının şükrünü etmiş olsun.

Əgər insan bu şükürü yerinə yetirsə, Cənabi Allah axirətdə nöqsansız, bütün kamil duyğularla təchiz edilmiş bədəni, həm də əbədi olaraq ona qaytaracaq.

Ağıl da böyük bir nemət və lütfdür. Ağıl vəhylə işıqlanaraq sirati-müstəqimə müvafiq qərarlar verməyi bacarırsa, demək, bir mənada ilham qaynağıdır. Yəni insan bu nemətdən düzgün istifadə edib onunla zəlalət içində olanlara Haqqı tanıdırsa, demək, ağılın şükrünü yerinə yetirir. Əksinə ağlını sırf dünya işlərinə sərf edib şükrünü yerinə yetirmirsə, demək, o nemətə qarşı nankorluq edir.

Bəyan (danışma qabiliyyəti)

Cənabi Haqqın ən böyük lütfündən biri də bəyan qabiliyyətidir. Quranda bundan bəhs edən surə Allahın “Rəhman” ismi ilə başlayır. Rəhman isminin ismi-əzəm olması barədə güclü dəlillər var. Cənabi Allahın Rəhmaniyyətinin, yəni bütün varlıq aləmini ruzi ilə təmin etməsinin bir cəhəti də insana verdiyi bəyan qabiliyyətidir.

İnsan qəlbində təcəlli edən şeyləri ancaq bəyan sayəsində ifadə edə bilir, bəyan sayəsində Cənabi Allaha üz tutur, Allahın sözünü anlayır, məramını Ona açır. Allah (cəllə cəlaluhu) ona: "Gəl, Mənim (rizam) üçün namaz qıl, hüzurumda əyil" buyurur, o da əmrə müntəzir halda "Əlhamdülillah" deyib İlahinin hüzurunda dayanır. Bu, bir mənada Allahı anlamaq və Onunla mükalimə etməkdir. Tabiundan bir zat deyir ki: "Quran oxuyan “mən Allahla danışdım” desə, yalan olmaz". "Əlhamdülillah" deyən insan Allahla mükalimə etmiş sayılır ki, bu da ancaq bəyan neməti ilə mümkün olur.

İnsan namazda "Sən Rəhman və Rəhimsən; mənə ilk öncə dərk etmə, sonra da dərk etdiyimi ifadə etmək üçün bəyan qabiliyyəti verdin. Bu, Rəhmaniyyətinin təcəllisidir. Sən qiyamət günün sahibisən; mən də Sənin əmrlərinə tabe olub o günə hazırlaşıram", dedikdən sonra birbaşa Allah-taalaya üz tutaraq "Yalnız Sənə qulluq edir və bu yükün altında əzilməmək üçün yalnız Səndən yardım diləyirəm" deyərək mükaliməsinə davam edir.

Bunu deyən insan şərəfli bir payə və məqama yüksəlmiş olur, ancaq əksəriyyət ehtimal ki, bunu heç düşünmür. İnsan bir dövlət rəhbəri ilə görüşsə və onunla bir-iki kəlimə kəssə, hər yerdə bundan danışar, hər fürsətdə söhbəti bu məsələyə gətirər. Bir dövlət başçısı ilə kəlmə kəsmək bu qədər əhəmiyyətli sayılırsa, gör Allahın hüzuruna çıxıb Ona həmsöhbət olmaq necə böyük imtiyazdır.

Odur ki, bəyan çox böyük bir lütfdür və onun şükrünü mütləq yerinə yetirmək lazımdır. Bəyanın birinci tələbi (haqqı) bizi bəyanla şərəfləndirən Allahı təbliğ etməkdir... Bəli, insan bəyan kimi bir nemət lütf edən Rəbbini hara getsə, dəllal kimi orada təbliğ etməlidir. Dəllala üç-beş qəpik versən, səhərdən axşama qədər bazarda gəzib malını tərifləyər. Menecerlər də eyni işi görür: qapı-qapı gəzir, müştərilərin üzünün suyunu tökür və mallarını satmağa çalışırlar. Satdıqları şey də iki qazan, bir neçə boşqabdır. Biz də Sultanı Onun bəxş etdiyi bəyanla təbliğ etməyə borcluyuq, O Sultan ki kiçik əməllərin əvəzində cənnəti verməyi, bizi Camalını görməyə layiq səviyyəyə çatdırmağı və göstərməyi vəd edir. Bir gün yer üzündə hər kəs imana gəlsə belə, göylərə nərdivan söykəyib Onun adının cinlərə və ifritlərə də çatdırma məsuliyyətini daşıyırıq. Bir haqq dostunun dediyi kimi, zindana atsalar, orada kimsə olmasa, Onun adının ifritlərə, zəbanilərə təbliğ etməyə çalışacaq və vəfa borcumuzu yerinə yetirəcəyik.

Bəli, bu nemətə ancaq bu şəkildə layiqincə şükür etmək mümkündür. Cənabi Allah nə dünyada, nə də axirətdə nemətini kəsir. Malın-mülkün şükrünü edən insan ağıl, bəyan və sağlamlıq nemətinə biganədirsə, nankorluq etmiş olur. Danışıq qabiliyyəti zəif olan əlinə qələm alsın. Yazı qabiliyyəti ola-ola yazmayanlar, qeyri-adi fikir yürütmə qabiliyyəti olub bu istiqamətdə səy göstərməyənlər Allaha qarşı nankorluq və haqsızlıq etmiş olurlar. Hər kəs Cənabi Allahın verdiyi istedad və qabiliyyətlərlə Onun adını insanlara çatdırmalı, bu yolda əlindən gələni etməlidir.

Sifətlər (vəsflər) çox mühümdür. İnsan Allahın bəxş etdiyi sifətlərə mütləq layiq olmalıdır. Belə ki, mömin işini Cənabi Allahın lütfü və kərəminə görə tənzimləməli, dünyəvi işlərə də laqeyd qalmamalı, öz vətənində ticari və iqtisadi sahədə kafirlərin əsarətinə düşməməlidir. Bu, İslamın şərəfi üçün mühüm əhəmiyyət kəsb edir. Qurandan başa düşdüyümüz qədər kafirlərin möminlərə hakim olması Allaha xoş getməz.

Xülasə, mömin, Allahın bəxş etdiyi bütün qabiliyyətlərini Onun yolunda istifadə etməlidir ki, bu nemətlərin şükrünü etmiş olsun.

Bədənə istirahət verin, ruha da laqeyd qalmayın

Xeyirxah işlərdə də olsa, monotonluq bezginlik gətirər. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səamətə (bezginlik) səbəb olan ifrat ibadətə qarşı çıxmışdır.

Zeynəb binti Cahş anamız Əzvaci-tahirat arasında ibadəti və saxavəti ilə məşhurdur. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) nə edirdirsə, o da onu edərdi. O qədər ibadət edirdi ki, heydən düşəndə yıxılmamaq üçün məscidin iki dirəyi arasına bir ip çəkmişdi. Bu ipi görən Allah Rəsulu belə buyurdu:

"Açın o ipi, yorulanda istirahət etsin, istirahətdən sonra ibadətinə davam etsin. Siz bezmədikcə ‒ təşbeh məzmunlu ifadə ‒ Allah bezməz və dilədiyinizi verər." Başqa bir hədisdə də O, "Yuxulu-yuxulu namaz qılanda əleyhinizə dua edə bilərsiniz" buyuraraq istirahətdən sonra ibadət etməyi tövsiyə etmişdir.

Bəli, şübhəsiz ki, daima eyni işləri görmək tədricən bezginlik gətirir. Buna yol verməmək üçün imkan daxilində başqa bir yerə getmək, başqa bir işlə məşğul olmaq faydalıdır. O cümlədən eşq və şövqü artırmaq, mənəviyyatı yüksəltmək niyyəti ilə eyni duyğu və düşüncədə olan insanlarla görüşmək də faydalı ola bilər. Hətta belə bir yerdə qonaq qalmaq da olar. Ata-babalardan yadigar qalan tarixi əsərlərə və xidmət amacıyla qurulan müəssisələrə baş çəkmək də mümkündür. İnsan bununla həm istirahət etmiş, həm də mənəviyyatını qorumuş olar.

Əksinə qəfləti artırıb və həvəsatı (nəfsani arzu-istəklər) körükləyən yerlərdə dincəlmək ruhun deyil, bədənin istirahəti sayılır. Əslində bədənin əsl istirahəti də gümrah ruhdan asılıdır. Bədənlə yanaşı ruha da istirahət vermək istəyiriksə, ibadət, gözəl əxlaq və yaşayışı ilə nümunəvi insanları ziyarət etməliyik. Bu məqsədlə sərf edilən benzin və digər xərclər sədəqə yerinə keçir. Beləcə ailəmizin də sədəqəsini verərək həm özümüz istirahət edər, həm də onları gəzdirmiş olarıq. Başqa məqsəd daşıyan tətillər bədənə istirahət versə də, qəfləti artırır, bəlkə də, bəzi lətaifi (ruhi-mənəvi xas duyğuları) öldürür.

Xülasə, möminlərin istirahət üçün tətilə çıxması, imkan daxilində ayda və ya ildə bir gəzintiyə getməsi ruhi-mənəvi gümrahlığın qorunması üçün çox əhəmiyyətlidir.

Həftənin duası

Ey Rəbbimiz! Varlığını bizə hiss etdir və bizi kamil bir mərifətlə elə doyur ki, Səni daha yaxşı dərk etməyə vəsilə olan bütün biliklərə incəliyinə və dərinliyinə qədər vaqif olaq. Ya Rəbb! Sən səxavəti hüdudsuz yeganə Cavadı-Kərim (çox səxavətli) və rəhməti sonsuz Rəbbi-Rahimsən! Nə olar, bu qapı qullarını da ehsanından məhrum etmə və bizi də nemətlərinlə şad et! Amin.

Sözün cövhəri

Quranın hər bir ayəsinə “nəcm” deyilir. Yəni hər bir ayə öz-özlüyündə bir ulduzdur. Bu ulduzlar arasında elə möhkəm bir bağ var ki, Quran bununla bölünüb parçalanmaz bir vəhdət təşkil edir. Onun bir cümləsini həqiqi mənada anlamaq üçün Quran bütöv şəkildə zehinlərdə olmalıdır. Quranı və Sünnəni birlikdə düşünə və zehninizdə saxlaya bilməsəniz, verdiyiniz hökmlərin əksəriyyətində yanılarsınız.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.