Qırın ümidsizlik zəncirlərini!..

Biz başqaları haqqında hüsnü-zənn etsək də, onlara kamil insan gözüylə baxsaq da, öz nəfsimizə "Ey qüsurlu, xətalarla dolu, zavallı nəfsim, heç cür yetkinləşmir, kamilliyə çata bilmirsən" deməyi bacarmalıyıq. Bu şərtlə ki, bu düşüncə bizi ümidsizliyə salmasın. Şairin məşhur "Yağmur" şeirində dediyi kimi, biz də:

"Yağmur, səni bəkləyən bir daş da mən olsaydım,
Çöldə səni özləyən bir quş da mən olsaydım,
Toxunduğun kiçik bir naxış da mən olsaydım,
Sənə zillənən bir baxış da mən olsaydım."

deyib Ona olan eşqimizi dilə gətirə bilərik. Ancaq "Buna da çox şükür. Səni tanımasaydım, Sənin nurundan məhrum qalsaydım, onda halım necə olardı?!" düşüncəsi də ağlımızdan çıxmamalıdır.

Qardaşı Zeyd bin Xəttabın Yəmamə döyüşündə şəhid olduğunu eşidən Həzrəti Ömər hüznlənmiş, "Səba yeli əsdikcə Zeydin qoxusunu alıram," deyib kədərini dilə gətirmişdi. Bir gün şair Mütəmmim bin Nüveyrə ona baş çəkir. Mütəmmimin qardaşı Malik Yəmamə döyüşündə iştirak etsə də, mürtədlərin cərgəsində can vermişdi. Həzrəti Ömərin kədərini görən Mütəmmim: "Ey Ömər, Yəmamədə sənin qardaşın şəhid olub cənnətə gedəndə mənim qardaşım mürtəd olub cəhənnəmə getdi. Əgər mənim qardaşım də sənin qardaşının getdiyi yerə getsəydi, mən zərrə qədər kədərlənməz və heç vaxt ağlamazdım", - deyir. Şübhəsiz ki, Həzrəti Ömərin kədəri bu həqiqəti bilməməkdən deyildi. Allah hökmünə razı idi, ancaq insan ürəyidir, sevdiyindən ayrılanda kədərlənir, göz yaşı tökür...

“Bəli, buna da həmd olsun; küçə-bayırda qorxu saçan, kefdə-damaqda yaşayan, ağlına gələni edən o bədbəxt insanlardan olsaydıq, halımız yamandı. Buna da həmd olsun” deməliyik. Mükəmməlik və kamillik idealına sadiq qalaraq məsələyə bu cür həmd-səna düşüncəsilə yanaşmalı və qətiyyən ümidsizliyə düşməməliyik. Kamillik axtarışı və məsələnin ciddiyyəti insanı ümidsizliyə deyil, əskinə daha çox çalışmağa sövq etməlidir...

Məsələ çox ciddidir...

Bildiyiniz kimi, ömrü ibadətlə keçən Əsvəd b. Yezid ən-Nəxai ölüm döşəyində çox qorxur və çox ağlayırdı. "Bu nədir, niyə ağlayırsa, yoxsa günahlarından qorxursan?" deyirlər. O Haqq dostu böyük insan: "İnnəl-əmra ciddün – Xeyr, xeyr, məsələ çox ciddidir! Mən günahlarımdan, ölümdən deyil, küfrlə getməkdən qorxuram", – deyirdi. Ölümündən sonra onu yuxuda görürlər: "Səni necə qarşıladılar, necə rəftar etdilər? – soruşurlar. O da: "Vallah, peyğəmbərlərlə aramda dörd barmaqlıq məsafə qalmışdı, məni elə qarşıladılar" – cavabını verir. Əsvəd b. Yezid, Əlqamə, İbrahim Nəxai və s. kimi insanlar ilahi rizaya zidd hərəkət etmək qorxusu ilə ömür sürsələr də, həyatını xof üfüqündə davam etdirsələr də, xeyirxah əməllərinə və ibadətinə bel bağlamasalar da, imansız ölmə əndişəsi ilə yaşasalar da, əsla ümidsizliyə düşməmiş, “ilahi mərhəmət dadıma çatar” deyə daima ilahi dərgaha ümidlə baxmışlar. Heç bir Allah dostu ümidsizliyə düşməmişdir, çünki Həzrəti Ustadın ifadəsi ilə desək, “Ümidsizlik hər kamilliyə manedir...”, ümidsizlik mərəzinə bulaşanların kamilliyə çatması mümkün deyil. İnsanın özünü qüsurlü, nöqsanlı görməsi onu ümidsizliyə deyil, əksinə nöqsanlarını aradan qaldırmaq üçün daha çox səy göstərməyə sövq etməlidir. M. Akifin məşhur şeiri bunu necə də gözəl təsvir edir:

"Ey dipdiri meyit," İki əl bir baş üçündür."
Tərpənsənə ... Əllər də sənin, baş da sənindir!
Hiss yox, hərəkət yox, acı yox ... Leşmi kəsildin?
Heyrətə salırsan məni .. Sən belə deyildin.
Qurtuluş əzmin niyə bilməm ki sürəksiz?
Özünmü sənin, yoxsa ümidinmi ürəksiz?
...
Yes (ümidsizlik) eylə bataqdır ki, düşsən boğularsan.
Ümidə sarıl bərk-bərk, seyr et, nə olursan!
Əzmiylə, ümidiylə yaşar həp yaşayanlar;
Məyus olan ruhunu, vicdanını bağlar.
...
Fəryadı burax, özünə gəl, çünki zaman dar ...
Çalış ki, təlafi edəcək (aradan qaldırılası) bunca zərər var.
Fəryad ilə qurtuluşu məmul (umulan) isə hayqır!
Yox, yox! Hələ əzmindəki zəncirləri bir qır!
“İş bitdi ... Səbatın (sabitqədəmlik, qərarlılıq) sonu yoxdur!” demə, yılma (usanma).
Ey milləti-mərhumə, saqın yesə qapılma."

Siz də bilirsiniz ki, elə anlar olur, qorxudan ürəyim ağzıma gəlir!.. Bəzi gecələr, "Birdən öləndə bir quyuya yuvarlansam, halım necə olar?" əndişəsi fikrimi, xəyalımı alınca saatlarla yerimdə qıvrılıram, gözümə yuxu girmir. Bu qədər nöqsanlarıma, kamil qulluq yolunda fövtə verdiyim fürsətlərə baxmayaraq, heç vaxt ümidsizliyə düşmürəm. Yuxuda bəzən insan qanad açıb uçur. Var gücü ilə qaçır, qəfil qabağınıza bir uçurum çıxır. Uçuruma düşmə ehtimalı yüksək olsa da, qanadlar həmin anda dadınıza çatır... Ümidsizliyə düşdüyüm günlər, anlar olub, dağ kimi yolumu kəsən hadisələrlə üzləşmişəm, amma Allahın mərhəməti yuxudakı qanadlartək həmişə dadıma çatıb. İlahi mərhəmət qoşa qanada çevrilib ən çarəsiz anlarımda belə məni tənha qoymayıb.

Xülasə, kamillik axtarışı qədər ümidsizliyə düşməmək də çox mühümdür. "Ola bilmirəm" deyib yenə də səy göstərmək fəzilət olsa da, "ola bilmədim" hissinə görə "olma" düşüncəsindən tamamən imtina etmək də bir xətadır.

Ədəb toplumu və davranışlarımız

Müasir cəmiyyətdə tez-tez qarşılaşdığımız bəzi davranışlar dində müsbət qarşılanmır. Hətta Peyğəmbərimiz (s.ə.s.) bunlardan bəzilərini, məsələn əlləri yana qoymaq və əlləri beldə bağlamaq kimi hərəkətləri təkəbbür əlaməti saymışdır. Ayağı ayaq üstə atamaq, bir ayağı o birisinin üstünə aşırmağı da təkəbbür saymışdır. Bizim adət-ənənəmizdə, tərbiyə alayışımızda ayağı ayaq üstünə atıb oturmaq yoxdur. Başqalarının yanında yatmaq, yayxanıb oturmaq, ayaqları uzatmaq, ayağı ayaq üstə atmaq mədəniyyətimizə zidd olduğu kimi, kiməsə üzünu turşutmaq, sərt baxmaq, yersiz əl-qol hərəkətləri etmək və ağız büzmək də ədəb anlayışımızla üst-üstə düşmür. Mömin heç vaxt insanları bu cür davranışlarla alçatmamalı və bu mənaya gələn hərəkərtlərdən uzaq olmalıdır. Bəziləri istirahət etmək üçün ayağını ayağının üstünə atır, amma Haqq dostları gecə yatanda belə bu cür hərəkətlərdən çəkinirlər. Bəzən unudaraq ayağını ayağının üstünə atsalar da, dərhal "Əstağfirullah, ya Rəbbi, Sən məni görürsən, Sənə qarşı ədəbsizlik deyilmi?" deyib özlərini yığışdırırlar. Əgər kimsə bunu vərdişə çevribsə, böyüklərdən biri onlara xəbərdarlıq etməlidir. Birbaşa deməkdən inciyəcəklərsə, ümumi danışıb başa salmaq lazımdır.

Bu məsələdə də bəzi istisna hallar ola bilər. Məsələn, bəzən bizim dövlət böyüklərimizin əcnəbi ölkələrin təmsilçiləri ilə görüşdə ayaqlarını ayaqlarının üstünə atıb rahat oturmasına şahid oluruq. Bu oturuş şəklindən xoşum gəlməsə də, tək olanda belə bu cür oturmasam da, nə vaxt belə bir səhnə ilə qarşılaşıram, çox xoşuma gəlir. Çünki mütəkəbbirə təkəbbür göstərilməlidir. Bizimkilər onların təkəbbürlü hərəkətləri, oturuşu-duruşu qarşısında yazıq-yazıq dayanmamalı, əksinə onlardan daha rahat olmalıdırlar. Üstəlik təvazökar bir insanın təkəbbürlü adama qarşı belə davranması iradidir və xarakterinə xələl yetirməz. Zənnimcə, qarşı tərəf sayğılı olsa, bizimkilər də əsl xarakterini ortaya qoyub kamali-ədəb göstərərlər.

Xülasə, biz hansı ədəbin övladlarıyıqsa, hansı ədəb mühitindən və mədəniyyətindən çıxmışıqsa, onu ortaya çıxarmalı və o ədəblə yaşamalıyıq.

Həftənin duası

Ya Rəbb! Ulu qüdrəti ilə hər şeyə qadir olan, bütün aləmə nemət bəxş edən Sənsən. Bizi də rübubiyyətinin nuru və üluhiyyətinin sirri ilə şərəfləndir. Rəhman və Rəhim isimlərinin hörmətinə bu möhtac qullarına da rəhmaniyyət və rəhimiyyətinlə güc ver. Sənin dostluğuna hər şeydən çox ehtiyacı olan bəndələrini üns (yaxınlıq) iqliminin mərhəmət və nurundan məhrum etmə, etmə ki, isim və sifətlərində şam kimi əriyib yox olaq.

Sözün cövhəri

Şübhəsiz ki, başqalarının bizlərə - istər fərdi olaraq, istərsə ümumi hamımıza, sui-zənn etməsi doğru deyil. Ancaq bizim də bəzi davranışlarımız və ya birmənalı qarşılanmayan hərəkətlərimiz sui-zənn səbəblərindən biridir. Bu məsələ məni həmişə narahat edir. Yəni görəsən, biz özümüzü tanıtmaq üçün əlimizdən gələni etmişikmi? Əgər etməmişiksə və hələ də bir iş görmürüksə, demək ki, başqalarının günah işləməsinə səbəb oluruq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.