Qonşuluq haqqı

Fəthullah Gülən: Qonşuluq haqqı

Quran və sünnədə ana-ata ilə yaxşı rəftar etmək, silei-rəhm etmək, yetimlərə arxa olmaq kimi məsələlərlə yanaşı, ciddi vurğulanan həssas mövzulardan biri də qonşuluq haqqına riayətdir.

Bununla bağlı, Cənabi-Allah “Nisa” sureyi-cəliləsində buyurur: Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sizə xidmət edənlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! (“Nisa” surəsi, 4/36)

Gördüyünüz kimi, Quran Allaha übudiyyəti və Ona şərik qoşmamağı əmr etdikdən sonra ana-ata ilə yaxşı rəftar etməyi əmr buyurur. Əslinə baxsaq, nəzəri planda sevgi, ehtiram və itaət birinci Allah haqqı, sonra da Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) haqqıdır. Çünki biz Rəbbimizi Onun sayəsində tanımış, Onunla xilqət aləmini doğru oxuyub düzgün şərh etmə imkanı əldə etmiş, əbədiyyət üçün yaradıldığımızı, əbədiyyətə namizəd olduğumuzu Onun bəyanları ilə öyrənmişik. Bəli, biz həqiqətə dair nə öyrənmişiksə, Ondan öyrənmişik. Hər şeyə görə Ona borcluyuq. Ancaq ayeyi-kərimədə nəzəri plan deyil, əməli plan əsas götürüldüyünə görə ikinci sırada ana-ata haqqına yer verilmişdir. Ayeyi-kərimənin başında Allaha imanın deyil, Ona übudiyyətin əmr edilməsi də buna işarədir.

Ayeyi-kərimədə sıra ilə qohum-əqrəbaya, yetimlərə, yoxsullara yaxşılıq əmr edildikdən sonra qohum olan və ya olmayan, yaxın və ya uzaq qonşulara yaxşılıq etmək əmr olunmuş, dolayısilə, qonşuluq haqları diqqətə çatdırılmışdır. Nəticə etibarilə, yaxında və uzaqda, sağda və solda, qarşıda və arxada olan hər kəs qonşu çərçivəsinə daxildir və yaxşılığa haqq qazanır.

Kamil imanın bir vəsiləsi

Başda Buxari və Müslim olmaqla bir çox mötəbər hədis kitablarında qonşuluq haqqına riayətin əhəmiyyətini vurğulayan belə bir hədisi-şərif yer alır: “Cəbrail mənə qonşu haqda elə israrla tövsiyələr verdi ki, elə bildim, qonşunu qonşuya varis edəcək”. (Buxari, “Ədəb” 28; Müslim, “Birr” 141).

Nəzərə alanda ki, insanın varisi onun anası, atası, övladları, həyat yoldaşı kimi yaxınlarıdır, o zaman Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) vəhyi-qeyri-mətluv sayılan bu sözündən qonşu haqqının necə əhəmiyyətli bir məsələ olduğunu görürük. Əslində, Cəbrailin (əleyhissalam) qonşuluq hüquqları ilə bağlı Peyğəmbərimizə nələr tövsiyə etdiyini tam şəkildə bilmirik. Çünki Allah Rəsulu (əleyhissalatu vəssalam) məsələnin təfərrüatına girməmişdir. Ancaq gör Cəbrail (əleyhissalam) nə tövsiyə edib ki, Rəsulullah (əleyhi-əkməlüt-təhaya) “Elə bildim, qonşunu qonşuya varis təyin edəcək” deyərək məsələnin əhəmiyyətini diqqətə çatdırımağı lazım bilmişdir.

Başqa bir hədisi-şərifdə isə qonşuluq haqqı imanla əlaqələndirilir: “Kim Allaha və axirət gününə inanırsa, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman edirsə, qonağını yaxşı ağırlasın. Kim Allaha və axirət gününə iman edirsə, ya xeyr söz danışsın, ya da ki sussun” (Müslim, “İman” 74; Buxari, “Ədəb” 31).

Qonşusu ac ikən tox yatan mömin!

Digər tərəfdən Allah Rəsulu (əleyhi əfzalüt-təhiyyat və əkməlüt-təslimat) xəbərdarlıq edir: “qonşusu ac ola-ola tox yatan həqiqi mömin deyildir” (əl-Hakim, əl-Müstədrək, 2/15), “Qonşun səndən zərər gəlməyəcəyinə arxayın deyilsə, Cənnətə girə bilməzsən” (Buxari, “Ədəb” 29; Müslim, “İman” 73). Quran və sünnə qonşuluq haqqına bu qədər əhəmiyyət verirsə, demək ki, o, olduqca mühüm məsələdir. Odur ki, müsəlman uzaq-yaxın bütün qonşularına qarşı xeyirxah olmalıdır. Bəli, Allaha inanan insan əlində olan bütün gözəllikləri qonşuları ilə bölüşməyi bacarır. Çünki müsəlmanın əxlaqı bunu tələb edir.

Qonşuluq haqqı deyəndə, ilk növbədə ağıla yedirmə, içirmə, geydirmə və s. maddi kömək gəlir. Bildiyiniz kimi, zəkat yalnız müsəlmanlara verilir. Sədəqələri, hədiyyələri qeyri-müsəlmanlara da vermək olar. Beləliklə, qeyri-müsəlman olsa belə, uzaq-yaxın bütün qonşulara maddi kömək etmək mümkündür. Çünki bunlar insanların əsas ehtiyaclarıdır. Üstəlik kim olur-olsun qonşunun ac qalmasına, yoxsulluq çəkməsinə əsla imkan verməməli, mütləq kömək etməliyik. Lazım gələndə qonşulara əl uzadıb yol göstərmək, iş tapmalarına kömək etmək də böyük xeyirxahlıqdır.

Lakin qonşuluq haqqını maddi köməklə məhdudlaşdırmaq olmaz. Qarşılaşanda salam verib hal-əhval tutmaq, onlara baş çəkərək və dəvət edərək tanış olmaq, qarşılıqlı hörmət və sevgiyə zəmin hazırlamaq, varsa, mənfi düşüncələri aradan qaldırmağa çalışmaq da çox əhəmiyyətlidir.

Xüsusilə, xarici ölkədə yaşayan bir möminin sağ, sol, alt və üst qonşuları ilə bir yol tapıb münasibət qurması, məsələn, bəzi əlamətdar günləri fürsət bilib onları hədiyyələrlə sevindirməsi, onlara baş çəkməsi çox önəmlidir. Bunun sayəsində qonşularının könlünü fəth edər, İslamiyyətə dair mənfi düşüncələri aradan qaldırar və öz dəyərlərini tanıdar. Mənə elə gəlir, məsələyə bu cür yanaşsaq, qonşuluq haqqının sırf maddi köməkdən ibarət olmadığını daha yaxşı anlayarıq.

İllər keçdikcə nəfs qüvvətlənir

Nəfs zaman keçdikcə güclənir. Çünki illər ötür və insanda bəzi arzular, maddiyata aid müəyyən istəklər üzə çıxır… tuli-əməl, cismani arzular, mal-mülk sevgisi baş qaldırır. Əgər bütün bunlar ülfətin “köməyi” ilə qüvvətlənərsə, insan məğlub ola bilər, ayağı büdrəyib yıxıla bilər.

Bu hislər üzə çıxdıqca, bir mənada daha mətanətli olmaq lazımdır. Dinə və millətə xidmət amalından daha möhkəm yapışmaq lazımdır. Cənabi-Allah insanı harada siyanət edəciyini vəd edirsə, bəndə o yeri axtarmalıdır. Qurani-Kərimdə Allah-taala buyurur: “Siz məni anın, Mən də sizi anım” (“Bəqərə” surəsi, 2/152), “Allaha yardım edər, dininə arxa çaxarsanız, O da sizə kömək edər” (“Məhəmməd” surəsi, 47/7) və bir mənada İlahi hifzin yolunu göstərir.

O halda insan “sığınağ”ını düzgün müəyyənləşdirməlidir. Yəni bu İlahi əhdi diqqətə almalı və “Demək ki, təbliğ yolunda olmalıyam. Bu yola layiq olmalıyam. Özümü tez-tez hesaba çəkməliyəm, ehtiyatlı hərəkət etməliyəm”, - deməlidir.

Bəzi hislər baş qaldıranda və düşmən hücumları sıxlaşanda insan güc toplamasa, şübhəsiz məğlub olar. Bu zaman insan özünü inkişaf etdirməlidir. İmanı sırf dəlillərə əsalanan fikri bir məfhum hesab etdiyi dövrdə “inandım” demək kifayətdir. Ancaq sonra biliyi qəlbə mənimsətmək, təbiətinə nəqş etmək, yəni yemək, içmək, yatmaq və istirahət etmək kimi insan təbiətinə xas bir xüsusiyyət halına gətirmək şərtdir. İnsan yemək yeməyəndə narahat olduğu kimi, ibadət etməyəndə də özünü pis hiss etməlidir. Əks halda ülfətin ruhunu çulğaladığı bir dövrdə tab gətirməyərək yıxıla bilər.

Bu baxımdan, tez-tez təkrar etdiyim kimi, dünənki imanımız Şahi-Geylaninin imanı səviyyəsində olsa da, bu günə onun yararı olmaya bilər. Bu gün bir daha başdan elm, idrak və anlayışımıza müvafiq olaraq Allah inamımızı yeniləməliyik. Daim araşdırmalı, anlamadığımız məsələləri “Bir hikməti var!” deyib təkidlə təhqiaqatmızı davam etdirməliyik.

Həftənin duası

Ey şəfqəti və mərhəməti bütün məxluqatı bürüyən Rəbbimiz! Sənə olan hüsnü-zənnimizi doğrult, bu biçarə bəndələrini qorxu, qəm, kədər və sıxıntılardan xilas elə! İnanclı insanlarla “oyun oynamaq” istəyənlərin ümidlərini puç et və bizə haqsızlıq edərək zülm edənlərə həddini bildir! Peyğəmbərimiz Həzrət Məhəmmədə, Onun ailəsinə və bütün əshabına salət və salam edərək bunları Səndən diləyirik, Rəbbimiz!..

Sözün cövhəri

Bu əsrədək mərufu əmr, münkəri nəhy məsələsi ümumiyyətlə fərzi-kifayə hesab edilirdi. Ancaq Ustad Həzrətləri boyunduruğun yerə atıldığı belə bir dövrdə bu məsələyə arxa çıxmağı ən böyük fərz hesab etmişdir. Çünki dövrümüzdə bu məsələ tərk edilmiş, bir kənara atılmışdır. Halbuki burada ümimun haqqı, bütün müsəlmanların haqqı və Allahın haqqı var, bu səbəbdən də böyük əhətmiyyət kəsb edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.