Qonşunun haqqına riayət edirsənmi?

Fəthullah Gülən: Qonşunun haqqına riayət edirsənmi?

Quran və sünnədə ana-ata ilə yaxşı rəftar etmək, silei-rəhm etmək, yetimlərə arxa olmaq kimi məsələlərlə yanaşı, ciddi vurğulanan həssas mövzulardan biri də qonşuluq haqqına riayətdir. Bununla bağlı, Cənabi-Allah “Nisa” sureyi-cəliləsində buyurur:

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sizə xidmət edənlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! (“Nisa” surəsi, 4/36)

Gördüyünüz kimi, Quran Allaha übudiyyəti və Ona şərik qoşmamağı əmr etdikdən sonra ana-ata ilə yaxşı rəftar etməyi əmr buyurur. Əslinə baxsaq, nəzəri planda sevgi, ehtiram və itaət birinci Allah haqqı, sonra da Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) haqqıdır. Çünki biz Rəbbimizi Onun sayəsində tanımış, Onunla xilqət aləmini doğru oxuyub düzgün şərh etmə imkanı əldə etmiş, əbədiyyət üçün yaradıldığımızı, əbədiyyətə namizəd olduğumuzu Onun bəyanları ilə öyrənmişik. Bəli, biz həqiqətə dair nə öyrənmişiksə, Ondan öyrənmişik. Hər şeyə görə Ona borcluyuq. Ancaq ayeyi-kərimədə nəzəri plan deyil, əməli plan əsas götürüldüyünə görə ikinci sırada ana-ata haqqına yer verilmişdir.

Kamil imanın bir vəsiləsi

Başda Buxari və Müslim olmaqla bir çox mötəbər hədis kitablarında qonşuluq haqqına riayətin əhəmiyyətini vurğulayan belə bir hədisi-şərif yer alır: Cəbrail mənə qonşu haqda elə israrla tövsiyələr verdi ki, elə bildim, qonşunu qonşuya varis edəcək. (Buxari, “Ədəb” 28; Müslim, “Birr” 141). Nəzərə alanda ki, insanın varisi onun anası, atası, övladları, həyat yoldaşı kimi yaxınlarıdır, o zaman Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) vəhyi-qeyri-mətluv sayılan bu sözündən qonşu haqqının necə əhəmiyyətli bir məsələ olduğunu görürük. Əslində, Cəbrailin (əleyhissalam) qonşuluq hüquqları ilə bağlı Peyğəmbərimizə nələr tövsiyə etdiyini tam şəkildə bilmirik. Çünki Allah Rəsulu (əleyhissalatu vəssalam) məsələnin təfərrüatına girməmişdir. Ancaq gör Cəbrail (əleyhissalam) nə tövsiyə edib ki, Rəsulullah (əleyhi-əkməlüt-təhaya) “Elə bildim, qonşunu qonşuya varis təyin edəcək” deyərək məsələnin əhəmiyyətini diqqətə çatdırımağı lazım bilmişdir.

Başqa bir hədisi-şərifdə isə qonşuluq haqqı imanla əlaqələndirilir: Kim Allaha və axirət gününə inanırsa, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman edirsə, qonağını yaxşı ağırlasın. Kim Allaha və axirət gününə iman edirsə, ya xeyr söz danışsın, ya da ki sussun” (Müslim, “İman” 74; Buxari, “Ədəb” 31) Gördüyünüz kimi, burada qonşulara yaxşılıq etmək kamil möminliyin bir şərti kimi göstərilmişdir.

Digər tərəfdən Allah Rəsulu (əleyhi əfzalüt-təhiyyat və əkməlüt-təslimat) xəbərdarlıq edir: “qonşusu ac ola-ola tox yatan həqiqi mömin deyildir” (əl-Hakim, əl-Müstədrək, 2/15), “Qonşun səndən zərər gəlməyəcəyinə arxayın deyilsə, Cənnətə girə bilməzsən” (Buxari, “Ədəb” 29; Müslim, “İman” 73).

Quran və sünnə qonşuluq haqqına bu qədər əhəmiyyət verirsə, demək ki, o, olduqca mühüm məsələdir. Odur ki, müsəlman uzaq-yaxın bütün qonşularına qarşı xeyirxah olmalıdır. Bəli, Allaha inanan insan əlində olan bütün gözəllikləri qonşuları ilə bölüşməyi bacarır. Çünki müsəlmanın əxlaqı bunu tələb edir.

  • Quran və sünnədə ana-ata ilə yaxşı rəftar etmək, silei-rəhm etmək, yetimlərə arxa olmaq kimi məsələlərlə yanaşı, ciddi vurğulanan həssas mövzulardan biri də qonşuluq haqqına riayətdir.
  • Allah Rəsulu (əleyhi əfzalüt-təhiyyat və əkməlüt-təslimat) xəbərdarlıq edir: “qonşusu ac ola-ola tox yatan həqiqi mömin deyildir”
  • Xüsusilə, xarici ölkədə yaşayan bir möminin sağ, sol, alt və üst qonşuları ilə bir yol tapıb münasibət qurması, məsələn, bəzi əlamətdar günləri fürsət bilib onları hədiyyələrlə sevindirməsi, onlara baş çəkməsi çox önəmlidir.

Qonşuluq haqqı deyəndə, ilk növbədə ağıla yedirmə, içirmə, geydirmə və s. maddi kömək gəlir. Bildiyiniz kimi, zəkat yalnız müsəlmanlara verilir. Sədəqələri, hədiyyələri qeyri-müsəlmanlara da vermək olar. Beləliklə, qeyri-müsəlman olsa belə, uzaq-yaxın bütün qonşulara maddi kömək etmək mümkündür. Çünki bunlar insanların əsas ehtiyaclarıdır. Üstəlik kim olur-olsun qonşunun ac qalmasına, yoxsulluq çəkməsinə əsla imkan verməməli, mütləq kömək etməliyik. Lazım gələndə qonşulara əl uzadıb yol göstərmək, iş tapmalarına kömək etmək də böyük xeyirxahlıqdır.

Lakin qonşuluq haqqını maddi köməklə məhdudlaşdırmaq olmaz. Qarşılaşanda salam verib hal-əhval tutmaq, onlara baş çəkərək və dəvət edərək tanış olmaq, qarşılıqlı hörmət və sevgiyə zəmin hazırlamaq, varsa, mənfi düşüncələri aradan qaldırmağa çalışmaq da çox əhəmiyyətlidir.

Xüsusilə, xarici ölkədə yaşayan bir möminin sağ, sol, alt və üst qonşuları ilə bir yol tapıb münasibət qurması, məsələn, bəzi əlamətdar günləri fürsət bilib onları hədiyyələrlə sevindirməsi, onlara baş çəkməsi çox önəmlidir. Bunun sayəsində qonşularının könlünü fəth edər, İslamiyyətə dair mənfi düşüncələri aradan qaldırar və öz dəyərlərini tanıdar. Mənə elə gəlir, məsələyə bu cür yanaşsaq, qonşuluq haqqının sırf maddi köməkdən ibarət olmadığını daha yaxşı anlayarıq.

Bir boşqab hədik

Təəssüf ki, bu gün qonşuluq münasibətləri ciddi zədələnmiş, dəyərlərimiz darmadağın olmuşdur. Müsəlman coğrafiyasında qutu kimi mənzillərdə, binalarda yalnız özünü düşünən, öz dünyasını yaşayan toplumlar var. Qonşular ancaq hay-küy qopanda bir-birinin qapısını döyür, onu da xəbərdarlıq etmək üçün. Buna görə də bütün imkanları səfərbər edərək xroniki hala gələn bu problemi aradan qaldırmaq üçün səy göstərməliyik. Ancaq unutmayaq ki, oturuşmuş bir anlayışı dəyişmək əyindəki paltarı çıxarıb atmaq kimi asan və qısa müddətdə olmur. Odur ki, bu məsələdə qətiyyətli olmalı və bezib-usanmadan çalışmalıyıq. Bəzən bir aşura günü bir boşqab hədiklə qapılarını döyərsiniz, bəzən mövlüd gününü təbrik edərsiniz, bəzən də onların əlamətdar bir günündə hal-əhval tutarsınız. Unutmayaq ki, insan kərim varlıqdır, yaxşılığın köləsidir. Etdiyiniz yaxşılıqlar gec-tez bir gün öz təsirini mütləq göstərəcəkdir.

Allah Rəsulu (əleyhi əlfü əlfi səlatin və salam) möminlərin münasibətini kərpicləri bir-birinə pərçimlənmiş möhkəm bir binaya bənzədir ki, (Buxari, “Səlat” 88; Müslim, “Birr” 65) belə bir toplumun təşəkkülündə də ayədə keçən ana-ata haqqına riayət, möhkəm qohumluq bağları, yoxsullara arxa durmaq və qonşuluq hüququna əməl etmək kimi əməllər mühüm rol oynayır.

Müasir həyatda qonşuluq münasibətləri ciddi zədələndiyinə görə, ola bilsin ki, başlanğıcda problemin aradan qaldırılması üçün göstərilən təşəbbüslər nəticəsiz qalsın. Ancaq adi könül alma da olsa, əzmkarlıqla, qətiyyətlə edilən yaxşılıqlar gün gələcək aradakı buzları əridərək qəlbləri bir-birinə isinişdirəcək. Bu yaxınlıq da get-gedə güclü münasibətlərə çevriləcək və cəmiyyətin fərdləri arasında qırılmaz bağlar əmələ gələcək.

Sözün cövhəri

Bu gün möminlərin beyəti, deyərdim ki, İslam naminə getdikləri yerdə incimədən, küsmədən axıra qədər qalmaq, çalışmaq, hər çətinliyə qatlanmaqdır. Bu qüdsi vəzifədə şeytan xırda şeyləri böyük göstərib onların içinə düşmənçilik sala bilər, amma onlar “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” ayəsinə uyğun olaraq bu cür vəsvəsələrə “iltifat” göstərməyib işlərinə davam edərlər.

Həftənin duası

Ya Rəbb! Budur, bir daha qapına gəldik. Qəlbimizi Sənə açırıq, rizana tən gələn arzu və rəcalarımızı qəbul et. Nə olar, saleh qullarının niyazını qəbul buyurduğun kimi bizim dualarımızı da qəbul buyur! Rəbbimiz! Dünyaya, üqbaya və bu iki diyar arasında bir keçid sayılan qəbir aləminə aid əndişlərimizi hüzura çevir. Dualarımıza cavab ver. Ümidlərimizin nəticısini xüsran etmə..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.