Rahatlıq zəhmətdə, zəhmət rahatlıqdadır

Fəthullah Gülən: Rahatlıq zəhmətdə, zəhmət rahatlıqdadır

Cənabi-Allah bütün mövcudatın mahiyyətinə hərəkət etmə və çalışma meyli yerləşdirmişdir. Məhz bu “sünnətullah” adlı sirdəndir ki, hər bir canlı daim hərəkət halında olub, hətta, bir mənada cansız əşya belə şövqlə, ləzzətlə öz vəzifəsini yerinə yetirir. Uca Yaradanın bu ilahi adətinə etinasızlıq göstərərək işsiz, təmbəl və gününü rahat yorğan-döşəkdə keçirən insanların əksəriyyəti çalışanlardan daha çox əziyyət və sıxıntı çəkirlər. Çünki onlar bir tərəfdən adəmə (yoxluq, heçlik) yaxın olduqlarından işsizlik və təmbəlliyin hasil etdiyi ruhi və mənəvi böhrana mübtəla olur, digər tərəfdən də çalışıb əldə edə bilmədiyi şeyləri başqa yollarla - ümumiyyətlə qeyri-qanuni üsullarla nail olmağa çalışırlar. Rahat ömür sürmək və həyatdan kam almaq istəyən kimsələr qanuni dairələrdə çalışıb halallıqla güzəran keçirmədikdə minlərlə qeyri-qanuni işlərə bulaşır və çox guman ki, halallıqla qazanan insanlardan qat-qat çox zəhmət və məşəqqət çəkirlər. Zərbi-məsəl olmuş həqiqəti ifadə edən bir söz var: “Rahatlıq zəhmətdə, zəhmət rahatlıqdadır”.

Asan yollarla pul qazanmaq və az vaxtda var-dövlət sahibi olmaq istəyən mücrimlər də az məşəqqət çəkmirlər. Məsələn, banklardan pulları, öz sözləri ilə desək “xortumlayanlar” və millətə aid sərvəti başqa məcralara axıdanlar ciddi şəkildə baş sındırır, böyük enerji sərf edirlər. Əgər bu kəslər yalan, kələk, hiylə üçün zoqquldayan beynini qanuni, halal yolda işlətsələr, yenə çox qazanacaq, hər kəsdən daha rahat ömür sürəcək, hörtmətli insanlar olcaq, üstəlik vicdanları da hüzura qovuşacaqdır. Günaha qoşulub özlərini təhlükəyə atdıqları qədər, qanuni yollarda tər töksəydilər, mənə elə gəlir, başqasına qismət olmayan imkanlara yiyələnərdilər. Oğruların və quldurların da işi rahat deyil. Onlar da müəyyən səy və cəhd göstərirlər, təəssüf ki əyri yolda... Əslində Həzrəti Ustada aid “Halal dairəsi keyfə kafidir, harama girməyə ehtiyac yoxdur” düsturu hər sahəyə şamildir. Yemək, içmək, istirahət etmək kimi təbii ehtiyaclar, digər bəşəri arzular və cismani istəklərin hamısını qanuni dairədə təmin etmək olar, harama girməyə nə hacət... Haram şeytan işidir. O, insanın iştahasını coşdurur, qanuni olmayan şeylərə insanda istək oyadır. Arzu-istəklərin əsirinə çevrilən insanlarsa gözləri görsə də, korlar kimi yaşayır, qulaqları var, amma həqiqəti eşitmir, zahirən ağıllı olsalar da, əşya və hadisələri qavramırlar. Bu səbəbdən də insanlığın şərəf və heysiyyyətinə yaraşmayan işlər görürlər.

Bütün rəzilliklərin yuvası

Rahata düşkünlük həm də bütün rəzalətin yuvasıdır; bütün utancverici şeylər, rüsvayçılıq və rəzilliklər onun kölgəsində boya atıb böyüyür. Xeyirxah fəaliyyətlərə qoşulmayanlar şeytanın toruna düşürlər. Şeytan hökmən bəzi şeylərlə onların başlarını qarışdırır, onları nəfsani və cismani işlərə yönəldir. Məsələn, “Bir az gəzib stres atım”, “Bir az əylənim”, “İnternetdə bir az vaxt keçirim”, “Gedim bir kinoya baxım”... kimi laübalı və etinasız şeylərlə məşğul olmağı fısıldayır. Bu fısıltılara uyub günah dəryasına yelkən açan insanlar həm ən qiymətli vaxtlarını hədər edir, həm də bəzən bir loğma, bir baxış, ya da bir toxunuşla olmazın günahlara, rəzilliyə, rüsvayçılığa yol verirlər.

Özünü təmbəlliyin, rahatlığa aludəçiliyin və laübalılğın qucağına atan insanlar dünyada heç bir şeyə nail olmamışlar. V əsrdən bu yana rahat həyat eşqi ilə qovrulan, eyş-işrətə qapılan bizim zavallı, bəxtsiz dünyamız maarif müəssisələrini, araşdırma eşqini, yeni şeylər kəşf etmə cəhdini əldən vermiş, dolayısilə də əzilməyə, məğlubiyyətə və əsarətə düçar olmuşdur. Keçmişdə çox cahil, əmrimizə müntəzir dayanan xalqlar elmi səviyyələri, araşdırma ciddiyyəti, maddi tərəqqiləri və texnoloji üstünlüyü sayəsində üstümüzə hökmramlıq etmiş və bizi dilənçi vəziyyətinə salmışlar. Zira sənədli filmlərdə heyran-heyran seyr etdiyimiz bütün kaşif və ixtiraçılar ildə ancaq bir-iki dəfə evinə baş çəkməyə imkan tapmışlar. Bəziləri iyirmi ilini kobraların həyatını araşdırmağa həsr etmiş, meşələrdə yatıb-qalxmış və elə məhrumiyyətlərə qatlaşmışlar ki, bu gün insanların əksəriyyəti buna heç dinin xatirinə də dözməz. Odur ki, təmbəllik və rahatlığa aludəçilik hər bir zillət və məhrumiyyətin birinci səbəbidir və buna ən bariz nümunə də hazırkı bizim vəziyyətimizdir. Onsuz özünü təmbəlliyin qucağına atan ölü ruhların uzun müddət laboratoriyalarda çalışması, həyatını bu işə həsr etməsi və hər şeyi ələk-vələk etməsi mümkünsüzdür. Bu təmbəllik və rahatlığa aludəçiliyin üstünə bir də ifrat xanəpərstlik (ailəyə həddindən artıq bağlılıq) gələndə, belə insanın artıq mücahidə meydanını tərk etməsi və ruhu iflic olması qaçılmazdır.

Şeytan düyününü açın!

Peyğəmbərimiz (salallahu aleyhi vəsəlləm) buyurur: “Bir insan (gecə) yuxuya gedəndə şeytan onun boynuna üç düyün vurur. Hər düyünü vuranda: “Rahat ol, yuxla! Qabaqda hələ uzun gecə var!” deyir. O adam gecə oyanıb dəstamaz alsa, bir düyün açılar. (Quran və zikirlə) Allahı yad etsə, ikinci düyün də açılar. Əlavə namaz da qılsa, yerdə qalan düyün də açılar. Beləcə insan gümrah və xoş əhval ruhiyyə ilə səhərə çıxar. Əks halda qanı qara, yorğun və halsız oyanar.

Bəli, bir tərəfdən nəfis, o biri tərəfdən şeytan, dayanmadan insanın qulağına pıçıldayır durur: “Rahat ol, bir az da yuxula, kefinə bax, bir az da istirahət et!” İnsan bu nəfsi və şeytani səsə uyub bir az da yuxulasa da, dincəlmə vaxtını uzatsa da, pıçıltının ardı-arası kəsilməz. Təmbəllik rahatlıq hissini oyadar və insan tamamilə özünü ətalətin qucağına atar. Ona görə də şeytanın ilk pıçıltısında iradəni ələ alıb dikəlmək, qalxıb yataqdan uzaqlaşmaq bir təpəni aşmağa təndir. Bu təpəni aşan adam yavaş-yavaş o biri işlərin də öhdəsindən gələr.

Bəzən elə olur, insan öhdəsinə götürdüyü bir işi yerinə yetirməkdə o qədər çətinlik çəkir ki, sanki altında qalıb əziləcək; bir qədər istəksiz yanaşır, ürəyi sıxılır, hətta boğulmaq həddinə çatır. Bir vəzin, bir konfransın, ya da ki bir yazının yazma vaxtı gəlib çatanda elə bir dünyanın bütün yükü ona yüklənir, məsuliyyət onu əzməyə başlayır. Ancaq insan bir ucundan tutub işə başlasa, işin planını qursa, ümdə məsələləri müəyyənləşdirsə, naxışın əsas hissəsi hörülmüş sayılır. Sonra işi günə və ya saatlara bölsə; on saatlıq bir işin bircə saatını da görsə, rahatladığını hiss edəcək, verilən bu az əmək ürəyinə su səpəcək.

O baxımdan rahatlıq meyli sizə hücum çəkəndə dərhal təslim olmamaq, ona qarşı mübarizə aparmaq və iradəni ələ almaq çətin olsa da, insana elə zövq verir ki, rahatlıqda, yaxud istirahətdə o zövqü dadmaq mümkünsüzdür.

Sözün cövhəri

Düşüncə və aksiyon insanı hərəkətdə olan, planlar quran, dünyaya yeni nizam gətirmə dərdi ilə oturub-duran, əsrlər boyu söküb dağıtdığımız ruh və məna heykəllərini təkrar yüksəltmək hərəkatını təmsil edən, tarixi dəyərlərimizi bir daha üzə çıxaran; hərəkətdən düşüncəyə, düşüncədən hərəkətə iradə və məntiq gücünü sərrast şəkildə işlədən və doğma ruh-məna eskizlərinə müvafiq yeni-yeni naxışlar hörən həmlə insanıdır.

Həftənin duası

Ey Aləmlərin Rəbbi, ey Rəhim və Rəhman olan Allahım! Dərgahından bir nur göndər və simalarımızı parıldat... Köksümüzün, sinəmizin qapılarını kamil imanın, nöqsansız ehsanın üzünə aç və bizi bəyəndiyin, razı olduğun əməllər etməyə müvəffəq eylə! Biz dostluğa layiq olmasaq, əhdimizə sadiq olub vəfa göstəməsək də Sən ümidlərimizi puç etmə!.. Ya Rəbbim! Sınıq-sökük də olsa, nə olar, bu duamızı cavabsız qoyma!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.