Sədaqətdən yüksək məqam yoxdur!

Fəthullah Gülən: Sədaqətdən yüksək məqam yoxdur!

Möminlər həmsöhbətinin qəlbini ruhunun ilhamı ilə süsləmək üçün gecəsini gündüzünə qatıb bəzən mənsub olduğu dairənin müəyyən gözəlliklərini də dilə gətirməyə məcbur qalır. Ancaq belə hallarda yaxın-uzaq dairələrdə fərqli dünyagörüşünə malik insanların hissiyatını mütləq nəzərə almaq lazımdır. Başqa adamlar görüb eşitdikləri gözəllikləri öz düşüncə və üslub cizgiləri ilə dilə gətirə və ya qələmə ala bilərlər. Ancaq “inanan bir könül” qəlbən sevib böyük hörmət bəslədiyi insanlar haqqında belə mübaliğəli ifadələr əsla işlətməməlidir. Üstəlik əgər bu, bilavasitə dinin mahiyyəti, ruhu ilə əlaqəli deyil, təfərrüata aid ikinci dərəcəli məsələdirsə və bunu səsləndirməkdə ixtilaf təhlükəsi varsa, belə mövzuları açmamaqda həddən artıq həssas olmalıyıq.

İnsanlar fani, məfkurə baqidir

Əslində, mühüm olan şəxsləri göylərə qaldırmaq deyil, onların şam kimi əriyib yüksəltməyə çalışdıqları məfkurəyə sadiq olmaqdır. Zira şəxslər fani, məfkurə isə baqidir. Belə ki, sədaqətdən daha yüksək bir payə yoxdur. Bir ayənin buyurduğu kimi, sədaqət şəhidlik və vəlilikdən də üstündür (bax. “Nisa” surəsi, 4\69). Peyğəmbərlərdən sonra ən böyük insan sayılan Həzrəti Əbu Bəkrin (radiyallahu anh) ünvanı “Siddiqi-əkbər”dir. Odur ki, əsl məharət sevdiyiniz, hörmət etdiyiniz insanlara “Mehdi”, “Məsih” kimi mübaliğəli adlar verməyiniz deyil, o insanların tutduğu yolu mümkün qədər addım-addım izləməyinizdir.

Üstəlik bir zatı ürəkdən sevdiyini iddia edən bir insan həmin şəxsi yada salanda içi sızlamır, bir neçə dəqiqə göz yaşı tökmürsə, gecə yüz rükət namazdan sonra əl açıb: “Allahım, məni onunla həşr et!” deyə dua etmir və ən əsası da onun getdiyi yolda varını-yoxunu fəda etmirsə, məncə, o, iddiasında çox da səmimi deyil. Əlbəttə, bu, özünütənqid üçün bir meyardır. Yoxsa biz kimisə səmimiyyətsizliklə ittiham edə bilmərik, etməməliyik.

Üstəlik bunu da yaddan çıxarmayaq ki, əgər siz kiminsə haqqında “dastan qoşsa”nız, fərqinə varmadan başqalarını rəqabətə təhrik edərsiniz, dolayısilə, o öydünüz şəxsin əleyhinə yüzlərlə “qarşı cəbhə”nin meydana gəlməsinə səbəb olarsınız. Sizin mübaliğəli söz, hərəkət və davranışlarınız nəinki din düşmənlərini, hətta əhli-imanı da az-çox təhrik edə bilər. Bəli, məsələni şəxs səviyyəsinə endirib onu daraltsanız, İslama xidmət edən insanları belə rəqabatə sürükləyər, hətta həsəd günahı ilə həlakına belə səbəb ola bilərsiniz. Təkrar qeyd edək ki, mühüm olan sevdiyiniz insanları filan ad, fəsman ünvanla yad etmək deyil, onların məfkurəsinə sadiq olmaqdır.

Zərərli mübaliğələr

Ərsəyə gələn gözəllikləri təkcə öndə görünən insanlara aid etmək və onlar haqda mübaliğəli ifadələr işlətmək açıq-aşkar haqsızlıq və zülmdür. Zira ortada bir uğur, bir nailiyyət varsa, bu, Cənabi-Allahın birlik və bərbərlik ruhuna görə bəxş etdiyi bir lütfdür. Dolayısilə görülən işləri sırf öndə görünən şəxslərə aid etmək həm Allaha hörmətsizlik (şirk), həm də bu işdə canını ortaya qoyan insanlara zülm və haqsızlıq etməkdir.

Gələk öndə görünmək məsələsinə: əvvəla unutmayaq ki, hamımız qardaşıq. Bəziləri cəbri-lütfi ilə qeyri-iradi şəkildə bu yola daha əvvəl girmiş ola bilər. Yəni Allah-taala (cəllə cəlaluhu) qədər planından ilk öncə onun dünyaya gəlməsini murad etmişdir. Müəyyən bir tarixdə dünyaya gəlmək insanın əlində olmadığına görə, bu yola birinci və ya sonra girmək mütləq kriteri sayılmır. Şübhəsiz, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) “Kiçiklərə şəfqət göstərməyən, böyüklərə hörmət etməyən bizdən deyildir!” (bax.: Tirmizi, “Birr”, 15) bəyanına sadiq qalaraq böyüklərimizə hörmət edirik. Ancaq bu, onların çiyninə ağır payələr yükləmək və onları mübaliğəli ifadələrlə başqalarına tanıtmağa çalışmaq demək deyildir. Məsələn, Xülusi əfəndi, Tahir Mutlu (yerləri bəhişt olsun) vəsiləsi ilə iman həqiqətlərini tapanlar onları “qütb” kimi görə bilərlər. Ancaq bu hislərə qapılıb həmin şəxsləri orda-burda həddən artıq öysələr, onlar haqqında “dastanlar” qoşsalar, nəticə etibarilə, o böyük zatların məfkurəsinə xəyanət etmiş olarlar.

Dünyanın müxtəlif coğrafiyalarına köç edən hicrət qəhrəmanlarının arasında, ola bilsin, çox böyük işlərə imza atmış yoldaşlarımız vardır. Amma kiminsə saf düşücələrlə də olsa, filan şəxsə, fəsman adama cürbəcür ad, ünvan verməsi, onu yerə-göyə sığdırmaması “Könüllülər Hərəkatı”na xəyanət sayılır. Çünki bu, hərəkatın əleyhinə yeni əks cəbhələrin meydana gəlməsinə zəmin hazırlamaq deməkdir. Sizin meyarlarınızdan bixəbər insanlar haqqınızda ağılasığmaz iddialar ortaya ata bilərlər. İnsanların ağzına qıfıl vura bilməzsiniz! Ancaq dilinizə mübaliğəli sözlər gətirməmək, “qəhrəmanlıq” dastanları qoşmamaq iradənizin əlindədir. Mənə görə, bu məsələ Könüllülər Hərəkatının gələcəyi üçün çox mühümdür. Bu məsələni ümumi olaraq tez-tez xatırladılmasının zəruriliyinə inanıram. Buna bir “hizmət vəzifəsi” kimi də baxa bilərsiniz.

Qəlbdəki ləkələr istiğfarla silinər

Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) hədislərində buyurduğu kimi, hər bir uşaq İslam fitrəti (təbiət, yaradılış) ilə dünyaya gəlir. (Bax.: Buxari, “Cənaiz” 80, 93) İnsanın çiyninə qoyulan mükəlləfiyyətlərin əsas məqsədi də bu anadangəlmə fitrəti qorumaqdır. Yəni insan Cənabi-Allahın bəxş etdiyi ilk fitrəti vəfat edənədək qorumaqla mükəlləfdir. Munciyat (qurtuluşa aparan əməllər) kateqoriyasına daxil bütün ilahi əmrlər əsil fitrəti qorumağa, muhliqət (həlaka, fəlakətə sürükləyən əməllər) adlanan bütün haramlar isə ilk fitrəti pozmağa xidmət edir. O halda insan bir tərəfdən həlakət gətirən günahlardan qorunmaq üçün dərin sipərlər qazmalı, digər tərəfdən də mütəmadi saleh əməllərin izinə düşməli, ilk fitrətini pozmadan, kirlətmədən və deformasiyaya uğratmadan qorumağın yollarını axtarmalıdır.

Hər bir günah insan təbiətinin deformasiyaya uğraması deməkdir. Bu cür deformasiyaya uğramış bir insanın təkrar öz formasına, yəni ilk fitrətinə qayıtması isə ancaq istiğfarla mümkündür. Başqa sözlə desək, günah insanın təbiətində bəzi mənfi dəyişikliklər meydana gətirir. Belə ki, günahla kirlənən bir qəlb bir müddət sonra öz funkisiyasını yerinə yetirməkdə çətinlik çəkməyə başlayır. Üstəlik hər bir günah insanı Allahdan uzaqlaşdırıb küfrə yaxınlşadırır. İnsanı tədricən küfrə yaxınlaşdıran günahlardan qurtulmaq və qəlbdə meydana gələn ləkələri silib təmizləmək ancaq istiğfarla mümkündür. (Bax.: Tirmizi, “Təfsiru-surə” (83) 1)

Əslinə qalsa, insan lap başlanğıcdan ən kiçik günaha sarı addım atmamaqda belə, qətiyyətli olmalıdır. Bundan ötrü günahdan uzaq təmiz və nəzih mühit formalaşdırmağa çalışmalı, günaha aparan yollardan ilandan-çayandan qaçdığı kimi uzaq durmalıdır. Bu isə ancaq günah içindəki cəhhənnəm odunu vicdanən dərindən hiss edən möminə müəssər olacaqdır. Günahdan iyrənməyən, ondan diksinməyən qəlbi ölü saymaq olar.

Həftənin duası

Allahım, barəmdəki hüsnü-zənninə görə mənə rəftar et, bağışla məni. Ey yeganə mərhəmət sahibi Rəhman və Rəhim, ey tövbə edən günahkarları bağışlayan Qaffar və Səttar Allahım! Bəndənə mərhəmət et. Dünya və üqbada yeganə dost Sənsən, yeganə ümid qapısı Sənsən. Rəbbim! Qəlbimə inşirah ver, tutduğum yolu peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və salehlərin yolu elə. Dualarımı qəbul et, Rəbbim!

Sözün cövhəri

Həqiqi mömin nə mədh-sənadan, nə də mədh edənlərdən xoşlanar. O, nöqsanlarını söyləyənlərdən razı qalar və belə insanlara nəinki qəzəblənər, onları köməyə gələn bir dost surətində görər. O bilir ki, mədh-səna insanın mənəviyyatı üçün zərərli bir fitnədir. Qeybət, iftira və böhtana yol vermədən “müsbət tənqid” üslubu ilə nöqsanlarını söyləyənlərdən isə məmnun olar, çünki o, bunun sayəsində öz nöqsanlarını görüb düzəltmə imkanı əldə edir.