Sünnə bizə dinin əməl yönünü öyrədir

Sünnə kəlməsinin lüğəvi mənası "gedişat, -yaxşı və ya pis- gedilən yol" deməkdir. Bu mənanı ifadə edən bir hədisi-şərifdə: "Kim İslamda gözəl bir yol, bir cığır açarsa, o yolun əcri (mükafatı) və o yolda gedənlərin əcri yol açana veriləcəkdir. Kim də İslamda pis bir yol, bir cığır açarsa, o  yolun günahı və o yolda olanların günahı o yol açana yazılacaqdır" (Müslim, zekat 69; Tirmizi, ilim 15) buyurulur.

Mühəddislər, üsul alimləri və fəqihlər (islam hüquq alimləri) sünnənin istilahi[1] mənasını aşağıdakı ifadələrlə təsvir etməyə çalışmışlar:

Mühəddislərə[2] görə: "Hökm və əməllərə əsas təşkil edib-etməməsindən asılı olmayaraq, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) etdiyi və çəkindiyi hər şey (Hənəfilərə görə, fərz, vacib, sünnə, müstəhəb və ədəb) sünnədir". Yəni Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) şəmailidir, həyat tərzidir, sirətidir, dünyagörüşüdür.

Üsul[3] alimlərinin sünnə anlayışı bir az fərqlidir. Onlara görə, "Rəsulullaha aid (sallallahu əleyhi və səlləm) söz, feil, təqrir – hər şey sünnədir". Yəni Rəsulullahın (sallallahu əleyhi və səlləm) sözləri, davranışları və təqriri – görüb qadağan etmədiyi və ya sükutla təsdiq etdiyi hər şeydir.

Füqəha isə sünnəyə bidətə əks, şəriətə isə, yəni fərzə, vacibə, halal-harama əsas təşkil etməsi aspektindən baxırlar. Bu mənada sünnə hədisin müradifi[4] sayılır.

Hədis “təhdis” kökündən olub xəbər vermək mənasına gələn isimdir. Daha sonralar Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) istinad edilən hər söz, feil və təqrirə hədis deyilmişdir. İbn Həcər: "Şəriətdə hədis Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) isnad edilən hər şeydir," – deyir.

Bəzi böyük alimlər “hədis” sözündən qədim, köklü və ilahi mahiyyəti sezmişlər ki, bu da Qurani-Kərimlə sünnənin ilk ayrılma nöqtələrinə işarə etməsi baxımından olduqca əhəmiyyətli fərqləndirmədir. “Süneni-İbn Macə”də olan bir hədis də bunu təsdiq edir. İbn Məsud Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir:

"Onlar ikidir: Biri kəlam, digəri də hidayət yoludur. Kəlamın gözəli Allah (cəllə cəlaluhu) kəlamı, hidayətin gözəli də Məhəmmədin (sallallahu əleyhi və səlləm) hidayətidir" (İbn Mace, Mukaddime, 7).

Bəli, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) öz sözlərinə “hədis” demişdir. Bununla O, özünə aid olan sözlərlə, özünə aid olmayan sözləri bir-birindən ayırdığı kimi, hədis termini olaraq da bu sözün harada istifadə ediləcəyini bildirmişdir.

Bu təriflərdən anladığımız xüsusları üç hissəyə bölə bilərik:

a. Qövlü sünnə

Sünnə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) mübarək sözləridir, yəni sünnənin bir hissəsini Onun nurlu sözləri təşkil edir. Bu sözlər Quranda keçməyən, lakin bütün fiqh alimlərinin fiqh kitablarına daxil etdiyi, bir çox hökmə əsas qəbul etdiyi Ona məxsus nurani bəyanlardır. Bir neçəsini misal  göstərə bilərik:

  • Üsulu-fiqhdə, fiqhin prinsiplərində keçən mübarək bir bəyanda Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Zərər vermək və zərərə zərərlə cavab vermək olmaz" (İbn Mace, ahkam 17; Ahməd b. Hanbel, el-Müsned, 5/326) buyurur. Yəni kiməsə zərər vermək caiz olmadığı kimi, zərər verənə də zərərlə cavab vermək caiz deyildir.
  • Bir başqa mübarək kəlamında Allah Rəsulu buyurur: "Yağışların və axar suların suvardığı əraziyə öşür (onda bir), heyvanlar ilə suvarılan əraziyə isə öşrün yarısı (iyirmidə bir) qədər zəkat düşür" (Buhari, zekat 55; Tirmizi, zekat 14).
  • "Dəniz suyu ilə dəstəmaz ala bilərəmmi?" deyə soruşan Allah Rəsulu bir səhabəyə dünya qədər fətvalara əsas təşkil edən bu mübarək sözü ilə cavab verir: "Onun suyu təmiz, ölüsü də halaldır" (Tirmizi, taharet 52; Ebu Davud, taharet 41).

b. Feili sünnə

Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) davranış, hal və hərəkətləri ilə ortaya qoyduğu sünnədir ki, Quranda açıq şəkildə bildirilməmişdir. Məsələn, Qurani-Kərimdə namaz əmr edildiyi, hətta bəzi namaz vaxtları ümumi olaraq qeyd edildiyi halda, namazın hansı vaxtlarda və neçə dəfə, necə qılınması, namazın fərzləri, vacibləri və namazı pozan hallar dəqiq şəkildə verilməmişdir.

Bütün bu məsələlərdə sünnəyə işarə edən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Mən necə namaz qılıramsa, siz də elə qılın." (Buhari, azan 18; Ahmed b. Hanbel, el-Müsned, 5/53) buyuraraq sünnənin şəriət mahiyyəti daşımasını vurğulamışdır.

c. Təqriri sünnə

Rəsulullah (sallallahu əleyhi və səlləm) səhabələrdə gördüyü xoşuna gəlməyən bəzi davranışları ədəbinə uyğun şəkildə düzəldərdi. Məsələn, minbərə çıxar, ad çəkmədən, aradakı pərdəni götürmədən: "Camaata nə olur ki, filankəs belə edir?!" deyə xəbərdarlıq və tənbeh edərdi (Bax: Buhari, salat 70; Müslim, nikah 5). Aişə anamızın ifadəsi ilə: "Şəxsinə qarşı edilən haqsızlığa son dərəcə səbirli olsa da, haqqın tapdalandığı yerdə kükrəmiş aslana dönər, haqq yerini tapana, ədalətin bərpasına qədər onu saxlamaq mümkün olmazdı" (Buhari, hudud 10; Müslim, fedail 77-79). Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bəzən də gördüyü bir hərəkətə heç nə deməz, sükutla təsdiq edərdi ki, bu da sünnənin təqrir hissəni təşkil edir.

Məsələn, bir dəfə iki səhabə səhrada su tapa bilmədi və təyəmmümlə namaz qıldı. Biri həmin namaz vaxtı çıxmamış su tapdı və dəstəmaz alıb təkrar namaz qıldı, o biri isə qılmadı. Sonra ikisi də gəlib bunu Rəsulullaha (sallallahu əleyhi və səlləm) bildirdilər. Allah Rəsulu "Su tapsam da, namazı təkrar qılmadım" deyənə: "Tam sünnəyə görə hərəkət etdin",  "Suyu tapan kimi dəstəmaz alıb namazı yenidən qıldım" deyənə də: "Sənə də iki mükafat var," – buyurdu (Ebu Davud, taharet 126; Darimi, taharet 65). Bu nümunə təqriri sünnəyə daxildir.

Xülasə

  • Hökm və əməllərə əsas təşkil edib-etməməsindən asılı olmayaraq, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) etdiyi və çəkindiyi hər şey (Hənəfilərə görə, fərz, vacib, sünnə, müstəhəb və ədəb) sünnədir.
  • Qurani-Kərimdə namaz əmr edildiyi, hətta bəzi namaz vaxtları ümumi olaraq qeyd edildiyi halda, namazın hansı vaxtlarda və neçə dəfə, necə qılınması, namazın fərzləri, vacibləri və namazı pozan hallar dəqiq şəkildə verilməmişdir.
  • Bütün bu məsələlərdə sünnəyə işarə edən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Mən necə namaz qılıramsa, siz də elə qılın."

Quranın sünnəyə təşviqi

Səhabə sünnənin əhəmiyyətini çox yaxşı dərk eləmişdi. Çünki Qurani-Kərim Allah Rəsuluna nazil olurdu. O da onu təbliğ, izah və təmsil edirdi ki, onu başa düşmək üçün bütün amillər mövcuddu. Və Quran: "(Fərz, vacib, sünnə, müstəhəb, ədəb adına) Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin," (“Həşr” surəsi, 59/7) buyururdu. Ayənin ardınca da: "Allahdan qorxun!" deyərək bunun təqva olduğunu və buna çox həssas yanaşmağın zəruriliyini xatırladırdı.

Səhabə bunu çox yaxşı başa düşür və Rəsulullahın hər söz, hər hərəkət və hər təqririnə əməl edərək təqva əldə edəcəklərini, yəni Allahın himayəsinə girəcəklərini düşünür və Onun əmri istiqamətində ömür sürürdülər.

Həmçinin, "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (“Əhzab” surəsi, 33/21) nurlu ayəsi bu insanların enişli-yoxuşlu yollarda, bu min bir fəlakətdə, bu maneə və əngəllərlə dolu həyatda ancaq Rəsulullahın sünnəsinə sarılmaqla fırtınalı dənizdən sahilə sağ-salamat çıxa biləcəyini elan edirdi ki, Onu tanıyan və yolunda canını sevə-sevə fəda edən səhabə ancaq Onun “gəmi”sinə minməklə nicat tapacağını və axirətdə Onun işarələrinə görə hökm veriləcəyini, Ona: "Bunlar üçün sən nə deyirsən, ya Məhəmməd?" deyə sual veriləndə Onun başını yerə qoyub: "Ümmətim! Ümmətim!" deyəcəyini və Allah-təalanın Ona xitabən: "Ya Məhəmməd, qaldır başını, istə veriləcək, şəfaət et, qəbul olunacaq!" (Buhari, tefsir (2) 1; Müslim, iman 322) buyuracağını çox yaxşı bilirdilər və sanki, əllərindəki Cənnətə giriş sənədinə təsdiq möhürü vurdurmaq üçün Onun qapısına yönəlir.. bərzəxdə, məhşərdə, siratda Onun tanımadığı kəslərin yollarda qalacağından çox qorxurdular.

Beləliklə, Onun atdığı hər addıma, hər hərəkətə, söylədiyi hər sözə üz ifadələrinə, təbəssümlərinə və əl işarələrinə qədər diqqət edir, dərk etməyə çalışır, yaşayır və təbliğ edirdilər. Məhz bu müjdəni də səhabələr bilavasitə Onun mübarək dilindən eşitmişdilər: "Allah bizdən bir söz eşidib onu qoruyanın və sonra da başqa birinə təbliğ edənin üzünü (bəzi üzlərin ağarıb, bəzilərinin qaralacağı gündə) ağ etsin və güldürsün!" (Tirmizi, ilim 7; Ebu Davud, ilim 10).

Sözün cövhəri

Bu günün zavallı insan bir çox dəyər ölçüsünü itirdiyi kimi, peyğəmbərlərə və xüsusilə də, Peyğəmbərlər Sultanına qarşı baxışını, rəftarını, düşüncəsini tamamən alt-üst etmişdir.
Halbuki Onu – Rəsulullahı adi bir insan kimi bəşəri meyarlarla dəyərləndirmək qətiyyən doğru deyil. Hətta mümkün də deyil. Çünki O, yer üzünü yenidən şəkilləndirmək və insanlığa yeni üfüqlər açmaq üçün müstəsna bir ruh və müstəsna qabiliyyətlərlə göndərilmiş bir insandır.. və Onu dəyərləndirmək bizim meyarlarımıza sığmaz.

Həftənin duası

Ya Rəhimu, ya Rəhman, ya Hannanu, ya Mənnan! Bizi heç vaxt istiqamətdən ayırma, sülh və əmin-amanlıq yurdu olan Cənnətinlə şərəfləndir!..
Bizim Əzizimiz, bütün siddiq və haqq dostların da Əzizi Həzrəti Əhmədu-Mahmudu- Məhəmməd Mustafaya, Peyğəmbər xanəsinin seçkinlərinə və səhabələrə kainatın zərrələri qədər salətu-salam et. Dualarımızı qəbul buyur, Rəbbimiz!..


[1] Terminoloji
[2] Hədis alimləri
[3] Bir elmə başlamadan əvvəl öyrənilən əsaslar.
[4] Sinonim

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.