Təbliğ və Allahın hifzi

Fəthullah Gülən: Təbliğ və Allahın hifzi

Həzrəti Adəmdən bu günədək bəşəriyyətin üzləşdiyi bütün fərdi, ailəvi, ictimai problemlərin kökündə insan faktoru dayanır. Bu gün cərəyan edən anarxiya, zülm, fitnə-fəsad və böhranların kökündə də insan amili var. Bütün problemlər hərlənib fırlanıb insanda düyünlənir. Bu problemlərin bir həlli var, o da insana vəhy və vicdan əsaslı bir tərbiyə sistemi ilə baxmaqdır. Əks halda heç bir şərarət, zəlalət, səfahət və səfalətin qarşısını almaq mümkün deyil.

Bəli, bu gün bəşəriyyətin ən böyük problemi insana laqeyd yanaşılmasıdır. Görəsən, neçə nəfər bu problemi dərindən hiss edir və onun iztirabını çəkir? Təəssüf ki, əksəriyyətimiz eyni mühitdə olduğumuza görə, yer üzünü qovuran bu səfahət və səfalətin, bu sapqınlıq və tənəzzülün miqyasını və böyüklüyünü dərk etmirik.

Həzrəti Mövlana da “Məsnəvi”sində dabbaq dükanının pis qoxusuna öyrəşən sonra ətriyyatçıya gedən bir insanın orada bayılmasından danışır. Həzrət bu hekayə ilə bizə pozulmuş xarakterin halını göstərməyə çalışır. Biz doğulub boya-başa çatdığımız mühitə elə öyrəşmiş, elə alışmışıq ki, insanı insanlığından utandıran mənzərələr qarşısında belə zərrəcə xəcalət və əzab çəkmirik. Bütün mənfilikləri və səhvləri normal görürük.

İztirabla açılan qapılar

İztirab mühüm bir ilham mənbəyidir. Çətin vəziyyətdən xilas olmaq üçün müxtəlif yol və üsullar öyrədir insana. Məsələn, quyuya düşən bir adam quyunun dibində olduğunu anlayır və bunun iztirabını çəkirsə, quyudan çıxmaq üçün min cür yol axtarar və Allahın izni-inayəti ilə bir yol tapıb oradan çıxar. Yanında kürək, bel olmasa belə, əlləri ilə çıxmağa çalışar. Özünü oda-közə vurar, ayağını qoymaq üçün dırnaqları ilə iki oyuq açar. Daha sonra ayaqlarını o oyuqlara qoyub növbəti iki oyuq açar, beləcə müəyyən müddət sonra oradan çıxar. Lakin quyunun dibində yaşadığını dərk etməyən və həyatından məmnun olan bir insan heç vaxt özünü bu cür əziyyətə salmaz.

İnsan ruhən tənəzzül etdiyini və yoldan azdığını bilib bunun iztirabını çəkir və Allah-taalaya üz tutursa, Həzrəti Ustadın “Ləmalar” adlı əsərində qeyd etdiyi kimi, bütün səbəblərin süqut etdiyi belə bir anda tövhid nurunun içindən əhadiyyət sirrinin zühurunu görə bilər. Bildiyiniz kimi, Yunus ibn Məttanı (əleyhissalam) balıq udmuşdu. Balıq, dənizin əzəmətli dalğaları və gecənin zil qaranlığı əlbir olub onun əlini-qolunu bağlamışdı. Ancaq o böyük peyğəmbər başının üstünü alan bu zülmət içində: “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, özümə zülm etmişəm (əfvini gözləyirəm)” (“Ənbiya” surəsi, 21/87) deyə dua edərək Cənabi-Allahın mərhəmətini səsləmiş, zülmət qaranlıqlardan xilas olmuşdu. İbrahim Haqqı həzrətlərinin bu misraları da yerinə düşür:

Naçar qaldığın yerdə,
Nagah açar ol pərdə,
Dərman olar hər dərdə,
Mövla görəlim neylər,
Neylərsə, gözəl eylər.

Vəziyyətimiz daha dəhşətlidir!

İndi bir baxın bugünkü dərbədər halımıza! Allah xatirinə, bu gün bizim vəziyyətimiz balığın qarnına düşən Yunus ibn Məttadan (ala nəbiyyina və əleyhissalatu vəssalam) daha dəhşətli deyilmi? Həzrəti Pir bu mövzudan bəhs etdiyi yerdə "Nəfsimiz, bizim hutumuzdur (böyük balıq)" deyir. Yəni nəfsimiz bizi udub. Budur bizim vəziyyətimiz. “Varsa da, yoxsa da bu dünya” deyib nəfsin arzularına əsir olmuşuq, ən dəhşətlisi də odur ki, bundan bixəbərik. Dolayısilə dünyanın müxtəlif bölgələrində insanların məruz qaldığı zülm və haqsızlığı görsək də, hissiyyatı korşalmış, qəlbi daşlaşmışlar kimi hərəkət edirik. O halda ilk öncə özümüzə sual verməliyik: "biz nə idik, nə olmuşuq?". Arxasınca da hazırkı dövrlə Əsri-səadəti müqayisə etməliyik. Hətta Əyyubilər, Zəngilər, Səlcuqlular və Osmanlıların dövrünə baş çəkib Səlahəddin Eyyubi, Nurəddin Zəngi, Alparslan, Məlik şah, Qılınc Aslan, Fatih Sultan Mehmet kimi möhkəm iradəli və güclü dövlət xadimlərinin amansız və insafsız düşmənlərin hücumlarını necə dəf etdiyini, baş yoraraq necə çözümlər axtardığını düşünməli və bir mənada “gül dövrü” sayılan çağları çağdaş dünya ilə müqayisə edərək bu dərbədər, pərişan vəziyyətin dəhşətini anlamağa çalışmalıyıq. Zənnimcə, bu cür bir “fikir cəhdi”miz olsa, bu cəhd bizi dərdimizə çarə tapmaq üçün Cənabi-Allahın qapısına aparar və O da bizə bu məşum vəziyyətdən alternativ qurtuluş yolları göstərər. Ancaq bu acınacaqlı vəziyyəti normal görürüksə, nə alternativ yollar, nə də yeni qurtuluş üsulları tapa bilərik.

Təbliğ çox ağır bir məsuliyyətdir

Təbliğ çox ciddi və ağır bir məsuliyyətdir. Peyğəmbərlik məqamına yüksəldilən və bu məqama uyğun bir keyfiyyətdə yaradılan bir insanın yaradılış qayəsidir.

Bu baxımdan bir peyğəmbər “Başqa iş görüm, arada risalət vəzifəsini də yerinə yetirərəm” deməz, deyə bilməz. Allah-taala bir insana iffət, fətanət, sidq və sədaqət, əmniyət (etibarlılıq), gözəl nümunə olma, istiqamət (doğru yolda getmə), rəbbanilik, həsbilik, ixlas, fövqəladə təbliğ qabiliyyəti kimi istedadlar verib sonra da onu peğəmbərliklə şərəfləndirmişsə, demək o şəxs xüsusi bir məqsəd üçün, peyğəmbərlik üçün yaradılıb. Hər peyğəmbər özündəki bu keyfiyyətə bələd olmuşdur. Başlanğıcda az-çox şübhə, əndişə, qorxu və təlaş duysalar da, daha sonra, təbiri-caizsə, bu işdən qurtulmaq, boyun qaçırmaq mümkün olmadığını anlamışlar. Risalət onların məcburi yoludur.

Quranda:“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan”, - buyurulur. Yəni “Sənin məqamın risalət məqamıdır. Peyğəmbərliklə əlaqədar məsələləri tam şəkildə yerinə yetirməsən, o məqama layiq olmazsan”, - deyilir. Ayəni bu cür anlamalıyıq, çünki Quranda haşa, həşv (yersiz və artıq söz)yoxdur. Məal qısaldılaraq verilsə də, bu “Əgər təbliğ vəzifəsini yerinə yetirməsən, təbliğ etməmiş olarsan” deyil, “Təbliğlə əlaqədarməsələlərə hərfiyyən əməl etməzsən, peyğəmbərlik məqamınalayiq olmazsan”, mənasına gəlir. Yəni “Sən bəzi şeylərdən ötrü nigarançılıq çəkməməli, hər işi ətraflı düşünərək görməlisən. Elə isə “Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona yönəl” (“Muzəmmil” surəsi, 73/8). Bu “Hər şeyi tərk et və yalnız Allahı seç!” deməkdir.

Həftənin duası

Ey Allahımız! Sən bizim müinimiz ol, bizi bizə düşmənçilik edənlərdən qoru... Həddini aşıb hüquqlarımızı tapdalayan təcavüzkarların şərrini üstümüzdən dəf et... Əleyhimizə fitnə atəşini körükləyənlərin ocağını söndür... əhli-iman haqqında şər düşünənlərin şərindən bizi qoru... Bizi o əlçatmaz himayənə götür... Azğın kafirlərin amansılığını, facirlərin hiylə-məkrlərini üstümüzdən dəf et...

Sözün cövhəri

Ey adəm övladı,bir kənddən digərinə, bir ölkədən başqa birinə, bir planetdən digər bir planetə, hətta bir sistemdən başqa bir sistemə deyil, maddədən, fiziki aləmdən, elektron və neytronlar aləmindən heç bilmədiyin bir diyara köçürsən. Yolun nə qədər çəkəcəyini belə bilmədiyin səfərlə qarşı qarşıyasan. Bu səfərdə ehtiyac duyacağın əşyanı da öz ağlına görə təyin edə bilməzsən! Dünya səfərinə nə lazım olduğunu düşünüb tədarük edə bilərsən, lakin dünyadan səfər mövzusunda isə axirət azuqəsinin nə olduğunu ancaq səni o yola sövq edən və sənə səyahət gücü verən Qüdrəti-Sonsuzun bəyanlarından öyrənə bilərsən.