Tənqid xəstəliyi

Fəthullah Gülən: Tənqid xəstəliyi

İnsanın bir işdə uzun müddət çalışması həmin sahədə ixtisaslaşmasına, təcrübə qazanmasına, daha nöqsansız, səmərəli və səriştəli əməyin hasil olmasına səbəb olur. Çünki, təcrübə bir işdə mütəmadi çalışmaqla qazanılır; uzun müddət eyni şeylə məşğul olan adamın həm gözü, həm əli, həm də beyni buna öyrəşir. Bəli, hər hansı bir işdə ixtisaslaşmağın mühitə yaxından bələd olmaq, işi yaxşı öyrənmək, alternativ fikirlər irəli sürmək və düzgün qərarlar vermək kimi bir sıra faydaları var. Ancaq əgər insan təcrübənin üstünlüklərindən yararlanmaq və faydalı işlərdə səriştə qazanmaq əvəzinə “Bu işin ustası mənəm” kimi düşünməyə başlasa, yeni nəslə xor baxar, təkəbbürə qapılıb heç kimi bəyənməz.

Üstəlik hər şey onun nəzərində adiləşdiyinə və bayağılaşdığına görə özünü yeniləməyə, irəli getməyə imkan tapmaz. Yenilənmə cəhdi - işin əsasına, mahiyyətinə sadiq qalmaqla mühiti, şəraiti və dövrü nəzərə alaraq məsələlərə fərqli aspektdən yanaşmaqdan ibarət olmalıdır. Bu cür olmasa insan alışqanlıq və adətkərdəliyin mənfi təsirlərindən yaxa qurtara bilməz.

Belə adam hər gün eyni şəraitdə, eyni mühitdə və eyni işlə məşğul olan bezgin, usanmış və yorğun bir məmura bənzəyir. Bəs bu adam niyə bu qədər yorğun və bezgindir? Çünki eyni məkan, eyni aksesuar, eyni masa, eyni qovluqlar, eyni sənədlər, eyni iş... üstəlik də peşə sevgisi yox... İşi layiqincə görmə, sahəsinə yenilik gətirmə və daha səmərəli olma istəyi yox... Millətə faydalı olmaq nədir? bilmir... Alışqanlıq, adətkərdəlik ruhunu yıxıb xarabalığa döndərib. Artıq onun dünyasında bezginlik, usanmışlıq və yorğunluq meydan sulayır.

Çürüyən insan sindromu

Bu cür insanlar illər ötdükcə daha da köhnəlir və tədricən çürüyüb gedirlər. Çürümək bir yana, iyrənc qoxusunu ətrafa yayaraq başqalarını da narahat edərlər. Bəli, çürüməyin də bəzi pis nəitəcələri var. Çürüyən adam hər kəsi özü kimi görür, hər şeyə öz üfunətli ruhundan baxır. O, tənbəldir, miskindir, gözləyir ki, işi başqaları görsün. Loru dillə desək, işlərinin yağ kimi getməsini istəyir, amma bunun üçün tükünü də tərpətmir. Nöqsanlar ortaya çıxanda da günahı başqasına yıxır, onu-bunu günahlandırır, özündən başqa hər kəsi günahkar görür.

Hər şeyə tənqidi nəzərlə baxanların əksəriyyəti, insanlarla ayaqlaşa bilməyən və buna görə də özünü həqir hiss edirlər. Onları şikayət və tənqidə sürükləyən də məhz bu amildir. Şəxsi mənafeyi, planları və niyyəti “ayağına dolaşır”, insanlarla ayaqlaşa bilmir, yol yoldaşlarından ayrılmalı olur. Bu dönüklüyə və dostlardan ayrılmağa məntiqli izah gətirə bilmədiyi üçün də ruhi sarsıntı keçirir. Onlarla qoşa addımlaya bilmədiyinə görə, günahı getdiyi yolun üstünə yıxır, “Tutduğunuz yolu bəyənmirəm”, - deyir. Bəzisi isə özünü təklənmiş hiss edir. Nəyə görəsə məzacı heç kimin xasiyyətinə uymur, ürəyincə onlarla qaynayıb-qarışmır, beləcə də inciyir. Bu işdə – xeyirli bir iş olsa belə – özünə yer tapa bilmədiyinə görə də tənqidə əl atır.

  • Hər şeyə tənqidi nəzərlə baxanların əksəriyyəti, insanlarla ayaqlaşa bilməyən və buna görə də özünü həqir hiss edirlər.
  • tənqid edən insafı əldən verməməli, işə nəfsini qarışdırmayıb sırf Haqq rizası üçün söz söyləməli və niyəti təmiz olub qərəzlikdən gen durmalıdır.
  • Bir məsələ haqda tənqid edən adam pərdəni yırtmamalı, həmsöhbətin əhval-ruhiyyəsini pozmamalıdır.

Müsbət tənqid

Əslində bir adamın, ya da bir şeyin yaxşı və ya pis cəhətlərini, mənfi və ya müsbət tərəflərini tapıb üzə çıxarmağın, mövcud olanla olması lazım gələn arasında müqaisə aparmağın bir ünvanı olan “tənqid” ideallığa gedən bir yoldur. Elmin əsaslarından biri də müsbət tənqid və tənqidə dözümlülükdür. Belə ki, onun da bir üslubu və münasib qaydası var. Əvvəla tənqid edən insafı əldən verməməli, işə nəfsini qarışdırmayıb sırf Haqq rizası üçün söz söyləməli və niyəti təmiz olub qərəzlikdən gen durmalıdır. Münəkkid (tənqid edən) dəqiq bildiyi məsələlərdə fikrini münasib şəkildə ortaya qoymalı, kənar sahələrə müdaxilə etməyib susmağı və dinləməyi bacarmalıdır. Üstəlik, tənqid edənin kimliyi də çox vacibdir. Həmsöhbətini rəncidə etməyən, onu incitməyən adamlar söz almalıdır. Digərləri isə qərəzli münasibət ucundan qiymətli fikirlərin hədər olub getməməsi üçün söz haqqını onlara verməlidir ki, bu da bir haqpərəstlikdir.

Bir məsələ haqda tənqid edən adam pərdəni yırtmamalı, həmsöhbətin əhval-ruhiyyəsini pozmamalıdır. Məlum olduğu kimi, “İxlas risaləsi”ndə keçən düsturlardan biri də “Bu xidməti- Quraniyədə (Quran xidmətində) bulunan qardaşlarınızı tənqid etməmək ve onların üstündə fəzilətfüruşluq növündən qibtə damarını təhrik etməmək (üstün cəhətləri nümayiş etdirərək onları qibtəyə sövq etməmək)” əsasıdır. Bəli, Bədiüzzaman həzrətlərinin dediyi kimi, bir əl o biri əllə rəqabətə girməz, bir göz o biri gözü tənqid etməz, dil qulağa etiraz etməz, qəlb ruhun ayıbını görməz. Əksinə, nöqsanlarını aradan qaldırar, ayıbını örtər. Fabrikin çarxları da bir-biri ilə rəqabət etməz, özünü üstün bilib ağalıq etməz, qüsurunu görərək tənqid edib işdən soyutmaz.

Yolçu yol üstə can verər

Ömrünü bir işə həsr edən və məsləyində ustalaşan insanlarda qazandığı təcrübəyə baxmayaraq təkəbbür hissi artmamalı, təhəkküm (hökm etmə) duyğusu qabarmamalı, ənaniyət böyüməməli, əksinə, millətə xidmət arzu-istəyi coşmalıdır. Ortada görüləsi bir iş varsa, birinci o qabağa çıxmalı, can-başla çalışmalı, hətta onu izləyənlər: “Bu ahıl yaşda özünə niyə artıq əziyyət verirsən?” - desələr də, o, yolundan dönməməlidir. Nəfəs dərməyə səsləsələr də, o, həmişə qabaqda olmağa can atmalıdır.

Sələflər bu cür ömür sürüb, belə həyat yaşamışlar... Taqətdən kəsilənədək, hətta yorğan-döşəyə düşənədək yola davam etmişlər... qolda qüvvət, dizdə təpər qalmayınca da dostlardan uzaqlaşan bu insanlar üzülmüş, mütəəssir olmuş və göz yaşı tökmüşlər. Son anlarını ölüm döşəyində keçirən Həzrəti Xalidin iztirablarını yadınıza salın. “Ey Yermuk, ey Mutə, ey Xalidin günləri... Canlanın gözümün önündə bir-bir!..” sözlərini bir vaxtlar tufan olub dalınca düşdüyü ölümü yorğan-döşəkdə qarşalamasını, üzüntüdən necə qıvranmasını xatırlayın. Hönkürtü ilə ağladığını görənlərə o: “Bədənimdə yaralanmamış yer qalmayıb. İllərlə ileyi-kəlimətullah yolunda ölümü qovaladım. Təəssüf ki, yorğan-döşəkdə can verirəm”, - deyir və bunu özünə ar sayırdı. Bəli, dini və milləti üçün çırpınana yorğan-döşəkdə ölmək ayıbdır, ardır. Məsuliyyət hissi ilə dolub-daşan insan canını yorğan-döşəkdə tapşırmamalı, ölüm onu ancaq “amalım” deyib pərvazlandığı anda haqlamalıdır. İllərini ali məfkurəyə həsr edən insan dayanmamalı, “yolçu yol üstə can verər” deyib bunun arzusu ilə alışıb yanmalıdır. Mənə elə gəlir, illərin saralıb-soldurduğu insanlara həyəcanı, şövqü də məhz bu hiss aşılayacaqdır.

Həftənin duası

Ey daşa-torpağa can verən, ey şeytanlığa mail ruhları lütfü ilə mələklər səviyyəsinə yüksəldən Rəhmət Sultanı! Bizə yüksək istedad ver və onları inkişaf etdir; Səni tanımayan “kömür” ruhlara da ya “almaz”a çevrilmə yolunu göstər, ya da həddini bildir! Əgər biz bağçanda ötən bülbül isək, bizə sonsuz nəfəs, daimi səs lütf edib verdiyin həyata və məziyyətlərə layiq olmağı nəsib et!

Sözün cövhəri

Zaman dəyərsiz bir boşluq deyil, o, istifadəyə hazır bir cövhərdir, ən qiymətli bir əmtəə və insana bəxş edilən bir sərmayədir. Zamanın sirrinə agah olanlar əşya və hadisələrə nüfuz edərək o ümmanda həyatın mahiyyətini kəşf etmişlər. Zamanı bir boşluq kimi görənlər isə onun amansız çarxları arasında əzilib getmişlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.