Boşanma

Boşanma insanın nikah bağlarından sıyrılıb boş, sərbəst qalmasıdır. Nadir hallarda rahatlaşdırıcı mahiyyətdə görünsə də, çox vaxt narahatlıqları və səfaləti də özü ilə gətirər.

* * *

Boşanma dinin nəzərində mübahların ən xoşagəlməzidir. Amma, icazəsinin, rüxsətin xoşagəlməzliyi qədər, qadağan edilməsi də qeyri-təbii və qeyri-fitridir.

* * *

Boşanmanın zərurətlərini görməzlikdən gəlmək insan mahiyyəti və bu mahiyyətin xüsusiyyətlərini bilməməkdən qaynaqlanır. Evlənən hər kəsin bir-biri ilə yola gedəcəyini gözləmək, hər kəsi dümdüz, eyni fitrət, eyni təbiət, eyni quruluş və eyni xarakterdə təsəvvür etmə kimi bir sadəlövhlüyün ifadəsidir.

* * *

Hər boşanma, boşayan üçün bir peşmanlıq, boşanan üçün bir haqsızlıq və ailə üzvləri üçün də elə bir narahatlıq mənbəyidir ki, bəzən bütün həyat boyu qanayan yara kimi ağrısı, iztirabı davam edir.

* * *

Boşanmağı xəstə bir orqana qarşı cərrahiyə əməliyyatı kimi təsəvvür etsək, evliliyin əqli, məntiqi və sağlam əsaslara bağlanması da həmin orqan hələ xəstələnmədən riayət edəcəyimiz gigiyenik bir həssasiyyət olar. Buna görə də, boşanmaqla ailəyə, boşanmağı ləğv etməklə də vicdana əzab vermədən əvvəl izdivac, toxumaların bir-birinə uyumluluğu həssaslığı ilə incələnməli və gələcəkdə bu uyumu təmin edəcək şərtlərdən də uzaqlaşmamağa səy göstərilməlidir.

* * *

Bəzi cəmiyyətlər uzun əsrlər boyu boşanmağı qadağan etməklə və ya onu həyata keçirilməsi qeyri-mümkün olan şərtlərə bağlamaq surətilə birlikdə yaşamaq istəməyənləri zorla birləşdirməyə çalışdı. Bəziləri isə, qadına, onu istədiyi zaman alıb, istədiyi zaman da ata biləcəyi bir obyekt kimi baxdı və onu bir əşya kimi gördü. Bunlardan biri kişiyə əzab vermənin digəri də, qadını insan kimi görməmənin ifadəsindən başqa bir şey deyildi.

* * *

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.