Cismaniyyətlə könül arasında tarazlıq

Həqiqi həyat könül səviyyəsində yaşanan həyatdır. Könülü ilə var olan insan keçmişi və gələcəyi bir vahidin iki üzü kimi görərək zamanüstü bir varlıq halına gələr. Belə bir ruh nə keçmişin ələmləri ilə ümidsizliyə qapılar, nə də gələcəyin qorxuları ilə. Könlündə özünə yer tapa bilməmişlərə gəlincə yaşadıqları səthi həyatla, daim bədbinlik və pessimizm içindədirlər. Belə insanların nəzərində keçmiş qorxunc bir məzar, gələcək isə dibsiz bir quyudur; ölsələr də əzabdadırlar, qalsalar da...

* * *

İnsanın uzun bir keçmiş və bitmək bilməyən bir gələcəklə münasibəti, ancaq qəlb və ruhun həyat dərəcəsini dərk etməsinə bağlıdır. Bu səviyyədə bir həyat sürən və onu dərk edən bəxtiyar ruhlar, keçmişi atalarımızın çadır və taxtları halında, gələcəyi də Cənnət bağlarına uzanan yollar şəklində görər və vicdanlarında fışqırtdıqları kövsərlərdən içə-içə bu dünya karvansarayından keçib gedərlər. Bu ölçüdə bir həyatı dərk edə bilməyən bədbəxtlər isə həyatları ölümdən betər, ölümləri də zülmət bir cəhənnəmdir.

* * *

Fərdin əməl və davranışları ilə daxili həyatı arasında bir-birini dəstəkləyici, tənzimləyici və təkmilləşdirici bir münasibət vardır. Buna "fasit dairə"nin əksi "saleh dairə" də deyə bilərik. Buna görə, insanın əzm, israr, qərarlılıq kimi davranışları əks edib onun daxili dünyasını nurlandıracağı kimi, vicdanının işığı da əzm və iradəsini qamçılayaraq ona daha yüksək üfüqlər göstərəcək.

* * *

Davranışları ilə ruhun əmrində olan bəxtiyarlar daim Yaradanın məmnuniyyətinə, insanlıq və fəzilətə doğru yol gedirlər; onların "qiblənüma", yəni kompası daim eyni mehrabı göstərər, əqrəbi də həmişə eyni istiqaməti göstərər. Hərdənbir bəzi kənaraçıxmalar olsa da, səmimi bir nədamət (peşmançılıq), ürəkdən bir inilti ilə könüllərini saran günahları ruhlarında əridər və öz yollarına davam edərlər.

* * *

Ən xırda təfərrüata qədər həssaslıqla bütün mükəlləfiyyəti yerinə yetirən bəxtiyarlar xarici dünyalarındakı nizam, ahəng və vəzifə eşqi ilə yanaşı, daxili aləmləri etibarilə, dayanmadan bir buxurdan kimi tütər və gündə bir neçə dəfə qanad açaraq mələklər bəzminə yüksələrlər.

* * *

Əsrlərlə əbədiyyət düşüncəsi ilə alışıb yanan və könüllərimizdə sonsuzun eşqini mayalayan bir anlayış, zamanla öz yerini ruhsuz düsturçuluğa və cansızlığı da özü ilə gətirən mistik anlayışa buraxdı. O gün-bu gün işıldaquşun çıxardığı kiçik şərarələrə bənzər ilhamlarını vəhyin işıqsaçan ziyasına bərabər tutan bu uğursuz düşüncələr işıqlı yolumuza sis və duman püskürdüb, insanımızın səmasını qaraldır.

* * *

Bütün bunlardan sonra bizə görə həqiqət qəhrəmanını belə bir çərçivəyə ala bilərik: O, cismaniyyət etibarilə hər cür bəla və müsibəti sinəyə çəkə biləcək qədər poladlaşmış bir bədən; düşüncə etibarilə çağın anlayışı ilə Haqq bəyanını qarışdırıb qaynadan və mahir bir kimyagər kimi hər an başqa-başqa tərkiblər (sintezlər) əldə edən inşaedici bir beyin; ruhi xüsusiyyətləri və qəlbi etibarilə əsrlərdən bəri Mövlanaların, Yunusların formalaşdığı qazanda qovrula-qovrula bişmiş, kamilləşmiş bir ruh; nəhayət, "insanlar arasında sadə bir insan olma" fəlsəfəsinə inanmış kamil bir könül və başqalarının səadəti uğrunda öz həzzini unutmuş bir fədakardır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.